lazımlı hissələri yeni əlavələr və məlumatlarla tamamlanaraq dərs vəsaiti kimi iki müəllifin adından çapa
təqdim olunmuşdur.
Ümid edirik ki, təqdim olunan dərs vəsaiti coğrafiyanın yarandığı dövrdən bu günədək keçdiyi inkişaf
yolu və təcrübələri ilə tələbələri tanış edəcək və onların coğrafi bilik və mədəniyyətlərini xeyli
zənginləşdirəcəkdir.
Dərs vəsaitinin çapa hazırlanmasında böyük zəhmətlərinə görə iqtisadi və sosial coğrafiya kafedrasının
baş laborantları F.E.Qasımovaya, S.Ə.Allahverdiyevaya öz minnətdarlığımızı bildiririk.
Dərs vəsaitində olan bölmələr müəlliflər tərəfindən aşağıdakı kimi yerinə yetirilmişdir:
Ə.M.Hacızadə – I fəsil -1.4, II-2.1, III-3.5, 3.6, IV-4.2, 4.3, 4.4, V-5.2, 5.3, 5.4, VI-6.1
T.G.Həsənov – Giriş, I fəsil-1.1, 1.2, 1.3, II-2.2, 2.3, 2.4, 2.5, 2.6, III-3.1, 3.2, 3.3, 3.4, IV-4.1, V-5.1,
VI-6.2, 6.3, 6.4, 6.5, 6.6, 6.7.
Coğrafiya tarixi kursunun obyekti, məqsəd və vəzifələri
Hər bir elmin tarixinin öyrənilməsi, onun gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edir.
Keçmişimizin elmi axtarışlarını, səhvlərini və əldə etdikləri nailiyyətləri bilmədən elmin perspektivlərini
müəyyən etmək qeyri-mümkündür. Tarix gələcəyin proqnozlarının əsaslarından biridir. Nə qədər ki
insanlar yaşayır təbiətin tarixi və insanların tarixi biri-birilə bağlıdır və biri digərinə əsas yaradır. Vahid
bir elm kimi formalaşan coğrafiya mürəkkəb inteqrasiya və differensassiya mərhələlərindən keçmişdir.
İlkin olaraq təbiət və cəmiyyət elmləri tərkibində yaranan coğrafiyanın qolları sonrakı inkişaf
mərhələlərində inteqrasiyaya uğrayaraq vahid elmə çevrilmişdir.
Elmin tarixi inkişafı rəvan olmamışdır. Uzun müddət irəliyə doğru yavaş-yavaş hərəkətlə yanaşı birdən
elə kəskin
dönüş mərhələləri olur ki, bu mərhələlərin də daha dəqiq öyrənilməsi xüsusi maraq doğurur.
Belə kəskin dönüş mərhələlərinə XV-XVII əsrlərdə baş verən Böyük Coğrafi kəşfləri, Şimal-Cənub
qütblərinin öyrənilməsi və Almaniya da Humbolt-Rixter, Rusiyada Pyotr Semyonov-Tyanşanski,
Azərbaycanda Baharlı-Qafur Rəşad kimi iri coğrafi məktəblərin və kosmik coğrafiyanın yaranmasını
misal göstərmək olar. Belə əhəmiyyətli keçid mərhələlərinin və elmi məktəblərin təhlili coğrafiya tarixinə
daha qabarıq nəzər salmağa imkan verir.
Hazırda adlarının oxşarlığına görə coğrafiya tarixinə daha yaxın olan iki elm – tarixi coğrafiya və
kəşflərin tarixi elmləri yaranmışdır.
Coğrafiya tarixi elminə hələlik tam tərif verilməyibdir. Ümumiləşdirilmiş şəkildə demək olar ki,
coğrafiya tarixi Yer səthi və onun ayrı-ayrı hissələrinin kəşf olunması, xəritələşdirilməsi
və coğrafi elmi
fikirlərin yaranması və inkişafının tarixini öyrənir.
Tarixi coğrafiya müəyyən ölkələrin, yaxud ərazinin fiziki, iqtisadi və siyasi coğrafiyanın keçmiş
vəziyyətini öyrənən tarixi-coğrafi biliklər sahəsidir. Coğrafiya tarixindən fərqli olaraq tarixi-coğrafiya
keçmiş dövrlərin konkret iqtisadi coğrafiyasını tədqiq edir.
Coğrafi kəşflər tarixi özünün yazısı olan (rəsmlərdən əlavə) xalqların nümayəndəsinin ilk dəfə bu və ya
digər obyektdə (materiklər, okeanlar, dənizlər, adalar, boğazlar, zirvələr, vulkanlar və i.a.) ilk dəfə olması,
bu obyektlərin təsvirini verməsi və yaxud onu xəritəyə köçürməsidir. İndi buraya həmçinin coğrafiya
sahəsində kəşf olunan yeni nəzəriyyələr və qanunauyğunluqların tarixi də əlavə edilir.
Coğrafi kəşflər dünya tarixinə güclü təsir göstərmişdir: yeni qitələrin, torpaqların tapılmasına, bir ölkənin
varlanmasına, digərlərinin məhvinə, müstəmləkələrin əmələ gəlməsinə və s. səbəb olmuşdur.
4
Bu üç elm biri-birilə sıx bağlıdır və hətta bəzi məsələlərdə üst-üstə düşürlər. Bunu, xüsusilə coğrafi
kəşflər edən, bu elmi qabağa aparan görkəmli səyyahların əsərlərinin təhlilindən aydın görmək olur. Həm
coğrafiyanın tarixinə və həm də coğrafi kəşflərin tarixinə eyni dərəcədə mənsub olan belə alimlərdən
Aleksandr Humboltu, Pyotr Semyonov-Tyanşanskini və b. göstərmək olar.
Aparılan ekspedisiyalar və ayrı-ayrı səyyahlar tərəfindən həyata keçirilən coğrafi kəşflər bizim elmə
gələcəkdə nəzəri və praktiki ümumiləşdirmələr aparmaq üçün lazım olan iri həcmdə material toplamağa
imkan verir.
Böyük Coğrafi kəşflərin başlıca məqsədi yüzlərlə səyahətlər nəticəsində dünyanın fiziki xəritəsinin
müasir görünüşünün alınması olmuşdur. Bizim zəmanəmizdə dünya xəritəsində artıq «ağ ləkələr»
qalmamışdır. İndi coğrafi kəşflərin məqsədi yeni coğrafi qanunlar və qanunauyğunluqların aşkar
edilməsidir. Belə coğrafi kəşflər elmi tədqiqatın fundamental sahəsinə aid edilir. Onlar yerin quru səthi və
Dünya okeanının mənimsənilməsi üçün həyatı əhəmiyyət daşıyır. Yerin mənimsənilməsi prosesində
birinci növbədə təbiətin müxtəlif tiplərinin qarşılıqlı təsir mexanizmini, insanların müəyyən tarixi
biliklərini, təsərrüfatın əlaqələnməsi formalarını və s. bilmək tələb olunur. Nəzəri kəşflər və onun tətbiqi
olmadan coğrafiya göstərilən mürəkkəb mexanizmini və onun idarəedilməsini əsaslandıra bilməz.
Beləliklə, coğrafi kəşflərin müasir tarixi, coğrafiya tarixinə açıq-aşkar yaxınlaşır, lakin onunla tam
birləşmir, Belə ki, coğrafiya tarixi fəlsəfə, nəzəri coğrafiya və digər nəzəri elmlərlə yaxınlaşaraq daha çox
metodoloji elmə çevrilir. Zamanın tələbi onun digər elmlərlə inteqrasiyasını gücləndirir. Lakin bununla
yanaşı coğrafiya tarixi özünün daxili inkişaf məntiqinə və qanunauyğunluqlarına malikdir.
Coğrafi kəşflər tarixi daha çox həyatın praktiki tələbatını əks etdirir. Böyük Coğrafi kəşflər – XV-XVII
əsrlər dövründə coğrafiya elmlərin «şahı» idi və cəmiyyət üçün böyük praktiki əhəmiyyət kəsb edirdi.
Sonralar o arxa plana keçmişdir, lakin indi yenidən elmlərin önünə çıxmışdır. Hazırda elə bir zaman gəlib
ki, həyatın praktiki tələbatı coğrafiyanın güclü inkişafına şərait yaradıb. Dünya okeanının, atmosferin,
biosferin, qlobal ekoloji problemlərin, məskunlaşma, istehsal və xidmətlərin ərazi sistemlərinin dərindən
öyrənilməsi və s. belə tələbatlardandır.
Coğrafi kəşflərin tarixindən fərqli olaraq coğrafiya tarixi həyatın tələbatını geniş mənada təmin edir. Bir
elm kimi coğrafiya tarixi
daha mürəkkəbdir, o elmlərin bütöv inkişafından, kadrların hazırlıq
səviyyəsindən, nəzəri ideyaların yaranması və yayılmasından və s. bəhs edir.
Tarixi faktları və hadisələri özündə əks etdirən coğrafiyanın tarixi kursunun başlıca vəzifələri
aşağıdakılardan ibarətdir:
- coğrafi ideyaların, prinsiplərin, qanunauyğunluqların və anlayışların yaranması və inkişafının tarixi
ardıcıllığını göstərmək,
- coğrafi biliklərlə cəmiyyətin həyat fəaliyyəti arasındakı qarşılıqlı əlaqələrin inkişafının tarixi
mərhələlərini göstərmək;
- müasir dövrdə coğrafi biliklərin cəmiyyətin praktiki həyatında istifadə olunmasının istiqamətlərini
göstərmək və bu sahədə mövcud olan böyük problemləri qeyd etmək.
Coğrafiya tarixindən toplanan biliklər bəşəriyyətin bu günü və gələcəyi üçün böyük fayda verə bilər.
Məsələn, tarixdən məlumdur ki, Xəzər dənizinin səviyyəsi müəyyən onilliklərdə gah qalxır və gah da
enir. Bu tarixi bilgiləri nəzərə almayaraq dəniz sahillərinin təsərrüfatda mənimsənilməsi sonralar böyük
ziyana başa gəlir. Bu gün Lənkəran-Astara zonasında, Xəzərin digər yerlərində su altında qalmış on min
hektarlarla əkinlər, üzümlüklər, yollar və kəndlər coğrafiyanın bizə verdiyi tarixi biliklərin əhali arasında
zəif yayılması və biganəliyin nəticəsidir. Təbiidir ki, belə biganəliklər ölkəmizə və onun əhalisinə milyard
manatlarla ziyan vurur.
5