140
SON ZƏNG
Hayana baxırsan güldür, çiçəkdir,
Onlar da görüşə gəlib elə bil.
Bu gün sizin üçün sonuncu zəngdir,
Bu gün nə yaxşı ki ayrılıq deyil.
Coşsun vətən eşqi ilikdə, qanda,
Gedin, yolunuza uğurlar olsun.
Göydən üstünüzə qar yağanda da
Sevən qəlbinizdə ilk bahar olsun.
Səpilin ulduztək qoca dünyaya,
Sevinci siz olun bu göyün, yerin.
Üzünə nur qonsun, gözünə ziya
Zəhməti gül açan müəllimlərin.
Zavodlar, fabriklər açıb qoynunu,
Ali məktəblər də səsləyir sizi.
Vətən nur içində çimir, yuyunur,
Vətən nur içində gözləyir sizi.
Siz təzə həyata başlayarsınız,
Qarşıda göy aydın, üfüqlər əngin.
Hələ təsiriylə yaşayarsınız
Birinci zəng ilə sonuncu zəngin.
Kaş ki, qismətiniz olsun hər zaman
Arzunun şirini, sözün qəşəngi.
Qoy səsi getməsin qulağınızdan
Birinci zəng ilə sonuncu zəngin.
Çağlasın, sevinsin, dinsin ilhamla
Qəlbiniz bir sevgi bulağı kimi.
Arzular dalınca gedin inamla,
Hərəniz bir ümid çırağı kimi.
141
Heç yaddan çıxarmı ilk xatirələr,
Onlar necə şirin, necə də zəngin.
Görün arasında nələr var, nələr
Birinci zəng ilə sonuncu zəngin.
Dünyamız qorxulu addımlar atır,
Xeyirə tuşlanıb şərin tüfəngi.
Bu həyat, qolları arasındadır
Birinci zəng ilə sonuncu zəngin.
Arzular müqəddəs, arzular şirin,
Bu gün şagirdsiniz, sabah tələbə.
Nolardı,
Olsaydı bütün zənglərin
Əvvəli çagırış, sonu qələbə.
Yüyürüb keçsə də vaxt yeyin-yeyin,
Yoluna düşsə də ömrün ahəngi.
Hərdən macal tapın, hərdən dinləyin
Birinci zəng ilə sonuncu zəngi.
Gedin!-Yollarınız ləkəsiz, təmiz,
Güllər-ömrünüzün bahar fişəngi.
Hələ arasında vurar qəlbiniz
Birinci zəng ilə sonuncu zəngin.
Gülsün üzünüzə hər gələn səhər,
Gedin! Yollarınız gül-çiçək olsun.
A köhnə ünvandan ayrı düşənlər,
Təzə ünvanınız mübarək olsun!
***
142
İTİB -BATIB
Bağçalar baş əyib baxımsızlığa,
Kolların içində gül itib-batıb.
Sonalar perikib, qular köçübsə,
Dərənin dibində göl itib-batıb.
Bu yerin yazları gül libasında,
Lalə-nərgizləri çöl libasında.
Bu elin qızları tül libasında,
Ağappaq bədəndə tül itib-batıb.
Göyçək əllərinlə dara zülfünü,
Gör külək dağıdıb hara zülfünü-
Örtüb gül camala qara zülfünü,
Ağ buxaq üstündə xal itib- batıb.
Qonşuya daş atmaq dəlidən qalıb,
Qan sorub yaşatmaq zəlidən qalıb.
Əlsizə əl tutmaq Əlidən qalıb,
O Əlidən qalan əl itib-batıb.
Elə ki göylərdən duman çəkilər,
Zülmət gecələrin bağrı sökülər...
Ən ucqar kəndə də yollar çəkilər,
Könüldən-könülə yol itib-batıb.
***
12.07.2015
143
YOXMU
Yarın həsrətindən yanıb kül oldum,
Bu Məcnun könlümün Leylası yoxmu?
Gördüyüm möhnətdir, dərdiyim hicran,
Eşqin bundan özgə töhfəsi yoxmu?
Necə yapışıbsa yaxamdan mənim,
Didərgin salıbdır yuvamdan məni.
Ayırıb elimdən-obamdan məni,
Yoxmu bu dərdlərin çarəsi, yoxmu?
Sevgidir könlümün süfrəsi,sevgi,
Barı-bərəkəti, bəhrəsi sevgi.
Mənim ürəyimin şifrəsi-sevgi,
Onun ürəyinin şifrəsi yoxmu?
***
28.07.2015
144
HEYKƏL
Görcək daşa döndü, heykələ döndü,
Keçdiyin yollara qondu bu heykəl.
Elə ki uzaqdan kölgən göründü,
Durduğu yerdəcə dondu bu heykəl.
Küləklər əlini saçına çəkdi,
Qalmadı şübhəsi, olmadı şəkki.
Onu belə görən zənn edəcək ki,
Əvvəli insanmış, sonluğu heykəl.
Gör onu ayrılıq necə sıxıb,gör,
Günduz vaxtın yoxsa, gecə çıxıb gör.
Bir mənə yaxşı bax-necə çıxıb gör –
Sənin həsrətiyin yonduğu heykəl.
***
145
BİLMİRİK
Ürəyimiz neçə yerdən oxlanıb,
Oxu görüb, yayı tapa bilmirik.
“Çırmanırıq keçməyə çay gəlməmiş”
Keçəndə də çayı tapa bilmirik.
Paltarları tikilməmiş geyirlər,
Meyvələri yetişməmiş yeyirlər.
“Ayı qandı kürd qanmadı” deyirlər,
Kürd anlayan ayı tapa bilmirik.
Qış sovuşub,yaz ötüşüb,yay gedir,
Bir otaqdan yüz otağa pay gedir.
Nə müddətdir qız evində toy gedir,
Axtarırıq, bəyi tapa bilmirik.
Bu dünyanın vəfasına aldanıb,
O dünyanın cəfasına aldanıb,
Adəminə, Həvvasına aldanıb,
Nə gəzirik, nəyi tapa bilmirik?
Göz gərəkdir bu qəmləri sezməyə,
Can gərəkdir cəfasına dözməyə.
Bu dərdlərin çarəsini çözməyə
Bir tədbirli dayı tapa bilmirik.
Dəyişibmi nəfsimizin “menyu”su?
Eynidirmi eyni torpaq,eyni su?
“İsgəndərin buynuzu var, buynuzu”
Söyləməyə quyu tapa bilmirik.
04.08.2015
Dostları ilə paylaş: |