Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə40/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   36   37   38   39   40   41   42   43   ...   123

 
121
yoldur ki, müəyyən intellektual cəhdin və mürəkkəb 
əqli prosesin dolanbac gərdişinin qrafik siluetini 
aşkarlayır. Bu suallar, filoloji fantaziyanın ideyası 
ilə birgə, məndə o zaman yarandı ki, təsadüfən 
İmadəddin Nəsiminin  “KƏPƏNƏK”  və  “TAPDIM”  rədifli iki 
şeirini oxudum... və məlumum oldu ki, söhbət burada da 
GEYİMDƏN gedir. Sən demə, “kəpənək” farslarda yapıncı 
kimi mənalandırılır. Nəsimi  şeirlərinin kontekstində 
də “kəpənək” sözü məhz “yapıncı” anlamında işlədilir 
və ona bir xüsusi xirqə statusu verilir: 
 
 
«Kəpənək geymişəm, əndişədən
8
 azad olubam,  
         Üşümək müşkülünü eylədi asan kəpənək». 
 
     Heç  şübhəsiz ki, kəpənək burada çoban həyatının, 
dağlı güzəranının rəmz səviyyəsinə yüksəldilmiş 
fakturasıdır, gerçək yaşantıların suggestiv 
ifadəçisidir, özünəməxsus bildiricidir, eyhamdır. 
Lakin soruşmağa yeri var ki, Nəsiminin yapıncı 
geyməsindən xeyir ola? Bu məqamın da öz tarixi sübut-
dəlili mövcuddur. Nəsiminin belə qiyafəyə düşməsinin 
səbəbi ustadı  Fəzlullah Nəiminin müridlərinə, yəni 
xələflərinə, başqa sözlə desəm,  şagirdlərinə ithafən 
yazıb göndərdiyi “Vəsiyyətnamə”  əsərindən bəlli olan 
bir xəbərdarlıq ucbatına aşkarlanır:  «Öz geyiminizi, 
xarici  ğörünüşünüzü dəyişin,  şirvanlı  və    d a ğ l ı  
camaatının  şəklinə salın.  Möhkəm və  əlçatmaz  
ucqarlara gedin. Bu işi olduqca tez edin ki, hələ 
ordudan arxanızca heç kim gəlməmiş  və  tələfata 
uğramamış getmiş olasınız.  Əlbəttə,  əlbəttə, getməkdə 
tələsin. Uzaq dağlıq yerlərə  (saçmalar mənimdir – 
A.T.) çəkilin». “Vəsiyyətnamə”nin yazılma tarixi 1394-
cü ildir ki, həmin ili də  Nəsimi çox güman, Bakıda 
keçirib. Görünür, “Vəsiyyətnamə”nin həyəcanlı 
bildirişi, müdhiş  xəbərdarlığı  Nəsimini hələ Bakıda 
ikən haqlayır və o, Ustad sözünə asi olmadan səfər 
əziyyətinə qatlaşıb ucqar bir dağ kəndinə pənah aparır. 
Nəsiminin «qeyri bir tayfadanam, bu kəpənək fəxrimdir» 


 
122
misrasına istinadən mümkündür deyəsən ki, o, 
Bakıdan Gürcüstana, daha başqa yerə yox, gedib məhz 
oranın dağ bölgələrində müəyyən müddət yaşayır. Hürufi 
şairinin sonradan Türkiyəyə, Anadolu və Bursaya səfər 
etməsi üçün bu, ən  əlverişli variant idi. Gərçi belə 
olmasaydı, Nəsimi  əndişədən, dərddən, qəmdən qurtulub 
da qeyri bir tayfa içində kəpənək geyməzdi ki? Üşümək 
müşkülü də soyuq dağ yerinin müşkülüdür,  şəksiz. Mən 
onu da güman etmirəm ki, Nəsimi müsəlmanlar arasında 
özünün özgə bir tayfadan olduğunu  məxsusi 
vurğulayaydı. Ehtimalım budur ki, Nəsimi bu ifadəni 
gürcü xaçpərəstlərini nəzərdə tutaraq işlədib. Hər nə 
isə,  KƏPƏNƏK tarixinə müvafiq düşmüş bir fakt. Öylə 
bir fakt ki, təfsiri-şərhi-hali Nəsimi üçün olduqca 
önəmli. Çünki bəzi gizli mətləblərin də üstünə  işıq 
salmağa qabil. Məsələn, Nəsimi niyə yazmalıydı ki, 
“kəpənək geydiyimə kimsələr eyb eyləməsin”  və ya 
“kəpənək geydiyimi, xacə, eyib tutma mənə?” Ola bilsin 
Fəzlullahın müridləri cərgəsində elələri tapılıb ki, 
Nəsiminin ucqarlara çəkilməsinə pis baxıblar, yapıncı 
geyinib dağlarda qaçağa dönməsini qorxaqlıq, xəyanət 
əlaməti kimi qiymətləndiriblər, onu bu fərari 
hərəkətinə görə suçlandırıblar, məzəmmət ediblər. 
Sözsüz ki, bunu mən belə duydum. Bir başqasının ayrı 
bir nəticəyə gəlməsi də mümkün. Hər halda XIV yüzilin 
gündəlik həyat və ya olay gerçəklərini bütün xırda-
para cizgiləriylə birgə 
dəqiqləşdirib, diskret 
kadrları bir yerə  yığıb tam panoram yaratmaq imkanı 
cuzi,  əksərən isə  sıfra bərabər. Bir də axı  Nəsimi 
təkcə öz məişət yaşantılarına bağlanıb qalan bir kimsə 
deyil. O, çox asanlıqla adi məişət gerçəkləri 
içərisindən “sıçrayıb” mənəvi, ruhsal aləmə “atıla 
bilir” və qarşıdurumları ortaq məxrəcə  gətirib onları 
sanki sehrbaz əfsunu, sehrbaz təlqini ilə bir-birinə 
calaşdırır. Buna timsal “KƏPƏNƏK”: 
 
         «Mərifət əhlinə gəldi kəpənək ətləsi-xas, 
   Nə rəvadır ki, geyə cahilü nadan kəpənək. 


 
123
          Ey Nəsimi, yeri gey, xirqə ərənlər donudur, 
        Geymədi münkir anı, sandı ki, zindan kəpənək».

      
     Və ya 
     
          «Kəpənək içrə sənin vəslini, canan, tapdım, 
           Xaliqin lütfünü bu xirqədə hər an tapdım. 
           Nə bilirsən, kəpənəkdə nələri tapdım mən, 
           Bütün istəklərimi birbəbir ondan tapdım». 
      
     Xatırlatdığım beytlərdən aşkar görünür ki, 
kəpənək artıq burada Nəsimi həyatının bəzi tarixi 
məqamlarına aydınlıq gətirən, 
şairin emosional 
yaşantılarına vizual görk olan faktoloji predmet deyil, 
onun fikir dünyasının, hüruhi fəlsəfəsinin lakonik 
modelidir, plastik obrazıdır, vurğuladığı sakral 
mənaların bildiricisidir, simvoludur. KƏPƏNƏK  təkcə 
üşümək müşkülünü aradan götürən  GEYİM yox, həm də 
Nəsimi poeziyasının çoxsaylı eyhamlarından biridir. 
Təəcüblüdür, necə olur ki, məkana və  bəyana sığmayan 
şair bütün istəklərini kəpənək içrə tapdığını 
söyləyir? Bunlar nə deməkdi, yahu? Bir çoban yapıncısı 
bir dünyadan artıq olarmı heç? Olar, əgər insana və 
aləmə  Nəsimi fəhmi ilə yanaşılsa. Bu qaranlıq 
müəmmadan Nəsimi fikrinin nuruna çıxmaq üçün gərək 
öncə “kəpənək” sözünün semantik çənbərində gizlənmiş 
məxfi və sakral mənalar aşkarlana.  Əvvəla onu ərz 
eləyim ki, öz arxitektonik quruluşuna və orfoepiyasına 
görə “kəpənək” xalis türk sözüdür, türkün özününküdür; 
həm pərvanəni bildirər, həm də yapıncını. Farslarda 
isə bu söz yalnız çoban geyimi, çoban kürkü mənasında 
işlədilər: onlar bu kürkün niyə  kəpənək olduğunu 
bilməzlər. Görünür, ilk dəfə  məhz türklər yapıncının 
canlı  kəpənəyə oxşarlığını duyuban çoban kürkünə 
KƏPƏNƏK demişlər, yoxsa İKİ müxtəlif anlam BİR sözdə 
qoşalaşmazdı ki? Ol səbəbdən də  mənim ehtimalım 
belədir: farslar bu sözü türk dilindən götürüblər və 
mahiyyətə varmadan onun ancaq bir mənasını saxlayıblar. 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə