112
gecəsini həmin həyəcanların, duyğuların təlatümü içində yatdı. Yuxuda da
Sonanı gördü... Qəribədir. Sona elə bil lap anası idi, yaxınında idi, yaxınına gəldi,
əlini onun yanan alnının üstünə qoydu: "Yat, arxayın yat, mən görmüşəm, yaxşıca
qızdı, lap sənə layiq... Qorxma... İstəyirsən, gəl sənə göstərim..." Sona gərdəyin
pərdəsini qaldırdı... pərdənin dalında üzüi duvaqlı bir qız dayanmışdı, duvaq açıldı,
amma şair qızın üzünün cizgilərini ha çalışdısa da ayırd eləyə bilmədi... "Belə
görmək olarmı, Sona, - dedi, sən de məni aldadırsan?.." "Yox, yox, aldatmaq niyə,
heç aldatmıram, Ağa, yesirin olum, vallah, görmüşəm..." O ayıldı... Sərasimə
ayıldı. Lakin hamısından qəribəsi bu idi ki, indi artıq o, Sonanı nə yuxuda, nə
oyaqlıqda bir aşiq gözü, qəlbi ilə görə bilmirdi... Bütün günü yuxu yadından
çıxmadı, bəy hamamından çıxanda da, özünə bəy otağında sağdış-soldışı ilə oturub
təbrik hədiyyələri qəbul eləyəndə də...
...Qolundan tutub içəri apardılar. Əvvəlcə yengə Əzizbikə onu sağdış və
soldışdan ayırıb, gərdək qurulmuş otağa gətirdi. Burada anası durmuşdu: sevincdən
rəngi allaşmış, gözləri par-par yanırdı. "Can ana, sən özün elə lap cavan gəlinsən,
niyə bəs qayınana olmağa tələsdin?" Minasoltan oğluna yanaşıb, xeyir-dua verdi,
alnından, gözlərindən dönəm-dönəm öpdü.
- Toyun mübarək, oğul, oğul-qız atası olasan, xoşbəxt olasan, get, Ceyran
gəlinim sənin intizarındadı...
Onlar yengə ilə birlikdə çıxdılar. Seyid Əzim üstü tirmə başlıqlı al zərxara
pərdəni qaldırıb içəri girdi:
...Taxt döşəyinin üstündə oturmuş gəlin ipəklər, məxmərlər, qanovuzlar içində
itib batmışdı. Ceyran, bəyin içəri girdiyini duyunca ayağa qalxdı. Məxmər
qırçıntuman, qaymağı xara arxalıq, bənarə örpək üstündən salınmış duvaq gəlinin
boy-buxununu, üzünü gizlətmiş, onu bir topa ipəyə, ipək yığınına çevirmişdi. "Səni
başa düşməyə çalışacağam, sevə biləcəyimi deyə bilmirəm, amma başa düşməyə,
dərk etməyə çalışacağam. Səndə də belə bir səbir, belə bir arzu olacaqmı? Qurban-
lıq quzu kimi bəzədilib gətirilən gəlin, məni tanıyırsanmı, heç olmasa bircə dəfə
görmüsənmi? Bəlkə də, görmüsən..." O, tərəddüd içində durmuşdu. Bir tərəfdən
gəlinin üzünü tez görmək istəyir, digər tərəfdən duvağı onun üzündən götürməyə
qorxur, ehtiyat edirdi.,. Nəhayət, maraq bu hissə qalib gəldi, o yaxınlaşdı, sağ-
soldışının öyrətdiyi kimi "Xoş gəlmisən" deyə üsulluca al duvağı gəlinin üzündən
qaldırıb dalına atdı və ayağını yüngülcə basmağa tələsdi. Duvaq altından şairin
üzünə birparça nurparladı... Gəlinlikpaltarında, məşşatə bəzəyindən çıxmış,
113
duvaqlı qız-gəlin həmişə gözəldir, çirkin də bu geyimdə babət, gözə-şirin
görünə bilər... Amma Ceyran, doğrudan da, gözəl idi... "Birparça nur... bir parça
nur kimi". Şair bundan özgə bu dəmdə söz tapa bilmədi... "Afərin, əhsən, əgər
əqlin-kamalın da, tərbiyən də gözəlliyinin yansınca varsa, bəxtim işləyib" deyə
düşündü və bəxtiyarlıq içində gülümsəyib qızın əlindən tutdu: "Sənə demədimmi,
qorxma, demədimmi?"
-elə bil qəlbinin ən dərin bir guşəsinə çəkilmiş ilham pərisi ona səs verdi. O
artıq fərqinə varacaq halda deyildi, bilmirdi bu səs kimindir:
Sonanınmı, anasınınmı, könlününmü?..
...Onlar hələ kəlmə kəsməmiş, yengə Əzizbike əlində aftafaləyən içəri girdi,
Qafarın təlimi yadına düşdü: "Əvvəlcə iki rükət namaz qılmalısan, sonra gəline əl
uzadıb, duvağını başından götürərsən", Seyid Əzim, gülümsədi, "Bay evin tikilsin,
aadə, telimin, yadımdan lap çıxıb ki! Ceyranı görməyə elə mayil idim ki, Qafarın
dediklərini deyəsən lap alt-üst eləyəcəyəm". O, aftafanı görürüb dəstəmaz almağa
başladı. "Yaxşı ki, Əzizbikə gəlin tərəfə baxmadı, yoxsa qaydanın pozulduğunu
görəcəkdi. Belə də adət olar? Sən ölməyəsən, Qafar, səni bilmirəm, mən belə adəti
heç bəyənmirəm axı! Gərdəyə girəsən, cavan olasan, gəlinlə söhbət əvəzinə
başlayasan namaza". O, qəlbindən keçən bu sözlərə gülümsəyə-gülümsəyə namaza
başladı.
Ceyranın zahirdə anası Bikəxanıma bənzəməsi gəncin ürəyini ümidlə
doldurmuşdu: "Bəlkə, batində də oxşadı, eləcə nəcib, ağıllı oldu?.. Amma
Bikəxanım xala qızına Ceyran adı qoymaqda heç yanılmayıb. Bir də görursən
idbarın birinin adı Pərizad, Gözəl, axsağın adı-Maral, ifritənin adı - Huri, eh..."
Onun dili namazın kəlmələrini deyir, qəlbi isə gəncliyin ilıq-sıcaq hissləri ilə
dolurdu. Namaz qurtarana yaxın Əzizbikə bir də içeri girdi. Bu dəfə onun əlində
plov dolu dövrə vardı. "Hə, bu başqa məsələ, yoxsa acından qarnım curuldayır,sən
ölməyəsən, Bixud zalım gözüm görə-görə "Sənin payın behiştdə,yəni gərdəkdə" -
deyib qulağıma pıçıldayır, mənə hər nə gətirirdilərsə, hamısını içəri ötürürdü; bu
gün, səhərdən utandığımdan, nigarançılıqdan dilimə heç nə dəyməyib... Yəqin sən
də elə, hə?"
Əzizbikə süfrəni düzəldib gedən kimi o, gəlinə elə bu sözlərlə də müraciət
elədi. Dövrəni aralarına qoyub oturdu:
- Bixud mənə, payın gərdəkdə deyib, ac qoyub; yəqin sən də elə, hə? Gəl birgə
yeyək, Ceyran. Yoxsa sən yemisən?
Bayaqdan bəri bəyin hərəkətlərini gözaltı süzən Ceyran bəxtiyarlıqla
gülümsədi: