həmin andaca qaçıb gözdən itdilər, boynuna ip salınmış Gülsarı tək-tənha iki
adamın əlində qaldı. İrəlidə ilxıçı durmuşdu, o biri adam da onun
yanında idi və burada təzəlikcə peyda olub, ilxının böyür-başında atılıb
düşməkdən Gülsarının zəhləsini aparmış ilxıçı uşaqları ortalıqda
çığırışırdılar.
Atı dəhşət bürüdü. O sıçrayıb bir də şahə qalxdı. Sonra bir də, iki də...
Günün işığı gözlərinə düşdü, gözləri qamaşdı, kölgələndi.
Dağ-daş uçunub yerə gəldi, adamlar baş-ayaq göründülər. Bayaqdan qabaq
ayaqları ilə eşib sovurduğu qara boşluq bir anlığa Gülsarının gözlərini
tutdu,
o yenə inadından əl çəkmədi.
Gülsarı nə qədər çox inad göstərirdisə, ip onun boynunu bir o qədər çox
sıxırdı və nəfəsi çəkilə-çəkilə at ipin çəkildiyi
tərəfə getməli olurdu. Sonra adamlar yıxıldılar, ip bircə saniyəliyə boşaldı
və Gülsarı sürətlə qabağa dartınıb adamları arxasınca sürüdü. Arvadlar
qışqırışdılar, uşaqları qovub alaçıqlara yığdılar. Ancaq ilxıçıların ayağa
qalxmaları çox da uzun sürmədi, qəzil ip təzədən Gülsarının boynuna
sarındı. Bu dəfə elə bərk sarındı ki, nəfəs almaq da mümkün olmadı və
taqətdən düşmüş Gülsarı əlacsız qalıb dayandı.
İpi əlinə dolaya-dolaya Tanabay
yan tərəfdən Gülsarıya doğru yeriyirdi. Gülsarı bir gözü ilə ona baxırdı.
Tanabayın paltarı cırılmışdı, ancaq o, əsla hirsli deyildi. İlxıçı ağır-
ağır nəfəs alırdı, yaralanmış dodaqlarını muşqurdaraq, astadan az qala
pıçıltı ilə çağırırdı:
– Hə, hə, Gülsarı, dur görüm, qorxma, dayan! Tanabayın
dalınca köməkçisi gəlirdi. O, kəndiri bərk-bərk əlində saxlamışdı. Nəhayət,
Tanabay lap yaxınlaşıb əlini Gülsarıya toxundurdu, atın başını sığalladı
və arxaya çevrilmədən öz köməkçisinə qısaca buyruq verdi:
– Yüyəni.
Tanabay yüyəni alıb:
– Dayan, Gülsarı, mənim ağıllı atım, dayan, – dedi və bir əli
ilə atın gözlərini qapayıb, cilovu onun başına keçirdi.
İndi atı cilovlamaq lazım idi, belinə yəhər qoymaq lazım idi. Başına yüyən
salınanda Gülsarı
fısıldadı, qurtulub qaçmaq istədi. Ancaq ilxıçı cəld tərpənib onun üst
dodağından yapışdı.
Tanabay:
– Burğu! – dedi və köməkçi qayış burğunu qaça-qaça
gətirib atın dodağına qoydu, əlinə bir ağac da alıb onu burduqca burdu. At
ağrıdan dal ayaqlarının üstündə oturdu – daha müqavimət göstərməyin vaxtı
keçmişdi. Soyuq dəmir dəhnələr onun dişlərində cingildəyirdi, ağzının
yanlarını əzirdi. Gülsarının belinə də nəsə qoymuşdular, döşündən qayışla
çəkirdilər, dartıb bərk-bərk sıxırdılar. Gülsarı durduğu yerdə valay vururdu,
ancaq buna dözmək asan idi. Dodağının dəhşətli ağrısı ona hər şeyi
unutdurmuşdu. Gülsarının gözü kəlləsinə çıxmışdı; nə tərpənə bilirdi, nə də
nəfəs ala bilirdi. Ağrı onu o qədər çaşdırmışdı ki, o heç belində adam
oturduğunu da hiss etməmişdi.
Burğu dodağından götürüləndən sonra Gülsarı özünə gəldi. Dartılmış,
ağırlaşmış halda o, bir müddət mat-məəttəl dayanıb
qaldı, sonra gözlərini qıyıb yan-yörəsinə baxdı və birdən belində oturmuş
adamı gördü. At qorxub irəli cumdu, ancaq qaçmaq mümkün deyildi – dəhnələr
ağzını didib dağıdırdı, belindəki adamın ayaqları bərk-bərk onun böyürlərinə
sıxılmışdı. Gülsarı yenə də şahə qalxdı, kişnəyib ayaqlarını yerə döydü,
vurnuxdu, silkələndi, yəhəri, insanı, dəhnəni – hər şeyi kənara tullayıb azad
olmaq üçün o yenə qaçmağa cəhd elədi. Lakin ip Gülsarının boğazında
idi. Başqa bir at üstündə oturmuş o biri ilxıçı ipin ucunu bərk-bərk, əlində
saxlamışdı. Gülsarı eyni bir dairə ətrafında fırlanmağa başladı. Çox
fırlandı, ancaq dairədən kənara çıxa bilmədi. İnsanlara da elə bu lazım idi.
Üstündə oturmuş adam onu fasiləsiz qamçılayırdı, çəkmələrinin dabanı ilə
böyrünə, qarnına vururdu. Buna baxmayaraq, Gülsarı üstündəki adamı iki dəfə
yerə vura bildi. Ancaq adam yenə də ayağa durdu və onun belində oturdu.
Mübarizə çox çəkdi, lap çox çəkdi və bütün bu vaxt ərzində dünya Gülsarının
başına dolandı. Yer fırlandı, göy fırlandı, göydəki buludlar, yerdəki
dağlar, uzaqdakı atlar Gülsarının başına dolandı, yaxındakı alaçıqlar
Gülsarının başına dolandı. Sonra o yorulub yavaş-yavaş addımlamağa başladı.
Susamışdı. Bərk susamışdı.
Gülsarını su içməyə də qoymadılar. Axşam azca tapqırını boşaldıb, pəyənin
yaxınlığında onu yəhər altında saxladılar.
Yüyənin uclarını yəhərin qaşına elə bərkitdilər ki, Gülsarı başını dümdüz
tutmalı oldu, nə tərpənə bildi, nə uzana bildi. Üzəngiləri də qaldırıb
yəhərin qaşından salladılar. Gördüyü ağlasığmaz dəhşətlərdən çaşıb qalmış
Gülsarı bütün gecəni beləcə dayandı. Dəhnələr atın ağzını hələ də
incidirdi, azca dodağını tərpədəndə ağrıdan dəhşətə gəlirdi. Gülsarının ağzı
dəmir dadırdı – dəmirin necə də pis dadı varmış! Ağzının qıraqları
şişmişdi – dəhnələr o şişmiş yerləri əzib göynədirdi. Döşündəki qayış yerləri
də göynəyirdi. Yəhər belini əzmişdi, hələ də sıxırdı, ağrıdırdı.
Gülsarının su içməyi gəlirdi. Yaxındakı çayın şırıltısı onun yanğısını daha
da artırırdı. Orada – çayın qırağında, həmişəki kimi, atlar otlayırdı.
Atlar kişnəyirdilər, dırnaqları ilə qumu xışıldadırdılar; gecə ilxıçıların
səsi də bu səsə qarışırdı. Adamlar alaçıqların qabağında tonqal qırağında
oturub dincəlirdilər. Uşaqlar it kimi hürüşüb, itlərə sataşırdılar. O isə
tək-tənha dayanmışdı. Hamı ondan üz döndərmişdi. Sonra ay çıxdı. Dağlar
zülmətin içindən yavaş-yavaş baş qaldırdı və ayın sarı işığında aram-aram
titrəşdi, tərpəndi. Bir-bir ulduzlar da alışıb yandı, ulduzlar daha da
yaxından göründü. Öz əvvəlki yerində Gülsarı yenə də tərpənməz qaldı, ancaq
onu çağıran vardı. Gülsarını çağıran balaca kəhər qulan idi, onlar bir
yerdə böyümüşdülər, həmişə bir gəzmişdilər. O balaca qulanın alnında ağ
ulduzu vardı. Gülsarı ilə qaçmağı sevirdi. Yekə ayğırlar çoxdan idi ki, onun
dalınca düşürdü, ancaq qulan onları yaxın qoymurdu. Axı o, hələ çox balaca
idi və Gülsarının özü də o qədər böyüməmişdi ki, o balaca qulanı yekə
ayğırlar kimi qorxuda bilsin.
Qulanın kişnəməsini Gülsarı haradansa lap yaxından eşitdi. Bəli, o idi, o
səsi Gülsarı yaxşı tanıyırdı. İstədi qulana
cavab versin, ancaq zədələnmiş, şişmiş ağzını açmağa qorxurdu. Qulan özü
Gülsarını tapdı. Alnındakı ağ ulduzu parladaraq onun yanına qaçıb gəldi.
Qulanın quyruğu da, ayaqları da sulu idi; çaydan keçib gəlmişdi, özü ilə
sərin suyun iyini gətirmişdi. O, üzünü Gülsarının üzünə sürtdü, qalın isti
dodaqlarını boynunda-boğazında gəzdirib onu şirin-şirin qoxladı. Fınxırıb
Gülsarını dalınca çağırdı. Ancaq Gülsarı yerindən tərpənə bilmədi. Sonra
qulan başını Gülsarının boynuna qoyub, dişləri ilə onun yalını qaşımağa
başladı. İndi gərək Gülsarı da başını qulanın boynuna qoyaydı, onun süysününü
qaşıyaydı. Ancaq Gülsarı bunu da eləyə bilmədi, çünki onun tərpənmək təhəri
yox idi. Gülsarı su içmək istəyirdi. Kaş bu qulan ona su içirdə biləydi!
Bala qulan qaçıb gedəndə Gülsarı onun dalınca baxdı, o isə dalına baxmadan
qaçdı, çayın o tərəfində zülmətə qarışıb yox oldu. Bu necə gəliş idi, bu
necə gediş idi? Gülsarının gözlərindən yaş axdı. Gilə-gilə yaş damcıları onun
üzündən süzüldü, axıb səssiz-səmirsiz ayaqları altına töküldü. Ömründə
ilk dəfə idi ki, Gülsarı ağlayırdı.
Səhər tezdən baxıcı gəldi. Yamyaşıl dağlara baxıb gərnəşdi, gülə-gülə
ufuldayıb belinin ağrısından şikayətləndi:
–
Uf, Gülsarı, Gülsarı, dünən yaxşı yordun məni... Nə? Üşüyürsən? Bax gör necə
büzüşmüsən. Yox, bu olmadı, qardaş.
O, atın boynunu sığalladı, xoş,
məzəli sözlər dedi. Gülsarı haradan biləydi ki, insan nə deyir, nə danışır.
Ancaq insan dediyi sözlərin mənasını yaxşı bilirdi:
– Sən məndən incimə,
dost. Həmişə boş-bekar gəzmək olmaz. Öyrənəcəksən – işlər yaxşı olacaq. Qaldı
ki, əzab-əziyyət, bu da gərək olsun, əziyyətsiz iş aşmaz. Dünya,
Dostları ilə paylaş: |