102
Esesçilər Arkadyevi aparıb stulda otuzdurur və elə stulla bir yerdə də İsveç nərdivanının tirlərinə
sarıyırlar. Sonra esesçilərdən biri əyilib, onun köynəyinin yaxasını açır, qoltuğuna siqaret qutusu
boyda nəsə qoyur. Həmin qurğuya bərkidilmiş şnurun ucu yandan sallanır.
– Bax, bu bikford şnuru olan partlayıcı paketdir. Sizin iri tikənizi qulağınız boyda eləmək üçün
kifayətdir. Əgər nəsə deməyi qərara alsanız, ləngiməyin. Yoxsa gec olar. Alov pencəyinizin
yaxasına çatandan sonra heç kəs sizə yaxınlaşmağa risk etməyəcək.
Üzündə çaşqınlıq ifadəsi donub qalmış Arkadyev, gözlərini qırmızı hörümçək kimi şnurla yuxarı
dırmaşan alov diliminə zilləyib.
– Onsuz da heç nə deməyəcək, – Polad özü də fərqinə varmadan dillənir. – Bəlkə söndürəsiz...
Şults bu təklifi çoxdan gözləyirmiş kimi dərhal cavab verir:
– Yaxşı bir məsəl var: xoşbəxtlik hər kəsin öz əlindədir.
– Yəqin sonradan onu dilə tutmaq olar, – deyə Polad öz fikrini bildirir.
– Axı nəyə gərək? – Şults laqeyd halda soruşur. – Elə şeylər var ki, informasiyadan daha
dəyərlidir. Arkadyev özü indi bunu anlayacaq.
Bir neçə saniyədən sonra baş verən partlayış hamının gözü önündəcə insan bədənini tikə-parça
edir. Şults istehza ilə Poladın davranışını seyr edir: o, qaçıb küncə qısılaraq öyüyür. Yaxınlaşan
esesçilərin ona kömək göstərmək istədiyini zənn edən Polad işarə ilə buna ehtiyac olmadığını
başa salmağa çalışır. Ancaq esesçilər ona əhəmiyyət vermədən, İsveç nərdivanının yanına
sürümək istəyirlər. Bircə dəqiqə keçməmiş, Poladın qüvvətli zərbəsi hər iki esesçini döşəməyə
çırpır. Şults vuruşun təzədən qızışmasını məmnunluqla seyr edir. Nəticədə, azğınlaşmış
esesçilərdən beş nəfəri köməkləşib Poladı “əsir” alırlar. Sonra da kəndirlə onu stula elə ciddi-
cəhdlə sarıyırlar ki, fiziki gərginlikdən onun sifəti qıpqırmızı pörtür.
Şults fitili alışdırmağa hazırlaşan esesçiləri əlinin işarəsilə saxlayır.
Stolun arxasından durub, Polada yaxınlaşır:
– Mən sizi xəbərdar etmişdim. İndi taleyiniz öz əlinizdədir.
Ancaq ləngiməyin.
Göz bəbəkləri irilənmiş Polad alovlanmış şnurun ilk santimetrlərini dəhşət içində izləyir. Və
gözlənilmədən, inandırıcı tərzdə tələsik deyir:
– Siz qalib gəldiniz. Mən həqiqətən kəşfiyyatçıyam. Cəbhəyə mühüm tapşırıqla göndərilmişəm.
Qalanını sizə təklikdə danışa bilərəm. Deyin söndürsünlər.
Şults təəccüblə qaşlarını qaldırıb, Polada yaxınlaşır:
– Elə isə, üç sual: sizi konkret kim göndərib; onunla ilk dəfə necə görüşmüsüz; sizə hansı tapşırıq
verilib?.. – Danışın, hələ vaxt var.
– Mənimlə polkovnik Məmmədov söhbət aparıb. Bəstəboydur, sağ yanağında ziyil var. Bizi
hərbi komissar tanış edib. Tapşırığım...
103
Polkovnik Məmmədov tapşırıb ki, böyük bir faşist... alman generalını aradan götürməyə çalışım.
Buna qədər isə, casusluqda kimdən şübhələndiyimi xəbər verməliyəm. Nəyi gözləyirsiz?
Söndürün də!..
Şults acı-acı gülümsünüb, masa arxasına qayıdır və hansısa kağızları gözdən keçirməyə başlayır.
Esesçilər uzaqda durub həzz alırmış kimi bu mənzərəni seyr edirlər.
– Bildiklərimin hamısını dedim, daha nə istəyirsiz? – Polad əlacsız halda soruşur.
– Həqiqəti, – deyə Şults təhər-tövrünü pozmadan cavab verir. – Son şansınızı əldən vermiş
olursunuz. Bircə konkret ad və ya fakt sizi xilas edə bilər.
– Siz adamları öldürməkdən həzz alırsız, – deyə Polad ümidsizlik içində alovun hərəkətini
izləyərək dillənir. – Özünüz yaxşı bilirsiz ki, mən minaaxtaranam, rütbəm də leytenantdır,
vəssalam...
Kəşfiyyatçıya bax. Əcəb kəşfiyyatçısan. İt oğlu, əclaf! – Alov artıq köynəyini yandırdıqdan
sonra Polad bağırır
və gözlərini yumub, dişini qıcıyaraq, partlayışı gözləyir. Şultsun əli çiyninə
toxunanda birdən-birə başa düşür ki, xilas olunub.
– Güman edirəm, “it oğlu”, “əclaf” sözlərini dayınız Əbülfəzin leksikonundan mənimsəmisiz? –
deyə Şults ciddi baxışlarla Poladı süzərək soruşur. – İmtahandan yaxşı çıxdınız.
Nə vaxtsa başa
düşəcəksiz ki, bu sınaq zəruri idi.
Polad lal sükut içində durub, esesçilərin kəndiri nə vaxt açacaqlarını gözləyir.
Uzaqdan oyuncağa oxşayan “Kukuşka” qatarı təkərlərini taqqıldada- taqqıldada, kol-kosu
saralmış çöllükdən iti sürətlə keçib gedir.
Vaqonlardan birinin pəncərəsi önündə Lida ilə Kamil oturub.
Axırıncı sərnişinlər də düşür. Onlar tək qalırlar. Lida Kamilə qısılıb, fikirli halda pəncərədən
baxır.
Kamil soruşur:
– Nə fikrə getmisən?
– Bax, indi sən sual verdin, mən də fikirləşdim. Sən sual verənə qədər isə yalnız hiss edirdim,
bütün vücudumla duyurdum ki, mən heç vaxt olmadığım qədər xoşbəxtəm! Əvvəllər heç
təsəvvürümə belə gətirməzdim ki, bu cür bəxtəvər ola bilərəm. Bu səadətim sona çatanda həmişə
özümə xatırladacağam: belə bir şey olub, olub! Mənim bu cür xoşbəxt anlarım olub!
– Nə demək istəyirsən? – Kamil narahat halda soruşur. Yəni fikirləşirsən ki, nə vaxtsa bir-
birimizi sevməkdən bezə bilərik?
– Biz həmişə bir-birimizi sevəcəyik! – Lida artıq zarafatyana dillənir. – Yaxşı yadıma düşdü, sən
bir mənə başa sal görüm, bu çamadandakı nədir? Biz onu niyə Əbülfəzə çatdırmalıyıq?