Nəşriyyat işi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun nəşriyyat işinin ümumi prinsiplərini müəyyən edir, nəşriyyat fəaliyyətinin təşkili və
həyata keçirilməsi ilə əlaqədar nəşriyyat işinin subyektləri arasında münasibətləri tənzimləyir,
onların hüquq və vəzifələrini müəyyən edir.
I fəsil
Ümumİ müddəalar
Maddə 1.
Əsas anlayışlar
Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları istifadə edir:
nəşriyyat - əsas fəaliyyət sahəsi müəllifə sifariş verməklə və ya müəllifin (müəlliflik hüququ
sahibinin) sifarişi ilə nəşriyyat məhsullarının hazırlanması, istehsalı və (və ya) yayımından
ibarət olan ixtisaslaşmış mədəniyyət müəssisəsi;
dövlət nəşriyyatı - dövlət təşkilatlarının təsis etdiyi və yaxud onların təşkilat strukturlarına
daxil olan nəşriyyatlar və nəşriyyat bölmələri;
qeyri-dövlət nəşriyyatları - xüsusi mülkiyyət və ya bələdiyyə mülkiyyəti əsasında yaradılmış
nəşriyyatlar;
nəşriyyat işi - nəşriyyat məhsullarının hazırlanması, istehsalı və yayımı ilə məşğul olan
hüquqi və fiziki şəxslərin təşkilati-yaradıcılıq və istehsalat-təsərrüfat fəaliyyətini əhatə edən
ictimai münasibətlər sahəsi;
naşir - nəşriyyat məhsulunun istehsalını maddi-texniki cəhətdən təmin edən (maliyyələşdirən)
nəşriyyat və yaxud əsas fəaliyyəti bu sahə ilə əlaqədar olmayan fiziki və ya hüquqi şəxs;
nəşriyyat məhsulu - çap üsulundan və formasından asılı olmayaraq nəşriyyatların (naşirlərin)
sifarişi ilə istehlakçı üçün nəzərdə tutulan kitab, broşür, albom, plakat, buklet, açıqca, elektron
nəşrlər və digər nəşriyyat məhsullarının məcmusu;
çap məhsulu - poliqrafiya müəssisələrində çap texnikası vasitəsilə hazırlanan dövri mətbu
nəşrlər, nəşriyyat məhsulları (elektron nəşrlərdən başqa) və bütün növlərdən olan poliqrafiya
məhsullarının məcmusu;
nəşriyyat məhsulunu istehsal edən - nəşriyyatın (naşirin) sifarişi əsasında nəşriyyat
məhsulunun tirajının, yaxud tirajın bir hissəsinin istehsalını və buraxılışını təmin edən fiziki
və ya hüquqi şəxs;
yayıcı - nəşriyyatla (naşirlə) müqavilə bağlamaqla, yaxud digər qanuni əsaslarla nəşriyyat
məhsullarının yayılmasını və satışını həyata keçirilən fiziki və ya hüquqi şəxs;
sifarişçi - maliyyə obyektlərini üzərinə götürməklə nəşriyyat məhsulunun hazırlanmasını,
istehsalını və yayımını sifariş edən fiziki və ya hüquqi şəxs;
tiraj - nəşr nüsxələrinin miqdarı;
kitabın beynəlxalq standart nömrəsi (İSBN) - hər hansı nəşriyyatın kitabının və ya
broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrə;
nəşr - nəşriyyat prosesindən keçirilərək texniki vasitələrin köməyilə sayı çoxaldılan yazılı və
audiovizual formada bir dəfə, yaxud dəfələrlə yayılan nəşriyyat məhsulu;
redaktə - nəşriyyat (naşir) tərəfindən müəllifə (müəlliflərə və tərtibçilərə) verilmiş sifariş
əsasında, yaxud müəlliflərin özünün təqdimatı ilə nəşriyyata daxil olmuş əsərin müəllifin
razılığı ilə elmi, ədəbi, texniki və bədii cəhətdən təkmilləşdirilməsi, ixtisar, dəyişiklik, əlavə
və düzəlişlər etməklə nəşrə hazırlanması;
nəşriyyat redaksiyası - nəşriyyat məhsullarının hazırlanması ilə məşğul olan, əsərləri çap
üçün hazırlayan əsas struktur bölmə;
redaktor - nəşriyyatlarda çalışan, yaxud müqavilə əsasında kənardan cəlb olunan, nəşriyyat
əlyazmasının mətnini elmi, ədəbi, texniki və bədii cəhətdən işləyib nəşrə hazırlayan aparıcı
mütəxəssis;
nəşriyyat proqramı - nəşriyyatın nizamnaməsinə, istiqamətinə uyğun olaraq nəşriyyatın
(naşirin) tərtib və təsdiq etdiyi rüblük, illik və çoxillik tematik layihə;
zəruri nəşrlər - siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən və dövlət
ehtiyaclarını təmin etmək üçün nəzərdə tutulan üstün nəşrlər;
nəşriyyat işinin subyektləri - nəşriyyatlar (naşirlər), müəlliflər, poliqrafiya müəssisələri,
nəşriyyat məhsullarının sifarişçiləri və yayıcıları.
Maddə 2.
Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.
Maddə 3.
Nəşriyyat işi sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin
vəzifələri
Nəşriyyat işi sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
nəşriyyat işi sahəsində sərbəstliyin təmin edilməsi;
nəşriyyat işinin maddi-texniki bazasının, təşkilati, hüquqi və elmi əsaslarının
möhkəmləndirilməsinə, milli kitab nəşrinin inkişafına yardım edilməsi.
Nəşriyyat işi sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:
nəşriyyat işinin inkişafına dair dövlət proqramının hazırlanması və həyata keçirilməsi;
nəşriyyat işi sahəsində inhisarçılığın qarşısının alınması;
əhalini, təhsil müəssisələrini və kitabxanaları latın əlifbası ilə nəşr olunmuş kitablara təmin
etmək məqsədilə xüsusi dövlət proqramının hazırlanması və həyata keçirilməsi;
Azərbaycan xalqının klassik irsi və milli-mənəvi sərvətləri sayılan əsərlərin dövlət sifarişi
əsasında nəşrinin həyata keçirilməsi, bu məqsədlə güzəştli kreditlər və dövlət tərəfindən
qrantların ayrılması;
nəşriyyatların maddi-texniki bazasının genişləndirilməsinin, poliqrafiya sənayesinin
inkişafının, nəşriyyat məhsullarının satışının stimullaşdırılması və kənd yerlərində kitab
yayımının təmin edilməsi;
idarə, müəssisə və təşkilatların dövlət dilində olan zəruri nəşrlərlə təmin edilməsi;
milli-mədəni sərvətləri əks etdirən kitabların dünya miqyasında təbliği məqsədilə onların
tərcüməsi, nəşri və yayılmasının stimullaşdırılması;
mətbuatın dövlət statistikasını aparmaqla, əhalinin və bazarın nəşriyyat məhsullarına olan
tələbatını, ehtiyaclarını və təkliflərini öyrənməklə nəşriyyatların işinin istiqamətləndirilməsi;
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq nəşriyyatlar arasında dövlət
satınalmaları keçirtməklə dövlət sifarişli dərsliklərin nəşrinin təmin edilməsi;
i
[1]
uşaq ədəbiyyatı, dərslik, elmi-texniki ədəbiyyat, tərcümə ədəbiyyatı, lüğət və
ensiklopediyaların, yazılı və şifahi mədəniyyət abidələrinin nəşrinə əlavə güzəştlərin müəyyən
edilməsi;
milli universal ensiklopediya nəşrinin dövlət vəsaiti hesabına həyata keçirilməsi;
qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının fəaliyyəti, habelə səhiyyə, elm və
əhalinin sosial müdafiəsi ilə bağlı nəşriyyat məhsullarının istehsalının dövlət sifarişi əsasında
həyata keçirilməsi;
Azərbaycan Respublikasını xarici ölkələrdə təbliğ etmək məqsədilə xarici dillərdə buraxılan
zəruri nəşrlərin dövlət tərəfindən maliyyələşdirilməsi.
Nəşriyyat işi sahəsində dövlət siyasətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Maddə 4.
Nəşriyyat işinin sərbəstliyi
Nəşr üçün nəzərdə tutulmuş əsərlərin, əlyazmaların və digər materialların senzurasına yol
verilmir.
Nəşriyyat materiallarının müəllif deyilərsə, dövlət orqanlarının, müəssisə və təşkilatların,
ictimai birliklərin, siyasi partiyaların, habelə vəzifəli şəxslərin nəşrə hazırlanan materialların
qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və yayılmasını qadağan etmək hüququ
yoxdur.
Nəşriyyatlar, poliqrafiya müəssisələri, yayıcılar tematik plan və proqram hazırlamaqda,
mövzu və müəlliflər seçməkdə, nəşrlərin tirajını, qiymətini və ticarət əlavələrini (güzəştlərini)
müəyyən etməkdə (dövlət proqramları əsasında hazırlanan, maliyyələşdirilən nəşrlərdən
başqa), öz aralarında və digər hüquqi və fiziki şəxslərlə əlaqə formalarını
müəyyənləşdirməkdə tam sərbəstidirlər.
Materialların hazırlanması zamanı tərcümə və müəllif mətnlərində müəlliflik hüququnu
qorumaq şərtilə ixtisarlara və redaktəyə yol verilə bilər.
Maddə 5.
Nəşriyyat işinin sərbəstliyindən sui‐istifadənin yolverilməzliyi
Nəşriyyat işinin subyektlərinin hazırladıqları, istehsal etdikləri və yaydıqları nəşriyyat
məhsullarında dövlət sirlərini yaymağa, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla
devirməyə, yaxud dəyişməyə, ölkənin təhlükəsizliyinə, dövlətin bütövlüyünə qəsd etməyə,
müharibəni, zorakılığı, milli, irqi, dini müstəsnalığı, dözülməzliyi, sosial ədavəti təbliğ
etməyə, habelə pornoqrafik xarakterli materialları nəşr etməyə və yaymağa, böhtan atmağa və
digər qanun pozuntularına çağırışlara yol verilmir.
II fəsil
Nəşrİyyat İşİnİn təşkİlİ və həyata keçİrİlməsİ
Maddə 6.
Nəşriyyat işi sahəsində fəaliyyətin təşkilati‐hüquqi formaları
Nəşriyyat işi sahəsində fəaliyyət mülkiyyətin bütün növlərinə əsaslanan müxtəlif təşkilati
hüquqi formalarda həyata keçirilə bilər.
Maddə 7.
Nəşriyyat işi subyektlərinin dövlət qeydiyyatı
Nəşriyyat (naşir), çap məhsullarını hazırlayan və yayıcı Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatına alınırlar.
(Çıxarılıb)
ii
[2]
Maddə 8.
Təsisçi (həmtəsisçi)
Hüquqi və fiziki şəxslər nəşriyyatların, poliqrafiya və kitab ticarəti müəssisələrinin təsisçiləri
(həmtəsisçiləri) ola bilərlər. Xarici hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının
bağladığı dövlətlərarası müqavilələrdə müəyyənləşdirilmiş hallarda təsisçi (həmtəsisçi) ola
bilərlər.
Təsisçi ilə onun təsis etdiyi nəşriyyat, poliqrafiya, yaxud kitab ticarəti və təchizat müəssisəsi
arasındakı münasibətlər nizamnamə, təsis müqaviləsi və mövcud qanunvericiliklə tənzimlənir.
Təsisçi nəşriyyatın tematikasını və (və ya) ixtisaslaşmasını müəyyənləşdirir, onun
nizamnaməsini təsdiq edir, qanunvericilikdə nəzərdə tutulan hallarda məhkəmədə iddiaçı və
ya cavabdeh kimi iştirak edir.
Təsisçi eni zamanda nəşriyyat məhsulunun naşiri, istehsalçısı və yayıcısı ola bilər.
Maddə 9.
Nəşriyyatın (naşirin) hüquq və vəzifələri
Nəşriyyatın (naşirin) aşağıdakı hüquqları vardır:
nəşriyyat məhsulu buraxılışının proqramını tərtib və təsdiq etmək;
nəşriyyat proqramını və müqavilə öhdəliklərinin yerinə yetirilməsini təmin edəcək
göstəriciləri müəyyənləşdirib öz redaksiyaları və digər struktur bölmələri arasında
paylaşdırmaq;
nizamnaməsində göstərilən fəaliyyət istiqamətlərinə (ixtisas yönünə) uyğun olaraq hər hansı
bir mövzuda bədii, bədii-publisistik, ictimai-siyasi və elmi xarakterli əsərlərin yaradılması ilə
bağlı sifariş almaq və vermək;
müəlliflərlə müəllif müqavilələri bağlamaq;
müəlliflərin əsərlərindən başqa ölkələrdə və xarici müəlliflərin əsərlərindən Azərbaycan
Respublikasında istifadə edilməsi üçün müəlliflərin icazəsi ilə xarici hüquqi və fiziki şəxslərlə
müəllif müqavilələrinin bağlanmasında vasitəçi kimi iştirak etmək;
xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə qanunvericiliyə uyğun olaraq müqavilələr
bağlamaq;
çap məhsulunun hazırlayanı və yayıcısı qismində çıxış etmək;
Azərbaycan Respublikasının qanunvericiliyinə və öz nizamnaməsinə müvafiq olaraq digər
istehsalat-təsərrüfat fəaliyyətini həyata keçirmək;
nəşriyyat tərəfindən hazırlanmış elmi, bədii və incəsənət əsərlərini müəyyən edilmiş qaydada
dövlət mükafatlarına, ictimai və beynəlxalq mükafatlara təqdim etmək;
müəyyən edilmiş qaydada beynəlxalq təşkilatların işində iştirak etmək, öz nəşrlərini milli və
beynəlxalq müsabiqələrə, sərgilərə, yarmarkalara təqdim etmək.
Nəşriyyatın (naşirin) aşağıdakı vəzifələri vardır:
istehlak ehtiyaclarının ödənilməsini təmin etmək;
öz məhsullarını dövlət standartlarına müvafiq tərtib etmək;
müəlliflik hüququna, dövlət standartlarının və beynəlxalq standartların tələblərinə, nəşriyyat
işini tənzimləyən normativ hüquqi aktlara əməl etmək;
nəşriyyat məhsulları haqqında dövlət hesabatını və məlumatı müəyyən olunmuş qaydada
təqdim etmək.
Nəşriyyat (naşir) qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan da istifadə edir və
vəzifələr daşıyır.
Poliqrafiya müəssisələri nəşriyyat məhsulu sayılmayan digər çap məhsullarının istehsalını
qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirirlər.
Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, nəşriyyat öz məhsullarının buraxılışına görə tam
məsuliyyət daşıyır.
Nəşriyyat dövri mətbu orqanın təsisçisi kimi çıxış etdikdə “Kütləvi informasiya vasitələri
haqqında” Azərbaycan Respublikası Qanununun normalarına əməl etməlidir.
Maddə 10.
Nəşriyyat məhsullarının istehsal edənin hüquq və vəzifələri
Poliqrafiya müəssisələri, istifadəsində poliqrafik, surətçıxarma və ya müvafiq texniki vasitələr
olan digər hüquqi və fiziki şəxslər nəşriyyat məhsullarını istehsal edə bilərlər.
Nəşriyyat məhsullarını istehsal, edən poliqrafiya müəssisələri nəşriyyatdan və naşirlərdən
daxil olan sifarişlər əsasında nəşriyyat məhsullarının istehsalını və buraxılışını həyata keçirə
bilərlər.
Sifarişlərin yerinə yetirilməsinin şərtləri və müddəti tərəflər arasındakı müqavilə ilə müəyyən
edilir.
Nəşriyyat məhsullarını istehsal edən poliqrafiya müəssisəsi poliqrafiya sahəsində dövlət
standartlarına və beynəlxalq standartlara, texniki şərtlərə və normativ hüquqi aktlara əməl
etməlidir.
Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa nəşriyyat məhsulunu istehsal edən
poliqrafiya müəssisəsi nəşrin hazırlanmış tirajını və ya onun bir hissəsini, nəşrin orijinal
nüsxəsini, maket və fotoları və ya çap formalarını sifarişçinin icazəsi olmadan başqasına verə,
habelə nəşrin əlavə və təkrar tirajını çap edə bilməz.
Maddə 11.
Sifarişçinin hüquq və vəzifələri
Hər bir hüquqi və fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada nəşriyyat
məhsulunun sifarişçisi ola bilər.
Sifarişçi qismində müəlliflər (həmmüəlliflər), tərtibçilər (həmtərtibçilər) və tərcüməçilər
redaksiya-nəşriyyat işlənməsi, hazırlanması və buraxılışı üçün aşağıdakı materialları
nəşriyyatı (naşirə) təqdim edə bilər:
belletristik, ictimai-siyasi, reklam, məlumat, tədris, elmi, tətbiqi və texniki səciyyəli əsərlər;
çıxışlar, mühazirələr, nitqlər, məruzələr, moizələr;
mətnli və mətnsiz musiqi əsərləri;
dram, musiqili dram əsərləri;
tətbiqi sənət əsərləri;
fotolar, illüstrasiyalar, xəritələr, planlar, eskizlər;
tərcümələr, işləmələr, annotasiyalar, icmallar, xülasələr, əsərlərin digər işləmələri və əsasında
törəmə əsərlər yaradılan, orijinalın məzmununa ziyan vurmayan folklor işləmələri;
almanaxlar, antologiyalar, ensiklopediyalar və digər toplular;
digər əsərlər.
Sifarişçi nəşrin dilini, həcmini, tirajını müəyyən edir və onun istifadə və yayımı qaydasını
müstəqil həll edir.
Naşir nəşriyyat məhsulunu hazırlayana (poliqrafiya müəssisəsinə) öz məhsulunun
hazırlanmasını, yayıcıya isə həmin məhsulun yayılmasını sifariş edə bilər.
Verilmiş sifarişlərin icra şərtləri, tərəflərin hüquq və vəzifələri müəllif (həmmüəllif) və ya
sifariş obyektinin mülkiyyətçisi olan şəxs, sifarişçi, naşir, çap məhsulunu hazırlayan və yayıcı
arasında qanunvericiliyə uyğun bağlanmış müqavilə ilə müəyyən edilir.
Maddə 12.
Xüsusi şərtlər
Naşir, müəllif, çap məhsulunu hazırlayan poliqrafiya müəssisəsi və onun yayıcısı olan kitab
ticarəti təşkilatları öz müqavilə öhdəliklərində Azərbaycan Respublikasının qanunvericiliyinə
zidd olmayan xüsusi şərtlər də müəyyən edə bilərlər.
Maddə 13.
Mühafizə prinsipli sənədlərin nəşri
Dövlət əhəmiyyətli sənədlərin, qiymətli kağızların, nömrəli çap məhsullarının nəşrinin
qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 14.
Nəşrdən imtina
Müqavilə öhdəliklərinin pozulma faktının məhkəmə tərəfindən müəyyənləşdirildiyi hallardan
başqa, heç kəs nəşriyyatı (naşiri) çapından imtina olunmuş əlyazmaları, yaxud digər
materialları çap etməyə məcbur edə bilməz.
Maddə 15.
Müəllif nəşrləri
Vətəndaşlar və təşkilatlar öz əlyazmalarını və digər materialları öz hesablarına və müəllif
redaktəsi ilə çap etdirə bilərlər.
Maddə 16.
Nəşriyyat məhsulunun buraxılışı
Nəşriyyat məhsulunu istehsal edənlər (poliqrafiya müəssisəsi, digər hüquqi və fiziki şəxslər)
nəşriyyatın (naşirin), yaxud onun nümayəndəsinin razılığı olmadan nəşriyyat məhsulunu
buraxa bilməzlər.
Maddə 17.
Nəşriyyat işi sahəsində reklam
Nəşriyyat məhsullarında reklamın verilməsi qaydası Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilir.
Uşaq ədəbiyyatı, dərsliklər, dövlət əhəmiyyətli zəruri nəşrlər, ensiklopediyalar pulsuz və
yaxud güzəştli şərtlərlə reklam oluna bilər.
Maddə 18.
Buraxılış məlumatı
Hazır məhsulun hər nüsxəsində aşağıdakı məlumatlar olmalıdır:
nəşriyyatın və çap məhsulunu hazırlayanın adı, ünvanı, xüsusi razılığın nömrəsi və verilmə
tarixi;
iii
[3]
buraxılış yeri və ili;
əlyazmanın yığıma verdiyi və çapa imzalandığı tarix;
hesab-nəşriyyat həcmi;
fiziki həcmi;
formatı;
səhifələrin sayı;
kağızın tipi;
şriftin növü (qarnituru);
çap üsulu;
tiraj;
qiyməti, yaxud “müqavilə qiyməti ilə” və ya “pulsuz” qeydi.
Nəşriyyat məhsullarında beynəlxalq kitab kodu, müəlliflik hüququnu göstərən nişan (işarə),
standarta uyğun annotasiya, kitab təsnifatı göstəriciləri də qeyd olunmalıdır.
Buraxılış məlumatı olmayan nəşrlərin çap olunmasına yol verilmir.
Maddə 19.
Nəşriyyat işi sahəsində əqli mülkiyyət hüququ
Nəşriyyat məhsulunun hazırlanması və istehsalı prosesində bədii və texniki tərtibatla əlaqədar
yaradılmış məhsul üzərində əqli mülkiyyət hüququ nəşriyyata (naşirə) məxsusdur.
Maddə 20.
Naşirlərin, çap məhsullarını hazırlayanların və yayıcıların məsuliyyəti
Nəşriyyat və nəşriyyat işinin subyektləri:
müəlliflik hüququ ilə qorunan əsərlərin müəlliflik müqaviləsi olmadan istehsalına;
naşirlik fəaliyyətinin dayandırılması haqqında qərar qəbul olunduqdan sonra işin davam
etdirilməsinə;
dövlət standartlarını pozmaqla məhsul istehsal edilməsinə görə inzibati və maddi məsuliyyət
daşıyır.
Nəşr olunmuş, müəlliflik hüququ ilə qorunan obyektlərin hüquq sahibinin icazəsi olmadan
həmin obyektlərin tam, yaxud qismən surətinin çıxarıldığı (çap edildiyi) hallarda zərər çəkən
hüquq sahibinin hüquqlarının bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq təmin edilir.
Nəşriyyat hüququ olmayan təşkilatlardan qəbul edilmiş nəşrlərin poliqrafiya müəssisələri
tərəfindən çapına, kitab ticarəti müəssisələri tərəfindən yayımına, həmçinin dövlət
standartlarını pozaraq buraxılış məlumatları olmadan nəşrinə yol vermiş fiziki və hüquqi
şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 21.
Nəşriyyat fəaliyyətinə xitam verilməsi
Nəşriyyat fəaliyyətinə:
təsisçinin qərarı ilə;
bu Qanunun 5-ci maddəsinin tələbləri pozulduqda, habelə qanunvericilikdə nəzərdə tutulmuş
digər hallarda məhkəmənin qərarı ilə xitam verilə bilər.
Maddə 22.
Məcburi nüsxələr
Nəşriyyat məhsulunu və digər çap məhsullarını hazırlayan müəssisə sifarişçinin hesabına
buraxılmış hər bir nəşrin pulsuz məcburi nüsxələrini Azərbaycan Respublikasının Milli
Kitabxanasına, Kitab Palatasına, Azərbaycan Mətbuat Şurasına, qanunvericilik və müvafiq
icra hakimiyyəti orqanlarının və qanunvericilikdə nəzərdə tutulmuş digər orqanların
kitabxanalara, ödənişli nüsxələri isə müəyyən edilmiş qaydada müvafiq idarə, müəssisə və
təşkilatlara göndərir.
iv
[4]
Məcburi nüsxələr nəşrin ümumi tirajına daxildir.
Maddə 23.
Nəşriyyat məhsullarının yayım qaydası
Müəlliflik müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, çap məhsulunun yayımı naşir,
yaxud onun nümayəndəsi buraxılışa icazə verdikdən sonra mümkündür.
Nəşriyyat məhsulunun yayımı aralarındakı razılaşmaya əsasən təsisçi, naşir, nəşriyyat
məhsulunu hazırlayan və müəllif tərəfindən, yaxud müqavilə və ya digər qanuni əsaslarla
hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilə bilər.
Maddə 24.
Nəşriyyat işinin maliyyələşdirilməsi
Nəşriyyat işinin subyektləri:
dövlət büdcəsindən qanunvericilikdə müəyyən edilmiş ayırmalar;
təsisçinin vəsaiti;
sponsorun vəsaiti;
hüquqi və fiziki şəxslərin ianələri;
dövlət və ictimai təşkilatlardan ayrılmış qrantlar;
nəşriyyatların (naşirlərin) sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlər;
qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər hesabına maliyyələşdirilə bilərlər.
Maddə 25.
Dövlət Kitab Palatası
Azərbaycan Respublikasında buraxılmış bütün çap məhsulları növlərinin toplanmasını,
onların biblioqrafik qeydiyyatını və kataloqlaşdırılmasını, nəşriyyat fəaliyyəti sahəsində
inkişafın dinamikasını göstərən statistik materialların hazırlanmasını və mətbuatın dövlət
statistikasının aparılmasını Kitab Palatası həyata keçirir. Kitab Palatası öz nizamnaməsi
əsasında fəaliyyət göstərir və dövlət büdcəsindən maliyyələşdirilir.
Kitab Palatası özəlləşdirilə bilməz.
Maddə 26.
Azərbaycan Milli Ensiklopediyası
Azərbaycan Milli Ensiklopediyası Azərbaycan xalqının tarixi inkişaf mərhələlərini, milli
mənəvi sərvətlərini, həmçinin dünya elmi və mədəniyyəti nailiyyətlərini özündə əks
etdirməklə yaradılan, büdcədən maliyyələşdirilən universal, milli, elmi nəşriyyat
müəssisəsidir.
Azərbaycanın elmi və mədəni sərvətlərini özündə əks etdirən Azərbaycanın Milli
Ensiklopediyası Azərbaycan xalqının milli sərvətidir.
Azərbaycan Milli Ensiklopediyası:
dövlət proqramına uyğun olaraq milli-universal və sahə ensiklopediyalarının, ensiklopedik
məlumat və sorğu kitablarının, müxtəlif lüğətlərin nəşrini həyata keçirir;
öz fəaliyyətini genişləndirmək və inkişaf etdirmək üçün qanunvericiliklə müəyyən olunmuş
qaydada hüquqi və fiziki şəxslərlə müqavilələr bağlayır;
ölkədə universal və sahə ensiklopediyalarının, ensiklopedik məlumat ədəbiyyatının nəşrini
koordinasiya edir;
Azərbaycanı təbliğ edən informasiyaları toplayır, hazırlayır və onların ölkə daxilində və
xaricdə yayılmasını təmin edir, informasiya mübadiləsi ilə məşğul olur;
ensiklopedik nəşrlərdə bağlı beynəlxalq tədbirlərdə, sərgi və yarmarkalarda iştirak edir.
Dövlət təşkilatları, elmi müəssisələr Azərbaycan Milli Ensiklopediyasının, digər ensiklopedik
nəşrlərin hazırlanması üçün zəruri olan sənəd və məlumatları, başqa informasiyaları təqdim
etməlidirlər.
Maddə 27.
Kitabxana Kollektoru
Kitabxana Kollektoru aşağıdakı vəzifələri həyata keçirir:
dövlət proqramına uyğun olaraq nəşr olunmuş kitab məhsulları ilə dövlət və qeyri-dövlət
kitabxanalarının fondlarını zənginləşdirir;
elm və təhsil müəssisələrinin, dövlət təşkilatlarının, idarə və müəssisələrin, özəl qurumların,
icra hakimiyyəti orqanlarının, bələdiyyələrin sifarişləri əsasında nəşriyyat məhsullarını əldə
edərək onların kitabxanalarının təchiz olunmasına köməklik göstərir;
kitabxanaların və oxucuların nəşriyyat məhsullarına olan tələbatını öyrənir, bu sahədə
sosioloji sorğular aparır və onun nəticələri barədə əlaqədar təşkilatlara məlumat verir;
öz fəaliyyətini genişləndirmək və inkişaf etdirmək üçün mülkiyyət formasından asılı
olmayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi və fiziki şəxslərlə müqavilələr
bağlayır;
xarici ölkələrin kitabxana kollektorları ilə əməkdaşlıq edir, qanunvericilikdə müəyyən
olunmuş qaydada nəşriyyat məhsullarının ölkəyə gətirilməsini və xaricə göndərilməsini təmin
edir.
III fəsil
Yekun müddəaları
Maddə 28.
Beynəlxalq əməkdaşlıq
Nəşriyyat işi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı
dövlətlərarası müqavilələrə əsasən həyata keçirilir.
Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında
ziddiyyət olarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
Maddə 29.
Bu Qanunun pozulmasına görə məsuliyyət
Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində
müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev
Bakı şəhəri, 30 may 2000-ci il
№ 887-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
6 dekabr 2002‐ci il tarixli 399‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 12, maddə 709)
2.
30 aprel 2004‐cü il tarixli 643‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004‐cü il, № 7, maddə 505)
3.
9 oktyabr 2007‐ci il tarixli 429‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 10, maddə 938)
4.
1 aprel 2008‐ci il tarixli 583‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti 14 may 2008‐ci il, № 103)
5. 1 aprel 2008-ci il tarixli 583-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 343)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
i[1]
6 dekabr 2002‐ci il tarixli 399‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 12, maddə 709) ilə 3‐cü maddənin ikinci
hissəsinin onuncu abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
ixtisaslaşmış nəşriyyatlar arasında qapalı tender keçirməklə dövlət sifarişli dərsliklərin
nəşrinin təmin edilməsi;
ii[2]
30 aprel 2004‐cü il tarixli 643‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004‐cü il, № 7, maddə 505) ilə 7‐ci maddənin ikinci
hissəsi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
Dövlət əhəmiyyətli sənədlərin, uşaq ədəbiyyatının, dərsliklərin, elmi, elmi‐
texniki kitabların, tərcümə ədəbiyyatının, ensiklopedik nəşrlərin hazırlanması
ilə məşğul olan ixtisaslaşmış nəşriyyatlar (naşirlər), nəşriyyat məhsulunu
istehsal edənlər və yayıcılar dövlət qeydiyyat rüsumunu güzəştli qaydada
ödəyirlər.
iii
[3]
9 oktyabr 2007‐ci il tarixli 429‐IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 10,
maddə 938) ilə 18‐ci maddəsinin birinci hissəsinin ikinci abzasından ʺxüsusi razılığın
nömrəsi və verilmə tarixiʺ sözləri çıxarılmışdır.
iv
[4]
1 aprel 2008‐ci il tarixli 583‐IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti 14 may 2008‐ci il, № 103) ilə 22‐ci maddəsinin birinci
hissəsində ʺKitab Palatasına,ʺ sözlərindən sonra ʺAzərbaycan Mətbuat Şurasına,ʺ
sözləri əlavə edilmişdir.
Document Outline - I fəsil Ümumİ müddəalar
- Maddə 1. Əsas anlayışlar
- Maddə 2. Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
- Maddə 3. Nəşriyyat işi sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətinvəzifələri
- Maddə 4. Nəşriyyat işinin sərbəstliyi
- Maddə 5. Nəşriyyat işinin sərbəstliyindən sui‐istifadənin yolverilməzliyi
- II fəsilNəşrİyyat İşİnİn təşkİlİ və həyata keçİrİlməsİ
- Maddə 6. Nəşriyyat işi sahəsində fəaliyyətin təşkilati‐hüquqi formaları
- Maddə 7. Nəşriyyat işi subyektlərinin dövlət qeydiyyatı
- Maddə 8. Təsisçi (həmtəsisçi
- Maddə 9. Nəşriyyatın (naşirin) hüquq və vəzifələri
- Maddə 10. Nəşriyyat məhsullarının istehsal edənin hüquq və vəzifələri
- Maddə 11. Sifarişçinin hüquq və vəzifələri
- Maddə 12. Xüsusi şərtlər
- Maddə 13. Mühafizə prinsipli sənədlərin nəşri
- Maddə 14. Nəşrdən imtina
- Maddə 15. Müəllif nəşrləri
- Maddə 16. Nəşriyyat məhsulunun buraxılışı
- Maddə 17. Nəşriyyat işi sahəsində reklam
- Maddə 18. Buraxılış məlumatı
- Maddə 19. Nəşriyyat işi sahəsində əqli mülkiyyət hüququ
- Maddə 20. Naşirlərin, çap məhsullarını hazırlayanların və yayıcıların məsuliyyəti
- Maddə 21. Nəşriyyat fəaliyyətinə xitam verilməsi
- Maddə 22. Məcburi nüsxələr
- Maddə 23. Nəşriyyat məhsullarının yayım qaydası
- Maddə 24. Nəşriyyat işinin maliyyələşdirilməsi
- Maddə 25. Dövlət Kitab Palatası
- Maddə 26. Azərbaycan Milli Ensiklopediyası
- Maddə 27. Kitabxana Kollektoru
- III fəsilYekun müddəaları
- Maddə 28. Beynəlxalq əməkdaşlıq
- Maddə 29. Bu Qanunun pozulmasına görə məsuliyyət
Dostları ilə paylaş: |