KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE
364
RƏŞİD BEHBUDOVUN YARADICILIĞI
ТВОРЧЕСТВО РАШИДА БЕЙБУТОВА
RASHID BEYBUDOV’S CREATIVE WORK
Məryəm Şaqiqızı BABAYEVA
*
Özet
Makale büyük Azerbaycan mugannisi R.Behbudov’un özel ve orijinal
üslubunun öğrenilmesine hasr olunmuştur. Yazar muğanninin yaradıcı üslubunda
kavuşmuş ve birbirine karşılıglı tesir gösteren halk, opera ve estrada temayüllerini
ortaya koyuyor. Müğanni öz parlak artistlik istidadı neticesi olarak, filmlerde ve
opera sehnesinde dahiyane suretler yaratmıştır. R.Behbudov’un muğanni ve
artistlik istidadı Mahnı tiyatrosunun yaratılması ideyasının gerçekleşmesinde tam
süretde açılmıştır. Makalede Reşid Behbudov'un ifasında vokal eserlerin tefsir
özellikleri tahlil olunmuştur.
Anahtar kelimeler: Azerbaycan, müğanni, aktör, üslub, vokal
Abstract
This article is devoted to studying special and original style of the outstanding
Azerbaijan singer R.Beybudov. The author characterizes activities of the singer
which has united national, opera and variety styles which are closely
interconnected. Result of bright virtuosity of the singer became creation of
ingenious images, both on the screen, and on an opera stage. R.Beybudov’s talent
as singer and actor has proved in an embodiment of idea of creation of Song
*
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE
365
Theatre. In this article features of interpretation of vocal products of different
genres are also considered.
Key words: Azerbaijan, singer, actor, style, vocal.
Резюме
Статья посвящена изучению самобытного и оригинального стиля
выдающегося Азербайджанского певца Р.Бeйбутова. Автор характеризует
творческий почерк певца, соединивший в себе народный, оперный и
эстрадный стили, которые тесно взаимосвязаны. Результатом яркого
артистизма певца стало создание гениальных образов, как на экране, так и на
оперной сцене. Талант Р.Бейбутова как певца и актера в полной мере проявил
себя в воплощении идеи создания Театра песни. В статье также
рассматриваются особенности интерпретации вокальных произведений
разных жанров в исполнении Рашида Бейбутова.
Ключевые слова: Азербайджан, певец, актер, стиль, вокал.
Xülasə
Məqalə böyük Azərbaycan müğənnisi R.Behbudovun özünəməxsus və orijinal
üslubunun öyrənilməsinə həsr olunmuşdur. Müəllif müğənninin yaradıcılıq dəst-
xəttində bir-birilə sıx qarşılıqlı əlaqədə təzahür edən xalq, opera və estrada
üslublarını səciyyələndirir. Müğənninin parlaq artistizmi sayəsində filmlərdə və
opera səhnəsində dahiyanə obrazlar yaratmışdır. R.Behbudovun müğənnilik və
aktyorluq istedadı Mahnı teatrının yaradılması ideyasının təcəssümündə özünü tam
büruzə vermişdir. Məqalədə R.Behbudovun ifasında müxtəlif janrlı vokal əsərlərin
təfsir xüsusiyyətləri işıqlandırılır.
Açar sözlər: Azərbaycan, müğənni, aktyor, üslub, vokal.
Rəşid Behbudov Azərbaycan musiqi mədəniyyətinin parlaq simalarındandır.
Rəşid Behbudovun bənzərsiz mahnı ifaçılığı üslubu, səhnə və ekran obrazları,
təşkilatçısı və bədii rəhbəri olduğu Mahnı Teatrı – bütün bunların hər biri böyük
sənətkarın yaradıcılığının şaxələri olmaqla, həm də milli musiqi ifaçılığı sənətində
açdığı yeni yolun başlanğıcıdır.
Rəşid Behbudov öz səsinin qüdrəti ilə demək olar ki, bütün dünyanı dolaşmış,
öz mahnıları ilə milyonların ürəyini fəth etmiş, Azərbaycan musiqisini ən müxtəlif
millətlərdən olan insanlara sevdirmişdir.
R. Behbudovun bir müğənni kimi sənətinin qaynaqları dərin və çox şaxəlidir:
bir tərəfdən, o, Azərbaycan xanəndəlik sənətinin, bilavasitə Qarabağın musiqi
ənənələri ilə sıx bağlıdır. Onun atası Məcid Behbudov Qarabağ xanəndəlik
məktəbinin parlaq nümayəndələrindən biri, muğam və xalq mahnılarının gözəl
ifaçısı, gözəl pedaqoji istedada malik ziyalı bir insan idi. Məhz atasının rəhbərliyi
KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE
366
altında Rəşid Behbudov əsil sənətkarlıq məktəbi keçmişdir. Bu da onun öz
yaradıcılığında zəngin xalq mahnı irsinə müraciət edərək, onların özünəməxsus
tərzdə ifaçılıq təfsirini yaratması üçün bir özül olmuşdur.
Digər tərəfdən isə o, italyan vokal məktəbinin səciyyəvi üslub xüsusiyyətlərini
özündə ehtiva edir. Rəşid Behbudovun ifaçılığı vokal üslubun əsaslarına
dayaqlanır. Belə ki, o, dövrünün görkəmli müğənnilərindən – D.Andquladze və
başqalarından vokal dərsləri almış, opera səhnəsində təcrübə keçmiş, vokal
ifaçılığının sirlərini dərindən mənimsəmişdir. Bütün bunlar onun ifaçılıq üslubunda
qeyri-adi bir vəhdətdə təmsil olunmuş, onun yaradıcılığının şaxələrində öz əksini
tapmışdır.
Rəşid Behbudovun səs tembri zəngin çalarlı olub, öz keyfiyyətinə görə
baritonal tenor idi. Həm elmi ədəbiyyatda, həm də dövrü mətbuat səhifələrində
çıxan məqalələrdə Rəşid Behbudovun səs tembri lirik tenor kimi göstərilir. Lakin
onun oxuduğu musiqi nümunələrinin təhlili, səs yazılarının öyrənilməsi sübut edir
ki, onun səs tembri özündə tenor və bariton səslərinin xüsusiyyətlərini birləşdirirdi.
Onun səs diapazonunun həm tenor, həm də bas səslərinə məxsus çərçivəni əhatə
etməsi də bunu deməyə əsas verir.
Ümumiyyətlə, R.Behbudovun yaradıcılıq diapazonu geniş idi. O, Azərbaycan
xalq mahnıları ilə yanaşı, dünya xalqlarının mahnılarına, həmçinin, klassik irsə,
bəstəkar yaradıcılığına, mahnı, romans, ariya, ariozo kimi janrlara müraciət
etmişdir və hər bir sahədə də dəyərli nailiyyətlərə nail olmuşdur.
R.Behbudovun xalq mahnı ifaçılığına gətirdiyi yeni cəhətlərdən biri qədim
dövrlərdə yaranmış, şifahi şəkildə xalq ifaçılıq praktikasında yaşayaraq, yaddaş
vasitəsilə bizə gəlib çatmış misilsiz inciləri R.Behbudovun öz yaradıcılıq
süzgəcindən keçirərək mənimsəməsindən və yeni cizgilərlə dinləyiciyə təqdim
etməsindən ibarətdir.
İkinci bir cəhət müğənninin mahnının musiqi və poetik mətnini dərindən
duyması ilə bağlıdır. Məhz bunun nəticəsində onun oxuduğu hər bir mahnıda məna
çalarları qabarıq üzə çıxaraq, qeyri-adi bir effekt yaradır və R.Behbudovun ifaçılıq
təfsirində yaddaşlara həkk olunur. Belə mahnılar çoxdur: məsələn, “Qalalıyam”,
“Qoy yarım gəlsin”, “Gözəlim sənsən”, “Küçələrə su səpmişəm” və s. O, məhz səs
boyaları ilə, sanki rəssam kimi, mahnıda əks olunmuş mənzərəni, əhval-ruhiyyəni,
duyğuları təsvir edir.
Xalq ifaçılığı üslubuna toxunarkən, daha bir cəhəti qeyd etmək vacibdir ki, bu
da R.Behbudov tərəfindən Azərbaycan xalq mahnılarının beynəlxalq miqyasda
təbliği ilə bağlıdır. Müasir dövrdə xüsusi aktuallıq qazanmış bu məsələ hələ XX
əsrin ortalarında R.Behbudov tərəfindən uğurlu həllini tapmış, dünyanın ən
müxtəlif yerlərində, müxtəlif millətlərə məhz Azərbaycan dilində, Azərbaycan xalq
mahnısı kimi təqdim olunmuş və tanıdılmışdır.
R.Behbudovun yaradıcılığındakı ikinci istiqamət opera ifaçılığı ilə əlaqədardır.
Bu da onun mükəmməl vokal texnikasına malik olaraq, özünü opera artisti kimi
təsdiq etməsindən irəli gəlir. R.Behbudovun musiqili səhnə fəaliyyətində iki əsərdə
yaratdığı obrazı mərhələ saymaq olar: Üzeyir Hacıbəyovun “Arşın mal alan”
KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE
367
musiqili komediyasında Əsgər obrazı, Fikrət Əmirovun “Sevil” operasında Balaş
obrazı.
Adı çəkilən əsərlər müxtəlif dövrlərdə yaranmış, müxtəlif yaradıcılıq dəst-
xəttinə malik bəstəkarlara məxsusdur, onlar janrına və üslubuna görə fərqlidir.
Təbiidir ki, R.Behbudovun təfsirində də bu əsərlərdəki əsas obrazlar özünəməxsus
keyfiyyətlər kəsb etmiş və müəyyən dərəcədə əsərin uğurlu səhnə və ekran həllinə
şərait yaratmışdır.
Məlum olduğu kimi, Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili
komediyasının ekranlaşdırılması zamanı (1945) Əsgərin partiyası Rəşid Behbudov
tərəfindən ifa olunmuş və bu obraz R.Behbudov yaradıcılığında xüsusi bir mərhələ
təşkil etmişdir
1
. R.Behbudov əsərin baş qəhrəmanı Əsgərin obrazına olduqca
həssaslıqla yanaşmış və dinamik xarakterli bir surət yaratmışdır. Əsgərin dərin
məhəbbət hissələri, gənclik ehtirası, xoşbəxtlik arzuları R.Behbudov tərəfindən
səmimiyyətlə təqdim edilir. Bu rolda o, əsil aktyorluq məharətini və müğənnilik
istedadını nümayiş etdirə bilmişdir. R.Behbudovun yaradıcılığında məhz bu
cəhətlər qovuşaraq, onun dəst-xəttinin aparıcı xüsusiyyətinə çevrilmişdir.
Bütün dünyada məşhurlaşmış “Arşın mal alan” filmini, Üzeyir Hacıbəyli
musiqisini və Rəşid Behbudovun Əsgərini milyonlarla tamaşaçı alqışlamışdır.
Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası 49 ölkədə, 120 teatrın
səhnəsində oynanılmış, ekranlaşdırıldıqdan sonra isə 130 ölkəyə satılaraq, 186 dilə
dublyaj edildi
2
. Rəşid Behbudov öz xatirələrində yazırdı: “Hansı ölkəyə
gedirdimsə, görürdüm ki, “Arşın mal alan” məni qabaqlayıb və öz işini görüb. Bu
ölkədə məni artıq köhnə bir dost kimi, öz doğma adamları kimi qəbul edirdilər”
3
.
Rəşid Behbudovun ekranda yaratdığı arşınmalçı obrazı, eyni zamanda, bir çox
ölkələrdəki rejissorları Üzeyir Hacıbəylinin bu əsərinə müraciət etməyə
ruhlandırmışdı. Bununla yanaşı, Rəşid Behbudov Əsgər obrazını səhnədə də
oynamışdır. 1956-cı ildə R.Behbudov bu obrazı səhnədə də yaratmışdır. 1956-cı
ildə Moskvada K.Stanislavski və N.Nemiroviç-Dançenko adına teatrda “Arşın mal
alan” səhnəyə qoyulan zaman Rəşid Behbudov baş rolda çıxış etmək üçün dəvət
olunmuşdur. Həmin tamaşa böyük müvəffəqiyyət qazanmış, Rəşid Behbudov öz
gözəl ifası ilə tamaşaçıları heyran etmişdir.
1953-cü ildə Fikrət Əmirovun “Sevil” operası Azərbaycan Dövlət Opera və
Balet teatrının səhnəsində tamaşaya qoyuldu. Bu əsərdə Rəşid Behbudovun
1
Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası 1973-cü ildə Rəşid
Behbudovun iştirakı ilə qrammofon valına yazılmışdır. Digər rolların ifaçıları Fidan
Qasımova, Xuraman Qasımova, Mürsəl Bədirov, Əli Haqverdiyev və başqalarıdır. Dirijor
Niyazinin rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə.
(orkestrləşdirmənin və redaksiyanın müəllifi Niyazidir).
2
Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasına həsr olunmuş İnternet
saytında əsərin səhnə təcəssümünün coğrafiyasına dair ətraflı məlumat verilir:
http://arshin.musigi-dunya.az
3
Bax: Əliyeva F. “Arşın mal alan - Rəşid Behbudov - Arşın mal alan”. // “Azərbaycan-
İrs” jurnalı, No.8, 2001. s.72.
KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE
368
yaratdığı Balaş obrazı onun opera artisti kimi ilk rolu idi. Əvvəlcə zəngin,
təkəbbürlü bir obraz kimi təsvir olunan, sonra isə Azərbaycanda baş verən ictimai-
siyasi hadisələr nəticəsində müflisləşmiş təbəqənin bir nümayəndəsi olan Balaş
obrazını Rəşid Behbudov xüsusi bir məna dərinliyi ilə yaratmışdır
4
.
“Sevil” operası bu gün də səhnədədir. Operanın ifaçılarının neçə nəsli
dəyişmişdir. Lakin Rəşid Behbudovun adı məhz bu əsərdə yaratdığı obrazla opera
ifaçılığı tarixinə həkk olunmuşdur. Rəşid Behbudovun opera səhnəsində çıxışı
Balaş obrazı ilə bitsə də, bir sıra klassik opera ariyaları onun repertuarına daxil idi.
Bunlardan C.Puççininin “Bohema” operasından Rudolfun ariyasını və s. qeyd edə
bilərik ki, konsert səhnəsində o, həmin opera ariyalarını böyük zövqlə ifa etmişdir.
Həmin ifalar onun səsyazıları kolleksiyasında və kinolentlərində qorunub
saxlanmışdır.
Rəşid Behbudovun yaradıcılığının üçüncü istiqaməti bəstəkar əsərlərinin –
Azərbaycan bəstəkarlarının mahnı və romanslarının ifası ilə bağlıdır. R.Behbudov
Azərbaycan bəstəkarlarının bir çox mahnı və romanslarının ilk və təkrarsız ifaçısı
olub. Tofiq Quliyev, Cahangir Cahangirov, Səid Rüstəmov, Qara Qarayev, Fikrət
Əmirov, Rauf Hacıyev, Vasif Adıgözəlov, Ramiz Mustafayev, Arif Məlikov,
Oqtay Kazımov, Asya Sultanova, Ruhəngiz Qasımova və b. bəstəkarların mahnı və
romansları R.Behbudovun repertuarını bəzəyirdi.
R.Behbudovun repertuarındakı mahnılar janr xüsusiyyətlərinə görə müxtəlifdir:
lirik, vals, marş, məzəli mahnı janrları, əmək mahnıları, mərasim mahnıları,
romanslar, xalq mahnıları, ariyalar, ariozolar, dünya xalqlarının mahnıları.
Məlum olduğu kimi, Rəşid Behbudov özü də mahnılar bəstələyirdi: “Ankara və
İstambula salamlar” mahnısını o, Türkiyəyə qastrol səfəri zamanı yazmış və ilk
dəfə bu ölkədəki konsertləri zamanı ifa etmişdir. Bundan başqa, onun
“Azərbaycan”, “Əlvida”, “Bayatılar” kimi mahnıları da konsertlərində səslənirdi.
Fikrət Əmirov Rəşid Behbudovun ifaçılıq üslubunu qiymətləndirərək yazırdı:
“Səsindəki məlahət, aydın, gözəl tələffüz, şirin ləhcə, sənət ehtirası onu
dinləyicilərə sevdirən əsas məziyyətlərdir. Onun duruşu, baxışı, hərəkətləri
ölşülüb-biçilmiş, düşünülmüşdür. Beləliklə də, ifaçı ilə auditoriya arasındakı
səmimiyyət səhnə ilə auditoriya arasında məsafəni aradan qaldırır, estetik ünsiyyət
yaradır. Rəşidin fəaliyyəti bizə müğənninin bəstəkarla işi barədə ciddi mülahizələr
söyləməyə imkan verir. Rəşidlə işləyən hər kəs bunu yəqin ki, təsdiq edər. O,
səbirli, təmkinli, yorulmaq nə olduğunu bilməyən, gecəni gündüzə qatan, sənətə
bütün varlığını verən, bəstəkardan nə istədiyini çox gözəl bilən, bəstəkar
fantaziyasını daha çox qanadlandırmağı bacaran bir istedaddır”
5
.
4
Fikrət Əmirovun “Sevil” operası 1953-cü ildə Rəşid Behbudovun iştirakı ilə
qrammofon valına yazılmışdır. Digər rollarda V.Abişeva, R.Cabbarova, A.Bünyadzadə və
başqaları çıxış etmişlər. Dirijor Əfrasiyab Bədəlbəylinin rəhbərliyi altında Azərbaycan
Dövlət Opera və Balet teatrının orkestri və xorunun müşayiəti ilə.
5
Əmirov F. İfaçılıq - tələbkarlıq.// “Musiqi aləmində”. Bakı, Gənclik, 1983. s.108-109.
KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE
369
R.Behbudovun ifaçılıq üslubundan danışarkən, qeyd etmək lazımdır ki, o, ifa
etdiyi əsərlərdə - mahnı, romans, ariya və s. yüksək bədii ustalıqla və qeyri-adi
dəqiqliklə məna vurğularını qabardır, müəllif düşüncəsinin dərin qatlarını aça bilir
və yaratdığı obrazı canlandırmağı, görümlü etməyi bacarırdı. Onun ifa edərək
yaratdığı hər bir mahnı əsil sənət zirvəsinə çevrilirdi.
Belə bir məşhur fikir var ki, mahnı iki istedadın vəhdətindən, bəstəkar və şairin
sənət ünsiyyətindən yaranır. Sübhəsiz, mahnı - gözəl melodiya, dolğun və mənalı
söz deməkdir. Bizcə, mahnıdan danışanda, onun ifaçısını da qeyd etmək lazımdır
və mahnı üç istedadın vəhdətindən yaranır - desək, daha doğru olar.
Məlum həqiqətdir ki, bəstəkar və ifaçı ünsiyyəti sənət əsərlərinin yaranmasında
və mədəniyyət xəzinəsinin bir incisinə çevrilməsində mühüm əhəmiyyətli bir
faktordur. Belə bir bəstəkar - ifaçı ünsiyyətinin bəhrələrini, Azərbaycanın iki böyük
sənətkarının - Tofiq Quliyevin və Rəşid Behbudovun qarşılıqlı yaradıcılıq əlaqəsi
timsalında izləmək olar.
Rəşid Behbudov, demək olar ki, sənət yolunun başlanğıcından Tofiq Quliyevin
mahnılarına müraciət etmiş, onları öz repertuarına daxil etmişdir. İki böyük
sənətkarın - bəstəkar və ifaçının qarşılıqlı sənət əlaqəsindən yaranan musiqi əsərləri
musiqi tariximizin səhifələrinə yazılmış, xalqın yaddaşına həkk olunmuşdur.
Xatırladaq ki, Azərbaycanda estrada musiqi janrlarının ilk nümunələrinin
yaranması T.Quliyevin adı ilə bağlıdır. Bu janrların təşəkkülü və inkişafında
bəstəkarın rolu böyükdür. Tofiq Quliyevin yaradıcılığında mahnı janrı xüsusi yer
tutur.
R.Behbudovla T.Quliyevin yaradıcılıq əməkdaşlığının başlanğıcı 1940-cı
illərə, T.Quliyevin rəhbərliyi altında ilk Azərbaycan caz orkestrinin yaranaraq,
fəaliyyətə başladığı zamana təsadüf edir. T.Quliyevin “Süfrə mahnısı”nı (mahnının
sözləri R.Behbudova məxsusdur) müğənni böyük şövqlə, əsl artistizmlə
səsləndirirdi. Parlaq milli koloriti ilə seçilən bu mahnı müxtəlif millətlərdən olan
dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanırdı. Məhz bu mahnı ilə iki böyük
sənətkarın - Rəşid Behbudovun və Tofiq Quliyevin ömürlük sənət dostluğunun
təməli qoyulmuşdur. Sonrakı illərdə də xalqın sevimlisi olan bu iki sənətkarın
qastrolları hər yerdə anşlaqla keçmiş, onların birgə çıxışları dinləyicilərə böyük
zövq aşılamışdır. Onların yaradıcılıq əməkdaşlığı nəticəsində Azərbaycan estrada
musiqisinin klassik nümunələri meydana gəlmişdir. Onların birgə konsertləri və
qastrol səfərləri Azərbaycanın milli musiqi mədəniyyətini geniş miqyasda təbliğ
edərək, dünyaya tanıtmışdır.
R.Behbudovun repertuarında T.Quliyevin müxtəlif məzmunlu lirik mahnıları
xüsusi yer tutur. Tofiq Quliyevin Rəsul Rzanın sözlərinə yazdığı “Sənə də qalmaz”
mahnısı Rəşid Behbudovun təfsirində həm kədərli, həm də ehtiraslı əhval-ruhiyyəsi
ilə diqqəti cəlb edir. Gözəlliyin daimi olmadığı fikri mahnıda qırmızı xətlə keçir.
Vokal partiyadakı muğamvari gedişlər mahnıya qeyri-adi duyğular aşılayır.
T.Quliyevin “İlk bahar” (Z.Cabbarzadənin sözlərinə) mahnısında R.Behbudov
baharda çiçəklənən işıqlı məhəbbəti ilhamla tərənnüm edir. Digər mahnıları kimi,
T.Quliyev “Bəxtəvər oldum” (Xaqaninin sözlərinə) romansını da məxsusi olaraq,
KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE
370
R.Behbudovun səsi üçün yazmış və əsərin ilk ifaçısı R.Behbudov olmuşdur. Bu
romansda da sevgilisinin vüsal həsrəti ilə alışıb yanan qəhrəmanın obrazı ehtiraslı,
lirik, şairanə cizgilərlə canlandırılır. Beləliklə, hər bir mahnıda R.Behbudov zövqlə
işlənmiş özünəməxsus bədii obraz yaratmağa nail olur.
Rəşid Behbudovun çoxcəhətli istedadının tam açılması baxımından onun kino
rolları xüsusi əhəmiyyət təşkil edir. “Arşın mal alan”dan (Ü.Hacıbəylinin əsəri
əsasında, 1945) sonra onun çəkildiyi ikinci musiqili film “Bəxtiyar” (T.Quliyevin
musiqisinə, rejissor L.Səfərov, 1955) filmi diqqətəlayiqdir.
Rəşid Behbudovun bu filmdə baş rolu ifa etməsi “Bəxtiyar”ın tamaşaçılar
tərəfindən maraqla baxılmasına səbəb olmuşdur. Filmin ikinci adı “Sevimli
mahnılar”dır ki, bu da onun məhz musiqili film olması ilə bağlı idi. Bundan başqa,
bunda bir rəmzi məna da görürük, belə ki, həqiqətən də bu filmdə səslənən
mahnılar film ekranlara çıxan gündən bu vaxta qədər dillər əzbərinə çevrilmiş və
xalq arasında ən çox sevilən mahnılardan olmuşdur. Hətta R.Behbudovun
“Bəxtiyar” filmindəki rolu o qədər sevilmişdi ki, xalq arasında həmin rolu
müğənninin avtobioqrafik rolu kimi qəbul edirdilər.
Bu filmin daha bir diqqətəlayiq cəhəti ondan ibarətdir ki, burada Tofiq Quliyev
və Rəşid Behbudovun yaradıcılıq ünsiyyəti qabarıq surətdə öz əksini tapır. Qeyd
etmək lazımdır ki, bu film məxsusi olaraq Rəşid Behbudov üçün yaradılmışdır.
Belə ki, baş rolda R.Behbudovun çəkilməsi, neftçi - müğənni Bəxtiyar obrazını
yaratması və bütün mahnıları onun özünün ifa etməsi R.Behbudovun həm aktyor,
həm də müğənni kimi istedadının böyüklüyünü, yaradıcılıq potensialını bir daha
sübut edirdi.
Digər bir tərəfdən, bu iş filmin yaradıcıları qarşısında müəyyən vəzifələr
qoyurdu. Belə ki, dahi Üzeyir bəyin əsərinin kino versiyasının əsas surətlərindən
biri kimi dünya ekranlarında məşhurlaşmış Rəşid Behbudovu yenidən, yeni
rakursda baş qəhrəman timsalında ekrana çıxarmaq, təbii ki, böyük məsuliyyət
tələb edirdi. Buna da yaradıcı qrup nail ola bildi.
Filmin süjetini Neft daşlarında çalışan gənc Bəxtiyarın neftçidən istedadlı
müğənniyə qədər keçdiyi yol və sevgi mövzusu təşkil edir. Mövzunun açılmasında
musiqi mühüm rol oynayır. Filmdəki musiqi lirik, şux, nikbin, oynaq xarakterli
olub, süjet xətti ilə sıx əlaqədardır və hadisələrin inkişafında mühüm əhəmiyyət
kəsb edir. Filmdə bəstəkar musiqi vasitəsilə kino əsərinin ideyasının bütövlükdə
açılmasına nail olmuşdur.
Bəxtiyar obrazının səciyyələndirilməsində Rəşid Behbudovun oxuduğu
mahnılar əsas vasitəçiyə çevrilir. Gənc neftçilərin, Bəxtiyar və dostlarının “Dostluq
mahnısı” şux əhval-ruhiyyəsi ilə seçilir. Bəxtiyarın kədərli, nigaran hissləri Rəşid
Behbudovun kiçik klubun səhnəsindən oxuduğu “Qızıl üzük” mahnısında öz əksini
tapır. Filmdə ilk konsertini verən müğənni Bəxtiyarın repertuarında “Bakı haqqında
mahnı” doğma şəhərinə sevgisini, vətənpərvərlik hisslərini tərənnüm edir. Bundan
başqa, caz üslublu “Zibeydə”, tanqo ritmli “Sevgilim” mahnıları baş qəhrəmanın
obrazının dolğun təsviri, onun estrada səhnəsindəki uğurlarını əks etdirməsi
baxımından diqqətəlayiqdir. Filmin sonunda ifa olunan “Sevgi valsı” əsərin
KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE
371
qəhrəmanlarının çağlayan qarşılıqlı məhəbbət hisslərini əks etdirən tamamlayıcı
epizod kimi mühüm əhəmiyyət kəsb edir.
Yeri gəlmişkən, bir cəhəti də qeyd edək ki, T.Quliyevin filmə yazdığı mahnılar
sonradan R.Behbudovun repertuarında özünəməxsus yer tutmuş və konsertlərdə
dəfələrlə səsləndirilmiş, həmçinin, digər müğənnillər tərəfindən də ifa edilmişdir.
Burada mahnının ekrandan həyata adlaması, müstəqil yaşaması prosesi göz
qabağındadır. Bununla belə, “Bəxtiyar” filmi özü də tamaşaçılar tərəfindən çox
sevilərək, bu gün də maraqla baxılır. Ekranlara çıxdığı gündən bu günə kimi,
tamaşaçılar “Bəxtiyar” filminə məhz Rəşid Behbudovun ifasında səslənən Tofiq
Quliyevin mahnılarını dinləmək üçün tamaşa edirlər.
Göründüyü kimi, Rəşid Behbudovun bəstəkarlarla yaradıcılıq əlaqələri
çoxcəhətli olmuşdur. Bəstəkar mahnılarının estrada səhnəsinə çıxarılması, musiqili
filmlərin yaranması, ekranlarda göstərilməsi, qrammofon vallarına, kompakt
disklərə, video lentlərə yazılması, onların dünya miqyasında təbliği və s. bu
qəbildəndir.
Rəşid Behbudovun yaradıcılıq üslubunun əsas cəhətlərindən biri kimi diqqəti
cəlb edən müğənnilik və aktyorluq keyfiyyətlərinin qovuşması isə onun
fəaliyyətinin digər sahələrində də özünü büruzə verir. Rəşid Behbudov tərəfindən
Mahnı teatrının yaradılması bunun bariz nümunəsidir.
Mahnı teatrı sintetik teatr sənətinin orijinal bir növü kimi həyata keçirilən ilk
təcrübə idi. Burada hər şey ona doğru yönəlmişdi ki, mahnı yalnız dinlənilməsin,
həm də görümlü olsun. Başqa sözlə desək, mahnı kiçik musiqili səhnə şəklində
təqdim olunur.
Mahnıda öz əksini tapmış musiqi obrazı yalnız musiqinin ifadə vasitələri ilə
deyil, həm də aktyor oyunu ilə açılır. Əlbəttə ki, mahnının məzmunundan asılı
olaraq, bu obraz müxtəlif səciyyə kəsb edir: gah təmkinli, gah ehtiraslı, gah da şən,
oynaq. Mahnıdakı əhval-ruhiyyənin yaradılmasında təsviri vasitələrdən, səhnə
dekorasiyasından, ekranda göstərilən rəngli slaydlardan da istifadə olunur ki, bu da
tamaşaçının diqqətini mahnının obrazı üzərində cəmləşdirir və onun təxəyyülünü
zənginləşdirir. Bu kimi mahnı səhnələrindən məzmununa və süjet xəttinə görə
orijinal bir teatr tamaşası meydana gəlir. Mahnılar arasında instrumental və
xoreoqrafik epizodların verilməsi intermediya xarakteri daşıyır və kontrastlıq
əmələ gətirir ki, bu da tamaşaların rəngarəng alınmasına xidmət edir.
Rəşid Behbudovun yaradıcılıq təxəyyülünün məhsulu olan Mahnı teatrının
tamaşalarında da musiqi, poeziya, xoreoqrafiya, teatr sənəti üzvi surətdə
qovuşaraq, vəhdət əmələ gətirir. Burada hər bir sözün, hər bir hərəkətin, hər bir
detalın müəyyən rakursdan mənalandırılması mühüm bədii əhəmiyyətə malikdir.
Şifahi ənənəli xalq sənətinin incəliklərini, çağdaş musiqi və teatr sənətinin
təmayüllərini dərindən mənimsəyən Rəşid Behbudov özəl xüsusiyyətlərə malik
müasir musiqili teatr növü yaratmağa nail olmuşdur.
Rəşid Behbudovun teatrında mahnı yeni bədii ifaçılıq cizgiləri kəsb edir. Bu
teatrda səhnələşdirilən mahnıların estetik mənası qabarıq üzə çıxarılaraq
KÜLTÜR EVRENİ - ВСЕМИРНАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE
372
dinləyiciyə yeni bir təfsirdə təqdim olunur, müasir həyat lövhələri, dolğun bədii
surətlər yaradılır.
Mahnı teatrının baş qəhrəmanı da Rəşid Behbudov özü idi. O, hər şeydən
əvvəl, müğənni və aktyor kimi öz sənətkarlığını nümayiş etdirirdi. Bundan əlavə
isə, o, həm də bir rejissor kimi çıxış edərək, tamaşanın quruluşunu, onun
mərhələlərini ardıcıllıqla tənzimləyirdi. Tamaşanın hazırlanması prosesində onun
bütün yaradıcılıq fantaziyası, zövqü, biliyi, bacarığı üzə çıxırdı. O, sözün əsl
mənasında, öz kollektivi ilə bərabər mahnı tamaşası yaratmağa nail olurdu.
R.Behbudov öz ətrafına əsl peşəkarlardan ibarət böyük bir kollektiv toplamışdı.
Burada vokal, instrumental və xoreoqrafik qrup təmsil olunmuşdu, müxtəlif
amplualı müğənnilər, ənənəvi estrada və milli musiqi alətləri ifaçıları, rəqqaslar
fəaliyyət göstərirdi. Xüsusilə kollektivin musiqi rəhbəri, tanınmış pianoçu və
bəstəkar Rafiq Babayevin rolu böyük idi. Onun yaratdığı və səsləndirdiyi musiqi öz
virtuoz estrada üslubu ilə yanaşı, dərin milli xüsusiyyətləri ilə fərqlənirdi.
Ümumiyyətlə, Mahnı teatrının tamaşalarının tərtibatı da bu ruhda olub, milliliyi və
müasirliyi ilə, parlaq teatrallığı ilə yadda qalırdı.
Mahnı teatrının fəaliyyəti kinematoqrafçıları da ruhlandırmışdı.
“Azərbaycanfilm” kinostudiyasında çəkilən “Min birinci qastrol” filmində teatrın
bütün kollektivi ilə iştirak etməsi, uğurlu bir ekran əsərinin yaranması ilə
nəticələndi. Maraqlı süjet xəttinə malik bu filmdə də baş rolu Rəşid Behbudov
canlandırmışdı.
Əlbəttə ki, R.Behbudovun yaradıcılıq portretini yaratmaq, onun irsinə müraciət
etmək, onun ifaçılıq təfsirinin xüsusiyyətlərini açmaq çox çətin və əhatəli bir
mövzudur. Lakin məqalənin həcmini nəzərə alaraq, biz yalnız ümumi cəhətləri
vurğulamaqla kifayətlənmişik. Rəşid Behbudovun yaradıcılıq ənənələri, onun
ifaçılıq xüsusiyyətləri ondan sonra digər müğənnilər tərəfindən mənimsənilərək,
genişləndirilmiş və inkişaf etdirilmişdir. Bu gün də Azərbaycan musiqisində Rəşid
Behbudovun davamçıları yetişir.
Dostları ilə paylaş: |