“Oğuznamə” yazılı abidəsinin leksik-qrammatik xüsusiyyətləri
Tamara Məmmədova,
291 nömrəli Ekologiya liseyinin
Azərbaycan dili və ədəbiyyat müəllim
Müəllimim, görkəmli dilçi alim Samət Əlizadənin əziz xatirəsinə ithaf edirəm.
Yazılı abidələr xalqın keçmişini, adət – ənənələrini, tarixini əks etdirir. Xalqı öz tarixi ilə dərindən
tanış edir. Keçmişimizi bu günümüzə calayır, tariximiz, dilimiz haqqında düzgün təsəvvür yaratmağımıza
kömək edir. Ilk dəfə 1987 – ci ildə ayrıca kitab şəklində buraxılan “Oğuznamə” indiyədək türkologiya
elminə məlum olmayan, XV – XVI əsrlərdə üzü köçürülən əlyazmasıdır. Həmin topluda təxminən iki min
atalar sözü və məsəl toplanmışdır. Əlyazma Sankt-Peterburq Dövlət Universitetinin Şərq fakültəsinin
kitabxanasında (əlyazmalar şöbəsi: inv. 121/58 /) mühafizə olunur.
XIX əsrin sonlarında rus türkoloqu V.D.Smirnov məcmuəni görmüş və “Oçerk istorii tureçiskoy
literaturı” adlı məqaləsində “Oğuznamə” nin adını çəkərək, onun birinci səhifəsindəki ilk atalar sözünü
nümunə göstərmişdir. /bax:Vseobhaə istoriə literaturı, 143, 25-ci vərəq, SPb, 1992, səh.443./V.A.
Qordlevski də “İz istorii Osmanskoy posleviüı i poqovorki” əsərində V.D.Smirnova istinadən
“Oğuznamə” nin adını çəkmiş və həmin nümunəni təkrarlamışdır.
“Oğuznamə” yə 1964 – cü ildə görkəmli dilçi alimimiz mərhum Samət Əlizadə rast gəlmiş, onunla
dərindən maraqlanmışdır. Məcmuənin Azərbaycan xalqının qiymətli söz xəzinəsi kimi özünə qaytarılması
Samət Əlizadənin dərin araşdırmalarının və gərgin əməyinin nəticəsidir.
“Oğuzanmə” yazısı bir abidə kimi ulu babalarımızın dil və təfəkkür incilərini bizə çatdırmaqla
yanaşı, Azərbaycan və türk dilləri tarixini müxtəlif cəhətdən öyrənmək işinə böyük köməklik göstərir.
Əlyazmasının spesifik polioqrafiyası və imzası vardır. Bu abidə başqa abidələrdən bir sıra üstün
xüsüsiyyətlərinə görə fərqlənir. Samət Əlizadənin fikrincə, .”Oğuznamə” dəki atalar sözü və məsəllərdə
ərəb – fars sözləri azlıq təşkil etdiyi üçün katibin işlətdiyi hərəkətlər əsasən milli sözlərin oxunuşunu
asanlaşdırmaq və dəqiqləşdirmək üçündür. “Oğuznamə” də toplanmış atalar sözü və məsəllərin xeyli
hissəsi hələ də unudulmayıb. Min illər keçsə də, Azərbaycan və türk xalqlarının şüurunda, hafizəsində
yaşamaqdadır. Buna baxmayaraq, bir sıra vahidlərdə leksik – semantik və qrammatik dəyişikliklər baş
vermiş, söz artımı və yaxud ixtisarlar olmuş əsas məzmun sabit qalmışdır.
“Oğuznamə” türk və Azərbaycan atalar sözü və zərbi – məsəllərin təməli sayıla bilər.
“Oğuznamə” dəki bəzi nümunələrə ilk dəfə ya eynilə, ya da cüzi fərqlərlə “Kitabi Dədə Qorqud”
da, XV əsr türk tarixçisi Yazıçıoğlu Əlinin “Səlcuqnamə” əsərində və başqa mənbələrdə rast gəlirik. Bu
qaynaqlarda müşahidə olunan paremilərin hamısı görkəmli dədəqorqudşünas alim Orxan Şaiq Gökyayın
“Dədəm Qorqudun kitabı”(I basılış, İstanbul, 1973) adlı böyük həcmli əsərində verilmişdir.
O.Ş.Gökyay Dədə Qorqudun şəxsiyyətindən bəhs edərkən XV – XVI əsrlərə aid “hazihi – r –
risaləti – min – kəlimati – Oğuznamə – əl – məşhur – bi – atalar sözü” adlı məcmuəni xatırladır və qeyd
edir ki, topluda Dədə Qorqud adına çıxarılan nümunələr vardır. O göstərir ki, alman şərqşünası Ditsin
1989 – cu ildə nəşr etdirdiyi yüz atalar sözündən 75 – i Dədə Qorquda aiddir.( Səh. CXXıX.) Həmin
nümunələrin bir neçəsi “Oğuznamə”də də əks olunmuşdur.Türkiyənin kitabxana və muzeylərində XVII –
XVIII əsrlərdən etibarən müxtəlif səviyyədə tərtib olunmuş atalar sözü və məsəllər məcmuələrinin
əlyazma nüsxələrinin saxlandığı məlumdur. Həmin məcmuələr bizim günlərdə kifayət qədər öyrənilmiş,
türk atalar sözü və zərbi – məsəllərin mükəmməl nəşr variantları meydana çıxmışdır. Həmin əlyazmaları
onların katibləri, tərtibçiləri arasında “Oğuznamə” və Məhəmmədəli adı yoxdur.
“Oğuznamə” Azərbaycan tarixi filologiyası üçün ciddi əhəmiyyətə malik əlyazmasıdır.
“Oğuznamə”də araşdırılmalı mətləblər , izaha, tədqiqata ehtiyacı olan problemlər çoxdur. Yazılı
abidədəki arxaik şəkilçilərlə bağlı bir sıra fikirlərimi sizinlə bölüşəcəyəm.
Azərbaycan dilinin çoxəsrlik tarixinin öyrənmək baxımından ayrı – ayrı yazılı abidələrin tədqiqinin
böyük əhəmiyyəti vardır. Dil tarixi qarşısında duran əsas məsələlərdən biri də həmin abidələrin dil və
üslub, leksik, morfoloji və sintaktik xüsusiyyətlərini araşdırmaqdır. Bu cəhətdən “Oğuznamə” nin dilində
morfoloji xüsusiyyətlərin araşdırılması ən aktual və vacib problemlərdən biridir. Bu əlyazması ədəbi –
bədii dilimizin tarixi inkişafını izləmək üçün də zəngin material verir.
Dilimizdə sözlərin müxtəlif şəkillərə düşməsində, yeni sözlərin yaranmasında əsas rolu Azərbaycan
dilinin şəkilçiləri oynayır. Yazılı abidələrin dilindən məlum olur ki, şəkilçilərimiz hər zaman bir
vəziyyətdə, bir səviyyədə olmamışdır, çünki bütün dövrlər üçün məhsuldar olan şəkilçilərlə bərabər, az
məhsuldar, passiv olanlar da olmuşdur. Bu passiv şəkilçilərdən bəziləri qismən dəyişmiş və
məhsuldarlığını artırmışdır.
Əsas qrammatik kateqoriyalardan birini təşkil edən ismin halları Azərbaycan dilində daha qədim
dövrlərdə formalaşmış, semantik cəhətdən qismən sabitlik kəsb etmişdir. Müasir Azərbaycan ədəbi
dilində ismin hallarını ifadə etmək üçün işlənən formalar dilimizin yazılı abidələrində də demək olar ki,
eyni mənada geniş işlənmişdir. Lakin ayrı – ayrı abidələri nəzərdən keçirdikdə aydın olur ki, hal
kateqoriyasının, ümumiyyətlə, türk dilləri üçün qədim xüsusiyyəti – hal formalarının biri – birini əvəz
etməsi hadisəsi dilimizin əvvəlki dövrlərində özünü müəyyən dərəcədə saxlamışdır.
“Oğuznamə” üzərində aparılan müşahidələr göstərir ki, həmin əsərdə halların bir sıra maraqlı
xüsusiyyətləri olmuşdur. Hal kateqoriyasının inkişafını bu əlyazmada öyrənmək dilimizin tarixini
öyrənmək üçün də xüsusi əhəmiyyət kəsb edir. Abidədə hal kateqoriyasının mahiyyəti qrammatik
cəhətdən müasir ədəbi dilimizdən əsasən fərqlənmir. Lakin şəkilçilərin müasir dilimizdə olmayan
variantları, bir sıra əvəzlənmələr abidədə müəyyən yer tutur.
“Oğuznamə” nin dilində ismin adlıq halı müasir Azərbaycan dilində olduğu kimidir, formal
əlamətsiz işlənir.
Yiyəlik hal. Yiyəlik halın ifadəsi əlyazmada müasir ədəbi dilimizdən əsasən fərqlənmir. Belə ki,
burada da həmin hal – ın4 şəkilçilərinin vasitəsi ilə düzəlir.
“Oğuznamə” nin dilində yiyəlik halın dilimizdən fərqli bəzi xüsusiyyətləri vardır.
Abidədə qeyri – müəyyən, şəkilçisiz yiyəlik hala təsadüf olunur. Məs: Ər başından bun gedər, tağ
başından tuman gedər.( O, səh.50). Şəkər dadın yeyən bilir.( O, səh.120). Bəslə it ənigin, axır baldırın
yırtar.( O,səh. 70).
Bundan başqa mənsubiyyət şəkilçili isimlərdə də yiyəlik halın şəklçisinin düşməsi özünü göstərir.
Məs. Oğrı kəndü rizqin yeyər, bazırgan el rizqin yeyər.( O, səh.49). Bəglər xəşmi tanrı xəşmindən
artıqdır.( O, səh. 82.)Belə xüsusiyyətə qədim yazılı abidələrimizin dilində rast gəlinir. Lakin şeirlərin
dilinə nisbətən, nəsr materiallarının dilində daha çox təsadüf etmək mümkündür. Məs: 1… Otuz doqquz
igidim əmanəti, mrə kafir… Ağanız başı və gözü sədəqəsi üçün köhnə qaftanınız varsa geyəyin. .(.Kitabi
Dədə Qorqud.)
2. Azərbaycan sərhədlərinə yetişdikdə tamami sərhədlər əhlini qılınc zərbilə müsəlman eliyüb.
(Dərbəndnamə).
3. Bildi kim atası və əmisi yanını gedüpdür.
…Düşdə görər ki, on qurt Yusifi atası qucağından qapdılar (Şühadanamə).
Misalllardan göründüyü kimi, atası və əmisi yanını və s. birləşmələrində atası və əmisi sözünün
yiyəlik halda işlənməsi tələb olunur. XVI – XVIII əsrlərdə yiyəlik halın şəkilçisiz işlənməsi halları yazıda
tez – tez təkrar edildiyindən bu halı öz dövrü üçün qanuni hesab etmək olar.
Yönlük hal. Bu hal tərəf, səmt, cəhət məzmunu bildirir; samitlə bitən isimlərdə – a, – ə, saitlə
bitənlərdə – ya, – yə şəkilçisini qəbul edir. Bu cəhətdən – a, – ə, – ya, – yə şəkilçilərinin müasir forması
ilə qədim forması arasında əsaslı bir fərq nəzərə çarpmır. Qədim yazı abidələrimizin dilində də yönlük hal
əsasən bu gün müasir dilimizdə işləndiyi kimidir. Lakin yönlük hal şəkilçi – a, – ə, – ya, – yə ilə yanaşı,
bəzən – ğa, – gə şəkilçisi də işlənmişdir. Təbii ki, bu forma Azərbaycan dili üçün sabit, həm də ümumi bir
forma olmamışdır, çünki ümumxalq dilində bu şəkilçinin geniş yayıldığını göstərən materialllar yox
dərəcəsindədir. – ğa, – gə şəkilçisinə ancaq müəyyən qrup yazıçıların dilində təsadüf edilir.
Kişvərinin,Əmaninin, Saib Təbrizinin, Yuzbaşovun və başqalarının şeirlərinin dilində rast gəlinir.
“Oğuznamə” nin dilində – ğa, – gə şəkilçisinə rast gəlinmir.
“Oğuznamə” nin dilində müasir dilimizdəki xüsusiyyətlərdən başqa bəzi fərqli cəhətlərə də rast
gəlinir.
“Oğuznamə” nin dilində yönlük hal əsas mənası ilə yanaşı bəzən başqa halların əvəzində də çıxış
edir. Əsasən, burada yönlük hal yerlik hal yerində, çıxışlıq hal yerində işlənmişdir.
Yönlük hal yerlik hal yerində:
Müxənnət kərpüsündən keçməkdən suya boğulmaq yegdir. (O, 176); Xoyın – hünərin bilmədigin
tavarın ardına dolanma (O, 95); Sən el ögünə yat, el sənin boyuna qaftan biçə bilür (O, 117); Ögəy ana,
ocağa yana? (O, 40).
Yönlük hal çıxışlıq hal yerində:
Tovarın yobuqlandığı vaxt bölüşdügün kişiyə sor. (O, 130 ).
Təsirlik hal. Bu hal görülən hər hansı bir işin təsiri hədəfini və ya obyektini bildirmək üçün ismin
sonuna – ı, – i, – u, – ü şəkilçilərini artırmaqla düzəlir. Saitlə bitən isimlərdə isə hal şəkilçisindən əvvəl
xüsusi bir səs bitişdirici n samiti artırılır. Məsələn, ananı, səmanı.
Təsirlik hal şəkilçilərinin düzəlməsi üç əvvəlki hala nisbətən başqadır. Təsirlik hal şəkilçiləri
müasir şəklindən fərqlənir.
XVIII əsrə qədər mövcud olan yazılı materialların dilində saitlə bitən isimlər təsirlik hal
şəkilçisindən əvvəl bitişdirici n səsi ilə yanaşı, y səsi də qəbul etmişdir. XVIII əsrdən sonra y ilə n
ünsürlərinin tənasübü tamamilə dəyişmişdir. Ədəbi – yazı dilində n ünsürü y – ya nisbətən üstünlük
qazanmışdır. Başqa sözlə desək, getdikcə ədəbi dilimizdə n qrammatik bir ünsür kimi sabitləşmişdir. Yazı
dilində y ünsürünün işlənməsinə bir çox misallar göstərmək olar. Məs:
Bilməz çu cəfayı kəm cəfalar. (Xətai);
Bıraqdı xakə hüsnün aftabi – alət arayi,
Əsayi möcüzə gör kim iki bölmüş bu dəryayi. (Füzuli).
Azərbaycan dilinin ilk abidələrindən biri olan “Kitabi Dədə Qorqud” dastanlarında da ismin təsirlik
halında bəzən bitişdirici y ünsürü işlənmişdir. Məs: Dərbənddəki dəmirqapıyı təpibalaq, …. Dədə qapıyı
açdı,
Dəli
Qacar
çıxdı.
Kişvəri “Divan” ının dilində də təsirlik hal saitdən sonra – y ünsürünü artırmaqla düzəlmişdir. Məs: Çox
qıldın Kişvərinin könliyi tiği – hicr ilə ( K,9); Sağ əhliyi sayru etkən nərgisi bimarınız. ( K., 21).
“Oğuznamə” nin dilində də təsirlik hal saitlə bitən isimlərə n səsi ilə yanaşı, y səsinin də
bitişdirilməsi ilə düzəlmişdir. Məs: Ac tovuq kəndüyü taxıl bazarında görər.(O,56.), Hər kişiyi hal ilə
tanrısı bilür.(O, 184); Duaçıdan duayı armağan um. (O, 107); Qonşıyı qonşıdan sorarlar (O, 155). Belə
nümunələr “Oğuznamə” də onlarcadır. Bundan başqa, tanayı, kimsəyi, dəlüyi, uluyı, tanrıyı, qapuyı,
buğdayı sözləri də abidədə bu yolla düzəlmişdir.
“Oğuznamə” də isimlər təsirlik hal məzmununu formal əlamətsiz, yəni şəkilçisiz də tapmışlar. Bu
yolla düzələn təsirlik hal əlyazmada üstünlük təşkil edir. Məs: Öksüz oğlan göbəgin göndü kəsər. (O, 34);
Atın küçügin al, böyügi su keçməgə gərək olur (O, 39); İş qolayın issi bilür, anınçun assı bulur. (O, 40);
Anasın gör, qızın al, qayısın gör, bezin al. (O, 33); Od görsən, varma, köpək ünin eşitsən, var. (O, 52).
Bu misallardakı göbəgin, küçügin, qolayın, anasın, qızın, qayısın, ünin sözlərinin göbəgini,
küçügini, qolayını, anasını, qızını, ünini mənalarında işləndiyi məzmundan bilinir. Eləcə də abidədəki
rizqin, ulusın, ərligin, müsəlmanların, işin, yoxsulluğın, quyruğın, etdügin, aqçacığın, aqcan, ağzın,
qulağın ipin, nəfsin, əlin, issin və s. sözlər ismin təsirlik halında işlənmişdir.
Yerlik hal. “Oğuznamə” nin dilində yerlik hal öz ifadəsini, müasir dilimizdə olduğu kimi, əsasən –
da, – də şəkilçisində tapır.
Əlyazmada yerlik hal bəzən başqa halların funksiyasını daşıyır:
Yerlik hal yönlük hal mənasında:
Eyiblü tavar issində yaraşır. (O, 138);Köpək dərədügi evdə fəriştə girməz (O, 180); Bulanıq suda
boy vermə, boyun irməz. (O, 73).
Bu misallardakı issində, evdə, suda sözləri məzmundan aydın olur ki, issinə, evə, suya mənasında
işlənmişdir.
Yerlik hal çıxışlıq hal mənasında:
Bay qaftan geysə, qutlu olsun deyərlər, yoxsul qaftan geysə, “Qanda buldun”? deyərlər. (O, 72). bu
misaldakı qanda sözü qandan mənasında işlənmişdir.
“Kitabi – Dədə Qorqud” dastanlarında da bu vəziyyətə rast gəlinir. Məs: Çobanın … alnında bir
öpdü. (R ., 29). Yazıda yabanda geyigi qovar, sənin önünə götürər (R. 13). Buradakı alnında, yabanda,
yazıda sözləri çıxışlıq hal mənasında işlənmişdir. Kişvərinin əsərlərində yerlik halın yönlük hal və çıxışlıq
hal mənalarında işlənməsi müşahidə edilir. Məs: Qaşundə bylmişəm qurban, daği nişə yaraydurmən /(K,
75); Gözlərin sevdasidə gəldi mana bimarlığ (K., 27).
Bu misallarda qaşundə sözü qaşunə, sevdasidə sözü isə sevdasidən mənalarında işlənmişdir.
Çıxışlıq hal: İsmin çıxışlıq halı “Oğuznamə” dəki isimlərdə əsasən müasir dilimizdə olduğu kimi –
dan , – dən şəkilçisi ilə ifadə olunmuşdur. Lakin bir atalar sözünün tərkibində çıxışlıq hal – din şəkilçisi
vasitəsilə düzəlmişdir. Məs: “Dərvişligə varanla dur, demişlərdir, gələnlər bizdən öndin ki, qulaq aşiq olur
gözdən öndin” deyən eşidir. (O, 103). Burada öndin sözü öndən mənasını verir. H. Mirzəzadə bu şəkilçi
haqqında yazır:
“Müxtəlif dövrlərin yazısında işlənmiş – dın, – din şəkilçisini Azərbaycan dili üçün normal hesab
etmək olmaz, çünki buna çox az, həm də müəyyən yazıçıların (Kişvəri, Əmani, Məsihi) dilində təsadüf
edilir.
Aydındır ki,- dın, – din şəkilçisi Azərbaycan dilinə nisbətən türk sistemli dillərindən bəziləri üçün
daha xarakterikdir.
Xəbərlik kateqoriyası: Əlyazmada isimlərin xəbər vəzifəsi və yaxud cümlədəki hökmün şəxslərə
mənsubiyyəti – am, – əm, – yəm, – san, – sən, – dır, – dir, – durur, – dürür, – iz, – üz formaları ilə ifadə
olunur. Bu formalardan ikisi (durur, – dürür; iz. – üz) müasir dilimizdə işlənmir, arxaik şəkilçiyə
çevrilmişdir. “Oğuznamə” nin dilində ismin xəbərlik kateqoriyası əsasən müasir dilimizdə olduğu
kimidir. Lakin burada bəzi fərqli xüsusiyyətlər də özünü göstərir. Abidədə şəxsin cəmini bildirmək üçün
müasir dilimizdəkindən fərqli olaraq – k, – q. əvəzinə – uz ünsürü işlənmişdir. Məs: Uran ilə …. qulıyuz
(O, 67). Ümumiyyətlə, XVIII əsrə qədər z ünsürü çox geniş yayılmışdır. Məs:
1. Mişkin saçın eşqi zəncirə çəkdi bağladı,
Yəni ki, biz məcnunlarız, şol həlqədir zəncirimiz (Nəsimi)
2. Hər necə ki, xud şərmisarız
Bu cürm ilə həm ümidvaız(Füzuli)
3. Hic şəm ilə ram olmaz pərvanələriz bizlər
Zəncirə baş endirməz divanələriiz bizlər. (Qövsi Təbrizi)
Bu gün bu forma Azərbaycan dilində öz sabitliyini itirmişdir.
Qeyd etdiyimiz kimi, cümlələrdə ismi xəbərlər bir çox hallarda – dır, – dir, – dur, – dür şəkilçisi ilə
bitir. Lakin bu əlyazmada bəzi hallarda – dır, – dir, – dur, – dür şəkiçisi atılır, xəbərlər şəkilçisiz işlənir.
Məs: İpin yemiş ölmüş hammal yoq. O, 27);
Aclıqdan ölmüş kimsə yoq (O, 28) Əlyazmada arxaik şəkilçilər isim və onun hal , mənsubiyyət
kateqoriyaları üzrə araşdırıldı.
Növbəti məqalədə sifət,say və zərfə qoşulan arxaik şəkilçilərdən söhbət açacağıq.
Dostları ilə paylaş: |