__________________Milli Kitabxana_________________
19
Seyid Əbdül Əzim içəri girib ümumi salam verdi, tay-tuşu onu yanına dəvət
etdi. O keçib Zeynalabdin ilə Hacəsəd oğlu Tərlanın arasında oturdu. Bu gün
buraya anasından xəlvət, həm də dostu Tərlanın təkidlərinə görə gəlmişdi. İndi
evin yeganə kişisi, böyüyü olsa da, qohum-əqrəba arasında "yaxşı yer" sayılmayan
elə məclisə ilk gəlişi olduğundan utanır, qısılırdı. Anasının "bu işi
bəyənməyəcəyini bilirdi. Gənc daxilində qəribə bir həyəcan duyurdu. Ətlərini hara
qoyacağını bilmirdi. Onu bu məclisə dəvət edən ikinci həmtayı Rza bəy, Mahmud
ağaya yaxın bir mövqedə oturmuşdu.
Əbdül Əzimin salamını baş işarəsilə alan Rza bəy, azacıq Mahmud ağaya tərəf
əyilib gələnin kim olduğunu söylədi. Mahmud ağa qarşısındakı çay dolu
fincanlardan birini qaldırıb, Seyid Əbdül Əzimə tərəf ötürtdürdü. Gülümsər
gözlərilə onu bir daha salamladı. İlk dəfə gördüyü gəncin utancaq üzü, mehriban
qara gözləri, sadə geyimlə düzgün qaməti ağanın xoşuna gəldi. Gənc gözaltı
məclisdəki cavanları, daha sonra aşağıbaşda üzüaçıq oturmuş rəqqasə qızları
təəccüb hissilə süzdü. O ömründə kişi məclisində üzüaçıq oturan qadın
görməmişdi, həyasından daha da qızardı. Bütün gördükləri Seyid Əzimin tərbiyə
alıb böyüdüyü mühitə uyğun gəlmirdi.
Qapıda səs-səmir ucalanda Mahmud ağa yerindən qalxdı, ona baxıb məclis əhli
də ayağa durdu. Seyid Əzimin dizi yanında oturmuş Zeynalabdin adlı gənc astadan
ona pıçıldadı:
- Bu gün xüsusi ziyafətdi. Ağanın xarici qonağı var. Deyəsən urusdu, ya
firəngdi. Bax, odu gəlir... Deyirlər guya şəkil çəkir...
Geyimi, siması ilə məclisdəkilərdən tamamilə seçilən bir şəxs otağa daxil
olduqda Mahmud ağa irəlilədi. Otağın ortasında qonağı qarşılayıb əl verdi və Seyid
Əzimin başa düşmədiyi bir dildə onunla salamlaşdı. Əlindən tutduğu halda yerinə
qayıtdı, qonağı döşəkçəsi yanında qoyulmuş alçaq kətilin üstündə oturmağa dəvət
etdi. Sonra əhli-məclisə müraciətlə qonağı nişan verdi:
-
Ağalar, qonağım cənab knyaz Qaqarindir. O bizim içərimizdə olmayan,
bizə nəsib olmayan bir sənət sahibidir. Rəssamdır. Şəkil çəkir, bir növ bizim qədim
divarların bəzəyini işləyən rəhmətüllah Mir Əli kimi. Dinimiz bizə insan rəsm
etməyi qadağan edir. Xristianlarda isə belə deyil. Cənab knyaz buralara səyahət
edib ki, bizim həyat və təbiətimizdən bəzi lövhələri rəsm etsin.
Rəssam özünə dikilən gözlərdən anladı ki, Mahmud ağa onu yığılanlara təqdim
edir, qulağı anlamadığı sözlərin ahəngində ikən, sanki
__________________Milli Kitabxana_________________
20
dili bilmədiyi üçün günahkarca gülümsəyir və o da öz növbəsində qonaqları, otağı
seyr edirdi. Sarışın, dəniz suyu kimi duru, mavigözlü, nazik simalı bu gəncin
əynində kip oturmuş boğazlı gödəkcəsinin yaxası iri düymələrlə düymələnmişdi,
çərpələngə oxşayan üçkünc qotazlı papağını çıxarıb dizi üstünə qoymuşdu, yerli
adətlə tanış olduğundan ayaqqabılarını qapının ağzında çıxarıb içəri girmişdisə də,
otaqda papaqla əyləşən qonaqlardan tək bircə onun başı açıq idi. O, dilini
bilmədiyi, tanımadığı bu adamlara mavi gözlərindəki dərin bir maraqla baxır,
hamını - hər şeyi, əlvan geyimləri, bir küncdə oturmuş çəngi dəstəsini, otağın
bərbəzəyini diqqətlə gözdən keçirirdi.
Məclis isə artıq arəstə idi. İlk çaylar içilib qurtarmış və nökərlər boş fincanları
sini və naxışlı məcməyilərə yığıb aparmışdılar. Mahmud ağanın işarəsi ilə
sazəndələr oyun havası çalmağa başladılar. Öz işini bilən "çəngi"lər icərisindən
birisi ayağa qalxıb, məclisin ortasına gəldi. Dərhal məclisdən xəfif bir pıçıltı keçdi.
"Sona!.." Tərlan Seyid Əzimin qulağına pıçıldadı:
- Sonadı, çəngilərin ən yaxşısı...
Seyid Əzim Dağıstandan qayıdandan bəri Şamaxı cavanlarının, tay-tuşu olan
gənclərin ağzından "Sona", "çəngi gözəli Sona" sözünü çox eşitmişdisə də, onu
birinci dəfə görürdü.
Sonanın incə, gözəl üzü, qızılgül yarpağı kimi zərif dodaqları və yanaqları
boyasız idi. Qulaqlarına taxdığı piyalə sırğalar birçəklərinin altından çiyinlərinə
dəyirdi. Əlvan yun şətəl geydiyi balaca ayaqları uzun darayı tumanın altından
güclə görünürdü. Qanovuz köynəyinin üstundən geydiyi kimxa arxalığının
yaxasını qarmalamış, üstündən ensiz kəmər bağlamışdı. Arxalığın yaxasına
göyərçin yumurtası boyda düymələr tikilmiş,
boynuna kəlbəndi, silsilə taxmış,
bənarə örpəyinin üstündən çətirli alnına gülpərək vurmuşdu. Örpəyin ucları uzun
hörüklərilə bərabər kürəyinə atılmışdı. O birisi qızlardan yalnız Qəndi xanımın, bir
də Badam xanımın üstündə Sona kimi çox qızıl var idi. qalanların bəzəyi nisbətən
sadə idi. Amma zahiri gözəllikdə bir qız onunla rəqabət apara bilərdi. Bu, Sonadan
xeyli cavan görünən Nisə adlı rəqqasə idi.
İndi söz-söhbət kəsilmiş, bütün gözlər Sonaya dikilmişdi. Məclis əhlinin
nəzərini cəlb etdiyinə əmin olan kimi Sona, sağ əlini döşünə qoyub məclisin dörd
səmtinə də bas əydi. Rəqsə başladı. Əvvəlcə yançaqlarını oynada-oynada dövrə
vurdu. Sonra əllərini gah başı üzərinə, gah çənəsi altına, gah döşləri üstünə, gah da
belinə doğru apararaq
__________________Milli Kitabxana_________________
21
süzdü. Məclisin ortasında durub göbəkatma rəqsinə başladı. Sonanın mütənasib
əndamı rəqsin ahəngilə tərpəndikcə, qolları, ayaqları, gərdəni, çənəsi, bütün qadın
vücudunun gözəlliyi bu rəqsdə iştirak edirdi. Bu zaman rəqqasə qızlar maraqla
onun rəqsini izləyir, çalğıçılar arasında ayağını ayağının üstünə aşırıb oturmuş
Qəndi xanım isa oxumaqdan ziyadə rəqsin ahənginə uyğun coşqun bir tərzdə
deyirdi:
At, göbəyim, at,
içində nobat.
Gəlsin gomumat —
Versin ağ manat.
Qonaqlar vəcdə gəlmişdi. Hər bir dodaqda təbəssüm qaynayır, hər gözdə atəş
parlayır, hər qəlbdən "afərin", "maşallah", "fətəbərakəllahu əhsənül-xaliqin"
sədaları qopurdu. Şırıqqa səsindən qulaq tutulurdu.
Bu ara rəssam əlinə aldığı kiçik albomu açmış, Sonanın rəqsinin, çəngilərin
oturuşunun qaralamasını edirdi, onun ilhamdan şölələnən üzünə xəfif bir qızartı
çökmüşdü. O, bir tərəfdən ömründə ilk dəfə gördüyü qəribə rəqsin, musiqinin
ahəngindən zövq alır-, digər tərəfdən gördüklərini süngər kimi zehninə, xəyalına
hopdurmaq, sonra çəkəcəyi böyük tablo üçün yadında saxlamaq istəyirdi.
Sona isə sanki səsləri eşitmir, bu gözləri, bu dodaqları görmürdü, onun bütün
varlığında, cisminin bütün hüceyrələrini lərzəyə salan coşqun musiqi ehtizaza gəlir,
gəlini rəqs etdirirdi. Sonanın şirmayı əllərinin biri qaşları üstünə, digəri çənəsi
altına gələndə, sürməli qara gözləri süzülür, başı dönmədən bu badamı gözlər gah
sağa, gah sola baxır, axırdı. Onun bir cüt ilan kimi çevrəsində qıvrılan hörükləri,
alnındakı çətir, yanaqlarına və çənəsinə düşən burma birçəklər rəqsin ahənginə
uyğun yellənir və ətrafa Xütən müşkünün məstedici ətrini yayırdı. Vəsməli qaşları
gözlərin məlahətini artırırdı.
Cavan Seyid Əzim indi iki hiss keçirir, iki düşüncə arasında çaşıb qalmışdı.
Birtərəfdən ilkin gördüyü məclisdəki gözəllik, musiqi, gözəlin ecazkar rəqsi onun
bütün varlığını, gənc ürəyinin dərinliklərinə qədər fəth etmişdi. O, Sonanın
rəqsindəki incə ahənginə məftun olmuşdu. Qız onun gözü önündə nağıllarda
eşitdiyi pəriləri, daha sonra ruhani babasının o dünyada, behiştdə görə biləcəyini
vəd etdiyi huriləri canlandırmışdı. Gənc şairin qəlbində indi başqa ahəngdə, başqa
vəzndə, rədif və qafiyədə bədahətən gələn bir qəzəl yaranırdı.
Dostları ilə paylaş: |