Ceraldla lord Alfred daxil olurlar
CERALD (missis Arbetnotun yanına gedir). Ana, anacan!
MİSSİS ARBETNOT. Cerald, özümü pis hiss edirəm. Məni evə apar, Cerald.
Gərək gəlməyəydim.
CERALD. Bağışla, ana. Bu saat. Amma əvvəlcə lord İllinqvortla tanış ol! (Ona
sarı yeriyir.)
MİSSİS ARBETNOT. Bu gün yox, Cerald!
CERALD. Lord İllinqvort, çox istərdim ki, sizi anamla tanış edim.
LORD İLLİNQVORT. Böyük məmnuniyyətlə. (missis Ollonbiyə) Mən bu saat
gəlirəm. Özgə anaları həmişə məni cana yığır. Bütün qadınlar öz anaları kimi
olurlar. Onların faciəsi də məhz bundadır.
MİSSİS ALLONBİ. Kişilər isə atalarına heç vaxt oxşamırlar. Bu da onların
faciəsidir.
LORD İLLİNQVORT. Bu gün sizin çox gözəl əhvalınız var!
Dönür və Ceraldla birlikdə missis Arbetnota sarı gedir. Qadını görəndə heyrətdən
geriyə sıçrayır, sonra yavaş-yavaş gözlərini Ceralda tuşlayır.
CERALD. Ana, bu, lord İllinqvortdur, mənə katib vəzifəsini təklif edən adam
budur. (Missis Arbetnot soyuq şəkildə təzim edir.) Mənim üçün ən gözəl
başlanğıcdır, ana! Ümidvaram ki, lord mənə görə peşman olmayacaq. Ana, lord
İllinqvorta təşəkkür eləyəcəksən, eləmi?
MİSSİS ARBETNOT. Əlbəttə, lord İllinqvort çox xeyirxah iş görüb; səninlə
maraqlanıb...
LORD İLLİNQVORT (əlini Ceraldın çiyninə qoyur). Ooo! Ceraldla mən artıq
yaxın dost olmuşuq, missis... Arbetnot...
MİSSİS ARBETNOT. Mənim oğlumla sizin aranızda ümumi heç nə ola bilməz!
CERALD. Ana, bu nə sözdür! Əlbəttə, lord İllinqvort çox ağıllı adamdır və
dünyada hər şeyi bilir.
LORD İLLİNQVORT. Mənim əziz oğlum!
CERALD. O, həyatı hamıdan yaxşı bilir. Lord İllinqvort, mən sizin yanınızda
olanda özümü bisavad hiss edirəm; əlbəttə, mənim üstünlüklərim də var. Amma
azdır, mən o birilər kimi Oksfordda, ya da Etonda oxumamışam. Lakin görürəm
lord İllinqvort belə şeylərə məhəl qoymur. Ana, o, mənə qarşı elə xeyirxahdır ki!
MİSSİS ARBETNOT. Lord İllinqvort fikrini dəyişə bilər. İnanmıram ki, o, sənin
onun katibi işləməsini istəsin.
CERALD. Ana!
MİSSİS ARBETNOT. Yadda saxla ki, özün də dedin, sənin üstünlüklərin azdır.
MİSSİS ALLONBİ. Lord İllinqvort, mən bir dəqiqəlik sizinlə danışmaq
istəyirəm. Xahiş edirəm bura gələsiniz.
LORD İLLİNQVORT. Bağışlayın, missis Arbetnot! Cerald, ananızı əlavə
çətinliklər yaratmağa qoymayın! Məsələ tamam həll olunub, elə deyilmi?
CERALD. Mən də elə düşünürəm. (Lord İllinqvort missis Ollonbiyə tərəf gedir.)
MİSSİS ALLONBİ. Fikirləşdim ki, siz o qara məxmərli qadından heç vaxt yaxa
qurtara bilməyəcəksiniz.
LORD İLLİNQVORT. O çox gözəldir. (Missis Arbetnota tərəf baxır.)
LEDİ HANSTENTON. Kerolayn, bəlkə, hamımız musiqi zalına keçək? Miss
Vorsley bizim üçün çalacaq. Əzizim missis Arbetnot, gəlirsiniz? (doktor
Dobeniyə) Bir gün miss Vorsleyi mütləq sizin yanınıza gətirəcəyəm. Çox istərdim
ki, hörmətli missis Dobeni o qızın skripkada çalğısına qulaq assın. Ah, unutdum!
Axı hörmətli missis Dobeni qulaqdan bir qədər zəifdir, eləmi?
DOKTOR DOBENİ. Onun karlığı böyük itkidir. O hətta mənim moizələrimi belə
eşitmir. O, xütbələri evdə oxuyur. Lakin onun daxili ehtiyatları hələ tükənməyib;
hələ çox şeyi qalıb...
LEDİ HANSTENTON. Görünür, o, çox oxuyur, hə?
DOKTOR DOBENİ. Yalnız iri şriftləri oxuya bilir. Görməsi zəifləyib, tez
yorulur. Lakin heç vaxt şikayət eləmir. Heç vaxt!
CERALD (lord İllinqvorta). Xahiş edirəm sizdən, musiqi zalına girməmişdən
əvvəl anamla danışın. Ona elə gəlir ki, siz mənə düşündüyünüz şeyləri demirsiniz.
MİSSİS ALLONBİ. Siz gəlmirsiniz?
LORD İLLİNQVORT. Bu dəqiqə. Ledi Hanstenton, əgər missis Arbetnot icazə
versə, mənim ona bir neçə kəlmə deyəcəklərim var. Biz bir azdan sizə qoşularıq.
LEDİ HANSTENTON. Ah, əlbəttə, əlbəttə! Onunla danışın, o da sizə
təşəkkürlərini bildirəcək. Oğluna görə. Missis Arbetnot, belə təklif hər oğula
verilmir. Əzizim, hesab edirəm ki, bu, sizin ürəyinizcədir.
LEDİ KAROLİN. Con!
LEDİ HANSTENTON. Amma missis Arbetnotu çox da yubatmayın, lord
İllinqvort! Biz onsuz keçinə bilmərik! (O biri qonaqların ardınca musiqi zalına
keçir.)
Musiqi zalından skripkanın səsi gəlir.
LORD İLLİNQVORT. Reyçel, deməli, o, bizim oğlumuzdur! Nə olar! Mən
onunla fəxr edirəm! O, əsl Harforddur! Başdan-ayağa mənəm! Yeri gəlmişkən,
Reyçel, niyə soyadı Arbetnotdur?
MİSSİS ARBETNOT. Sənin üçün nə fərqi var ki, hansı soyadı daşıyır? Onsuz da,
onun heç birinə hüququ yoxdur!
LORD İLLİNQVORT. Bəs niyə Ceralddır?
MİSSİS ARBETNOT. Qəlbini parçaladığım adamın – atamın şərəfinə
qoymuşam!
LORD İLLİNQVORT. Reyçel, bəsdir! Olan – olub, keçən – keçib. Yalnız bircə
şeyi deyə bilərəm indi: mən oğlumuzdan çox, lap çox razıyam. Cəmiyyət onu
yalnız mənim şəxsi katibim kimi tanıyacaq! Lakin mənim üçün o çox əziz, çox
doğma bir adam olacaq! Qəribədir, Reyçel, mənə elə gəlirdi ki, həyatım dolub
qurtarıb. Amma belə deyilmiş. Orada nəsə çatışmırdı, oğlum çatışmırdı! İndi
oğlumu tapmışam, çox sevinirəm ki, tapmışam!
MİSSİS ARBETNOT. Sizin ona haqqınız yoxdur! Cüzi də olsa, ona hüququnuz
çatmır! Oğul tamamilə mənə məxsusdur; mənim də olacaq!
LORD İLLİNQVORT. Əzizim Reyçel, siz iyirmi il ona sahib olmusunuz;
saxlamısınız, böyütmüsünüz. Onu indi niyə axı mənə verməyəsiniz? Heç olmasa,
müvəqqəti... O həm də mənim oğlumdur.
MİSSİS ARBETNOT. Siz atıb getdiyiniz uşaq barədə danışırsınız, hə? O uşaq
barədə ki, az qala, acından və ehtiyacdan öləcəkdi, hə? Əlbəttə, sizdən asılı
qalsaydı, yəqin ki, öləcəkdi...
LORD İLLİNQVORT. Reyçel, siz yaddan çıxarmısınız, deyəsən; məni siz
atmısınız. Mən sizi atmamışam.
MİSSİS ARBETNOT. Mən sizi ona görə tərk etdim ki, uşağa ad qoymaqdan
imtina etdiniz. Uşaq anadan olmamış mən sizə yalvardım ki, mənimlə evlənəsiniz.
LORD İLLİNQVORT. O vaxt mənim gələcəyə heç bir ümidim qalmamışdı.
Bundan başqa, Reyçel, mən sizdən yaşca çox kiçik idim. Mənim iyirmi iki yaşım
vardı, yox, iyirmi idi. Bütün bu tarixçə başlayanda, sizin atanızın bağında o
tarixçə başlayanda mənim iyirmi bir yaşım vardı.
MİSSİS ARBETNOT. Kişi səhv hərəkət eləmək üçün kifayət qədər yaşlıdırsa, o,
bu səhv hərəkətini düzəltmək üçün də kifayət qədər yaşlı olur.
LORD İLLİNQVORT. Əzizim Reyçel, mücərrəd düşüncələr həmişə maraqlı olur;
amma əxlaqi baxımdan onların heç bir əhəmiyyəti olmur. Mənim, guya, oğlumu
aclığa məhkum eləməyimə gəlincə isə deməliyəm ki, bu, həqiqətəuyğun deyil və
səfehlikdir. Mənim anam sizə illik altı yüz funt təklif etdi, amma siz
götürmədiniz, imtina etdiniz. Siz, sadəcə itdiniz və uşağı da özünüzlə apardınız.
MİSSİS ARBETNOT. Mən ondan bir penni belə qəbul edə bilməzdim. Sizin
atanız başqa cür adam idi. Biz Parisdə olanda o, mənim yanımda sizə dedi ki, siz
mənə evlənməlisiniz.
LORD İLLİNQVORT. Ooo! Borc bizim başqalarından tələb etdiyimiz şeydir,
özümüzdən isə onu tələb etmirik. Əlbəttə, o vaxt mən anamın təsiri altındaydım.
Cavanlıqda belə şeylər hamının başına gəlir.
MİSSİS ARBETNOT. Bunu sizdən eşitməyimə çox sevinirəm. Cerald isə, təbii
ki, sizinlə getməyəcək.
LORD İLLİNQVORT. Reyçel, bu nə cəfəngiyatdır!
Dostları ilə paylaş: |