30
ruslar aldılar, erməni rəhbərliyi rusları məsələyə qarışmağa razı sala bildilər, rus döyüş vertolyotları havaya qalxdı,
azərbaycanlılara ağır zərbə vurdu, bundan sonra hücum dayandı”. Digər istiqamətlərdə tərəflər əsasən mövqe döyüşləri ilə
kifayətlənirdilər. Ermənistan diqqəti Qarabağ cəbhəsindən yayındırmaq məqsədilə Qazax və Gədəbəy rayonları
istiqamətində hücuma keçdi. Birbaşa Ermənistan ərazilərindən həyata keçirilən hücumlar dinc əhalinin məhv edilməsinə
yönəlmişdi. Düşmən 1992-ci ilin mart-iyun ayları ərzində Qazax rayonunun Xeyrimli (8 mart), Aşağı Əskipara (12 mart),
Barxudarlı (27 aprel), Sofulu (27 aprel), Qızıl Hacılı (11 may), Yuxarı Əskipara (8 iyun) kəndlərini işğal etdi. Azərbaycan
ordusu Gədəbəy rayonu istiqamətində ermənilərin hücumlarının qarşısını almaq üçün 1992-ci il avqustun 8-də əks
hücuma keçdi. Ağır döyüşlərdən sonra Ermənistan Daxili İşlər nazirliyi sərhəd alayının hissələri geri çəkildilər və
Başkənd yaşayış məntəqəsi azad edildi.
Sentyabr ayının əvvəlində Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Valeh Bərşadlının
istefaya göndərilməsi dərhal öz mənfi nəticələrini göstərdi. Yeni rəhbərlik Dağlıq Qarabağın şimalında əldə olunmuş
uğurları davam etdirmək əvəzinə əsas zərbəni Laçın dəhlizi istiqamətinə yönəltdi. Sentyabrın 18-də dəhlizin şimal səmtinə
doğru hərbi əməliyyat başladı. Eyni vaxtda 3-cü dağ-atıcı alay paraşut desant dəstəsi ilə birlikdə Qarabağ dağlarından
Şuşa istiqamətinə zərbə endirdilər. Üçüncü zərbə Xocavənd istiqamətinə yönəldildi. İlk iki gün ərzində qoşunlarımız
ermənilərin müdafiə xəttini yararaq irəlilədilər. Xocavənd şəhəri azad edildi, Azərbaycan ordusunun hissələri Laçına
yaxınlaşdılar. Rusiya dərhal məsələyə müdaxilə etdi və danışıqların bərpa edilməsinə nail oldu. Rusiyanın təkidi ilə hərbi
əməliyyatlar sentyabrın 21-də dayandırıldı. Azərbaycan hərbi əməliyyatların gedişini öz xeyrinə dəyişmək imkanını əldən
verdi. Ermənilər əlavə silah və texnika almaq üçün Rusiyaya müraciət etdi. L.Ter-Petrosyan B.Yeltsinlə olan xoş
münasibətlərindən də istifadə edirdi. Onun özünün bildirdiyinə görə, Ermənistana silah B.Yeltsinin birbaşa tapşırığı ilə
göndərilirdi. Sonralar rus generalı L.Roxlin rəsmi açıqlamasında 1995-1996-cı illər ərzində Rusiyanın Ermənistana 1
milyard ABŞ dolları dəyərində silah-sursat, o cümlədən, 84 ədəd T-72 tankı, 50 ədəd BMP-2 verməsini bildirməklə yanaşı
həmçinin qeyd edirdi ki, 1992-ci ilin avqustundan 1994-cü ilin iyununa qədər Mozdokdakı rus hərbi bazasından
Ermənistana külli-miqdarda silah-sursat göndərilmişdir. Qeyd olunmalıdır ki, yüksək səviyyəli 3 rus generalı-P.Qraçov,
F.Reut, M.Kolesnikov ermənipərəst mövqeləri ilə xüsusi fərqlənmiş və ermənilərə hərtərəfli yardım göstərilməsi üçün
həmişə canfəşanlıq etmişlər. P.Qraçov Rusiyanın müdafiə naziri, F.Reut əvvəllər Rusiyanın Ermənistandakı 7-ci
ordusunun komandanı, sonra isə Zaqafqaziya hərbi dairəsinin komandanı, M.Kolesnikov həmçinin əvvəl 7-ci ordunun
komandanı, sonra isə Rusiya silahlı qüvvələrinin Baş qərargah rəisi kimi bu yardımı göstərmək üçün geniş imkanlara
malik olmuşlar.
1992-ci ilin payızında iri miqyaslı əməliyyatlar həyata keçirilmədi. Ermənistan vəziyyətdən istifadə edərək bəzi
yaşayış məntəqələrini, o cümlədən sentyabrda Ağdam, oktyabrda isə Xocavənd rayonlarının bəzi kəndlərini zəbt etdi.
Noyabrın 16-da erməni birləşmələri Ağdam şəhərinin həndəvərinə yaxınlaşdılar. Düşmən Bakı hərbi məktəbinin
kursantlarından təşkil olunmuş taburun qüvvəsi ilə geri oturduldu. Noyabrın 23-də Azərbaycan daxili qoşunlarının bir
alayı Dağlıq Qarabağın şimal hissəsində hücuma keçdi və Sırxavənd yaşayış məntəqəsini tutdu, lakin əlavə qüvvə
gəlmədiyinə görə bir gündən sonra kəndi tərk etməli oldu.
Daha çox fəallıq Laçın dəhlizi zonasında hiss olunurdu. Oktyabr-dekabr aylarında tərəflər dəfələrlə dəhlizin
cənub və şimal hissələrindəki həlledici məntəqələri ələ keçirməyə cəhd göstərdilər. İşğalçı Ermənistanın hərbi
komandanlığı Azərbaycan Ordusunun diqqətini Laçın dəhlizindən yayındırmaq məqsədilə dekabrın 10-12-də 15 km
ölkənin içərisinə doğru irəlilədi, Qubadlı və Zəngilan rayonlarının Şayıflı, Seidlər, Ərkənd, Bərəli, Qazançı, Günqışlaq,
Pirveyisli, Canbar, Yuxarı Qayalı kəndlərini zəbt etdi. Ermənilərin bu hücumu nəticəsində 23 nəfər öldürüldü, 40 nəfər
31
yaralandı, 60 nəfər itkin düşdü. Azərbaycan Ordusunun əkshücumları ciddi nəticə vermədi. Bundan sonra qoşunlarımız
hərbi əməliyyatları yenidən cəbhənin şimal kəsiyinə yönəltdilər. 1993-cü il yanvarın 15-də Çıldıran, Sırxavənd
istiqamətində irimiqyaslı hücum başlandı. Hücum əməliyyatına 703-cü motoatıcı briqadanın hissələri, dəniz piyadası,
daxili qoşunlar, Tərtər taburu cəlb olunmuşdu. Fərrux və “Qlobus” yüksəklikləri yaxınlığında gərgin döyüşlər baş verdi.
Lakin Azərbaycan ordusu qələbə qazana bilmədi və geri çəkilməli oldu. Azərbaycan rəhbərliyi hücumun dayandırılması
və müdafiəyə keçilməsi haqda əmr verdi. Bu yanlış qərar 1993-cü ilin uğursuzluqlarına gətirib çıxarmış əsas amillərdən
biri oldu.
İşğalçı Ermənistanın irimiqyaslı hərbi yürüşləri
Ermənistan 1993-cü ilin əvvəlində Rusiyanın dəstəyi ilə silahlı qüvvələrini yüksək hazırılıq vəziyyətinə gətirdi.
Əlavə ümumi səfərbərlik həyata keçirildi, yeni silah, sursat və texnika əldə edildi. Ermənistandakı rus qoşunlarının silah
arsenalı ermənilərin ixtiyarına verildi. Rusiyanın hərbi mütəxəssisləri və canlı qüvvəsi hərbi əməliyyatların hazırlanması
və həyata keçirilməsinə cəlb olundu. Azərbaycan isə yenidən hakimiyyət böhranı ilə üzləşdi. Hakimiyyət daxilində,
orduda, ölkənin ayrı-ayrı ərazilərində Rusiya xüsusi xidmət orqanları tərəfindən təxribatlar törədildi. Belə bir vəziyyətdə
Ermənistan böyük qüvvələrlə genişmiqyaslı işğalçı hücumlara başladı.
1993-cü il fevralın 5-də Ermənistan ordusu cəbhənin şimal kəsiyində, Çıldıran rayonu ərazisində güclü artilleriya
hazırlığından sonra hücuma keçdi. Bu hücumda ermənilər tərəfdən Rusiyanın 127-ci motoatıcı diviziyasının 128-ci
alayının hissələri, Don və Kuban kazaklarının muzdlu birləşmələri də iştirak edirdi. Ermənilər 3 gün ərzində Sərsəng su
anbarına doğru 10 km irəlilədilər və 7 yaşayış məntəqəsini ələ keçirdilər. Burada onlar desant-hücum briqadamızın əks
hücumu ilə dayandırıldılar. Az sonra işğalçılar hücumu yenidən bərpa etdilər,fevralın 17-də Qozlu körpü və Heyvalı
kəndlərini tutdular, fevralın 23-də isə Sərsəng Su Elektrik stansiyasının ərazisinə soxuldular. Hərbi birləşmələrimiz
onların qarşısını yalnız burada ala bildilər. Düşmənin bir neçə dəfə Ağdərə istiqamətində hərəkət etmək cəhdlərinin qarşısı
alındı. Bundan sonra ermənilər istiqaməti dəyişərək Kəlbəcər üzərinə hücuma keçdilər. Ermənilər Kəlbəcər üzərinə
hücumu Rusiya rəhbərliyinin razılığı və göstərişi ilə həyata keçirirdi. Azərbaycanın Rusiyadakı keçmiş səfiri H.Hacızadə
xatırlayır: “Səfir işlədiyim dövrdə ruslardan 3 müqavilə layihəsi aldım. Bu, 1992-ci ilin sonunda başladı. Məsələn, onlar
deyirdilər ki, Rusiya qoşunları burada dayanacaq, müharibə müvəqqəti dayandırılacaq, danışıqlar başlayacaq. Biz onlara
etiraz edirdik ki, bu Kipr variantı ola bilər. Onlar isə bizi Kəlbəcərin götürülməsi ilə hədələyirdilər”. İşğalçıların martın
27-də başladıqları hücum əməliyyatı 4 istiqamətdən–Ermənistanın Vardenis və Cermux rayonları, Dağlıq Qarabağın
şimal-qərb kəsiyi, həmçinin Laçın dəhlizi tərəfindən həyata keçirilirdi. Əməliyyata ermənilər tərəfdən çoxlu sayda tank,
artilleriya, “Qrad” qurğuları, Mi-24 döyüş vertolyotları, dövlət mənsubiyyəti məlum olmayan qırıcı təyyarələr cəlb
olunmuşdu. Döyüşlərdə Rusiyanın 127-ci motoatıcı diviziyası və 12-ci xüsusi təyinatlı briqadasının hissələri, həmçinin
rus zabitlərinin idarə etdikləri 10 tank iştirak edirdi. Düşmən martın 27-28-də Kəlbəcər rayonunun Ağqaya, Mərcimək,
Təzəkənd, Ağcakənd, Narışlar kəndlərini zəbt etdi. Martın 31-də isə güclü artilleriya atəşindən sonra daha 12 kənd işğal
olundu. Hücum əməliyyatı başlayandan 3 gün sonra ermənilər hakim yüksəklikləri, Laçın-Kəlbəcər yolundakı strateji
əhəmiyyətli tuneli tutaraq Kəlbəcər rayon mərkəzinə yaxınlaşdılar. Kəlbəcərdə olan hərbi qüvvələrimiz müdafiə döyüşləri
aparır və əhalinin vertolyotlarla çıxarılmasını təmin etməyə çalışırdılar. Aprelin 2-də axşam işğalçılar Kəlbəcər şəhərini
zəbt etdilər. Azərbaycan Ordusunun hissələri Kəlbəcəri tərk edərək Murovdağ aşırımı ilə geri çəkildilər. Kəlbəcərin