ELM ADAMLARI
ELM HAQQINDA
Professor Səlahəddin Xəlilovun təqdimatında
ÇAŞIOĞLU
Bakı - 2010
Müəllif-tərtibçi: Səlahəddin Xəlilov
Elm adamları elm haqqında.
Professor Səlahəddin Xəlilovun təqdimatında.
Bakı, “Çaşıoğlu”, 2010 – 312 səh.
Kitabda islam dünyasının böyük alimləri Əbdüs-Səlamın, Xudu Məmmədovun və Oqtay Sinanoğlunun dünya elminə verdiyi töhfələr barədə qısa məlumat verilir. Onların ümumiyyətlə elm haqqında: elm və din, elm və dil, elm və sənət mövzularında yazdıqları əsərlər kitaba ayrıca fəsillər kimi daxil edilmişdir.
Elm haqqında tam təsəvvür yaratmaq, elmin texnika və istehsalla, ictimai-iqtisadi həyatla əlaqəsini də işıqlandırmaq üçün bura Elm haqqında elm adlı bölmə də əlavə olunmuşdur.
Kitab alimlər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
ISBN: 978-9952-27-185-0
©Xəlilov S., 2010
Ön söz
Belə bir fikir geniş yayılmışdır ki, biz öz mənəviyyatımızı, mədəni-mənəvi dəyərlərimizi qorumağa çalışmalıyıq, Qərbdən isə ancaq onların elmi-texniki dəyərlərini, müasir texnologiyaları götürmək lazımdır. Bu, ilk baxışda çox optimal bir variantdır, amma eyni zamanda, çox sadəlövh fikirdir. Əslində bunu o zaman etmək olar ki, söz sahibi sən özün olasan. Yəni nəyi vermək və nəyi almaq məsələsini də özün müəyyənləşdirəsən. Halbuki baxılan halda qüvvətlər nisbəti Qərbin xeyrinə olduğuna görə, verən də, alan da Qərb özüdür. Yəni o bizə nəyi vermək istəyirsə, onu da verir və bizdən nəyi almaq istəyirsə onu da alır. İndi gəlin, məsələyə Qərbin gözü ilə baxaq və anlamağa çalışaq ki, Qərb üçün nə daha sərfəlidir?
Bəli, bizim mədəni-mənəvi dəyərlərimiz bir üstünlükdür və Qərb bunun qiymətini bilir. Və Qərb bizə öz elmi-texniki nailiyyətlərinin, sənaye məhsullarının müəyyən bir qismini verməklə əvəzində bizim malik olduğumuz yeganə sərvəti almaq istəyir.
Qərb bizə sadəcə olaraq kompüteri, yaxud televizoru transfer etmir. O, həm də televiziya verilişlərinin məzmununu və internet vasitəsilə ötürülən informasiyanın çeşidini müəyyən edir. Qərb bizim maraq dairəmizi də, zəif cəhətlərimizi də bizdən daha yaxşı bilir. Çünki bizi kənardan və məqsədyönlü surətdə seyr edir.
Bəs biz özümüzü öyrənməyə çalışırıqmı?
O vaxtlar – Xudu Məmmədovun bizə dərs dediyi 70-ci illərdə və universiteti bitirdikdən sonra müntəzəm xarakter almış görüşlərimiz zamanı biz kristalloqrafiyadan, təbiət hadisələrindən maddələrin quruluşundan daha çox, insan təbiətindən, cəmiyyətin quruluşundan bəhs edərdik. Kristalların və milli ornamentlərin strukturu, təbiətin yaddaşı ilə milli təfəkkür arasında eyniyyət məsələləri fəlsəfi yaradıcılıq yolunu seçmiş gənc fizik üçün maraqlı olmaya bilməzdi. Bizi bağlayan məhz təbiətə və insan həyatına fəlsəfi səviyyədə yanaşma tərzi idi. Mübahisələr də çox olurdu. Bir dəfə mən isbat etməyə çalışdım ki, biz Qərbin neçə yüz illər ərzində qalxdığı səviyyəni qısa bir müddətdə mənimsəyib onlarla yarışa bilmərik; ona görə də optimal bir yol seçmək lazımdır. Bu yol isə Qərbdən hazır elmi nəticələri götürərək onların daha tez tətbiqinə nail olmaqdır. Görünür, mən həm də Yaponiya təcrübəsinə istinad edirdim. Lakin gözlədiyimin əksinə olaraq Xudu müəllim bu fikrə etiraz etdi və dedi ki, hər bir xalq dünya sivilizasiyasına nə qədər pay verirsə, ancaq o qədər də götürə bilər.
O vaxtdan neçə illər keçmişdir və bizim ümumi məhsuldan, dünya sivilizasiyasından daha çox pay götürmək iddialarımızın həmişə tərsinə çevrildiyinin şahidi olmuşam. Nəyi isə əvəzsiz almaq ancaq illüziya imiş. Elmi-texniki sahədə aldıqlarımızın bədəlini sən demə mənəviyyatımızla ödəyirmişik.
Bəs çıxış yolu nədədir?
Bunun üçün, əlbəttə, orta əsrlərdə islam dünyasının indiki Qərb ölkələrinə nisbətən çox irəlidə olmasına rəğmən, tədricən geri qalmasının səbəblərini müəyyənləşdirmək lazımdır. Elmin ön cəbhəsindəki ayrı-ayrı nümunələr, yəni müsəlmanların normal elmi mühitdə çalışarkən, heç kimdən geri qalmayaraq böyük uğurlar qazanması faktları göstərir ki, hər şey ictimai mühitlə bağlıdır. Yəni söhbət islami dünyagörüşünün guya elmin inkişafı üçün əlverişli olmaması haqqında yaradılmış mifin dağıdılmasından gedir. Problem cəmiyyətin təşkilatlanması və onun strukturunda elm üçün normal şərait yaradılması ilə bağlıdır. İngiltərədə təhsil alan və İtaliyada, özünün yaratdığı nəzəri fizika mərkəzində çalışan Əbdüs-Səlamın, ABŞ-ın ən məşhur universitetlərindən olan Yel universitetində çalışan Oqtay Sinanoğlunun, habelə cəmi bir neçə il Moskvada və bir il İngiltərədə çalışdıqdan sonra vətənə dönən Xudu Məmmədovun timsalında biz bir daha bunun şahidi oluruq.
Məktəb olimpiadalarında gənc fiziklərimizin, riyaziyyatçılarımızın, bioloqlarımızın uğurları, hər il neçə-neçə məktəblinin vətənə qızıl medalla qayıtması artıq bir ənənəyə çevrilmişdir. Bəs sonra? Sonra əlverişli elmi mühitin yoxluğu ucbatından bu gənc istedadlar ya xarici ölkələrə getməli olur, ya da qalıb paslanırlar.
Eləcə də şahmat yarışlarında 10, 12, 14 yaşa qədər uşaqlar arasında birinci yerləri asanlıqla tutduğumuz halda, yetkin yaşlarda bu qələbələri təkrar etmək çətinləşir. Çünki genetik intellektual keyfiyyətlər gərək müvafiq mühitlə tamamlansın. Bizdə çatışmayan məhz mühitdir.
Bir dəfə böyük riyaziyyatçı-alim Lütfi Zadənin 75 illik yubileyinə həsr olunmuş bir mərasimdə hamı Azərbaycan aliminin və hətta Azərbaycan elminin böyük nailiyyətlərindən bəhs edərkən sual verdim ki, axı, Zadə hansı bir təsadüfləysə ABŞ elmi mühitinə düşməsə idi, Azərbaycanda qalsa idi, yenə indiki Zadə ola bilərdimi? Yox... Bəlkə biz onu heç doktorluq müdafiəsinə də buraxmazdıq. Ona görə də, beş dəfə azərbaycanlı alim deyəndə, bir dəfə də gəlin, Amerika elmi mühitini yada salaq.
Haqqında söhbət açdığımız üç böyük alim: Əbdüs-Səlam, Xudu Məmmədov, Oqtay Sinanoğlu da məhz xarici elmi mühitdə özlərini təsdiqləyə bildilər. Lakin onların fərqləndirici cəhəti budur ki, yüksək milli ruh onları həmişə vətənlə bağlamış, bütün nüfuzlarını və elmi potensiallarını öz xalqlarının elmi intibahı üçün sərf etmişlər. Uzun müddət xaricdə çalışan Əbdüs-Səlam və Oqtay Sinanoğlu daha çox elmi nailiyyət əldə etmiş, dünya miqyasında daha çox tanına bilmişlər. Xudu Məmmədov isə gənc yaşlarında böyük şöhrət qazansa da, öz ölkəsinə erkən qayıtdığı üçün dünya elm mərkəzlərindən bir növ aralı düşmüş və nə yaxşı ki, böyük elmi potensialını fəlsəfi yaradıcılığa və elm maarifçiliyinə yönəltməklə millətə heç olmasa, bu istiqamətdə fayda verə bilmişdir. Onun kristalloqrafiya sahəsində ixtiraları elə o dövrdəcə dünya elmi tərəfindən mənimsənildiyi və indi bəlkə də köhnəldiyi halda, ümumiyyətlə elm haqqında, onun təşkilati məsələləri, ictimai tərəqqidəki rolu haqqında, habelə daha çox dərəcədə fəlsəfi məzmun daşıyan strukturların sənətdə və elmdə adekvatlığı barədə yazdığı əsərlər elmi dünyagörüşünün formalaşmasında öz böyük əhəmiyyətini indi də saxlayır.
Əbdüs-Səlamın dünyanın ən məşhur elmi mərkəzlərində tədqiqat aparmaq imkanları olduğu halda, dönə-dönə vətənə qayıdaraq burada da müəyyən bir elmi mühit yaratmaq cəhdləri və nəhayət, bu da baş tutmadıqda Avropanın ən gözəl guşələrindən birində (Triyest, İtaliya) inkişaf etməkdə olan ölkələrin gənc fizikləri üçün tədqiqat mərkəzi açdırmağa nail olması və hər il öz ölkəsindən və digər müsəlman ölkələrindən bura onlarla istedadlı gənc alim cəlb edərək bütövlükdə islam dünyasında elmin gələcək inkişafı üçün potensial hazırlaması – bütün bunlar alimin böyük vətəndaşlıq mövqeyinin təcəssümü idi. Həm də bu milli qeyrət hissi təkcə vətəndaşlıq miqyasında yox, daha böyük miqyasda – bir müsəlman təəssübkeşliyi şəklində də üzə çıxırdı.
Oqtay Sinanoğluda isə türkçülük daha qüvvətlidir. O, dindən də əvvəl dil haqqında, millət haqqında düşünür. Türk dünyasında müqtədir bir elm dilinin formalaşması uğrunda mübarizə aparır. Qazandığı bütün nailiyyətlər, mükafatlar, titullar onun üçün ancaq millətə xidmət müstəvisində dəyər kəsb edir.
Bu kitabda bəlkə də təsadüfən alınan ən maraqlı cəhətlərdən biri islamçılıq, türkçülük və müasirlik ideyalarının vəhdətidir. Bu böyük şəxsiyyətləri öz konkret tədqiqat sahələrindən kənara çıxaraq bütövlükdə elm və onun milli tərəqqidə rolu haqqında düşünməyə, öz ölkələrində elmi mühit və kadr potensialı yaratmaq üçün çalışmağa vadar edən də əslində eyni bir səbəbdir – əqidə müəyyənliyi, milli qeyrət, dövlətçilik ruhu!
Biz indi Əbdüs-Səlamın nəzəri fizika, Xudu Məmmədovun kristalların quruluşu və O.Sinanoğlunun kvant kimyası sahəsindəki nailiyyətlərindən bəhs etməyərək, onların hər üçünün ümumiyyətlə elm haqqında, elm və din, elm və dil, elm və sənət haqqında yazdıqları əsərləri bir kitabda toplayıb oxuculara təqdim edirik.
Onu da qeyd edək ki, bu sətirlərin müəllifinin sovet dövründə elm haqqında yazdığı öz kitabını da yuxarıda adlarını çəkdiyimiz əsərlər sırasına qatması heç də bu böyük alimlərlə yanaşı durmaq iddiasından irəli gəlməyərək, elm haqqında həqiqətən hərtərəfli təsəvvür yaratmaq istəyinin nəticəsidir. Belə ki, elm və din, elm və dil, elm və sənət mövzuları nə qədər əhəmiyyətli olsa da, problemin tam şəkildə açılmasına imkan vermir. Elmin texnika və istehsalla, ictimai-iqtisadi həyatla əlaqəsi müəyyənləşdirilmədən, elm haqqında tam təsəvvür yaratmaq mümkün deyil. Ona görə də biz elm haqqında elm bölməsini də kitaba daxil etdik. Bundan əlavə, müəllif özünün “elm və dil” mövzusunda hələ o vaxt, sovetlər dağılmağa başlayan dövrdə yazdığı məqaləsini də eyni adlı fəslə daxil etmişdir. Düşünürük ki, bu mövzu indi də aktualdır.
Belə ki, biz təkcə millətləşməyə yeni-yeni başlamırıq; biz elmləşməyə və elmi-fəlsəfi özünüdərkə də yeni-yeni başlayırıq...
Başlayırıqmı?!
Giriş əvəzi:
Elm və onun sükanı
İncəsənətin məqsədi insanın emosional-mənəvi dünyasını zənginləşdirmək, onu daha saf, daha təmiz etmək – onun mənəvi imkanlarını artırmaqdır.
Elmin məqsədi isə insanın intellektual dünyasını zənginləşdirmək, onu daha məlumatlı, daha bilikli etmək və bu biliyin qüvvəyə çevrilməsi sayəsində onun maddi təsir imkanlarını artırmaqdır.
Elmi biliyin maddi qüvvəyə çevrilməsi təbiətlə mübarizədə insanı daha güclü edir. Lakin insanın maddi gücü-qüdrəti artdıqca bu gücü düzgün yönəldə bilmək üçün onun mənəvi kamillik səviyyəsi də yüksəlməlidir. Zira elm əhli olmaq, hələ kamal əhli olmaq deyil. Kamalın qələbəsi üçün yüksək elmi-texniki səviyyə ona uyğun gələn yüksək mənəvi-əxlaqi səviyyə ilə tamamlanmalıdır. Görünür, bu məhz belə bir ehtiyacdan irəli gəlir ki, elmin öz daxilində haçalanma getmiş və istehsalatın, ictimai-iqtisadi həyatın tələblərinə cavab verən elmi biliklər sistemi ilə yanaşı, humanitar yönlü elmi biliklər də nisbi müstəqil şəkildə inkişaf etdirilmişdir. Bundan əlavə, dəqiq elmlərin özü də ümumi dünyagörüşün əsaslarına xidmət edən biliklər sisteminə və tətbiqi-texnoloji biliklərə ayrılmışdır. D.Prays bu sonuncu bölgünü “böyük elm” və “kiçik elm” şəklində aparmaqla universitetlərin missiyasını istehsal şirkətlərin missiyasından fərqləndirmişdir.1
Akademiya, ali məktəb və sahə elmlərindən danışarkən, bir qayda olaraq, elə bil ki, eyni hüquqlu, eyni imkanlı adamların müxtəlif idarələrdəki fəaliyyətindən söhbət gedir. Müqayisə adətən statistik göstəricilər əsasında aparılır: hansı sahədə neçə elmlər doktoru vardır, neçə işçi çalışır və s. Halbuki, həmin sahələrin öz spesifikasından asılı olaraq orada çalışan elm adamlarının fəaliyyəti də müəyyən xüsusiyyətə malik olmalıdır. Məsələn, sahə elmində çalışan adamların əsas funksiyası məlum elmi müddəaları istehsal sahəsinin tələblərinə uyğunlaşdırmaq, yeni tətbiq yolları tapmaqdırsa, Akademiya işçilərinin funksiyası tətbiqdən asılı olmadan yeni elmi biliklər almaq, gerçəklik haqqında həqiqəti üzə çıxarmaqdır.
Bəs ali məktəb? Burada çalışan müəllimlər həm də elm adamlarıdır, elmi tədqiqat vərdişlərinə malikdirlər. Əlbəttə, müəllimin ilk əsas vəzifəsi tədris etmək, məlum bilikləri öyrətməkdir. Lakin necə etmək olar ki, müəllimlik və alimlik tam müstəqil fəaliyyət sahələri kimi bir-birinə qarşı dayanmasın, əksinə, eyni məqsəd ətrafında birləşərək bir-birini tamamlasın? Axı, müəllim heç də yalnız hazır biliklərin mənimsənilməsi ilə kifayətlənməməli, tələbələrə həm də yeni bilik axtarılması yollarını öyrətməli, tədqiqat vərdişləri aşılamalıdır. Yaradıcı təfəkkür əldə etmədən tələbə aldığı bilikləri uğurla tətbiq edə bilməz və yeni, standartdankənar, qeyri-normal vəziyyətlərdə çıxış yolu tapa bilməyəndə durğunluğun, ətalətin, ehkamçılığın daşıyıcısı olar. Bu baxımdan, ölkəmizdə ətalət və ehkamçılığın qalıqları təhsil sistemində də böyük neqativ rol oynamışdır. Hazır biliklərin öyrədilməsi ilə kifayətlənməmək və tələbələrdə tədqiqatçılıq vərdişləri, yaradıcı təfəkkür formalaşdırmaq üçün isə tədris prosesinin özü real tədqiqat laboratoriyasına çevrilməlidir.
Alimlik və müəllimlik müəyyən spesifik cəhətlərlə şərtlənsə də, bir sıra ümumi cəhətlərə də malikdir. Təsadüfi deyil ki, respublikamızda elmi kadrların üçdə birindən çoxu ali məktəblərdə cəmlənmişdir. Xüsusən, elmi dərəcəsi olan kadrların nisbi sayına görə ali məktəb akademiya və sahə elmini xeyli qabaqlayır. Belə bir şəraitdə fundamental elmi tədqiqat işinin əsasən Akademiya institutlarında aparılması, ali məktəblərin isə bu işə ancaq qismən qoşulması yolverilməz haldır. Respublikanın məhdud imkanları müqabilində bütün elmi avadanlıq və təchizat mərkəzləşdirilməli olduğu halda, tam bir pərakəndəlik hökm sürür.
Elmin idarə olunması hələ də sosializmdən qalma ənənələrə müvafiq olaraq inzibatçılıq yolu ilə həyata keçirilir. Həmin dövrdə elmin spesifikasını nəzərə almadan elmi institutlarda və ali məktəb kafedralarında, təsərrüfat müəssisələrində analoji nizam-intizam yaratmağa təşəbbüs göstərilir, «təşkilatçılıq qabiliyyəti» olan adamlar elmdə də «dəmir qayda»ya nail olurdular. Akademiyanın qapısı ağzına milis işçiləri qoyulması və ali məktəb müəllimlərinin, başqa müəssisələrdə çalışan alimlərin içəri buraxılmaması, elmi işçilərdən elmi nəticə soruşmaq əvəzinə, onların səkkiz saat şöbədə oturmalarının təmin edilməsi elmi işin və elmi əməkdaşlığın spesifikasını «unutmaqdan» irəli gəlirdi. İndi yenə də elmdə islahatdan danışılan kimi, yada düşən elə formal nizam-intizam olur.
Elmşünaslıq problemlərinin böyük bilicisi Xudu Məmmədov danışırdı ki, akademik İ.Vekua Novosibirskdən qayıdaraq Gürcüstan SSR Elmlər Akademiyasına prezident təyin olunandan sonra bir sıra dəyişikliklər həyata keçirir ki, köhnə stereotiplərə uyğunlaşmış adamlar bunu heç cür qəbul edə bilmirlər. Onun təşəbbüsü ilə yeni elmi-tədqiqat institutu açılır və bura yüksək maaşla istedadlı gənc alimlər cəlb olunur. Bu alimlər işə vaxtı-vaxtında gəlib getmədiyi üçün və hər kvartalda konkret nəticələr əsasında hesabat vermək əvəzinə taleyi qabaqcadan məlum olmayan «uzaq məqsədlər» uğrunda çalışdıqları üçün bir qrup “qanunpərəst” Moskvaya şikayət yazır ki, akademik İ.Vekua dövlət pulunu havayı xərcləyir, işə gəlməyən adamlara yüksək maaş verir, onları növbəsiz mənzillə təmin edir. Yoxlama gəlib iş vaxtında deyilənlərin doğru olduğunu müəyyən edir. Axşam komissiya üzvləri hansı isə yubiley məclisində iştirak edir və gecə yarısı banketdən qayıdanda akademik İ.Vekua maşınları həmin institutun yanından sürməyi xahiş edir. Baxıb görürlər ki, gündüz adamsız olan otaqların çoxunda gecə işıq yanır. Məlum olur ki, tədqiqatçılar məhz «iş vaxtı» adlanan müddətdə deyil, onlara yaradıcılıq üçün hansı vaxt münasibdirsə, o vaxtda işləyirlər. İşçilərə verilən bu sərbəstlik elmi işlərin səmərəsini daha da artırır. Onların hər kvartalda konkret nəticə tələbindən xilas edilməsi, onlara etimad göstərilməsi və şərait yaradılması diqqəti daha böyük problemlərə yönəltməyə, elmin təkcə bu günü üçün deyil, həm də sabahı üçün çalışmağa imkan yaradıb.
Elmdə formal hesabat sisteminin tətbiq edilməsi nəinki məsuliyyət hissini artırmır, hətta əsl elmi meyarları pərdələməklə qarışqanı fil, fili qarışqa etməyə imkan yaradır, elm sahəsində «pripiska»nın yayılmasına səbəb olur. Əksər elmi-tədqiqat institutlarında və xüsusən ali məktəb kafedralarında plan üzrə görülən illik elmi iş dedikdə makinada səliqə ilə çap edilmiş müəyyən həcmli (yenə də kəmiyyət meyar kimi çıxış edir) yazı nəzərdə tutulur. Onun elmi dəyərini isbat etmək üçün istənilən iki nəfərdən rəy almaq kifayətdir. Nəticədə hamı bir-birinin işinə gözəl rəylər yazır və «tədqiqat işləri» müəllimin çalışdığı şöbədə və ya kafedrada «müzakirə olunur». Rəqabət prinsipi işləməyən yerdə heç kim öz yoldaşına qarşı «bədxahlıq» etmək niyyətinə düşmür. Əgər tək-tək istisnalar varsa, bunlar da elmi prinsipiallıqdan yox, şəxsi münasibətdən doğur. Çünki elmi rəqabət mühiti və dəqiq elmi meyarlar olmayanda dəyərsiz «tədqiqatları» tərifləmək, həqiqi elmi sanbalı olan tədqiqatları isə «alt-üst» etmək mümkündür.
Ali məktəbdə çalışan yüksək ixtisaslı elmi kadrlar elmi tədqiqat işi üçün lazımi şərait əldə edə bilmirlər. Ali məktəblərin elmi tədqiqat bölmələrində əsasən tədris fəaliyyətinə cəlb olunmamış, bu və ya digər səbəbdən müəllim kimi ixtisara düşmüş və ya "ehtiyat qüvvəyə" daxil olan adamlar çalışırlar ki, bu da ən böyük elmi potensiala malik olan professor-müəllim heyətinin yenə də fəal elmi tədqiqatdan kənarda qaldığına dəlalət edir. Nəticədə nəinki professor-müəllim heyətinin elmi tədqiqat imkanları reallaşmır, həm də bu imkanları tədricən itirməklə onlar yaradıcı müəllim kimi də çox şey itirmiş olurlar.
Ali məktəbdə müəllimdən həm də alimlik tələb olunur və bu cəhət harada isə tədris mühitindən kənarda, başqa şəraitdə və başqa bir sistemin (elm sistemi) daxilində yox, həm də tədris prosesində nümayiş etdirilməli, daha doğrusu, elmi tədqiqatla tədris işi əlaqələndirilməlidir. Bu, xüsusən universitet təhsilini şərtləndirən ən ciddi tələblərdən biridir və qabaqcıl universitetlər öz işini məhz bu istiqamətdə yenidən qurmağa çalışırlar. İnkişaf etmiş kapitalist ölkələrində fundamental elmi tədqiqatların əsasən universitetlər tərəfindən həyata keçirilməsi heç də təsadüfi deyil. Bu baxımdan, ABŞ-ın təcrübəsi xüsusi diqqətə layiqdir. Burada ali məktəblər arasında universitetlərin xüsusi çəkisi böyükdür və onlar ən müasir tələblər səviyyəsində elmi bazaya malik olduqlarından elmin tərəqqisində aparıcı rol oynayırlar. ABŞ-ın bütün fundamental elmi tədqiqatlarının 60%-dən çoxu universitetlərin payına düşür. Ən böyük universitetlərin (multiuniversitetlər) tərkibində müasir avadanlıqla təchiz olunmuş bütöv tədqiqat mərkəzləri və elmi tədqiqat institutları fəaliyyət göstərir. Həmin tədqiqat müəssisələrinin Akademiya yox, universitet nəzdində olmasının üstün cəhətlərindən biri yüksək ixtisaslı alim-müəllimlərin elmi potensialından səmərəli istifadə olunmasıdır. Digər tərəfdən, elmi mərkəzə tədqiqatçı kimi cəlb olunmuş adamlar, əgər xüsusi qabiliyyətləri varsa, özlərini qabaqcıl müəllim kimi də göstərmək imkanı əldə edir. Müəllimlik və alimlik funksiyaları arasında qarşılıqlı keçid imkanı yaranır. Lakin, bizcə, bu cür təşkilati strukturun ən böyük üstünlüyü doktorant və tələbələrin universitet nəzdindəki elmi mərkəzlərin bazasından istifadə etməsi hələ təhsil dövründə əsl elmi tədqiqata cəlb oluna bilməsidir. Məhz bu sonuncu imkanın böyük əhəmiyyətini nəzərə alaraq ABŞ-da son vaxtlar xüsusi tədqiqat universitetlərinə (multiuniversitet) geniş yer verilir. Multiuniversitetlərdən fərqli olaraq, elmi tədqiqat müəssisələri təhsil müəssisəsinin nəzdində olur, onun içərisində əridilir, yəni təhsil və elmi tədqiqat eyni bir prosesə çevrilir. Burada oxuyan tələbələr artıq peşəkar elmi işçidirlər və ən aktual problemlərin həllində bilavasitə iştirak edirlər. ABŞ-ın bu qabaqcıl təcrübəsi, heç şübhəsiz, bizdə də nəzərə alınmalıdır.
Elmi biliklər, elmin əsasları müasir dövrdə bütün fəaliyyət sahələrinin strukturuna daxildirsə, bəs onda elm digər fəaliyyət sahələrindən nə ilə fərqlənir? Ümumiyyətlə elm əməli fəaliyyət sahələrindən ayrımı mövcud olmalıdır?
Digər tərəfdən, bütün ali məktəblərdə elmin əsasları öyrədilirsə və gələcək elm adamları da məhz bu təhsil alanlar sırasından çıxmalıdırsa, elmin ictimai təşkilatlanma forması təhsil sahəsindən kənardamı olmalıdır?
Bəzən bizimkilər ümumiyyətlə elmin, abstrakt elmin inkişafı prosesində bu və ya digər dərəcədə iştirakları ilə fəxr edirlər. Onlar ancaq müstəqil elm haqqında, yeni elmi biliklər haqqında düşünürlər. Bəs bizim ixtiraçılar, konstruktorlar və müasir elmi nailiyyətləri tətbiq etmək səviyyəsində olan mühəndislər harada və necə hazırlanır? Digər tərəfdən, elmin menecmenti sahəsində də kadr hazırlığına böyük ehtiyac vardır.
Elmin yönləndirilməsi, sükanın kimin əlində olması olduqca vacib bir məsələdir. Hələ Füzuli dövründə bu məsələ çox aktual idi. Böyük şairimiz belə deyirdi: «Elm pis adamların əlində hiyləgərlik alətidir. Amandır, hiyləgər şəxslərə bilik öyrətmə. Fəsad əhlinə elm öyrətmək xalqı qırmaq üçün cəlladın əlinə iti qılınc vermək deməkdir». Lakin, təəssüf ki, tarix bu hikmətə əməl etməmiş, «fəsad əhli» elmə daha tez yiyələnmişdir.
Məgər atom bombasını da, nüvə silahını da və onları daşımaq üçün yaxın, orta və uzaq məsafəli raketləri də alimlər düzəltmədilərmi? Ya, ola bilsin ki, bilavasitə düzəltmədilər; onda belə deyək: bütün müasir silahlar alimlərin kəşfinə istinad etməklə ixtiraçılar, konstruktorlar və mühəndislər tərəfindən düzəldilmirmi? Və bu işlərin arxasında ümumbəşəri bir elmi fəaliyyət sistemi dayanmırmı? Və bu qlobal sistemin formalaşmasında bir çox günahsız ölkələrin günahsız alimlərinin payı da yoxdurmu?
Böyük elmin dəyirmanına su tökməyə çalışırıq, amma bu dəyirmanın kimin üçün üyütdüyünü və hazır məhsullardan kimin faydalandığını, yaxud əksinə, kimin başında çatladılacağını bilirikmi? Alim deyə bilər ki, bu daha mənim işim deyil, bunu da qoy bir başqası düşünsün. Amma bu «bir başqaları» kimdir və onlardan bizdə varmı? Bax bu məqamda texnokrat alimlərin yadına salmaq istəyirik ki, bu «başqa məsələlər» məhz ictimai elmlərin predmetinə daxildir. Təhsil – Elm – Texnika – Texnologiya – Sənaye – İstehlak zəncirində hər bir mərhələ tam müstəqil bir dəyər olmayıb həmin böyük zəncirin tərkib hissəsi olmaqla, müəyyən ideoloji yönə malikdir. Bu ideoloji yönü müəyyənləşdirən, cəmiyyətin makrostrukturunu, daxili proseslərin qarşılıqlı nisbətini təhlil edən onların müvafiq beynəlxalq proseslərlə qarşılıqlı əlaqəsini öyrənən və dövlət üçün təkliflər paketi hazırlayan da məhz ictimai elmlər olmalıdır.
İndiyədək ictimai elmlər öz üzərinə düşən bu məsul vəzifələri yerinə yetirməyibsə, bu o demək deyildir ki, bu elmlərə ehtiyac yoxdur. Biz təbiət elmlərindən real iqtisadi səmərə gözlədiyimiz kimi, ictimai elmlərdən də dövlətin strateji inkişaf xətti üçün elmi-metodoloji baza rolunu oynamaq və ictimai praktikaya xidmət etmək mənasında səmərəlilik gözləyirik. Lakin əlbəttə, ictimai gerçəklik və dövlət siyasəti ilə müvafiq elm sahələri arasında əks-əlaqə sisteminin yaradılması təkcə elm adamlarından asılı deyil. Bunun üçün müvafiq dövlət orqanlarının və ictimai qurumların da təşəbbüs göstərməsi tələb olunur.
Ən vacib məsələlərdən biri elmin mahiyyətini və funksiyalarını düzgün mənimsəmək və müxtəlif xarakterli elmi tədqiqat sahələrinin xüsusiyyətlərinə uyğun olan təşkilati formalar tətbiq etməkdir. Bu baxımdan, elmin mahiyyətinə və onun digər fəaliyyət sahələri ilə, habelə ictimai həyatla qarşılıqlı əlaqəsinə həsr olunmuş klassik əsərlərin dilimizə çevrilərək oxuculara təqdim olunması xüsusi əhəmiyyətə malikdir.
Qərb dünyasında elm haqqında yazılan, onun mahiyyəti və funksiyalsrı ilə bağlı olan əsərlər çoxdur. Şərq ölkələrində isə poeziya haqqında, musiqi haqqında yüzlərlə əsər yazılsa da, elm haqqında əsərlərə çox nadir hallarda rast gəlmək mümkündür. Biz məhz bu nadir əsərlərdən bir qismini bir kitab halında çap etmək qərarına gəldik.
Düşünürük ki, milli mentaliteti bizə uyğun olan adamların elm haqqında fikirləri yerli şəraitdə elmə münasibətin formalaşması və elmun optimal təşkilatlanması işində daha çox yardımçı ola bilər.
ELM və DİN
-
Quran və elm
-
Müasir elm: insanlığın ortaq mirası
-
İslam dünyasında elmlərin geriləməsi
-
Elmin məhdudluğu
-
İman və elm
-
İslam ölkələrində elmlərin ən son vəziyyəti
-
İslamda elmlərin renessansı
-
İslam ölkələrində elmlərin dirçəlişi üçün lazımi addımlar
-
İslam dünyasında elmi vəqflər
(1926 - 1996)
Professor Dr. Əbdüs-Səlam
İlk müsəlman Nobel mükafatı laureatı
Elmə və millətə həsr olunmuş həyat
Əbdüs-Səlam XX əsrin böyük nəzəriyyəçi fiziklərindən biri, böyük elm təşkilatçısı, vətənpərvər alim, ilk müsəlman Nobel mükafatı laureatıdır.
Əbdüs-Səlam 29 yanvar 1926-cı ildə Britaniya Hindistanının Cəng adlı kiçik bir şəhərində (indiki Pakistan ərazisində) qədim ənənələrə malik ziyalı və mömin ailəsində dünyaya gəlmişdir.
14 yaşında o ən yüksək göstəricilərlə Pəncab universitetinin Hökumət kollecində oxumaq üçün təqaüd almış və 1946-cı ildə oranı bitirmişdir.
Həmin ildə Əbdüs-Səlam burs alaraq oxumaq üçün Kembricə, St. John's Kollecinə yollanmış və 1949-cu ildə həm riyaziyyat, həm də fizika üzrə birinci olmaqla fərqlənmə bakalavr dərəcəsini almışdır. 1950-ci ildə fizika üzrə möhtəşəm tədqiqat işinə (pre-doctoral) görə o Kembric universiteti tərəfindən mötəbər Smit mükafatına layiq görünmüşdür. 1951-ci ildə o, Kembricdə kvant elektrodinamikası üzrə fundamental tədqiqatlarına görə nəzəri fizika üzrə PhD almışdır.
Əbdüs-Səlam 1951-ci ildə Pakistana qayıdır və Lahordakı Hökumət Kollecində riyaziyyatdan dərs deməyə başlayır, 1952-ci ildən isə Pəncab Universitetində Riyaziyyat kafedrasının rəhbəri vəzifəsinə layiq görülür. Vətənə qayıdanda o düşünürdü ki, burada tədqiqat mərkəzi (məktəbi) yaradacaq, lakin tezliklə aydın oldu ki, bu mümkün deyil. Nəzəri fizika üzrə tədqiqatlarını aparmaq üçün onun xaricə getməkdən başqa çarəsi qalmır. İnkişaf etməkdə olan ölkələrdə yaşayan çoxlu sayda gənc istedadlı nəzəriyyəçi fiziklərin potensialını realizə etmək üçün Əbdüs-Səlam bütün ömrü boyu çalışmış, böyük təşkilati işlər görmüşdür. Onun Triestdə yaratdığı Nəzəri Fizika üzrə Beynəlxalq Mərkəz (ICTP – International Centre for Theoretical Physics) istedadlı gənc fiziklərin öz tətillərini görkəmli alimlərin iştirakı ilə elmin ön cəbhəsində aparılan araşdırmalarla dolu mühitdə keçirmək imkanı verirdi. 1954-cü ildə Səlam doğma vətənini tərk edərək Kembricə mühazirələr vermək üçün gedir. Lakin o, elm siyasəti üzrə müşavir kimi vaxtaşırı Pakistana da baş çəkir. Onun Pakistan üçün gördüyü işlər çox dəyərli, perspektiv və əhatəli olmuşdu. Əbdüs-Səlam Pakistanda 1961-1974-cü illər ərzində Prezidentin Elm üzrə Baş məsləhətçisi olmuşdur.
O, 1957-ci ildən Londondakı İmperial Kollecinin Nəzəri fizika kafedrasının professoru və 1964-cü ildən eyni zamanda Triestdəki ICTP-nin direktoru vəzifəsində çalışmışdır. 40 ildən artıq bir dövrdə o, elementar zərrəciklər fizikasının nəzəri problemləri üzrə intensiv tədqiqatlar aparmışdır. Əbdüs-Səlam bu sahələrdə ya ilk işlər görmüş ya da öz böyük ideyaları ilə bir çox əhəmiyyətli araşdırmaların inkişafı üçün münbit mühit yaratmışdır.
Ömrünün son otuz ilində öz yüksək akademik reputasiyasından istifadə edərək bir çox beynəlxalq elmi arenalarda aktiv və təsirli fəaliyyət göstərmişdir. İnkişafda olan ölkələrdə elm və texnologiyanın gəlişməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının bir çox komissiyalarının işinə dəstək olmuşdur. Professor Əbdüs-Səlam boynuna götürdüyü bu qədər işlərin öhdəsindən gəlmək üçün bayramları, istirahət günlərini, əyləncə və şadyanalıq məclislərini qurban verirdi. Belə bir şəraitlə üzləşən ICTP-in işçiləri normadan artıq işlədiklərindən şikayət etmirdilər.
O, ICTP-nin rəhbəri qismində bu Mərkəzin əsas məqsədinin – inkişaf edən ölkələrin ehtiyaclarına xüsusi diqqət yetirməklə bərabər nəzəri fizikanın mühüm problemlərinin tədqiqi və təlimini unutmurdu.
Atom Sülh üçün medalından və mükafatından əldə edilən gəlirləri Əbdüs-Səlam gənc pakistanlı fiziklərin ICTP-yə gəlmələrini təmin etmək üçün fondun təşkilinə sərf etmişdi. Əbdüs-Səlam 1979-cu ildə aldığı Nobel Mükafatının öz payına düşən hissəsindən bir penni belə özünə və ya ailəsinə xərcləməmiş, bütün pulları inkişaf edən ölkələrdən olan fiziklərin ehtiyaclarının ödənilməsinə sərf etmişdi.
Məlumdur ki, Əbdüs-Səlam İslama sadiq olan adam olmuş və din onun həyatında sadəcə bir guşədə yer tutmamışdı; onun işi də, ailə həyatı da dini inam ilə bir vəhdət təşkil edirdi.
1959-cu ildə, 33 yaşında, Əbdüs-Səlam Kral Cəmiyyətinə (Fellow of the Royal Society) üzv seçilən ən gənc alim olmuşdur.
1960-cı illərin əvvəllərindən Əbdüs-Səlam Pakistanın Atom Tədqiqatları Agentliyinin – Atom Enerji Komissiyasının (PAEC) yaradılması uğrunda böyük işlər görmüşdür. O, həmçinin, Pakistanın prezidenti Əyyub xanı inandıra bilmişdi ki, ölkədə milli aerokosmik agentlik yaratmaq lazımdır və 16 sentyabr 1961-ci il tarixli sərəncam ilə Kosmik və Yuxarı atmosfer Tədqiqatlar Komissiyası (SUPARCO) yaradılmışdır. O, bu Komissiyanın ilk sədri təyin edilmişdir.
Əbdüs-Səlam Pakistan alimlərinin və mühəndislərinin həm nəzəri, həm də tətbiqi nüvə tədqiqatları üzrə püxtələşməsində böyük rol oynamışdır. O, həmçinin, kənd təsərrüfatının aktual problemləri, torpaqların şoranlıqdan qorunması və bataqlıqların qarşısının alınması sahəsində də işlərin aparılmasına dəstək vermişdir.
Onun nüfuzu və səyləri nəticəsində Pakistan prezidenti Əyyub xan Kəraçi şəhəri yaxınlığında Nüvə energetik stansiyasının tikilməsinə şəxsən razılıq vermişdi, çünki o dövrdə Pakistan hökuməti bunun əleyhinə idi. Bundan əlavə Pakistanda Qabaqcıl elm üzrə beş müasir kollecin yaranmasında və ölkədə elmin davamlı inkişafında Səlamın böyük rolu olmuşdur. Əbdüs-Səlamın möhkəm inamına görə “elmi düşüncə bütün insanlığın irsidir” və ona görə də inkişafda olan millətlər gərək özləri öz qayğısına qalalar və öz elmlərinə “investisiya” qoyaraq, inkişafı sürətləndirələr və bununla da Qlobal Cənubla Qlobal Şimal arasında ayırıcı zolağı azaldaraq sülhə söykənən dünyaya öz töhfəsini verələr. Səlam həmçinin Üçüncü Dünya Elmlər Akademiyasını (Third World Academy of Sciences (TWAS)) təsis etmiş və elmin, texnikanın inkişafına yönəlmiş bir çox beynəlxalq mərkəzlərin yaradılmasında aparıcı simalardan biri olmuşdur.
Bir faktı da qeyd etmək lazımdır ki, Əbdüs-Səlamın köməyi ilə 500-ə yaxın pakistanlı fizik, riyaziyyatçı və digər elm adamları doktorluq dərəcəsini almaq üçün Birləşmiş Krallığın və ABŞ-in ən nüfuzlu institutlarında işləmək və təhsilini artırmaq imkanı əldə etmişdir.
1964-cü ildə Əbdüs-Səlam İtaliyanın şimali-şərqində yerləşən Triest şəhərində Nəzəri fizika üzrə Beynəlxalq Mərkəzin əsasını qoyur. O, 1964-cü ildən 1993-cü ilin dekabrına qədər bu Mərkəzin direktoru olub. Bundan sonra bu Mərkəz – Nəzəri fizika üzrə Beynəlxalq Abdüs Səlam Mərkəzi adlandırılmışdır.
Bir çox ölkələrin elmlər akademiyalarının, o cümlədən SSRİ Elmlər Akademiyasının xarici üzvü olmuşdur.
Cenevrədə, SERN- də Əbdüs-Səlam adına küçə vardır.
Əbdüs-Səlam 1996-cı ilin 21 noyabrında Oksford şəhərində vəfat etmişdir.
Əbdüs-Səlamın yaxın dostu, 1972-1991 Pakistan AEC-in sədri olmuş məşhur nüvə mühəndisi Münir Əhməd xanın aşağıdakı sözləri çox ibrətamizdir:
“Hətta, biz pakistanlılar Dr.Səlama qarşı laqeyd olsaq da, bütövlükdə dünya onu daim yad edəcək”.
Dostları ilə paylaş: |