101
- Tərlan deyir ki, Ağa narahat olmasın, gedələr dəyirmanda olacaq, axşam
azanından sonra zəhmət çəkib gəlsin. Evdə səndən, məndən, bir də bədbəxtimdən
başqa heç kim olmayacaq...
Bu "oğurluq" görüş şairin qüruruna toxunurdusa da başqa çarəsi yox idi, dostu
Tərlan ağır xəstə yatır, onu görmək istəyir, məgər getməmək olarmı?
...Qadın heç kəsin naümid qayıtmadığı qapıdan ürəyi ümidlə dolu çıxdı. O,
Tərlana süd verdiyi döşlərinin arasına bir də bir canamaz sıxmışdı. Yazıq ana,
oğluna bu köhnə, tarixi bəlkə də yüz ilə keçmiş, nəsil canamazından daha çox ümid
gözləyir, oğlunun sağalıb ayağa durması üçün nəziri nəzir dalınca deyirdi...
...Qalabazar məscidinin minarəsində Kəblə Mürvət "Lailahə İlləllah" deməyə
başlayanda şair, evlərindən çıxdı, ona elə gəldi ki, indicə darvazadan on qədəm
aralıda əli qələmkar boğçalı Məşədi Qənbəri görəcək. Kədərli olsa da bu təsadüf
ehtimalı onu gülümsətdirdi, lakin bu gün nədənsə Məşədi Qənbərə rast gəlmədi,
görünür kişi ya tez qayıdıb, ya da qüslünü gecikdirib. O gedir və düşünürdü:
"Qəribə aləmdi bu aləm, burada arvadlarını o dünyaya yolladıqca, təzə cavan arvad
alıb "səvaba nail olan", səhər-axşam qüsl, namaz və orucla, ibadət, zikrlə məşğul
olan Məşədi Qənbər "müqəddəsdi"; az qala bigünah oğul qatili Qapaqlı hörmətə
minir; yüz baş kəsəndən sonra tövbə əstəğfar edən Alış izzət sahibidi... Bu aləmdə
Tərlanların, Rzaların, Əzimlərin nəsibi niftin, nifrət, söyüş qarğışdı... Görəsən, bu
nə vaxtacan belə olacaq? Yox, Mahmud ağa da, Ağaseyidəli də, dostlarım da haq-
lıdır. Mən əgər bu el-camaata xidmət eləmək istəyirəmsə, getməliyəm, təhsilimi
artırıb qayıtmalıyam. Elə başnan qayıtmalıyam ki, avam, yazıq olmuş millətimin
başını piyləyənlərin, gözünü bağlayanların qabağında duruş gətirə bilim. Yoxsa
cənab Rza bəy kimi mənim də məktəbimə heç kəs uşaq verməz, mən mütləq
Tərlanı da dilə tutmalıyam; o da oxusun, təhsilini artırsın və biz, cənab Rza bəyin
yarımçıq qalmış işini davam etdirək, özü də elə bir təhsil və savadnan ki, heç kəs
döşümüzə durmasın. Təkcə arzudan bir şey çıxmaz, bu arzunu yerinə yetirmək, işə
çevirmək üçün bitikbaş lazımdır..." O bir aydan bəri Nəcəfuləşrəfə təhsilə getmək
haqqında düşünməyə başlamışdı.
Fikir dəryasına qərq olduğu halda, Tərlangilin mənzilinə çatdı. Qapaqlının
darvazası bağlı idi. Şair tərəddüd içərisində qapının önündə dayandı. Ehtiyatla əlini
öküz başı şəklində qayrılmış bürünc caxçaxa uzatdı. Çalmaq istəyirdi ki, qapı
içəridən açıldı... İlk azan səsindən bəri ana onun yolunun intizarında, örtülü
darvaza dalında durub gözləyirdi...
102
-Axşamınız xeyir, Bircə xala, Tərlan hardadı?
-Xeyir günlər görəsən, Ağa, içəri otaqda, buyur...
Onlar ala-qaranlıq həyətdən keçib Tərlanın yanına gəldilər. Qapıdan içəri girən
kimi, şair yataqda uzanmış dostunu gördü və heyrətdən donub qaldı. Görmədiyi bir
ay ərzində Tərlan necə də dəyişmişdi, arıqlamışdı, dəyirmi sifəti uzanmış,
alagözləri çuxura düşmüş, çatma qaşları quyu dibindəki su kimi ölgün işıq saçan
bu gözlərə kölgə salmış, yanaqları çökmüş, gənclik təravətini itirmiş, üzünü tük
basmışdı... Alnındakı yara sağalmışdısa da, qaraşın dərisində yara yeri ağ bir çapıq
əmələ gətirmiş, üzünün gözəlliyini xeyli korlamışdı. Əynindəki ağ köynək
solğunluğu bir az da artırmışdı. Xəstə yerində qurcalandı, qalxmağa təşəbbüs etdisə
də bacarmadı. Şair cəld özünü yetirib yatağın yanına salınmış nimdərin üstündə
oturdu və xəstəni qalxmağa qoymadı, çiyinlərindən basdı, sonra da əyilib alnından,
çapığın üstündən öpdü:
-Durma, durma...
-Görürsən də, Ağa...
-Görürəm...
Ana onları tək qoyub, oğlunun əziz qonağı üçün çay dəmləməyə getdi.
ikilikdə qaldılar. Əvvəl sözü nədən başlayacaqlarını heç bilmirdilər. Sükut xeyli
sürdü. Sonra qırıq-qırıq əhval-pürsan başladı.
-Mahmud ağa necədi?
-Yaxşıdı, sənə salamı var, hey soruşur, aradan-bərədən xəbər tutur...
-Bilirəm, sağ olsun...
-Hamımızın canı yanındadı... Xəstənin solğun üzü azacıq işıqlandı:
-Bilirəm... sağ olun, İrza bəyin işi nə yerdə qaldı?
-Birtəhər, tövlə otaqlarının birini məktəb üçün ayırıb, düzəltdirir, bir miqdar pul
da hasil olub, cənab Mahmud ağadan, Kərim bəydən... ustul-mustul aldırır...
-Allah köməyi olsun...
Şair dostuna ürək-dirək vermək üçün dedi:
-Hərə bacardığını eləyir, inşallah sən də durarsan köməkləşərik.
Tərlanın üzündəki ələm buludu sıxlaşdı, dodaqlarını istehzalı bir təbəssüm
əydi:
-Xeyr, Ağa, daha mən heç, mən cərgədən çıxdım...
-Elə niyə?
103
-Özün yaxşı bilirsən, Ağa, mənə dəyən elə dəyib ki, mən bir də
dost-aşna, tay-tuş içinə çıxa bilmərəm...
Dostundakı bu ruh düşkünlüyü şairi dəhşətə gətirmişdi. "Xarab olasan
zəmanə, nə canları məhv eləyirsən... nə əməlləri puça çıxardırsan... Cavan
bir insan, hələ həyata əməlli-başlı qədəm qoymamış, sütül, amma məğrur
bır insanın mənəviyyatıni belə qıran adət, ənənə məhv olsun; ata da olsa,
oğlunu tay-tuş içində xar-zəlil eləyən qapaqlılar, molla Qurbanqulular,
Alışlar dünyası... səni məhv etmək vacibdir. Bunun üçün isə dostum
Tərlan, ruhdan düşmək, ayaq yeri qoymaq yox, əlləşib-vuruşmaq lazımdır".
O, kədərlə dostunun yaşlı gözlərinə baxdı:
-Dost-aşnanı elə kəmfursət bilmə, Tərlan...
-Allah eləməsin... amma sən şirvanlılara, Şamaxı bazarına bələdsən.
Mən bir də bu üzlə hara çıxa bilərəm? Görən kimi ağzıgöyçəklər adıma bir
çapıq ləqəbi qoşacaqlar. Bir də Tərlan sözü dillərinə gəlməyəcək. Heç bir
çarəm qalmayıb.
O, çox şey demək istəyirdi. O demək istəyirdi ki, "Sonadan sonra mən
bu diyarda qala bilmərəm. Mənim bütün xoş arzularım, istəklərim,
məhəbbətim boğulub, məhv olub, səraba dönüb!.. İndi mən nəyəm ki,
atasının təhqir elədiyi, xar-zəlil elədiyi bədbəxt bir cavan... Sevdiyimi
əlimdən aldılar, özümü bu kökə saldılar... Heç bir iş tuta bilmərəm, əlimə
nə alsam əlimdən düşər... El içində biabır olmuşam. İndi də atam təzə
pəstəha açıb..." O elə bu cümlədən də başladı:
-Ağa, indi də atam təzə bir pəstəha açıb. Məni evləndirmək istəyir.
Hamısını bilməsən də, bəzi-para şeylərdən xəbərdarsan. Mən istəmədiyim
adamla evlənə bilmərəm... İstədiyimi də əlimdən aldılar...
Şair gözlərindən yaş süzülən dostuna qəmli-qəmli baxır və düşünürdü:
"Görəsən, kimdi istəklin ki, atan onu da əlindən alır? Bir zaman Sona səni
məndən soruşmuşdu... Yoxsa... odu? A bədbəxt dostum, deyimmi? Səni
sakitləşdirimmi ki, Sona ölməyib, camaat arasına yayılan təki qaçaqlar onu
dağlara çəkib aparmayıb, gizləndiyi yeri bilirəm... Yox, bu ola bilməz... bu
mənim sirrim deyil! Həm də Tərlan onunla evlənməyi ağlına da gətirməz.
Atasını tanımırdımı ki, elə boş xəyallara düşsün? Yəqin başqa kasıb-kusub,
yctim-yesirin biridi. Qapaqlı da razı olmur. İndi ki, özün demirsən, dəxi
mən neynəyim, sənə nə kömək eləyim, a yazıq?"
Tərlan isə düşünürdü: "Deyimmi, deyimmi ki, mütrüfün öldürülməyi,
Sonanın aparılmağından sonra bu kökə düşmüşəm... Deyimmi ki, Sonam
məni bu dərdə salıb?"
Dostları ilə paylaş: |