Microsoft Word Qarabag muharibesi doc



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix12.10.2018
ölçüsü5,11 Mb.
#73710
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

 

32

müdafiəçiləri çox az idi, onlar ciddi müqavimət göstərə bilmədilər və düşmən demək olar ki, heç bir itgi vermədi. 



Kəlbəcər rayonunun zəbt edilməsi işğalçı Ermənistanın yanlız Dağlıq Qarabağın inzibati sərhədləri və “Laçın dəhlizi” ilə 

kifayətlənmək niyyətində olmadığını açıq  şəkildə göstərdi. Azərbaycan rəhbərliyi yaranmış  vəziyyətdən düzgün nəticə 

çıxararaq bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirdi. Aprelin 6-da bütün ölkə üzrə fövqəladə  vəziyyət rejimi elan 

olundu, çağırışçıların və ehtiyatda olan hərbçilərin səfərbərliyinə başlanıldı. Hərbi komandanlığa 1993-cü ilin yayında 

əkshücum kampaniyasının hazırlanıb həyata keçirilməsi tapşırıldı. 

Aprelin birinci yarısında ermənilər cəbhənin cənub kəsiyində  də  fəallaşdılar. Aprelin 2-də düşmən Füzuli 

rayonunun Qacar, Divana lılar və Gövşadlı kəndlərini zəbt etdi. Füzuli şəhərini zəbt etmək məqsədilə bir neçə ciddi cəhd 

göstərildi. Bakıdan göndərilmiş Prezident qvardiyasının, yerli piyada briqadasının, sərhəd dəstəsinin birgə keçirdiyi 

əkshücum nəticəsində düşmən ağır zərbə alaraq geri çəkilməli oldu. Aprelin 20-də  cəbhənin bu hissəsində  vəziyyət 

stabilləşdi. Lakin bu operativ pauza yalnız iyunun 12-ə qədər davam etdi. Həmin gün işğalçı Ermənistan cəbhənin cənub 

kəsiyində irimiqyaslı hücum əməliyyatına başladı. Bu vaxt Azərbaycanda hakimiyyət böhranı  kəskin həddə çatmışdı. 

Gəncədə polkovnik Surət Hüseynovun başçılığı altında mərkəzi hakimiyyətə qarşı qiyam qaldırılmışdı. Burada yerləşən 

709-cu motopiyada briqadasının bütün şəxsi heyəti qiyamçılara qoşulmuşdu. İyunun 4-5-də Gəncədə hökumət qüvvələri 

ilə qiyamçılar arasında silahlı qarşıdurma baş verdi, 60 nəfərdən artıq adam öldürüldü. Qiyamçılar silah və texnika 

cəhətdən ciddi üstünlüyə malik idilər. Bir həftə əvvəl Rusiyanın 104-cü hava-desant diviziyası silah, sursat və texnikasını, 

o cümlədən 105 zirehli texnikasını, 42 artilleriya-minomyot sistemini S.Hüseynova təhvil verərək ölkəni tərk etmişdi. Az 

sonra Milli Ordunun 707-ci briqadası və bir sıra digər birləşmələri də qiyamçıların tərəfinə keçdilər. S.Hüseynov ətrafında 

böyük hərbi qüvvə  cəmləşdirərək Gəncəni tam nəzarətə götürdü və hökumətin istefası  tələbi ilə Bakı üzərinə yeridi. 

İyunun 10-da qiyamçı qüvvələr paytaxtın həndəvərinə yaxınlaşdılar, ölkənin  şimal-qərb və  mərkəzi rayonları onların 

nəzarəti altına keçdi. Mərkəzi hakimiyyət, o cümlədən hərbi strukturlar tam iflic vəziyyətinə düşdü. Digər tərəfdən, 

beynəlxalq təşkilatlar Kəlbəcərin işğalından sonra hərbi  əməliyyatların geniş miqyas alacağından ehtiyat edərək ciddi 

şəkildə fəallaşmışdılar. Hətta Kəlbəcərdən Ermənistan işğalçı qüvvələrinin iyun ayının ortalarına qədər çıxarılmasına dair 

beynəlxalq vasitəçilər tərəfindən konkret sənəd hazırlanmış, qrafik müəyyən edilmişdi. Beynəlxalq təşkilatların təzyiqləri 

qarşısında Ermənistan rəhbərliyi də həmin sənədi imzalamışdı. Məhz bu şəraitdə Ermənistan həm Kəlbəcərin boşaldılması 

ilə bağlı razılaşmanı pozmaq, həm də Azərbaycandakı hakimiyyət böhranından yararlanaraq işğalçı planlarını əsasən başa 

çatdırmaq məqsədi ilə geniş miqyaslı əməliyyatlara başladı. 

1993-cü il iyunun 12-də  səhər işğalçı Ermənistan ordusu Ağdam və  Ağdərə istiqamətində hücum əməliyyatına 

başladı. Ermənistan hücum əməliyyatına 6 min nəfərdən artıq canlı qüvvə, 75-ə  qədər zirehli texnika, Mi-24 döyüş 

vertolyotları eskadriliyasını cəlb etmişdi. Döyüşlərin ilk 3 günü ərzində ermənilər Ağdamın şimaldan 5 km, cənubdan isə 

10-15 km-liyinə yaxınlaşaraq  şəhəri iki tərəfdən mühasirəyə aldılar. Ağdama  əlavə qüvvələr gətirildikdən sonra 

qoşunlarımız iyunun 18-də əkshücuma keçdilər və düşməni ilkin mövqelərinə qədər geri oturtdular. Ermənilər Ağdamda 

uğur qazana bilmədiklərinə görə  əsas qüvvələrini Ağdərə istiqamətinə yönəltdilər.  İşğalçılar ağır döyüşlərdən sonra 

iyunun 26-da Ağdərəni ələ keçirdilər. Bu döyüşlərdə suriyalı ermənilərdən təşkil olunmuş tabur xüsusi fəallıq göstərirdi 

və  ən çox itgi verən də  həmin tabur oldu. Ermənilər Ağdərənin işğalından sonra böyük qüvvələrlə  Ağdam üzərinə 

yeridilər. Bu dəfə işğalçılar  4 piyada alayı, 2 tank batalyonu (60 tank), 5 artilleriya divizionu (120 artilleriya sistemi), 1 

vertolyot eskadrilyası (10-a qədər Mi-24 vertolyotu), 1 desant-hücum alayı ilə hücuma keçmişdilər. Düşmən iyun ayı 

ərzində  Ağdam rayonunun Papravənd, Boyəhmədli, Qalayçılar,  Əlimədədli, Cinli, Əliağalı  kəndlərini tutaraq Ağdam 

şəhəri istiqamətində irəlilədi. Ermənilər 6 dəfə Ağdam üzərinə hücum təşkil etdilər. Ermənilər iyulun 5-də Şelli, iyulun 




 

33

21-də Muğanlı və Şıxbabalı, iyulun 22-də Mərzili, Novruzlu, Yusifcanlı, Qiyaslı, Xıdırlı, Sarıcalı, Muradbəyli kəndlərini 



tutaraq Ağdam şəhərinə daxil oldular. Düşmən bir neçə dəfə şəhərə daxil olsa da, hər dəfə küçə döyüşlərindən sonra geri 

çəkilməyə məcbur olurdu. Şəhərin müdafiəçiləri qəhrəmanlıqla vuruşurdular, lakin qüvvələr bərabər deyildi, əlavə kömək 

isə gəlmirdi. Qırx iki günlük fasiləsiz ağır döyüşlərdən sonra Ağdam briqadasının az sayda sağ qalmış döyüşçüləri iyulun 

23-də axşam şəhəri tərk etdilər. Şəhərdə qalmış bəzi kiçik qruplar bundan sonra da bir neçə gün ərzində küçə döyüşlərini 

davam etdirirdilər. Ermənilər Ağdamı tam nəzarətə götürmək üçün qorxu içərisində bir müddət də çalışmalı oldular. 

Öldürülmüş şəhər ölümündən sonra da erməniləri vahimə içərisində saxlayırdı.  

Cəbhədə gedən ağır döyüşlərlə paralel olaraq hakimiyyət böhranı da dərinləşir və qiyamçılar daha kəskin tələblər 

qoyurdular. İynun 15-17-də hakimiyyət dəyişikliyi başa çatdırıldı, Heydər Əliyev və Surət Hüseynov hakimiyyətə nəzarəti 

öz üzərlərinə götürdülər. Hakimiyyət dəyişikliyi, silahlı qüvvələrin idarə olunması sisteminin iflic vəziyyətinə salınması 

Milli Ordunun döyüş qabiliyyətinə, mənəvi psixoloji durumuna ağır zərbə vurdu. Ölkənin cənub rayonlarında daha bir 

qiyam ocağının yaranması ilə  vəziyyət daha da gərginləşdi.  Əlikram Hümbətovun rəhbərlik etdiyi bir qrup qiyamçı 

“Talış-Muğan respublikası”nın yarandığını elan edərək cənub bölgəsinin bəzi rayonlarını öz nəzarətləri altına götürdülər. 

Regionda yerləşən 704-cü motopiyada briqadası və 4-cü Sərhəd dəstəsinin iyul-avqust ayları ərzində qiyamçıların tərəfinə 

keçməsi vəziyyəti böhranlı həddə çatdırdı. Bu şəraitdə Azərbaycan rəhbərliyi cəbhəyə getməli olan bəzi hərbi birləşmələri 

qiyamçılara qarşı göndərmək məcburiyyətində qaldı. 

Ermənilər qısa müddətdli operativ fasilədən sonra qüvvələri yenidən qruplaşdıraraq hərbi  əməliyyatları  bərpa 

etdilər. Bu dəfəki  əməliyyatın məqsədi Füzuli və  Cəbrayıl rayonlarını  işğal edərək Horadiz yaşayış  məntəqəsi 

yaxınlığında İran sərhəddinə çıxmaq, Qubadlı və Zəngilan rayonlarını mühasirə vəziyyətinə salmaqdan ibarət idi. Erməni 

işğalçıları Füzuli və Cəbrayıl şəhərləri istiqamətində hücuma başladılar. Ermənilər təkcə Füzuli istiqamətində ən azından 

35 ədəd T-72 tankından istifadə edirdilər. Ağır döyüşlərdən sonra qoşunlarımızın döyüş xətti yarıldı. İyulun 4-də Füzuli 

rayonunun Arış, Qoçəhmədli, Qaracalı, Xatınbulaq, Gorazıllı, iyulun 24-də Cuvarlı, avqustun 15-də  Aşağı Veysəlli, 

Yuxarı Yağlıvənd kəndləri, Cəbrayıl rayonunun Sur, Banazur, Quşçular, Qışlaq kəndləri işğal olundu. Döyüşçülərin geri 

çəkilməsi əsasən əlavə qüvvələrin və silah-sursatın vaxtında gətirilməməsi ilə bağlı idi. Cəbrayıl şəhəri 3 dəfə əldən-ələ 

keçdi, lakin düşmənin artan təzyiqlərinin qarşısını almaq mümkün olmadı. Avqustun 23-də Cəbrayıl şəhəri, avqustun 25-

də isə rayon əsasən işğal edildi. Rayonun müdafiəsi zamanı yerli özünümüdafiə  və  Lənkəran taburları ciddi itkilər 

verdilər. Füzuli şəhəri Milli Ordunun 160-cı alayı və yerli briqada tərəfindən müdafiə olunurdu. Düşmən ağır döyüşlərdən 

sonra Füzulinin yaxınlığındakı Məngələn Ata yüksəkliyini, avqustun 23-də isə şəhərin özünü işğal etdi. İşğalçılar avqust 

ayının sonunda həm Ermənistan ərazilərindən, həm də Qarabağın zəbt edilmiş ərazilərindən Qubadlı rayonu istiqamətində 

hücuma başladılar. Avqustun 31-də Qubadlı şəhəri işğal edildi, rayonun şimal hissəsi sentyabrın 2-də zəbt olundu.  

Sentyabrın  əvvəlində  işğalçı qoşunlar Azərbaycan-İran sərhəddinə  çıxdılar. Müharibəyə digər dövlətlərin də 

qoşulması perspektivi yarandı. Türkiyə hərbi komandanlığı 3-cü Səhra ordusunun əsas qüvvələrini Ermənistanla sərhəd 

xəttinə yaxınlaşdırdı, 12-ci və 13-cü mexanikləşdirilmiş briqadaları Rusiyanın Gümrüdə (Ermənistan) yerləşdirilmiş 127-

ci motoatıcı diviziyasının qarşı tərəfinə yeritdi və hərbi aviasiya hissələrində yüksək döyüş hazırlığı vəziyyəti elan etdi. 

Eyni zamanda Rusiyanın Cənubi Qafqazdakı qoşunlar qrupunun komandanlığı 127-ci motoatıcı diviziyada hərbi təlimlərə 

başladı. Bu təlimlərdə Türkiyənin Ermənistan ərazilərinə hücumu və onun qarşısının alinması yolları ilə bağlı məsələlər 

qoyulmuşdu.  İran Azərbaycanla sərhədlərə böyük hərbi qüvvələr, o cümlədən nizami ordunun 21-ci piyada diviziyası, 

İslam inqilabı keşikçiləri korpusunun 31-ci diviziyasını yeritdi. İran komandanlığı həmçinin Araz çayı boyunca “Səhənd” 

hərbi təlimlərinə başladı.  




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə