TöVHİd kitabi 2 ƏHLİ SÜNNƏ VƏl cəmaat səLƏFİ saliHİN ƏQİDƏSİ İ manin ə saslar I toplayan və TƏRTİb edəN



Yüklə 1,2 Mb.
səhifə8/15
tarix08.01.2018
ölçüsü1,2 Mb.
#20058
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

QİYAMƏTİN ADLARI

Qurani Kərimdən bizə məlum olan Qiyamət gününün bir çox adları vardır.



1. Yəumul-Bəss – məşhərə göndərilən gün. (ər-Rum 56).

2. Yəumul-Xuruc – çıxarılacaq günü. (Qaf 42).

3. Yəumul-Qiyəmə – qalxacaqları gün. (əl-Qiyamət 1).

4. Yəumul-Həşr – toplanma günü. (Qaf 44).

5. Yəumul-Fəsl – ayırd etmə günü. (ən-Nəbə 17).

6. Yəumul-Cəma – cəm etmə günü. (əş-Şura 7).

7. Yəumul-Hisəb – haqq-hesab günü. (Sad 16).

8. Yəumul-Vaid – vəd olunmuş gün. (Qaf 20).

9. Yəumul-Həsra – peşmançılıq günü. (Məryəm 39).

10. Yəumul-Xulud – əbədiyyat günü. (Qaf 34).

11. Dərul-Xuld – əbədiyyət yurdu. (Fussilət 28).

12. Yəumut-Tələq – qarşılaşma günü. (Ğafir 15).

13. Yəumud-Din – sorğu-sual günü. (əl-Fatihə 4).

14. Həqqa – haqq üzə çıxacağı gün. (əl-Haqqə).

15. Qariə – qəlbləri təşvişə salan gün. (əl-Qariə 1-2).

16. Ğaşiyə – qəlbləri dəhşət bürüyən gün. (əl-Ğaşiyə 1-2).

17. Təğabun – qarşılıqlı aldanma günü. (ət-Təğabun).

18. Əzifə – yaxınlaşmaq günü. (ən-Nəcm 57) və s.

ÖLÜM

Bizlər ölən yaxud öldürülən, ya da hər hansı bir səbəblə həyatı sona çatan hər bir kəsin əcəli ilə öldüyünə və onun əcəlindən heç bir şeyin əskilmədiyinə iman edirik. (Ya Muhəmməd!) De ki: «Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır. Sonra da (qiyamət günü) Rəbbinizin hüzuruna qaytarılacaqsınız». (əs-Səcdə 11). «Can boğaza yetişdiyi zaman siz ona baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir). Biz ona sizdən daha yaxınıq, amma siz görmürsünüz! Əgər sizdən (dediyiniz kimi, qiyamət günü əməllərinizə görə) haqq-hesab çəkilməyəcəksə, və əgər (öləndən sonra heç bir dirilmə, haqq-hesab yoxdur) iddianızda doğrusunuzsa, bəlkə o çıxan canı geri (bədənə) qaytarasınız». (əl-Vaqiə 83-87).

Ölüm iki cürdür.

1. Yuxu – Allah Qurani Kərimdə yuxunu ölüm adlandırır. «Allah (əcəli çatan kimsələrin) canlarını öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar». (çünkü yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruhun bədənlə əlaqəsi kəsilir). (əz-Zumər 42). Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm sübh namazına yatıb qaldıqda buyurdu: «Allah bizim ruhumuzu aldı və istədiyi vaxt qaytardı»202.

2. Həqiqi ölüm – «Yer üzündə olan hər kəs fanidir (ölümə məhkumdur)». (ər-Rahmən 26). «Hər kəs ölümü dadacaqdır». (əl-Ənbiya 35).

Ölüm acı bir həqiqətdir. Hər bir canlı onunla qarşılaşır, ondan qaça bilmir. Canlı varlılıqların heç biri bu həqiqətə qarşı durmaq qüdrətinə malik deyillər. O, hər an baş verə bilər, onunla böyük də, kiçik də, varlı da, kasıb da, güclü də, zəif də üzləşir. «Hər bir kəs ölümü dadacaqdır». (Ali-İmran 185). (Müharibəyə getməyib Mədinədə evlərində) oturan və (müharibəyə getmiş) qardaşları haqqında: «Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər» deyənlərə söylə ki, əgər doğru deyirsinizsə, onda (bacarıb) ölümü özünüzdən uzaqlaşdırın. (Ali-İmran 168).

Hamı onun qarşısında bərabərdir. O, qaçılmaz bir taledir, ondan xilas yoxdur, ona mane olacaq bir qüvvə, bir vasitə də yoxdur. Onun qarşısını almaq, onu gecikdirmək də olmaz. Ona təslim olmaqdan başqa bir çıxış yolu da yoxdur. «Heç kəs səhər nə əldə edəcəyini (savab, yaxud günah qazanacağını) heç kəs harada öləcəyini bilməz. Allah isə şübhəsiz ki, (hər şeyi) biləndir və (hər şeydən) xəbərdardır». (Loğman 34).

Həyatı bəxş edən də Allahdır, müəyyən olunmuş vaxtda, ayrılmış müddətdə insan istər evində, istər ailəsi yanında, istər ruzi axtarışında və s. harda olursa olsun verdiyini geri alan da Allahdır. «Harada olursunuz olun, hətta uca və möhkəm qalalar içərsində olsanız belə, ölüm sizi haqlayacaqdır». (ən-Nisa 78).

Bu günə qədər heç bir kəsə ölməzlik bəxş olunmayıb. Yaradılmışların ən xeyirliləri olan Peyğəmbərlər belə ölümdən yaxa qurtara bilməyiblər. Baxın, görün Allah subhənəhu və təalə onlar haqqında nə buyurur: (Ya Muhəmməd!) «Səndən əvvəl də (dünyada) heç kəsə əbədi həyat (ölməzlik) vermədik. Belə olduqda sən ölsən onlar dirimi qalacaqlar?» (əl-Ənbiya 34). (Ya Peyğəmbər!) «Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər». (əz-Zumər 30).

Bəli, bu qədər ayələri dinlədikdən sonra «beş günlük dünyadır, kef etmək lazımdır» deyənlərin aqibəti necə olacaqdır. «Xeyr, can boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi, (ailə üzvləri tərəfindən onu bu bəladan) kim xilas edə bilər? deyiləcəyi, (can üstə olan kimsə) ayrılıq qəminin gəlib çatdığını anlayacağı, və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman, aparılacağın yer Rəbbinin hüzuru olacaqdır (ey insan). Beləliklə o nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı. Amma (Allah kəlamını) yalan saydı, (imandan da) üz döndərdi. Sonra da özünü darta-darta ailəsinin yanına getdi. Vay sənin halına, vay! Yenə də vay sənin halına, vay!». (əl-Qiyamə 26-35). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: «Ləzzətlərlə dolu həyata son qoyan ölümü tez-tez yada salın»203. İmam Şafii rahmətullahi aleyhi deyir ki: «Ey Adəm övladı! Anan səni dünyaya gətirəndə sən ağlayırdın, ətrafdakılar isə sevinirdilər. Elə əməl et ki, ölüm anında onlar yığışıb ağlayanda sən sevinəsən».



Bütün varlılıqların yaradanı Allahdır, qayıdış da Allahadır. Ondan başqa qayıdış məqamı yoxdur. Bu qayıdışdan başqa bir tale yoxdur. Fərq yalnız əməl və niyyətdə, gedilmiş yol və məqsəddədir. Son isə birdir: «Müəyyən olunmuş vaxtda, ayrılmış müddətdə ölümdür, Allaha qayıdışdır, məhşər və toplanış günündə cəmləşməkdir. Allahdan mərhəmət və məğfirət ya da qəzəb və əzabdır». Əbu Zərr əl-Ğifari - radıyallahu anhu, Peyğəmbər sallallahu aleyhi və səlləm Uca və Böyük olan Allahdan belə buyurmuşdu: «Ey mənim qullarım! Mən zülmü özümə haram etdim. Onu sizin aranızda da haram edirəm. Buna görə də bir-birinizə zülm etməyin….Ey mənim qullarım, nə etsəniz onlar sizin əməllərinizdi. Mən onları sizin üçün sayıb, sonra əskiltmədən sizə verəcəyəm. Hər kim xeyir əldə edərsə bundan ötrü Allaha həmd etsin. Hər kim də bundan başqa bir şeylə qarşılaşarsa özündən başqa heç kəsi qınamasın»204. Aişə - radıyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah o, kəslə görüşmək istəyir ki, o da (Rabbi ilə) görüşməyi arzulayır. O, kəslə görüşmək istəmir ki, o da (Rəbbi ilə) görüşməyi arzulamır». Aişə - radıyallahu anhə dedi: «Ya Rəsulallah! Sən ölümü deyirsən? Axı o bizim xoşumuza gələn bir hal deyildir!». O, dedi: «Yox, bu siz fikirləşdiyiniz deyildir. Mömin bəndəyə Allahın rəhmi, mərhəməti və Cənnəti haqqında xəbər verildikdə o, da onunla (Rəbbi ilə) görüşü arzulayır. Allah da həmin bəndə ilə görüşü arzulayır. Kafir bəndəyə Allahın əzabı, qəzəbi və Cəhənnəmi haqqında xəbər verildikdə o, da onunla (Rəbbi ilə) görüşməyi arzulamır. Allah da həmin bəndə ilə görüşməyi arzulamır»205.

Ölüm acı bir həqiqətdir. Hər bir canlı onunla qarşılaşacaqdır. Ölüm anında insanın nə hislər keçirdiyini və ölümdən sonra nələrin baş verdiyi haqda Bəra b. Azib - radıyallahu anhu rəvayət edir ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm ilə birlikdə ənsarlardan birini dəfn etmək üçün qəbristanlığa yollandıq. Biz qəbrə yaxınlaşdıq, oranı hələ də qazırdılar. Peyğəmbər sallallahu aleyhi və səlləm üzünü Məkkəyə tərəf çevirərək oturdu. Biz də onun yanında sükut içərisində oturduq. O, əlində olan çubuq ilə yerə bir neçə dəfə vurduqdan sonra başını səmaya qaldırıb iki və ya üç dəfə: «Qəbr əzabından qorunmaq üçün Allaha sığının!» dedi və sözünə davam edərək: «Mömin bəndə bu dünyadan köçüb axirətə qovuşduqda onun yanına səmadan ağ üzlü mələklər gəlirlər. Onların üzü günəş kimi parıldayır, əllərində Cənnət kəfənləri, xoş ətirli Cənnət hanutu (balzam) olur. Gözün son görmə həddi qədər ölən adamdan aralı otururlar». Bundan sonra ölüm mələyi gəlib onun başı üzərində oturaraq deyir: «Ey gözəl nəfs! (ruh)206, Allahdan bağışlanma və razılıq qazanmaq üçün üzə çıx!» Möminin nəfsi (ruhu) tuluğun ağzından suyun axdığı kimi rahatlıqla çıxar. Bu zaman göylər və yerlər arasında olan mələklər Allahdan o, gözəl nəfs üçün bağışlanma diləyirlər. Onun qarşısına göylərin bütün qapıları açılır və hər qapının gözətçiləri o, gözəl nəfsin onların yanından ötüb keçməsini Allahdan diləyirlər. Ölüm mələyi nəfsi çıxartdıqdan sonra bir an belə əlində saxlamayıb dərhal onu o biri mələklərə verir. Onlar nəfsi əllərindəki kəfənə bürüyərlər, ona hanut vururlar. «Nəhayət birinizin əcəli gəlib çatdıqda onun canını mələklər alar. Onlar (öz vəzifələrində) heç bir əyər-əskikliyə yol verməzlər». (əl-Ənam 61). Bundan sonra mələklər nəfsi səmaya qaldırırlar. Mələklərin yanından ötüb keçərkən deyirlər: «Bu gözəl nəfs kimindir?» Deyirlər: «Filankəs oğlu filankəsdir». Onu dünyada daşıdığı ən gözəl adlarla sadalıyırlar və onunla birinci səma qatına çatırlar. Onlar səma qapısının açılmasını xahiş edirlər və qapılar açılır. Hər bir səmada olan mələklər onunla vidalaşır və onu növbəti səmaya yola salırlar. Nəhayət yeddinci səmaya gəlib çatırlar. Uca və böyük olan Allah buyurur: «Mənim qulum haqqında yazın! Cənnətin ən yüksək yerinə – İlliyyuna!». Peyğəmbər sallallahu aleyhi və səlləm bu ayəni oxudu: «Sən nə bilirsən ki, İlliyyun nədir? O, yazılı bir kitabdır. Onu ancaq yaxın olan mələklər görə bilər». (əl-Mutəffifin 19-21). Mələklər onun adını İlliyyuna yazdıqdan sonra Allah buyurur: «Onu torpağa qaytarın. Həqiqətən mən onlara vəd vermişəm ki, onları (torpaqdan) yaratmışam, (torpağa) da qaytaracağam və (torpaqdan) da dirildəcəyəm». Mələklər nəfsi torpağa qaytardıqdan sonra qul yaxınlarının dönüb geri getdikləri zaman ayaq səslərini eşidir. Bundan sonra onun yanına iki mələk gəlib onu ayıldaraq soruşurlar: «Sənin Rəbbin kimdir?» O, deyir: «Rəbbim - Allahdır» - «Dinin nədir?» O, deyir: «Dinim İslamdır» - «Sizə göndərilən o, adam kimdir?» O, deyir: «O, Allahın Rəsuludur» - «Bəs, sən nə etdin?» O, deyir: «Allahın kitabını oxudum, ona iman gətirdim və onu təsdiqlədim». Səmadan səs gəlir: «Mənim qulum haqqı dedi. Onu Cənnət libasları ilə geyindirin, Cənnət nemətlərindən ona verin və Cənnətin qapısını onun üzünə açın. Onun bədənindən gözəl iy gəlir və məzarı göz görən məsafə qədər genişlənir. Onun yanına xoşsifətli, gözəl geyimli, gözəl ətirli bir nəfər gəlib deyir: «Mən səni sevindirəcək bir xəbərlə gəlmişəm. Allahın sənə verdiyi nemətlərlə sən sevin! Bu gün sənə vəd olunmuş gündür». Mömin təəcüblü halda soruşur: «Sən kimsən? Sənin sifətin xeyirdən xəbər verir». O, deyir: «Mən sənin saleh əməllərinəm. Allaha and olsun ki, mən səni həmişə Allahın əmrlərini yerinə yetirmək üçün can atdığını və qadağalarından çəkinmək üçün çalışdığını görürdüm. Bu da sənin əməllərinin qarşılığında Allahın sənə olan mükafatıdır». Mömin üçün Cənnətin və Cəhənnəmin qapıları açılır. Ona deyilir: «Əgər sən Allaha asi olsaydın, ora (Cəhənnəm) sənin olardı. Lakin Allah oranı sənin üçün Cənnət ilə əvəz etdi». Mömin Cənnətdəki yerini gördükdən sonra Allaha dua edib deyir: «Ya Rəbbim! Qiyamət gününü yaxınlaşdır və mənə imkan ver ki, öz ailəmin, əmlakımın yanına qayıdım».

Kafir bəndə bu dünyadan köçüb axirətə qovuşduqda onun yanına səmadan qara sifətli mələklər gəlirlər. Əllərində Cəhənnəmdən gətrilmiş parça olur. Gözün son görmə həddi qədər ölmüş adamdan aralı otururlar». Bundan sonra ölüm mələyi gəlib onun başı üzərində oturaraq deyir: «Ey xəbis nəfs! (ruh) Allahın qəzəb və nifrətini qazanmaq üçün üzə çıx!» Kafirin nəfsi (ruhu) bədənindən əyri uclu dəmir əsa yaş yundan çıxdığı kimi çıxar. Bu zaman göylər və yerlər arasında olan mələklər onu lənətləyirlər. Onun üçün göylərin bütün qapıları bağlanır və hər qapının gözətçiləri o, xəbis nəfsin onların yanından ötüb keçməməsini Allahdan diləyirlər. Ölüm mələyi nəfsi çıxartdıqdan sonra bir an belə əlində saxlamayıb dərhal onu o biri mələklərə verir. Onlar xəbis nəfsi Cəhənnəmdən gətirdikləri pis qoxulu kəfənə bürüyürlər. Bundan sonra mələklər nəfsi səmaya qaldırırlar. Mələklərin yanından ötüb keçərkən deyirlər: «Bu xəbis nəfs kimindir?» deyirlər: «Filankəs oğlu filankəsdir». Onu dünyada daşıdığı ən pis adlarla sadalıyırlar və onunla birinci səma qatına çatırlar. Onlar səma qapısının açılmasını xahiş edirlər. Lakin qapılar açılmır. Peyğəmbər sallallahu aleyhi və səlləm bu ayəni oxudu: «Ayələrmizi yalan hesab edənlərə və onlara təkəbbürlə yana-şanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara belə cəza veririk». (əl-Əraf 40). Bundan sonra Uca və Böyük olan Allah buyurur: «Onun haqqında yazın! Yerin ən aşağı hissəsinə - Siccinə!». Mələklər onun adını Siccinə yazdıqdan sonra Allah buyurur: «Onu torpağa qaytarın. Həqiqətən mən onlara vəd vermişəm ki, onları (torpaqdan) yaratmışam, (torpağa) da qaytaracağam və (torpaqdan) da dirildəcəyəm». Mələklər nəfsi torpağa atırlar və Peyğəmbər sallallahu aleyhi və səlləm bu ayəni oxudu: «Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara apardığı bir şeyə bənzər». (əl-Həcc 31). Sonra xəbis nəfs yaxınlarının dönüb geri getdikləri zaman ayaq səslərini eşidir. Bundan sonra onun yanına iki mələk gəlib onu ayıldaraq soruşurlar: «Sənin Rəbbin kimdir?» O, deyir: «Mmmm… bilmirəm?!» - «Dinin nədir?» O, deyir: «Mmmm… bilmirəm?!» - «Sizə göndərilən o, adam kimdir?» O, deyir: «Mmmm… bilmirəm?!» Onda mələklər qışqıraraq: «O, Muhəmməddir!» O, isə: «Mmmm… bilmirəm. Mən insanların nə isə danışdıqlarını eşidirdim». Onlar: «Sən bunu eşitdikdən sonra onun ardınca getmədin (itaət etmədin)». Səmadan səs gəlir: «O, yalan deyir! Onu Cəhənnəm libası ilə geyindirin və Cəhənnəmin qapsını onun üzünə açın!». Cəhənnəmin isti havası onun üzünə vurur, onun qəbri o, qədər daralır ki, qabırğaları bir-birinə keçir. Onun yanına murdar sifətli, murdar libaslı və çox pis qoxulu biri gəlib deyir: «Mən sənin yanına elə bir xəbər ilə gəlmişəm ki, bu gün sən çox qəmgin və məyus olacaqsan. Bu gün sənə vəd olunmuş gündür». Kafir təəcüblü halda soruşur: «Sən kimsən? Sənin sifətindən zəhrimar yağır. Sifətin xeyirdən xəbər vermir?!». O, deyir: «Mən sənin pis əməllərinəm. Allaha and olsun ki, mən səni həmişə Allahın əmrlərini yerinə yetirməyən və Allaha asi olan görürdüm! Bu da sənin etdiyin əməllərin qarşılığında Allahın sənə olan cəzasıdır!». Sonra kafirin yanına kor, kar və lal cəlladı göndərirlər. Əlindəki dəyənəklə hansı ki, bu dünyadakı dağa vurulsaydı onu toz dənələrinə döndərərdi. Onunla kafiri vuraraq toza döndərir. Lakin Allah onu yenə də əvvəlki görkəminə qaytarır. Onun fəryadını, qışqırığını insanlar və cinlərdən başqa hamı eşidir. Sonra Cəhənnəmin qapıları onun üçün açılır və o, qışqıraraq deyir: «Ya Rəbbim! Qoy qiyamət gəlməsin»207.
QƏBR ALƏMİ

Əhli Sünnə vəl Cəmaat ölümdən sonra baş verəcək hər bir şeyə iman edir və bütün bunların da axirətə imanın içərsinə daxil olduğuna da inanırlar. O, baxımdan möminlər qəbr fitnəsinə (sualına) qəbrdə olan əzab və nemətlərə inanırlar. Qəbr fitnəsinə gəlincə insanlar qəbrlərində sorğu-sual olunacaqlar: «Rəbbin kim? Dinin nə? Peyğəmbərin kim?». Allaha iman edənlər dünya həyatında da, axirət həyatında da bu suallara cavab vermək üçün sabit olurlar. «Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (şəhadətlə) sabit-qədəm edər. Allah zalimləri (haqq yoldan) sapdırar. Allah istədiyini edər». (İbrahim 27). O, baxımdan da mömin: «Rəbbim Allah! Dinim İslam! Peyğəmbərim Muhəmməd sallallahu aleyhi və səlləm dir!» deyə cavab verəcəkdir. Uca Allah zalımları və kafirləri azdıracaqdır. Onlar «Mmmm…bilmirəm?!» deyəcəklər. Münafiqlər və bu xüsusda şübhə içində olan kimsələr isə: «Mən bilmirəm, insanların nə isə söylədiklərini eşidirdim» deyəcəklər. Bu suallardan sonra ya nemət vardır, ya da əzab. Bu da böyük qiyamət qopacağı vaxta qədər davam edəcəkdir. Allah müşrik və kafirlər haqqında buyurur: Nəhayət müşriklərdən birinin ölümü gəlib çatdığı zaman o belə deyər: «Pərvərdigara! Məni geri (dünyaya) qaytar! Bəlkə (indiyə qədər) zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm! Xeyr, bu onun dediyi boş, faydasız bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə qədər maneə (öldükdən sonra qiyamətədək qaldıqları bərzəx aləmi) vardır». (əl-Muminun 100). Kaş sən zalimləri ölüm əzabı içində çapalayan, mələklərin də əllərini uzadıb çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cazalandırılacaqsınız! deyəndə görəydin». (əl-Ənam 93).

Allah Firon əhli haqqında buyurur: «Firon əhlini isə şiddətli əzab sardı. Onlar (ölən gündən qiyamətə qədər qəbr evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir) Firon əhlini ən şiddətli əzaba salın». (əl-Mumin 45-46). İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizdən biri vəfat etdikdə səhər və axşam ona düşəcəyi yer göstərilir. O, kimsə Cənnət əhlindəndirsə Cənnət. O, kimsə Cəhənnəm əhlindəndirsə Cəhənnəm göstərilir və ona: «Bura sənin yerindir, qiyamət günü Allah səni öz yerinə göndərəcəkdir»208. Ənəs b. Məlik - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qul qəbrə qoyulub və yaxınları dönüb geri getdikləri zaman, ölü onların gedərkən ayaq səslərini eşidir. Onun yanına iki mələk gəlir. Onlar ölünü oturdub ona: «Sən Muhəmməd deyə bilinən adam haqqında nə bilirsən?» Möminə gəlincə: «Onun Allahın qulu və Rəsulu olduğuna şəhadət edirəm». Bundan sonra ona: «Cəhənnəmdəki yerinə bax! Allah onun yerinə Cənnətdən sənə bir yer verdi və mömin hər iki yeri birdən görür». Bəşqa rəvayətdə: Möminin qəbri yetmiş arşın genişlənir. Münafiq ilə kafirə gəlincə ona da: «Sən Muhəmməd deyə bilinən adam haqqında nə bilirsən?» O, da: «Bilmirəm, mən insanların dediklərini təkrarlayırdım». Ona dəmirdən olan dəyənəklə o qədər vurarlar ki, fəryadını (qışqırığını) insanlar və cinlərdən başqa hamı eşidər209. Ənəs b. Məlik - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Əgər ölülərinizi dəfn etməyinizdən qorxmasaydım sizə qəbr əzabını eşitdirmək üçün Allaha dua edərdim»210.

Möminlərə gəlincə Allah buyurur: Şübhəsiz ki: «Rəbbimiz Allahdır! deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub belə deyəcəklər: «Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə siz sevinin!». (əl-Fussilət 30).



Bütün bu hadisələr «Bərzəx» deyə adlanan aləmdə baş verir. Keyfiyyəti bizə bəlli olmayan bir şəkildə. Çünki ağıl bu keyfiyyəti dərk etməkdə acizdir. Bu dünyada buna bənzər bir şey yoxdur. Qəbr əzabında məqsəd bildiyimiz qəbr çuxurunda görülən əzab deyildir. Bərzəx adı verilən aləmdə görülən əzabdır. Əzabı dadanlar qəbrdə də olsalar, yerin dibində də olsalar, dənizin dibində və ya balığın qarnında da olsalar, yanıb kül olub, küllərini havaya sovursalar da, heyvanlar didib dağıtsalar da bərzəx deyilən aləmdə əzab görürlər. «Onlara iki dəfə (dünyada və qəbr evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba uğrayacaqlar». (ət-Tövbə 101). Səmura b. Cundəb - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm sübh namazını qıldıqdan sonra hər dəfə səhabələrdən soruşardı: «Sizdən yuxu görən varmı?» Görən öz yuxusunu Allahın izni ilə ona danışardı. Bir gün səhər o, bizə buyurdu: «Həqiqətən bu gecə mənim yanıma iki nəfər gəldi və mənim onlarla getməyimi xahiş etdilər. Mən də onlarla getdim. (Bir müddətdən sonra) uzanmış bir adamın yanına çatdıq. Bir də baxdıq ki, bir başqası əlində olan bir daş parçası ilə uzanan adamın üstündə dayanıb, əlində olan daşı uzanan adamın başına vuraraq başını yarır. Daş yuvarlanıb kənara düşür. Həmin adam gedib daşı götürüb yerinə qayıdıncaya qədər uzananın başı əvvəlki (ilk) vəziyyətini alır. Sonra o, yenidən birinci dəfə etdiyini təkrarlayır. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) üzü üstə uzanmış bir adamın yanına çatdıq. Onun üstündə əlində dəmir qarmaq olan bir nəfər (dəmir qarmağı) üzü üstə uzanan adamın ağzına, burnuna və gözünün bir hissəsinə keçirərək boynunun ardına kimi cırırdı. Sonra üzünün o biri tərəfinə keçib oranı da boynunun ardına kimi cırdıqda digər tərəf əvvəlki vəziyyətini alır və o, birinci dəfə etdiyini yenidən təkrarlayırdı. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) təndirə oxşar bir yerə gəldik. (Ravi deyir: «Zənn edirəm ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu:) Oradan uğultulu və dəhşətli səslər gəlirdi. Biz içəri baxdıqda orada lüt kişi və qadınlar gördük. Aşağıdan atəş onlara yaxınlaşdıqca onlar bağırırdılar. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) bir gölün yanına çatdıq. (Ravi deyir: «Zənn edirəm ki, Peyğəmbər sallallahu aleyhi və səlləm - gölün suyunun qan rəngində olduğunu buyurdu). Baxdıq ki, göldə bir nəfər üzür. Sahildə isə biri yanında bir topa daş ilə dayanıb. Üzən adam üzə bacardığı qədər üzdükdən sonra yanında daş topası olan adamın yanına gəlib ağzını açar. O, da daşları onun ağzına atardı. O, hər dəfə üzüb onun yanına gəldikdə ağzını açar o, da daşları onun ağzına atardı. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) çox iyrənc və çirkin bir adamın yanına gəldik (sən gördüyün çirkin adamların ən çirkini). Atəşi alovlandırır və ətrafında fırlanırdı. Mən: «Bu nədir?» deyə soruşdum. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) içində hər növ çiçəyin olduğu, sıx və uzun ağaçlarla dolu bir baxçaya çatdıq. Baxçanın ortasında başı göyə doğru uzanan, başını görmədiyim uzun boylu bir adam vardı. Adamın ətrafında daha əvvəl heç görmədiyim sayda çox uşaqlar vardı. Mən: «Bunlar kimlərdir?» deyə soruşdum. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) böyük bir ağacın yanına çatdıq. Bundan əvvəl bundan daha böyük və gözəl ağac görməmişdin. Mənə «Ağaca qalx!» dedilər. Birlikdə o, ağaca qalxmağa başladıq. Nəhayət gəlib bir şəhərə çatdıq. Şəhər qızıl və gümüş kərpicdən tikilmişdi. Şəhərin qapılarına yaxınlaşdıq və açılmasını xahiş etdik. Qapı açıldı, şəhərə girdik. Bizi bir qrup insanlar qarşıladılar. Vücudlarının yarısı gördüklərinin ən gözəli qədər gözəl, digər yarısı isə gördüklərinin ən çirkini qədər çirkin idi. Mənimlə gələnlər: «Gedin, o, çaya girin!» dedilər. Onlar gedib çaya girdilər. Baxdım ki, bu şəhərin ortasından suyu düm ağ olan bir çay axır. Sonra onlar bizim yanımıza gəldilər. Çirkinlik onlardan getmiş və ən gözəl bir hala gəlmişlər. Mənimlə gələnlər mənə: «Bura Cənnətul-Adndır (Ədn Cənnəti). Bu da sənin məqamındır» dedilər. Gözümü yuxarı qaldırdıqda düm ağ bulud kimi bir saray gördüm. Onlar: «Bura sənin evindir» dedilər. Mən də: «BƏRƏKƏLLAHU FİKƏ Allah səni mübarək etsin! Mənə icazə verin ora girim?!» dedim. Onlar: «İndi yox. Lakin nə vaxtsa sən ora girəcəksən» dedilər. Mən onlara: «Bu gecə qəribə mənzərələr gördüm. Bu gördüyüm şeylər nədir?» dedim. Onlar: «İndi sənə onları başa salarıq» dedilər.

İlk gördüyün başı daşla yarılan insan Quran oxumağı öyrənmiş lakin onu tərk etmişdir (Quranı oxumaz və əməl etməzdi) və fərz namazlarına yatıb qalardı. Bu da onun Qiyamətə qədər görəcəyi qəbr əzabıdır. Ağzı, burnu və gözü boynunun ardına kimi cırılan insan isə səhər evindən çıxar-çıxmaz hər tərəfə yalan yayardı (yalan danışardı). Bu da onun Qiyamətə qədər görəcəyi əzabdır. Təndir içində gördüyün kişi və qadınlar isə zinakar kişi və qadınlardır. Bu da onların Qiyamətə qədər görəcəyi əzabdır. Göldə üzən insan isə faiz yeyəndir. Bu da onun Qiyamətə qədər görəcəyi əzabdır. Atəşi alovlandıran çirkin adam isə Cəhənnəmin gözətçisi Malikdir. Baxçada gördüyün uzun boylu adam İbrahim əlehissəlam dır. Ətrafındakı uşaqlar isə fitrət üzərində ölən uşaqlardır. (Başqa rəvayətdə – Fitrət üzrə doğulan uşaqlardır). Səhabələr: «Ya Rəsulullah! Orada müşriklərin də uşaqları vardır?» Peyğəmbər: «Bəli, müşriklərin uşaqları da»211. Vücudlarının yarısı gözəl və yarısı çirkin olan kimsələr isə yaxşı əməllər ilə pis əməllər etmiş (bərabər olan) kimsələrdir. Allah isə onları bağışlamışdır. Birinci girdiyin ev adi müsəlmanların evidir. Bu ev isə şəhidlərin evidir. Mən Cəbrail, bu isə Mikail əleyhimussəllam dır. Başqa rəvayətdə - Mənə: «Başını qaldır!» dedilər. Başımı qaldırdım. Bir də nə görsəm yaxşıdır. Üstümdə bulud kimi bir şey vardır. Mənə: «Bu sənin evindir» dedilər. Mən: «Buraxın ora girim» dedim. Onlar: «Sənin ömrün hələ tamamlanmayıb. Onu tamamladıqda ora girəcəksən» dedilər212. Aişə - radıyallahu anhə deyir ki, mən bundan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm in hər namazdan sonra mütləq qəbr əzabından Allaha sığındığını gördüm»213.

Bəzi azmış kimsələr qəbr əzabını, qəbr nemətini inkar edirlər. Onlar öz ağıllarına uyaraq deyirlər ki, əgər ölünün qəbri açılacaq olarsa əvvəlki halı necədirsə elə də görüləcəkdir. Qəbrdə darlıq və genişlik etibarı ilə heç bir dəyişiklik görülməyəcəkdir. Bu səhf və batil fikrə bir neçə yolla cavab vermək olar.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə