M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 222,71 Kb.
səhifə34/57
tarix24.08.2023
ölçüsü222,71 Kb.
#120862
1   ...   30   31   32   33   34   35   36   37   ...   57
muhazirə felsefe 2021

9.2. Dialektikanın qanunları

Dialektikanın qanunlarının mahiyyətini düzgün başa düşmək üçün əvvəlcə qanun və qanunauyğunluq anlayışlarını nəzərdən keçirək.


Qanun- hadisələr və predmet arasındakı obyektiv, ümumi, mühüm, zəruri,nisbi sabit və təkrarlanan, müəyyən şərait daxilində həmişə hadisənin inkişaf istiqamətini müəyyən edən daxili əlaqələri ifadə edən fəlsəfi kateqoriyadır. Bu tərifdən göründüyü kimi, qanun predmet və hadisələr arasında xüsusi tip əlaqədir. Qanunun ifadə etdiyi əlaqənin ümumiliyi o deməkdir ki, bu əlaqə bir predmetə deyil, müəyyən növ hadisə və proseslərə aiddir. Onun nisbi sabit olması isə, eyni bir qanunun müxtəlif hadisələrdə dəyişilməz qalan stabil münasibətidir. Qanun əlaqələrinin obyektivliyi, insanın şüur və iradəsindən asılı olmamasıdır. Qanun hadisələr arasında mühüm əlaqə forması olması, o deməkdir ki, qanun əlaqələri predmetlərin daxili vacib tərəfini ifadə edir.Qanun və qanunauyğunluq terminlərini çox vaxt fərqləndirilir. Qanun hadisələr arasındakı konkret zəruri əlaqəyə deyilir .Qanunauyğunluq termini isə, hadisələrin müəyyən düzgünlüyünü ardıcıllığını göstərmək üçün işlədilir.
Qanunları əhatə dairəsinə görə xüsusi, ümumi və ən ümumi qanunlara bölürlər.
Qanunun kəşf edilməsi – insan təfəkkürünün uzun abstraklaşdırma fəaliyyətinin nəticəsidir.
Dialektikanın üç əsas qanunu vardır:Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu, əksliklərin vəhdəti və mübarizəsi qanunu, inkarı inkar qanunu. Bu qanunlar universal xarakter daşıyır.
Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi gerçəkliyin ən ümumi, obyektiv qanunlarından biridir. Bu qanunun mahiyyətini başa düşmək üçün "keyfiyyət", "xassə", "kəmiyyət", "ölçü", "sıçrayış" və s. anlayışlarına diqqət yetirmək lazımdır.
Predmet və hadisələri bir-birindən fərqləndirmək imkanı verən əsas cəhət onların özünəməxsus xassələrinin, ən başlıcası isə keyfiyyətlərinin olmasıdır.
Keyfiyyət - predmet və hadisəyə daxilən xas olan, onu başqa predmet deyil, məhz həmin predmet edən, saysız-hesabsız başqa predmetlərdən fərqləndirən ən başlıca cəhətdir, bütün mühüm xassələrin, qabiliyyət və cəhətlərin məcmusudur. Keyfiyyətini itirdikdə cisim daha mövcud halını da itirmiş olur, başqa keyfiyyətə keçmiş, çevrilmiş olur. Bütün predmet və hadisələrin öz keyfiyyəti olmasaydı onda biz canlını cansızdan, insanı başqa canlılardan, təbiətdəki müxtəlif maddələri və cəmiyyət hadisələrini bir-birindən fərqləndirə, ayırd edə bilməzdik.
Keyfiyyət xassələrdə təzahür edir, xassə predmet və hadisələrin başqaları ilə qarşılıqlı münasibətlərində meydana çıxır. Xassə - predmet və hadisənin ancaq konkret bir cəhətini, bir xüsusiyyətlərini ifadə edir. Məsələn, metalın bərkliyi, ərimə temperaturu, elektrik keçirməsi, atom çəkisi və s. onun konkret xassələridir. Deməli, xassə predmet və hadisənin ancaq bir cəhətini, konkret bir xüsusiyyətini bildirdiyi halda, keyfiyyət predmetin bütövlüyünü ifadə edir. Cisim bu və ya digər xassəsini itirməklə köhnə keyfiyyətindən çıxmır, lakin keyfiyyətini itirməklə köhnə halını da itirir, başqa keyfiyyət kəsb edir. Lakin cismin bütün xassələrini itirməsi, onun elə keyfiyyətini itirməsi deməkdir. Keyfiyyət və xassə obyektivdir, cisim və hadisələrə daxilən xasdır, atributiv səciyyə daşıyır.
Kəmiyyət - predınet və əşyanın məkanda ölçüsünü, çəkisini, yerləşmə ardıcıllığını, böyüklüyünü, həcmini, sürəkliyini, dəyişmə sürətini, inkişaf dərəcəsini, intensivliyini, ümumiyyətlə miqdar müəyyənliyini ifadə edən fəlsəfi kateqoriyadır. Bir qayda olaraq kəmiyyət rəqəmlə ifadə olunur, ölçü, çəki, həcm və s. bildirir.
Ölçü-anlayışı isə müəyyən zaman və interval daxilində cisim və hadisənin vəhdət halında götürülmüş öz kəmiyyət və keyfiyyətinin olduğunu ifadə edir. Deməli, hər bir cismin keyfiyyət və kəmiyyəti müəyyən ölçü daxilində mövcud olur. Ölçü-kəmiyyət xassələrinin elə mövcud olma intervalıdır ki, həmin çərçivə daxilində mütləq cismin keyfiyyəti də mövcud olur. Ölçü pozulduqda cisim köhnə halında qala bilmir, o başqa cismə çevrilir. Ölçü - kəmiyyətlə keyfiyyətin vəhdətidir, onun pozulması isə kəmiyyət dəyişikliklərindən keyfiyyətə keçilməsidir. Məsələn, +100 dərəcə temperaturadək istilikdə su köhnə keyfiyyət halında qalır, bundan daha yüksək temperaturda ölçü pozulur, su buxara çevrilir, yeni keyfiyyət halına keçir. Məhz bu proses kəmiyyət dəyişikliklərindən ölçü daxilində yığılması, nəhayət, ölçünün pozulması və yeni keyfiyyətə keçilməsi kimi səciyyələnir.
Kəmiyyət və keyfiyyət eyni predmetdə obyektiv vəhdətdə mövcuddur. Lakin onlar arasında əsaslı fərqlər də vardır. Əgər kəmiyyət dəyişiklikləri azalma və artmaya, kiçilmə və böyüməyə səbəb olur, müəyyən ölçü daxilində yeni keyfiyyət halı doğurmursa, cismin keyfiyyətcə dəyişilməsi ölçünü pozur, yeni keyfiyyət balının əmələ gəlməsi ilə nəticələnir. Bütöv inkişaf məhz kəmiyyət dəyişmələrinin müəyyən səviyyədə ölçünü pozması, yeni keyfiyyət dəyişikliklərinin baş verməsi prosesidir, kəmiyyət və keyfiyyət dəyişikliklərinin qarşılıqlı bir-birinə keçməsindən ibarətdir. Bu inkişafın ən ümumi, obyektiv, dialektik qanunudur. Bu, ona görə ən ümumi qanundur ki, bütün real gerçəklikdə - təbiətdə, cəmiyyətdə və təfəkkür prosesində fəaliyyət göstərir, inkişafı səciyyələndirir.
Sıçrayış - köhnə keyfiyyətdən yeni keyfiyyətə keçid formasıdır, predmet və hadisənin açıq, sürətli keyfiyyət dəyişkənliyinin ifadəsidir. Keyfiyyət dəyişkənliyinin tədricən baş verməsi belə, yenə sıçrayışdır, çünki burada köhnə keyfiyyət halından yenisinə keçilir. Buna görə də sıçrayışın iki növü fərqləndirilməlidir: tədrici (yavaş-yavaş) və ani, sürətlə (təcili, qəflətən) baş verən keyfiyyət dəyişikliklərini ifadə edən sıçrayışlar. Deməli, sıçrayışlar vaxt etibarilə qəflətən, ani olaraq da baş verə bilər, illərlə davam edən bir müddət ərzində də baş verə bilər. Məsələn, Yer üzərində insanın əmələ gəlməsi milyon illərlə davam edən ən böyük keyfiyyət sıçrayışıdır. Müəyyən bir sosial inqilab isə bir il müddətində və ya bir ay, bir neçə gün və bir an içərisində baş verə bilər. Əgər mikroproseslərdə sıçrayış ani, hətta bir saniyədə baş verirsə, kosmik proseslərdə milyard illəri əhatə edir.
İnkişafın ən ümumi və obyektiv qanunu olan kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə qarşılıqlı keçməsi - "öz hərəkətin", "özinkişafın" mexanizmini, xarakterini, mahiyyətini ifadə edir.
Dialektikanın digər bir qanun əksliklərin vəhdəti və mübarizəsi qanunudur. Bu qanun ümumi hərəkət və inkişafın səbəblərini, mənbələrini, hərəkətverici qüvvələrini müəyyən edir.
Əksliklərin vəhdəti və mübarizəsi qanununun mahiyyətini, inkişaf prosesində rolunu və fəaliyyət mexanizmini dərindən anlamaq üçün "eyniyyət", "fərqlilik , "ziddiyyət", "əkslik", "münaqişə" ("konflikt") və s. anlayışların mahiyyətini bilmək, onları fərqləndirmək zəruridir. Bu anlayışları iki mənada səciyyələndirmək olar: a) "əkslik" gerçəklik hadisələrinə xas olan, onların inkişafını şərtləndirən ən ümumi müəyyənlikdir, digər anlayışlar ("fərqlilik", "ziddiyyət", "münaqişə" və s.) isə əksliyin təzahür xüsusiyyətləridir; b) "əkslik" ziddiyyətlərin kəskinləşməsi dərəcəsi, mənafe fərqlərinin artıb tam qütbləşməsi və barışmazlığı forması və təzahürüdür. Bu mənada "əkslik" fərqliyin ziddiyyətə, ziddiyyətin inkişaf edib əksliyə və münaqişəyə çevrilməsi prosesinin ifadəsi, ziddiyyətin yüksək və kəskin dərəcəsidir.
Bütün predmet və hadisələri ümumiləşdirən, eyniləşdirən oxşar cəhətlər, həm də onu başqalarından ayıran fərqli cəhətlər, müxtəlifliklər vardır. Deməli, bır hadisədə onu həm ümumi hadisələrlə birləşdirən, "eyniləşdirən" eyniyyət cəhətləri, həm də onları ümumidən ayıran fərqlilik vardır. Eyniyyət – predmet, hadisə və proseslərlə başqa predmet, hadisə və proseslər və onların öz daxili tərəfləri arasındakı əlaqə və münasibətlərin məzmun və formaca, xassə və vasitəcə oxşar, ümumi eyniyyət təşkil edən cəhətlərinin ifadəsinə deyilir. Fərqlilik - predmet, hadisə və prosesin daxili tərəf və meyllərinin bır-birindən və başqa xarici hadisələrdən ayıran, fərqləndirən cəhətlərin ifadəsinə deyilir. Eyniyyət və fərqlilik anlayışları nisbidir, müəyyən şərait dəyişdikdə bir-birinə keçə, çevrilə bilərlər. Hadisələr arasındakı müxtəliflik, fərqlilik cəhətləri, meylləri isə mütləqdir, onlar inkişaf edərək ziddiyyətə gətirib çıxara bilərlər. Ziddiyyət - predmet, hadisə və proseslər və onların daxili tərəfləri arasındakı fərqliliyin dərinləşməsi, kəskinləşməsidir, mənafe uyğunsuzluğu və əksliyinin ifadəsidir. Ziddiyyət əksliyə, əkslik də ziddiyyətə çevrilə bilər.
Predmel və hadisələr daxilən obyektiv ziddiyyətli təbiətə malikdir. Məhz belə ziddiyyətli mahiyyət hadisənin ümumi inkişafını şərtləndirir. Lakin əslində ziddiyyət obyektivdir, predmet və hadisənin başqa hadisələrlə və daxili tərəflərlə qarşılıqlı münasibətindən irəli gəlir: həyat və ölüm, maqnitin müsbət və mənfi qütbləri, canlı və cansız, müsbət və mənfi yük, təsir və əks təsir, maddələrin assimilyasiyası və dissimilyasiyası -məhz bu obyektiv ümumi qanunauyğunluğu ifadə edir. Müxtəlif tərəfləri olmayan ziddiyyət yoxdur. Ziddiyyətin tərəfləri bir-birini həm tələb edir, biri olmadan digəri yaşaya bilmir, həm də bir-birini rədd edir, aralarında mübarizə mövcud olur. Bu isə inkişaf üçün əbədi və obyektiv qanunauyğunluq olan "əksliklərin vəhdəti və mübarizəsini" doğurur. Bu, təbiətdə, cəmiyyətdə və təfəkkürdə fəaliyyət göstərən ən universal qanunauyğunluqdur.
Əksliklərin mübarizəsinin kulminasiya nöqtəsi, toqquşması səviyyəsi münaqişədir.
Ziddiyyətlərin növləri və tipləri. Ziddiyyətlər müxtəlif və rəngarəngdir. Lakin fəlsəfə gerçəkliyin bütün sahələri üçün ümumi olan universal ziddiyyətləri öyrənir. Həmin ən ümumi ziddiyyətləri daxili və xarici, əsas və qeyri-əsas, başlıca və başlıcaolmayan, antaqonist və qeyri-antaqonist və s. kimi növlərə ayırmaq olar.
Daxili ziddiyyətlər - predmet və hadisənin daxilində bir-birinə zidd və ya əks tərəflərin qarşılıqlı təsir münasibətlərini ifadə edən ziddiyyətlərdir. Xarici ziddiyyətlər isə - müəyyən predmet və hadisənin başqa xarici predmet və hadisələrlə, təbii və sosial mühitlə qarşılıqlı əlaqə və qarşılıqlı təsir münasibətlərini əks etdirən ziddiyyətlərdir. Daxili ziddiyyətlər mühüm və aparıcıdır, inkişafın mənbəyidir, "özhərəkətin" səbəbidir. Lakin xarici ziddiyyət də fəaldır, ciddi təsir gücünə malikdir. Onu da qeyd edək ki, xarici və daxili ziddiyyətlərin qarşılıqlı münasibəti nisbidir. Müəyyən sistemin daxili və xarici ziddiyyətləri başqa sistem daxilində və sistemlərarası miqyaslarda yerlərini dəyişib, bir-birinə keçə də bilərlər.
Əsas ziddiyyət –inkişafda aparıcı rol oynayan, həll edilməsi ilə bir çox başqa ziddiyyətlərin də həll edilib aradan çıxılmasına səbəb olan ziddiyyətə deyildir. Məsələn, canlı orqanizm üçün maddələr mübadiləsinə girmək orqanizm və mühit arasındakı ziddiyyətlər əsas ziddiyyətlərdir. Qeyri-əsas ziddiyyət inkişaf üçün aparıcı olmasa da, müəyyən təsiredici ziddiyyətlərdir, onların da mühüm əhəmiyyəti vardır. Məsələn, cəmiyyət miqyasında iqtisadi ziddiyyətlərin həll edilməsi əsas olsa da, sosial-siyasi, mənəvi, məişət və s. kimi ziddiyyətlərin də həll edilməsi, qeyri-əsas olsa belə çox əhəmiyyətli və təsirlidir.
Başlıca və başlıca olmayan ziddiyyətlər də mahiyyət etibarilə əsas və qeyri-əsas ziddiyyətlərə yaxındır, onlara bənzəyirlər. Lakin burada əsasən bir cəhətə (fərqə) diqqət yetirilməlidir. Başlıca ziddiyyət daxili və xarici, əsas və qeyri-əsas olmasından asılı olmayaraq, müəyyən zaman daxilində birinci yerə çıxan, həllini tələb edən ziddiyyətdir.
Ziddiyyətlərin növlərindən birini də antaqonist və qeyri-antaqonist ziddiyyətlər təşkil edir. Bunlar cəmiyyətdəki müxtəlif ictimai və sosial-siyasi mənafeləri olan siniflər, sosial təbəqələr, qruplar, xalq və millətlər, ictimai hərəkatlar partiyalar və i.a. arasında mövcud olan qarşılıqlı əlaqə və münasibətləri əks etdirən ziddiyyətlərdir.
Antaqonist ziddiyyətlər - ictimai-iqtisadi və sosial-siyasi mənafeləri bir-birinə əks olan siniflər, sosial qruplar və təbəqələr arasındakı ziddiyyətlərdir. Bu ziddiyyətlərin əsas xüsusiyyəti odur ki, onlar çox hallarda münaqişəyə, toqquşmaya gətirib çıxarır, bu toqquşmada ziddiyyətə girən tərəflərdən biri və ya hər ikisi sıradan çıxır: onları yeni ictimai qüvvələr əvəz edir. Və ya bu ziddiyyətlər tənzimetmə, idarəçilik, islahat yolu ilə deyil, münaqişə yolu ilə həll olunur. Qeyri-antaqonist ziddiyyətlər - əsas mənafeləri bır-birinə uyğun gələn, lakın müəyyən mənafeləri fərqli olan tərəflər və ictimai təbəqə və siniflər arasında olan ziddiyyətlərdir.
İnkarı inkar - dialektikanın ən ümumi qanunudur, gerçəklikdəki inkişafın perspektivlərini, meyllərini və istiqamətlərini, köhnə ilə yeninin əlaqəsini bildirir. İnkarı inkar - gerçəkliyin bütün sahələrində (təbiətdə, cəmiyyətdə və idrakda) fəaliyyət təsirinə malik olan, inkişafın qarşısıalınmazlıq və varisliyini vəhdət halında əks etdirən, köhnənin bir çox cəhətlərinin yenidən təkrarlandığını ifadə edən bir çox cəhətlərinin yenidən təkrarlandığını ifadə edən ümumi qanundur. "İnkar" terminini fəlsəfəyə ilk dəfə Hegel gətirmiş, "inkarı inkar" bir ümumi dialektik qanun şəklində də Hegel işlətmişdir.
İnkarlı inkişaf xüsusiyyəti gerçəklik hadisələrinə daxilən xasdır, o hadisələrə kənardan gətirilə bilməz, obyektivdir, maddi hadisələrin inkişafının real momentidir. Təbiət, cəmiyyət və təfəkkür inkişafının verdiyi çoxsaylı və hətta sadə, adi məlumatlar belə inkarı inkarın ən ümumi qanun olduğunu aydın sübut edir. Neçə milyon illərlə davam edən Yer qabığının inkişafı və formalaşması bir neçə geoloji dövrlərdən keçmişdir. Əvvəlki mərhələ üzərində əmələ gələn hər bir yeni dövr köhnədən özünə zamin götürərək onu əvəz etmiş, bu prosesin təkrarı üzrə inkarlı inkişaf baş vermişdir. Elmi məlumatlara görə Yer üzərində insanın əmələ gəlməsindən indiyədək təqribən 55-ə yaxın nəsil bir-birini əvəz etmiş, bəşəriyyətin inkişafı mümkün olmuşdur. Lakin hər nəsl köhnə nəslin yaratdığı maddi və mənəvi sərvətlərdən özünə faydalı olanları mənimsəmiş, ümumi varislik yaradaraq köhnəni inkar edə-edə inkişaf etmişdir. Biliklərimiz biliksizlikdən az biliyə, az bilikdən daha zəngin, daha dərin biliyə doğru sonsuz inkarlı bir yol keçir.
Lakin inkarı-inkar nə qədər ilkin ana qayıtma, köhnənin təkrar edilməsi olsa da, bu heç köhnəyə sadəcə qayıdış, köhnənin olduğu kimi təkrarlanması demək deyildir; onun yeni əsaslarda inkişafı, daha da zənginləşməsi, yüksəldilməsidir. Bu, "yeni anlayışdır, lakin köhnəyə nisbətən daha yüksək, daha zəngin anlayışdır. Köhnə onun inkarı və ziddiyyətləri ilə zənginləşmişdir: inkar edən özündə köhnəni də əks etdirir, lakin daha çox, onun özündə olandan daha artıq əks etdirir. Bu, onun vəhdəti və əkslikləridir".
İnkarı inkar qanununu səciyyələndirən əsas anlayışlar bunlardır: inkar, varislik və inkişaf. Bu qanunun mahiyyətinin dərk edilməsi üçün "dialektik inkar" anlayışının məzmununa daha çox diqqət yetirilməlidir. İnkarın anlaşılmasında əsasən iki münasibət - dialektik və metafizik mövqe fərqləndirməlidir. Fəlsəfədə iki cür metod olan dialektika və metafizikanın "inkar" anlayışına münasibəti də fərqlidir. Metafizik filosofların çoxu inkarı qəbul edirlər, lakin onların inkarın mənasını ancaq yox etmək, köhnənin mütləq məhv edilməsi kimi, tamamilə kənara atılması kimi şərh edirlər, inkara dialektik münasibət isə başqa cür yanaşır, inkara köhnə ilə yeni arasında "əlaqə momenti", köhnədə yeniyə lazım olan keyfiyyətlərin mənimsənilməsi kimi, inkişafda varislik əlaqəsi kimi baxır. Dialektikaya görə, köhnə inkar edilmədən yeninin meydana çıxması və yetkinləşməsi, deməli, bütövlükdə inkişaf prosesi mümkün deyildir. İnkişaf mərhələlərdə davam edir ki, hər bir mərhələ də özlüyündə üç yarım mərhələyə bölünür; obyektiv çıxış nöqtəsinin öz əksliklərinə çevrilməsi və ya inkar, həmin əksliklərin də öz əksliklərinə çevrilməsi. Dialektik İnkar fasiləsizlikdə fasiləni, inkişafda varisliyi, yüksək mərhələdə ibtidainin təkrarını və i.a. ifadə edir. Deməli, dialektikaya görə inkişaf düz xətlə deyil, "spiralabənzər" davam edir, burada ilkin ana qayıtma, köhnənin təkrarı vardır, lakın bu qayıdış və təkrarlar daha yeni əsaslarla, daha dolğun və zəngin baş verir. Yeni köhnəni tamamilə atmır, köhnədə mütərəqqi olanların hamısını mənimsəyir, yaşadır və inkişaf etdirir. Bununla da inkişafda varislik əlaqəsi yaranır, yeni köhnə zəmin üzərində yüksəlir, inkişaf edir. Bu qanunauyğun prosesi mədəniyyətin inkişafı tarixi tam aydınlığı ilə əks etdirir. Əgər varislik, köhnədən istifadə ənənələri olmasaydı, onda bəşəriyyətin yaratdığı mədəniyyət nümunələri -yazı, musiqi, heykəltəraşlıq nümunələri, elm, bədii ədəbiyyat və s. bır kənara atılmalı, rədd edilməli idi; hər gələn yeni nəsil üçün yeni mədəniyyət yaratmalı idi.
Beləliklə, inkarın dialektik anlayışına görə: a) inkarı-inkar obyektivdir, "özüinkar" səciyyəsi daşıyır, konkretdir, kənardan gətirilə bilməz; b) inkişaf heç də köhnənin məhv edilməsi ilə deyil, köhnə zəmin üzərində meydana çıxır, onu tam yox etmək mənasında inkar etmir; c) inkişafa inkarı-inkar kimi baxılır, yəni öz dövrünü başa vurduqdan sonra bu gün inkar edən yeni özü də inkar olunur, inkarı-inkar baş verir; ç) inkarı-inkar inkişafında düz xətt üzrə getmədiyini, onun geriyə qayıtmağa meylli olduğunu, ilkin anı yeni əsaslarda təkrar etdiyini, inkişafında "əlaqə momenti" olduğunu, inkişafın "spiralabənzər xarakterini" ifadə edir; d)inkarı-inkar, köhnənin mütərəqqi cəhətlərinin mənimsənilməsini, köhnə ilə yeni arasında varislik əlaqəsinin olduğunu ifadə edir, belə varisliyi inkişaf amili hesab edir; e) inkarı-inkar, nəhayət, inkişafın mütərəqqi xarakterini, yeninin qarşısıalınmazlığı, tənəzzül, geriləmələrin nisbiliyini, inkişaf və tərəqqinin mütləqliyini və əbədiliyini ifadə və təsdiq edir; j) bu qanun həmçinin onu da göstərir ki, inkişaf prosesində köhnə içərisindən meydana çıxan yeni, köhnə ilə varislik yaradarkən, köhnənin nisbi sabitliyi əsasında, ondan mütərəqqi cəhətləri alıb mənimsədiyi kimi, onun zərərli meyl və ənənələrini də "mənimsəyib" nəsildən-nəsilə verir.



Yüklə 222,71 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə