______________ Azərbaycan Milli
Kitabxanası_________________
196
BİGANƏ DEYİL!
Qan qardaşıma
Uzaqdan-uzağa görürəm ki, mən
Gözlərindən axan qandır, yaş deyil,
Səndə uzun illər işgəncələrə,
Əzablara dözən candır, daş deyil.
Od tutub alışan bu şair könül
Sənin dərdlərinə biganə deyil.
Orda yasxanasız bir ev görmürəm
Ömrü qaragünlü yeganə deyil.
Ordan qan, əsarət qoxusu gəlir,
Sözüm həqiqətdir, əfsanə deyil.
Doğru söz yasaqdır, şadlıq yasaqdır,
Məgər bütün ölkə qəmxanə deyil?
Başı qara gündən qartək ağaran
Analar ağ günçün övlad doğurlar.
Behiştin açarı boyunlarında
Qırılır cəbhədə bədbəxt oğullar.
Sizin bu dözülməz faciənizə
Ürəyi yanmayan heç insan deyil.
Gecələr Təbrizin məzarlığında
Kim deyir ağlayan Süleyman deyil?!
YARALI YOLLAR
Mən çoxdan tanışam sizinlə, çoxdan,
Mənə doğmasınız oralı yollar!
Burda başdan-başa güldür, çiçəkdir,
Siz dərdli yollardan aralı yollar.
______________ Azərbaycan Milli
Kitabxanası_________________
197
Sizi bu sevdiyim qoca dünyada
Bir günüm olmur ki, salmayım yada.
Sinənizdən keçən yolçuların da,
Keçir ömrü, günü qaralı, yollar!
Mənə uzun illər deyir ki, ürək –
"Sevənlər ümidsiz olmasın gərək".
Bir gün birləşəcək şübhəsiz, gerçək,
Oralı yollarla buralı yollar.
Məni danlamasın hər yoldan ötən,
Bir vahid millət var, bir vahid vətən.
Gərək yaranızı mən sağaldam, mən,
Yadlar tapdağından yaralı yollar!
TƏSƏLLİ
Yenə hər ilkitək Şüvəlandayam,
Əkdiyim ağaclar qocalır məntək.
Deyirlər: - Bununçun qəm yeməz adam,
Onlar qocaldıqca ucalır səntək.
Xoşuma gəlsə də bu sözlər mənim,
Hər yaş çağrılmamış qonaqtək gəlir.
Sınaq dəryasından şeir yelkənim
Yenə zəfər çalmış bayraqtək gəlir.
Hər gün eşidirəm xoş sözlər, hər gün,
Dayağım öz vətən şeirlərimdir.
Yaşımı azaltmaq deyildir mümkün,
Təsəllim gəncləşən şeirlərimdir!
______________ Azərbaycan Milli
Kitabxanası_________________
198
ZİNDAN GÖRÜRƏM
Zülfini bas yarama, qoyma məni qan aparır
S.Ə.Şirvani
Baxaraq mən o taya tinbaşı zindan görürəm,
Zülmə, işgəncəyə məruz sayı yox can görürəm.
Qara bir pərdə çəkib gözlərə əmmaməlilər.
Başkəsənlərdə nə qeyrət, nə də vicdan görürəm,
Eşqi zindanda yatan sevgili təbrizli qızı
Gözləri nəmli, yenə zülfü pərişan görürəm
Car çəkir gördüyünü ellərə qəm yüklü bahar,
Şehli yox, gülləri al qanlı gülüstan görürəm.
Yandırırlar yenə də şerimi, məktublarımı,
Bağlayıbdır yolu düşmən kimi hicran görürəm.
Zülmə qarşı bu çətin cəbhədə mən tək deyiləm.
Orda çox eşqi Süleymanlı Süleyman görürəm!
FƏLAKƏT TƏBİLİ
Xəzan qoşun çəkib baharın üstə,
Gülşəndən qanqalı yolmaq vaxtıdır.
Əlləri, dilləri bağlı dostları
Cəlladlar əlindən almaq vaxtıdır.
Halı pərişandır orda ellərin,
Yenə bağrı qandır orda ellərin,
Həyatı zindandır orda ellərin
Onlara havadar olmaq vaxtıdır.
Tökdüyü qanlardan zövq alanların,
Millətin dərdinə şad olanların
Vətəni satmaqçın doğulanların,
Canına vəlvələ salmaq vaxtıdır.
Ordan namə gəlir adına bol-bol,
Səninçin yaxından yaxındır ki yol
______________ Azərbaycan Milli
Kitabxanası_________________
199
Niyə dayanmısan, Süleyman, tez ol,
Falakət təbili çalmaq vaxtıdır!
TƏBRİZLİLƏR
Doğmadır könlümüzə qeyrəti təbrizlilərin,
Beçə baldan da şirin söhbəti təbrizlilərin.
Bilirəm xeyli zamandır ki, mənimtək –
bilirəm Bir vüsal arzusudur həsrəti təbrizlilərin.
İgid övladları dar gündə itirməz özünü,
Yayılıb yer üzünə qüdrəti təbrizlilərin.
Ölümün dik gözünə baxmağa öyrənmişlər,
Bəllidir yadlara bu cürəti təbrizlilərin.
Dözməz haqsızlığa, tarix bunu çox yaxşı bilir,
Kişilikdir belə xasiyyəti təbrizlilərin.
Duz-çörək kəsmişəm onlarla ağır günlərdə,
Doğruluqdur əbədi sərvəti təbrizlilərin.
Yaxşı niyyətlə gələn qəlbi təmiz hər qonağa
Hər zaman hədsiz olur hörməti təbrizlilərin.
Analardan süd əmir körpəcə Səttarxanlar,
Olacaq hər biri şan-şöhrəti təbrizlilərin!
ÖZÜMDƏ QALIB
Adın dilimdə, bu gün də şirin dilimdə qalıb
Gözüm yolunda gözəl - dərdli Təbrizimdə qalıb.
Səninlə yollar ağartdıq dünən o yerlərdə,
Bu gün yəqin ki, o tayda ayaq izim də qalıb.
Haray çəkib gecə-gündüz, vüsal deyib gəzirəm,
Nə yaxşı ki, hələlik taqətim dizimdə qalıb.
Uzaqdasan, mənə yalnız təsəlli varsa budur –
Ömürlük, ey gözəlim, surətin gözümdə qalıb.
Süleymanam sənə qurban, görüşməsək də bu gün
Məhəbbətin ürəyimdə, mənim özümdə qalıb!
______________ Azərbaycan Milli
Kitabxanası_________________
200
SÜLEYMANA GÖSTƏRİN!
Cənublu qardaşlarıma
Qırx il var ki, görməmişəm Təbrizi,
Ordan mənə bir nişana göstərin.
Özünüzü hər bu taya gələndə,
Ayrılıqdan bağrı qana göstərin.
Əlinizdə hər nə varsa oralı
Şair könlü pərişana göstərin.
Sinəsinə həsrət dağı çəkilmiş,
Hamınızdan nigarana göstərin.
Yaşarsa da bu görüşdən gözləri
Onun kimi yana-yana göstərin.
Heç olmazsa cansız kino lentada
Təbrizini Süleymana göstərin.
Sizin üçün böyük "günah" olsa da
Mən imansız müsəlmana göstərin!
HƏSRƏTİMİN YAŞI
Həsrətimin yaşı çoxdur yaşımdan,
Hicran dərdli bir insanam, a dostlar!
Bu həsrəti soruşun göz yaşımdan
Ayrılıqdan bağrı qanam, a dostlar!
Döyüşlərdə mərd oğullar itirən,
Bağçaları qara güllər bitirən,
Dumalarla mənə xəbər yetirən
O sahildən nigaranam, a dostlar!
Mən nə çörək, nə şan-şöhrət acıyam,
Nə məhəbbət, nə hürriyyət acıyam.
Vahid vətən, vahid millət acıyam,
Cənub dərdli Süleymanam, a dostlar!
Dostları ilə paylaş: |