GiRİŞ I. Konfutsinin vətəni II. Sin sülaləsi III. Çində feodal münasibətləri IV. Xan sülaləsi



Yüklə 58,53 Kb.
səhifə3/3
tarix23.12.2023
ölçüsü58,53 Kb.
#157485
1   2   3
Qədim çin sin və xan sülalələri dövründə

IV. Xan sülaləsi
Xan sülaləsinin dörd əsrdən çox hakimiyyəti iki dövrə bölünür: Erkən Xan (Qərbi) və Sonrakı Xan (Şərqi), bunlar da müvafiq olaraq e.ə. 206-cı ildən eramızın 8-ci ilinədək və 8-ci ildən 220-ci ilədək olan dövrü əhatə edir. Bu dövrlər arasındakı eramızın 9–25-ci illərini əhatə edən az müddət ərzində Sin sülaləsi hakimiyyətdə olmuşdur. Erkən Xan Tsin imperiyası idarəetmə sisteminin bəzi xarakterik xüsusiyyətlərini qoruyub saxlamışdır. Öz yeddi silahdaşına Lyu Ban van titulu bağışlamışdı, 130-na isə vərəsəlik torpaqları paylamışdı. İmperator Udiy isə (E.ə. 140 — E.ə. 87) mərkəzi hakimiyyətin gücləndirilməsinə yönəldilmiş dəyişikliklər həyata keçirir, bunun da gedişində Tsin dövründə mövcud olan müfəttişlik təsisatları bərpa edilir. Xan dövrünün əvvəlində hökumət daosizm təliminin tərəfindəydi. Bu axında Lyu An (e.ə. 179–122-ci illər) özünün kifayət qədər eklektik təlimini inkişaf etdirir. E.ə. II əsrdə sarayda leqizmlə sintezdə konfutsiçiliyə maraq yaranır, bu da filosof Dun Çjunşu (e.ə. 179–104-cü illər) tərəfindən həyata keçirilir. Qanuni inzibati metodların və konfutsiçiliyin əxlaqi dəyərlərinin kombinasiyası Çin imperiyasına sonrakı iki min ildən artıq dövr ərzində mövcud olmağa kömək göstərmişdir. Xanlılar itirilmiş konfutsiçi və digər mətnləri bərpa etdilər, əlyazmaların axtarışı, onların sistemləşdirilməsi və bərpası üzrə böyük işlər gördülər. Xan dövründə "Dəyişikliklər kitabı"nda, "in-yan" və "beş ünsür" nəzəriyyəsində əsası qoyulmuş baxışlar "simvollar və rəqəmlər haqqında təlimdə" formalaşmışdı. Bu dövrdə ensiklopediyaçı-filosof Van Çun (e. 27–97-ci illəri) antiavtoritarizm fəlsəfəsini işləyib hazırlayır. Van Çun konfutsiçilərin və daoçuların bəzi baxışlarını sintez edərək ümumiləşdirir. Zadəganlar əsas dövlət vəzifələrinin əksəriyyətini tuturdular. Bununla belə Xan hökmdarları xidmətə, mövqeyindən asılı olmayaraq istedadlı insanları cəlb etməyə çalışırdılar. E.ə. 124-cü ildə imperator Udiy "Ali məktəbin" ("Taysyue") əsasını qoydu və ölkənin bütün əyalətlərindən bacarıqlı gənclərin orada təhsil alması üçün seçilməsini əmr etdi. O vaxtdan başlayaraq bütün Çin sülalələri bu və ya başqa şəkildə dövlət təhsilinə kömək etmişdilər. Dövlət xidmətinə qəbul üçün ənənəvi imtahan sisteminin yaranması da Taysyuenin açılışı ilə bağlıdır. Məktəbin planına konfutsian "Beşkitabçılığın" – Utszin (Şitszin – "Nəğmələr kitabı", Litszin – "Ayinlər kitabı", Şitszin – "Tarix kitabı", Çjoun – "Dövrü dəyişikliklər", Çuntsyu – "Bahar və payızlar") öyrənilməsi daxil idi. Həmçinin ox atmaq, musiqi, ayin və "Altı sənət"dən digərləri öyrənilirdi. Təlimlər "Boşi" (doktor) adına malik və Udiy sarayında xidmət edən konfutsian-alimlər tərəfindən aparılırdı. Bir ildən sonra tələbələrdən imtahan götürülür və onlar öz biliklərinə müvafiq vəzifələrə təyin olunurdular. Udiy özü imtahan verənlərin sınaqlarında iştirak edirdi. Məmur vəzifəsi almaq məqsədilə seçim sisteminin və konfutsian təliminin birləşdirilməsi sonralar Xan sülaləsinin axırına qədər möhkəmləndirilmiş və tətbiq edilmişdir.
İlk vaxtlar məktəbdə 50-yə qədər tələbə təhsil ala bilərdi. E.ə. 8-ci ildə tələbələrin sayı üç minə qədər artmışdı, sonrakı Xan dövründə isə onların sayı təqribən otuz minə çatmışdı. Bu sülalənin ən parlaq nümayəndəsi tamamilə konfutsiçiliyə qayıdan beşinci imperator Udiy (e.ə. 140–87-ci illər) olmuşdur. Öz hakimiyyət dövrünün quldarlıq cəmiyyətindən feodalizmə keçidlə üst-üstə düşməyi faktını nəzərə alaraq o, başa düşürdü ki, konfutsiçilik feodal cəmiyyətinin və ümumiyyətlə istənilən hökmran cəmiyyətin ideya istinadgahıdır. İmperator Udiy deyirdi ki, dövlət vəzifəsi tutmaq üçün Konfutsinin müqəddəs kitablarındakı mətnləri bilmək lazımdır. Onun hakimiyyəti dövründə Çin çox gücləndi. İmperator Udiy hunlarla uğurlu döyüşlər apardı; ilk dəfə olaraq Cunqariyadan və Qaşqardan Avropaya ipək yolu saldı, baxmayaraq ki, o, həmin vaxt belə adlanmırdı, Vyetnamdan Quandum və Quansini zəbt etdi, Koreyanı istila etdi, yəni Çin imperiyası az qala bugünki miqyaslara gəlib çatdı. Qeyd etmək laxımdır ki, ilk dəfə olaraq nahtszu, xan milləti anlayışı Xan dövründən gəlmişdir və çinlilər özlərini xanlılar adlandırır. Bu sülalənin bir xarakterik cəhəti vardır: iki min illik hazırkı Çin milli memarlığı da o dövrdə yaranmışdır. İmperator Udiyin zamanında Sı Ma Tsyan adlı çox böyük bir şəxs yaşayırdı, o, Çin tarixşünaslığının əsasını qoymuş və ilk dəfə olaraq tarixi monoqrafiyanın kompleks prinsipini tətbiq etmişdir. O, "Şi Tszi" adlanan tarixi əsərin müəllifi olmuşdur, salnamə traktlatlarla bir-birini əvəzləyir, yəni o, təkcə xronoloji hadisələrin təsvirini verməmiş, eyni zamanda konseptual xarakterli tarixi təhlil aparmışdır. Xanlıların Çjou sülaləsinin ətraflı tarixini yazmaları ilə əlaqədar olaraq bir sülalənin ondan əvvəlki sülalənin tarixini yazmaq ənənəsi yaranmışdır, həm də bu o qədər səhih olurdu ki, məsələn, hind alimləri Hindistan tarixini Çin mənbələrindən öyrənirlər.
Erkən və Sonrakı Xan hökmranlıqları dövrü arasında, daha dəqiq e. 9–25-ci illərində Sin – "Yeni" imperiyası mövcud olmuşdur. Öz hakimiyyətinin lap əvvəllərindən imperator Man Van islahatlara başladı ki, bunların da əsas məqsədi dövlət hakimiyyətinin möhkəmləndirilməsi və ilkin Çjou qanun-qaydalarının bərpası idi. Lakin Van Manın şöhrətpərəst niyyətləri onu özlərinə əngəl törədəcək heç bir dəyişikliyi arzulamayan mülkədarlardan uzaq saldı. Digər tərəfdən kəndlilər də onun islahatlara qabil olmamasından məyus olmuşdular. 11-ci ildə Xuanxe çayı qarçısına çıxan şəhər və qəsəbələri məhv edib tarlaları basaraq məcrasını dəyişdi. Ölkədə hökm sürən xaos çoxsaylı kəndli üsyanlarına gətirib çıxardı. Eramızın 17-ci ilində Şandunda Fan Çunun başçılığı altında güclü üsyan baş qaldırdı. Qiyamçılar fərqlənmək üçün qaşlarını qırmızı rəngə boyayırdılar, bu səbəbdən də onları qırmızıqaşlılar adlandırırdılar. 23-cü ildə Fan Çun hökumət qoşunlarını məğlub edib paytaxt Çanyanı ələ keçirdi. Van Man özünə qəsd etdi. Qırmızıqaşlılar bir ildən artıq hakimiyyəti əllərində saxladılar. Bundan sonra xanlı Lyu Syu zadəganların və məmurların bir hissəsini ətrafında birləşdirib qiyamçıları sarsıdıcı məğlubiyyətə uğratmağa nail oldu. Fan Çun paytaxtdan ölkənin şərqinə qaçmağa məcbur oldu. 25-ci ildə Lyu Syu Xan imperatoru elan olundu. Bu, Sonrakı (Şərqi) Xan (25–220-ci illər) sülaləsi hakimiyyətinin başlanğıcı hesab olunur.
Şərqi Xan sülaləsi hakimiyyətinin ilk illərində qiyamçı dəstələrin qalıqları ilə mübarizə davam edirdi, bundan sonra nisbətən sakitlik və çiçəklənmə dövrü gəlir. Lyu Syu minlərlə qulu azadlığa buraxdı. Torpaq bölgüsünün bərabərləşdirici sistemi ləğv edildi. Hökumət vergiləri azaltdı və ticarətdə məhdudiyyətləri aradan qaldırdı. Sonrakı Xan dövründə əvvəllər itirlmiş ərazilərin bərpası üçün çox cəhdlər edildi. Köçəri hunlarla mübarizədə qələbə çalındı. 73-cü ildə kiçik dəstə ilə şimal qərb sərhəddindəki müttəfiq tayfalara kömək göstərmək məqsədilə göndərilmiş istedadlı general Ban Çao, son nəticədə, demək olar ki, Şərqi Avropanın sərhədlərinə qədər gedib çıxmışdır. 91-ci ildə o, hunlara sarsıdıcı zərbə vurdu, 97-ci ildə isə Baktriyaya daxil oldu. 101-ci ildə Çinə qayıdan general, Roma imperiyası barədə çoxlu məlumat gətirir. Onun yürüşləri sayəsində Böyük ipək yolunu bərpa etmək mümkün oldu ki, bunun da vasitəsilə Çin Aralıq dənizinə ipək, zərxara, bəzək məmulatları və çini qab idxal edirdi. Şərqi Xan sülaləsi zamanında incəsənət, təhsil və elm çiçəkləndi. Tarix və lüğətlər yazıldı. Daha qədim zamanların klassik əsərləri yığıldı. Imperator Çjan-linin hakimiyyəti dövründə (75–88-ci illər) Bayxuquan zalında dövlət ideologiyası prinsiplərinin işlənib hazırlanması məqsədilə klassik kitabların müzakirəsi keçirilmişdi. Eramızın I əsrində Hindistandan Çinə buddizm daxil olur. Buddist missioner An Şiqao 148-ci ildə Loyana gəlib çıxır, bunun da nəticəsində Çində buddist mətnlərin tərcüməsi həyata keçirilməyə başlanır. Şərqi Xanın sonrakı dövrlərində saray xadimlərinin güclənməsi ucbatından imperiyanın siyasi həyatı çox əziyyət çəkirdi. Nüfuzlu regional vəzifəli şəxslər mərkəzi hakimiyyəti saymamağa başladılar. Əyanlar və sərkərdələr arasında mübarizə başladı. Ölkədəki hərc-mərclik xalqın narazılığına səbəb oldu. Yəni 60 illik tsiklin başlanğıcı olaraq 184-cü ildə "sarı sarıqlılar" üsyanı baş qaldırdı, onun nümayəndələri fərqlənmək üçün başlarında sarı sarıq gəzdirirdilər. Üsyana dao müəllimi Çjan Tszyue başçlıq edirdi, o, "böyük səadət yoluna" (taypin dao) əsaslanmalı olan yeni qanun-qayda yaratmağa çağırırdı. Qiyamçılar iki mindən çox əyanın qırğınını törədən və bir-birinin ardınca diktatora çevrilən generalların tərəfinə keçdilər. 207-ci ildə ölkənin şimalında diktator sərkərdə Tsao Tsao hakimiyyətə gəldi. Tsao Tsaonun ölümündən sonra onun oğlu Tsao Pey gücsüz Xan imperatorunu hakimiyyətdən uzaqlaşdırıb Vey hökmdarlığını yarada bildi. Bu Xan sülaləsinə son qoydu.

NƏTİCƏ
III–IV əsrlərdə buddizmin təsiri ilə çoxpilləli qüllələr, mağara-məbədlər inşa edilirdi. Çində budda dini əşyalarını saxlamaq üçün paqodalar (pavilyon şəklində budda məbədləri) tikilirdi. Çin rəssamları kağız və parça üzərində rənglərlə zəngin gözəl peyzajlar, — təbiət mənzərələri yaradırdılar. Çində bu mənzərələrə "dağlar və sular" deyirdilər. Rəssamlar meyvələr, çiçək, quş və s. şəkillər çəkirdilər. Belə şəkillər "çiçəklər və quşlar" adlanırdı. Çinin paytaxtında rəssamlıq akademiyası açılmışdı. VI əsrdə "Tənna səhləb çiçəyi" adlı musiqi pyesi ilk dəfə nota alınmışdı. VIII əsrdə balet tamaşaları geniş yayılmışdı.
Çində maarif və elm inkişaf edirdi. Müxtəlif sahələrə (əkinçilik, ipəkçilik və s) dair dərsliklər çap olunurdu. Hər bir imperatorun dövründə əvvəlki sülalələrin tarixinə dair çoxcildli kitablar çap edilirdi. Çinlilər deyirdilər: "Keçmişi unutma, o, gələcəyin müəllimidir". Çin səyyahları Mərkəzi Asiya, Hindistan, İndoneziya xalqlarının məişətini təsvir etmişlər. Tibb inkişaf etmiş, Xan sülaləsi dövründə ilk "Farmakologiya kitabı" yazılmışdı. VII əsrdə alimlər palatası yaradıldı və sonralar Xan akademiyasına çevrildi.
ƏDƏBİYYAT SİYAHISI

  1. Yusif Yusifov. Qədim Şərq Tarixi. Bakı, 1993

  2. "Nuruzadə Ş.C. Asiya və Afrika ölkələrinin yeni tarixi. (XVII əsrin I yarısı və XIX əsrin 70-ci illəri). Sumqayıt, "Azəri" nəşriyyatı, 2017

  3. Həbibzadə Еlcan Ibrahim оğlu – Salam, Çin. Bakı: Azərnəşr, 2007.

  4. Tofiq Mustafazadə. Ümumi tarix. I kitab, Bakı, 2009.

Yüklə 58,53 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə