Hicab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad


Qadın və kişi münasibətləri üzərində işləmək



Yüklə 270,05 Kb.
səhifə8/8
tarix17.09.2017
ölçüsü270,05 Kb.
#570
növüQaydalar
1   2   3   4   5   6   7   8

Qadın və kişi münasibətləri üzərində işləmək


Bizim fikrimizcə, İslam əxlaqı və İslam qanunlarında qadın və kişi münasibətləri mövzusunda daha çox işləmək lazımdır. Bəzi adamlar dindardırlar, amma İslam məfhumları ilə düzgün tanış olmadıqlarına, İslamda qadın və kişi münasibətlərinə dair əxlaq məsələlərini düzgün bilmədiklərinə görə dindarlıqları ailədə sərtliklərinin, hökmranlıq və hegemonluq etmələrinin azalmasına bais olmur; həm dindardırlar, həm də hegemonluq edirlər. Bunu da islah etmək lazımdır. Qadın və kişi münasibətlərində, xüsusən də ailə daxilində İslam əxlaqına diqqət yetirilməlidir. Sözsüz ki, hicab məsələsi çox mühüm məsələdir. Mən hicab məsələsini həqiqətən mühüm sayıram. Hicabın əhəmiyyəti bəzi yerlərdə, o cümlədən ailə məsələlərində özünü göstərir.

İslam İnqilabının Böyük Rəhbərinin həzrət Fatimeyi-Zəhranın (ə) doğum günü ərəfəsində alim qadınlarla görüşdə çıxışından: 2007.

Hicab - insanın təbiətinə uyğun dəyər

Hicab insan təbiətinə uyğun dəyərdir. Çılpaqlıq, ayrı-ayrı cinslərin bir-biri ilə qarışması və üryan edilməsi qeyri-təbii və insan istəyinin əksinə olan bir işdir. Müqəddəs İslam şəriəti də bunun üçün bəzi hədlər müəyyən edib. Etiqadlı və mömin olanlar hicabla belə rəftar edə bilməzlər. Kimlərsə məlumatsız ola bilərlər, onları maarifləndirmək lazımdır. İnqilabın ilk illərində mənə tam aydın oldu ki, hicabın qədrini lazımınca bilməyən hicablı xanımların bəzisinin ümumiyyətlə hicabın hökmündən, fəlsəfəsindən və faydalarından xəbəri yoxdur. Yəni bunlarla az danışılıb. Əlbəttə, bəziləri bir şeylər yazdılar; tövsiyə etdik bəzi işlər görüldü. İndi də mənim fikrimcə, xüsusən universitetlərdə elədir. Allaha şükür olsun ki, sizin universitetinizin yaxşı olduğunu eşitdim. Universitetin rəhbərləri də etiqadlı və ehtiyatlı insanlardır. Ümidvarıq zaman ötdükcə daha da yaxşılaşsın.



Tələbə nəşriyyələrinin baş redaktorları və məsul şəxsləri ilə sual-cavab toplantısındakı söhbətlərdən: 1999.
Hicab qadın fitrətinə uyğundur!

İslam quruluşunda yaradılan məhdudiyyət qadın fitrətinə uyğun məhdudiyyətdir; həm kişilər üçün məhdudiyyət var, həm də qadınlar üçün. Bu onların potensial qüvvələrinin hədər getməməsinə və imkan daxilində düzgün istiqamətdə işlədilməsinə kömək edir. Bunun nəticəsi qadınlar arasında bu gün müşahidə etdiyimiz düşüncə, elm və əməl inkişafıdır. Bu birinci məsələ. Hələ də bəzi adamlar çox nadancasına deyirlər ki, məgər qadın hicab bağlasa, şəriət və İslam qaydalarına riyaət etsə, inkişaf edə bilərmi? Yaxud deyirlər ki, İslam quruluşunda qadın məsələsi necə həll olunur? Bunun əməli və real cavabı bizim cəmiyyətimizdə olan alim qadınların böyük toplumudur. Bizim ölkəmizdə heç vaxt belə hal olmamışdır. Tağut dövründə də olmayıb, orta təhsil vəziyyətinin başqa bir cəhətdən nöqsanı olduğu öncəki dövrdə də olmayıb. Allaha şükür olsun ki, bu gün İslam cəmiyyətində bu vardır. Universitetdə əlaçı qızların çoxluğu və bu kimi məsələlər ikinci dərəcəli məsələlərdir. Birinci dərəcəli məsələ budur ki, alim qadınlar İslam Respublikası quruluşunda müxtəlif sahələrdə parlaya bilmişlər.



İslam İnqilabının Böyük Rəhbərinin həzrət Fatimeyi-Zəhranın (ə) doğum günü ərəfəsində alim qadınlarla görüşdə çıxışından: 2007.


Əlavə

Həzrət Fatimeyi-Zəhranın (ə) doğum günü münasibətilə Qadınların mədəni-ictimai şurasının üzvləri, mütəxəssis həkimlər və İslam hicabı konfransının məsul şəxsləri ilə görüşdə çıxışı: 25 dekabr 1991.

Bismillahir-Rəhmanir-Rəhim.

Qadın məsələlərinə dair yanlış baxış və dar düşüncə

Çox xoş gəlmisiniz! Allaha şükür olsun ki, ölkəmizin görkəmli qadınlarının fikir istiqamətinin gələcəyi ümidverici və sevindirici olan bir səmtə yönəldiyini gördüm. Buna sevinirəm. Mən də qarşılıqlı olaraq tarixin və bütün nəsillərin qadınlarına örnək, kamil və ilahi bir insan nümunəsi olan həzrət Zəhranın (ə) doğum günü münasibəti ilə siz əziz bacıları, ölkəmizin bütün qadınlarını, bütün müsəlman qadınları və bütün dünya müsəlmanlarını təbrik edirəm.

Bu gün hələ də dünyada bir problem olan qadın məsələsi barədə çoxlu sözlər deyilib və deyilir. Biz dünyanın insani xəritəsinə və bəşər cəmiyyətlərinə baxdıqda - həm öz ölkəmiz və digər İslam ölkələri kimi müsəlman cəmiyyətlərinə, həm də qeyri-müsəlman, o cümlədən, necə deyərlər, sivil və inkişaf etmiş cəmiyyətlərə baxdıqda təəssüf ki, bu cəmiyyətlərin hamısında qadın problemi adlı bir problemin hələ də mövcud olduğunu görürük. Bu, insani problemlərə qarşı bir növ yanlış baxışın və yanlış gedişin göstəricisidir, insan problemlərinə qarşı bir növ dar düşüncədən xəbər verir.

Bəlli olur ki, bəşər bütün iddiaları, ixlaslı və xeyirxah insanların bütün səyləri, xüsusən qadın barədə görülən böyük mədəni işlərlə yanaşı, hələ iki cinsin problemi, qadın problemi və onun ardınca digər formada meydana çıxan kişi problemi barədə hələ də düzgün yol tapa bilməmişdir. Bəlkə də siz xanımların arasında dünyanın yazıçı və sənətkar qadınlarının, bəziləri fars dilinə tərcümə olunmuş, bəziləri isə orijinal şəkildə mövcud olan ədəbi və incəsənət əsərlərini görən, yaxud oxuyan şəxslər var. Bunların hamısı qeyd olunan məsələdən xəbər verir: bəşər hələ də qadın problemini, bunun ardınca yaranan iki cinsin, yəni qadın və kişinin problemini və zəruri olaraq insaniyyət problemini həll edə bilməmişdir. Başqa sözlə desək, ifratçılıqlar, yanlış işlər, yanlış anlamalar və bunların ardınca təcavüzlər, zülmlər, psixoloji pozuntular, ailə problemləri, iki cinsin qarışmasına və münasibət tərzinə aid olan problemlər hələ də bəşəriyyətin həll olunmamış problemlərindəndir. Yəni maddi sahələrdə, kosmosda, dənizlərin dibində bu qədər kəşflər edən, psixoloji, ictimai, iqtisadi və digər sahələrin xırdalıqlarından bu qədər dəm vuran və doğrudan da bu fənlərin çoxunda inkişaf etmiş insan bu məsələdə aciz qalmışdır. Mən bu çatışmazlıqları yalnız sadalamaq istəsəm, çox vaxt lazım olar və özünüz bunları bilirsiniz.


Dünyada qadın böhranı

Bu gün dünyada mühüm bir məsələ olan ailə problemi qadın məsələsinə, yaxud qadın və kişi münasibətlərinə baxış tərzindən qaynaqlanır. Nə üçün bəşər varlığının təbii və mühüm bir ocağı olan ailə indi dünyada bu qədər böhrana düçar olmuşdur? Belə ki, bugünkü, necə deyərlər, sivil Qərb dünyasında ailə təməlinin möhkəmləndirilməsinə dair hətta çox yumşaq bir sözü də yaxşı qarşılayırlar; həm qadınlar yaxşı qarşılayırlar, həm kişilər, həm də uşaqlar. Əgər siz dünyadakı ailə probleminin bu bir cəhətini araşdırsanız, ailə məsələsində yaranmış böhranı düzgün və diqqətlə araşdırsanız, görərsiniz ki, bu, iki cinsin münasibətlərinə, birgəyaşayışına və qarşılıqlı əlaqələrinə aid məsələlərin həll olunmamasından irəli gəlir. Başqa sözlə desək, baxış yanlış baxışdır. İndi biz kişilər tərəfdə durub deyirik ki, qadın məsələsinə baxış düzgün deyil. Ancaq əslində kişi məsələsinə baxış da düzgün deyil, fərqi yoxdur. Yaxud iki cinsin keyfiyyətinə, yəni onların yertutma formasına baxış yanlışdır.


Bugünkü Avropa mədəniyyətinin kökünün qədim Roma mədəniyyətinə qayıtması

Bugünkü Avropa mədəniyyətinin kökü qədim Roma mədəniyyətinə qayıdır. Yəni bu gün bütünlüklə Avropa və Qərb mədəniyyətinə və bunun ardınca Amerika mədəniyyətinə hakim olan elementlər Roma imperiyasında mövcud olan qayda və prinsiplərdir. Bugünkü meyar onlardan ibarətdir. O zaman da qadınları böyük məqama ucaldıb, hörmət edirdilər, müxtəlif zinətlərlə bəzəyirdilər. Amma nə üçün? Kişidə mövcud olan ən aşağı və ən maddi hissi doyurmaq üçün. Bu, insana və qadına qarşı necə də böyük təhqirdir!

İranda da eynilə belə olmuşdur. Sasani şahlarının hərəmxanaları haqda məlumatınız var. Hərəmxana qurmaq nə deməkdir? Hərəmxana qurmaq - qadını təhqir etməkdir. Bir kişi imkanı çatdığına görə özünü hərəmxanasında min qadın saxlamağa haqlı bilir. Əgər həmin şahın bütün xalqı da belə imkana malik olsaydı, hər biri öz qədərincə min, beş yüz, dörd yüz, yaxud iki yüz qadın saxlayardılar. Bu, qadına necə baxışdan xəbər verir?
Fatimeyi-Zəhra (ə) – insaniyyətin zirvəsi

Belə bir dünyada əziz Peyğəmbər (s) elə bir qız tərbiyə edir ki, bu qız əlinin Allahın Peyğəmbəri (s) tərəfindən öpülməsinə layiq olur. Peyğəmbərin (s) Fatimeyi-Zəhranın (ə) əlini öpməsini duyğusal bir mənada izah etmək əsla düzgün deyil. Əgər biz qızı olduğundan və onu sevdiyindən əlini öpdüyünü düşünsək, bu çox səhv və çox kiçik bir məsələ olar. Məgər belə bir dəyərli şəxsiyyət, özü də Allah vəhyinə və ilhamına arxalanan ədalətli və hikmətli bir insan əyilib qızının əlini öpər? Xeyr! Burada məqsəd və məna başqadır. Bu onu göstərir ki, bu gənc qız, dünyadan köçərkən on səkkizdən iyirmi beşə qədər - on səkkiz də deyiblər, iyirmi beş də deyiblər - yaşı olan bu xanım insani paklığın zirvəsində durmuş və qeyri-adi bir şəxs olmuşdur. Bu, İslamın qadına baxışıdır. Bunu həm Qadınların mədəni-ictimai şurasının üzvü olan bu xanımların məşğul olduğu mədəni və ictimai araşdırmalarda, həm də siz alim qadınların məşğul olduğu elmi işlərdə araşdırın.


Qadın və kişidə insani cəhət inkişaf etməlidir!

Elm çox əziz bir şeydir. Mən bizim cəmiyyətimizdə qadınların bütün fənlərdə alim olmasının tərəfdarıyam. Əlbəttə, ötən il, yaxud ondan qabaqkı il keçirilən iclasda mən tibb fənnini prioritet göstərirdim. Ona görə ki, həkimlik bizdə aktual və təcili zərurətdir. Lakin əslində qadınlar bütün fənlərdə öz yüksək istedadlarını işlətməlidirlər.

Bizim ölkəmizin əlli milyon əhalisi arasında müxtəlif yaşlarda bu ölkəyə fayda yetirə bilən otuz, yaxud otuz beş milyon insan varsa, təbii ki, bu otuz beş milyonun yarısı qadınlardır. Məgər bunların vücudundakı ilahi xəzinələri görməzdən gələ bilərikmi?! Bunların arasında alim də olmalıdır, lakin elm bütün əzəmətinə rəğmən, Allah-Taalanın qadına verdiyi mənəvi heysiyyətin qarşısında bir şey deyil.

Siz elmin yüksək səviyyəsində olan, lakin insan məsələlərində və bəşər münasibətlərində iki cinsiyyətdən biri olaraq pozğunluğa düçar olmuş bir qadını təsəvvür edin. Siz elə bilirsiniz bunun dəyəri var? Düzdür, alim olan qadın müəyyən mənada bu pozğunluqlara daha az düçar olur. Savadsızlığın zərərlərindən biri budur ki, qadınları pozğunluğa daha çox çəkir. Lakin pozğunluq həddi məhdud bir hədd deyil. Hətta yüksək elmi səviyyədə olan bir xanımda da əziz insani cəhətin qədri bilinməyə (o cəhət kişidə də əzizdir, qadın və kişi bunu özlərində canlandırmaq üçün çalışıb elm və hikmət öyrənirlər), diqqətdən və hörmətdən kənarda qala bilər. Bunun dəyəri varmı?! Qadında və kişidə olan insani cəhət inkişaf etdirilməlidir. Bu bir dəyər məsələsidir. Bizim cəmiyyətimizdə İslamın dəyər məsələləri dirçəlməlidir. Misal üçün, hicab məsələsi bir dəyərdir. Hicab məsələsi daha yüksək məsələlərə giriş olmasına baxmayaraq, özü bir dəyərdir. Bizim hicab üzərində bu qədər təkid göstərməyimiz ondan ötrüdür ki, hicabı qorumaq qadının öz uca mənəvi dərəcəsinə çata bilməsinə və yolunda yaradılmış çox təhlükəli uçurumlara yuvarlanmamasına kömək edir.


Qərb mədəniyyətinin cinsi dözümlülüyə qarşı çıxması

Bu mədəniyyətin tam əksi bugünkü Avropaya hakim olan Roma mədəniyyətidir. O hər şeylə razılaşır, iki-üç şeydən başqa. Onların biri və bəlkə də ən əhəmiyyətlisi qadın və kişi cinsi arasında qanun-qaydalı məsafənin qorunması, başqa sözlə desək, Qərbdə cinsi azadlıq adlandırılan məsələnin əksi olan cinsi dözümlülükdür. Onlar bu prinsip qarşısında çox kəskin mövqedədirlər, başqa nə etsələr, önəmli deyil. Onlara görə mürtəce bu məsələ üzərində dayanan şəxsdir. Əgər bir ölkədə qadınların müəyyən qaydalarla kişilərlə məsafəsi olsa, bu, mədəniyyətə ziddir. Doğru deyirlər. Onların Roma sivilizasiyasının xarabalıqları üzərində qurduqları sivilizasiya bundan başqa bir şey deyil. Dəyər baxımından isə yanlış, əksi isə düzgündür.


Bir müddət öncəyə qədər Qərbdə qadınların müstəqil əmlak hüququ yox idi!

Biz keçmiş zamanlardan indiyə qədər qadını bu qədər təhqirə məruz qoyan Qərb dünyasına qarşı tələbkarıq. Siz baxın, Avropada və Qərb ölkələrində bir müddət öncəyə qədər qadınların müstəqil əmlak hüququ yox idi. Mən bir dəfə diqqətlə buna dair statistika çıxardım və bir söhbətdə - deyəsən dörd-beş il bundan öncəki cümə namazında bəyan etdim. Misal üçün, irəli sürülən bütün iddialarla, Qərbdə günbəgün daha artıq müşahidə olunan maraqlı və qəribə hicab açılımı ilə, sonsuz və nəzarətsiz cinsi qarışmalarla - elə bilirlər ki, bu, qadına hörmət və dəyər bildirməkdir - yanaşı, iyirminci əsrin əvvəllərinə qədər qərbli qadının özünə aid olan sərvətdən azad şəkildə istifadə etmək haqqı olmamışdır, əri qarşısında özünün şəxsi əmlakına malik olmamışdır. Yəni bir qadın ərə getdikdə onun sərvəti və bütün mülkü ərinin ixtiyarına keçirdi, ondan istifadə etməyə haqqı çatmırdı. Nəhayət iyirminci əsrin əvvələrində tədricən qadınlara mülkiyyət hüququ, iş hüququ verildi. Yəni qadın ən elementar insan hüquqlarından məhrum idi. Amma İslamda da hörmət olunan belə həqiqi dəyərlərin tam əksi üzərində daha çox təkid olundu. Bizim hicab barədə bu qədər təkid göstərməyimizin səbəbi budur.


Qadın geyimi mövzusu Qərbin əks-təbliğatından təsirlənməsin!

Bizcə, qadın geyimi haqqında olan söhbətlər çox yaxşı söhbətlərdir. Lakin diqqət yetirmək lazımdır ki, bu sahədə olan heç bir məsələ Qərbin əks-təbliğatından təsirlənməsin. Əgər ondan təsirlənsə, zərərli olacaq. Məsələn, fikirləşək ki, hicabımız olsun, lakin çadramız olmasın. Bu yanlış fikirdir. Əlbəttə, demək istəmirəm ki, çadra yeganə geyim növüdür. Xeyr! Mən deyirəm çadra hicabın ən yaxşı növüdür, bizim milli əlamətimizdir, heç bir eybi də yoxdur və qadının heç bir hərəkəti ilə ziddiyyət təşkil etmir. Əgər həqiqətən məsələ hərəkət, ictimai-siyasi işlər və fikir işləri olsa, çadra qadının rəsmi geyimi ola bilər. Qeyd etdiyim kimi, çadra hicabın ən yaxşı növüdür.

Düzdür, çadrasız da hicablı olmaq mümkündür. Lakin onun sərhədlərini mütləq müəyyənləşdirmək, tapmaq lazımdır. Bəziləri Qərbin əks-təbliğatından qurtulmaq üçün çadradan qaçırlar. Lakin çadradan qaçarkən çadrasız həqiqi hicaba üz tutmurlar. Çünki Qərb ona da hücum edir. Siz elə bilirsiniz biz çadranı kənara qoysaq, məsələn, Qurani-kərimdə də göstərilən1 paltar və örpəklərdən istifadə etsək, bizdən əl çəkəcəklər? Xeyr! Onlar bununla qane olmayacaqlar. Onlar istəyirlər ki, özlərinin çirkin mədəniyyəti şah dövründə olduğu kimi, eynilə burada hakim olsun. O zaman qadının ümumiyyətlə hicabı yox idi. Hətta bu yerlərdə növbə belə işlərə çatanda pozğunluq daha çox olur. Şahın dövründə bu Tehranda və ölkəmizin başqa şəhərlərində olan pozğunluq Avropa şəhərlərindən çox idi. Avropada adi qadının paltarı və geyimi vardı.
Fəaliyyətlərinizin kənarında evin payını da nəzərə alın!

Sizin işiniz də var, həm də bayırdasınız, cərrahiyyə əməliyyatı da edirsiniz, xəstənizi də görürsünüz, elmi işlə də məşğul olursunuz, layihə də yazırsınız, universitetdə dərs də deyirsiniz. Bunların hamısı öz yerində, amma evin payını da nəzərə almalısınız. Əlbəttə, bütün məsələlər kimi bunda da kəmiyyət keyfiyyətə qurban verilə, yəni azaldıla bilər. Əgər 24 saat evdə ola bilmirsinizsə, olduğunuz müddətin keyfiyyətini yüksəltməlisiniz. Lakin işinizin buna zərər yetirdiyini görsəniz, bu haqda bir şey düşünməlisiniz. Bu daha əhəmiyyətli və əsaslıdır, məcbur qaldıqda isə, heç.

Bütün məsələlərdə qaydadan xaric olan zəruri işlər olur. Mən qaydanı deyirəm, istisnalarla işim yoxdur. Eşitdim qadınlara məxsus universitet açmaq barədə söhbətlər gedir; yəni müəllim, rektor, tələbə, hətta işçilərinin hamısı qadın olsun, xüsusən də tibb universitetləri. Bu çox yaxşı fikirdir. Mən eləcə uzaqdan baxır, məsələnin tərəflərini dəqiq araşdırmadan - çünki buna imkanım yoxdur - görürəm ki, icmali olaraq bu iş qadının cəmiyyətimizdəki hərəkətinin ümumi və dəyər məqsədlərinə tam uyğun və çox yaxşıdır. Ümidvaram inşallah uğur sizinlə olsun!
İnqilabda və müharibədə qadınların rolunun təyinedici olması

Ümidvarıq ki, qeyd olunan maneələr bizim qadınlarımızın önündən götürülsün və onlar inkişa edə bilsinlər. Allaha şükür olsun ki, inqilab ölkəmizin qadın toplumuna böyük kömək etdi. Mən elə ailə və qadınlar görmüşəm və görürəm ki, acı hadisələr qarşısında fədakarlıqları və dözümlülükləri kişilərdən çoxdur. Mənim şəhid ailələri ilə görüşlərim çox olur. Dəfələrlə demişəm ki, bu böyük hadisəyə dözmək sarıdan şəhidlərin anaları əksərən atalarına nisbətən daha yaxşı əhval-ruhiyyəli və daha dözümlüdürlər. Düzdür, bunun əksi də baş verir, amma belələri daha çoxdur və mən bunu daha çox görmüşəm. Bu böyük inqilaba görə qadınlar çox-çox inkişaf etdilər.

İnqilabda qadınların rolu həlledici olmuşdur. Müharibədə də həlledici oldu, gələcəkdə də inşallah həlledici olacaq. Bu şərtlə ki, biz qadında olan bu dəyərli cəhətlərə riayət edək. Gələcəyi təmin edən amil budur. Ümidvarıq Allah sizə kömək olsun!

Qadınlar dəbdəbəliyə sarı sövq olunmamalıdırlar!


Söhbətimin sonunda bir cümlə də demək istəyirəm. Dəbdəbəliyə meyl uzun müddət bizim cəmiyyətimizdə azalmışdı. İnqilabın əvvəllərində qadınlar dəbdəbə və zinətlərə etinasız yanaşırdılar. Lakin təəssüf ki, bu məsələlər indi bizim cəmiyyətimizdə inkişaf etməkdədir. Cəmiyyətimizin düşüncəli, mütəfəkkir və etiqadlı qadınları bunu təhlükə bilməlidirlər. Qadınlar dəbdəbəliyə sarı sövq olunmamalıdırlar.

Əlbəttə, bu təhlükə kişilər üçün də var. Lakin uyğun potensial qadınlarda daha artıqdır. Həm də bu məsələlərdə kişilərin çoxu qadınların təsiri altına düşürlər. Siz bu məsələyə qarşı ciddi mübarizə aparmalısınız. Özünüz də nəzarət edin. Mən az, normal və çəkinməsi mümkün olmayan həddə dəbdəbəliyin əleyhinə deyiləm, lakin ifrat şəkil asla, olduqca əbəs bir işdir. Xanımlar növbənöv paltarlara, bəzənməyə və qızıl-zinət əşyalarına etinasız yanaşmağa, bu məsələlərdə ifratdan çəkinməyə əhəmiyyətli baxmalıdırlar. Bu zaman Allahın lütfü ilə belə zahiri gözəlliklərə yox, həqiqi gözəlliklərə diqqət artacaq. İnşallah müvəffəq olasınız. Söhbət uzandı, amma yenə də bu mühüm məsələ barədə sözlərin çoxu deyilmədi. İnşallah Allah sizə yardım etsin və işləriniz uğurlu olsun! İnşallah dövrün imamının lütfü sizə şamil olsun və İslamın böyük qadınlarının, xüsusən də Fatimeyi-Zəhranın (ə) yolunu davam etdirmək səadətinə nail olasınız!

Allahın salamı, rəhməti və bərəkəti olsun sizə!



1 Nur/31.

Yüklə 270,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə