59
10
DEKABR
İNSAN HÜQUQLARI GÜNÜ
1948-ci il dekabrın 10-da BMT Baş Məclisi "İnsan Hüquqları haqqında Ümumi Bəyannamə"
qəbul etdi. Bu sənədin qəbul edilməsində məqsəd insan hüquqlarını və bütün ölkələrin əməl etməli
olduqları normaları müəyyən etmək idi. "Bəyannamə"ni qısa bir müddətdə dünya ölkələrinin böyük
əksəriyyəti, hətta ən qəddar diktaturalar belə imzalamışdılar.
"İnsan Hüquqları haqqında Ümumi Bəyannamə" müxtəlif sosial-iqtisadi quruluşlu dövlətlərin
insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq imkanlarını nümayiş etdirmiş mühüm beynəlxalq
sənəddir. O, dünya dövlətlərinin konstitusiya və qanunlarına da öz müsbət təsirini göstərir.
Dünya xalqları "Bəyannamə"nin müddəalarından öz hüquqları, sülh, demokratiya və tərəqqi
uğrunda mübarizədə istifadə edirlər.
"Soyuq müharibə" illərində sosialist bloku və Qərb demokratiyası arasında qarşıdurma
güclənmişdi. Mübarizə aparan ölkələr insan hüquqları və azadlıqları barədə müxtəlif mövqelərdə
dururdular. Qərb demokratiyaları insanın mülki və siyasi hüquqlarının (söz, fikir azadlığı, siyasi
plüralizm, ölkədən sərbəst getmək və yenidən qayıtmaq və s.) zəruriliyini təkidlə irəli sürür, sosialist
ölkələri isə iqtisadi və sosial hüquqların vacibliyini qabardırdılar. 1966-cı ildə, təxminən 20 il davam edən
qızğın müzakirələrdən sonra iki sənəd - Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və İqtisadi,
Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Pakt qəbul edildi.
Dünya ictimaiyyəti tərəfindən tanınan yeni növ insan hüquqlarının siyahısı ilbəil artır. Bu gün
dünya artıq insanın ekoloji hüququnu tanımaqdadır, gələcək nəsillərin ləyaqətlə və layiqincə yaşamaq
hüququ müzakirə edilir. Bu günə qədər insan hüquqları üzrə yeni-yeni sənədlər hazırlanır və qəbul edilir.
Müasir dünyada insan hüquqları daha geniş bir anlayışdır və aşağıdakıları əhatə edir:
- Hər bir ayrı-seçkilikdən azadlıq, o cümlədən irqi, cinsi, milli, yaxud dini ayrı-seçkilikdən
azadlıq;
- Qorxudan azadlıq: şəxsi təhlükəsizlik üçün qorxudan, səbəbsiz azadlıqdan məhrum edilməkdən,
işgəncə və digər zorakılıqlardan azadlıq;
- Fikir və söz azadlığı, qərar qəbul etmə prosesində iştirak və birliklər yaratmaq hüququ;
- Yoxsulluqdan azadlıq, layiqli həyat sürmək hüququ;
- İnsan potensialının inkişafı və onu həyata keçirmək üçün azadlıq;
- Ədalətsizlikdən və qanun pozuntusu ilə rastlaşmaqdan azadlıq;
- İstismar olunmadan layiqli işləmək hüququ.
İnsan hüquqlarının qorunmasının əhəmiyyəti o qədər böyükdür ki, BMT Baş Məclisi 1950-ci ildə
bütün dövlətlərə və maraqlı təşkilatlara dekabrın 10-u gününü İnsan Hüquqları Günü kimi qeyd etməyi
tövsiyə etmişdir.
60
3. BUNLARI UNUTMAQ OLMAZ
25-26 FEVRAL
XOCALI SOYQIRIMI
Erməni hərbi qüvvələri 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə XX əsrin ən dəhşətli və
qanlı faciəsini - Xocalı soyqırımını törətdilər. Bu, İkinci Dünya müharibəsində faşizmin törətdiyi dəhşətli
qırğınlardan sonra müasir dövrdə erməni separatçı-terrorçuları ilə birlikdə Ermənistan hərbi qüvvələrinin
və Rusiyanın 366-cı motoatıcı polkunun əsgərlərinin törətdiyi ən kütləvi və ən dəhşətli soyqırımıdır.
Azərbaycanın qədim sivilizasiya mərkəzlərindən olan Xocalı şəhəri hələ 1991-ci ilin oktyabr
ayından hər tərəfdən düşmən əhatəsində idi. Oktyabrın 30-da avtomobil yolları bağlandıqdan sonra
şəhərlə əlaqə saxlamaq yalnız vertolyotla mümkün idi. Sonuncu mülki vertolyot 1992-ci il yanvarın 28-də
Xocalıya gələ bilmişdi, lakin Şuşa şəhəri üzərində 40 nəfərlik mülki vertolyotun vurulmasından sonra
hava yolları da bağlanmışdı. 1992-ci il yanvarın 2-dən şəhərin elektrik enerjisi də kəsilmişdi. Xocalı
əhalinin və onun müdafiəçilərinin iradəsi və dözümü sayəsində yaşaya bilirdi.
Şəhər əsasən atıcı silahlarla silahlanmış yerli könüllü dəstələr, milis və Milli Ordunun birləşmiş
qüvvələri tərəfindən müdafiə olunurdu. Fevralın ikinci yarısında Xocalı erməni hərbi birləşmələrinin
blokadasına alınaraq müntəzəm şəkildə hər gün artilleriya və ağır hərbi texnikadan atəşə tutulurdu.
Xocalıya hücum edən ermənilər Xankəndindəki 366-cı rus alayının hərbi texnikası ilə
silahlanmışdılar. Bu hücum 1992-ci il fevralın 25-i axşam başlandı. Şəhər iki saat tank və BTR-lərdən,
eləcə də "Alazan" tipli raketlərdən açılan güclü atəşə tutuldu. Xocalı üç tərəfdən mühasirəyə alındığı
üçün, əhali yalnız Əsgəran İstiqamətində irəliləyib xilas olmağa can atırdı. Lakin tezliklə aydın oldu ki,
bu, bir tələdir. Naxçıvanik kəndi yaxınlığında ermənilər əliyalın, silahsız əhalini fasiləsiz atəşə tutdular.
Şaxtalı havada meşələri qət edərək taqətdən düşmüş insanların - uşaqların, qadınların, qocaların çoxu
məhz Əsgəran-Naxçıvanik yolunda erməni qaniçənlərin törətdiyi vəhşiliklərin qurbanı oldular. Ermənilər
bu faciədən sonra belə, vertolyotlar vasitəsilə ağ xalat və maskalarda meşələri gəzərək insanları əsir
götürməkdən çəkinməmişdilər. O vaxtkı Azərbaycan hökuməti isə faciəni xalqdan gizlətməyə çalışmışdı.
Fevralın 28-də Milli Qəhrəman Çingiz Mustafayevin başçılıq etdiyi yerli jurnalistlərdən ibarət
qrup vertolyotla azərbaycanlıların məhv edildiyi əraziyə gəlmişdilər. Hər tərəf avtomat güllələri və
süngülərlə qətlə yetirilmiş qoca, uşaq və qadın meyitləri ilə dolu idi. Ermənilərin fasiləsiz atəşləri yalnız
dörd cəsədi götürməyə imkan vermişdi. Martın 1-də xarici və yerli jurnalistlərdən ibarət qrup buraya
gəldikdən sonra faciənin miqyası daha aydın görünmüşdür. Bir çox meyitlərin bədənləri süngü ilə deşik-
deşik edilmiş, başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, burun və qulaqları kəsilmişdi. Bu dəhşətli
mənzərə əslində erməni faşizminin bütün dünyaya bir xəbərdarlığı idi. Təəssüf ki, hələ də bu
xəbərdarlıqdan nəticə çıxarmayan, erməni terrorizminin bəşəriyyətin gələcəyi üçün necə bir bəla
olduğunu başa düşməyənlər vardır.
Xocalı soyqırımının dəhşətli mənzərəsi belədir: 613 nəfər öldürülmüşdür (63 nəfər uşaq, 106
nəfər qadın, 70 nəfər qoca); 8 ailə tamamilə məhv edilmişdir; 25 uşaq valideyninin hər ikisini itirmişdir;
130 uşaq valideynlərdən birini itirmişdir; 487 nəfər yaralanmışdır; 1275 nəfər əsir düşmüşdür; 150 nəfər
itkin düşmüşdür; dövlətə və mülki vətəndaşlara 5 mlrd. manat (1992-ci il qiymətləri ilə) ziyan dəymişdir.
Sonradan erməni quldurları etiraf edirdilər ki, Xocalı Əsgəranla Xankəndini birləşdirən dəhliz
rolu oynadığı, həm də azərbaycanlıların nəzarətində olan hava limanı burada yerləşdiyi üçün bu qırğını
törətmişlər.
Azərbaycan Respublikasının Milli Məclisi 26 fevralı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər
il xalqımız fevralın 26-da saat 17:00-da Xocalı şəhidlərinin müqəddəs ruhunu bir dəqiqəlik sükutla yad
edir. Hazırda Xocalı əhalisi 48 .rayonda qaçqın vəziyyətdə yaşayır. Onlar Dağlıq Qarabağ münaqişəsinin
ədalətli həlli, öz vətənlərinə dönmək ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə və
beynəlxalq təşkilatlara öz hüquqlarının və ədalətin bərpası üçün çoxsaylı müraciətlər edir, Xocalı fa-
ciəsini ermənilər tərəfindən etnik təmizləmə, Azərbaycan türklərinə qarşı terror aktı kimi ittiham edirlər.
Bəşəriyyət XX əsrdə bir çox müdhiş soyqırımı və etnik təmizləmə cinayətlərinin şahidi olmuşdur.
Xocalı onların içərisində daha dəhşətlisidir. Xocalı soyqırımının təşkilatçıları və icraçıları bəşəriyyətə
qarşı ən ağır cinayətlər törətmiş canilər kimi beynəlxalq qanunlar əsasında mühakimə olunmalıdırlar.