50
dəyişdirmək mümkündür, təbiətin qanununu isə düzəlişə məruz qoymaq məchul bir
məsələdir. Axı bircinsli intim yaxınlıqda olanlar öz hisslərinə uyğun olaraq hərəkət
edirlər, onlar heç bir xətaya yol vermir, cinayət törətmirlər, sadəcə olaraq əksəriyyətdən
fərqlənirlər. Onlar tolerantlığa möhtacdırlar, lakin bu tolerantlıqdan sui-istifadə etmək,
öz intim əlaqəsini İosif Navinin trubasına çevirib, onun səsi ilə bütün əxlaq divarlarını
uçurmaq niyyətinə düşmək də ağılsızlıqdır. Onlar cəmiyyətə əxlaq dərsi keçmək kimi
əbəs işə də girişməməlidirlər.
Qərb dünyası insan haqlarına hörmət ifadəsi kimi onlara münasibəti kökündən
dəyişmişdir, lakin bu dəyişiklik əhalinin əksəriyyətinin, ümumi əxlaqın məğlubiyyəti
kimi qiymətləndirilməməlidir. Cəmiyyətin əsrlər boyu davam edən ənənələrinə, dinin
ehkamlarına da hörmətlə yanaşılması lazımdır. Dinin əxlaqın təmizliyi sahəsindəki
mövqeyinə qarşı çıxmaq cəhdi yalnız əks effekt verə bilər. Tolerantlıq bayrağı altında
əxlaqın dayaqlarının sökülməsinə edilən cəhdlər, bunu edən qrupun özünə ağır zərbə
vura bilər.
Bir sözlə, dünənki əxlaq qurbanları onlara bəslənilən pis münasibət hesabına
özləri əxlaqın yeni cəlladları roluna həvəs göstərməməlidirlər.
Ənənəvi cinsi orientasiyadan kənar olanlara aqnostik münasibət, belə əlaqələrin
hansısa mənəvi «kodeks» hesbaına inkar edilməsi problemə gözü yummaqdan başqa
bir şey deyildir. Ayrı-seçkiliyi mütləq həddə çatdıranlar cəmiyyətdə dözümsüzlük
atmosferi yaratmaqla, onu sağaltmaq əvəzinə, xəstəliklərə mübtəla edirlər. İnsanları
hansısa qəlibə salmaq, hisslərə arzu olunan formanı və ya məzmunu vermək istəyi
əslində təbiətin şah əsərinin müxtəlifliyini danmaqdan, onu bir nüsxəli materiala
çevirmək cəhdindən irəli gəlir. Qədim yunan filosofu Protaqor insanı “hər şeyin
ölçüsü” hesab edirdi. Müasir dövrdə insanların hüquqlarını hansısa uydurulmuş
mənəvi saflıq xatirinə tapdalamağın özü də yolverilməzdir.
Kimlərsə, öz ölkəsində geylərin omladığını bəyan edə bilər, lakin belə
saxta bəyanatlardan vəziyyət heç də hansısa bir dəyişikliyə məruz qalmır. İranın
keçmiş prezidenti Əhmədinecad öz ölkəsində homoseksualistlərin olmadığını deyirdi.
Görən böyük bir dövlətin başçısı bu bəyanatı verərkən hansı elmi tədqiqata
əsaslanmışdı.
Bəlkə də bəzilərinə elə gəlir ki, Qərb homoseksualistləri yetişdirən istixanadır.
Bu qətiyyən belə deyildir, sadəcə olaraq orada insanın şəxsiyyətinə hörmət əlaməti
nişanəsi olaraq, onların cinsi orientasiyasına da tolerantlıqla yanaşılır. Sadəcə olaraq, bir
sıra digər ölkələrdə isə bu məsələlərə bir qədər fərqli münasibət mövcuddur, adamları,
onların istəyindən asılı olmayaraq «yüksək əxlaqın” prinsiplərinin girvolarına çevirmək
istəyirlər. Azad cəmiyyət bütün sahələrdə normal azadlığa şərait yaradır və bundan
nəyəsə, həm də azacıq da olsa ziyan gələ bilər. Sadəcə olaraq bu ziyanı şişirdib, əxlaqın
bütünlüklə məhv olması kimi qələmə vermək də düzgün deyildir.
Lakin bu mülahizə heç də homoseksualizmin təbliğatına xidmət etməməlidir,
çünki belə təbliğat birinci növbədə uşaqların, yeniyetmə nəslin tərbiyəsinə sağalmayan
yara vura bilər. Bu mülahizə heç də əxlaq pozğunluğu hallarına qapıları geniş açmaq
istəyi olmayıb, yalnız onun, od üstündə olan köpən süd kimi öz qabından çıxıb, ətrafı
batırmasının qarşısını vaxtında, həm də ağıllı qaydada almaq məqsədini güdür. Axı
51
tarixən qadağalar istisnanın getdikcə böyüməsinə şərait yaratmış, sonralar onun
qaydaya çevrilməsi üçün şlüzləri açmışdır.
Bircinsli nikahlara Qərbdə loyallıq göstərilməsi heç də Pandora
yeşiyinin qapağını açmaq deyildir ki, bədbəxtliklər ətrafa yayılsın. Sadəcə olaraq, Qərb
ölkələri cinsi orientasiyası fərqli olanların, bir qədər başqa cür görünən, ümumi haldan
kənara çıxmaqla dönük taleyə malik olanların həyatına günəş işığının düşməsinə mane
olan halları aradan qaldırmışlar. Onlar axı heç vaxt özlərini olduqları kimi göstərə
bilmirlər, elə bil ki, xromosomlar formalaşan andan faciəli və komik bir rolu oynamağa
məhkum edilmişlər. Onların passiv olanları kişi bədənindəki məhbəsə gömülmüşlər,
ona görə də hətta qadağalara baxmayaraq kişilərlə cinsi əlaqəyə can atırlar. Qərb
dövlətləri, əslində, bu məhkumluğa son qoymaq məqsədini güdürlər, onları ədalətsiz
qaydada məsuliyyət daşımaqdan azad edirlər.
Şərq ölkələri, xüsusən islam dininin hakim kəsildiyi ölkələr homoseksualizmin
geniş miqyas almaması ilə fərqlənə bilərlər. Lakin bu hal heç də digər, daha eybəcər
əxlaqdan kənara çıxmaları nəzərə almamağa gətirib çıxarmır. Kənd yerlərində, xüsusən
cavanlar arasında zoofiliya halları məhz belə eybəcərliklərdən xəbər vermirmi? Bəzən
hətta yaşlı, özü də cəmiyyətdə müəyyən nüfuzu olan adamlar gənclikilərində özlərinin
zoofiliya təcrübələrindən ağız dolusu danışırlar, bunu məhz özlərinin vaxtilə yerli
Kazanova olmaları kimi qələmə verməklə saxta qürur duyurlar.
Şərqdə zinakarlıq ümumiyyətlə məhkum edilir, bəzi ölkələrdə buna yol ermiş
qadın daş-qalaq edilir, bu vaxt intim yaxınlığn necə və hansı şəraitdə baş verməsinə də
əhəmiyyət verilmir. Qədim hettlərdə isə qadın əgər öz evində başqa kişi ilə intim
yaxınlıq etmişdisə, onu öldürürdülər, uzaq bir dağda bu hadisə baş verdikdə isə,
qadının bu vaxt köməksiz olduğu nəzərə alınaraq, onu cəzalandırmırdılar. Əxlaq
pozğunluğuna görə sərt cəzalar hansısa hədlərdə fayda verə bilər, lakin onun
bütünlüklə bu bəlanı yoxa çıxarmasını güman etmək sadəlöhvlükdür. Öz şəhvət
yanğısını söndürmək istəyənlər daha hiyləgər üsullara əl atmaqdan da çəkinmirlər.
Zinakarlığın birdəfyəlik ləğv edilməsini düşünmək, daha çox dəvəquşunun guya
gizlənmək üçün başını quma soxmasına bənzəyir.
Ümumiyyətlə, əxlaq məsələsi, onun təmizliyi hər bir xalqdakı qaydalara görə
münasibətin necə olmasından asılı olduğuna görə, nisbi xarakter daşıyır. Bir vaxtlar
Avropada kral ailələri arasındakı nikah əsasən siyasətə xidmət edirdi, digər
hökmdarlara daha çox qız verən Habsburqlar sülaləsinin bu fəaliyyətinə görə hətta
«Avstriya, ərə ver» şüarı da meydana gəlmişdi. Siyasət olan yerdə isə məhəbbətdən
söhbət gedə bilməz. Osmanlı sultanları öz hərəmlərini saray əyanlarına ərə verirdilər və
bu, sarayda ailə münasibətlərinin bərqərar olması kimi qəbul edilirdi. Ona görə bircinsli
nikahlara da mikroskop altında baxmaq çox vaxt digər problemlərə göz yummaqdan
irəli gəlir.
Eyni cinsdən olanların nikahının çox sayda əleyhdarları kimi tərəfdarları da
vardır. Birincilər nikah institutunun hörmətdən düşməsini, ailə birliyinin əvvəlki
mahiyyətindən uzaqlaşmasını irəli sürürlərsə, ikincilər hüquq bərabərliyini ön plana
çəkirlər. Solomonun hökmünə bənzəsə də, hər iki fikir həqiqətə söykənir. Ancaq insan
haqları üstün mövqelərə yiyələndiyindən, nikahla meydana gələn ittifaq ənənəsini