353
Handan-hana Əmiraslan bəy soruşdu:
– Bəs biz nə etməliyik, xan sağ olsun? Əsgərlər analarımızın, bacılarımızın gözü
qabağında erməni arağı içib, keflənib qışqırmalıdı, bizi də vecinə almamalıdı?
Ibrahim xan:
– Dözmək lazımdı!– dedi.
Yenə sükut çökdü və bu dəfə sükutu Ibrahim xan özü pozdu:
– Mən məlumat almışam ki, Abbas Mirzə rusların üstünə böyük hücuma
hazırlaşır. Səbr elə… Görək, nə olur?..
26.
9 iyul 1805-ci il. Şahbulaq. Abbas Mirzənin qərargahı.
Abbas Mirzə hərbi məşvərət çağırmışdı.
– Kafir polkovnik Koryagin qaçdı, gördünüz ki? Şahbulağ kimi bir qalanı
rəşadətli ordumuza təslim edib qaçdı. Ağayi-Pirqulu xan onları qıra-qıra təqib etdi.
Indi Muxrat qəsrində gizləniblər, Koryagin kömək gözləyir. Ancaq onlara kömək
gələnə qədər biz Muxratı da almalıyıq, sonra, bax, buradan,– Abbas Mirzə xəritədə
Qazaxı göstərdi,– Qazaxdan böyük hücuma keçməliyik. Buradan başlayıb Dərbəndə
kimi kafirləri qovmalıyıq. Qoşunlarımız kafir rusları qovduqca, xanlıqları da,
Gürcüstanı da birdəfəlik məmləkətimizə birləşdirməliyik. Bəsdir, xanların nazı ilə
oynadıq! Qibleyi-aləmin uca hakimiyyəti bu yerlərdə həmişəlik bərpa olunmalıdı!
27.
27 iyul 1805-ci il. Qazax yaxınlığındakı Zəyəm kəndinin
ətrafı.
… Iran qoşunları ilə rus qoşunları arasında şiddətli döyüş gedirdi.
… Topçular, piyadalar, süvarilər – hamısı bir-birinə qarışmışdı.
… Toplar atılır, atlar şahə qalxır, qılınclar toqquşurdu.
… Hər iki tərəf ölürdü və öldürürdü.
… Rus zabitlərinin əhatəsində dayanmış general Portnyakin göstərişlər verirdi.
… At belində ora-bura vurnuxan Pirqulu xan əlinin işarəsi ilə Iran süvarilərini
döyüş meydanına göndərirdi:
– Haydı, igidlərim!.. Allah bizimlədi!..
… Iranlı süvarinin qılıncı piyada soldatın başını yarıya böldü:
– Al, kafir it oğlu!.. – Sonra əyilib qılıncı o biri soldatın qarnından üzüyuxarı
çəkdi: – Bu da sənin payın!..
… Soldat süngünü Iran sərbazının qarnına soxdu:
– Tufu, bezbojnik! – deyib onun cəsədinə tüpürdü.
… Hər iki tərəfdən atılan top mərmiləri döyüş meydanında partladıqca, süvarilər
də, atları da, piyadalar da qırılırdı.
… Və bu vaxt general Portnyakin yerində səndələdi.
Qışqırıq qopdu:
– Qenerala ranili!
354
General Portnyakinin ətrafındakı zabitlər onu qucaqlarına alıb yerə uzatdılar.
Generalın mundirinin yaxası qana bulaşmışdı.
Zabitlərdən biri onun mundirinin yaxasını açmaq istəyirdi.
General gözlərini açıb:
– Lazım deyil, polkovnik Koryagin…– dedi.– Bu ölümcül yaradı…– Sonra
polkovnikin qollarına söykənib bir az dikəldi və xırıldaya-xırıldaya: – Mən Rusiyada
ölmək istəyirəm!..– dedi və xırıldayan səsini bir az da ucalda bildi.– Eşidirsiz?.. Mən
anamız Rusiyada ölmək istəyirəm!.. Rusiyada…– Və generalın başı sinəsinə düşdü.
Polkovnik Koryagin general Portnyakini ehtiyatla yerə uzatdı və onun gözlərini
qapayıb ayağa qalxdı, bir müddət generala baxdı, sonra qılıncını sivirib irəli cumdu:
– Vperyod!.. Za matuşku Rossiyu, za imperatora, vperyod!..
… Ruslar hücuma keçmişdi…
28.
Abbas Mirzə at belində və bir neçə atlının əhatəsində düşərgənin qarşısında
dayanmışdı.
Yağış yağmağa başlamışdı, amma Abbas Mirzə də, o biri atlılar da qətiyyən
bunun fərqində deyildi.
Gözlərini uzağa dikmiş Abbas Mirzə fikirli və qayğılı idi.
Bu vaxt onlara tərəf çapan bir atlı göründü.
Bu atlı Pirqulu xan idi.
Pirqulu xan çapıb Abbas Mirzənin qabağına gəldi və həyəcanla:
– Naibüssəltənə! Naibüssəltənə! Evimiz yıxıldı!– qışqırdı.– Kafirlər hücuma
keçib. Bizimkilər qaçır. Gəldim ki, cənabınızı xəbərdar edim, sizi xilas edək,
Naibüssəltənə! Amanın bir günüdü! Sizə xətər toxunmasın!
Abbas Mirzə:
– Pədər-süxtə!–qışqırdı və bir göz qırpımında yəhərin kənarından qamçısını çəkib
Pirqulu xanı sifətindən qamçıladı.– Pədər-süxtə! Məni xilas edənə bax! It oğlu, it!
Zənən kimi qaçıb gəlib ki, Naibüssəltənəni xəbərdar etsin!.. It oğlu, it!..
Abbas Mirzə Pirqulu xanı dəlicəsinə qamçılayırdı…
29.
28 yanvar 1806-cı il. Tiflis. Sərdar iqamətgahı.
Knyaz Sisianov müşavirə çağırmışdı.
– General Zavalişin donamanı Lənkərandan Bakı yaxınlığına aparıb. Dünən səhər
tezdən sahilə desant çıxarıb və Bakının iki kilometrliyində… Polkovnik Eristavi, o
yerin adı necədir?
Polkovnik Eristavi:
– Naxırbulaq. O yerin adı Naxırbulaqdır, zat-aliləri,– dedi.
Knyaz Sisianov sözünə davam etdi:
– Hə, general Zavalişin desant çıxararaq o yerdə düşərgə qurub. Bizim
Tehrandakı dostlarımız xəbər verirlər ki, Bakı xanı Hüseynqulu xan Fətəli şahdan
kömək istəyib. Şah urmiyalı Əsgər xana tapşırıb ki, qoşunla Bakı xanlığına köməyə
355
getsin. Məlumata görə, Qubalı Şeyxəli xan da Bakı xanına kömək edəcəyinə söz
verib. Biz bütün bunlara imkan verə bilmərik. Əlahəzrət imperator Bakı xanlığı ilə
birdəfəlik qurtarmağı tələb edir. Biz bu dəfə ya güclə Bakını almalıyıq, ya da
qoşunların gücünü və mövqeyini göstərməklə ultimatum vasitəsilə Qarabağ kimi
Bakıya da girməliyik. Mən artilleriyanı da götürüb bu gün Bakıya yola düşürəm. Biz
Naxırbulaqda general Zavalişinin desantı ilə birləşməliyik. Sonra isə ultimatum
verib məsələni həll etməliyik. Cənablar, mənə yaxşı yol diləyin! Ürəyimə damıb ki,
mənim bu səfərim ən uğurlu səfərlərimdən biri olacaq!.. Güman edirəm ki, on beş,
uzağı iyirmi gündən sonra burada yenə görüşəcəyik.
30.
8 fevral 1806-cı il. Bakının ətrafı.
Knyaz Sisianov ilə polkovnik Eristavi at belində astadan çapa-çapa yanaşı
gedirdi.
Knyaz Sisianov:
– Bu gün mənim həyatımda ən xoşbəxt günlərdən biridir, polkovnik,– dedi və
güldü.– Görünür, Allah belə buyurub ki, mənim gələcəkdə yazacağım memuarlarda
bu cür xoşbəxt günlərimin səhifələri çox olsun… Bakı da Rusiya təbəəliyini qəbul
etdi. Bakı da bizim oldu! Indi baxarsız, polkovnik, Hüseynqulu xan it kimi
qabağımızda sülənəcək! Nə qədər aldatdı bizi?! Nə qədər bizə yalançı vədlər verdi?!
Indi güc görüb, qorxusundan muma dönüb! Sukin sın! Bunların hamısı it tayfasıdı!
Polkovnik Eristavi:
– Dönə-dönə üzr istəyirəm, zat-aliləri! Ancaq onlarla belə rəftar etmək olmaz…
Knyaz Sisianovun həmin gün kefi, görünür, həqiqətən kök idi və o yenə güldü:
– Əzizim Eristavi!.. Siz yalnız mənim yavərim deyilsiniz, eyni zamanda, mənim
dostumsunuz! Deyəsən, sizin babalarınızın Qafqaz qanı hərdən içinizdə bu yerlərin
təəssübkeşliyini etmək istəyir…
– Bəs sizin?
– Sizə doğrusunu deyim, polkovnik? Patetikadan kənar həqiqəti? Yox, heç
zaman!.. Eşidirsiniz? Heç zaman! Və mən bununla fəxr edirəm, polkovnik! Mən
fəxr edirəm ki, mənim içimdə vəhşi Qafqazdan heç bir əsər-əlamət qalmayıb!..
… Və elə bu vaxt Hüseynqulu xan bir dəstə atlı ilə Bakının Qoşa Qala Qapısı
ağzında onları gözləyirdi.
Hüseynqulu xan:
– Allah kafirlərin böyük generalı bu məlunla mənim ilk görüşümü xalqımız üçün
xeyirli etsin! – dedi.– Bunların bəlası millətimizin başının üstündən iraq olsun!
Xan ilə yanaşı dayanmış Ibrahim bəy:
– Kafirlər bizim xalqımıza necə xeyir gətirə bilərlər, əmioğlu? – soruşdu.–
Bunların bəlası millətimizin başının üstündən necə iraq ola bilər ki, sən onlara
itaətini bildirirsən? Indi də Bakının açarını ona təqdim etməyə hazırlaşırsan?!
– Bəs nə edim? Başımızın üstünü almış bu bəladan millətimizi necə qurtarım?
Fətəli şahdan kömək istədim, Şeyxəli xan o tərəfdən kömək vəd etdi, nə oldu? Kafir
topuyla, tüfəngiylə gəlib oturub qulağımızın dibində! Gəmiləri də dəryadan bizə
baxır! Bu div boyda bir kafir məmləkəti ilə mən hansı dildə danışım, hə?
Dostları ilə paylaş: |