_______________ Milli Kitabxana _______________
155
Sən ki bu gün pozursan Tanrıyla peymanını,
Nə cür qurtaracaqsan öz əhdindən canını?
Könlün seçən yolla get, yalnız o yolu tanı,
Sən ki dünya görmüsən, rədd et iki dünyanı.
Aşağı baxma, torpaq ləngidər qədəmini,
Çox da qanrılma geri, qorxudar kölgən səni.
Könüllərdən ruzu yığ, yolda ev-eşikmi var?
Yaş axıt gözlərindən, axı, təşnədir yollar.
Sədəfinə təslim et saf incini, aparsın,
1635
Torpaqdan aldığını qaytar, canın qurtarsın.
Sənintək çoxlarının fələk yedi başını,
Apardı səndən güclü neçə dost-tanışını.
Sən fələklə vuruşda bir azca fəndgir ol ki,
Bir gün yerə sürtəsən kürəyini ər təki.
Bu fələklə vuruşmaq çox da qorxulu deyil,
Qılıncı gün şüası, qalxanı günəşdi, bil!
Bu dolaşıq kələflər hətta ilan olsa da,
Sənin ölməz eşqinin bir heçdi qarşısında.
Bir şüşə ki, qırıla bircə nəfəs küləklə,
1640
Çox da qalma qeydinə, vaz keç, onu tərk elə.
Qızılın atəşini söndürsün deyə, zərgər,
Şəkər tökər, düşməni qənd-şəkərlə öldürər.
Bilik qazan, ey könül, yan, işıqlan biliklə,
Zülməti nurla öldür, düşməni bir çiçəklə.
_______________ Milli Kitabxana _______________
156
ÇƏKİŞƏN İKİ FİLOSOFUN DASTANI
Bir mülkə ortaq olan iki həkim çəkişdi,
Aradan sözmü keçdi, odmu, alovmu keçdi?
Öz nəfsini güdərək hər biri dedi aşkar:
- Bir sarayın sahibi yalnız bir sultan olar.
Əgər haqq ikiləşsə, onu dinləməz heç kəs,
1645
Bir bədənin üstündə iki baş ola bilməz.
Bir məclisin başçısı iki Cəmşid olarmı?
İki qılınc saxlayan bir qın dünyada varmı?
Hər iki filosofun ləngər vurdu qəzəbi,
Çalışdı, özü olsun imarətin sahibi.
Nifrətə çevrilincə qızmış təəssübləri,
Qərara gəldilər ki, boşaltsınlar evləri.
Bacaları suvayıb, gecə yola düşdülər,
Evi satmaq üstündə dilləşib, didişdilər.
Bu işdən vaz keçdilər, seçdilər başqa bir fənd,
1650
Bir-birinə verməyə şərbət düzəldək, şərbət.
Bacardıqca, elmdə görək kim kimi ötür?
Kimin şərbətindəki zəhər daha güclüdür?
Kimin ağlı üstünsə, bina qalsın qoy ona,
İki bədəndəki ruh qovuşsun da bir cana.
Birinci iddiaçı düşündü yaxşı-yaxşı,
Bir ağu düzəltdi ki, dəysə yandırar daşı.
Uzatdı rəqibinə: - Zəhər deyil, şərbətdir,
Qəlbə qanadlar verən meydir, nazlı nemətdir.
_______________ Milli Kitabxana _______________
157
Aslan ürəkli mərdin titrəmədi əlləri,
1655
Qənddir baldır! - deyərək aldı içdi zəhəri.
Qorxmadı "Nuşiqiya", çünki içmişdi öncə,
Zəhər dəyəcək yeri tiryəkləmişdi öncə.
Pərvanə kimi yandı, yenidən qanadlandı,
Gəldiyi məclis yenə onu öz şamı sandı.
Yolüstdəki bağçadan bir qızılgül qopartdı,
Dərhal əfsun oxuyub, düşməninə uzatdı.
Gülü verdi ki, onu öldürsün asan, yüngül,
Rəqibin zəhərindən daha kəsərliydi gül.
Düşmən əfsunlu gülü elə ki, ələ aldı,
1660
Qorxudan dizi əsdi, çökdü, bağrı yarıldı.
Bəli, çarə taparaq o, qurtuldu ağudan,
Busa bir gül iyləyib, dünyadan getdi əlan.
Dünya bağında hər gül, demə, güllər xasıdır,
Bir insan ürəyindən sızan qan damlasıdır.
Zəmanə bağının da baharı, başı sənsən,
Zəmanə bir qəm mülkü, onun naxışı sənsən.
Fanar kimi asılı ərzi çal öz daşına,
Külü qoy su səpilmiş ulduzların başına.
Aləmin xəyal, uyğu büsatından uzaqlaş,
1665
Bərbadından uzaqlaş, abadından uzaqlaş.
Gözün qalmasın çərxin şəfəq, işıq payında.
Qaralt küsuf kimi sən Günəşi də, Ayı da.
Dünya çadırı göydə Ay qulyabanı kimi,
Azdırıb İbrahimi yolundan etmədimi?
_______________ Milli Kitabxana _______________
158
Gəncliyinə dağ çəkib, fələk sürüklər hara?
Nəşəli günlərini dərdli, qəmli çağlara!
İşıqlandıra bilsən, inan, könlünü bir gün,
Ağ günü, səadəti qaytarmaq yenə mümkün...
Ümid gülabı kimi təmiz göz yaşı tök ki,
1670
Təmizləyə biləsən bu qara, ağ lövhəni.
Ölçüb-biçsən işini bu dünyada sən əgər,
Məhşər tərəzisində qazancın artıq gələr.
O din ki, qüvvət verir qoluna axşam-səhər,
Sənin tərəzinin də əyarını düzəldər.
Düşüncəli, hünərli, qəlbi azad olan kəs,
Din qəmi çəkər ancaq, dünya qəmini çəkməz.
İstəsən ki, bu aləm daim məskənin olsun,
Dini Nizamiyə ver, dünya qoy sənin olsun.
On üçüncü söhbət
DÜNYADAN ƏL ÜZMƏYƏ DAİR
Ömür az, dünya qoca... uymuşuq ahənginə,
1675
Aldanma bu köhnənin tazələnən rənginə.
Dəliqanlı görünən bu Pirin əlindəki,
Əslində bir atəşdir, tutub qızılgül təki.
Məbadə aldanasan, çeşməsini ilğım san,
Qibləsi xaçdı, qorx ki, uyub namaz qılasan.
Bu qədər güldən sənə çatmaz bircə tikan da,
Çöp də aparmaq olmur, dağlar qədər yığsan da.
_______________ Milli Kitabxana _______________
159
Yalnız gəldiyin yerdən, evdən gətirdiyini,
Apara biləcəksən, başqa heç bir şeyini.
Qiyamət dənizindən kimlər yaxa qurtarar?
1680
Yalnız yükü dənizə atıb çılpaq qalanlar!
Fərqi yoxdur, ya payla, ya da yığ sərvətləri,
Sənə hər nə veribsə, alacaq dünya geri.
Aləm əzəldən bəri alver evinə bənzər:
O dünyanı alırlar, bu dünyanı verirlər.
Barama qurdu kimi biri hazırlar ipək,
Biri həmin ipəyi kəsib yeyər güvətək.
Şam kimi saç yığdığın cəfəri qızılları,
Şam kimi öz nurunla işıqlanasan barı.
Söküb tök bədənini - doqquz dəlikli bütü,
1685
Altı başlı altunu doğra, dağıt büsbütün.
Sal ayağın altına, qızıl alma əlinə,
Qızıl qulu, bütpərəst deməsinlər qoy sənə.
Bir zərin ki, olmaya məqsəd, amal sikkəsi,
Zər deyil, zərnixdir o, yox dəyəri-dəyməzi.
İndi ki, bənd olmusan qızıl parıltısına,
Get, tovuz quşu bəslə, yüz rəng göstərir sana.
Yalnız dəmir gücünə sikkələnir qızıl, zər,
Dəmirçilər hünərdə şahdan əskikdir məgər?
Tac qayırıb qızıldan, Harun qalxdı, ucaldı,
1690
Qızılın ağırlığı onu quyuya saldı.
Dostları ilə paylaş: |