Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə137/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   133   134   135   136   137   138   139   140   ...   145

 
338
Sonra mayor boylanıb aşağıdakı  dərin uçurumlu yarğana baxdı  və yenə sinə 
dolusu nəfəs aldı: 
– Qafqazda şeytani bir gözəllik var…– dedi.– Bunu sözlə ifadə etmək mümkün 
deyil… Bunu rus şairləri yazacaqlar… 
Rus zabitlərindən biri arxadan qışqırdı: 
– Ehtiyatlı olun, cənab mayor! Uçuruma düşə bilərsiz!.. 
Mayor Lisaneviç: 
– Uçurumdan qorxan adamın Qafqazda nə  işi var?!– dedi və elə o uçurumun 
başındaca atını şahə qaldırdı, sonra sürətlə geriyə çapıb, Şuşaya qalxan yola çıxdı və 
eləcə çapa-çapa da yoxuş yuxarı getdi. 
 
5. 
 
Aşot Karapetyanın mindiyi fayton Tehranın küçələri ilə gedirdi. 
Fayton böyük bir binanın darvazası ağzında dayandı. Aşot Karapetyan faytondan 
düşüb, darvazanın qarşısındakı gözətçiyə: 
– Ağayi-Pirqulu xan məni gözləyir!– dedi. 
… Aşot Karapetyan içəri girəndə Pirqulu xan döşəkcədə bardaşqurma oturub, 
qarşısındakı gödək mizin üstünə  yığılmış bir qalaq kağıza baxırdı  və Karapetyanı 
görən kimi: 
– Nə oldu, ağayi-Karapetyan, təzə siyahıları gətirdin?–soruşdu. 
– Gətirmişəm, ağayi-Pirqulu xan. – Aşot Karapetyan əlindəki kağızları Pirqulu 
xana uzatdı və yalnız bundan sonra:– Salam–əleyküm,– dedi. 
– Əleykümə-salam. Vallah, ağayi-Karapetyan, indi salam verib, salam almağa da 
macal qalmayıb, – dedi.– Hamısı bir yerdə neçə erməni ailəsi oldu? 
– 750 erməni ailəsi Mağara tərəfdəndir, 342 ailə  Şirazdandır, 433 ailə 
Həmədandan, 126 ailə  də Tehranın özündəndir. Hamısı da könüllü razılıq vermiş 
ailələrdir, ağayi-Pirqulu xan. Əvvəl sizə verdiyim siyahı ilə birlikdə düz 6582 
erməni ailəsi edir.– Aşot Karapetyan bir daha təkrar etdi.– 6582 ailə! 
– Bu birinci mərhələdi ha, baba!.. 
– Bəli, ağayi-Pirqulu xan. Yeni siyahılar hazırlanmaq üzrədir. 
Priqulu xan: 
– Xeyli xub! Xeyli xub, ağayi-Karapetyan,– dedi.– Qibleyi-aləm çox tələsdirir!.. 
 
6. 
  
Axund Mirmöhsün ağa içəri daxil olanda Ibrahim xan pəncərənin qarşısında 
dayanmışdı. 
Ibrahim xan ona sarı çönmədən: 
– Axund, – dedi,– mən təfərrüatına varmıram, amma bu gündən sənin ayağın 
mənim sarayıma dəyməyəcək! Sən  Şuşaya da gəlməyəcəksən! Sən arana 
düşəcəksən, bundan sonra Qarabulağın Saracıq obasında yaşayacaqsan! Sən o 
obadan bir addım da kənara ayaq atmayacaqsan! – Xan gözlərini pəncərədən ayırıb 
sərt hərəkətlə başını çevirdi və Axund Mirmöhsün ağaya baxdı.– Get və Allahına 
şükür et ki, sənin başın Molla Pənahın başı kimi, bədənindən üzülmür. Mən bu 
barədə artıq danışmaq istəmirəm!.. Get və ibadət et, bəlkə günahlarını yuya bildin! 


 
339
Axund Mirmöhsün ağa: 
– Mən, onsuz da, hər gün ibadətlə  məşqulam…– dedi.– Hər bir insanın günahı 
var. Göndərdiyin sürgündə də, inşallah, ibadətlə məşqul olacağam. Ancaq… 
Ibrahim xan: 
– Nə ancaq? Nə ancaq?– deyə onun sözünü kəsdi. 
Axund Mirmöhsün ağa: 
– Ancaq siz kimlə qalacaqsız, əlahəzrət?– dedi və otaqdan çıxdı. 
 
7. 
  
Xan sarayının həyəti qaynayırdı. Bir tərəfdə kabab bişirdi, bir tərəfdə ocağın 
üstündə böyük qazan qaynayırdı, bir tərəfdə hind quşu, toyuq, turac yonulurdu… 
Xanəndənin zilə çəkdiyi «Qarabağ şikəstəsi"nin səsi həyətə yayılmışdı: 
 
 
 
Əzizinəm, Qarabağ, 
 
 
 
Şəki, Şirvan, Qarabağ… 
 
 
 
Tehran cənnət də olsa, 
 
 
 
Yaddan çıxmaz Qarabağ…
 
 
Toyuq yolan arvadlardan biri: 
– Allah Ağabəyim Ağanın ömrünü uzun eləsin, gör də, gör, nə sözlər yazıb?! 
Gör, o bədbəxt, nə çəkir də, qürbətdə!..– dedi və doluxsundu. 
O biri arvad: 
– Az-z-z, sənin niyə gözün dolur? – dedi.– Xanımlar şah saraylarında kefə baxır, 
sən də burda zırıldayırsan? 
Doluxsunmuş arvad: 
– Allah elə kefi kəssin!– dedi və qolu ilə gözünü sildi. 
… Qonaq otağında salınmış süfrənin arxasında isə bir–neçə  əsabəsi ilə Ibrahim 
xan, mayor Lisaneviç, onunla birlikdə gələn rus zabitləri əyləşmişdi. 
Süfrənin üstünə cürbəcür meyvələr, yeməklər, şərbət, ayran düzülmüşdü. 
Danışığı mayoru müşayiət edən azərbaycanlı bəy tərcümə edirdi. 
Ibrahim xan: 
– Mayor cənabları,– dedi, – mən sizin haqqınızda xoş sözlər eşitmişəm. Sizi 
görməyimə çox şadam. Mən eşidəndə ki, zat-aliləri cənab Sisianov öz şəxsi 
nümayəndəsi kimi, mənimlə ilkin danışıqlar üçün cənabınızı göndərir, xeyli  
məmnun oldum.  
Mayor Lisaneviç razılıqla: 
– Əlahəzrət imperator Aleksandrın təbəələri, o cümlədən mən də sizin haqqınızda 
çox eşitmişik və Qarabağın müdrik bir hakimi kimi sizə böyük hörmətimiz var. 
Sisianov cənabları  mənə  şərəf verərək tapşırıb ki, əlahəzrət imperatorun şəxsi 
hədiyyəsini sizə təqdim edim. 
Mayor Lisaneviç və onunla gəlmiş rus zabitləri ayağa qalxdılar. Zabitlərdən biri 
kənardakı mizin üstündən o hədiyyəni götürüb mayora verdi və mayor ehtiyatla 
hədiyyəni açdı.  
Bu – imperator I Aleksandrın qiymətli çərçivə içində böyük portreti idi. 
Ibrahim xan bir an o portretə baxdı, sonra ayağa qalxdı, dərhal əyanlar da ayağa 
qalxdı və Ibrahim xan dedi: 


 
340
– Bu qiymətli  ərməğan həmişə  mənimlə  və  mənim nəslimlə bir yerdə olacaq.– 
Portreti mayordan alıb bir də baxdı, sonra yanında dayanmış əyana verdi. 
Əyan portreti aparıb divar dibindəki yorğan-döşək dolabının üstündə dikəltdi və o 
an, elə bil, I Aleksandr Şuşada, Qarabağ xanının sarayındakı bu məclisi cismən 
diqqətlə izləyirdi. 
… Xidmətçilər qonaq otağına girib-çıxırdı, təzə-təzə yeməklər gətirirdilər, 
boşalmış qabları aparırdılar və məclis əhli yeyə-yeyə söhbət edirdi. 
Mayor Lisaneviç: 
– Hörmətli xan,– dedi,– mən  əminəm ki, sizinlə danışıqlarımızın axırı müsbət 
qurtaracaq, ancaq bundan asılı olmayaraq, xahiş edirəm ki, bir cəhət həmişə sizin 
xatirənizdə olsun: harada olmağımdan asılı olmayaraq, mənim simamda sizin həqiqi 
dostunuz var! Bu sözləri sizə mən deyirəm, rus zabiti Lisaneviç! 
Ibrahim xan həqiqətən məmnun idi: 
– Bu sözlər mənim üçün çox qiymətlidir, cənab mayor! Çox sağ olun! 
– Mənim missiyamın məqsədi sizə  məlumdur, xan həzrətləri. Söhbət Qarabağ 
xanlığının böyük Rusiya imperiyasının təbəəliyinə keçməyindən gedir. Bu məsələdə 
sizin proqressiv mövqeyiniz şəxsən əlahəzrət imperatorun özünə də məlumdur. Zat-
aliləri cənab Sisianov bu barədə əlahəzrət imeratora ətraflı məlumat vermişdir. 
– Mən Rusiya ilə dostluq etmək və həmişə ona sadiq qalmaq vədini vermişəm, 
cənab mayor. Biz vədinə xilaf çıxan adamlar deyilik… 
– Biz bunu bilirik, xan həzrətləri. Böyük Rusiya imperiyasının sizə  bəslədiyi 
hörməti  siz özünüz də, sizin gələcək nəsilləriniz də əyani şəkildə gərəcəksiniz. Siz – 
dostsunuz! Ancaq… 
– Elə bil nəsə deməyə çətinlik çəkirsiniz… 
– Fətəli xan sizin oğlunuz Əbülfət ağanı beş yüz atlı ilə Qarabağa göndərib… 
– Bilirəm… Mən bu məsələ ilə  məşğulam. Mən onun atasıyam, o mənim atam 
deyil. Mənim dediyim olmalıdır, onun dediyi yox. 
–  Əlbəttə, belə olmalıdır… Görünür, Əbülfət ağa bizi bəhanə edib Qarabağın 
xanlıq taxtına çıxmaq istəyir… 
Ibrahim xan bir az əsəbi təkrar etdi: 
– Mən bu məsələ ilə məşğulam, cənab mayor. Lazım olsa, özüm onun qarşısına 
çıxacağam. 
– Mən yalnız onu deyə bilərəm ki, hörmətli cənab xan, Rusiya heç zaman sizi 
darda qoymayacaq, sizə  xəyanət etməyəcək. Siz və sizin gələcək nəsliniz Rusiya 
təbəəliyində  əbədi olaraq Qarabağ xanlığına rəhbərlik edəcəksiniz. Sizin heç bir 
hakim hüququnuz məhdudlaşmayacaq. Nə qədər Rusiya olacaq, o qədər də Qarabağ 
xanlığı olacaq. Nə  qədər Qarabağ olacaq, o qədər də Ibrahim xan və onun nəsli 
Qarabağda xanlıq edəcək! 
Ibrahim xan gülümsəyərək barmağı ilə göyü göstərdi: 
– Ancaq hər şey bizdən asılı deyil, cənab mayor. Allah da var! 
Mayor Lisaneviç: 
– Biz Allaha kömək etməliyik!– dedi. 
Ibrahim xan diqqətlə mayor Lisaneviçin gözlərinin içinə baxdı: 
– Biz Allaha kömək etməliyik? 
Mayor Lisaneviç: 
– Əlbəttə!– dedi.– Biz bütün yaxşı işlərdə Allaha kömək etməliyik! 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə