Hardasan, ay subayliq 3 pərdəli komediya Iştirak edirlər


Gülə-gülə gedirlər, pərdə qalxır. Q.S ə d a kabinetindədir. N o v r u z ə l i gəlib qulağını qapıya söykəyir



Yüklə 244,84 Kb.
səhifə2/3
tarix02.01.2018
ölçüsü244,84 Kb.
#19431
1   2   3

Gülə-gülə gedirlər, pərdə qalxır. Q.S ə d a kabinetindədir. N o v r u z ə l i gəlib qulağını qapıya söykəyir.
N o v r u z ə l i. Aha! Deyəsən, canan içəridə təkdir.
Qapını açıb içəri girir. Q.S ə d a görcək özünü itirir.
Q. S ə d a. Nə xəbərdir belə?! Hürkmüsən?

N o v r u z ə l i. Hə... Yox, elə sizin yanınıza gəlirdim ki,

Q. S ə d a. Ərizəni gətirmisən?

N o v r u z ə l i. (Ciddiləşir). Xeyr!

Q. S ə d a. Ceyran, gəl səni burdan keçirim BXŞMB –yə

N o v r u z ə l i. Meşəşənbəyə? Ora haradır?

Q. S ə d a. BXŞMB - Bakı xeyir-şər musiqiçilər bürosu. Canımçün, Ceyran, ömrün keçəcək keflə. Həmişə çalacaqsan toylarda, yubileylərdə, ziyafət məclislərində... Hərdən bir də iş düşəndə dəfn mərasiminə gedəcəksən. Götürəcəksən baritonunu, xətrin necə istəyir, filəyəcəksən. Nə boyda xoruz istəsən buraxacaqsan, özünçün. Toylarda neyləsən sənə güldən ağır söz deyən olmayacaq. O, ki, qaldı yas mərasimində... ölü məlum məsələdir ki, çaldıqlarını eşitməyəcək. Sənin əsas dinləyicilərin olcaq qəbristana toplananlar. Onların da fikri qalacaq rəhmətliyin yanında. Məncə, BXŞMB sənin üçün ən münasib yerdir. Necə bilirsən?

N o v r u z ə l i. Eybi yoxdur, razıyam.

Q. S ə d a. (Sevincək). Sağ ol. Bax, bu dəfə xoşum gəldi səndən.

N o v r u z ə l i. Ancaq bir şərtlə, məni yaxşı xasiyyətnamə ilə yola salasınız.

Q. S ə d a. Belə mənim bu gözlərim üstə! Sənə bir xasiyyətnamə verim ki, BXŞMB - də oxuyanlar desinlər ki, bu ceyran zamənəsinin ən mahir baritonçalanıdır.
Birlikdə çıxırlar. Gülyanaqla Ayna gəlir.
G ü l y a n a q. Gediblər. Sakitlikdir. Hə, indi mən o Novruzəliyə naz-qəmzə ilə bir hiylə gəlim ki, məhəbbət bağında meyvənin dəymişin qoyub, kalını dərsin. Bəs bu harda qaldı, gəlib çıxmadı? (Gülür.) Gedə elə bil günəbaxandır. Ha yana tərpənirəm boğazını uzadıb, gözlərini o yana marıtlayır. (Q.Səda gəlib qapıdan onun söhbətini dinləyir.) Bu axşam bir təhər görüşüb razılığımı verəcəyəm. Özünə də deyəcəyəm ki, məni çoxdan sevdiyini bilirəm. Ancaq sən ürəyini açmadığın üçün, mən də yaxın düşməyə utanırdım.

A y n a. Hə, elə de.

G ü l y a n a q. Deyəcəyəm, bizim evlənməyimizə heç kəs rişxənd eləməz. Mən ərsiz arvad, sən də arvadsız kişi. Ömrümüzü tənhalıqda çürütməyəcəyik ki.

A y n a. Mən gedim, indi gələr. (Çıxır.)

G ü l y a n a q. (Oxuyur.) Oğlan mənə bir bax, bax...

Hərdən mənə bir bax, bax...


Q. S ə d a içəri girir
N o v r u z ə l i. (Dəhlizdə görünür. Gülyanağın səsini eşidir). Odur, Manaflı xanımdır. Məni gözləyir. Onun birinci görüşünə mütləq gül - çiçəklə getməliyəm. (Gedir.)
Q. Səda Gülyanağa qoşulub oxuyur.
G ü l y a n a q. (Q. Sədanın səsini eşidib diksinir). Mayestro, sizsiniz? Mən burada məşq eliyirəm, ey.

Q. S ə d a. (ikimənalı) Mən bir söz demirəm ki, ceyran. Əcəb eləyirdin məşq edirdin. (Gülyanaq utana-utana çıxır.) Məsələ aydındır: “Bizim evlənməyimizə heç kəs rişxənd eləməz. Mən ərsiz arvad, sən də arvadsız kişi.” Arifə bir işarə kifayətdir. Neyləmək olar, görünür qismətim bu imiş. (Q.Səda bayaqkı mahnını çalır. Novruzəli görünür.)

N o v r u z ə l i. Çal, sənin piano dillərində gəzən incə barmaqlarına qurban olum! Çal! Atalığımın canı üçün, mən nə Sənubərin, nə də ondan əvvəlki məşuqələrimin görüşünə gedəndə belə həyəcan keçirməmişdim. Görəsən girim yanına, girməyim? Yox çaşıb hətərən-pətərən danışaram, hürküdərəm cananı.
Qapının arasından gülün birini içəri salır. Q.Səda gülü görüb heyrətlənir.
Q. S ə d a. Bıy?! Bu nədir?! Ağ gül! A, burda bir kağız da var ki... (Açıb oxuyur.) “Mən...” Başa düşmürəm, necə yəni, mən?! (Novruzəli ikinci gülü iəri atır.) Aha, biri də gəldi. Qırmızı gül! (Kağızı açıb oxuyur.) “Səni...” Məni qara basır nədir? (Novruzəli üçüncü gülü iəri atır.) Dalı elə gəlir ki! Sarı gül. (Kağızı açıb oxuyur.) “Sevirəm”! Çox güman ki, bunları yuxuda görürəm. (Özünü silkələyir.) Yox, bu yuxu deyil, həqiqətdir. (Kağızları yan-yana düzür.) “Mən səni sevirəm”

Q. S ə d a. Dayan, dayan!.. Bu kağızların astar üzündə də nə isə yazılıb. (Oxuyur.) Bu axşam saat 8 – də “Fəvvarə” kafesinin yanında boynumu burub intizarla yolunu gözləyəcəyəm. (Otağın qapısını açıb ehmalca bayıra çıxır. Heç kəsi görmür.) Bəli, məni görüşə çağıran odur. Gülyanaqdır. Doğru deyiblər, subaylıq soltanlıqdır, daha bu qədər yox da. (Gülləri qoxulayır.) Əlvida, ay subaylıq!


Tə b i l v u r a n, g i t a r a ç ı, s a k s a f o n ç u içəri girirlər
Tə b i l v u r a n. Mayestro, bayaq dediniz evə gedəndə sizə dəyək. Gəlmişik.

S a k s a f o n ç u. Belə bir təhər görünürsüz gözümə, mayestro. Xəstə deyilsiniz ki?

Q. S ə d a. Başınıza and olsun, başımı itirmişəm. Bu orkestrə Beni Qudman da gəlsə rəhbərlik eliyə bilməz! Təkcə mənəm sizinlə bacaran. O Novruzəli girinc eləyib məni! Axırı bayaq bir təhər dilə tutmuşam, rədd olub getsin, xeyir - şər musiqiçilər bürosuna.

Tə b i l v u r a n. Baho!.. Bilirsən nə iş görmüsən, mayestro! Belə lap qiyamət.

G i t a r a ç ı. Gərək onun buraxdığı xoruzları çoxdan qoltuğuna verib dalından dəyəydiniz!

S a k s a f o n ç u. Musiqi aləmində zəndeyi-zəhləm gedən iki tip varsa, biri Novruzəlidir, biri Nora! O, əcnəbi xasiyyət qızdan da yaxa qurtarsaydıq, qulağımız dinc olardı.

Tə b i l v u r a n. Keçən ay yerli komitəyə üç arvaddan ərizə gəlib. Boşadığı qadınlar yazırlar ki, Novruzəli aliment verməkdən boyun qaçırır.

Q. S ə d a. Mən yerli komitənin üzvü kimi, qabaqcadan sizə də xəbərdarlıq edirəm. Sonra deməyin Q.Səda kollektivsiz, özbaşına iş görür. Novruzəlini orkestrdən götürmək barədə müdiriyyətə rəsmi yazmışam. Onu işdən pis adla çıxarsaq sakit oturmayacaq. Belə qərara gəlmişəm ki, xüdmani bir yola salmaq məclisi düzəldək. O fərasətsizin barəsində bir-iki kəlmə xoş söz deyək. Özünə də tərifli bir xasiyyətnamə verək, çıxıb getsin. Etirazınız yoxdur ki? Əgər yodursa...

Q. S ə d a. Lap günü sabah

Gərək əyləşək,

Sizinlə birgə

Məsləhətləşək.

Tə b i l v u r a n. Yaxşı tapmısan,

Gözəl fikirdir.

Rədd elə getsin.

H ə r ü ç ü. Rədd elə getsin!

Q. S ə d a. Verdi razılıq,

Bilmirəm niyə?

Getmək istəyir BXŞMB- yə

Tə b i l v u r a n. Ağlına hardan

Gəldi bu tədbir

Rədd elə getsin!

H ə r ü ç ü. Rədd elə getsin!!!
N o v r u z ə l i gəlib onların danışığını eşidir.
D ö r d l ü k d ə. Bıy... Novruzəli?! Xöş gördük səni!..

Pərdə
İKİNCİ PƏRDƏ
Fəvvarə” kafesinin yanı. N o v r u z ə l i oxuya-oxuya gəlir.
N o v r u z ə l i. Verdiyi vədə ötüb, gəlmədi canan gecikib.

Qalmışam mən yetim eşqində nigaran, gecikib,

Xəstəyəm, tez yetirin Gülyanağa, rəhm eləsin,

Can verir Novruzəli, dərdinə dərman gecikib.



(Qırağa çəkilib özünü səliqəyə salır. Q.Səda görünür.)

Adə! Bu bura neyçün gəldi?!

Q. S ə d a. (onu görüb dilxor olur) Başım çıxmır, bu vələdəzüna buralarda nə gəzir?!

N o v r u z ə l i. Bəlkə məni pusur?

Q. S ə d a. Birdən məsələdən xəbər tutub, məni pusur. Abırdan gedərəm ha...

N o v r u z ə l i. (ona yaxınlaşır). Oho... Bu sizsiniz?.. Salam!

Q. S ə d a. Bıy... Ceyran, sənsən?.. Əleyküməsalam!

N o v r u z ə l i. Xeyir ola?

Q. S ə d a. Xeyirdir. Bir yoldaş var, onu gözləyirəm. Bəs sən burda nə hərlənirsən?

N o v r u z ə l i. Mənimki də xeyirdir. Bir yoldaş var, onu gözləyirəm.

Q. S ə d a. (şübhələnir). Ayıb olmasın, səninki arvaddır, kişi?

N o v r u z ə l i. Kişidir. Özü də lap bığıburma. Siz gözləyən necə?

Q. S ə d a. Elə mən gözləyən də kişidir. Amma bığsızdır.

N o v r u z ə l i. (gəzişir. Öz-özünə). Bu boyda şəhərdə başqa yer tapmadın?! Ilanın zəhləsi yarpızdan gedər, o da gəlib yuvasının ağzında bitər.

Q. S ə d a. (gəzışi. Öz-özünə) Başına yer qəhət oldu?! Elə gərək sən də burda adam gözləyəydin?

N o v r u z ə l i. (Ona tərəf dönür). Fürsətkən sizdən bir xahiş eləmək istəyirəm, mayestro.

Q. S ə d a. Ceyran, küçənin ortasında nə mayestro? Sözünü de!

N o v r u z ə l i. Bağışlayın, xahişim odur ki, əgər mümkünsə mənim BXŞMB-yə getməyimi biraz ləngidin.

Q. S ə d a. Niyə?

N o v r u z ə l i. Mayestro, bir vacib işim var. Elə işdir ki, o işə gərək bu işdə əncam çəkəm.

Q. S ə d a. Mümkün deyil, ceyran, hər bir hazırlığın görülüb.

N o v r u z ə l i. Hazırlıq?

Q. S ə d a. Bəs necə. Tamaşa eləyərsən səni BXŞMB - yə nə dəsgahla göndərəcəyəm. (saatına baxır). Bu yoldaş gəlmədi, mən gedim.

N o v r u z ə l i. (saatına baxır). Deyəsən bizim yoldaş da gəlmədi. Mən də gedim.


Bir-birini azdırmaq üçün hər ikisi uzaqlaşır və bir azdan yenə də qayıdırlar.
Q. S ə d a. Mən qayıtdım ki, bir də baxım, bəlkə gəlib.

N o v r u z ə l i. Elə mən də ona görə geri qayıtdım...


Sağ tərəfdən t ə b i l v u r a n, g i t a r a ç ı, s a k s a f o n ç u gəlir, onları görürlər.
S a k s a f o n ç u. Oho... Novruzəli!..

Tə b i l v u r a n. Bıy, mayestro, burada neyləyirsiniz?

N o v r u z ə l i. S..s..s..

Q. S ə d a. Heç, mən sizdən soruşuram ki, burda neyləyirsiniz?

G i t a r a ç ı. Biz acımışıq, kafeyə gedirik.

Q. S ə d a. Gedin yeyin, nuşi-can. (kənara). Küçədə arvad gözləmək nə pis şeymiş! Eh, Gülyanaq, Gülyanaq. Adam da belə iş tutar?

N o v r u z ə l i. (kənara). Eh, Gülyanaq, Gülyanaq! Bir dəfə görüşə çağırdım səni, onda da gözümü yolda qoydun.
Sağ tərəfdən R ə ş i d l ə A y n a gəlir. Onları görür.
R ə ş i d. Oho... Novruzəli?!.

N o v r u z ə l i. S..s..s..

A y n a. Bıy, mayestro, siz burda neyləyirsiniz?

Q. S ə d a. Mən heç soruşmuram, siz burda neyləyirsiniz?

R ə ş i d. Biz elə bir az gəzişdik, acıdıq, kafedən gəlirik. (Gedirlər).

Q. S ə d a. Bunlara nə olub? Hamısı birdən acıyıb?! Ceyran, xudahafiz, mən getdim.

N o v r u z ə l i. sağ olun, mən də getdim. (Gedir.)

Q.Səda getmək istərkən yenə də çalğıçılarla qarşılaşır.

Q. S ə d a. A bala, nə tez yediniz?

G i t a r a ç ı. Bu kafedə biz istəyəndən yoxdur.

S a k s a f o n ç u. Restorana gedəsi olduq.

Q. S ə d a. Əlbəttə, burada nə var ki. O tərəfdə yaxşı restoranlar çoxdur.

(Çalğıçılar gülə-gülə gedir. Bir azdan Novruzəli ilə Q.Səda yenə qarşılaşır.) Mən çaşmışam, bu yana getməliydim...

N o v r u z ə l i. Mən də o yana getməliydim, çaşmışam. (Gedirlər.)


Pərdə açılır. Estradanın səhnəsi görünür. R ə ş i d l ə A y n a gəlir
R ə ş i d. Ayna, onu bilirsənmi, bu günlərdə toyumuzu edib, səni evimizə köçürəcəyəm.

A y n a. Böşıa zarafatı, Rəşid.

R ə ş i d. Doğru deyirəm, Aynacan. Hara gedirəmsə xəyalımda mənimlə yanaşı gedirsən. Gülümsər gözlərini görürəm. Şən gülüşünü eşidirəm. Bəzən elə bil tellərinin ətrini də duyuram. İnan ki, sənsiz keçən dəqiqələri ömrümün ən mənasız çağları sanıram.

A y n a. Rəşid, sənə nə olub?

R ə ş i d. Daha nə olacaq?! Gecə-gündüz səni düşünürəm. Məhəbbətin ürəyimdə, adın dilimdə, baxışların gözlərimdə məskən salıb. Sanki sən əzəldən mənim üçün yaranmısan!.

A y n a. Axı, mən...

R ə ş i d. Axı sən mənim bəxtimin aynasısan. Hər sənə baxanda öz səadətimi, taleyimi görürəm. Onu bilirsənmi? (Oxuyur,)

Şəbnəmli güllərin, tər çiçəklərin,

Artardı qiyməti, sən olmasaydın.

Inan ki, mənimçün çox azalardı

Dünyanın ləzzəti, sən olmasaydın.

Bəxtimin aynasısan,

Unutmaram, bircə an.

Eşqim sənsiz dil açmaz,

Arzularım gül açmaz.

Qayğısız günlərdən doymazdım heç vaxt,

Sənsiz özgəsinə uymazdım heç vaxt,

Bu qədər dərindən duymazdım heç vaxt

Eşqi, məhəbbəti, sən olmasaydın.

Görürsən, Aynacan, sənə könül verəni necə ilhama gəlmişəm? Hələ bundan başqa bahara da bir mahnı bəstələmişəm.


Rəşid pianoda çalıb oxuyur. Ayna da mahnının son sözlərini təkrarlamağa başlayır.
A y n a. Sən gələndə bizim elə,

Gülər üzlə ildən - ilə,

Adın düşür dildən – dilə.

İ k i l i k d ə. Səfalısan, hörmətin var,

Nə gözəlsən sən, ay bahar.

A y n a. Sən gələndə çaylar daşır,

Dərələrə axır şır-şır,

Yer məxmər tək yaşıllaşır.

İ k i l i k d ə. Dağlar düzlər olur gülzar,

Nə gözəlsən sən, ay bahar.

R ə ş i d. Sən gələndə bizim vətən,

Başdan – başa olur gülşən.

Vurulmuşam hüsnünə mən.

İ k i l i k d ə. Gülüşünlə könlüm cöşar,

Nə gözəlsən sən, ay bahar.
N o r a gəlir.
Tə b i l v u r a n. Mayestro ilə danışıb bu mahnını orkestrimizin repertuarına salmaq lazımdır.

R ə ş i d. Bəs necə? Lap qastrola da aparacağıq. Bu gün Rəxşəndə ilə Ayna da bizə gələcəklər. Onlarla əməlli-başlı hazırlaşacağam.

N o r a. Rəşid! Ayna! Sizdən xəbər alıram, məndən nə istəyirsiniz?

A y n a. Biz istəyirik ki, heç kəs ümumi işimizi şəxsi intereslərinə qurban verməsin!

N o r a. Başa düşmürəm, şəxsi interes deyəndə nəyi nəzərdə tutursunuz? Əgər mənim oxuduqlarım zövqünüzü oxşamırsa təqsir sizdədir ki, geri qalmısınız. Estrada tamaşaçılarına yüngül melodiya mütləq lazımdır.
Q. S ə d a gəlir.
R ə ş i d. O yüngül melodiya adlandırdıqların bizim tamaşaçılara, dinləyicilərə yox, bir qrup zövqsüz adamlara lazımdır. Mən də xəbər alıram, səni istedadına görəmi bu orkestrə solist qoyublar?

N o r a. Bəs necə? Mən musiqi məktəbini qurtarmışam. Əlimdə diplomum var!

Q. S ə d a. (Rəşidə) Ceyran, haçan ondan yaxşısı gəldi ki, qəbul etmədik?

A y n a. Bəs Rəxşəndə? Altı ay əvvəl estrada təşkil olunanda konkursdan o keçməmişdi?! Qızı niyə gözüyaşlı qaytardılar?!

R ə ş i d. Özü də ali musiqi təhsilli, gözəl səsli müğənni!

N o r a. Rəxşəndənin səsi başqa, mənimki başqa.

R ə ş i d. Səhv edirsən. Səsdə də, nəfəsdə də o üstün idi. Ancaq dayı tərəfdən sən üstün çıxdın.

N o r a. (qışqırır). Siz nahaqdan mənim daydayımı ləkələməyin. Dediklərinizi ona çatdıraram, uduzarsınız.


Yol keçən Gülyanaq mübahosəni eşidib dayanır.
Q. S ə d a. Tutaq ki, Nora yoxdur...

N o r a. Mayestro, allah eləməsin deyin!..

G ü l y a n a q. Bax, Nora, bir söz deyim acığına gəlməsin. Mən azından yeddi-səkkiz il olar səni tanıyıram. Şəhərdə harda desən işləmisən. Oxuduğun da vur-tut beş-altı importnı havadır. (Onu yamsılayır.) “No-ra-lə-lü“, “Də-rə-lə-lü”, “No-ra-lə-lü“,“Də-rə-lə-lü” Bir əməlli buxalter olaydı, çotkaya salaydı, görəydi ki, sən bu “No-ra-lə-lü“ lər, üçün nə qədər maaş almısan? Adamda abır həya da yaxşı şeydir!

N o r a. (çığırır). Siz mənim əleyhimə qruppa düzəltmisiniz?!

G ü l y a n a q. Ağız ey, nanə yarpağı tək əsdirmə özünü. Sən bəyəm böyük mətahsan əleyhinə qruppa düzəldək?! Onu bil ki, ördək qaz yerişi gedəndə öz yerişini də yadırğar.

N o r a. Mən sizinlə danışmağı da öz ləyaqətimdən aşağı hesab edirəm!

A y n a. Elə isə get layiqli adamlarla qayna-qarış.

N o r a. Mayestro, eşidirsiniz? Eşidirsiniz? Gedərəm ha?

G ü l y a n a q. (lağla). Sənsiz bu orkestrin nə ləzzəti?

N o r a. Baxarsınız, sonra özünüz peşman olacaqsınız...


N o r a əsəbi halda səhnədən çıxır.
Q. S ə d a. Nora! Gördünüz neylədiniz?! Noranin ardınca gedir.

S a k s a f o n ç u. Getsə bir qonaqlıq məndə! Verməyən kişi deyil. Gedək uşaqlar.

A y n a. Gedək!
Novruzəlinin gəldiyini görən çalğıçılar uzaqlaşırlar. Gülyanaq tək qalır.
N o v r u z ə l i. Manaflı xanım?

G ü l y a n a q. Salam.

N o v r u z ə l i. Ay əleyküməsalam... Yaxşı salam verirsən, bəs adımı neyçün demirsən?

G ü l y a n a q. (Əzilib-büzülür). Utanıram... bir də, bir də dedim, demədim nə təfavütü? Bilsəm ki bunun sənə isti-söyuğu var, adını da deyərəm, familiyanı da.

N o v r u z ə l i. Familiyam lazım deyil, Manaflı xanım, özünə əziyyət verib elə adımı dilinə gətirsən xoşum gələr.

G ü l y a n a q. Bunun bir əziyyəti yoxdur ki, gələn dəfə Novruzəlican deyərəm. Onda, bundan sonra sən də mənə Manaflı xanım demə. O nədir, idarə müdiri ilə danışmırsan ki?

N o v r u z ə l i. Gülyanaqka?

G ü l y a n a q. Kasız...

N o v r u z ə l i. Dünən görüşümə niyə gəlməmişdin, qadası?

G ü l y a n a q. Başa düşmürəm, nə görüş?

N o v r u z ə l i. Bəs mənim kağızlarımı oxumadın?

G ü l y a n a q. Hansı kağızlarını?

N o v r u z ə l i. Baho!.. Yoxsa gülqarışıq onları da aparıb dolçaya basmısan?

G ü l y a n a q. (gülür.) Deyəsən, Novruzcan, bir balaca o söz... içib gəlmisən.

N o v r u z ə l i. Manaflı xanım, atalığımın canıyçün, yox. Mən tamam ayığam. Dünən bütöv passajı gəzib üç dənə xoşuma gələn gül almışdım. Bəs sən Qüdrət Sədanın otağında əyləşib piano çalanda mən onları içəri tullamadım? Hərəsinin də yedəyinə bir namə qoşmamışdım? Güllər cəhənnəmə, o içərisinə ürəyimi bükdüyüm kağızları açıb baxmadın?!

G ü l y a n a q. Mən orda oturub gözlədim... gözlədim, sən gəlmədin, çıxıb getdim. Yəqin gülü başğa qıza atmısan.

N o v r u z ə l i. (kənara). Mübtədası nə pis gəldi bu məhəbbətin! Deyəsən, axı Qüdrət Sədaya eşq elan etmişəm. Gülya, ayaq üstə dayanma, əyləş.
Yanaşı otururlar.

G ü l y a n a q. Yaxşı, məni bura çağırmaqda xeyir ola?

N o v r u z ə l i. Əvvəli xeyirdir, bu vüsalın, sonrası zərər. Xeyir cəhəti odur ki, istəyirəm səni özümə zövcə eləyəm.

G ü l y a n a q. O nə olan şeydir?

N o v r u z ə l i. Həyat yoldaşı!.. Ömür dostu.. Ürək sirdaşı!..

G ü l y a n a q. Onu bilirsənmi mənim oğlum...

N o v r u z ə l i. Bu saat sənin tərcümeyi-halını özümünkündən də yaxşı bilirəm. Oğlun Əhmədağa Moskvada oxuyur...

G ü l y a n a q. Bəli, sabah yox birisi gün, mayın ikisində, on səkkiz yaşı tamam olur.

N o v r u z ə l i. Mayın ikisinə söz vermirəm, beşində maaş alan kimi Əhmədağanın yaş gününü keçirmək mənim boynuma. Kiçik qızın Səltənət isə hələ iki yaşlı çağadır. Onlarsız həyatın nə ləzzəti?! Mən səni o iki qoşa balanla birlikdə qəbul edirəm. Razısan, sabah göndərim adamlarımı.

G ü l y a n a q. (nazla). Razısan deyəndə ki,.. adam qalır nə cavab versin. Adam deyəndə ki, özün adam deyilsən? Daha gəlmisən də. Ancaq xətrinə dəyməsin, yalan –doğru eşitmişəm guya sən ailə məsələsində bir az...

N o v r u z ə l i. (ayağa qalxır). Möhkəm deyiləm? Ey dünya! Qulaqların kar olsun, bu sözləri eşitməyəsən, Novruzəli!

G ü l y a n a q. Nə isə qanını qaraltma. Bəs o dediyin zərər cəhət nədir?

N o v r u z ə l i. Mən bu gün sizdən ayrılıb gedirəm.

G ü l y a n a q. Hara gedirsən?

N o v r u z ə l i. BXŞMB-yə. Bakı xeyir-şər musiqiçilər bürosuna.

G ü l y a n a q. Zorla gedirsən, ya öz xoşunla?

N o v r u z ə l i. Öz xoşumla deyəndə ki... elə yarısı xoşdur, yarısı zor...

G ü l y a n a q. Təqsirin nədir?

N o v r u z ə l i. Təqsir məndə yox, səndədir, Gülya! Nə qədər ki, bu orkestrə gəlməmişdin, küllü ixtiyarım özümdə idi. Indi konsertə çıxanda baritonum sözümə baxmır. “Do” deyirəm “re” gedir, “re” deyirəm “do” gedir. Səni görəndə nə çaldığımı bilmirəm.

G ü l y a n a q. Guya mən nə çaldığımı bilirəm... Novruzcan bəlkə bu baritondan əl çəkəsən, administratordan saddan olarsan?

N o v r u z ə l i. Mən ölüm səhv eliyirsən! (baritonu döyəcləyir). Bu alətdə ürək qıdıqlayan elə incə sədalar var ki, yatmışı yuxudan ayıldıb, dik ayaq üstə saxlayır. Indi mən çalım, sən gör nə dəsgahı var bunun!,,

N o v r u z ə l i. Almaya bənzər sənin al yanağına,

Şaftalı, armud, hulu qurban ola.

Növcavanam, canısuluyam mən hələ,

Bu can sənə sulu-sulu qurban ola.

G ü l y a n a q. Məhəbbətin yox hüdudu, yox sonu,

Çoxdandır ki, hiss edirəm arzunu.

Ay qadası, neyçün deyirsən onu...

Bu can sənə sulu-sulu qurban ola.

N o v r u z ə l i. Barı mənim qədrimi sən bilsənə,

Nolar, əzizim, danışıb gülsənə.

Razıyam arvadların hərdən mənə,

Ərsizi qurban, dulu qurban ola...

G ü l y a n a q. Sevirsənsə burda yoxdur bir günah,

Gəl nahaqdan çəkməginən bir də ah.

Inciyərəm bir də desən sən hərgah,

Ərsizi qurban, dulu qurban ola...

N o v r u z ə l i. Çələng hörüm sənə güldən çiçəkdən,

Doymaq olmur heç arzudan diləkdən.

Novruzəli deyir sidqi ürəkdən,

Baritonu püşkəş, pulu qurban ola.

Rəqs edirlər.
G ü l y a n a q. Novruzəli, bu gün nə olub sənə, dil-dil ötürsən?

N o v r u z ə l i. Heç özüm də baş açmıram, bu nə sirdir! Elə bil səhər məhəbbət həbi atmışam. Hey eşqdən, məhəbbətdən danışmaq istəyirəm.

G ü l y a n a q. Danış, Novruzcan, danış ürəyin boşalsın.

N o v r u z ə l i. Səndən iki kəlmə ki, şirin söz eşitdim, ölənəcən bəsimdir. Al, bir konfet verim, məşğulat elə, ağzın şirin olsun.

G ü l y a n a q. Novruzəli, qorxuram sən BXŞMB-yə gedəndən sonra mən də gözdən uzaq, könüldən iraq olam.

N o v r u z ə l i. Atalığımın canı üçün, yox! Getsəm də ürəyimi yanında girov qoyacağam.


Q.Səda yol keçərkən onları görür və bir anlığa ayaq saxlayır.
Q. S ə d a. (öz-özünə). Baş açmıram bu nə sirdir. Birinə gül verir, birinə dil verir. (Noruzəliyə). Ceyran, xahiş edirəm orda işini qurtarıb, yanıma gələsən! Yanıram!
Gedirlər. Pərdə qalxır. Musiqiçilər kabinetdə stolun başına toplaşıblar. Q. Səda ayaq üstədir.
Q. S ə d a. Əziz, mehriban və eyni zamanda mən deyərdim ki, hörmətli yoldaşlar! Məni çətinliyə salan burasıdır ki, daha doğrusu, orasıdır ki, bu xudmani məclisdə öz nitqimə xoşagəlməz bir xəbərlə başlamalıyam...hamımızın çox gözəl tanıdığımız, doğma kollektivimizin mehriban üzvü, eləcə də mehriban kollektivimizin doğma üzvü, orkestrimizin baritonçalanı Novruzəli BXŞMB - yə getmək istəyir. Noruzəlinin necə baritonçu olmağı hamımıza məlumdur. Bir məsələ də var ki, yoldaşın qabağına sədd çəkib, inkişafının qarşısını almağa heç kim bizə ixtiyar vermir. Novruzəli istəsəydi elə bu orkestrdə də qalıb əvvəlki qayda ilə çalardı. Lakin... əfsus... ancaq nə isə... Gəlin üzümüzü ona tutub deyək. Açın şampanskiləri.

Q. S ə d a. Sən bir mahir sənətkar,

Həm də çox hörmətlisən,

Yaxşı bilir ki, dostlar, şanlı-şərafətlisən

Hamımıza əzizsən, çünki fərasətlisən.

H a m ı. Xidmətin üçün çox sağ ol,

Çox sağ ol, Novruzəli,

Gedirsənsə yaxşı yol,

Yaxşı yol Novruzəli!
Rəqs edirlər
S a k s a f o n ç u. Özün gözəl bilirsən narazıyıq işindən,

Çalışginən uzaqlaş, əvvəlki vərdişindən.

Ürəyimiz ağrıyır, sənin bu gedişindən.

H a m ı. Xidmətin üçün çox sağ ol,

Çox sağ ol, Novruzəli,

Gedirsənsə yaxşı yol,

Yaxşı yol Novruzəli!

T ə b i l v u r a n. Canın başın salamat, qəm səndən uzaq olsun.

Istəyirik hər zaman kef damağın çağ olsun,

Üzümüzü ağartdın, sənin üzün ağ olsun.

H a m ı. Xidmətin üçün çox sağ ol,

Çox sağ ol, Novruzəli,

Gedirsənsə yaxşı yol,

Yaxşı yol Novruzəli!


Hamı rəqsə qoşulur.
Q. S ə d a. Icazə verin Novruzəliyə yazdığım xasiyyətnamədən sizin üçün bir parça oxuyum.

H a m ı. Oxuyun! Oxuyun!

Q. S ə d a. (Oxuyur). Kollektivimizin ən çalışqan üzvlərindən sayılan Novruzəli yoldaş öz baritonu ilə birlikdə ürəklərə girməyi çox gözəl bacarır. Onu, yəni Novruzəlinin musiqi aləti həmişə orkestrimizin ümumi ahəngi ilə bir səslənir. Novruzəlini baritonsuz, baritonu Novruzəlisiz təsəvvür etmək çox çətindir. Sanki o, anadan məhz musiqi çalmaq üçün doğulmuşdur... və ilaxır... İndi də sözü verirəm təbilvurana. Buyur, ceyran!..

T ə b i l v u r a n. (qalxır). Mən fikrimi obrazlı ifadə edəcəyəm. Məsəl var, deyərlər, zurnanın səsi uzaqdan xoş gələr. Bəli, zurnanın səsi... Bir anlığa zurnanı baritonla əvəz edək... Konsertlərdə mən həmişə Novruzəliyə yaxın yerdə əyləşirəm. Məsafənin bu azlığına baxmayaraq onun baritonu mənə olmazın ləzzət verir... Bəli, ləzzət verir! Indi özünüz təsəvvür edin: O, başqa bir orkestrə gedib uzaqda çalsa, səsi bizə nə qədər xoş gələcək. Nəhayət onu demək istəyirəm ki... mən qurtardım.

Q. S ə d a. Çıxışlardan göründüyü kimi kollektivimiz Novruzəlinin sənətini qiymətləndirməklə bərabər, onun xətrini də dünyalar qədər neyləyir?.. İstəyir!.. gəlin indi də son sözü bizim sabiq baritonçalanımız Novruzəli yoldaşın özünə verək. Görək o nə deyir...

R ə ş i d. Mayestro, heç biz danışmadıq!

Q. S ə d a. Ceyran, bu da iclas deyil ki, durub məni tənqid eləyəsən! Otur! (Norruzəliyə) Qalx! Novruzəli, qulağımız səndədir!


Yüklə 244,84 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə