Haqqin iZİ İLƏ Müəllif: Əli Əsğər Rizvani



Yüklə 462,01 Kb.
səhifə22/47
tarix15.07.2018
ölçüsü462,01 Kb.
#55974
1   ...   18   19   20   21   22   23   24   25   ...   47

ABDULLAH İBN SƏBA


İslam tarixi haqqında yazılan və Abdullah ibn Səba əfsanəsinə toxunmayan çox az kitab var. O, müxtəlif formalarda təsvir edilən rəsmə bənzəyir. Bəziləri onu insanları allahsızlığa dəvət edən, bəziləri yəhudi əqidələrinin müdafiəçisi, bəziləri cəmiyyətdə yanlış fikirlərin yayıcısı, bəziləri də səhabələri yoldan çıxaran bir şəxs kimi qələmə vermişlər. Onun Osmanın qətlinə səbəb olan üsyanın ilk təhrikedicisi olduğunu söyləyən də var. Hətta bundan sonra o, minlərlə səhabə və tabeinin ölümünə yol açan döyüşlərin də səbəbkarı kimi qeyd edilmişdir. Digər tərəfdən, çox mühüm şiə əqidələrini ona aid etmiş, bununla onun şiəliyin banisi olduğunu vurğulamış və bu yolla şiəliyə zərbə vurmaq istəmişlər. Bu üzdən məlum mövzu dəqiq araşdırılmalı və bir neçə suala cavab verilməlidir: Abdullah ibn Səba həqiqi şəxsiyyətə malik olmuş, yoxsa belə bir insan əsla olmamışdır? Onun fitnələrdə hər hansı bir rolu olmuşdurmu? O, həqiqətən şiə məzhəbinin təsisçisidirmi? Şiə məzhəbinin onunla hər hansı bir əlaqəsi olmuşmu?
ABDULLAH İBN SƏBA ƏFSANƏSİNƏ QISA BAXIŞ

Təbərinin və başqalarının qeyd etdiyinə görə, Osmanın xilafəti dönəmində sənalı yəhudi Abdullah ibn Səba İslamı qəbul etdi. O, öz fikirlərini İslam dünyasının müxtəlif bölgələrinə (Kufə, Şam, Misir, Bəsrə və s.) etdiyi səfərlər zamanı təbliğ edirdi. O, İslam Peyğəmbərinin (s) və həzrət İsanın (ə) yenidən yer üzünə qayıdacağına böyük inam bəsləyirdi. Onun inancına görə, hər bir peyğəmbərin canişini olduğu kimi, sonuncu ilahi elçi olan İslam Peyğəmbərinin (s) də canişini olmuşdur. Onun canişini Əlidir (ə). Osman onun haqqını qəsb və ona zülm etmişdir. Buna görə də İslam ümməti qiyam edib hakimiyyəti devirməli və Əliyə (ə) təhvil verməlidir. Həmin dövrdə Əbuzər, Əmmar, Məhəmməd ibn Əbu Hüzeyfə, Əbd ər-Rəhman ibn Məhəmməd ibn Əbu Bəsir, Səsəə ibn Suhan Əbdi, Malik Əştər və s. bu kimi səhabələr onun fikirlərinə aldanaraq təsir altına düşmüş və iman gətirmişdilər. Bu təhrikedici fikirlər nəticəsində bəziləri zamanın xəlifəsinə qarşı üsyan edib onu qətlə yetirdilər. Bu qruplaşmanın Cəməl və Siffeyn döyüşlərində də böyük təsirləri olmuşdur1.


ŞİƏLİYİN ABDULLAH İBN SƏBANIN TƏRƏFİNDƏN

YARADILMASI İTTİHAMI

Öncə də qeyd edildiyi kimi, bu əfsanənin quraşdırılmasında məqsəd şiəliyə zərbə vurmaqdır. Bu ittihama görə guya şiəliyin təsisçisi yəhudi əsilli olmuşdur. O, öz fikirlərini yayaraq İslam dünyasında yeni bir məzhəb yaratmaqla yanaşı, yəhudi təfəkkürünün və təfriqənin İslam dünyasına hakim olmasına səbəb olmuşdur. Şiələrə qarşı bu ittihamı irəli sürənlərin qeydlərinə nəzər salaq:

1. Əbu əl-Həsən Məlti yazır: "Bu firqənin – şiəliyin təsisçisi Abdullah ibn Səbadır. O, yəhudilərlə əlaqəli bir şəxs olduğundan şiəliyin toxumunu ilk dəfə olaraq İslam dünyasına səpmiş və bu yolla İslama zərbə vurmaq istəmişdir"1.

2. Doktor Əli Sami Nişar yazır: "Şişirdilmiş etiqadlara malik şiəliyin təsisçisi yəhudidir (Abdullah ibn Səbadır)”2.

3. Məhəmməd Əbu Zöhrə yazır: "Böyük tağut (şeytan, azdırıcı) Abdullah ibn Səba insanları Əlinin (ə) imam olduğuna inanmağa sövq edirdi. O, Peyğəmbərin (s) yenidən qayıdışına etiqad bəsləyirdi. Şiə məzhəbi də bu fitnələrdən doğaraq meydana gəldi"3.

4. Ehsan İlahi Züheyr yazır: "İmamiyyə şiə məzhəbi cinayətkar yəhudi Abdullah ibn Səbanın önə çəkdiyi düşüncələr əsasında formalaşmışdır"4.

5. Doktor Nasir ibn Abdullah ibn Əli Qifari yazır: “Şiə məzhəbi və onun irəli sürdüyü prinsiplər Abdullah ibn Səba və tərəfdarları tərəfindən yaradılmışdır”1.
İBN SƏBANIN KİMLİYİ HAQQINDA FƏRQLİ VERSİYALAR

Abdullah ibn Səbanın kimliyi haqqında olduqca fərqli fikirlər var. Bəziləri onun Abdullah ibn Səba, bəziləri isə İbn əs-Səvad kimi qələmə vermişlər. Bəziləri onun Abdullah ibn Vəhəb Rasibi Həmdani olduğunu, bəziləri isə belə olmadığını söyləmişlər. Bir çox tarixçilər onu Yəmən, bəziləri isə Hirə yəhudisi hesab edirlər. Bəzi rəvayətlərə görə, Əli (ə) onu Mədainə sürgün etmiş, bəzilərinə görə isə Kufədə yandırmışdır2. Bəzi rəvayətlərə görə, Əli (ə) onu, haqqında Allahlıq iddiası etdiyinə görə, bəzilərinə görə isə Əbu Bəkr və Ömər haqqında nalayiq sözlər işlətdiyinə görə, Mədainə sürgün etmişdir. Müxtəlif tarixi hadisələrdə fəal iştirakı olduğu söylənilən birinin kimliyi haqqında bu qədər fərqli fikirlərin olması göstərir ki, onun haqqında iftira və yalanlar da olmamış deyil.


TARİXÇİLƏRİN ABDULLAH İBN SƏBA HAQQINDA GÖRÜŞLƏRİ

Doktor Hüveymil yazır: "Abdullah ibn Səba haqqında əsas üç nəzəriyyə mövcuddur:

1. İslam tarixçiləri arasında məşhur versiya; belə bir şəxsin tarixi kimliyinin sübutu və tarixi fitnələrdəki geniş rolu.

2. Müasir şiə alimlərinin irəli sürdüyü versiya; belə bir şəxsin tarixi kimliyinin və tarixi fitnələrdəki rolunun inkarı.

3. Ortaq versiya; belə bir şəxsin tarixi kimliyinin isbatı, tarixi fitnələrdəki rolunun inkarı. Bu versiya bizim də qəbul etdiyimiz versiyadır"1.

Digər ümumi bir bölgüyə görə bu haqda üç versiya irəli sürülmüşdür. Bəziləri onun haqqında deyilənləri təsdiq etmiş, bəziləri şübhə ilə yanaşmış, bəziləri isə inkar etmişlər.


Təsdiq edənlər

Abdullah ibn Səbanın tarixi kimliyini, Cəməl və Siffeyn döyüşlərində, Osmanın qətlində rolu olduğunu təsdiq edənlər sırasında aşağıdakıları göstərmək olar:



1. Həsən İbrahim Həsən;

Onun qənaətinə görə, Osman dönəmində yanlış maliyyə siyasəti nəticəsində cəmiyyətdə varlı-kasıb təbəqələri meydana gəldi. Bunun ardınca Mədinə və digər şəhərlərdə üsyanlar baş qaldırdı. Yaranmış vəziyyət insanların Abdullah ibn Səba və tərəfdarlarının dəvətini qəbul etməyə şərait yaratdı2.



2. Əhməd Şibli;

O, bir tərəfdən Osmana qarşı üsyanların səbəbini onun həya və səbri, digər tərəfdən də bunun Abdullah ibn Səbanın təhriki kimi izah edir. Onun fikrincə, İbn Səba müsəlmanlar arasında təfriqə salmış və onları öz fikirlərinə cəlb etmişdir. O, öncə yəmənli yəhudi olub, sonradan İslamı qəbul etdiyinə görə, iranlıların fikirlərini mənimsəmiş və İslam dünyasına ötürmüşdür3.

Maraqlıdır ki, Şibli bu haqdakı fikirlərini alman şərqşünası Karl Bruklimandan əxz etmişdir.

3. Abbas Mahmud.

O, "Əqbəriyyəti-Osman" əsərində Osmanın qətlinə toxunaraq bu fitnənin kökündə Abdullah ibn Səbanın və bəzi əhli-sünnə mənsublarının dayandığını qeyd edir.


Şübhə ilə yanaşanlar

1. Doktor Taha Hüseyn Misri;

O, Abdullah ibn Səba haqqında yazır: “Fikrimcə, Abdullah ibn Səba məsələsini bu qədər şişirdənlər özlərinə və tarixə böyük haqsızlıq etmişlər. Çünki çox mühüm tarixi qaynaqlarda Abdullah ibn Səbanın adı belə keçməmişdir. İbn Sədin "Təbəqat", Bəlazurinin "Ənsab əl-əşraf", və s. bu kimi qaynaqlarda onun haqqında hər hansı bir məlumata rast gəlmirik. Bu məsələni yalnız Təbəri Seyf ibn Ömərdən nəql etmiş, digər tarixçilər də ondan götürmüşlər”1.

O, yazır: "Çox güman ki, Bəni-Üməyyə və Bəni-Abbas dönəmində güclü İslam düşmənləri Abdullah ibn Səba məsələsini şişirtmişlər. Bununla, bir tərəfdən Osman dönəmində baş verən hadisələr üçün İslam və müsəlmanlardan kənar bir səbəb göstərmək istəmiş, digər tərəfdən isə Əli (ə) və şiələrə qarşı əks-təbliğat aparmışlar. Onlar Şiyəliyin bir yəhudi tərəfindən İslama zərbə vurmaq məqsədi ilə yarandığını göstərməyə çalışırlar. Şiəliyin düşmənlərinin irəli sürdüyü bu kimi əsassız ittihamlar olduqca çoxdur”2.

"Mən Osman dönəmində Abdullah ibn Səba tərəfindən müsəlman cəmiyyətini hədələyən hər hansı bir təhlükə olub-olmadığını bilmirəm. Lakin bunu yəqin bilirəm ki, belə bir təhlükə olmuşsa da onların mübaliğə etdiyi qədər olmamışdır. Osman dönəmində müsəlmanlar bir yəhudinin onların ağlı ilə oynayacaq səviyyədə deyildilər"1.

O, Abdullah ibn Səba haqqında danışarkən tüpikə rastlamış kimi yazır: "Tarixdə Abdullah ibn Səba haqqında heç bir məntiqə sığmayan məqam var. Bu, Əbuzərin də onun tərəfdarı olduğunun, ondan əmr aldığının iddia edilməsidir. Digər təəccüb doğuran ittihamlardan biri də onun Əbuzərə “Müaviyənin Allah əmlakı kimi qələmə verdiyi mallar xalqındır” - deyə tənqid etməsini öyrətməsidir. O, Əbuzəri varlanmış, qızıl-gümüş yığmış insanlara qarşı mübarizə aparmağa, onları cəhənnəmlə qorxutmağa təhrik edirdi.

Mən bu qədər haqsızlıq görməmişəm. Çünki Əbuzərin İslamı yeni qəbul etmiş birinə ehtiyacı yox idi. Əbuzərin, var-dövlət yığıb Allah yolunda xərcləməyənləri cəhənnəm əzabı gözlədiyini ondan öyrənməsinə lüzüm yox idi. Əbuzər İslamı bir çox ənsar və mühacirdən öncə qəbul etmiş və uzun müddət Peyğəmbərin (s) yanında olmuşdu. O, Quranı əzbərləmiş və Peyğəmbər (s) sünnəsinə yiyələnmişdi. Belə olan halda o, İslamın ilkin məsələlərini İslama yeni gələnlərdənmi öyrənməli idi? Abdullah ibn Səbanın Əbuzərlə hər hansı bir əlaqəsi olduğunu və onu öz fikirlərinin təsiri altına saldığını deyənlər həm özlərinə, həm də Əbuzərə qarşı böyük haqsızlıq etmiş və beləcə İbn əs-Səvadı (Abdullah ibn Səbanı) da şişirdərək layiq olmadığı bir məqama yüksəltmişlər”2.

Taha Hüseyn bu iddianı sübuta yetirmək üçün Əbuzərlə Kəb əl-Əhbar qarşıdurmasını yada salır.

Təbərinin Seyfdən nəql etdiyinə görə, Əbuzər Osmanın yanına gəldi. Kəb əl-Əhbar da Osmanın yanında idi. Əbuzər dedi: “Xalq sırf pis işlər görmür deyə razılaşma. Onları xeyirli işlərə sövq et. Xalq zəkat ödəyirsə, bununla kifayətlənmə. Onları qonşularına, qardaşlarına yardım etməyə vadar et”. Sözünün bu yerində Kəb əl-Əhbar dilləndi: "Zəkatını verənlər vacib vergilərini ödəmiş hesab olunurlar". Onun söhbətə qarışdığını görən Əbuzər əlindəki əsa ilə onun başına elə vurdu ki, başı yaralandı və ona müraciətlə dedi: "Ey yəhudi qadının oğlu! Sənin bu məsələlərdə (şəriət məsələlərində) fikir yürütməyə nə haqqın var?"1

O, əsərinin digər bir hissəsində yazır: "Tarixçilərin İbn Səba mövzusuna bu şəkildə yanaşması göstərir ki, bu, qondarmadır. Bunu şiəliyə müxalif və düşmən qüvvələr qondarmışlar. Onlar bu yolla şiəlikdə yəhudi ünsürünün olduğunu göstərərək öz məqsədlərinə çatmaq istəmişlər. Əgər İbn Səba məsələsinin tarixi bir əsası olsaydı, təbii ki, onun izini Siffeyn döyüşündə, Əlinin (ə) səhabələri xilafət seçimi ilə barışmadıqda və ya bir yeni döyüşün meydana gəlməsində görərdik. Lakin xəvariclə olan döyüşdə belə onun hər hansı bir izinə rast gəlmək olmur. Buna nə ad vermək olar? İbn Səbanın Siffeyndə və xəvariclə döyüşdə olmamasını necə izah etmək olar?

Biz bu iki məsələni yalnız bir yolla həll edə bilərik. Bu, Abdullah ibn Səbanın yalnız uydurma, əfsanə olduğunun üzə çıxarılmasıdır. Əgər tarixdə belə bir şəxs olmuşsa da bəzilərinin şişirtdiyi kimi ittiham olunan cinayətləri törətməmiş, Osmanın qətlində, şiəliyin yaranmasında hər hansı bir rolu olmamışdır. O, şiə düşmənlərinin öz xeyirlərinə istifadə etdikləri bir şəxsdir"1.



2. Məhəmməd Əmmarə;

Məhəmməd Əmmarə də Taha Hüseynin fikirlərini davam etdirərək Abdullah ibn Səba mövzusuna şübhə ilə yanaşır. O, şiəlik və imamət mövzusunda söhbət açdıqda Abdullah ibn Səba ilə şiəlik arasında güman edilə biləcək hər hansı bir əlaqəni rədd edir. Onun qənaətinə görə, şiəlik ideologiyası Hişam ibn Həkəmin dönəminədək bir siyasi firqə kimi fəaliyyət göstərmişdir. Bu firqə xilafət məsələsində Əlinin (ə) hüquqlarını qoruyurdu. Lakin etiqadi kimliyini Cəfər ibn Məhəmməd (ə), atası Baqir (ə) və nəvəsi Rza (ə) vasitəsi ilə əldə etdi. Çünki şiəlikdə nəql olunan hədislərin böyük əksəriyyəti bu imamlardandır"2.

O, bu sözlərindən sonra şiəliyin meydana gəlməsinin Abdullah ibn Səbanın Osmanın xilafətinin son dönəmlərindəki fəaliyyəti ilə bağlı olması ehtimalını qətiyyətlə rədd edir. O, Abdullah ibn Səba adlı bir şəxsin olmadığını sübut etməyə çalışır. Onun fikrincə, belə bir şəxs olmamışdır. İbn Səbanı əhli-sünnə tarixçiləri İslam dünyasında baş verən hadisələri onun boynuna atıb səhabələrin etibarını, müqəddəsliyini qorumaq üçün qondarmışlar. Ona görə də belə bir şəxs olmuşsa da tarixdəki rolu böyük ustalıqla şişirdilmişdir”.

O, sözlərini belə tamamlayır: "Bizim mübahsə obyektimiz şiəliyin yaranma tarixidir. Fikrimizcə, Abdullah ibn Səba deyə birinin məlum dövrdə yaşaması versiyasını qəbul etsək belə bu, şiəliyin həmin dövrdə yaranması deyildir. Çünki şiələr ondan bir rəvayət belə nəql etməmişlər. Elə buna görə də onun yaşadığı dövrü şiəliyin başlanğıc nöqtəsi kimi göstərmək olamaz"1.



3. Həsən Fərhan Maliki.

O, Doktor Süleyman Övdənin fikirlərini rədd edərək yazır: "Doktor Süleymanın bütün sözləri ya onun yanlış düşüncələrindən, ya ədəbsizliyindən, ya da bilərəkdən həqiqətləri təhrif etməsindən doğur. O, ən doğru versiyanı seçməli idi. Ona elə gəlir ki, mən ümumiyyətlə Abdullah ibn Səba adlı birinin olduğunu inkar edirəm. Şübhəsiz ki, mən belə bir söz deməmişəm. Mən "ər-Riyaz" jurnalında və ondan öncə dərc olunan yazılarımda qeyd etmişəm ki, Abdullah ibn Səbanın Osman dönəmindəki fitnələrdə geniş fəaliyyətini qəti şəkildə inkar etsəm də həqiqətən belə bir şəxsin varlığı mənə məlum deyildir. Fəqihi özü Seyf ibn Ömərin, Abdullah ibn Səbanın şəxsiyyətini olduğundan böyük göstərdiyini etiraf edir. Lakin onun Seyf ibn Ömərin İbn Səbanın fitnələrdəki rolunu özündən quraşdırdığını etiraf etməyə cəsarəti çatmamışdır. Mən isə deyirəm: “Mənim bu sözlərim yalnız fitnələrlə bağlıdır. Hansı ki, Fəqihinin sözünə əlavə olaraq demişəm. Elə buna görə də Seyf ibn Ömərin Abdullah ibn Səbanın tarixi hadisələrdəki rolunu şişirtdiyi bəzi rəvayətlərinin heç bir etibarı olmadığı qənaətindəyəm. Nəticə etibarı ilə mən Seyf ibn Ömərin İbn Səbanın fitnələrdəki geniş rolu haqqında sözlərini qəti şəkildə rədd edirəm"2.

O, yazır: “Mən İbn Səbanın fitnələrdəki, rolunu qəti şəkildə rədd edirəm. Çünki əlimdəki səhih sənədli rəvayətlər mənə fitnələrin necə meydana gəldiyini tam aydınlığı ilə göstərir. Elə buna görə də Seyf ibn Ömər və fitnələrin necə baş verdiyini onun kimi izah edən yalançı və zəif rəvayətçilərə heç bir ehtiyacım yoxdur. Belələri hadisələri fərqli şəkildə izah etmişlər. İbn Səbanın həqiqətən olub-olmamasını isə hələ araşdırıram.

Şübhəsiz, mənim İbn Səbanın fitnələrdəki rolunu rədd etməm, əslində onunla bağlı hədislərin 95 faizini rədd etməyimdən doğur. Çünki Seyf yolu ilə gəlməyən rəvayətlərdə yalnız Əli ibn Əbu Talib (ə) haqqında "qülüv" edən şəxsdən söhbət açılır.

Süleyman ibn Övdənin məqsədi İbn Səbanın İslamın erkən çağlarında baş verən hadisələrdəki rolunu sübuta yetirməkdir. Əgər o, bunun tam əksinə olaraq İbn Səbanın haqqındakı əfsanələri rədd etmək istəsəydi, tarixin yaddaşında, bir çox ziyalılarda olmayan insaf anlayışını özündə əks etdirən bir fərd kimi qalardı. O, bilməlidir ki, İbn Səbanın fitnələrdəki rolu haqqında nəql olunan rəvayətləri rədd etməsi onun nöqsanına, elmi ləyaqətsizliyinə səbəb olmaz. O, bu məsələdə Şafeiyə əsaslanıb ondan dərs alsın. Çünki onun iki məzhəbi olmuşdur: biri qədim, digəri isə yeni.

Misal üçün, mən əvvəl İbn Səba haqqında söylənilənləri tam olaraq qəbul edir və müdafiəsinə qalxırdım. Sonradan araşdırıb fikrimin tam əksinin düzgün olduğunu gördüm. Bundan başqa Qəqa ibn Ömər adlı birinin səhabə olduğu qənaətində idim. Sonradan bunun yalnız Seyfə gedib çıxdığını gördüm və yanlış olduğunu anladım. Düzgün elmi üsullarda emosionallığa yer yoxdur. Elmi üsullar bizə, yalnız bir nəfər yalançı şəxsin nəql etdiyi rəvayətin qondarma olduğunu qəbul etmək zərurətini aşılayır. Elmi üsullar bizi yalnız heç kimin rəvayət nəql etmədiyi bir şəxs yolu ilə gələn rəvayətlərin zəif olduğunu qəbul etmək zərurəti ilə üz-üzə qoyur. Elmi üsullar yalnız etibarca zəif bir şəxsin nəql etdiyi rəvayətlərin zəif olduğunu göstərir.

Bəzən daxilən bu və ya digər saxta hədisin doğruluğunu düşünürük. Lakin bu daxili hisslər hədisin dəyərləndirilməsində meyar ola bilməz. Yaxud hədisləri qorumaq cəhdlərimiz doğru olmayan hədisləri qorumağımıza əsas verə bilməz. Biz hədislərin sırf hissiyyata qapılaraq saxta, yalan olduğunu qeyd etməzsək, o zaman yanlış hədisləri doğru kimi göstərmiş və böyük bir ixtilafa yol açmış olacağıq. Çünki insanların hissləri fərqlidir. Elmi meyarlar isə hiss, duyğu tanımır. Hissiyyat heç bir zaman elmi meyar olmamışdır. Buna, yalnız sufilikdə "zövq" adlandırılaraq geniş yer verilir.

Əgər Süleyman ibn Övdə Seyf ibn Ömərin bu yalan və uydurmalarını sırf hədis irsinin qorunması məqsədi ilə qəbul edirsə, o zaman digərləri də həmin hədis irsinə zərbə dəyməsin deyə bunu qəbul etməməyi daha məqsədəuyğun hesab edirlər. Təbii ki, ikincilərin tutduğu yol daha doğru nəzərə çarpır.

Əgər Süleyman ibn Övdə Seyfin İbn Səba əfsanəsini qəbul etməyin hansı təhlükələrlə başa çatacağını bilsəydi, (zənnimcə, o, bunu gözəl bilir) qəbul etməzdi. Çünki Seyfin İbn Səba əfsanəsi Bədr səhabələrinin belə Abdullah ibn Səbanın fikirlərini həyata keçirdiklərini göstərir. Biz tezliklə bu əfsanəni qəbul etməyin ziyanlı tərəflərinin xeyirli tərəflərindən çox olduğunu açıqlayacağıq. Elə buna görə də birinci əsrdən günümüzədək gəlib-getmiş elm adamlarının böyük əksəriyyəti bu əfsanəni rədd etmişlər”1.

O, sözlərinə davam edərək yazır: “Süleyman ibn Əvdə ayrı-ayrı iki məsələni tamamilə qarışdırıb. Bunlardan biri Abdullah ibn Səba adlı birinin ümumiyyətlə olub-olmaması məsələsidir. Doktor Süleyman onun haqqında digərlərinin də rəvayətlərini nəzərə almışdır. Əlbəttə, bu rəvayətlərin məlum müddəanın isbatı üçün yetərli olub-olmaması haqqında geniş tədqiqatlara ehtiyac var. Lakin bu məsələdə fikir ayrılığı azdır.

İkinci və daha mühüm məsələ isə İbn Səbanın fitnələrdəki roludur. Doktor Süleyman bu məsələni yalnız Seyf ibn Ömərin rəvayətlərində tapmışdır. İbn Səbanın fitnələrdəki rolu başlıca məsələdir. Bunu Seyf ibn Ömərdən başqa heç kim dilə gətirməmişdir.

İkinci məsələnin fərqinin daha aydın olması üçün belə bir nümunə göstərək. Misal üçün, siz kimliyi çoxsaylı dəlillərlə sübut olmuş Xalid ibn Vəlidi nəzərdə tutun. Xalid ibn Vəlid haqqında səhih olmayan hər hansı bir rəvayət yoxdurmu? Sizcə Xalid ibn Vəlidin varlığı onun haqqında olan bütün hədislərin doğruluğu deməkdirmi? Belə rəvayətlərin səhih və ya qeyri-səhih olduğu araşdırılmamalıdırmı? Abdullah ibn Səba məsələsi də eynilə belədir. Yəni Abdullah ibn Səbanın sırf var olması, onun haqqında yanlış hədislərin qəbul edilməsinə haqq qazandırmır. Lakin Doktor Süleyman tarixdə həqiqətən İbn Səba adlı birinin yaşadığını qəbul etdiyi üçün onun haqqında hətta bir nəfər yalançının belə söylədiklərini qəbul edir. Bu, bizim meyarlardakı fikir ayrılığımızdır. Bizim hər ikimiz düzgün elmi meyarlara bir daha müraciət etməliyik. Sonra isə məsələyə həmin elmi üsulla yanaşmalıyıq. Bu, daha çox fikir ayrılığına səbəb olacaq zəif tərəfimizdir.

Elə buna görə də keçmiş hədisşünas və tarixçilərimiz fitnədən söhbət açdıqda Abdullah ibn Səbanın adını belə çəkməmişlər. Hətta Doktor Süleyman Seyf ibn Öməri təmizə çıxarmaq üçün istinad etdiyi Zəhəbi və İbn Həcər belə İbn Səbanın fitnələrdəki rolundan söhbət açmamışlar. Öncə də heç bir alimin, mühəddis və ya tarixçinin Abdullah ibn Səbanın Osmanın qətlində hər hansı bir rolundan söhbət açdığına rastlamırıq.

Xəlifə ibn Xəyyatn “Tarix” əsərinə, İbn Sədin “Təbəqat” əsərinə, “səhih”, “sünən”, “müstədrək” və “müsnəd”lərə, ədəbiyyat tarixinə, bioqrafik və s. kitablara müraciət edin. Bu kitablarda İbn Səbanın Osmanın qətlində azacıq rolu olduğunu qeyd etməmişlər. Bu, yalnız Təbəri və digərləri tərəfindən Seyf ibn Ömər yolu ilə nəql edilmişdir. Doktor Süleyman bunu gözəl bilir. Lakin o bu iki məsələni bir-birinə qatmaqda maraqlıolub, onları əsla bir-birindən ayırmır. Çünki onun elmi məqalələrinin çoxu ikinci məsələyə yönəlmişdir. Belə olan halda Doktor Süleymanın “digərləri də İbn Səbadan söhbət açmışlar” fikrini qəbul edərsək belə, bu, onların İbn Səbanın Osmanın qətlində rolu olmasını qeyd etmələri demək deyil. Çünki onlar yalnız Abdullah ibn Səbanın Əli (ə) haqqında "qülüv" etdiyini qeyd etmişlər.

Bütün bunlardan belə bir nəticə əldə olunur ki, birinci məsələ Seyfdən qeyrisi tərəfindən nəql edilməmişdir. İkinci məsələyə gəldikdə isə o, yalnız kiçik bir hissəni, İbn Səba haqqındakı rəvayətlərin yalnız yüzdə beşini təşkil edir. Belə olan halda heç bir əsas olmadan yüzdə beşi yüzdə doxsan beşin isbatı üçün necə əsas tutmaq olar?
İnkar edənlər

Bir çox tarixçilər Abdullah ibn Səbanın varlığını inkar etmiş və onun sırf xəyal olduğunu önə çəkmişlər. Nəticədə İbn Səbanın Osmanın qətli fitnəsindəki rolu rədd edilmişdir. Belə tarixçilərdən bir neçəsinin sözlərinə nəzər salaq:


1. Məhəmməd ibn Əbd əl-Həyy Şəban;

O, Osmanın qətli məsələsini çox geniş şəkildə araşdırmış, lakin Abdullah ibn Səba haqqında əsla söhbət açmamışdır1.



2. Haşim Cüeyt;

O da Osmanın qətli məsələsini həmin qaydada qeyd edərək yazır: "Abdullah ibn Səbanın bu hadisələrdə başlıca rol oynadığını söyləyənlərin fikirləri ilə barışmaq mümkün deyil"2.



3. Əhməd Ləvəsani;

O, kitabında İbn Səba əfsanəsinin mahir yəhudilər tərəfindən qondarılaraq İslam tarixinə sızdırılmasını sübuta yetirməyə çalışır. Bu yəhudilər öz məqsədlərini həyata keçirmək üçün zahirdə İslamı qəbul etməyi də uyğun hesab edirlər3.



4. Seyid Mürtəza Əsgəri;

O, bu haqda yazan ilk alim deyil. Lakin bu haqda yazdığı kitabda ətraflı araşdırmış və onun əfsanəvi bir şəxs olduğunu üzə çıxarmışdır. Demək olar ki, o, Abdullah ibn Səba haqqında ayrıca kitab yazan ilk şəxsdir. O, Seyf ibn Ömərin nəql etdiyi bütün rəvayətləri incələyir. Öncə əsasən Təbərinin nəql etdiyi və digərlərinin də ondan götürdükləri məsələni, yəni Abdullah ibn Səbanın Osmanın qətlində rolu olmasının yalnız Seyf ibn Ömərə istinad olunduğunu sübut edir. Sönra Seyf ibn Öməri dəyərləndirərək, onun nəql etdiyi rəvayətləri tarixçilərin böyük əksəriyyətinin nəql etdiyi rəvayətlərlə müqayisə edir və onun daim əksəriyyətə qarşı olduğunu üzə çıxarır. Onun fikrincə, Seyf ibn Ömər daim "xüləfa" məktəbini müdafiə etmiş və İslama, Peyğəmbər (s) və Əhli-beytinə (ə) zərbə vurmağa çalışmışdır. O, bir neçə kafiri səhabə kimi qələmə verərək, onlarla bağlı qondarma hədislər nəql etmişdir. Abdullah ibn Səbanın Osmanın qətlindəki rolu haqqındakı söylədikləri də bu qəbildəndir.

Əllamə Əsgəri əsərinin digər hissəsində rical, hədisşünaslıq və bioqrafik kitablarda Abdullah ibn Səba haqqında qeyd olunanlardan söhbət açaraq, tarixdə belə bir şəxsin olduğu təqdirdə belə onun haqqında deyilənlərin yanlış olduğunu vurğulayır1.

5. İbrahim Mahmud;

O, öncə çox ehtiyatla məlum mövzu haqqında söhbətə başlayır. Onun qənaətinə görə, Abdullah ibn Səba haqqında mübaliğə olunmuş və ona çox əhəmiyyət verilmişdir. Lakin növbəti dəfə bu haqda söhbət açdıqda bu məsələnin yəhudilər tərəfindən quraşdırılaraq tarixi qaynaqlara ötürüldüyünü qeyd edir. Onun fikrincə, yəhudilər bu növ məsələlərdə böyük məharətə malik olmuşlar. Onların bu növ saxta rəvayətləri “Yəhudi islam ədəbiyyatı” adlanır. O, Abdullah ibn Səbaya bu baxımdan yanaşaraq yazır: “İbn Səba, yaxud məzəmmət və qınaq obyekti olub İbn əl-Yəhudiyyə və ya İbn əs-Səvada kimi tanınan şəxs əfsanəvi bir şəxsiyyət görkəmi almışdır2.



6. Əllamə Təbatəbai;

O, yazır: "Təbərinin rəvayət nəql etdiyi, Osmanın qətli hadisəsində istinad etdiyi iki rəvayətçi, yəni Şüeyb və Seyf hər ikisi məşhur yalançı və saxtakardırlar. Rical alimləri bu iki şəxsin adını çəkərək məzəmmət etmişlər. Onlar İbn əs-Səvda hədisindən Abdullah ibn Səba dastanını quraşdırmışlar. Bu hədis həmin iki rəvayətçiyə istinad edilən qondarma hədislərdəndir”1.



7. Doktor Əbd əl-Əziz Həllabi;

O, Abdullah ibn Səba adlı kitabında yazır: “Abdullah ibn Səba haqqında qısaca demək istədiyimiz onun əfsanəvi bir şəxs olmasıdır. Əgər belə bir şəxs olmuşdursa belə, onun Seyfin söylədiklərini etməyə nə etiqadi, nə də siyasi cəsarəti olmuşdur”2.



Yüklə 462,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə