58
Ə.M.Topçubaşov azərbaycanlıların, gürcülərin, ermənilərin və dağlıların
konfederasiyasını yaratmağın mümkün olduğunu vurğulayaraq, Qafqaz Azərbaycan
Respublikası nümayəndələrinin memorandumunu V.Vilsona təqdim etdi. Bu
memorandumda Azərbaycanın istiqlaliyyətinin əldə etməsi tarixi, milli hökumətin
gördüyü işlər, parlamentin yaradılması kimi məsələlər öz əksini tapırdı.
Azərbaycan nümayəndə heyəti V. Vilsonla görüşdə 6 bənddən ibarət tələblər irəli
sürərək, ABŞ Prezidentindən onların yerinə yetirilməsinə köməklik göstərməsi xahiş
olunurdu. Həmin tələblərdə Azərbaycanın müstəqilliyinin tanınması, Vilson prinsiplərinin
Azərbaycan Respublikasına da aid edilməsi, Azərbaycan nümayəndələrinin sülh
konfransına buraxılması, Azərbaycanın Millətlər Cəmiyyətinə qəbul edilməsi, ABŞ-ın
hərbi departamentinin Azərbaycana hərbi yardım göstərməsi, ABŞ və Azərbaycan
Respublikası arasında diplomatik münasibətlərin yaradılması məsələləri irəli sürülürdü.
Azərbaycan nümayəndə heyəti bu tələblərin ABŞ tərəfindən qəbul ediləcəyi halda,
Azərbaycanın çar Rusiyasına olan borclarını tədricən ödəyəcəyinə də təminat verirdi.
Təəssüf ki, Azərbaycan tərəfinin bu tələbləri V. Vilson tərəfindən qəbul edilmədi
və o, Azərbaycanın istiqlaliyyətinin tanınması məsələsini açıq saxlayaraq, ABŞ-ın
dünyanı kiçik hissələrə bölmək niyyətində olmadığını bildirdi. V.Vilson Azərbaycanın
Qafqaz Federasiyası yaratmaq niyyətini təqdir edərək, bu qurumun Millətlər
Cəmiyyətinin təklifi ilə hər hansı bir dövlətin köməyinə arxalana biləcəyini və
Azərbaycan Respublikasının müstəqilliyi məsələsinin hələlik həll edilməsinin qeyri-
mümkünlüyünü qeyd etdi. V.Vilson Azərbaycan nümayəndələrinə irəli sürdükləri
tələblərini sülh konfransının katibliyinə çatdırmağı xahiş etdi. 14 bölmədən ibarət olan
və özündə mühüm tarixi, siyasi və diplomatik məsələləri əks etdirən “Qafqaz
Azərbaycanı Respublikasının nümayəndəliyinin Paris sülh konfransına memorandumu”
adlı sənəd mühüm əhəmiyyət daşıyırdı. Bu memorandumda Azərbaycan Respublikası
hökumətinin nəzarətində olan mübahisəsiz ərazinin 94.137,38 kv.km olduğu göstərilirdi
ki, bu isə bütün Qafqazın 247.376,15 kv.km olan ərazisinin 30 faizini təşkil edirdi.
Sənədin 4-cü bölməsində Azərbaycan Respublikasının müttəfiq dövlətlərin mənəvi
yardımına arxalandığı göstərilir və qeyd olunurdu ki, “biz Qafqazda artıq de-fakto
mövcud olan dövlətlərin tanınması məsələsini qoyuruq. Onlardan biri də müstəqil
Azərbaycan Respublikasıdır”.
Azərbaycan nümayəndə heyətinin üzvləri V. Vilsonla görüşlərində böyük
ümidlərinin doğrulmamasına baxmayaraq, ABŞ Prezidenti ilə təmas qurmağın mühüm
hadisə olduğunu qeyd edirdilər. Ə.M.Topçubaşov bildirirdi ki, “bizim nümayəndə
59
heyətinin Prezident Vilson tərəfindən qəbulunu çox böyük hadisə hesab etmək lazımdır,
çünki başqa Antanta dövlətlərinin başçıları kimi, o da nümayəndə heyətlərini qəbul
etmir”.
Parisdə olarkən Azərbaycan nümayəndə heyətinin üzləşdiyi növbəti problem
mayın 26-da Antanta ölkələri və Yaponiya dövlət başçılarının admiral A. Kolçaka nota
ilə müraciət etmələri və Omsk hökumətini Ümumrusiya hökuməti kimi tanıdıqlarını
bildirmələri oldu. Ə.M. Topçubaşov bu hadisəyə etiraz əlaməti olaraq, mayın 31-də
Azərbaycan nümayəndə heyəti adından bəyanat verdi və bildirdi ki, admiral A. Kolçakın
hökumətinin Ümumrusiya hökuməti kimi tanınması çar Rusiyasından ayrılaraq
istiqlaliyyətini əldə etmiş xalqların, o cümlədən Azərbaycan Respublikasının milli
maraqlarına ziddir və Azərbaycan Respublikasının ərazisi gələcək Rusiya dövlətinin
tərkibinə daxil edilməməlidir. Azərbaycan nümayəndə heyəti bununla
kifayətlənməyərək, iyunun 5-də sülh konfransının sədrinə və Antanta dövlətlərinin baş
nazirlərinə etiraz notası göndərdi. Sənəddə Kolçak hökumətinin keçmiş çar Rusiyasının
hüdudlarında tanınmasına etiraz edilərək, Azərbaycanın bu dövlətin ərazisindən
birdəfəlik çıxdığı göstərilirdi. Notada qeyd olunurdu ki, “Rusiyada hansı hökumətin
tanınmasından asılı olmayaraq, yalnız öz parlament və hökumətini tanıyan Azərbaycan
Rusiyanın ərazisinə daxil edilməməlidir”.
Eyni zamanda, iyunun 17-də admiral Kolçakın hökumətinə etiraz əlaməti olaraq,
Parisdə Azərbaycan, Estoniya, Gürcüstan, Latviya, Şimali Qafqaz, Belorusiya və
Ukrayna nümayəndələri adından bəyannamə imzalandı. Bəyannamədə bildirilirdi ki,
“sənədi imzalayan respublikalar Sülh Konfransının qarşısında böyük dövlətlərin tezliklə
onların siyasi müstəqilliyini tanıması xahişi ilə çıxış edirlər”.
Admiral Kolçakla yanaşı, Denikinin də son vaxtlardakı fəaliyyəti Qafqaz
respublikalarının müstəqilliyi üçün ciddi problemlər yaradırdı. Bunu nəzərə alaraq,
iyunun 23-də Azərbaycan, Gürcüstan və Şimali Qafqaz Respublikalarının
nümayəndələri sülh konfransına 7 maddədən ibarət olan etiraz notası təqdim etdilər.
Notada Kolçakla yanaşı, Denikinin də Qafqaz respublikalarının istiqlaliyyətinə qarşı
təhlükə törədə biləcəyi vurğulanırdı. Sənəddə Qafqaz respublikalarına siyasi vahidlik
kimi baxıldığı halda, Rusiya ilə bu ərazilərin gələcək siyasi quruluşu haqqında saziş
bağlamağın mümkün olduğu bildirilirdi. Onu da qeyd etmək lazımdır ki, ermənilər Kolçak
və Denikinlə gizli əlaqələr yaratdıqlarına görə, yuxarıda göstərilən sənədləri
imzalamaqdan boyun qaçırtdılar.
60
Həmin dövrdə Azərbaycan hökumətinin xarici siyasətinin əsas istiqamətlərindən
birini Fransa, İtaliya və Böyük Britaniya kimi dövlətlərin mandatlığına Azərbaycanın
münasibətini müəyyənləşdirmək təşkil edirdi. Millətlər Cəmiyyəti yaradıldıqdan sonra
meydana gələn mandatlıq məsələsi Paris sülh konfransında da əsas müzakirə
mövzularından biri idi. Bu məsələnin mahiyyətini dünyanın aparıcı dövlətlərinin Millətlər
Cəmiyyətindən mandat aldığı ərazinin sosial-iqtisadi, siyasi və mədəni inkişafı üçün
həmin qurum qarşısında məsuliyyət daşıması təşkil edirdi.
Azərbaycan hökuməti özünün milli təhlükəsizliyini, hər şeydən əvvəl müstəqilliyini
qoruyub saxlamaq üçün həmin dövrdə dünyada böyük nüfuzu olan dövlətlərdən biri ilə
strateji tərəfdaşlıq münasibətləri qurmağı və ondan yardım almağı məqsədəuyğun
hesab edirdi. Sözsüz ki, bu məsələdə Azərbaycan Respublikasına Türkiyədən yaxın
dövlət ola bilməzdi. Lakin Türkiyənin Birinci dünya müharibəsindəki məğlubiyyəti bu
strateji tərəfdaşlığı çətinləşdirmişdi. Eyni zamanda, Millət Cəmiyyətinin mandatlıq
sisteminin özü Almaniya və Türkiyənin məğlubiyyətindən sonra bu ölkələrin keçimş
müstəmləkələrini idarə etmək zərurətindən yaranmışdı.
Paris sülh konfransında ABŞ və Fransa nümayəndələrinin çıxışlarında onların
Qafqazda gedən ictimai-siyasi proseslərlə yaxından maraqlandıqları, habelə bu
bölgəyə xüsusi diqqət yetirdikləri özünü açıq şəkildə göstərirdi. İtaliya hökuməti də
Qafqaza olan marağına görə, həmin dövlətlərdən geridə qalmırdı. Təbii ki, bu dövlətlərin
Qafqaza olan maraqlarının əsasında geosiyasi və iqtisadi məqsədlər dayanırdı. İtaliya
dövləti isə özünün iqtisadi maraqlarına görə xüsusi olaraq seçilirdi. ABŞ-ın Qafqaz
mandatına marağı Böyük Britaniya, Fransa və İtaliyadan fərqli olaraq daha böyük idi və
xüsusi cəhətləri ilə fərqlənirdi. Hələ may ayında Parisdə ABŞ nümayəndələri ilə
danışıqlar aparan Azərbaycan tərəfi Amerikanın respublikanın müstəqlilliyinə xələl
gətirməyəcəyi və daxili işlərinə müdaxilə etməyəcəyi təqdirdə onun himayəçiliyini qəbul
etməyə razı olduğunu bildirmişdi.
1919-cu ilin ortalarında yaranmış beynəlxalq vəziyyət, o cümlədən Kolçak və
Denikin ordularının məğlub olması və Rusiyada bolşeviklərin güclənməsi Azərbaycan
hökumətindən çevik xarici siyasət aparmağı tələb edirdi. Həmin vaxt Azərbaycan
hökuməti ABŞ-la siyasi və iqtisadi əlaqələr yaratmaqda maraqlı olduğunu nümayiş
etdirir, ölkənin müstəqilliyinin ABŞ tərəfindən tanınmasına səy göstərirdi. Bu məqsədlə,
Ə.M.Topçubaşov sentyabrın 26-da Prezident V.Vilsona yazdığı məktubunda ABŞ-ın
Azərbaycanın müstəqilliyini qoruyacağına və ölkəyə yardım göstərəcəyinə ümid etdiyini
bildirirdi. Əslində, Azərbaycan hökumətinin ABŞ-la diplomatik əlaqələr qurmaqda
Dostları ilə paylaş: |