100
darvazası qarşısında çəpik çalıb “Qaytağı” oynadığını gördülər. Dördillik döyüşlərin hesabatını
verən birləşmə komandiri Azərbaycan diviziyalarından danışanda
general-mayor Heybət
Atamoğlan oğlu Heybətovun adını birinci çəkdi, ona cəbhə komandanı marşal Jukovun
təşəkkürünü yetirdi.
General bu tərifə, bu təşəkkürə layiq əsgər idi”. Bilmirəm, bütün bunlardan sonra general
Heybətova - xalqına dönük çıxıb demək mümkündürmü?
Əlbəttə, yox. Mən inanmırdım və indi də inanmıram ki, hardasa ad-familini dəyişməklə,
general Heybətov öz elinə, obasına, xalqına dönük çıxıb, ondan üz döndərib. Bu addımın
səbəbkarı yalnız ehtiyac olub. Tanrı heç
kəsin bəxtini, döndərib, xurcununu əyməsin. Əyəndə
insan yerişini də itirir... Müdrik Səməd Vurğun demişkən ehtiyac qul eylər qəhrəmanı da. Əgər
atası Atamoğlan kişi 1918-ci ildən nədən bir erməni daşnakının, namərd gülləsinin qurbanı
omasaydı, Heybət bu səhv addımı atardımı? Ana Heybət adlı oğlundan keçərdimi? Əlbəttə yox!
İbrahim Novruzovun “Yaşıdlarım” kitabındakı balaca bir epizodu oxuyanda qeyri-ixtiyari
kövrəldim.
“Bir səhər qəzetlər general Heybətovun Kiyevdə uzun sürən xəstəlikdən sonra vəfat
etdiyini xəbər verdilər.
Deyirlər ki, general Heybətov canını tapşırmamışdan qabaq bayatı çağırmışdır, “Ölməyə
Vətən yaxşıdır” söyləyərək, cənazəsinin Odlar yurdunda dəfn olunmasını vəsiyyət etmişdi...”.
Qədirbilən xalqımız general oğlunun vəsiyyətinə əməl etdi. O, Fəxri xiyabanda dəfn olundu.
Doğma kəndi Maştağada abad bir küçə onun adını daşıyır.
Əziz oxucu! İndi özün düşün, özün saf-çürük elə. Kimdir general Heybətov? Onunla fəxr
eləmək olarmı? Bu suala özün cavab ver!
GENERAL ƏJDƏR XASPOLADOV
Ədliyyə generalı Əjdər Xaspoladovun azərbaycanlı olması haqqında
ilk dəfə jurnalist
dostum Cavad Xaspoladovdan eşitdim. Onun general haqqında cəmi bir neçə məlumatı vardı:
göyçaylı olub, Moskvada yaşayıb, Orta Asiyada işləyib. Duzü, inanmadım ki, bizim günlərdə
yaşayan generaldan, bizim xalqın xəbəri olmaya. Bəlkə də mənim bu inamsızlığımı duyan
qələm dostum səhərisi generalın balaca bir şəklini də gətirdi və məsləhət gördü ki, Bakı
Dövlət Universitetinin professoru Əziz Əsədovu tapım. O, vaxtilə general Əjdər Xaspoladovla
görüşüb.
Professor Əziz Əsədovu çoxdan tanıyırdım. Respublika mətbuatında maraqlı yazılarını
çox oxumuşdum. Bizim “Hünər” verilişində müharibə veteranı kimi çıxış eləmişdi.
Qırmızı Bayraqlı, Suvorov ordenli 416-cı Taqanroq diviziyasında hərbi prokuror olan
Əziz müəllimin Böyük Vətən müharibəsi illərində sosialist qanunçuluğunun təbliğ edilməsi
sahəsində böyük xidmətləri var. Ağır oturub, təmkinlə danışan bir ağsaqqal kimi hamımız ona
hörmət edərdik. Danışdığı döyüş epizodlarında heç vaxt “mən, mən”
deməyən Əziz müəlim odlu
səngərlərdə gənc yaşlarında el-oba yolunda həlak olan silah dostlarını xatırlar, onların
qəhrəmanlığını bugünkü gənclərə şirin bir dillə nəql edərdi.
Qəfil görüşünə gəlməyim hiss elədim ki, onu təəccübləndirdi. Xoş-beşdən sonra mətləbi
açdım. Gülümsünüb dedi:
- Səməd Vurğun doğru deyib ki, könüldən-könülə yollar görünür. İki-üç gündü sənin
telefonunu axtarıram. General Əjdər Xaspoladov haqqında özüm sənə məlumat vermək
istəyirdim. Gəlişin lap yerinə düşüb...
* * *
... Yadımdadır, - deyib professor qırx səkkiz il əvvəl olan görüşünü xatırlayır. - 1940-cı
ilin yayında Litvanın Olitus şəhərinin azad edilməsində bilavasitə iştirak edirdim. Məni xüsusi
tapşırıqla Daşkəndə göndərdilər. Orta Asiya hərbi Dairəsi hərbi tribunalı sədrinin yanına getməli
101
oldum. Sədrin qəbul otağına girərkən, otaqdan başına kəlağayı örtmüş bir azərbaycanlı qadın
çıxdı. Bu qadın Orta Asiya hərbi Dairəsi hərbi tribunalının sədri, briqada hərbi hüquqşünası
Əjdər Mahmud oğlu Xaspoladovun bacısı idi. Sədr məni mehribanlıqla qəbul etdi.
Xidməti
söhbətlərimiz qurtarandan sonra, ondan özü haqqında danışmasını xahiş etdim. O, yalnız
“azərbaycanlıyam, göyçaydanam” - deməklə kifayətləndi. Şəxsi söhbətimiz və görüşümüz
bununla bitdi. 1941-ci ilin axırlarında cəbhə qəzetlərində oxudum ki, Əjdər Xaspoladov ədliyyə
general-mayorudur. Müharibə illərində general Əjdər Xaspoladov əlli altıncı ordunun hərbi
tribunalının sədri kimi çox məsul bir vəzifədə çalışırdı.
Müharibə qurtarandan sonra 1984-cü ildə bir məclisdə generallardan söhbət düşmüşdü.
Mən istər-istəməz general Əjdər Xaspoladovu xatırladım. İş elə gətirdi ki, bir neçə ay sonra
Moskvada ezamiyyətdə oldum. SSRİ Ədliyyə Nazirliyinə gedib generalın ad-familini söylədim.
Xahiş etdim ki, onun ünvanını mənə versinlər. İstəyirdim mətbuatda çıxış edib, bu naməlum
generalımızı xalqımıza tanıdım. Əvvəlcə evinə zəng eləyib 40-cı ildəki görüşümüzü xatırlatdım,
çətinliklə də olsa görüşməyə razılıq verdi. Məni evinə çağırdı.
Xeyli söhbət etdik, haqqında
yazmaq istədiyimi biləndə razılıq vermədi. Olmaz, - dedi mənim haqqımda yazmağa icazə
verilmir.
Məndən Göyçayı soruşdu. - Neçədi, - dedi, - abadlaşıbmı? Ən çox yadımda qalan
Şamaxıdır, ona görə ki, Şamaxı o vaxtlar qəza mərkəzi idi, uşaqlığım, ilk gəncliyim mənə xəyal
kimi gəlir. Onda ürəkaçan heç nə yoxdu, aclıq, səfalət, bir
də ehtiyac o vaxt məni bərk
yaxalamışdı. Orda qalsam, bəlkə də ölüb-itmişdim. Ömrüm boyu Nəriman Nərimanova rəhmət
oxumalıyam. 1919-cu ildə o məni Moskvaya oxumağa göndərməsəydi kim bilsin, yetim taleyimə
harda nöqtə qoyulacaqdı. Ona görə də o kişinin Kremlin həyətindəki məzarını tez-tez ziyarət
edirəm. Uşaqlıqda nənəmin öyrətdiyi surəni o müqəddəs insanın məzarı önündə dayanıb
oxuyuram.
Ayrılanda soruşdum ki, bəlkə sizə Vətəndən bir şey lazımdır. Çəkinməyin,
yoldaş
general, nə lazımsa deyin, göndərərəm.. Duruxdu. Utancaq bir təbəssümlə üzümə baxıb:
- Əgər mənə Mirzə Ələkbər Sabirin “Hophopnamə”sini ərəb əlifbasında göndərə
bilsəydiniz, sizə ömrüm boyu minnətdar olardım. Şairlərdən ən çox yadımda qalan Sabirdir.
Qəribədir ki, son illər yuxuda onun şerlərini oxuyuram. Gündüzlər yaddaşıma zor verib onlardan
xatırladıqlarımı əzbərləyirəm. Atam, anam, yoxsul dünyam gözüm önündə durur, istər-istəməz
kövrəlirəm.
Bakıya qayıdanda kitab mağazalarını ələk-vələk elədim. “Hophopnamə” tapılmadı.
Məcbur olub professor dostum Abbas Zamanova müraciət etdim. Kitabı Abbas müəllimdən alıb
göndərdim. Bir il sonra general Əjdər Xaspoladovdan bir bağlama aldım. Kitabı geri
göndərmişdi. Səmimi, kövrək bir məktub yazmışdı. Yazırdı ki, mən “Hophopnamə”dən özümə
lazım olan, xalqımla bağlı qidanı aldım, mənimsədim. Hazırda gözləri tutulub, ömrümün son
günlərini yaşayıram. İstəmirəm ki, xalqımın bu misilsiz milli
sərvəti yad əllərə keçsin, ona görə
də böyük minnətdarlıq hissi ilə kitabı geri qaytarıram.
* * *
- Əziz müəllim, general haqqında daha ətraflı məlumat almaq üçün ailə üzvlərini görmək
istəyirəm. Bəlkə sizdə onların ünvanı qalıb?
-
Hazırda general Əjdər Xaspoladovun qızı Kamilla xanım Moskvada yaşayır. O, hüquq
elmləri namizədidir. Moskva Dövlət Universitetində dərs deyir. Sənətdə atasının yolu ilə gedir.
Hər dəfə Moskvaya gedəndə onunla görüşürəm. Məndə ev ünvanı da var, telefonu da.
Əziz müəllimdən Kamilla xanımın ünvanını və telefon nömrəsini aldım.
Həmin günü generalın qızı Kamilla Xaspoladovaya zəng etdim. Aradan bir ay keçər-
keçməz Kamilla xanımdan məktub və iki şəkil aldım.
Məktubdan sətirlər: Mənim atam ədliyyə general-mayoru Əjdər Mahmud oğlu
Xaspoladov inqilabdan doğulmuş, ömrü boyu Leninin xatirəsinə və ideyalarına sadiq,
vətənpərvər birşəxs idi.