__________________Milli Kitabxana_________________
13
Onların güdükçüləri, qulaqçıları da buralara tez-tez baş çəkir... Bir cavana bu
məhəllədə rast olan kimi, onu qeyri millətlə durub söhbət edən görən təki az
keçməmiş xəbər bütün bazara yayılır: "Adə, sən öləsən, meyitüvü görüm yalan
deyirəmsə, hindicə Hacı Məhəmmədin oğlunu Gürcübazarda, o xaraba qalmışdan
çıxan gördüm, özü də o erməni oğlu ilə qolboyun. Dilim kəlməyə gəlməsin əyəm o
yan, bu yanı varsa"...
Bəli... Şirvan yollardan... Şamaxı bazardan başlayır... Bizim üçün isə təkcə
bircə yerdən-Bəzzazbazardan... Bazar... O canlı cismə bənzər... Onun öz başı,
ürəyi, qolları var... Bazarın öz dərdi, öz sirləri, öz kədər və sevinci var... Burada
xam, nabələd adam aldana da bilər; burada insan xətası lağa qoyula bilər, o
alçaldıla da bilər, lakin burada əsil dərd, ümumun kədəri kimi də qarşılanır...
Fağırın, əlsiz-ayaqsız məsumun birinə bəs deyincə əl də tutarlar, bazar əhlini
xamlamaq istəyən namərd isə ələ də salınar, bazardan, bu canlı aləmdən əbədilik
qovularda... Bazar canlı bir dünyadır... Bir aləm, bir cəmiyyətdir... Onun öz
yazılmamış qanunları, qanun hökmünə qaldırılmış adətləri var...
Şərqdə öz canlılığı, zənginliyi, rəngarəngliyi və sərvətilə məşhur olan
qələbəlikli Şirvan, Şamaxı bazarından dünyanın bir çox məşhur şəhərlərinə yollar
gedir, bu yollar Pirdirəki dağından, Gülüstan aşırımından, Qobustan düzündən
keçir.
Bazarın öz daimi sakinləri, öz satıcısı, alıcısı, öz hoqqabazı, dəlisi, öz şairi,
müdriki, öz dilmancı, darğası, öz vəkili, ağsaqqalı, başbiləni var... Bazar yad
qonaqlı, yaxın qohumlu, doğma övladlı, ögey oğullu, ağıllı balalı, başabəla, əliəyri,
eybəcər vələdli nəhəng bir ailə, bir külfətdir...Onun öz dərdi, öz azarı var, onun öz
sevinci, öz qayğıları var. Bazar bunu heç kəsə verməyi sevməz, yada, naməhrəmə
sirr açmaz, açanı da cərgəsindən qovar... Onun sevinci payansız olduğu kimi,
qəzəbi də dəhşətlidir...
Gəlin əl-ələ tutaq, çiyin-çiyinə verib hekayətimizlə sıx əlaqəli Bəzzazbazarından
keçək, birbəbir də olmasa, onun bəzi daimi sakinləri ilə tanış olaq.
Ən əvvəl, bax, o başında tabaq gəzdirən ayaqyalın, ucaboy kişiyə baxın,
pərakəndə geyimindən də görürsünüz ki, kasıb adamdır. Ağası Baqqalbazarda
halvaçı dükanı saxlayır, özü isə tabaqçıdır, qışda ədvalı (İsfahan), küncüd, fındıq
halvalan, Şəkidə hazırlanıb gətirilən paxlava, riştə-xətai, yayda isə yağasər (buz)
satır. Tabaq bütün gün uzunu başından düşmür, dükan-dükan gəzib bəzzazlara
halva paylayır, adına
__________________Milli Kitabxana_________________
14
Yetim Hüseyn, bəziləri isə "Yaxası açıq yetim" deyir. Yaşı məlum deyil, kimdən
soruşursan "gözümü açandan Yetim Hüseyni tanıyıram" deyir. Bəzzazbazarını
Yetim Hüseynsiz görən olmayıb. Daima başında gəzdirdiyi tabağı yerişinə
həmahəng bir şəkildə yırğalayar və durmadan, babət səsilə zümzümə elər,
Şamaxıda təzə çıxan havaları ilk əvvəl Yetim Hüseyndən eşidərsən...
Bazar meydanının başındakı o açıqlıqda, nəhəng tut ağacının altında, daş
üstündə oturmuş qəşəng, təmiz geyimli adam Cin Cavaddır. Şamaxını Cin
Cavadsız təsəvvür etmək mümkün deyil. Sərpayıdır, xəlfədir, bir az sonra haqqında
danışacağıq. İndilik bunu deyək ki, Cavadın başında həmişə indicə gördüyünüz
kimi bir dəstə adam olur, heç tək qalmır...
Bundan aşağı dükan cərgələri başlanır. Bəzzazbazar iki cərgəli uzun küçədir,
yerinə ala-babat qara çaydaşı döşənibdir. Burada o qədər də toz-torpaq olmur,
tacirlərin aylıq maaş verdiyi süpürgəçi, hər obaşdan küçəni ikitərəfli süpürür,
sulayır, bəzi xüsusi hörmət və mənfəət gördüyü tacirin pəncərə-qapılarını da silir.
Gördüyünüz o birinci dükan Hacı Əsədə məxsusdur. Geniş, böyük piştaxtaları,
zərxara, qanovuz, darayı, Hacı Sadıq işi çarşablar, bənare örpəklər dolu qəfəsələri
olan o səliqəli dükana sonra, münasib düşəndə girərik. Arxa otaq anbardır. Hacı
malları orda saxlayır. Hacı Əsəd mağazasının pəncərələrinə Şamaxıda ilk dəfə
olaraq iri, ağ naxışlı şüşələr saldırmış, bu şüşələrin dalındakı nümayişgahlara
Hacının Məkərə və Moskvada gördüyü qaydada parçalardan nümunələr
düzülmüşdür. Hacı satıcı-pirkeşik saxlamır. Oğlu Tərlanı piştaxta dalında pirkeşik
əvəzində işlədir, "çobanı özündən olanın, qoyunu əkiz doğar" deyir. O, gələcəkdə
oğlunu tacir görmək istəyir, elə indidən Şamaxıya mal gətirən məşhur tacirlərə,
sarvanlara nişan verir. Adamlara ləqəb qoşmaqda xüsusilə ad qazanmış
şamaxılılar, hətta, tacir dostları da üzdə onu "Hacı", arxada "qapaqlı" adlandırır.
Sirverməz, qapalı adam olduğuna və ya xəsisliyinə görəmi belə adlandırıldığı bəlli
deyil. Amma ləqəb Hacının özünə də məlumdur. Hətta, nə üçünsə, bu adla fəxr
edir, arabir hirsi tutanda "mənə də qapaqlı deyərlər", deyə əlini geniş, dolğun
sinəsinə çırpır. Hacı Əsəd çox dolu, şişman adamdır, qat-qat et basmış qısa boynu
görünmür, elə bil ki, başı bədəninə yapışıb. İl on iki ay tərtəmiz ülgüclətdirdiyi başı
lahıc qəleyi görmüş mis qazança kimi par-par parıldayır. İki sıx bozarmış qaşından
başqa kosa sifətində bir dənə də rük yoxdur, hirslənəndə ətli sifəti paxırı çıxmış
mis kimi
__________________Milli Kitabxana_________________
15
qıpqırmızı qızarır. Əyninə enli şalvar və gen-bol ağ köynək geyər, yay-qış sətin
geyməsinin belindən şal qurşağı açmaz. Hacının dostu bəzzaz Hacı Qədirdən
Əsədə nə üçün qapaqlı ləqəbi verildiyini soruşduqda deyib: "Vallah, qapaqlı-
qapaqsız bilmirəm, amma heç ağzının qapağı yoxdu kişinin, bir xəbər eşitdimi
dəstinə aləmə yayacaq".
İkinci dükan qapaqlının dostu və dükan qonşusu Hacı Qədirindir. Köhnə
dükandır, təzəcə əl gəzdirib, təzələşdirib. Qonşusunun əksinə olaraq Hacı Qədir
arıq, ucaboy adamdır. Qaraquş dimdiyinə oxşayan əyri donqar burnu, sıx qarabığlı,
topasaqqallı ağzının üstündə təpə kimi ucalır. Həna və rəngdən saqqalında bir dənə
də ağ tük nəzərə çarpmır, daima əlində təsbeh olar, zikr deyən dodaqları qalındır,
badımcanı rəngə çalır. Dəvə yunundan əldə toxunmuş çuxa geyər, Məkkədən
gətirdiyi tirmə qurşağı nazik belinə sarıyar. Kişi, necə deyərlər, Allahdan da çox
pirə inanır, harda bir təzə pir çıxdi, mütləq gedib oranı ziyarət etməlidir. Etməsə,
Hacı Əsəd demişkən "dini dürüst olmaz", Sadəlövh, deyilənə inanan, həqiqi
mənada dindar adamdır. Amma hər şeyə inansa da, bircə alverdə heç nəyə inanan
deyil, eşitdiyi bütün xəbərləri, etdiyi sövdanı mütləq yoxlamalı, görməli, öz əli ilə
etməlidir. Sifariş, ismarışla işi yoxdur.
Hacı Qədirin dükanının qənşərindəki tikili çox köhnədir, hələ İsmayılın babası
Kərbəlayı Qənbər, sonra atası Hacı Hüseyn, indi isə özü burda ticarət edir.
İsmayılgil üç qardaşdır. bunların təkcə böyüyü - İsmayıl əsil mənada tacirdir. O da
hələ cavandır, cəmi iyirmi yaşı var. Ortancıl Vəli fağır uşaqdır, ondan kiçik, ailənin
sonbeşiyi və sevimlisi, qaraca oğlan Məhəmməddir. Onun gələcəkdə nə peşənin
sahibi olacağını heç kim bilmir, hamı anasının dili ilə Məhəmmədi ailədə və
qohum-əqrəba arasında "qara" çağırır. Təzəcə mollaya gedir. İsmayıla ata və
babasının sadiq dostu olan tacir və sarvanlar kömək eləyir, yoxsa cavan tacirin hələ
elə bir səriştəsi və tüccar arasında böyük etibarı yoxdur. İsmayılın
xeyirxahlarından biri və bəlkə də birincisi Qapançıbaşı Ağa Rəsuldur. Ara-sıra
işdən başı açılanda, yola Bəzzaz-bazara düşəndə, mütləq köhnə dostunun dükanına
baş çəkər. Çox sadiq adamdır. Ağa Rəsulun düzlüyü dillər əzbəridir. Bütün sarvan
və tüccar onun sədaqət və düzlüyünə arxayındır. Deyirlər ki, hansı bir tacir və ya
sarvan onun yanında bir şey unutsa, yoldan qayıtmayıb, arın-arxayın işinə gedən
"Ağa Rəsul hərə bir kimsənin həbbəsini ötürməyib" deyər. Qayıdanda, istər lap bir
il olsun, səni görən kimi deyəcək: "Qardaş, malın xarab olan idi, verdim filankəsə,
satdırdım, bu da pulun,
Dostları ilə paylaş: |