105
P.Məmmədov
olunduğu məlumat vərəqi təqdim olunmalıdır; bu cür məlumat
vərəqləri müxtəlif dillərdə
mövcud olmalıdır və məlumat sadə və aydın dildə yazılmalıdır; yetkinlik yaşına
çatmayan şəxsin bu məlumatı tam başa düşməsinə xüsusi diqqət yetirilməlidir.
CPT belə bir yeni standart da
müəyyən etmişdir ki, yetkinlik yaşına çatmayan
şəxslər, bir qayda olaraq, polis və ya digər hüquq mühafizə orqanında 24 saatdan artıq
saxlanıla bilməz. Komitə hesab etmişdir ki, yetkinlik yaşına çatmayan şəxslərin
törətdikləri cinayət əməlləri üzrə ixtisaslaşan polis əməkdaşları xüsisi təlim keçməlidirlər.
Komitə 24-cü illik məruzəsinə belə bir standart daxil etmişdir ki, yetkinlik yaşına
çatmayan məhbuslar müəyyən hallarda yaşlı məhbuslarla birlikdə kameradan kənar
fəaliyyətdə (gündəlik
gəzintidə olmaq, işləmək, təhsil almaq və s.) iştirak edə bilərlər,
lakin bir şərtlə ki, bu, müəssisə əməkdaşlarınin ciddi nəzarəti altında olmalıdır.
Komitənin fikrincə, yetkinlik yaşına çatmayan məhbusların baraklarda saxlanılmasına yol
verilməməlidir, çünki bu halda həmin şəxslər daha çox zorakılıq və istismar riskinə
məruz qalmış olurlar.
CPT qeyd etmişdir ki, yetkinlik yaşına çatmayan məhbuslara öz şəxsi paltarlarını
geyməyə icazə verilməlidir. Uyğun paltarları olmayan şəxslər müəssisə tərəfindən mülki
paltarla təchiz edilməlidirlər.
CPT müəyyən etmişdir ki, penitensiar müəssisəyə qəbul edilən hər bir yetkinlik
yaşına çatmayan məhbus üçün fərdi plan tərtib olunmalıdır; bu planda məqsədlər
müəyyənləşdirilməli və həmin məqsədlərə hansı müddətlərdə və hansı vasitələrlə nail
olunacağı konkret göstərilməlidir. Belə bir planın olması yetkinlik yaşına çatmayan
məhbuslara penitensiar mərkəzdə olduqları vaxtı daha səmərəli keçirmələrinə və
cəmiyyətə yenidən inteqrasiya olunmaq üçün bu müddətdə müvafiq bacarıq və vərdişlər
əldə etmələrinə imkan yaratmalıdır.
24-cü illik məruzəsində CPT belə bir yeni standart da müəyyənləşdirmişdir ki,
sosial inteqrasiya məqsədi ilə yetkinlik yaşına çatmayan məhkumlara müntəzəm
surətdə
məzuniyyət verilməlidir. CPT həbsdə olan yetkinlik yaşına çatmayan şəxslərin öz ailələri
və digər şəxslərlə mütəmadi görüşlərinin təşkil edilməsinin vacibliyini xüsusi olaraq
vurğulamışdır. Komitənin fikrincə, bu kateqoriyadan olan şəxslər hər həftə bir saatdan
çox olmaqla görüş keçirə bilməlidirlər.
CPT-nin 24-cü illik məruzəsinə daxil etdiyi yeni standartlardan biri də ondan
ibarətdir ki, yetkinlik yaşına çatmayan məhbusun bir müəssisədən başqa bir müəssisəyə
köçürülməsi, onun barəsində tətbiq olunan intizam sanksiyaları və təhlükəsizlik tədbirləri
haqqında, habelə hər hansı xəstəliyə, zədəyə və ölüm faktına
aid məlumatlar təxirə
salınmadan həmin şəxsin valideynlərinə və ya qanuni nümayəndəsinə təqdim
olunmalıdır.
Yaxşı başa düşüləndir ki ki, CPT-nin standartlarının əsasında işgəncənin və qeyri-
insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması dayanır. Məhz
buna görə, yəni pis rəftarın qarşısını almağa yönəldiyinə görə CPT-nin standartları İnsan
hüquqları haqqında Avropa Konvensiyasının 3-cü maddəsinin tətbiqi ilə bağlı İnsan
hüquqları üzrə Avropa Məhkəməsinin müəyyənləşdirdiyi hüquqi standartlardan olduqca
geniş və müfəssəldir.
Birinci növbədə bu, CPT-nin önləyici xarakter daşıyan mandatı ilə bağlıdır. CPT
işgəncəyə və digər yolverilməz rəftara apara bilən bütün mümkün səbəbləri və şəraiti
106
P.Məmmədov
aradan qaldırmağa çalışmalıdır. Belə ki, hər hansı fakt və ya situasiya özü-özlüyündə
İnsan hüquqları haqqında Avropa Konvensiyasının 3-cü maddəsini
pozmaya da bilər,
amma bu fakt və ya situasiya CPT-nin nəzərindən qaçmayacaq, ona görə ki, Komitənin
fikrincə, burada pis rəftara gətirib çıxara bilmə ehtimalı ola bilər. Bir misal göstərək. 300
məhbusun qaldığı bir müəssisədə cəmisi bir tibb bacısının çalışması özü-özlüyündə qeyri-
insani və ya ləyaqəti alçaldan rəftar kimi tövsif edilə bilməz. Lakin CPT bu faktı
çatışmazlıq kimi səciyyələndirəcək və dövlətdən təcili olaraq əlavə tibb bacılarının işə
götürülməsini tələb edəcəkdir. Çünki 300 məhbusa cəmisi bir tibb bacısının və ya
feldşerin tibbi xidmət göstərməsi CPT-nin standartına uyğun deyildir.
İkincisi isə, Komitənin başlıca məqsədi azadlıqdan məhrum edilmiş şəxslərin
vəziyyətini dövlətləri mühakimə etmək yolu ilə deyil, onlarla dialoq və əməkdaşlıq
qurmaqla yaxşılaşdırmağa nail olmaqdan ibarətdir. Bununla belə, qeyd etdiyimiz kimi,
CPT-nin müəyyənləşdirdiyi standartlar hüquqi cəhətdən məcburi deyildir, tövsiyə
xarakterlidir.
Onu
da əlavə edək ki, CPT-nin standartları həm də azadlıqdan məhrumetmə ilə
bağlı olan universal sənədlərdən, məsələn, yuxarıda adını çəkdiyimiz Məhbuslarla rəftara
dair BMT-nin standart minimal qaydalarından (“Nelson Mandela qaydaları”ndan) və
Avropa penitensiar qaydalarından daha təfərrüatlı və daha detallaşdırılmışdır. Səbəb
ondan ibarətdir ki, CPT-nin standartları statik deyil, dinamik xarakter daşıyır. Adı çəkilən
iki sənəd dövlətlərin nümayəndələri arasında danışıqların məhsuludur və həmin danışıqlar
bitəndən sonra onlar bu müddəaların tətbiqində və inkişaf etdirilməsində heç bir rol
oynamayıblar. Bundan fərqli olaraq, CPT-nin üzvləri daim həbs yerlərindəki reallıqlarla
üz-üzədirlər və bütün bu gördükləri barəsində şərh vermək və dəyərləndirmələr aparmaq
onların CPT Konvensiyasından irəli gələn vəzifəsidir.
Yuxarıda qeyd etdik ki, CPT-nin müəyyənləşdirdiyi
standartlar onun illik
məruzələrində “maddi” bölmələr kimi öz əksini tapır və sonradan həmin bölmələr ayrıca
“CPT-nin standartları” adlanan toplu kimi dərc olunur və daim yenilənir [7]. CPT-nin
standartları həm də məxfi qaydada, yalnız daxili istifadə üçün sistemləşdirilir. Bu işlə
Komitənin üzvlərindən təşkil olunmuş xüsusi işçi qrupu – 7-10 üzvdən ibarət
Yurisprudensiya qrupu məşğul olur. Bu qrup CPT-nin monitorinq səfərləri zamanı etdiyi
tövsiyələrdə və Komitənin illik məruzələrində öz əksini tapmış standartları ayrı-ayrı
sahələr və məsələlər üzrə sistemləşdirir. Müntəzəm qaydada bu toplu yenilənir və
Komitənin üzvlərinə paylanılır. Toplunun ictimaiyyət üşün açıq olmamasına əsas səbəb
odur ki, buraya həm də dərc edilməmiş məruzələrdə öz əksini tapmış standartlar daxil
edilir.
Vacib bir məqamı qeyd etmək lazımdır ki, CPT öz standartlarını inkişaf
səviyyəsindən asılı olmayaraq bütün ölkələrə bərabər şəkildə tətbiq edir. 1990-cı illərin
əvvəllərində Mərkəzi və Şərqi Avropa ölkələrinə səfərlər
etməyə başlayarkən CPT belə
bir qəti mövqe ortaya qoydu ki, o dövrə qədər Qərbi Avropa ölkələrinə səfərlər zamanı
işləyib hazırladığı standartlar bütün Avropaya şamil olunur.
CPT-nin standartlarının müvafiq sahələrdə digər beynəlxalq sənədlərin, xüsusən
Avropa penitensiar qaydalarının hazırlanmasında, İnsan hüquqları üzrə Avropa
Məhkəməsinin presedent hüququnda, eləcə də milli qanunvericilikdə rolu xüsusi qeyd
olunmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi 300-dən artıq qərarında CPT-nin