Böyük jurnalist Rəşid Mahmudovun və
həyatdan cavan getmiş əziz qızının xatirəsinə
Rəşid Mahmudovun bir qızı vardı,
Bir parlaq, bir nurlu ulduzu vardı.
Ən gözəl istəyi, arzusu vardı,
Qəlbində apardı, torpaqda qaldı!
O qız cavan ikən getdi qəfildən,
Ayrıldı obadan, ayrıldı eldən.
Heç seçmək olmurdu o qızı güldən,
Ətri neçə yaşıl budaqda qaldı!
Tale rəhmsizdi, ömür vəfasız,
Dünyada bir insan yoxdur cəfasız.
Dünya səfasızmış, necə səfasız!..
Gizlicə göz yaşı yanaqda qaldı!
Dekabr, 2008
Yazıçı Valeh Musayevin əziz xatirəsinə
O, dostluğun
səsli- küylü sahili idi,
Haqqı haqqa birləşdirən
əli idi.
Xoş xəbərin, xoş müjdənin
dili idi,
İsmayıllı dağlarının gülü idi!
Onu yaxşı tanıyanlar
neçə dəfə deyib:
Heyif ondan!.. Heyif, heyif!..
1994
Alimlər içində seçilərdi o
Görkəmli alim-pedaqoq İsrayıl
Həsənovun ölməz xatirəsinə
Alimlər içində seçilərdi o,
Həmişə mülayim təbiətilə.
Sakit danışardı, sakit dinərdi,
Boğardı köksündə qəzəbi belə!
Bağlar arasıyla addımlayardı,
Ömründə tələsən görməzdin onu.
Ağır təbiətli bir insan kimi
Yadıma salıram vətən oğlunu!
“Yüz ölçüb, bir biçib” sonra dinərdi,
Durardı sözünün arxasında o!
Getdi, bu dünyadan getdi, çox heyif,
Ömrümün çiçəkli, xoş yazından o!
Alimlər içində seçilərdi o,
Yatdığı torpağı vətən sayıram!
İndi nəzər salıb ötən günlərə,
Ölməz bir insanı xatırlayıram!
1984
Çox vaxtsız getdi
Xalıd Həsənovun xatirəsinə
Bu nurlu dünyadan çox vaxtsız getdi,
Bizi qəmli qoydu, kədərli etdi.
Dünən nəğmə ötən bu günsə itdi, -
Ömrün gənc yaşında, cavan yaşında!
Həmişə qəlb açan işlər görərdi,
Halal zəhmət ilə ömür sürərdi,
Azı götürərdi, çoxu verərdi,
Səxavət daşardı nur baxışında!
Tufana, sazağa sinə gərərdi,
Möcüzə hörərdi, heyrət hörərdi.
Ay aman, itirdik belə bir mərdi,
Yazın bu şerimi ömür daşında!
Aprel, 1991
Hacı Seyfəddin Həsənovun
xatirəsinə
Kəndin ətəyində yaşasa da o,
Kəndin başında da baş bilən idi.
Uşaqla uşaqdı, böyüklə böyük,
Ürəkdən danışan, həm gülən idi!
Xeyri soraqlayan, şəri daşlayan,
Daim yaxşılıqla sözə başlayan.
Yaxşı insanları sevib xoşlayan,
Dədə Qorqud kimi bir ərən idi!
Gözəl danışardı, gözəl dinərdi,
Mərdlər meydanında dönməz hünərdi.
Səsi gah ucalar, gah da enərdi,
Həyatda ucalıb yüksələn idi!
Halallıq tacıydı, düzlük sərrafı,
Bulağın gözüydü, çayın şəffafı.
Təmizlik timsalı, ülvilik safı,
Haraya hamıdan tez gələn idi!
Getdi bu dünyadan səksən bir yaşda,
Qaldı ürək qəmdə, gözlər də yaşda.
Döndü xatirəyə bir mərmər daşda,
Ağlayan gözlərdən yaş silən idi!
Dekabr, 2004
Hacı baba
Birdən-birə Hacı getdi,
elimizin tacı getdi!
Mərhəmətə şirin,
pisliyə acı getdi!
İnanamadım,
günəşin saçağı,
saçı qırıla,
İnsanlığın tacı qırıla!
Bir dağ getdi
arxamızdan,
Bağban getdi
bağçamızdan,
bağımızdan!
Elə bil ki,
çayımızdan
su soğuldu!
Ayımızdan işıq getdi,
nur dağıldı.
Onun ayaq izlərini
axtarırıq yolda, izdə!
İndi görün
nə nursuzdur,
işıqsızdır kəndimiz də!
Heyif səndən,
Hacı baba, Hacı baba!
Sən olmuşdun
başımızın tacı, baba!?
tacı, baba?!
Hacı baba!
Dekabr, 2004
Vətən örnəkli
Lahıc elinin müdrik oğlu Seyid
Mirsadıq Sadıqova
Bu dağların dünya görmüş oğlusan,
Ay dağlar ürəkli, Mirsadıq dayı.
Şirin söhbətlisən, şəkər sözlüsən,
Xoş arzu- diləkli, Mirsadıq dayı!
O geniş qəlbinin böyükdür kamı,
Sevdin bu dünyada yaxşı adamı.
Dedin ki, zəhmətlə ucalsın hamı,
Halal duz-çörəkli, Mirsadıq dayı!
Sən ki, əyilmədin nadan önündə,
Qılınca çevrildi səsin, ünün də,
Ellərin dumanlı, çənli günündə,
Sən oldun gərəkli, Mirsadıq dayı!
Sənin gözlərindən oxudum da mən,
Görmüsən dünyanın hər üzünü sən.
Demisən vətənə haqq sözünü sən,
Ey vətən örnəkli, Mirsadıq dayı!
1984
Şair dostum Ağa Laçınlının xatirəsinə
Bu günü görürdü, bilirdi,
bilici idi.
Haqq, ədalət qəlbinin
içi idi!
Zirvəyə qalxardı,
enişə getməzdi.
Oturuşunun-duruşunun
yerini bilərdi,
Heç kimin yerini
dar etməzdi!
Sadə, səmimiydi həyatda,
Ona doğma idi
bu məmləkət kimi kainat da!
Esxildən, Homerdən,
Nazim Hikmətdən
söz açardı!
Hüseyn Cavidin, Səməd Vurğunun
ayağı dəyən yerə qaçardı!
Azərbaycanın bütövlüyünü
görmək istəyirdi,
Kaş ölməyəydim bu günü
görəydim deyirdi!
Gördü də, bildi də!
Müstəqillik həsrətini
ürəyindən sildi də!
Dekabr, 2007
Düz sözlü oldu
Jurnalist Famil Abbasovun xatirəsinə
Ölümün yadları sevindirsə də,
Fəqət dostlarının bağrını yardı.
Düşündüm mən səni, yaxındın mənə,
İndi uzaqlığın qalın divardı!
Nə təz tərk elədin dostlarını sən,
Ey mərdlik simvolu, sərtlik simvolu.
Sən düz əqidəli, düz sözlü oldun,
Unutmaq mümkünmü belə oğulu!?
Bəs niyə oldu
Şair dostum Eldar Nəsibli
Sibir elin vaxtsız ölümünə
Sibirdə doğuldu, Sibirdə oldu,
Sonra gəldi bura, bu yerdə oldu.
Ən gözəl insan da, şair də oldu,
Bu ölüm bəs niyə, bəs niyə oldu,
Gözlərim qüssədən, kədərdən doldu!
Çoxdan tanıyırdım, çoxdan onu mən,
Şeyda bülbül idi elə hey ötən...
Düşmədi dilindən ana, el, vətən,
Bu vaxtsız ölümü bəs niyə oldu,
Çəməndə tər gülüm, çiçəyim soldu!
Bu nə faciəydi, qəzavü-qədər,
Gül kimi bir ömür tez oldu hədər.
Hələ yaşayası bir ər idi, ər,
Bu ölüm bəs niyə, bəs niyə oldu,
Ağaclar kövrəlib saçını yoldu!
O, Mövlud Teymurun yaxşı dostuydu,
Ömründə yalana, nə şərə uydu,
Həqiqət söylədi, həqiqət duydu,
Bu ölüm bəs niyə, bəs niyə oldu,
Getdi, xatirədə, yaddaşda qaldı!
Dekabr, 2010
Unudulmaz jurnalist-şair dostum
Alı Mustafayevin xatirəsinə
Alnı açıq, üz ağlı,
Xoşa gələn düz ağlı.
Sözü ötkəm, sanballı,
Alı yadımdan çıxmır!
Ana vətənə, elə,
Qara torpağa belə,
Bağlı cani-diləkdən,
Alı yadımdan çıxmır!
Kamı, duyxusu dərin,
Uyğusu şəkər, şirin,
Doğrusu bəhər, şirin,
Alı yadımdan çıxmır!
Mövlud, ürək qızdıran,
Pisi, şəri azdıran.
Bu şeiri yazdıran
Alı yadımdan çıxmır!
2005
Bərdəli şair dostum
Əli Mehdinin xatirəsinə
O özünü hər vaxt önə verərdi,
Dərd görəndə ona sinə gələrdi.
Öz işini ağayana görərdi,
Unutmaram mən o Mehdi Əlini!
O, dostluğun haqqa gedən yoluydu,
Ürəyi saf arzularla doluydu.
Kəlamları müdrikanə, uluydu,
Unutmaram mən o Mehdi Əlini!
Bir gün məndən ötrü düşdü qabağa,
İdarəni o qaldırdı ayağa.
Heyran oldu onda hamı bu dağa,
Unutmaram mən o Mehdi Əlini!
Mövlud Teymur rəhmətliyi yad etdi,
Böyüklüyü, qüdrətliyi yad etdi.
Yeri behişt, cənnətliyi yad etdi,
Unutmaram şair Mehdi Əlini!
2009
Şair dostum Səyavuş
Sərxanlının xatirəsinə
Şəmkirdən çox şair var,
Hər birinin öz yeri.
Var onlara deməyə,
Ürəyimdə söz yeri!
Xatirəyə dönübdü,
Həzin neyə dönübdü.
Bir nəğməyə dönübdü,
Çəmən yeri, düz yeri!
Uyuyur yol üstündə,
Ətirli gül üstündə.
Qərib bir yel üstündə,
Qoyub səda, səs yeri!
Ağı, nalə, niskildi,
Ona dözmək müşküldü.
Sevinc geri çəkildi,
Qəmdən qaldı köz yeri!
Mövlud, Səyavuşdu bu,
Gözdən axan yaşdı bu.
Mərmər şeir, daşdı bu,
Var silinməz iz yeri!
2008
Şair Vaqif İbrahimin xatirəsinə
Babalarının yanına
tələsirdi Vaqif,
Yol qəzasında faciəli şəkildə
hayıf oldu, hayıf,
bir göz qırpımında,
bir anda!
İndi yana-yana xatırlayıram
onu cahanda!
1982
Şair dostum Eldar Baxışa
Şer əlində mum idi,
Çırtdadığı tum idi.
Bir rahathulqum idi,
Düzürdü sətirlərə!
Daddıqca da dadırdı,
Qoxusuna batırdı.
Şəkərbura, nabatı,
Paxlavasıydı elə!
Nə doymağı gəlirdi,
Bunu aləm bilirdi.
Möcüzəydi, sehirdi,
Mat qalmışam bu sirrə!
1998
Şair Alim Məhərrəmlinin xatirəsinə
Özü öz içində vulkan idi o,
Nadanı yıxıdan tufan idi o.
Qıvraq, cəsarətli cavan idi o,
Sözünü dağlara söylədi getdi!
Şeirlər, nəğmələr yazan şairin,
Gözündən oxunan qəmiydi dərin.
Uçdu qanadında o neçə fikrin,
Dərdini göylərə o dedi getdi!
Bir ömür yaşadı o da yarımçıq,
Vermədi heç kimə tənə, nə acıq.
O, üzü ağ idi, o, alnı açıq,
Başını dünyaya yellədi getdi!
Günəşli gün idi, isti yay idi,
İçdiyi saf bulaq, duru çay idi.
Çinara tən idi, sərvə tay idi,
Çöllərə çox sağ ol elədi getdi!
Mövlud, başdan-başa sirdi bu aləm,
Şairin dərdini şairdir bilən.
Ölən o deyildir, dərdiydi ölən,
Vətənə can qurban o dedi getdi!
Dekabr 2010
Gözəl insan
Gənc yaşında dünyasını dəyişən şair
dostum Müzəffər Mehdinin əziz xatirəsinə
Bir şair var idi Müzəffər Mehdi,
Qovardı qəlbindən kədəri, dərdi!
Sevincə qoşulub axırdı çayda,
Səsi seçilirdi bu hay-harayda!
Heyf, tale onu çox gördü bizə,
Qaranlıq gətirdi gündüzümüzə!
İndi yana-yana xatırlayırıq,
Biz onu ən gözəl insan sayırıq!
1999
Qəliz söhbətdi
Jurnalist Mustafa Səlimovun xatirəsinə
Məqalə, hekayə yazan Mustafa,
Yazdıqlarında mərdi önə çəkən,
namərdi boynundan
basan Mustafa,
Əqidən bir oldu, sözün bir oldu,
Dünyanın çox işi
sənə sirr oldu!
Yaxşılıq etdiyin
dünənki “quzu”
Bu gün dönük çıxdı,
azğın şir oldu!
Özün də lap məətəl
qalıb danışdın,
Mən də qulaq asdım,
yandım, alışdım!
Dedim ki, nə üçün
belədir insan?!
Dönür birdən-birə
at olur, madyan!?
Dedin ki, ay Mövlud,
qəliz söhbətdi,
Həyat məhəbbətdi,
bir də nifrətdi!
2009
Bir dünyadır dəst qəlbi
Hörmətli dostum Məhyəddin Cavadova
Ömrüm keçdi Məhyəddinlə dağlarda,
Xoş günlərdə, xoş aylarda, çaglarda.
Heyran oldu bizə yaşıl, ağlar da,
Qoşqar, Kəpəz qol-boyundur dedilər!
Tilsimdəyik, sehirdəyik, ecazda,
Quşlar şirin segahdaydı bu yazda.
Açılırdı xoş arzu da, muraz da,
Çal-çağırda, toy-düyündür dedilər!
Mövlud Teymur, bir dünyadır dost qəlbi,
De kim sizə verib seyri, bu dəbi?!
Başlamaq da olmur heç vaxt bu təbi,
Sizdə ilham çox yeyindir dedilər!
İsmayıllı, Çandahar kəndi, 1980
Hörmətli həkim dostum
Minhac Mirzəyevə
Bir vaxt vardı dört tərəfin dost idi,
Ünvanlanan sənə sağlıq, tost idi.
“Zabul” idi, “ Segah” idi, “Rast” idi,
Harda qaldı o nəğmələr, o ünlər!?
Sənə tərif yağdırardı hər biri,
Düşmənini basdırardı lap diri.
Vəsf edərdi göstərdiyin hünəri,
Harda qaldı “mənəm-mənəm” deyənlər!?
Onda böyük vəzifəndə var idi,
Yad da gəlib sənə dogma yar idi.
Nə biləydin bunlar soyuq qar idi,
Harda qaldı o dumanlar, o çənlər!?
İndi özün nə haldasan, nə gündə,
Onlar gəzir səndən uzaq, çox gendə!
Yadlarına düşməyir pul verən də,
Harda qaldı o aclar, o gödənlər!?
Həkim dostum, dünya belə dünyadı,
Həris vara, həris pula dünyadı.
Ver ömrünü indi yola, dünyadı,
Qoyma bir də ömrə gələ o günlər!..
2008
Aşıq dostum Kamandara
Aşıq dostum, mizrabınla çalırsan
Yamanların kal başından sən yaman!
Ürəyimdən danışırsan hər zaman:
Hara qaçım bədxahların izindən!
İstəmirəm dünyamızı çən ala,
Kədər ala, qüssə ala, qəm ala.
Görürsən ki, ancaq düşmür yoluna,
Yaş sallanıb dünyamızın gözündən!
Ölüm-itim dünyasıdı bu dünya,
Yaxşı-pisin aynasıdı bu dünya.
Geci, tezi sınasıdı bu dünya
Nadanların vallah-billah üzündən!
1992
Document Outline
Dostları ilə paylaş: |