196
"tam kompetensiyaya" malik olanlarla (həm olana həm də olmalı
olana münasibətdə) bu kompetensiyadan məhrum olanlar arasındakı
fərq – postulat olmaqdan daha çox deyildir. Real problem isə ondadır
ki, heç bir kəs hər bir şeyin bilicisi deyildir və heç kəs faktlara,
dəyərlərə və ya perspektivlərə münasibətdə tamamilə biliksiz,
tamamilə nadan deyildir. Deməli, xalq hakimiyyəti ilə kompetent
olanlara məxsus hakimiyyət arasında qarşılıqlı əlaqə problemi
əhəmiyyətli dərəcədə mürəkkəbdir.
Amma, təsdiq etmək olar ki, Platon tərəfindən irəli sürülən
tələblər normal insani qabiliyyətləri üstələyir. O, adamlardan o şeyi
tələb edirdi ki, insanlar buna çətin ki, qabil idilər və ya onlar çətin ki,
bunu etmək istəyəydilər. Lakin insanlar əslində nə istəyirlər?
Adamları istədiklərini deməyə nə vadar edir, - manipulyasiyamı
(siyasətmi) və ya anonim qüvvələrmi? Axı insanların öz arzuları
barədə danışdıqları heç də həmişə onların həqiqətən də istədikləri ilə
uzlaşmır. Bu, bir sosioloji faktdır. İnsanların "həqiqətən nə
istədiklərini" Platon haradan bilir? Məgər o, təsdiq etmirdi ki, insanlar
əslində reallaşdırmaq iqtidarında olmadıqlarını, məsələn ailə və xüsusi
mülkiyyət olmadan cəmiyyətin xatirinə yaşamağı "real olaraq
istəyirlər".
Ehtimal ki, Platon belə cavab verərdi ki, ideal təhsil sistemi,
əslində, hər bir kəsi cəmiyyətdə onun əsl yeri ilə təmin edir, yəni hər
bir kəs, əslində, nəyə qabildirsə, onu da etməlidir, hamıdan yaxşı bir
tərzdə hazırlaşdığını etməlidir. Elə buna görə də, ideal cəmiyyətdə hər
bir kəsin məşğuliyyəti onun qabiliyyətlərini üstələməməlidir. Əksinə,
hər bir kəs öz "qabiliyyətlərinə uyğun olaraq" və ya özünün daha yaxşı
xüsusiyyətlərinə uyğun olaraq yaşamalıdır. Bizim həqiqətən də
"istədiyimiz" - bizim qabiliyyətlərimizi ən yaxşı bir qaydada
reallaşdırmaqdır. Bu halda fəzilət ideyası nəyin ən yaxşı olduğunu
müəyyənləşdirir. Bizim nə etməli "olduğumuzu" müəyyənləşdirmək
üçün bu ideyadan başqa digər bir əsas mövcud deyildir. Nəyin
xeyirxahlıq olduğunu insanların heç də təsadüfi və dəyişkən
mövqeləri, fikirləri deyil, məhz vahid və dəyişməz olan fəzilət ideyası
müəyyənləşdirir. Beləliklə, hər bir kəsin həqiqətən istədiyi odur ki,
onu eyni zamanda həm edə bilir və etməlidir. Elə buna görə də, bu
nəzəriyyədə şəxsi və ictimai mənafelər arasında ziddiyyət mövcud
deyildir.
Beləliklə, eqoizm, Platona görə, sadəcə olaraq bir əxlaqi səhv
deyildir. Eqoizm o faktı ifadə edir ki, insanlar insani varlıq olmanın nə
məna daşıdığını prinsipial olaraq başa düşmürlər. Onlar başa
düşmürlər ki, şəxsi və ictimai mənafelər uzlaşırlar; nə cəmiyyət fərdə
münasibətdə nəsə zahiri bir şey deyildir, nə də insan həmişə cəmiyyət
197
daxilində deyildir. Eqoist insan ruhi xəstəyə bənzəyir, o ruhi xəstəyə
ki, ayaqlarını çəlləyə qoyaraq ağac kimi yetişə biləcəyini hesab edir.
O, qətiyyən başa düşmür ki, insan olmaq nə deməkdir. Bunu başqa
sözlə ifadə edək. Eqoizmi və altruizmi qarşı qarşıya qoyma fərd və
cəmiyyət arasında o fərqi nəzərdə tutur ki, Platon ona qarşı etiraz edir.
Fərd və cəmiyyət yalnız abstraksiyada özləri üçün kifayət dərəcədə
yetərli ola bilirlər. Reallıqda insanlar və cəmiyyət ayrılıqda mövcud
deyildir.
Fərdin arzuları və ictimai borc arasında ziddiyyət adlanan şey,
Platona görə, bir yanlışlıqdır. Düzgün cəmiyyətdə fərdin arzu etdiyi -
cəmiyyətin ondan tələb etdiyidir, yəni, hər bir insan özünün ən yaxşı
keyfiyyətlərinin reallaşmasına və əmək bölgüsü vasitəsi ilə öz həqiqi
tələbatların ödənilməsinə çalışır ki, bu da peşə öhdəliklərinin ədalətli
bölgüsü üzərində qurulmalıdır
75
.
Platona görə, ideal dövlətdə azadlığın çatışmazlığından şikayət
edənlər özlərinin şəxsi xoşbəxtliyinin nədən ibarət olduğunu başa
düşmürlər, onlar başa düşmürlər ki, azadlıq onların öz həyatlarının
azad bir şəkildə reallaşmasından ibarətdir və bu da yalnız cəmiyyətdə
mümkündür. Platonun əsas insani hüquqlara qəsd etdiyini güman
edənlər başa düşmürlər (Platon, ehtimal ki, belə deyərdi) ki, hüquqlar,
deyək ki, dişlərdən və saçlardan fərqli olaraq, insanın cəmiyyətdən
asılı olmayaraq malik olduğu bir şey deyildir. Hüquqlar insanların
cəmiyyətdə yerinə yetirdikləri rolla və funksiyalarla ayrılmaz olaraq
bağlıdır.
Platonun siyasi təlimi avtoritarizm təhlükəsi momentlərini
özündə daşımırmı? Müəyyən dərəcədə - bəli, əgər onu hərfi olaraq və
bizim müasir anlamda başa düşsək. Platonun "avtoritar hakimiyyət
tərəfdarı" olması hər şeydən əlavə, özünü onun belə bir inamında
göstərir ki, bizim "kompetent" olmağımız üçün hansı "dərsləri"
öyrənməli olduğumuzu və hansı "imtahanları" verməli olduğumuzu o
bilir! Platon adamlara özünün dövlət haqqında təliminin müqəddəm
şərtlərini müzakirə etmək imkanını vermir. Onun vətəndaşları bu
təlimin başlıca prinsipləri ilə bağlı heç bir rasional məsələni qarşıya
qoymaq imkanına malik deyillər. Azad və tənqidi düşüncələrə burada
yol verilmir.
Platonun müdafiəsi məqsədilə onu demək olardı ki, o, öz ideal
dövlətini həyatda tamamilə reallaşdırmaq üçün əslində heç bir zaman
75
Platon burada müasir problemi - "ədalətli" sinfi dövlətdə qabiliyyətlərdə və
təhsildə fərqlər əsasında reallaşmış sosial-sinfi differensiasiya təhlükəsi
problemini - qabaqlayır. Baxın. M. Young: The Rise of the Meritocracy. -
London, 1958.