Habil həSƏnov adpu-nun Azərbaycan tarixi



Yüklə 69,87 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü69,87 Kb.
#32543


                                                                           Qədim dövr və orta əsrlər                                                                        15 

Tarix və onun problemləri, № 1 2013 

 

 

HABIL HƏSƏNOV 



ADPU-nun Azərbaycan tarixi  

kafedrasının baş müəllimi 

e-mail: habil_hesenov@bk.ru 

 

XVIII ƏSRIN SONLARINDA AZƏRBAYCANIN ŞIMAL XANLIQLARI 

RUSIYANIN STRATEJI MARAQLARINDA 

 

Açar sözlər: Qacarlar dövləti, Rusiya,Quba xanlığı, Bakı xanlığı,Lənkəran xanlığı 

Ключевые слова: государство Гаджаров, Россия, Кубинское ханство, Бакинское 

ханство, Ленкоранское ханство 

Key words: Gajars

,

 state, Russia, Guba khanate, Baku khanate, Lankaran khanate  

 

XVIII  əsrin  sonlarında  Azərbaycanda  olduqca  mürəkkəb  sosial-iqtisadi  və  siyasi  şərait 



qalmaqda  davam  edirdi.  Ayrı-ayrı  feodal  hakimlərin  ölkəni  vahid  dövlətdə  birləşdirmək 

cəhdləri  uğursuzluqla  nəticələnmişdi.  Torpaq  və  sərvətlərini  artırmaq  uğrunda  bir-biriləri  ilə 

daimi  müharibə  aparan  feodal  hakimlər  özlərinin  şəxsi  mənafelərini  ümummilli  mənafedən 

üstün  tuturdular.  Hətta  Ağa  Məhəmməd  şah  Qacarın  bu  xanlıqları  birləşdirmək  cəhdi  və  V. 

Zubovun  başçılığı  altında  rus  ordusunun  işğalçı  yürüşləri  belə  bu  hakimləri  vahid  dövlət 

yaratmaq,  öz  qüvvələrini  birləşdirərək  ölkənin  ərazi  bütövlüyünü  qorumaq  istiqamətində 

fəaliyyət göstərməyə məcbur edə bilməmişdi. Zubovun  yürüşləri həm də ölkə iqtisadiyyatına 

ağır zərbə vurmuş, onun müdafiə qabiliyyətini daha da zəiflətmişdi. Bu yürüşlər son nəticədə 

iflasa uğrasalar da Azərbaycanın Rusiya tərəfindən işğalı təhlükəsi nəinki sovuşmamış, əksinə, 

daha da güclənmişdi. 

Qacarlar dövləti ilə müqayisədə xeyli güclü olan Rusiya Azərbaycanda daha fəal siyasət 

yeridirdi.  Bu  dövrdə  rus  diplomatiyası  əsas  diqqəti  Azərbaycanda  Qacarlar  dövlətinin 

hakimiyyətinin  bərpa  edilməsinə  yol  verməməyə,  Gürcüstanın  təhlükəsizliyinin  təmin 

edilməsinə və Xəzərsahili vilayətlərdə rus tacirlərinin mənafelərinin qorunmasına yönəltmişdi. 

Fransa  burjua  inqilabına  qarşı  mübarizəyə  böyük  qüvvə  ayıran  Rusiya  hökuməti  bu 

məqsədlərə  çatmaq  üçün  daha  çox  diplomatik  vasitələrə  üstünlük  verirdi.  Çar  hökuməti  bir 

çox hallarda özünü Azərbaycan xanlıqlarının təhlükəsizliyinin təminatçısı kimi qələmə verir, 

onların arasında yaranan ixtilafların həllində münsif rolunda çıxış edirdi. Ədalət naminə qeyd 

edək ki, bu dövrdə bir çox  Azərbaycan xanları öz aralarındakı  mübahisələri  həll etmək üçün 

Rusiyaya  müraciət  edirdilər.  Bu  isə  ona  Azərbaycanın  daxili  işlərinə  qarışmaq,  burada  öz 

mövqelərini möhkəmləndirmək üçün əlverişli şərait yaradırdı. Əldə olan məlumatların təhlili 

göstərir  ki,  bu  dövrdə  özlərinin  dar  feodal  mənafelərindən  çıxış  edən  ayrı-ayrı  Azərbaycan 

xanları Rusiyaya kömək və himayə xahişi ilə müraciət etməklə özləri üçün necə böyük təhlükə 

yaratdıqlarını  başa  düşmürdülər.  Xanlar  sadəlövhcəsinə  inanırdılar  ki,  Rusiyadan  alınan 

kömək  və  himayə  onların  müstəqilliklərinə  təhlükə  yaratmayacaq.  Çar  hökuməti  isə  ancaq 

bəzi kiçik məsələlərdə güzəştə getməklə onlarda bu fikri daha da möhkəmləndirirdi. 

XVIII  əsrin  sonlarında  Bakı  və  Quba  xanlıqları  arasındakı  gərgin  münasibətlər  və  bu 

xanlıqlardan hər birinin daxilində hakimiyyət uğrunda gedən çəkişmələr Rusiyanın bu bölgəyə 

müdaxiləsi  üçün  əlverişli  şərait  yaradırdı.  1792-ci  ildən  Bakı  xanlığında  hakimiyyəti  ələ 

keçirmiş  Hüseynqulu  xan  uzun  müddət  həm  qubalı  Şeyxəli  xanla,  həm  də  əmisi  Mirzə 




16

                                                                                   Qədim dövr və orta əsrlər                                                                   

Tarix və onun problemləri, № 1 2013 

 

Məhəmməd  xanla  mübarizə  aparmalı  olmuşdu.[1.s.175]  1797-ci  ilin  əvvəllərində  Zubovun 



başçılıq etdiyi rus işğalçı ordusu Azərbaycanı tərk etdikdən sonra bu mübarizə yeni qüvvə ilə 

qızışdı. Tezliklə Bakı və Quba xanlıqlarında gedən proseslərə Şamaxı hakimi Mustafa xanın 

qoşulması  vəziyyəti  daha  da  gərginləşdirdi.Rus  qoşunlarının  Azərbaycanı  tərk  etməsindən 

sonra Bakı və Quba xanlıqlarında qısa müddətli ikihakimiyyətlilik yarandı. Hələ 1759-cu ildən 

Quba  xanlığının  tərkibinə  qatılmış  Dərbənd  xanlığında  Fətəli  xanın  kiçik  oğlu  Həsən  xanın 

hakimiyyəti  bərqərar  oldu.  Şeyxəli  xanın  Dərbəndi  yenidən  Quba  xanlığının  tərkibinə 

qaytarmaq  cəhdi  uğursuzluqla  nəticələndi.  Şeyxəli  xanın  Bakı  və  Salyanı  yenidən  itaətə 

gətirmək  cəhdləri  də  müvəffəqiyyətsizliyə  duçar  oldu.  Şeyxəli  xanın  Dərbənd  məsələləri  ilə 

məşğul  olmasından  və  Bakı  xanlığının  Hüseynqulu  xanla  Mirzə  Məhəmməd  xan  arasında 

bölüşdürülərək daha da zəifləməsindən şamaxılı Mustafa xan istifadə etdi. O, əvvəlcə Salyanı, 

sonra  isə  Bakı  xanlığını  özündən  asılı  vəziyyətə  saldı.  Həmin  dövrə  aid  mənbələrdən  birinin 

verdiyi  məlumata  görə  Bakı  xanı  hər  il  Şamaxı  xanlığına  120  min  manat  həcmində  xərac 

ödəməyi öhdəsinə götürdü.[2.s. 230] 

Göründüyü kimi, XVIII əsrin sonlarında Azərbaycanın Xəzərsahili bölgələrində dərin si-

yasi böhran hökm sürürdü. Müasirlərdən biri yazırdı ki, «qubalılar və dərbəndlilər yaxşı haki-

min olmaması və ara müharibələri nəticəsində tamamilə müflisləşmişlər» [3, s.863]. Vəziyyət-

dən  öz  gücləri  ilə  çıxa  bilməyən  Azərbaycan  xanları  Rusiyaya  müraciət  etməyə  başladılar. 

1798-ci  ildə  qubalı  Şeyxəli  xan  öz  elçisi  Mədəd  bəyi  Rusiyaya  göndərdi.  Tədqiqatçı  C.M. 

Mustafayev  yazır  ki,  Mədəd bəy  Rusiya hökuməti qarşısında aşağıdakı üç  məsələni qaldırıb 

həll etməli idi: 1.Rus ordusunun 1796-cı il yürüşü zamanı Həştərxana aparılmış Quba və Dər-

bənd  sakinlərinin  geri  qaytarılmasına  və  xanlığa  vurulmuş  maddi  ziyanın  ödənilməsinə  nail 

olmaq;  2.Şeyxəli  xanın  və  onun  təbəələrinin  ehtiyacları  üçün  gömrük  haqqı  ödənilmədən  6 

min pud dəmir tədarükünə icazə almaq; 3.Quba xanlığının Rusiyanın himayəsinə qəbul olun-

ması üçün məsələ qaldırmaq.[4.s.105] 

Şeyxəli xan birinci məsələnin həll edilməsinə daha böyük diqqət verirdi. Onun elçisinin 

Rusiya  hökumətinə  təqdim etdiyi  məktubdan  aydın  olur ki, rus ordusunun 1796-cı il  yürüşü 

zamanı  Quba  xanlığına  vurulmuş  ziyanın  ümumi  məbləği  200  min  tümnədən  artıq  idi.  Bu 

məbləğin xeyli hissəsini rusların özləri ilə apardıqları xristian kəniz və qulluqçularının dəyəri 

təşkil edirdi. 

Şeyxəli xanın bu məsələ ilə əlaqədar olan müraciəti Rusiyanın Xarici İşlər Kollegiyasın-

da müzakirə edildi və faktiki olaraq onun yerinə yetirilməsindən imtina olundu. Xanlığa dəy-

miş  maddi  ziyanın  əsas  hissəsinin  məhz  Şeyxəli  xanın  rus  ordusuna  göstərdiyi  müqavimət 

nəticəsində baş verdiyi bildirilirdi. Quba xanlığından aparılmış xristianların geri qaytarılması 

məsələsinə gəldikdə isə, hökumətin qərarında göstərilirdi ki, onlar Rusiyaya könüllü getmişlər 

və geri qayıtmağı arzulamırlar.[5.s.189-190] 

Şeyxəli xanın Rusiya hökuməti qarşısında qaldırdığı ikinci məsələ–onun və təbəələrinin 

ehtiyacları üçün dəmir buraxılması məsələsi müsbət həll edildi. Onu da göstərmək lazımdır ki, 

Rusiya  hökuməti  bütün  XVIII  əsr  ərzində  şərq  ölkələrinə,  o  cümlədən  Azərbaycana  dəmir 

ixracını  ciddi  nəzarət  alıtnda  saxlayırdı.  Azərbaycanın  dəmirə  olan  tələbatının  böyük  hissə-

sinin  Rusiya  hesabına  ödənildiyini  yaxşı  bilən  çar  hökuməti  bundan  siyasi  məqsədlər  üçün 

istifadə edirdi.[6.s.110] Azərbaycan xanlıqlarının Rusiya dəmirindən istifadə etməklə öz  mü-

dafiə  qabiliyyətlərinin  gücləndirəcəklərindən  ehtiyat  edən  çar  hökuməti  1785-ci  ildə  onun 

bölgəyə ixracını tamamilə dayandırmışdı. Yalnız müəyyən hallarda, daha doğrusu Rusiyanın 

siyasi maraqlarının ödənildiyi hallarda ayrı-ayrı hakimlərə dəmir buraxılmasına icazə verilirdi. 

Elə  bu  səbəbdən  də,  çar  hökuməti  Şeyxəli  xanın  xahişini  yerinə  yetirmək  qərarına  gəldi.  I 



                                                                           Qədim dövr və orta əsrlər                                                                        17 

Tarix və onun problemləri, № 1 2013 

 

Pavelin  şəxsi  göstərişinə  əsasən  Quba  xanlığına  birdəfəlik  6  min  pud  dəmir  buraxılması 



haqqında qərar qəbul edildi [7, v.12]. 

Rusiya  hökuməti  Şeyxəli  xanın  üçüncü  xahişini  daha  böyük  həvəslə  yerinə  yetirirdi.  I 

Pavelin  1799-cu  il  1  sentyabr  tarixli  sərəncamında  göstərilirdi  :  «Bİz  Sizi  və  Sizin  bütün 

vilayəti həvəslə əvvəlki təbəəliyimizə və himayəmizə götürürük». 

Öyrənilən  dövrdə  Rusiyanın  Bakı  xanlığı  ilə  münasibətləri  daha  mürəkkəb  və  gərgin 

xarakter daşıyırdı. Bu bir çox cəhətdən xanlığın düşdüyü ağır vəziyyətlə bağlı idi. Çox əlve-

rişli  coğrafi  mövqeyə  və  zəngin  təbii  ehtiyatlara  malik  olan  bu  xanlıq  uğrunda  Rusiya  və 

İranla yanaşı Quba və Şamaxı xanlıqları da mübarizə aparırdılar. Bakı hakimi öz müstəqilliyi 

üçün  Qacarlar  dövlətinin  yaratdığı  təhlükənin aradan  qaldırılmasına nail olsa da,  bunu digər 

qüvələr haqqında söyləmək olmaz. Yuxarıda göstərildiyi kimi, bakılı Hüseynqulu xan hər il öz 

gəlirinin  xeyli  hissəsini  Şamaxı  xanlığına  verməyə  məcbur  olmuşdu.  Rusiya  hökumətinin 

Xəzər dənizi hövzəsində həyata keçirdiyi müstəmləkəçilik siyasəti Bakı xanlığının bu dövlətlə 

münasibətlərinə ciddi təsir göstərirdi. 

Rus ordsunun 1796-cı il yürüşünün iflasa uğramasından sonra Rusiyanın Bakı xanlığı ilə 

münasibətləri  açıq  düşmənçilik  xaraketri  almağa  başladı.  Rusiya  kimi  nəhəng  bir  dövlətdən 

çəkinməyən Hüseynqulu xanın atdığı addımlar da bu məsələdə az rol oynamamışdı. Belə ki, 

1797-ci  ildə  Azərbaycanı  tərk  edən  rus  ordusu  Bakı  xanlığına  xeyli  maddi  ziyan  vurmuşdu. 

Yüzlərlə  gənc  oğlan  və  qız  əsir  götürülmüş,  neft  anbarları  yandırılmış,  Bakı  xanının  və 

əyanların əmlakı müsadirə edilmişdi.[8.s.129] 

Rusiya hökumətinin Azərbaycanda ticarət sahəsində yeritdiyi hegemonluq siyasəti onun 

Azərbaycan xanlıqları  ilə, ilk növbədə isə Bakı xanlığı ilə  münasibətlərinin pisləşməsində  az 

rol  oynamamışdı.  Bu  dövrdə  Rusiya–Azərbaycan  ticarətinin  qeyri-bərabər  xarakter  daşıması 

özünü tam aydınlığı ilə göstərirdi. Ölkədə vahid mərkəzləşmiş dövlətin olmaması Azərbaycan 

tacirlərini  Rusiya  bazarlarında  tam  hüquqsuz  vəziyyətə  salırdı.  Ayrı-ayrı  Azərbaycan 

xanlarının vəziyyəti dəyişdirmək istiqamətində atdıqları addımlar isə heç bir nəticə vermirdi. 

Bakı  xanlığından  olan  tacirlərin  Rusiya  bazarlarında  döyülməsi,  öldürülməsi,  mallarının 

müsadirə  edilməsi,  onlardan  müəyyən  olunmuş  miqdardan  artıq  gömrük  haqqı  toplanılması 

geniş miqyas almışdı.[9.v 463-465] 

Bundan  fərqli  olaraq,  Rusiya  hökuməti  öz  tacirlərinin  Azərbaycan  xanlıqlarındakı 

vəziyyətini  ciddi  nəzarət  altında  saxlayır,  onların  mənafelərinin  qorunması  üçün  hərbi  qüvvə 

tətbiq  etməkdən  belə  çəkinmirdi.  Məlumdur  ki,  1732-ci  ildə  bağlanmış  Rəşt  müqaviləsinə 

görə rus tacirləri Səfəvilər dövlətinin ərazisində gömrük haqqı ödəməkdən azad edilmişdilər. 

Səfəvilər  dövlətinin  çoxdan  süqut  etməsinə  baxmayaraq,  Rusiya  Azərbaycan  xanlarından  bu 

müqavilənin  şərtlərinə  əməl  etməyi  tələb  edir,  özü  isə  hətta  xanların  özlərinə  məxsus  olan 

mallardan gömrük haqqının toplanılmasında heç bir güzəştə getmirdi.[10.s.199-200] 

Rusiya hökumətinin yeritdiyi bu hegemonluq siyasəti Azərbaycan xanlarına, ilk növbədə 

isə Rusiya – Azərbaycan ticarətinin mühüm mərkəzi olan Bakı xanlığına böyük ziyan vururdu. 

Bu ziyanın həcmini qismən azaltmağa çalışan bakılı Hüseynqulu xan müxtəlif bəhanələrlə rus 

tacirlərindən və gəmi sahiblərindən pul toplamağa çalışırdı. Rus tacirlərində bununla əlaqədar 

yaranmış narazılıqlara isə çar hökuməti çox kəskin reaksiya verirdi. Qarşılıqlı sıxışdırmalar və 

ittihamlar ona gətirib çıxardı ki, Rusiya hökuməti Bakı xanlığına qarşı hərbi güc tətbiq etməyə 

əl  atdı.  Xəzər  dənizindəki  rus  hərbi  donanmasının  komandanının  əmrilə  Bakı  şəhəri  top 

atəşinə tutuldu. Müqavimət göstərə bilməyən Hüseynqulu xan geri çəkilməyə məcbur oldu. 

Rusiyanın hərbi güc tətbiq etməsi bakılı Hüseynqulu xanı kömək üçün Qacarlar dövlətinə 

müraciət etməyə məcbur etdi. Azərbaycan xanlarının Qacarlar dövlətinə münasibətlərini diq-



18

                                                                                   Qədim dövr və orta əsrlər                                                                   

Tarix və onun problemləri, № 1 2013 

 

qətlə izləyən Həştərxan qubernatoru Knorinq bu müraciətin nəticələri haqqında maraqlı məlu-



mat verir. O, yazır ki, Hüseynqulu xanın Cənubi Azərbaycan tacirləri ilə davranışından narazı 

olan  Fətəli  şah  ona  yardım  göstərməkdən  imtina  etdi.[11.s.262]  Başqa  çıxış  yolu  qalmayan 

Bakı xanı Rusiya ilə danışıqlara başlamağa məcbur oldu. 

Yaranmış  münaqişə  ilə  əlaqədar  Ənzəlidən  Bakıya  gəlmiş  rus  konsulu  M.Skibinevski 

1800-cü il fevralın 21-də bakılı Hüseynqulu xanla danışıqlara başladı. Rusiyanın ciddi təzyiqi 

altında  olan  Bakı  hakimi  ona  diqtə  edilən  şərtlərlə  razılaşmağa  məcbur  oldu.  Əldə  olunmuş 

razılığa əsasən bütün mübahisəli məsələlər bundan sonra ancaq Rusiya qanunları əsasında həll 

edilməli  idi.  Qazanılmış  bu  uğurla  kifayətlənməyən  çar  hökuməti  Hüseynqulu  xanı  imza-

lanmış  müqaviləni  daha  yuxarı  dairələrdə  təsdiq  edirmək  üçün  addımlar  atmağa  vadar  etdi. 

Həmin ilin  yazında Bakı xanının Peterburqa  gələn elçisi Mirzə  Hadi bəy  danışıqlara başladı. 

Danışıqların  əsas  mövzusunu  Bakı  xanlığının  Rusiyanın  himayəsi  altına  qəbul  olunması  və 

ticarətdə olan mübahisəli məsələlərin həll edilməsi təşkil edirdi. Əsas diqqət rus və Azərbay-

can  tacirlərinin  qarşılıqlı  şəkildə  sıxışdırılmalarının  qarşısının  alınmasına,  rus  tacirlərinin 

gömrük  haqqı  ödəməsinə,  rus  gəmilərinin  Bakı  tacirləri  tərəfindən  icarəyə  götürülməsi  qay-

dalarının müəyyənləşdirilməsinə, rus odusunun, eləcə də tacirlərinin Bakı əhalisinə vurduqları 

ziyanın ödənilməsinə və s. məsələlərə yönəldilmişdi [12.s.65-66]. Qeyd etmək lazımdır ki, bu 

məsələnin  əksəriyyətini  öz  xeyrinə  həll  edən  çar  hökuməti  cüzi  güzəştlərə  getməklə  Bakı 

xanlığını  Rusiya  himayəsinə  keçməyə  təhrik  etməyə  çalışırdı.  Bakı  xanlığını  öz  himayəsinə 

götürməyi onun üçün böyük güzəşt kimi qələmə verən rus diplomatiyası bunu rəsmiləşdirmək 

məqsədilə tərtib edilmiş andlı öhdəliyin mətnini təsdiq etmək üçün Hüseynqulu xana göndərdi 

[13.s.763-767]. Lakin Hüseynqulu xan andlı öhdəliyi təsdiq etmək üçün tələsmirdi. 

Bu dövrdə rus diplomatiyasının diqqət mərkəzində olan Azərbaycan xanlıqlarından biri 

də  Lənkəran  xanlığı  idi.  Əlverişli  coğrafi  mövqeyə  malik  olan  bu  xanlıqda  möhkəmlənmək 

həm Rusiya, həm də Qacarlar dövləti üçün mühüm əhəmiyyət kəsb edirdi. Təsadüfi deyil ki, 

hakimiyyətini yenicə möhkəmləndirən Fətəli şah Lənkəran xanlığını «nigah diplomatiyası»nın 

köməyilə öz təsiri altına almağa cəhd göstərmiş, lakin uğursuzluğa düçar olmuşdu. Lənkəranlı 

Mir  Mustafa  xan  öz  hakimiyyətinin  və  xanlığının  təhlükəsizliyinin  təmin  edilməsini  Rusiya 

himayəsinə sığınmaqda görürdü. Bu isə çar hökumətinin Xəzər dənizi hövzəsində öz işğalçılıq 

planlarını həyata keçirməsi üçün əlverişli şərait yaradırdı. Elə bu səbəbdən də, lənkəranlı Mir 

Mustafa  xanın  himayə  üçün  etdiyi  xahiş  Rusiyanın  hakim  dairələri  tərəfindən  böyük 

məmnuniyyətlə qarşılandı. I Pavel 1800-cü ildə Lənkəran xanlığının Rusiya himayəsinə qəbul 

edilməsinə razılığını bildirmiş və bu haqda imzaladığı fərmanı Mir Mustafa xana göndərmişdi. 

Lənkəran  xanlığının  gözlənilən  Qacarlar  dövləti  təhlükəsindən  qorunması  üçün  də  müvafiq 

addımlar  atılmışdı. I  Pavelin  14 fevral  1800-cü  il tarixli sərəncamına  əsasən xanlığın  yaxın-

lığında yerləşən Sarı adasında rus hərbi gəmisi keşik çəkməyə başlamışdı [14.s.5]. 

Əldə olan məlumatların təhlili göstərir ki, I Pavel özünün Qafqaz siyasətində diplomatik 

vasitələrə daha üstünlük verirdi. O, hər vasitə ilə bölgə hakimlərini Rusiyanın himayəsi altına 

keçməyə şirnikləndirirdi. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan və Dağıstan hakim-

ləri rus diplomatiyasının qurduğu bu tələyə asanlıqla düşür və himayə xahişi ilə rus çarına mü-

raciət edirdilər. Bu baxımdan, 1800-cü il daha «məhsuldar «olmuşdu. A. Bakıxanov yazır ki, 

həmin il dərbəndli Həsən xanın, qubalı Şeyxəli xanın, Dağıstan hakimlərindən şamxal Mehdi 

xanın, Usmi Rustəm xanın, Avarlı Ümmə xanın, Tabasaran qazısı Rüstəmin elçiləri Peterburq-

da olmuş, Rusiya himayəsinə keçməyi arzuladıqlarını bildirmişdilər. Onun verdiyi məlumat-

dan aydın olur ki, I Pavel bu hakimlərdən hər birinin adına xüsusi buyruq vermiş və onlara öz 




                                                                           Qədim dövr və orta əsrlər                                                                        19 

Tarix və onun problemləri, № 1 2013 

 

aralarında ittifaq yaratmağı məsləhət görmüşdü. Şübhəsiz ki, bu ittifaqın yaradılması Qacarlar 



dövlətinin Cənubi Qafqaza gözlənilən hücumunun qarşısını almaq üçün nəzərdə tutulurdu. 

I Pavelin hakimiyyətinin ilk günlərindən başlayaraq Azərbaycan xanlıqlarına münasibət-

də yeritdiyi siyasətin mahiyyəti onun elə həmin il yanvarın 5-də Qafqazdakı rus qoşunlarının 

komandanı  İ.  Qudoviçə  ünvanlanmış  buyruğunda  daha  aydın  əks  olunmuşdu.  Buyruqda 

konkret  olaraq  yazılırdı:  «İşi  o  səviyyəyə  çatdırmaq  lazımdır  ki,  bizə  xeyirxah  münasibət 

bəsləyən hakimlərdən bizdən asılı olan federativ dövlət təşkil edilsin. Onların ali hökmdarı və 

himayədarı kimi bizim hakimiyyətimiz onlar üçün elə də ağır olmayacaq, çünki biz onlardan 

nə xərac, nə də digər mükəlləfiyyətlər tələb etmək niyyətində deyilik».[15.s.34] I Pavel höku-

mətinin  Qafqaz  siyasətindən  bəhs  edən  T.T.Mustafazadə  haqlı  olaraq  yazır  ki,  bu  dövrdə 

«Rusiyaya  ayrı-ayrı  xanlıqlar  deyil,  birləşmiş  Azərbaycan  xanlıqlarından  ibarət  bir  dövlət- 

ittifaq lazım idi, çünki belə bir ittifaqın olmaması onun öz xarici siyasətini  yürütmək xəttini 

çətinləşdirirdi».Burada  əsas  məqsəd  Cənubi  Qafqazdakı  siyasi  vəziyyəti  dondurulmuş  halda 

saxlamaqdan, işğal üçün əlverişli vəziyyət yaranana qədər vaxt qazanmaqdan ibarət idi. 

  

ƏDƏBIYYAT 

 

1.Бакиханов А.А. Гюлистан-и Ирам. Баку, «Элм», Редакция, комментарии, примечания 

и указатели академика З.М. Бунятова. 1991, 304 с. 

2.Ахвердов А.И. Два рапорта о Дагестанских делах. //История, география и этнография 

Дагестана XVIII-XIX вв. М., 1958 

3.АКАК. Под ред Ад.Бержед.1. Тифлис, 1866, д.,863 

4.Мустафаев Дж.М. Северные ханства Азербайджана и Россия (конец XVIII - начало 

XIX в). Баку, 1989,127 с. 

5.Mustafazadə T.T. Quba xanlığı. Bakı, «Elm», 2005, 457 s 

6.Mustafayev C. Xanlıqlar dövründə Azərbaycanda sənətkarlıq. Bakı, «Elm», 2002, 272 s. 

7.РГАДА, ф.476, оп.1, д.738 

8.Искендерова М. Бакинское ханство. Баку, «Чашыоглу», 1999, 212 с. 

9.АВПРИ, ф.77, оп.6, д.473 

10.Юзефович Т. Договоры России с Востоком, политические и торговые. СПб., 1869, 

294 с. 

11.АКАК, т.1, ч.И, Тифлис, 1867, д.262 



12.Искендерова М. Бакинское ханство. Баку, «Чашыоглу», 1999, 212 с. 

13.Полное собрание законов российской империи, т. XXVI,1830, №11489, с.763-767. 

14.Астраханский порт с 1783 по 1827 год. //Морской сборник, т.5., 1851 

15.АКАК. Под ред Ад.Бержед.1. Тифлис, 1866, д. 34  



 

ГАБИЛЬ ГАСАНОВ 

Старший преподаватель кафедры  

истории Азербайджана АГПУ 

 

СЕВЕРНЫЕ НАРОДЫ АЗЕРБАЙДЖАНА 

В СТРАТЕГИЧЕСКИХ ИНТЕРЕСАХ РОССИИ 

 

В статье на основе документов освещены вопросы политического кризиса Прикас-

пийских областей, взаимоотношения России с Бакинским, Кубинским и Ленкоранскими 



20

                                                                                   Qədim dövr və orta əsrlər                                                                   

Tarix və onun problemləri, № 1 2013 

 

ханствами  Азербайджана,  контроль  Россией  положений  в  Азербайджане  с  помощью 



купцов, а также обращение ханов и Дагестанских правителей к России за помощью, для 

удержания у власти. 



  

HABIL HASANOV 

Principal teacher of Azerbaijan 

History chair of ASPU 

 

AZERBAIJAN NORTHERN KHANATES IN THE STRATEGICAL 

INTERESTS OF RUSSIA AT THE END OF XVIII CENTURY 

 

Political crisis at Caspian regions, the relations of Russia with Azerbaijan north khanates 



-  Baku,  Guba  and  Lankaran,  struggle  between  Gajar  state  and  Russia  for  hegemony  in 

Caucasus,  control  of  a  state  in  Azerbaijan  by  Russia  by  means  of  merchants,  and  finally, 

addresses  of  khans  who  strived  to  protect  their  dominions  and  Daghistan  sovereigns  for 

patronage  to  Russia  at  the  end  of  XVIII  centuries  were  commented  in  the  article  under  the 



documents. 

 

 

Rəyçilər: t.e.d. M.Əmrahov, t.e.d.S.A.Məmmədov 

ADPU Tarix fakultəsinin “Azərbaycan tarixi” kafedrasının 28.11.2012-ci il tarixli ic-

lasının qərarı ilə  çapa məsləhət görülmüşdür (pr.№07). 

Yüklə 69,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə