Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə18/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   14   15   16   17   18   19   20   21   ...   78

 
94 
Dedi: – Var böyük hörmətim şahına, 
Nə əmri olarsa, mütiyəm ona. 
Ona söylə: yüksəkdir hərçənd adın, 
Əzizdir yanında hər üç övladın. 
Oğul çox dəyərli olar şah üçün
Xüsusi bəzəkdir o dərgah üçün. 
Sənin sözlərin, bil, qəbuldur mənə 
Mənim hər qızım bir oğuldur mənə. 
Fəridun göz istərsə məndən əgər, 
Tutarsa Yəmən mülkünü sərbəsər, 
Ağırdır bulardan mənə, üç balam, 
Evimdən gedə, daim həsrət qalam. 
Belə istəyirsə əgər hökmdar, 
Qədəm qoymaram buyruğundan kənar. 
Mənim üç qızım, şah buyursa əgər, 
Bu şərt ilə ancaq yanımdan gedər: 
Üç oğlun ki var, tacü təxtə bəzək
Yaxından görəm onları mən gərək. 
Mənim ölkəmi qərq edib də nura, 
Gəlib hər üçü xidmətimdə dura.  
Görüm onlar aqil, fərasətlimi? 
Təsəlli tapıb, şad edəm qəlbimi. 
Sınaqdan keçirdim, duyarsam əgər
Ədalətdən onlarda vardır əsər, 
Mən öz adətimlə o üç hurini 
Verim onlara–üç gözüm nurini. 
Şahın xatiri istəsə hər zaman 
Edim onları xidmətinə rəvan. 
Yəmən şahına Cəndəl asdı qulaq, 
Öpüb təxtini hörmət ilə qonaq, 
Təşəkkürlə tərk eyləyib dərbarı, 
Alıb yol, düzəldi Fəridun sarı. 
Çatıb şah dərbarına durmadan, 
Olub-keçmişi qıldı bir-bir bəyan. 
 
95 
Çağırdı hər üç oğlunu hökmdar, 
Ürək sirrini eylədi aşikar. 
Dedi o, necə göndərib Cəndəli, 
Yəmən padişahından almış «bəli». 
– Yəmən padşahı, – dedi hökmdar, - 
Salar sərvtək sayə, həm boy atar. 
Təmiz incitək üç qızı var onun, 
Gözündə oğuldur bu qızlar onun. 
Əgər tapsa onlar kimi qız, fələk 
Ayaqlarını bir-bir öpsün gərək. 
Mən o qızlara elçi göndərmişəm, 
Yəmən padşahına söz vermişəm. 
Siz indi onun xidmətinə gedin, 
Əyər-əskiyini işin həll edin! 
Ağıllı, ədəbli olun, həm qoçaq
Danışsa, verin diqqət ilə qulaq. 
Onun qarşısında ədəb göstərin. 
Əgər söz soruşsa, cavabın verin! 
Bilin, padşah bəsləmiş hər cavan 
Çəkinsin gərək hər yaman duyğudan. 
Açıq dilli, mömin ola, pak ürək, 
Açıq göz igid, arif olsun gərək. 
Ağılda nümunə ola bir elə, 
Verə doğru sözlərlə zinət dilə. 
Mən hər nə deyirsəm, əməl eyləyin! 
Səadət taparsız, bu yolla yəqin. 
Yəmən şahının başqadır qiyməti, 
İti gözlülükdə tapıb şöhrəti. 
Təmiz qəlbə malik olan üç oğul 
Ata fikrini sözsüz etdi qəbul. 
Əyib baş, Fəridundan ayrıldılar,  
Sözündən bilik, təcrübə aldılar. 
Olarsa Fəridun kimi hər ata, 
Edər oğluna elmü ürfan əta. 


 
96 
Qayıtdı evə hər üçü şadman, 
Gecə yatdı asudə hər üç cavan. 
Günəş asdı göydən qızıl pərdələr 
Verib nuru ilə səhərdən xəbər. 
Üç oğlan büründü qumaş paltara
Tələb etdi möbidləri dərbara. 
Günəş üzlü idi, hamı qəhrəman. 
Gəlişdən tutunca xəbər Sərv şah: 
—Bəzənsin,- dedi-sərvtək barigah. 
Yəməndən böyük bir qoşun topladı, 
Qonaqlarını pişvaza yolladı. 
Yəmən mülkünə çatcaq üç qəhriman, 
Yəməi əhli pişvaza çıxdı haman. 
Yola mişk, mey, zəfəran səpdilər, 
Payəndazları oldu durrü göhər. 
Meyə, mişkə qərq oldu at nalları, 
Alıb altına simü zər yolları, 
Qonaqlıq düzəldi cavan şahlara, 
Yığışdı bütün başçılar dərbara 
Açıldı qıfıl hər ağır xəznədən 
Ki, gizlində saxlardı Şahi-Yəmən, 
"Üç ayüzlü cənnət gülü dilbəri 
Bu dünyada xilqət olandan bəri 
Elə sərvlər bağban əkməmiş, 
Bəşər heç zaman ətrini çəkməmiş, 
Hələ görməmiş ağrı üç gülbədən, 
Fəqət incimiş saçları şanədən. 
Qoyub hər biri başına tacı-zər, 
Yanında cəvahir dolu xəznələr
Gətirdi o üç dilbəri şah ata 
 O üç qəhrəman gəncə qıldı əta. 
Yəmən şahı kinlə çəkib gizli ah, 
Dedi: – Dad əlindən, Fəridun şah!.. 
O xoşbəxt adamdır ki, yoxdur qızı, 
 
97 
Kimin var qızı parlamaz ulduzu. 
Dedi Sərv möbidlərə aşikar 
Ki, şah ayla evlənsə, xoşbəxt olar. 
Bu üç qız gözümdən əziz olsa da, 
Verib onlara, söylərəm: əlvida, 
Bilib cismdə can, göz içrə bəbək, 
Sevib daima, bəsləsinlər gərək. 
Dedi: «Yaxşı yol», başladı çathaçat. 
Düzəldi yola yüz dəvə, saysız at. 
Yol almış, gedir üç kəcavə, budur, 
Tapıbdır Yəmən mülkü gövhərdə nur. 
Ağıllı, nəcib olsa övlad əgər
Qız olsun, ya oğlan, nə fərq eylyər? 
Çatıb kamına üç kamallı çavan, 
Fəridun hüzuruna oldu rəvan. 
Fəridun bölüb aləmi üç yerə, 
Bu sirri əyan etdi möbidlərə. 
Biri Rumi Xavər, biri Türkü Çin, 
Üçüncü igid yurdu İranzəmin. 
Salınca nəzər şah Səlm oğluna: 
– Halaldır – dedi – Rumu Xavər ona. 
Buyurdu: götürsün qoşun, durmadan 
Şəhənşah kimi Şərqə olsun rəvan. 
Oturdu Kəyan təxtinə Səlm şad, 
Ona xalq «Xavərxuda» verdi ad. 
Baxıb Tura, Turanı verdi ona 
Ki, şahlıq edə Çinlə Türküstana, 
Fəridun ayırdı qoşun Tur üçün, 
Qoşunla yol aldı Çinə Tur o gün, 
Qoyub tac, təxt üstə tutdu qərar, 
Əl açdı, kəmər bağladı hökmdar. 
Böyüklər nisar etdi gövhər ona
«Turanşah» deyildi o şah oğluna, 
Çatıb bölgüdə İyrəcin növbəti: 


 
98 
–  İrandır, – dedi şah,– onun qisməti. 
Həm İranı, Nizəvəran dəştini, 
Başında olan tacı, şah təxtini 
Ona verdi, etdi onu tacdar, 
Möhür, təxt, kürsü, bütün ixtiyar. 
Üç alinəsəb, üç cavan hökmran 
Sürərdi ömür şad, şən, kamiran. 
Ötüb keçdi illər,yenə ruzigar 
Dəyişdi, zamanın, demə, sirri var, 
Fəridun qocaldı, dolunca yaşa
 Yazı ömrünün keçdi çatdı qışa. 
Həyatın budur hökmü, bilsən əgər, 
Qocaldıqda insanlar əldən düşər. 
O gün çatdı ki, işlər oldu yaman, 
İki şahı azdırdı yoldan zaman. 
Gəlib cuşa Səlmin kini, hiddəti, 
Dəyişdi onun niyyəti, tinəti. 
Tamah könlünü çulğadı odlara, 
Oturdu vəzirlə, düşündü-çara. 
Ata bölgüsü xoş deyildi ona.  
O, vermiş İranı kiçik oğluna. 
Qırışdı üzü, çökdü kin qəlbinə, 
Yola saldı bir elçi getsin Çinə, 
Yetirsin dedi qardaşına salam, 
Desin: daima şən yaşa, şadkam. 
Bil, ey Çin və Turan şəhənşahı, sən 
Təmiz qəlb ilə qismətindən keçən, 
Ziyan gördün, ancaq üzə vurmadın, 
Uca sərvtək boynunu burmadın. 
Eşit indi məndən yeni bir xəbər 
Öz əhvalımızdan, unutdun məgər? 
Biz üç qardaşıq, tacü təxtə bəzək, 
Gətirdi kiçik qardaşın bəxti tək. 
Ağıl yaşdadır, mən böyük qardaşam, 
 
99 
Hər üstünlük olsa, demək, mən başam, 
Tutaq, mən yoxam, sən ki varsan, niyə 
O çıxsın kərək tacü təxtə yiyə? 
Neçin olsun İran, Yəmən İyrəcin? 
Mənim qismətim Rumla Xavərzəmin? 
Sənin Çində, Turanda ötsün yaşın, 
İranda şah olsun kiçik qardaşın. 
Bu bölgü ədalətlimi? Bir düşün, 
İtirmiş atan ağlını büsbütün. 
Çinə doğru yollandı elçi, çapar, 
Turanşah hüzurunda tutdu qərar. 
Bilincə nə fikrə düşüb qardaşı 
Qızışdı Turun da beyinsiz başı. 
Əsib coşdu zəncirdəki şir kimi, 
Alovlandı əndamı təndir kimi. 
Dedi: – Tez qayıt şah dərgahına, 
Yetir bu cavabı sən öz şahına, 
De: mən də şərikəm bu fikrə, düzü, 
Atam, gənc ikən aldadıbdır bizi. 
Əkib öz əliylə elə bir ağac 
Qan ilə suvarmaqdır ancaq əlac. 
Bu haqda deyib dinləməkçin, bizə 
Oturmaq gərək xəlvəti üz-üzə. 
Fikir söyləyək, söz alıb, söz verək
Şahın xidmətinə adam göndərək. 
Bir elçi tapaq biz şirindil, qoçaq, 
Ürək sirrini padişaha açaq. 
Budur mətləbin məğzi, məndən eşit: 
Gərək susmasın aldadılmış igid. 
Bu işdə gecikmək bizə ardır, ar, 
Keciksən, yəqin fürsət əldən çıxar. 
Cavab ilə elçi dönüb dərbara, 
Dedi qardaşın sözlərin aşkara. 
Bu qardaş Çinə doğru oldu rəvan, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə