|
Microsoft Word sahib eliyev docBu səhifədəki naviqasiya:
- Müasir Azərbaycan dili
- Meşələr, dağlar
- Həmcins üzvləri əlaqələndirən vasitələr.
- Güldəstə ali məktəbə girmək istədiyini, lakin imkan tapmadığını
- Əlinə yox, yerə baxdı.
- Tatar da, gürcü də, rus da, türkmən də
- Müasir Azərbaycan dili 211 Məsələn, Bağçalarda çiçək açsın alma, armud, heyva, nar
Müasir Azərbaycan dili
209
işlənir; cümlənin eyni bir üzvü ilə bağlı olur, bir-biri ilə
tabesizlik əlaqəsilə bağlanır, bərabərhüquqlu olur, asılı
olduqları üzvlə eyni tabelilik əlaqəsilə əlaqələnir, sadalama
intonasiyası ilə tələffüz edilir; onların arasında əksərən
tabesizlik bağlayıcıları işlənir. Bütün cümlə üzvləri həmcins
ola bilir. Məsələn, O bütün yarpaqları ilə, budaqları ilə,
gövdəsi ilə gülümsədi. (Elçin) Qazının otağı yekə, uca və ağ
otaqdı. (C.Məmmədquluzadə) Odlar içində də yanıb
qaralmaz. Məhəbbət, səadət, həqiqət, kamal. (S.Vurğun)
Cümlədə həmcins xəbərlər mübtədaya, həmcins
tamamlıqlar və zərfliklər xəbərə, həmcins təyinlər
təyinlənənə tabe olur. Mübtəda həmcins olduqda xəbəri
özünə tabe edir. Xəbər həmcins olduqda mübtədaya tabe
olur. Məsələn, Meşələr, dağlar sükut içində idi.
(İ.Əfəndiyev) Qarı hər gün dağlara gedir, qucaq-qucaq
çiçək gətirir, xəstəni müalicə edirdi. (İ.Əfəndiyev) Həkim
ortaboylu, qarabuğdayı, girdəsifət bir oğlan
idi.
(S.Qədirzadə)
Həmcins üzvləri əlaqələndirən vasitələr. Həmcins
üzvlər bir-biri ilə həm mənaca, həm də müəyyən
qrammatik vasitələrlə əlaqələnir.
Qrammatik vasitələr içərisində intonasiya və
tabesizlik bağlayıcıları mühüm rola malikdir. Tabesizlik
bağlayıcıları həmcins üzvlər arasında yaratdığı məna
xüsusiyyətlərinə görə aşağıdakı növlərə ayrılır :
1.
Birləşdirmə bağlayıcıları : və, ilə (-la, -lə),
2.
İştirak bağlayıcıları da... də, həm... həm də və s.
3.
İnkar bağlayıcısı: nə ...nə də.
Birləşdirmə bağlayıcıları həmcins üzvlər arasında bir
dəfə işlənir, iştirak və inkar bağlayıcıları isə təkrar olunan
bağlayıcılardır, da ... də bağlayıcısı həmcins üzvdən sonra,
həm ... həm də, nə ... nə də (və, nə də, və nə də ki)
bağlayıcısı isə əvvəl işlənir. Məsələn, Məndə qəzəb də var,
mehribanlıq
da, Fəqət sındırmaram insan qəlbini.
Gülarə Abdullayeva
210
(N.Kəsəmənli) Eyvaz qoyunların döyüşməsinə həm sevinirdi,
həm də bundan qorxurdu (Ə.Vəliyev).
4. Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin,
fəqət və s.
Qarşılaşdırma bağlayıcıları ilə əlaqələnən həmcins
üzvlər adətən ikiüzvlü olur. Həmcins üzvlər arasında
birləşdirmə bağlayıcılarına nisbətən, bunlar az işlənir.
Məsələn, Güldəstə ali məktəbə girmək istədiyini, lakin
imkan tapmadığını söyləyirdi (Ə.Vəliyev). Yaxşılıq eləmək
istədim, amma bacarmadım. Siz tətilə gəlmişsiniz, yoxsa
məndən material toplamağa? (Ə.Vəliyev)
Qarşılaşdırma mənası həmcins üzvlər arasında yox,
deyil sözlərinin köməyi ilə də yaradılır. Məsələn, Əlinə yox,
yerə baxdı. (Ə.Vəliyev) İndi isə burada, ulduzların altında
şəhəri deyil, onun özünü gözləyirdim. (İ.Əfəndiyev)
5. Bölüşdürmə bağlayıcıları: ya, ya da, ya da ki, və
ya, yaxud, yaxud da, gah, gah da, gah da ki və s.
Məsələn, Heç bir kəsim olmadığından yayı da, qışı da
institutun yataqxanasında yaşayırdım. (İ.Əfəndiyev) Demək,
pullarımı ya Bakıda bilet alanda, ya da haradasa yaylıq
çıxaranda salıb itirmişdim. (İ.Əfəndiyev)
Bu bağlayıcılar müxtəlif iş, hərəkət və hadisələrin
növbə ilə bir-birini əvəz etdiyini, yaxud güman edilən bir
neçə iş və hadisədən birinin mümkünlüyünü təxmin etməyə
imkan verir. Məsələn, İstirahət günləri ya dostunun yanına
gedirdi, ya da onu qonaq çağırırdı. (Ə.Vəliyev) Gah
seyrəlir, gah sıxlaşır əlvan buludlar. (S.Vurğun)
Cümlənin bütün üzvləri həmcins ola bilir. Məsələn,
Tatar da, gürcü də, rus da, türkmən də. Ehtiram saxlayır
bu böyük ada. (S.Vurğun)-cümləsində mübtədalar, Otaqda
stoldan, pianodan başqa divan da var. (R. İbrahimbəyov) –
cümləsində isə tamamlıqlar həmcinsdir.
Həmcins mübtədalar müəyyən bir xəbər və ya
xəbər qrupuna aid olub, onunla eyni münasibətdə olur.
Müasir Azərbaycan dili
211
Məsələn, Bağçalarda çiçək açsın alma, armud, heyva, nar.
(Ə.Cəmil) Əhmədlə Süleyman da burada idi. (M. Hüseyn)
Qızlar və oğlanlar yanaşı oturmuşdular. (M.Hüseyn) Xalqın
düşmənləri, istibdadın nökərləri çoxdan sınaqdan
çıxarılmış bir silahı işə salırlar. (M.İbrahimov)
Həmcins mübtədaların ümumi və xüsusi təyini
olur. Təyinlər bir qayda olaraq həmcins mübtədalardan
əvvəl, xəbər isə sonra gəlir. Məsələn, Sahildə vurnuxan
şofer ilə briqadir başlarını itirmişdilər. (İ.Əfəndiyev)
Həmcins xəbərlər eyni bir mübtədaya və ya mübtəda
qrupuna aid olur. Məsələn, Sən insanın mədəsinə girmiş
xərçəng kimi qorxulu və dəhşətlisən! (M.İbrahimov)
Mənim ümidimin qapılarını neçin gah açırsan, gah
qapayırsan? (M.Müşfiq) və s.
Həmcins xəbərlər ya bir, ya da bir neçə şəxsin iş
və hərəkətini, əlamətini bildirməklə, əsasən, eyni nitq hissəsi
ilə ifadə olunub, eyni formada çıxış edir və ifadə vasitəsinə
görə iki qrupa bölünür : həmcins feli xəbərlər, həmcins ismi
xəbərlər.
Həmcins feli xəbərlər bir-biri ilə şəxsə, kəmiyyətə
və zamana görə uyğun olur. Lakin zamana görə uyğunluq
bəzən pozula bilər, yəni həmcins feli xəbərlər müxtəlif
zamanlarda da çıxış edə bilər. Məsələn, Döyüş davam edir,
davam edəcək. (Ə.Cəmil)
Həmcins feli xəbərlərin bəzən hamısı ya təsdiq, ya
inkar olur. Bəzən də onlardan biri təsdiq, digəri inkarda
olur. Məsələn, Gələydin, istədiyini seçib götürəydin.
(Ə. Əhmədova) Səba, məndən söylə ol gülüzara, Bülbül
gülüstana gəlsin, gəlməsin? (Ə.Nəbati)
İsmi xəbərlər də həmcins ola bilir. Məsələn, Danış,
haralısan, kimsən, ay çoban? – Dağıstan əhliyəm, ləzgiyəm,
qardaş. (S.Vurğun) Sevincimdə, ahımdasan, Nəfəsimdə,
bağrımdasan, kirpiyimdə, yuxumdasan. (X.Rza)
Gülarə Abdullayeva
212
Həmcins tamamlıqlar. Həmcins tamamlıqlar
isimlərlə, həmçinin digər substantivləşmiş nitq hissələri və
söz birləşmələri ilə ifadə olunub, tabelilik əlaqəsi ilə eyni
bir xəbərə aid olur.
Həmcins tamamlıqların iki növü var: həmcins
vasitəsiz tamamlıqlar və həmcins vasitəli tamamlıqlar.
Həmcins vasitəsiz tamamlıqlar təsirli feli xəbərlə
əlaqələnir. Məsələn, Deyirəm ki, o boyu, buxunu qaytar geri,
Deyirəm ki, varını, yoxunu qaytar geri! (Ə.Kərim) Acını, şirini
seçə bilmədim. (N.Kəsəmənli) Bu xoşbəxtliyi, bəxtəvərliyi hamı
görürdü. (Ə.Hacızadə) O, Cahandar ağanın bir də
qayıdacağını, onun evinə basqın edəcəyini, evi gülləyə
basacağını gözlədi. (İ.Şıxlı)
Həmcins vasitəli tamamlıqlar ismin yönlük, yerlik,
çıxışlıq halında olan, habelə qoşmalı sözlər və birləşmələrlə
işlənir. Məsələn, Göytanrı, Günəştanrı nura, şəfəqə boyandı.
(Ə.Cəfərzadə)
Gecənin düşməsinə,
ətrafın sıx
qaranlıqlaşmasına səbrlə baxırdı. (Ə.Cəfərzadə)
Həmcins təyinlər. Həmcins təyinlərin hər biri təyin
etdiyi sözlə eyni münasibətdə olur. Həmcins təyinlər də
bir-biri ilə tabesizlik əlaqəsilə bağlanır. Məsələn, Onun üzü
qırmızı, yaşıl mamırla boyanmışdı. (C.Əlibəyov) O, gənc,
girdəsifət bir qız idi. (C.Cabbarlı) Dilsiz və sağır göylər
onun halını duymaz. (H.Cavid)
Cümlədə eyni sözə aid təyinlər əşyanı müxtəlif
cəhətdən izah etdikdə onunla eyni münasibətdə olmur və
həmcins hesab edilmir.
Həmcins zərfliklər. Həmcins zərfliklər, əsasən, eyni
və bəzən də müxtəlif ifadə vasitələrinə malik olub, biri
digərinə tabesizlik əlaqəsi ilə bağlanır. Məsələn, Ey çılğın
küləklər, nəşəniz daşarkən, Bağların sehrindən mey sorub
coşarkən, Nalqıran dağları atlayıb aşarkən, Məni də alınız,
uçayım dağlara. (M.Müşfiq) Keç bu dağdan, bu arandan,
Astaradan, Lənkərandan. (S.Vurğun)
Dostları ilə paylaş: |
|
|