Haqqin iZİ İLƏ Müəllif: Əli Əsğər Rizvani


ŞİƏLİK SƏLCUQLAR DÖNƏMİNDƏ



Yüklə 462,01 Kb.
səhifə19/47
tarix15.07.2018
ölçüsü462,01 Kb.
#55974
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

ŞİƏLİK SƏLCUQLAR DÖNƏMİNDƏ


H. q. beşinci əsrin ortalarında Səlcuqlar adlanan mühüm bir dövlət yarandı. Bu hakimiyyət Bağdadın əhli-sünnə məzhəbinə mənsub və çökməkdə olan hakimiyyəti xilas etdi, Misir, İraq, Şam, Fars və Xorasanda şiələrin inkişafının qabağını aldı. Səlcuqlar h. q. yeddinci əsrin sonlarına qədər hakimiyyətdə oldular. Altıncı əsrin ortalarında (h. q. 565) digər yeni bir güclü dövlət yarandı. Yeni yaranan Əyyubilər dövlətinə məşhur sərkərdə Səlahəddin Əyyubi rəhbərlik edirdi. Bu dövlət h. q. 848-ci ilə qədər davam etdi2.

Səlahəddinin səlibçilərə qarşı döyüşlərdə göstərdiyi fədakarlıqlar təqdirə layiqdir. Lakin onun kəskin təəssübü, şiələrə qarşı açıq ədavəti ən zəif tərəfi idi. O, Misiri istila etdikdən sonra Fatimilərə qarşı sərt davrandı. “Əl-Əzhər fi əlf am” kitabında qeyd edilir: “Əyyubilər bütün şiə abidələrinə girib onları viran qoydular. Səlahəddin Fatimi dövlətini məğlub etdi, öz qohumlarını bir gecədə onların evinə soxdu. Həmin gecə cansıxıcı nalələr o qədər çox idi ki, insanların ağlı başından çıxmışdı”3.

O, Aşura günü Bəni-Üməyyə və Həccacın metodu ilə şənlik mərasimləri keçirilməsini, azanda “Həyyə əla xəyril-əməl” deyilməməsini əmr etdi. Şiələrə qarşı təzyiqlər o həddə yetmişdi ki, Səlahəddinin göstərişinə görə, yalnız dörd əhli-sünnə məzhəbi mənsublarının şahidliyi qəbul olunurdu. Xütbə oxumaq, nitq söyləmək, tədris etmək imtiyazı yalnız əhli-sünnə məzhəblərinə aid idi. Bu dövrdə Fatimilərin təsis etdikləri böyük kitabxanalar, qiymətli kitablar məhv edildi və şiələrə qarşı bu kinli mövqe səbəbilə Misirdə şiə məzhəbi unutduruldu1.

ŞİƏLİK MONQOL HAKİMİYYƏTİ DÖNƏMİNDƏ


Monqolların hakimiyyəti h. q. 650-ci ildə İranda Hülaku xan tərəfindən təsis edildi (Elxanilər dövləti) və h. q. 736-cı ildə Sultan Əbu Səidin ölümü ilə sona yetdi. Hülaku xan İraqa ikinci hücumda Bəni-Abbas hakimiyyətini məğlub etdi. Bütün məzhəblərə öz ayinlərini keçirməkdə, məzhəblərini təbliğ etməkdə sərbəstlik və elm adamlarına dəyər verdi. Başqa sözlə desək, Hülaku xanın qarətləri, törətdiyi qətllər dini və ya məzhəbi məqsəd daşımırdı. Elə buna görə də ələ keçirdiyi bölgələrdə dini və məzhəbi fəaliyyətlərə tam azadlıq verirdi.

Hülaku xanın İslamı qəbul edib-etməməsi haqqında fikir ayrılığı mövcuddur. Bəziləri onun, hətta şiə olduğunu iddia etmişlər. Amma dörd monqol sultanının İslamı qəbul etdiyi sübut olunmuşdur. Bunlar Əhməd xan, Qazan (Mahmud) xan, Sultan Məhəmməd Xudabəndə və Bahadur xandır. Əhməd xanın hakimiyyəti uzun sürmədi. Qazan xanın isə şiə olduğuna tarixi dəlillər var. Sultan Məhəmməd Xudabəndə öncə hənəfi məzhəbində idi. Amma əhli-sünnə alimlərinin ən bilicisi olan Nizam əd-din Əbd əl-Məlik Şafeini baş qazı vəzifəsinə təyin etdi və o, elmi mübahisələr zamanı Hənəfi alimlərinə üstün gəldiyinə görə, Şafei məzhəbini qəbul etdi. Sonda belə elmi mübahisələrdən biri də Əllamə Hilli (vəfat-726 h. q.) və Nizam əd-Din arasında baş verdi. Əllamə Hilli ona üstün gəldi. Nəticədə Sultan Xudabəndə şiə məzhəbini seçdi və onun hakimiyyəti altında olan bütün bölgələrdə İmamiyyə ayinlərinin icra edilməsini əmr etdi. Onun xahişi ilə Əllamə Hilli məşhur kitabı “Nəhc əl-həqq və kəşf əs-sidq”i qələmə aldı. Ondan sonra oğlu sonuncu monqol sultanı Bahadur da şiə olaraq qaldı.

H. q. yeddinci və səkkizinci əsrdə monqol sultanları dönəmində böyük şiə alimləri yetişdi. “Şərai əl-İslam” əsərinin müəllifi Mühəqqiq Hilli (vəfat-676), Yəhya ibn Səid (vəfat-689), “əl-Cami əş-şərai” kitabının müəlifi Əllamə Hilli (vəfat-726), atası Sədid əd-din Hilli, oğlu Fəxr əl-mühəqqiqin (vəfat-771), Seyid Rəzi əd-din Tavus (vəfat-664), Seyid Qiyas əd-din ibn Tavus (vəfat-693), İbn Meysəm Bəhrani (vəfat-679 və ya 699) Xacə Nəsir əd-din Tusi (vəfat-672), Qütb əd-din Razi (vəfat-766) və başqaları bu qəbildəndirlər.

Bu dönəmdə diqqət çəkən məsələlərdən biri də Əllamə Hillinin təklifi ilə Sultan Xudabəndə tərəfindən təsis edilən “gəzərgi (səyyar) mədrəsə” idi. Monqol sultanlarının adətinə görə, onlar isti fəsilləri Marağa və Sultaniyyədə, soyuq fəsilləri isə Bağdadda keçirirdilər. Sultan bu səfərlərə böyük elm xadimlərini də aparırdı. Əllamə Hilliyə sonsuz rəğbətindən, ona da onu müşayiət etməsini təklif etmişdi. Bir tərəfdən əllamə bu təklifi rədd etməyi məsləhət görmürdü. Çünki ona kin bəsləyən müxalif və düşmən qüvvələr bu rədd cavabdan onun əleyhinə istifadə edə bilərdilər. Digər tərəfdən də o, tam olaraq özünü sultanın ixtiyarına verib elmi fəaliyyətindən qalmaq istəmirdi. Bütün bunları nəzərə alıb sultana “gəzərgi mədrəsə” təsis etməsini təklif etdi. Sultan bu təklifi bəyənib həyata keçirdi və beləcə Əllamə Hilli şiə etiqadını, İslam maariffini təbliğ etməyə, tələbələr yetişdirməyə davam etdi1.



ŞİƏLİK SƏFƏVİLƏR VƏ OSMANLILAR DÖNƏMİNDƏ


Bu siyası vəziyyət təqribən hicri onuncu əsrə (Səlcuqlar və Əyyubilər dönəminə) qədər davam etdi. Lakin sonda Şah İsmayıl Səfəvi hakimiyyətə gəldi və şiə məzhəbini rəsmi dövlət məzhəbi elan etdi. O zaman İran “müluk ət-təvayif” üsulu ilə idarə olunurdu. Yəni bölgələri xanlar, qəbilə başçıları idarə edirdilər. İsmayıl hələ on dörd yaşında ikən atasının müridlərindən ibarət ordu qurub, bütöv bir dövlət yaratmaq məqsədi ilə Ərdəbildə qiyam etdi. Bir-birinin ardınca müxtəlif bölgələri fəth etdi. “Müluk ət-təvayif” idarə üsulunu ləğv etdi və parçalanaraq bölünmüş böyük bir ərazini vahid bir dövlət şəklində birləşdirib şiə məzhəbini rəsmi olaraq qəbul etdi.

Onun vəfatından sonra ( h. q. 930-cu ildə) digər Səfəvi padşahları hicri on ikinci əsrə qədər (h. q. 1148) hakimiyyətdə oldular. Bu zaman kəsiyində hakimiyyətdə olan bütün padşahlar şiə məzhəbini rəsmi məzhəb olaraq qəbul edib onu möhkəmlətməyə çalışdılar. Bu dövrdə xeyli miqdarda dini mərkəzlər, o cümlədən məscidlər, elmi mədrəsələr və hüseyniyyələr inşa edildi. Bununla yanaşı, müqəddəs ziyarətgahlar genişləndirilərək təmir edildi. Bütün bunlara səbəb Səfəvilərin dini-mənəvi meyillərindən əlavə, Şeyx Bəhai və Mir Damad kimi alimlərin sarayda yaşayaraq onları dinə, elmə və müxtəlif elmi sahələrdə alimlər yetişdirməyə sövq etmələri idi. Bu dönəmdə yaşayıb yaratmış məşhur alimlərdən Mir Damad, Mühəqqiq Kərəki, Şeyx Bəhai, atası Şeyx Hüseyn Əbd əs-Səməd, Sədr əl-mütəəllihin, Əllamə Məclisi, Mühəqiq Ərdəbili, Molla Abdullah Yəzdi, Feyz Kaşani və başqalarını göstərmək olar1. Həmin dönəmdə İslam ölkələrinin böyük bir hissəsi Osmanlı imperatorluğunun hakimiyyəti altında idi. Onlar əhli-sünnə məzhəbini böyük təəssübkeşliklə qəbul etmişdilər və şiələrə qarşı düşmən mövqe tuturdular. Belə ki, şiələrin İslamdan xaric olduqlarını söyləyib bir neçə ruhanidən, onların qətlinə fərman aldılar. Sultan Səlim bu dəstəyə dayanaraq Anadoluda qırx min, bəzi qaynaqlara görə isə yetmiş min nəfəri sırf şiə olduğu üçün öldürdü. Hələbdə Şeyx Nuh Hənəfinin, “şiələr kafirdir və onları qətlə yetirmək vacibdir” - deyə verdiyi fətvanın ardınca on minlərlə şiə öldürdülər. Sağ qalanlar isə Hələbi tərk etdilər. Orada bir şiə belə qalmadı. Bir halda ki, Həmdanilər hakimiyyətə gəldikləri ilk illərdə Hələb şəhərini tamamilə ələ keçirmişdilər. Hələb Ali-Əbu Zöhrə, Ali-Əbu Cədadə və digər böyük fiqh alimlərinin yaşayıb yaratdığı şəhər olmuşdur. Bu alimlər haqqında “Əməl əl-amal” kitabında daha ətraflı qeyd edilmişdir.

Osmanlılar böyük şiə alimlərindən Şəhid Sanini qətlə yetirərək şəhid etdilər. Onlar şiələri dövlət idarələrindən ixrac edib, dini vəzifələrdə çalışmağa belə qoymadılar. Şam şəhərində və digər bölgələrdə yaşayan şiə azlıqlara dini ayinləri həyata keçirməyə icazə vermirdilər. Bu müsibətli günlər miladi tarixi ilə dörd əsr (1198 – 1516) sürdü2.

Həmin siyasi vəziyyət bundan sonra da davam etdi. İranda şiə məzhəbi rəsmi dövlət məzhəbi olaraq qəbul edildi. Heç bir qarşıdurma baş vermədi. Lakin qeyri-şiələrin, xüsusilə vəhhabilərin hakimiyyətdə olduqları digər bölgələrdə, şiələrin vəziyyəti heç də ürəkaçan deyildi. Lakin İranda İslam inqilabının qələbəsi və bu inqilabın dahi lideri İmam Xomeyninin yürütdüyü siyasət şiə məzhəbi haqqında bir çox həqiqətləri üzə çıxartdı, şiəliyə yönəlmə günü-gündən artmağa başladı. Təbii ki, bu arada ona qarşı kinli, ayırıcı siyasətlər də səngimək bilmir.


XƏYAL, YOXSA VERSİYA?

Öncə də qeyd etdiyimiz kimi, şiəliyin meydana gəlməsi haqqında müxalif qüvvələr tərəfindən müxtəlif versiyalar irəli sürülmüşdür. İndi bu versiyaları bir-bir incələyəcək və yanlış olduğunu tam aydınlığı ilə göstərməyə çalışacağıq:



1. Şiəliyin “Səqifə”də meydana gəlməsi;

Bəzi tarixçilər şiəliyin yaranmasının Peyğəmbərin (s) vəfatından sonra xilafət məsələsində meydana gələn fikir ayrılığı ilə bağlı olduğu fikrini irəli sürmüşlər. Başqa sözlə desək, onların fikrincə şiəlik Səqifə hadisəsi zamanı meydana gəlmişdir. Çünki Səqifədə Peyğəmbərin (s) canişinliyi və müsəlmanların gələcək rəhbərliyi məsələsində iki fərqli görüş var idi. Ənsardan olan bir qrup müsəlman Səd ibn Übadənin xəlifə olması təklifini irəli sürdülər. Bir çox mühacirlər isə Əbu Bəkrin xəlifə olması fikrini dəstəklədilər. Bu iki qruplaşma arasında baş verən danışıqlardan sonra müzakirələr ikinci qruplaşmanın xeyrinə tamamlandı. Digər tərəfdən, bu iki qruplaşmaya qarşı olan, aralarında Bəni-Haşim, ənsar və mühacirlər də olan çoxlu sayda insan Əlinin (ə) imam olduğu qənaətində idi. Bunlar Əlinin (ə) şiələri idilər və elə buna görə də şiəlik İslam dünyasında ayrıca bir məzhəb kimi ortaya çıxdı1.



Cavab: Əgər bu versiyada məqsəd şiəliyin İslam dünyasında ayrıca bir məzhəb kimi meydana gəlməsinin Peyğəmbərin (s) vəfatından sonraya, Səqifə hadisəsinə təsadüf etməsidirsə, belə bir nəzəriyyə məqbuldur. İmamətin yazılı və ya şifahi dəlillərinin Peyğəmbər (s) dönəminə aid olmasına baxmayaraq, bir məzhəb kimi meydana gəlməsi o həzrətin (s) vəfatından sonraya təsadüf edir. Bu zaman qeyd olunan versiyada təzadlı bir məqam qalmır. Lakin əgər bu versiyada məqsəd şiəliyin ideoloji köklərinin Peyğəmbər (s) dönəminə deyil, ondan sonraya aid olduğudursa, o zaman bu versiya məqbul deyil.

Əllamə Seyid Möhsün Əmin Amili məlum iki versiyanı xatırladaraq yazır: “Öncəki fəsillərdə diqqətinizə çatdırdıq ki, Peyğəmbər (s) dönəmində bir çox müsəlmanlar Əli (ə) şiəsi hesab edilirdilər. Sonradan imamət məsələsində yaranan fikir ayrılığı zamanı şiəlik üzə çıxdı. Çünki danışıqlar zamanı ənsardan olanlar mühacirlərə dedilər: “Bizdən də, sizdən də (ayrıca) bir rəhbər seçilsin”. Lakin mühacirlər Peyğəmbərin (s) qəbiləsindən olmaları bəhanəsi ilə ənsarın sözünü qəbul etmədilər. Bu danışıqlar Əliyə (ə) çatdıqda Əli (ə) buyurdu: “Əgər mühacirlərin bu istinadı düzgündürsə, o zaman xəlifə biz Bəni-Haşimdən olmalıdır. Əks təqdirdə, ənsarın sözü öz qüvvəsində qalır. Elə oradaca Bəni-Haşimdən olanlar, Əbd əl-Müttəlib xanədanı Əlinin (ə) imaməti (şiəlik) üzərində dayandılar. Mühacir və ənsardan olan bir çoxları da onlara qoşuldular. Mühacirlərin arasında Salman Farsi, Əbuzər Qifari, Miqdad ibn Əsvəd, Əmmar ibn Yasir, Xalid ibn Səid və Büreydə Əsləmi də gözə dəyirdi. Ənsardan isə Əbu əl-Heysəm ibn Təyyihan, Səhl ibn Sabit (Zu əş-şəhadəteyn ləqəbi ilə məşhur olmuşdur), Übəyy ibn Kəb və Əbu Əyyub Ənsari var idi”1.

Doktor Abdullah Fəyyaz yazır: “Bu görkəmli şəxsiyyətlərin heç bir müqəddiməsiz Peyğəmbərin (s) vəfatından sonra Əlinin (ə) imamətə layiq olduğunu demələrini düşünmək olduqca çətindir. Bir çox səhabənin davamlı olaraq Əlinin (ə) imamətə layiq olduğunu vurğulamaları, buna etiqad bəsləmələri Səqifədə meydana gəlmiş vəziyyətdən doğan ani qərar deyildi. Bunun ideoloji kökləri Peyğəmbərin (s) həyatda olduğu dövrlərə gedib çıxır2.

İbn Qüteybə yazır: “Beyət zamanı Əbuzər yox idi. Mədinəyə daxil olduqda vəziyyətin bu yerdə olduğunu görüb dedi: “Bir şeydə qənaət etdiz və Peyğəmbərin (s) qohumlarını tərk etdiz. Əgər xilafəti Əhli-beytə (ə) tapşırsaydınız, iki nəfəriniz belə ixtilaf etməzdi3.



2. Şiəliyin Osmanın qətli zamanı meydana gəlməsi;

Şərqşünas Julius Wellhausen yazır: “Osmanın öldürülməsi ilə İslam iki firqəyə bölündü. Bunlardan biri Əlinin (ə), digəri isə Müaviyənin firqəsi idi. Ərəb dilində firqəyə “şiə” deyilir. Əli (ə) şiəsi Müaviyə şiəsi sözünə alternativ olaraq işlədilməyə başladı. Lakin Müaviyə bütün İslam dövlətlərini ələ keçirdikdən sonra bu söz yalnız Əlinin (ə) tərəfdarlarına aid edilməyə başladı.



Cavab: Birincisi, öncə də qeyid edildiyi kimi, şiəliyin ideoloji kökləri Quran və sünnəyə dayanır və bu məzhəbin banisi Allahın əmri ilə Peyğəmbər (s) özü olmuşdur.

İkincisi, Əli (ə) hakimiyyətə gəldikdən sonra şiələr azadlığa qovuşdular. Elə buna görə də şiəliyin o həzrətin (ə) öz dönəmində meydana gəlməsi versiyası məntiqi deyil.



3. Şiəliyin Cəməl döyüşü zamanı meydana gəlməsi;

Bəziləri şiəliyin yaranma tarixinin Əlinin (ə) hakimiyyətdə olduğu dönəmə aid olduğunu göstərmişlər. Bu versiya iki şəkildə açıqlanmışdır; biri Cəməl döyüşü ilə, digəri isə Siffeyn döyüşü ilə bağlıdır. İlk versiya “əl-Fihrist” kitabında İbn Nədimə aiddir. O, Məhəmməd ibn İshaqdan iqtibas edərək yazır: “Təlhə və Zübeyr Osmanın intiqamını almaq bəhanəsi ilə Əliyə (ə) qarşı çıxdılar. Əli (ə) isə onları Allahın hökmünə təslim etmək üçün müqavimət göstərdi və o həzrətin (ə) tərəfdarları şiə adlandırıldılar. İmam (ə) özü də onları “şiələrim” səsləyir və dörd dəstəyə bölürdü; 1) Övsiya; 2) Övliya; 3) Şürtə əl-xəmis; 4) Əshab1.

Əlinin (ə) hakimiyyəti dönəmində ictimai və siyasi vəziyyət münasib olduğundan şiəlik daha da inkişaf edib önə çıxdı. Onun meydana gəlməsində Cəməl döyüşünün heç bir rolu olmayıb.

4. Şiəliyin Siffeyn döyüşündə meydana gəlməsi;

Şiəliyin Əlinin (ə) hakimiyyəti dönəmində meydana gəldiyi versiyasını irəli sürənlərin bəziləri onun Siffeyn döyüşü zamanı meydana gəldiyini söyləyirlər. Onlara görə həkəmiyyət məsələsindən sonra Əlinin (ə) tərəfdarları iki hissəyə ayrıldılar. Bir qrupu xəvaric adlanır. Onlar Siffeyn döyüşündən qayıdarkən Hərura adlı bir yerdə məskunlaşdılar. Digər bir hissəsi isə imamla (ə) Kufəyə qayıtdılar. İkinci qruplaşma imamın (ə) yanına gələrək yenidən o həzrətə (ə) beyət etdilər, onun dostları ilə dost, düşmənləri ilə düşmən olacaqlarına söz verdilər.

Bu versiyanın tərəfdarlarından biri də şərqşünas William Montgomery Watt-dır. Guya o, bu versiyanı Təbərinin aşağıdakı yazılarından əxz etmişdir. “Əli (ə) Kufəyə daxil olduqda xəvaric ondan ayrıldı. Şiələrsə ona sığındılar. Onlar həzrətə (ə) dedilər: “Biz bir daha beyət etməliyik. Sənə dost olanların dostu, düşmən olanların isə düşməniyik”1.

Diqqətinizə çatdırırıq ki, Təbərinin sözündəki “şiələr ona sığındılar (onun yanında qaldılar) ifadəsində məqsəd imamın (ə) şiələrinin Siffeyn döyüşündə iştirak etməsi və şiə kimi tanınanların imama (ə) beyətlərini yeniləmələridir. Siffeyn döyüşü də Cəməl döyüşü kimi şiəliyin yaranmasında və ya daha artıq tanınmasında hər hansı bir rola malik olmamışdır.



5. Şiəliyin İmam Hüseynin (ə) qətlindən sonra meydana gəlməsi.

Şiəliyin yaranması haqqında irəli sürülən versiyalardan biri də onun İmam Hüseynin (ə) şəhadətindən sonra meydana gəlməsidir. Belə ki, imamın (ə) qanı axıdılan gün şiəliyin ilk toxumları əkildi.

Elm adamlarından biri yazır: “Şiəliyin xəmiri İmam Hüseyn (ə) şəhid edildikdən sonra bəzilərinin daxilində yoğruldu. Daha doğrusu, şiə hərəkatı məhərrəm ayının onuncu günü və ondan sonra dini bir şəkil aldı və bir məzhəb kimi meydana çıxdı”.

Cavab: Bundan öncəki versiyaya verilən cavabdan sonra bu versiyanın yanlışlığı da məlum olur. Kərbəla hadisəsinin şiəliyin mənəvi və siyasi həyatında mühüm bir an olduğu şübhəsizdir. Lakin bu hadisənin özü Peyğəmbər (s) dönəmindən başlayan şiə etiqadının nəticəsidir.


Yüklə 462,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə