Günah lüğət elmində



Yüklə 3,25 Mb.
səhifə33/61
tarix14.06.2018
ölçüsü3,25 Mb.
#49036
1   ...   29   30   31   32   33   34   35   36   ...   61

“MÜBAHİLƏ”NİN ƏHƏMİYYƏTİ


“Mübahilə” hadisəsi İslam peyğəmbərinin (s) risalətinin doğru və haqq olduğunu göstərən aydın bir nişanə və dəlildir. Çünki Allahla qəti və mənəvi əlaqəsi olmayan şəxsin belə təhlükəli işə razı olması mümkün deyildir. Peyğəmbəri-əkrəm (s) çəkinmədən müxaliflərinə deyir ki, gəlin, birlikdə dua edib Allahdan yalançıları rüsvay etməsini diləyək. Bunun mənası odur ki, sözsüz, mənim nifrin və qarğışım sizi tutacaq və siz bunun nəticəsini görəcəksiniz!

Şübhəsiz, belə bir meydana girmək asan iş deyil; əgər qarğış Allah dərgahında qəbul olunmasa və qarşı tərəf cəzasına çatmasa, bu özü böyük rüsvayçılıq olar. Heç bir ağıllı insan qarşı tərəfin məğlub olacağına inanmadan belə bir işə əl atmaz. Məhz bu səbəbdən də rəvayətlərdə deyildiyi kimi, mübahilədən söz düşdükdə, Nəcran xristianları Peyğəmbəri-əkrəmdən (s) bir qədər fikirləşmək üçün möhlət istədilər. Onlar Peyğəmbərin (s) özü ilə gətirdiyi şəxslərin yalnız dörd nəfərdən ibarət olduğunu, səs-küy salmadan, qəti inam və xatircəmliklə vəd edilmiş yerə gəldiyini gördükdə, dəhşətə gələrək mübahilədən boyun qaçırdılar və o həzrətin haqq olduğuna inanmaqla əzabdan amanda qaldılar.

Digər tərəfdən bu ayə Peyğəmbərin (s) Əhli-beytinin (Əli, Fatimə, Həsən və Hüseynin (ə)) yüksək məqama malik olduğunu göstərən ən aydın və möhkəm sübutdur. Şübhəsiz, ayədə qeyd olunan “əbnaəna” (oğullarımız) sözündə məqsəd imam Həsən və imam Hüseyn (ə), “nisaəna” (qadınlarımız) sözündə məqsəd Fatimeyi-Zəhradır (ə.s). “Ənfüsəna” (özümüz) sözünə gəldikdə isə, şübhəsiz məqsəd təkcə Peyğəmbəri-əkrəmin (s) özü deyil. Çünki ayədə “özümüzü dəvət edək” ifadəsi vardır ki, əgər yalnız Peyğəmbər (s) nəzərdə tutulsaydı, onda insanın öz-özünü dəvət etməsinin heç bir mənası olmazdı. Buna əsasən, yeganə yol budur ki, belə deyək: “Məqsəd yalnız Əlidir (ə)!”

Fəxri-Razi bu ayənin təfsirində şiə alimi Mahmud ibn Həsən Həmsidən maraqlı bir mətləb nəql edir. O, bu ayəyə əsasən, Əlinin (ə) Peyğəmbərdən (s) sonra bütün peyğəmbər və səhabələrdən fəzilətli olduğunu sübut edərək deyir: “İnsanın öz-özünü müəyyən bir işə dəvət etməsi qeyri-mümkündür. Buna əsasən, “ənfüsəna”da (özümüzdən) məqsəd başqa bir şəxsdir. Alimlər də yekdil fikirdədirlər ki, həmin şəxs yalnız Əlidir (ə). Buna əsasən, Əli (ə) Peyğəmbərin (s) özü kimidir. Şübhəsiz, eynən onun kimi olmasa da, o həzrətin peyğəmbərlik məqamını, eləcə də, bütün insanlardan üstünlüyünü istisna etməklə, bütün xüsusiyyətlərdə onun kimidir. Əgər Peyğəmbəri-əkrəm (s) bütün peyğəmbərlərdən üstün və fəzilətlidirsə, deməli, Əli (ə) də onların hamısından fəzilətli olmalıdır.” Sonra o, öz kəlamını sona yetirərək hamının qəbul etdiyi Peyğəmbər (s) hədisinə istinad edir:



مَنْ اَرادَ اَنْ يَرَى آدَمَ فِى عِلْمِهِ وَ نُوحاً فِى طاعَتِهِ وَ اِبْراهِيمَ فِى خُلَّتِهِ وَمُوسى فِى هَيْبَتِهِ وَ عِيسى فِى صَفْوَتِهِ، فَلْيَنْظُر اِلى عَلِىِّ بْنِ اَبِيطالِبٍ (ع):

Hər kəs Adəmin elmini, Nuhun (Allaha) itaətini, İbrahimin dostluğunu, Musanın heybətini, İsanın pak və saflığını görmək istəyirsə, Əli ibn Əbi Talibə (ə) baxsın!” Bu hədisdə göstərilir ki, Əli (ə) müqəddəs insanların ayrı-ayrılıqda malik olduqları xislətlərin hamısına sahib idi!

Fəxri-Razi bundan sonra yazır: “Həm keçmişdə, həm də indinin özündə şiələr də bu ayəyə istinad edərək, Əlini (ə) Peyğəmbərin (s) nəfsi və özü kimi bilirlər. Belə ki, bu ifadə onun Peyğəmbəri-əkrəmin (s) bütün xüsusiyyətlərinə malik olduğunu və bütün səhabələrdən üstünlüyünü göstərir. Buna əsasən, Əli (ə) hamıdan fəzilətli sayılır.1

Fəxri-Razi bu dəlili qeyd etdikdən sonra onun üstündən asanlıqla keçərək, yalnız belə bir cavabla kifayətlənir: “Bütün müsəlmanlar Məhəmmədi (s) Əli ibn Əbi Talibdən fəzilətli bildikləri kimi, hər bir peyğəmbərin də peyğəmbər olmayanlardan üstün və fəzilətli olduğunu bilirlər. Şübhəsiz, Əli peyğəmbər deyildir. Nəticə alırıq ki, digər ilahi peyğəmbərlər də Əlidən üstün və fəzilətlidirlər.”2

Fəxri-Razinin sözlərindən məlumdur ki, onun möhkəm və tutarlı dəlili yoxdur. Sanki o, səhifənin boş qalmaması üçün bir söz yazmaq istəmişdir. Halbuki “hər bir ilahi peyğəmbər qeyri-peyğəmbərdən üstün və fəzilətlidir” fikri qəti söz deyil. Çünki bu üstünlük yalnız vəhy məsələsində şübhəsizdir. Lakin vəhydən başqa hallarda Peyğəmbəri (s) istisna etməklə, digər peyğəmbərlərdən üstün və fəzilətli bir ilahi insanın olması ehtimalı vardır. Bir də bizim söhbətimiz imam Əlinin (ə) İslam ümmətində olan üstünlük və fəzilətləridir. Burada isə həzrətin digər peyğəmbərlərdən fəzilətli olmasını sübut etməyə ehtiyac yoxdur.

Beləliklə, “mübahilə” ayəsinə və onunla bağlı “mütəvatir” hədislərə əsasən, fəzilətli şəxsin Peyğəmbərin (s) xilafət və canişinliyinə daha layiq olduğu aydınlaşır. Çünki Allah-taala heç vaxt daha üstün və fəzilətli, eləcə də, Peyğəmbərin (s) canı kimi olan şəxsi məmum və mürid, ondan aşağı olan şəxsi isə imam və rəhbər etməz!

Bu məsələdə (bizim etiqadımıza görə) imamın Allah, yaxud (əhli-sünnənin etiqadına görə) camaat tərəfindən seçilməsində heç bir fərq yoxdur. Çünki birinci surətdə Allah-taala heç vaxt fəzilətli şəxsi ondan aşağı olan şəxsdən üstün bilməz. İkinci surətdə isə sağlam kütlə heç vaxt ağılın qəti hökmünə qarşı çıxmaz; əgər belə bir iş tutsa, qətiyyən bəyənilməz və məqbul sayılmaz.

“MÜBAHİLƏ” AYƏSİ VƏ İRADLAR


“Əl-mənar” kitabının müəllifi və digər alimlərin bu ayənin Əhli-beyt (ə) haqqında nazil olması müddəasına tutduqları iradlardan biri budur ki, onda qeyd olunan “əbnaəna” (oğullarımız) sözü cəm formasında işlənmiş və onun iki nəfərə Həsən və Hüseynə (ə) aid etmək düzgün deyildir. Eləcə də “nisaəna” (qadınlarımız) sözü cəm olduğu halda, necə ola bilər ki, yalnız Fatimeyi-Zəhraya (ə.s) aid olsun?! Cəm formalı “ənfüsəna” (özümüz) sözünü də yalnız Əliyə (ə) şamil etmək düzgün deyil.

Cavab: Burada diqqətinizi bir neçə məsələyə yönəldirik:

1. Əvvəlcə geniş izah verildiyi kimi, həm şiə, həm də sünnilərin məşhur və mötəbər mənbələrindəki rəvayətlər “mübahilə” ayəsinin Əhli-beyt (ə) barəsində nazil olduğunu, eləcə də, Peyğəmbərin (s) Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseyndən (ə) başqa bir kəsi mübahiləyə aparmadığını açıq-aşkar qeyd etmişlər. Bunlar ayənin təfsiri üçün aydın sübutdur. Çünki Quran ayələrini təfsir edən, onların nazil olma səbəbini açıqlayan şahid və sübutlardan biri də qəti sünnədir! Buna əsasən, yuxarıdakı irada yalnız şiələr deyil, həm də bütün İslam alimləri cavab verməlidir.

2. Cəm formasının bir, yaxud bir neçə nəfərə şamil olması yeni bir məsələ deyil. Qurani-kərimdə, ərəb və qeyri-ərəb ədəbiyyatında belə hallara çox rast gəlmək olar.

İzah: Adətən, hər hansı bir qanun qoyularkən, yaxud bir əhdnamə yazılarkən, hökm ümumi şəkildə və cəm formasında qeyd edilir. Məsələn, əhdnamədə belə yazırlar: “İcraata məsul şəxslər – əhdnaməni imzalayanlar və onların övladlarıdır!” Burada ola bilər ki, kiminsə bir, yaxud iki uşağı olsun. Bu isə qanunun, yaxud əhdnamənin “cəm formada” nəzərə alınması ilə heç bir ziddiyyət təşkil etmir. Bir sözlə, burada iki mərhələ vardır: 1. Müqavilə zamanı; 2. İcra zamanı.

Müqavilə zamanı ifadələrin hamıya aid olması üçün buyuruqlar cəm formada qeyd olunur. İcra zamanı isə mümkündür ki, bu iş bir nəfərin üzərinə düşsün. Bu da məsələnin ümumiliyinə heç bir xələl gətirmir.

Başqa sözlə, Peyğəmbəri-əkrəm (s) Nəcran xristianları ilə bağladığı müqaviləyə əsasən, bütün övladlarını, qadınlarını və onun canı sayılan kəsləri mübahiləyə aparmalı idi. Lakin onlar bir neçə nəfərdən artıq deyildilər. Öncə deyildiyi kimi, Qurani-kərimin bir çox ayələrində bəzi ifadələr bir nəfərə aid olduğu halda, cəm formasında işlədilmişdir. Məsələn, “Ali-İmran” surəsinin 173-cü ayəsində buyurulur:

الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُواْ لَكُمْ فَاخْشَوْهُمْ

O kəslər ki, xalq onlara dedi: “Düşmənlər (hücum etmək üçün) sizə qarşı toplaşmışlar, onlardan qorxun!”

Bu ayədəki “ən-nas” (xalq) sözündə məqsəd, bir qrup təfsir aliminin yazdığına əsasən, Nəim ibn Məsuddur. O, müsəlmanları müşriklərin qüdrəti ilə qorxutmaq üçün Əbu Süfyandan bir qədər mal (rüşvət) almışdı.

Həmçinin “Ali-İmran” surəsinin 181-ci ayəsində buyurulur:



لَّقَدْ سَمِعَ اللّهُ قَوْلَ الَّذِينَ قَالُواْ إِنَّ اللّهَ فَقِيرٌ وَنَحْنُ أَغْنِيَاء

Allah kasıbdır, biz isə dövlətliyik! (Buna görə də Allah bizdən zəkat istəyir)” deyənlərin sözünü Allah, əlbəttə, eşitdi!”

Bir qrup təfsirçinin nəzərincə, bu ayədə “qovləlləzinə” (deyənlərin sözünü) kəlməsində məqsəd Həyy ibn Xətib və ya Fənhas adlı şəxs olmuşdur.

Bəzən də cəm formasında işlədilən söz nəzərdə tutulan şəxsə hörmət məqsədilədir. Necə ki, “Nəhl” surəsinin 120-ci ayəsində həzrət İbrahim (ə) haqqında belə buyurulur:



إِنَّ إِبْرَاهِيمَ كَانَ أُمَّةً قَانِتًا لِلّهِ حَنِيفًاَ

Həqiqətən, İbrahim Allaha müti və baş əyən bir ümmət idi.”

Bu ayədə cəm mənasını daşıyan “ümmət” sözü bir nəfərə – (İbrahimə (ə)) deyilmişdir.

***


3. “Mübahilə” ayəsindən başa düşülür ki, (oğlan olan) qız nəvələrə də “ibn” (oğul) deyilir. Cahillik dövründə isə ərəblər yalnız oğul tərəfindən olan nəvələri övlad hesab edib deyirdilər:
Bənuna bənu əbnauna və bənatina,

Bənuhunnə əbnaur-ricali əbaidi.


“Bizim övladlarımız, yalnız oğullarımızın övladlarıdır. Qızlarımızın övladları isə bizim deyil, yadların övladları sayılırlar.”

Belə təfəkkür tərzi cahillik dövrünün yanlış adət-ənənələrindən qaynaqlanırdı. Onlar qızları və qadınları bəşər qismindən saymır və onlara oğullarını saxlamaq üçün bir əşya kimi baxırdılar. Necə ki, o dövrün şairi deyir:


innəma ummuhatun-nasi əviyətun,

Mustəvdəatun və lil-ənsabi abaun.


“Analar onların böyüməsi üçün bir qabdır (əşyadır), nəsil isə yalnız ataların hesabınadır.”

İslam dini isə belə təfəkkürü şiddətlə məhkum edərək, oğlanla qız övladları arasında olan fərqi aradan götürdü. Qurani-kərimin “Ənam” surəsinin 85-ci ayəsində İbrahimin övladları haqqında buyurulur:



وَمِن ذُرِّيَّتِهِ دَاوُودَ وَسُلَيْمَانَ وَأَيُّوبَ وَيُوسُفَ وَمُوسَى وَهَارُونَ وَكَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ وَزَكَرِيَّا وَيَحْيَى وَعِيسَى وَإِلْيَاسَ كُلٌّ مِّنَ الصَّالِحِينَ

Davud, Süleyman, Əyyub, Yusif, Musa və Harun da onun (İbrahimin) övladlarından idilər. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Zəkəriyya, İsa və İlyas da əməlisalehlərdən idi.”

Bu ayədə həzrət İsa (ə) İbrahim peyğəmbərin övladlarından sayılmışdır, halbuki o, Məryəmin oğlu idi (yəni İbrahimin (ə) qız nəvəsi idi).

Şiə və sünnilərin vasitəsilə nəql olunan rəvayətlərdə “ibn Rəsulillah” (Peyğəmbərin övladı) sözünün imam Həsən və imam Hüseynə (ə) deyilməsi müşahidə olunur.

Evlənmək üçün haram olan qadınlar barəsindəki ayədə buyurulur: “Sizin oğullarınızın zövcələri.” İslam fəqihləri və alimlərinin nəzərincə, oğulların və nəvələrin (istər qız, istərsə də oğlan) zövcələri insana məhrəmdir və bu ayə onlara şamil olunur.

“Mübahilə” ayəsinin təfsirində nəql olunan məşhur bir hədis insanın diqqətini özünə daha çox cəlb edir. Hədisdə deyilir: “Bir gün xəlifə Məmun imam Rizadan (ə) “Baban Əli ibn Əbi Talibin (ə) Peyğəmbərin (s) xəlifəsi olmasına dəlilin varmı?” deyə soruşduqda, həzrət buyurdu: “Ənfüsəna” ayəsi (buna dəlildir).”

Məmun dedi: “Əgər “nisaəna” olmasaydı (sözün düz olardı!)”

İmam Riza (ə) buyurdu: “Əgər “əbnaəna” olmasaydı (sən deyən olardı)!”

Əllamə Təbatəbai bu qısa və eyni zamanda mənalı sözləri şərh edərək yazır: “İmam Rizanın (ə) “ənfüsəna” ayəsinə istinad etməsinin səbəbi budur ki, Allah-taala Əlini (ə) Peyğəmbərin (s) canı və nəfsi kimi tanıtdırmışdır. (Buna əsasən, Əli (ə) xilafət və imamət məqamına hamıdan layiqdir, risalət və peyğəmbərlikdən başqa hər bir məqamında Peyğəmbərlə (s) eynidir.)

Məmunun cavabı isə buna bir növ irad idi. Belə ki, ayədə qeyd olunan “nisaəna” (qadınlarımız) sözü göstərir ki, “ənfüsəna” sözü Peyğəmbərin (s) canı və nəfsi kimi şəxsi deyil, ümumi olaraq “ricaləna” (kişilərimiz) mənasını bildirir.

İmam Riza (ə) da növbəti cavabı ilə bildirir ki, “ənfüsəna” “kişilərimiz” mənasını daşısaydı, artıq “əbnaəna” (oğullarımız) sözünə ehtiyac olmazdı. Çünki oğullar ifadəsi də kişi cinsinə daxildir. Buna əsasən, ayədəki “ənfüsəna” sözü “kişilərimiz” mənasında deyil.1

“Biharul-ənvar” kitabında Məmunla imam Rizanın (ə) arasındakı söhbət belə nəql olunmuşdur: “Bir gün Məmun imam Rizaya (ə) dedi: “Qurani-kərimdə Əli ibn Əbi Talibin (ə) ən böyük fəzilətini göstərən ayə hansıdır?”

İmam (ə) buyurdu: “Mübahilə ayəsi! Bu ayə nazil olduqda, Peyğəmbəri-əkrəm (s) Həsən və Hüseyni (ə) çağırdı (onları özü ilə mübahiləyə apardı). Buna əsasən, ayədəki “əbnaəna” (oğullarımız) sözündə məqsəd onlardır. Sonra Fatimeyi-Zəhranı (ə.s) çağırdı. Ayədəki “nisaəna” (qadınlarımız) sözü də ona aiddir. Daha sonra Əmirəl-möminin Əlini (ə) çağırdı. Allahın hökmünə əsasən, o, Peyğəmbərin (s) canı və nəfsi kimidir. Heç kim Peyğəmbərdən (s) üstün və fəzilətli olmadığı kimi, o həzrətin canı və nəfsindən, yəni Əli ibn Əbi Talibdən (ə) də üstünü və fəzilətlisi yoxdur.”

Məmun dedi: “Ola bilər ki, “ənfüsəna” (özümüz) sözü başqasına yox, yalnız Peyğəmbərin (s) özünə aid olsun.”

İmam (s) buyurdu: “Məgər insan özünü bir işə çağıra bilərmi? Peyğəmbər (s) Fatimə (ə.s), Həsən və Hüseyndən (ə) əlavə, Əlini (ə) da çağırdı. Buradan məlum olur ki, Əli (ə) Peyğəmbərin (s) canı və nəfsi kimidir!”1


Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə