Kənd əhalisini narahat edən bir çox məsələlər öz həllini tapır. Daha əvvəlki illər kimi
cavanlar iş axtarmaq adı ilə məmləkəti tərk etmirlər. Əksinə uzun müddət oralardan
ayrılanlar yenidən kəndinə dönür, ata yurdunun işığını yandırırlar. Burada qurulan
elektron telefon xidməti kəndlə paytaxtı nə qədər yaxınlaşdırırsa, müasir standartlara
cavab verən enli yollar, tibbi xidmət insanlara şəhər əhalisi kimi rahat həyat vəd edir. Hələ
şəhərdən fərqli olaraq buradakı insanlar quşların səsinə oyanır, gözləri həyat lövhələrinin
canlı seyrçisi olur, zəif meh ruhlarını oxşayır, əsəbləri sakit, ömürlərini yaşayırlar. XXI
əsrin başlanğıcında Azərbaycanda doğan günəş odlar yurdunun hər bölgəsinə yeni həyat
bəxş etdiyindən, svilizasiyanın astanasında olan kəndimizin müasir aləmi bir daha sübut
edir ki, ölkəmizin taleyi etibarlı əllərə tapşırılıb.
SƏNƏT NÜMUNƏLƏRİ VƏ
SÜFRƏ MƏDƏNİYYƏTİ
Özü qədim olan yurdun sənəti, sənətkarlığı da ulu olduğu üçün burada ustaların
yaratdıqları möcüzələrin tayı-bərabəri yoxdur. Vaxtilə qiymətli eksponatların diyarı olan
bu torpaqda qədimdən qalan sənət əsərləri sübut edir ki, ən incə sənətin xiridarları burada
da yaşayıblar. İstər daş abidələrdəki yazılar olsun, istərsə də paytaxt Qəbələnin qala
divarlarındakı hörgü, ya da ərazisindən tapılmış müxtəlif dövrə aid əşyalar, fərqi yoxdur
hamısında sənət aləminin özəlliklərinə xas cəhətlər var...
Bu gün də Qəbələ öz sənətkarları ilə öyünür. Burada çay daşlarından tikilən evlər elə
məharətlə inşa edilir ki, hörgünün estetik gözəlliyinə fikir verən usta, eyni zamanda
möhkəm təməli olan bir bünövrənin əsasını qoyur. Çətin zəhmət bahasına başa gələn daş
yonmaq işi ustadan möhkəm əzələ, güc, qüvvət tələb edir. Nəticədə tikilən evin əzəmətli
görünüşü onu yaradanın şöhrətini artırır, həm də insan övladı özünün yaratdığı “sənət
əsəri”ndən ilham alır. Qəbələdə ümumiyyətlə çay daşlarından çox istifadə edilir. Professor
Məşədixanım Nemət deyir: “çay daşları üzərində yazı, daş oyma sənətinin inkişafı
qədimdir və bu sənət o qədər çətindir ki, onları daş üzərinə həkk edənlər və əsrlərdən
əsrlərə ötürənlər öz şücayəti ilə qədim mədəniyyətimizin mövcudluğunu tariximizdən bu
günə ərməğan ediblər”.
Burada yerli xammal olan çay daşlarından daha çox istifadə edilir ki, hər an təbiətin
təzyiqinə məruz qala bilən insan qəfil bir hadisənin qurbanına çevrilməsin. Möhkəmliyilə
sel təhlükəsindən, qasırğalardan, elə zəlzələlərdən də qorunmaq mümkündür. Çay
daşlarına, onun inşaatda istifadəsinə maraq güclü olduğu üçün digər rayonlara da daşınır.
Ərazidə inşa edilən möhtəşəm tikililərdə də çay daşları ilə müxtəlif şəbəkəli işləmələr
üstünlük təşkil edir...
O ki qaldı ağac üzərində yaradılan sənət əsərlərinə, bu barədə Qəbələli sənətkarın adı
dillərə düşüb. Çünki bu bölgəyə gələnlər yol kənarında təbii ağacdan düzəldilmiş əsl
sənət əsərlərini görməmiş deyillər. Əl işləriylə məşhur olan Şahin Rəhimovun əlinin
məhsulu yerli və xarici turistlər tərəfindən yüksək qiymətləndirilir. Sənətkar müxtəlif
ölçüdə xırda və böyüklüyündən asılı olmayaraq üzərində işlədiyi ağacda lazımi cizgiləri
elə məharətlə cızır ki, nəticədə qarşında həqiqətə bənzər varlığın ancaq doğru təsvirini
görürsən və bir az da ona sənətkar fantaziyası qatılanda daha möhtəşəm olur. Qiymətli
ağaclardan hazırlanmaqla bərabər həm də gərgin əmək sərf edildiyi üçün bu məhsullar
böyük həvəslə alınır. Çünki aldıqları dünyanın heç bir yerində olmayan, xırda əl əməyi ilə
işlənmiş elə sənət nümunələridir ki, mahir ustanın məharətini nümayiş etdirir. Dəfələrlə
sərgilənən əl inciləri, ağac fiqurlar sənətkarın yüksək zövqündən xəbər verir.
Xalçaçılıq sənəti də bölgədə ta qadimdən qalan xalq tətbiqi sənət nümunəsidir. Bu
sənət inkişaf edərək yeni üslubları ilə özünün təşəkkül dövrünə qədəm qoyub. Rayon
əhalisinin əksəriyyətini ləzgilər təşkil etdiyi üçün qoyunçuluqla məşğul olanlar yundan
məişətdə çox istifadə edirlər. Ləzgi xalçaları təbii ipliklərdən ərsəyə gəldiyi üçün onun
toxunuşuna qədər bütün proseslər qadının öz əlindən çıxır. İpi əyirən xanım onu özü
istədiyi kimi boyayır, gördüyü rəng dünyasının bütün çalarlarını bitkilərin köməyi ilə əldə
edir və solmayan təbii iplikləri naxışlara, ilmələrə həkk eləyir və allı güllü xalıları ilə
könül oxşayır. Qoyun sürüləri ilə arana, yaylağa və yaxud qışlağa köç eləyəndə xanımlar
allı-güllü xalçalar, xurcunlar, yun koftalar, rəngarəng saplardan hörülmüş uzun corablar,
bir sözlə gözlərinin nuruyla toxunan çoxlu əl işləriylə geri dönürlər. Qızlara cehiz
verilərkən bahalığına baxmayaraq əl ilə toxunma xalçaya üstünlük verilir. Hər qız mütləq
bir dənə də olsa belə xalça aparmalıdır...
Burada bir neçə xalça sexi fəaliyyət göstərir və qədim sənətin, xalçaçılığın sirləri gənc
nəslə öyrədilir...
Qədim sənət növlərindən sayılan dulusçuluq da inkişaf edib. Misgərlik sənətini
yaşadanlar da az deyil. Bir sözlə tez-tez təşkil olunan sənətkarlıq nümunələrinin sərgiləri
də məhz bu məqsədə xidmət edir. Yerli məhsulların, milli-mənəvi dəyərlərin təbliği
istiqamətində bu tədbirlərin əhəmiyyəti böyükdür...
Kulinariya sənətinin də bölgəyə xas cəhətləri var. Müxtəlif beynəlxalq müsabiqələrdə
Azərbaycan mətbəxi qalib olub, kulinarlarımız diplomlara layiq görülüblər.
Respublikamıza gələn xarici vətəndaşlar da dəfələrlə bizim yeməklərin ləzzətindən ürək
dolusu danışırlar. Elə bu bölgənin də özünəməxsus yeməkləri vahid kulinariyanın tərkib
hissələrindən biri olmaqla bişirilmə üsuluna görə fərqlənir.
Plov bizim ən çox sevilən yeməklərdən biridir. Yeməklərin şahı sayılan aşın əlli beş
növü var. Plovu bölgələrdə müxtəlif cür dəmləyirlər. Qəbələdə ən çox bişirilən döşəməli
aşdır. Plov dəm alarkən qoxusu aləmi götürür. Bir-biri ilə dadı-tamı qarışan ərzaqlar o
qədər ləzzətli olur ki, dadından doymaq qeyri-mümkündür...
Təndirdə bişirilən hinduşka fırlaması adətən bayramlarda, əlamətdar günlərdə
hazırlanır. Bunun da öz səbəbi var. Çünki təbii od üzərində, qaynar təndirdə fırladılan ətin
qoxusu ətrafı bürüdüyü üçün hamının bayram elədiyi bir gündə belə yeməklərin
bişirilməsi məqsədəuyğundur. O zaman hansı həyətin yanından keçsən oxşar yeməklərin
ətrini duyursan. Çünki şabalıdı, ağartısı, toyuq- cücəsi bol olan kəndçinin bayram günündə
yaxşı süfrə açması üçün imkanı var ki, həmin günü qapısına gələni istədiyi kimi
qarşılasın...
Qəbələdə dovğaya çöldə-çəmənlikdə bitən göyərtilər tökülür. Həyətdə bitən
göyərtilərdən söz düşmüşkən müxtəlif yeməli tərəvəzlər düyü ilə bişiriləndə və ona əldə
düzəldilmiş duru turşu əlavə olunanda yemək həm dadına görə ləzzətli, həm də müalicəvi
əhəmiyyətilə təsirli sayılır. Min bir şəfalı tərəvəzlərdən hazırlanan məlhəm bədəni
yumşaltmaqla bərabər, insana nəfis dad da bəxş edir...
Şəkərbura, paxlava kulinariyamızda əsas yeri tutan bişinti məmulatından sayılır. İçlik
üçün lazım olan qoz-fındığın bolluğuna görə burada ləpədən yetərincə istifadə edilir...
Üçqulaq paxlava ən çox hazırlanan un məmulatları sırasındadır. Lentvari yuxalar
kəsilir, aralarına qozdan, yaxud fındıqdan içlik qoyulur və üçqulaq formada bükülür,
qurudulur. Sonra isə kərə yağında qızardılaraq isti-isti çay süfrəsinə verilir. Kalorili
olduğu üçün doyumlu olur, həm də sözün əsl mənasında ləzzəti də damaqlarda qalır.
Çay süfrələrini əl ilə dərilən moruq, xırda dağ çiyələyi, böyürtkən, itburnu ləçəyi, qoz,
heyva, şaftalı və sairə mürəbbələr bəzəyir.
Kölgədə qurudulan quru meyvələrdən adətən yaşlı insanlar istifadə edirlər. İnsan
orqanizminə xeyirli olduğu deyilir. Kənd əhalisi ümumiyyətlə qənddən az bəhrələnir,
şəkər tozundan hazırlanan şirniyə üstünlük verirlər. Qaynayan şəkərli suya hətta qoz
ləpəsi, bir az bal, yaxud bəhməz əlavə edərək şirni bişirirlər.
Min bir naz nemətlə hazırlanan göy qutabı, yağlı qat-qat sac fəsəlisi, yağda qovrulan
quymaq, süd çörəyi və sairə yeməklər nənələrin boxçasından götürülüb.
Həmzəlli sənətkarları qoz halvası ilə məşhurdur. Yerli camaat onu məharətlə
hazırlayır.
Çörəyin özü kəndlərdə müxtəlif cür bişirilir. Üzü yumurtalı təndir çörəyi ilə bərabər
qışda peç üzərində acıtmalı (yuxadan dörd-beş dəfə qalın olur) uzun lavaşlar salınır,
əsasən dəyirman unundan yoğrulan (qara un) bu çörəyin özünə məxsus dadı və qoxusu
var. Yazda isə birinci növ undan nazik yuxalar yayılır.
Qışa tədarük görüldüyü üçün qadınlar naümid qalmırlar. Tərəvəz məhsullarından
bağladıqları balonlar, xüsusən də ağ xiyar tutmasının dadı isə ölkəmizin hər yerində
sevilir. Alça və zoğaldan duru və quru turşular düzəldilir və müxtəlif yeməklərə qatılır.
Otlardan, müalicəvi bitkilərdən dəstə-dəstə qurudulur ki, lazım olanda kara gəlsin. Çünki
kəndlərdə çobanyastığı, itburnu, andız kökü, yarpız, çaytikanı, əvəlik, kəkotu,
boymadərən, dazı otu və digər müalicəvi bitkilər var. Onların təsirini bilən yerli camaat
istifadəsinə də çəkinmir.
Kabablıq əti çayotu və soğanla basdırma eləyəndə bişirilər-kən bihuş olursan. Və
yaxud həyətdəki meyvələrdən çəkilən şərab nəinki bəzi şad məclislərdə həvəslə içilir,
həm də onun özü müalicəvi olduğundan bəzən həkimlər tərəfindən xəstəyə tut və zoğal
arağından azacıq acqarına istifadə etmək məsləhət görülür.
Qəbələyə gələn qonaqlar mətbəximizin ən zəngin yeməkləri ilə tanış olur, bütün bu
təamlardan dadır, zövqlə işlənən əl incilərinə dəyər verir, sənətkarların hazırladıqları
əsərləri alır və bölgədən məmnun qayıdırlar.
ÖVLAD BORCU
Bir vaxtlar mənim üçün adi görünürdüsə, ondan ayrılanı zaman-zaman qəribsədiyim,
doğmalaşdığım, payızına, qışına həsrət qaldığım, dünyanın ən şirin neməti saydığım bir
varlıqdır Qəbələ. Çox yerləri gəzdim, fərqli məkanların qonağı oldum, ancaq öz
torpağımda gördüyüm özəllikləri heç bir yerdə hiss etmədim.
Dəniz səviyyəsindən 1000 metr yüksəklikdə bitən şabalıd ağacının əzəmətinə tay olan
bir iri gövdəyə rast gəlmədim. Gördüyüm heyvanların heç birində oxşarlıq sezmədim.
Hətta Qəbələnin hər bir sakini belə paytaxtın minlərlə insanları arasında seçilir.
Dilindəki “Şeşpər baba” kəlməsi, kəlməbaşı “can” sözünü işlətməsi bu rayonun övladı
olduğunu agah edir. Harada yaşamasından asılı olmayaraq şirin ləhcəsindən dağlar
diyarında doğulduğu, buranın havasını udduğu, suyunu içdiyi bəlli olur...
Qəbələdə yaşayanlar isə son hadisələrdən olduqca məmnun-durlar.
Əziz oxucu, bu qeydlərimlə rayonun bugünkü simasını canlandırmaq istədim. Bir
vaxtlar bura inkişafdan geri qalan məkan idisə, indi həmin barlı-bərəkətli bu zəngin
diyarda həyat tamamilə dəyişib. Ötən bu beş il ərzində misli görünməmiş yeniliklər baş
verib. Ölkə əhəmiyyətli müəssisələr işə düşüb, yüzlərlə iş yeri açılıb.
Hər sahədə uğurlar əldə edilib. Rayon məktəblərində maddi texniki baza
möhkəmlənib, ən ucqar dağ kəndlərində uşaqların təhsil alması üçün dövlət tərəfindən
proqram həyata keçirilir.
Səhiyyədə dönüş yaranıb. Müasir Diaqnostika Mərkəzinin açılışı ilə hətta qonşu
rayonların əhalisi üçün də nəzərdə tutulan, bütün zəruri avadanlıqlarla təchiz olunan
nəhəng tibb müəssisəsi insanların ixtiyarına verilib. Hər bir kənddə yeni tibb
məntəqələrinin tikintisinə başlanıb.
Qəbələ kəndlərinin hamısında rabitə var. Mərkəzdən uzaq olan hər bir xırda kənd
sakini də elektron rabitədən faydalanır.
Kəndlərin bəziləri qazla təmin edilib və gələcəkdə hər bir vətəndaşın mavi yanacaqdan
istifadəsi üçün zəruri işlər görülür. Əgər qısa vaxt ərzində rayonda bu qədər əsaslı
dəyişikliyin şahidi oluruqsa, deməli kəndlərin hamısının qazlaşması da müm-künləşəcək.
Rayonun 64 yaşayış məntəqəsinə qiyabi də olsa nəzər saldıq. Düzdür hər kəndin bütün
özəlliyini canlandırmaq, bir kitabda hər şeyi təfərrüatı ilə işıqlandırmaq mümkün deyil.
Ancaq məqsədim bu sürətli inkişafı nəzərə çarpdırmaq və faktların dili ilə kəndlərimizin
abadlaşmasını, orada insanların artımını göstərmək idi. Bu gün məhz dağ kəndlərinin
problemləri həll edildiyindən, bir vaxtlar Rusiyaya və paytaxta iş axtarmaq ümidi ilə
gedən cavanlar indi əlini-qolunu çırmalayıb öz dədə-baba yurdunda çalışmağa başlayıb.
Kəndləri bir-bir yada salmaqla, ziyalılıq səviyyəsindən söz açmaqla bildirmək
istəyirəm ki, təbiəti əsrarəngiz, torpağı bərəkətli olduğu kimi insanları da zehnli,
düşüncəlidir. Əgər hər bir yurd yerimiz bu beş ildə, Cənab İlham Əliyevin ilk prezident
olduğu dövrdə canlanıbsa, onda növbəti beş ildə bizi daha böyük uğurlar gözləyir. O
zaman yenidən hər tərəfi qarış-qarış gəzəndə, kəndləri dolaşanda, Şahdağın zirvəsindən
boylananda Qəbələnin qeyri-adi gözəlliyindən və burada insan əli ilə yaradılan
möcüzələrdən heyrətə gələcək, ölkəmizin bu inci parçası ilə dünyaya meydan oxuyacağıq.
Turizmin inkişafı ilə Qəbələ ölkə büdcəsinə yüksək gəlir gətirəcək. Dövlətin bu sahəyə
dair tədbirləri artıq reallığa çevrilib. İndi uca Qafqaz dağlarının qoynunda yaradılan
turizm müəssisələrində xarici vətəndaşlara xidmətin təşkili üçün yerli mütəxəssislər
hazırlanır.
İkinci dəfə xalq İlham Əliyevi prezident vəzifəsinə layiq gördü. Deməli, növbəti
inkişaf xətti ilə Azərbaycanın hər bir diyarında, hər bir vətəndaşın həyatında əlamətdar
hadisələr baş verəcək. Qüdrətli dövlətin, zəngin ölkənin vətəndaşları İlham Əliyev
siyasətinin uğurları sayəsində sözün əsl mənasında tarix boyu arzuladığı həqiqəti dərk
edəcək. Müstəqil ölkənin azad yaşayan hər bir sakini, hər bir azərbaycanlı bir daha öz
prezidentinə dəstək olacaq...
İstifadə olunan mənbələr
Mirzəzadə A. “Azərbaycan, zaman, inkişaf” Bakı, Azərbaycan Nəşriyyatı, 2008.
Qasımov A. “Taleyi tarixə dönən şəxsiyyət”. Bakı; Təhsil nəşriyyatı, 2004.
Nemətova M. “Azərbaycanda Pirlər”. Bakı; Azərbaycan Dövlət Nəşriyyatı, 1992.
Nuriyev E. “Şəki-Zaqatala zonasının toponimiyası”. Bakı; Elm nəşriyyatı, 1986.
Məmmədov R.. “İnsanlar, talelər, ziyalılar”. Bakı; Cik-cik nəşriyyatı, 1996.
ASE. 10 cilddə. Bakı; 1983.
“Qəbələ” qəzetinin 2008-ci il materialları.
İnternet resursları:
http: //www. president. az
http: //www. ilham-aliyev.az
http: //www. azerbaijan.news.az
http: //www. apa.az
http: //www. azertag.com
http: //www. anspress.com
http: //www. aztv.az
http: //www. lent.az
http: //www. azadazerbaycan.com
http: //www. gilanholdinq.az
http: //www. mct. gov.az
http: //www. qfk.
http: //www. qebele-ih.gov.az
ŞƏLALƏ MƏHYƏDDİNQIZI
QƏBƏLƏ QAFQAZIN İNCİSİ
Bakı–2009
Texniki redaktor: Cəsarət Qasımov
Dizayn: Orxan Həsənov
Cəmi: 16. Formatı 60х90
1
/
16
Sifariş: 101. Sayı: 1000
Dostları ilə paylaş: |