İKİNCİ Kİtab 1917-ci ildə Bİr neçƏ SÖZ



Yüklə 0,99 Mb.
səhifə3/16
tarix29.01.2018
ölçüsü0,99 Mb.
#22922
1   2   3   4   5   6   7   8   9   ...   16

21
Rüstəmbəy qazalaqdan enib idarəyə gəldi və soyunub yenicə yuyunurdu, bir də Vanya sevinərək ona yanaşdı:

  • Rüstəmbəy, - dedi, - yeni xəbəri eşitdinizmi?

  • Yox, - deyə Rüstəmbəy asma yuyuncağın altından başını qaldırıb, üzünün suyu axa-axa Vanyanı maraqla süzdü.

  • Rasputini öldürmüşlər.

  • Kim? - deyə Rüstəmbəy qalxdı.

  • Bəlli deyildir.

Rüstəmbəy üzünü cəld yudu, məsələnin təfsilatını öyrənib, otağına çəkildi.

Iki əməkdaş səfər kürsülərinə istirahətlə yerləşməyə çalışaraq Rasputin ətrafında uzun-uzadı danışığa başladılar.



Rasputinin savadsız bir mujik olması, Sibirdən Peterburqa gəlib, saray məhafillərində böyük bir mövqe qazanması bunların heyrətinə mucib olurdu. Vanya qəzetlərin sütunlarını dolduran bu hadisənin bir parcasını Rüstəmbəyə nağıl edir, sonra bunun ətrafında mülahizələr yürüdürdülər.

  • Rüstəmbəy, bütun saray bu adamın əlində imiş. Çariçanım vasitəsilə çara nüfuz edirmiş. Heyrət deyilmi? Təsəvvür edin. Rasputin istədiyi adamları vəzir təyin etdirir, xoşuna getməyənləri əzl etdirir...Yüksək zadəgən qadınlarının ən gözəlləri ilə yaşayır. Bütün saray buna tapınır, bunu müqəddəs "starets" sanır...

Rüstəmbəy Vanya ilə həmişə ehtiyatla danışırdısa da bu dəfə özünü saxlaya bilmədi:

  • Əzizim, burada heyrət yeri yoxdur: Rusiya "umulmaz vaqeələr ölkəsi" adı ilə mərufdur. Burada hər şey hərc-mərc bir haldadır. Bir ovuc aristokrat mədəniyyəti yüz milyonluq mujik vəhşətinə; xristianlıq skit zehniyyətinə; slav tatara, tatar slava; Asiya Avropaya, Avropa Asiyaya qarışıb bulanıq bir şey vücuda gətirmişdir. Avropa qitəsinin boyük bir hissəsində yaşadığı halda, adət ənənə, tarix, üsuli-idarə etibarınca heç də Avropa məmləkətlərinə bənzəməz; Asiyanın böyük bir parçasına malik olduğu halda, Rusiyanı "asiyalı" deyə də tələqqi etmək olmaz...Xülasə, bu ölkə müəyyən bir sima və aydın bir xarakterə malik deyil. Belə ölkədən Rasputinin çıxması təbii deyilmi?

Vanya bu sözlərin haqlı olduğunu duyurdusa da, Rüstəmbəyə etiraz etmədən çəkilə bilmədi:

  • Rüstəmbəy, məsələ ölkənin əhvali-ruhiyyusində deyil ki; bunlar həp alman oyunlarıdır. Çariça alman olduğu üçün həp Almaniya üçün çalışır. Rasputin də bunların adamıdır. Rasputin Almaniya ilə barışmaq tərəfdarı idi. Bu Rasputinin öz fikridimi?

Rüstəmbəy sükuta getdi. Münaqişədən yaxa çəkməyə yol axtarırdı. Bir də:

  • Paytaxt qəzetləri haradadır'? Oxumaq istəyirəm, - dedi.

Vanya Rüstəmbəyə bir yığın qəzet verdi. Rüstəmbəy çarpayısının üzərinə uzanaraq:

  • Vanya, idarəmizdə nə yeniliklər var? - deyə sordu. Vanya bir az kinli kimi:

  • Bir şey yoxdur, - dedi, - ikinci bölükdən gəlmişdilər; kürk və ayaqqabı göndərdim. Sabah pula gələcəklər, çek verərsiniz, alarlar.

  • Bankda nə qədər pulumuz var?

  • Siz bilirsiniz, gərək səkkiz min olsun.

  • Yaxşı, - deyə Rüstəmbəy qəzetlərə daldı.

İndiyə qədər Rasputindən bəhs etməyə cəsarət etməyən mətbuat "starets"in fəzailinə aid uzun sütunlar həsr etmişdilər. Bunları Rüstəmbəy böyük maraqla oxudu. Mətbuatın tonu tamamilə hökümətə və saraya zidd idi. Yüksək məmurların sui-istemalları. xəyanətləri, səhlənkarlıqları açıqdan-açığa yazılırdı. O biri tərəfdən də məmləkətin keçirdiyi iqlisadi böhran, aclıq, yoxsulluq aydın surətdə təsvir olunurdu. Artıq xarici siyasət, müharibə kimi böyük bir hadisə İkinci və bəlkə üçüncü sıraya keçirilərək, həp daxili övza müzakirə olunmada idi.

22
Rüstəmbəy əsil vəzifəsindən başqa, ictimai işlərlə də məşğul olardı. Zemstvo əməkdaşları üçün üç yurd təşkil etmişdi. Bunlardan biri qadınlara məxsus idi. Gəlib keçən, ya şəhərdə xidmət edən şəfqət bacıları orada yaşayırdılar.

Rüstəmbəy nahardan sonra yurdları dolaşıb, qadın yurdunda dayandı; tanışı Tatyana və Volodya onu çaya saxladılar. Tatyananın əri Volodya Rüstəmbəyin darülfünun yoldaşı idi. Çox zaman imtahanlara biryerdə hazırlaşmışdılar. Bir aralıq Rüstəmbəy Volodyanı qaib etmiş, sonra təsadüfən ona Qalitsiyada rast gəlmişdi. Volodya əsgərliyə cəlb olunaraq, hərbi məktəb bitirib cəbhəyə göndərilmişdi. Gənc qadını Tatyananı da zemstvo ittifaqında şəfqət bacısı sifəti ilə yerləşdirmişdi.

Rüstəmbəyi yemək otağında qəbul etdilər. Xidmətçi qız samovar gətirdi. Otaq isti və işıqdı. Cəbhədə bir kəsə müyəssər olmayan bu istirahətə bir də dadlı söhbətlər əlavə olundu.

Rüstəmbəy:



  • Volodya, nə əcəb? - deyə sordu.

  • Bəhanə ilə bir günlüyə qopub gəldim; sabah erkən gedirəm.

  • Cəbhədə nə var?

Volodya əlini çırpdı:

  • Məyusluq, tam bir məyusluq! Əsgər yorulubdur, sülh istəyir. Müvəffəqiyyətsizlik hər bir nəfərin ruhunu pozmuşdur. "Bizi başdakılar satırlar", - deyə ümumi bir qənaət hasil olmuşdur.

  • Baş komandanlığın ərkani-hərb zabiti Myasoyedovun işi buna dəlil deyildir?

  • Təbii! hər yer alman casusu ilə doludur. Nə addım atırıq, düşmən bilir. Bundan başqa, silah yetmir. Nizam yox. Daxilin hərc-mərci də bəlli.

  • Yaxşı, - deyə Rüstəmbəy Volodyanın sözlərini kəsdi, - bunların sonu nə olacaq?

  • Sonu? - heç! Almanla təklikdə sülh yapmaqdan başqa çarə yoxdur.

  • Bu ola bilərmi? Hər kəs "son zəfərə qədər müharibə" bağırır. "Sədaqət"dən bəhs edirlər. Müttəfiqlərə söz vermişik, zarafat deyil!..

Son sözləri Rüstəmbəy istehza ilə söylədi və bu, Volodyanın rişxəndinə səbəb oldu.

  • "Son rus əsgərinə qədər müharibə" şüarı daha doğrudur. Müttəfiqlər bunu istəyir. Biz şərq cəbhəsində qana bulaşdığımız halda ingilislər bir addım belə irəli getməyib qüvvələrini saxlayırlar. Təqib etdikləri siyasət bəlli deyildir.

Rüstəmbəy istehzalı təbəssümlə:

  • Bəlli deyil?.. İngiltərə hərb nazirinin söylədiyi sözlər yadındadırmı?

  • Xeyr! Bizim cəbhədə qəzet gördüyümüz yoxdur ki!..

  • "Hərb müqəddəratını son bir milyon ingilis əsgəri həll edəcək", - demişdir.

  • Məsələ aydındır: hər dövlət gücdən düşdükdən sonra İngiltərə sağlam qüvvələrlə meydana çıxıb qələbə çalacaq və sülh şəraitıni diqtə edəcək... Bu "dost"ları görərək insan hər şeydən ikrah olur!.. Bıqdım, iyrəndim! Başqa mövzuya keçəlim.

  • Elə, elə, - deyə Tatyana ərinin təklifini təsvib etdi.



23
Tatyana çayı süzdü, tatlılar qoydu.

  • Buyurun, - dedi və mənsub olduğu aristokratiyanın ədasınca ifadəsində "ğ" səsini çox eşitdirərək sözə başladı:

  • İçin, sinirlərinizi təskin edin; onsuz da bu axmaq müharibədən bir şey çıxmayacaq.

Rüstəmbəy Tatyanaya müraciət edərək:

  • Sizin işiniz necədir? - deyə soruşdu.

  • Nə işim? Hamam müdiriyəm, qadınların çimməsinə nəzarət edirəm. - dedi və qəhqəhə ilə güldü; qəhqəhəsi belə xırıldadı. Volodya da gülümsədi:

  • Tühafsan! - deyə arvadının yanağmı oxşadı.

  • Bilirsən, Volodya, Rüstəmbəy bizə gəlməyə qorxurdu.

  • Neçin?

  • Namusuna təcavüz olmaqdan ehliyat edirdi...

Volodya arvadının safdil və tühaflığını Rüstəmbəyə bildirmək istədi:

  • Rüstəmbəy, Tanya bir az tühafdir... bunun sözlərinə əhəmiyyət vermə. - dedi.

Lakin sözə həvəsi olan Tatyana zarafatlarına davam etdi:

  • Bir axşam burada bir xanım vardı. Əcuzəliqa bir şey idi. Yəqin dərzi imiş, "vətən hissi" qələyana gəlmiş də, cəbhəyə tərəf azim olmuşdu, ha-ha-ha-ha!.. Xülasə, Rüstəmbəyi ovlamaq istəyirdi. Deyəsən, bir şey çıxmadı...

Tatyana xırıltılı gülüşü ilə sözlərinə nəhayət verdi. Xoş ədalı ifadəsi, cazibəli istehzası Rüstəmbəy və Volodyanı da güldürdü.

  • Sonra... deyə sözlərinə davam etdi, - bu axşam etiraf axşamıdır; Volodyanı hər şeydən xəbərdar etməliyəm. Volodya, Rüstəmbəy dediklərini lazımınca yerinə yetirir - məni "yabancılardan" gözləsin deyə tapşırmışdın. Vəzifəsini gözəlcə ifa edir; bir hərəm ağası qədər ayiqdır. Ancaq...

Volodya gülümsünərək onun sözlərini kəsdi:

  • Bəsdir, bəsdir! Axmaqlama! Bəlkə Rüstəmbəy sənin axmaq safdilliyinə bələd deyildir...

  • Bələddir! Bələddir!.. Ancaq, sözümü yarımçıq qoydun, ancaq... bir gün axşam, bizim bir gənc mühasib var, gəldi də, şəhərdən dışarı gəzməyə getdik...

  • Tatyana, yetməzmi? - deyə Volodya ciddi səslə dedi.

  • Nə etməli? Bu hamam məni zara gətirdi. Sıxıntıdan insan boğulur. Rüstəmbəy də əxlaq müdərrisliyi edir... Əylənmək təbii bir ehtiyac deyilmi?

Volodya Tatyanaya qarşı böyük hisslər bəslədiyi üçün onun səmimi hərəkətində fənalıq duymadı, biləks, xoşlandı, onda tühaf ehtiras alovları parladı.

24
Səhər ertə Vanya Rüstəmbəyi sevinclə oyatdı:

  • Yeni xəbərlər var! - dedi. - Petroqradda üsyan olmuş, höküməti düşürmüşlər.

Rüstəmbəy yatağından ildırım kimi qalxdı; cəld yuyunub, çay belə içmədən baş zemstvo idarəsinə qoşdu. Bir çox əməkdaşlar toplanmışdı. Hər kəs fərəh içində bir-birini təbrik edirdi. Alınan rəsmi bir teleqramda Lvovun sədarəti ilə yeni bir kabinet təşkil olunduğu bildirilirdi.

Başqa məlumat olmadığı üçün hərə bir mülahizə yürüdürdü. Stalist Quxman deyirdi:



  • İndi yatmaq zamanı deyildir; təşkilata başlamalıdır. Aşağıdan yuxarı şuralar qurmaq icab edəcək. Birinci sırada ictimai təşkilatları - Qırmızı xaç, şəhər və zemstvo birliklərini bir mərkəzə bağlamaq lazımdır. İclaslar çağırıb, Petroqrad hadisələrinin əhəmiyyətini izah etməlidir.

Vanya nümayişlər yapılmasını lazım bilib:

  • Sabah tezdən qırmızı bayraqlarla küçəyə çıxmalıyıq, - dedi. Bu fikir də oradakılar tərəfındən təsvib olundu.

Lakin müəyyən xətti-hərəkəl üçün Petroqrad hadisələrinin təfsilatı lazım idi. Dövlət dumasının təlimatı gözlənilirdi. Duma liberal fikirlər daşıyanlar üçün bir avtoritet idi; onun hər bir hərəkəti ruhlarda qələyan edək protestlərin tərcümanı idi.

Lvov ümumi Rusiya zemstvo ittifaqı rəisi olduğu üçün onun kabinet təşkil etməsi bütün zemstvo əməkdaşlarına böyük ümidlər verirdi.



  • Yarım saat sonra şəhərdəki zemstvo müvəkkilinin departament müdiri sifəti ilə Petroqrada dəvət olunması xəbəri yayıldı. Bu da əməkdaşlar arasında yeni fərəhlər doğurdu. Bəziləri bunu şəxsi faydaları üçün bir fali-xeyir kimi tələqqi edir. Rüstəmbəydən kölgə kimi bir addım uzaqlaşmayan mühasib imkan bularaq müti bir təbəssümlə ona dedi:

  • Rüstəmbəy, müvəkkilimiz yüksəldi; sizin də yuxarı gedəcəyinizə şübhə edilmir; amandır, məni unutmayınız! Fəaliyyət və sədaqətimi bilirsiniz!..

Rüstəmbəy gülümsədi, bir söz deməyib, bir-iki dəfə baş əyməklə iktifa etdi.

25
Rüstəmbəy baş idarədən çıxıb evə dönərkən xəyalı qanadlanmada idi. O özünü ən xoşbəxt bir adam sayırdı. Ruh yüksəkliyinin, mətanətin, fəaliyyət atəşinin həddi yox idi. Öz-özünə "inqilab nə böyük feyzdir!" - deyə gülümsəyir, nəşələnirdi - böyük dəyişikliklər olacaq; ruslaşdırma, provoslavlaşdırma əbədi olaraq tarix səhifələrinə keçir. Artıq hakim və məhkum millət yoxdur... Bərabərlik, tam bir bərabərlik xalqlar arasında ziddiyyəti qaldıracaq; qardaşlıq günəşi yeni aləmi parladacaq. Artıq hər bir xalqın müqəddəratı öz əlinə keçəcək.

Rüstəmbəy bir də Rusiyada yaşayan 40 milyonluq türk-tatar xalqlarını gözlərinin önünə gətirdi: bunlar üç yüz ildən bəri çar hökmranlığından olmazın zülmlərini görmüşlər; Qazan, Həştərxan, Krım və Sibir xanlıqları dağılmış; Orta Asiya istiqlaliyyəti məhv olmuş, Dağıstan və Azərbaycan hürriyyətini tərk etməyə məcbur olmuşlar; rus mühacirləri çar hakimiyyəti sayəsində sel kimi axaraq, türk-tatar xalqlarını əzib pərakəndə hala salmışlar. Bir qismi hicrəti məhkumiyyətə tərcih etmiş, digəri assimilə olmağa müncər qalmışdı.

Rüstəmbəy dayandı. Qaraqanadlı, xəşin bir kabus dırnağından qurtarmış kimi, asudə nəfəs alaraq, yoluna davam etdi.

...1905 inqilabı bizə milli mətbuat, ana dili, qismən milli məktəb bəxş etdi. İnqilab sədası əsrlərdən bəri cəhldə boğulan xalqları maarif və mədəniyyət yoluna sövq etdi. Bu inqilab isə milli müqəddərat şüarı daşımalı; artıq mərkəziyyət idarəsi yox olub üsuli-idarə federasiya şəklinə çönməlidir...

Rüstəmbəy uzun-uzadı mülahizələr yürütdü və keçmişə qarşı nifrətlər yağdırmaqda davam etdi. İndi cəbhə artıq onu maraqlandırmamağa başladı; o, milli sahə arayır, öz xalqına qarışmaq, onun dərd və nəşəsində iştirak etmək istəyirdi.

26
"Zemokop" əməkdaşlarının bir qismi müdirin evində nahar edirdi. Rüstəmbəy də orada yeyirdi. Bu gün yeni xəbərlər eşitdi. Bir neçə gün əvvəl Dumanı ləğv eləyən Nikolay xəl olunmuşdu. Taxtı qardaşı Mixailə tərk etmişdisə də, o da hakimiyyətdən vaz keçmişdi: daha doğrusu, məcbur edilmişdi. Məmləkətin yeganə sahibi Dövlət dumasının icraiyyə komitəsi imiş. Bundan başqa paytaxtda "Soldat vəkilləri şurası" əmələ gəlmiş imiş. Yeməkdə həp bu məsələlər ətrafında danışılır, cürbəcür mülahizələr yürüdülürdü. Rusiyada cümhuriyyət idarəsi olacağına inananlarla bərabər, Rusiyanı monarxsız təsəvvür etməyənlər də vardı.

Nahardan sonra əməkdaşlar dağılmağa başladı. Tatyana yerindən qalxıb Rüstəmbəyin yanına gəldi və laübali bir əda ilə əlini uzadıb, onun başının tükündən dartdı. Rüstəmbəy heyrət edərək qızardısa da, Tatyananın tühaflığını nəzərə alıb, ona darılmadı.

Tatyana gülə-gülə:


  • Dostum, gedək! - dedi.

Rüstəmbəy qalxdı, bərabərcə çıxdılar. Küçədə Tatyana onun qoluna girdi.

Hava xoş idi. Əriyən qarın seli şaqqıltı ilə axırdı. İnqilab nəşəsi ilə bərabər, bahar havası da ruhda min bir hiss oyadırdı. Rüstəmbəy ilk dəfə olaraq, hərarətini duyduğu Tatyananı erkəklərə məxsus bir nəzərlə süzdü. Ağ çöhrəsinə qan səpilmişdi; gərdənindən doğub yanaqlarına doğru qolbudaq atan incə mavi damarları lətafət saçırdı; qonur parlaq gözlərində bahar nəşələri oynayır, insanı coşdururdu; zərif köksündən görünən ağ təmiz köynəyinin krujevası titrərkən ehtirası qıdıqlayır, atəşləndirirdi.

Bir də Rüstəmbəydə canlanan ehtirasa qarşı başqa hisslər doğdu; nəfsi-heyvaniyyə yavaş-yavaş geriləyərək, qaib oldu. Rüstəmbəy yenə əvvəlki kimi Tatyana ilə yoldaş qadını deyə pak bir niyyətlə danışmağa başladı.


  • Nərəyə getmək niyyətindəsiniz? - deyə sordu.

  • Həkimə getməliyəm.

  • Xəstəmisiniz?

  • Baxın, barmaqlarımın arasına ziyilə bənzər şeylər çıxmışdır. Bunu həkimə göstərməliyəm.

Rüstəmbəy Tatyananın əlini əlinə alıb seyr etdi və bir söz demədi. Xəstəxanaya doğru getdilər.

Yolda nümayişçilərə rast gəldilər. Bir bölük soldal önlərində zabitləri olaraq qızıl bayraqlar və şüarlarla gedirdilər. Hamısının köksündə qırmızı bant vardı. Arabir "Yaşasın hürriyyət!" deyə bağırırdılar.

Bunlara istehza ilə tamaşa edən Tatyana:


  • Axmaqlar! - deyə fırlatdı.

Rüstəmbəy heyrətlə:

  • Tatyana, sizdən belə hərəkət gözləmirdim, - dedi.

Tatyana gülərək:

  • Mujik hürriyyətin mənasını bilirmi, zənn edirsiniz? - deyə sordu, - bunlar qoyun kimidirlər. Yakıb yıxmaqdan başqa bir şeyə qadir deyillər.

  • Bu zadəgan zehniyyətidir!

  • Nə olur-olsun! Mujikə mən bələdəm, onu gözəlcə bilirəm, 1905-də nələr yapmadı!

  • Haqları yoxmu idi?

  • Heç də yoxdu! Zadəganlar olmasa, bu kirli və tənbəl mujiklər acından ölər!

  • Tatyana, bu fıkirlərinizlə məni qane edəməzsiniz. Mujik daima istismar olunmuş və olunmadadır. Buna artıq xitam verməli. İstismar əsrimizə yaraşmır.

  • Siz qırmızı imişsiniz ki!.. - deyə Talyana gülümsədi və Rüstəmbəyin qolunu sıxdı.



27
Xəstəxana polyak zadəganlarından birinin köşkündə yerləşmişdi. İri darvazadan içəri girib, güllük bir xiyabanla saraya doğru irəlilədilər.

Sərvlər arasında dikili mərmər vazlar və heykəllər vardı: vaxtilə buraların dilfirib bir mənzərəsi olduğu görünürdü. Müharibə atəşi buraları da yakmışdı: ağacların çoxusu qurumuş, çiçəklik sönmüş, xiyabanlar pozulmuş, hər yeri alaq basmışdı. Bu pərişan gözəllik Tatyanaya təsir etməmiş olmadı; Rüstəmbəyə oxşanaraq, məst gözləri ilə onu süzdü:



  • Bilirsiniz, - dedi, - bu mənzərə məndə həsrət duyğuları oyadır. Mənə belə gəlir ki, bu sarayı bir eşq yaratmışdır. Müharibə bu eşqi söndürmüş, saray da onunla bərabər sönmüşdür. İndi bu sarayda bir eşq həsrəti duyulur.

Tatyana sözlərini xülyapərvər bir hüznlə bitirib, Rüstəmbəyin üzünə tamaşa etdi. Doğrudan da, gözləri həsrət, eşq həsrəti sezirdi.

İki-üç pilləkən çıxıb, geniş terrasdan koridora girdilər. Koridorları dolaşıb, həkimin kabinetini buldular. İçəri girər-girməz Rüstəmbəy içini çəkdi - köhnə dostuna rast gəlmişdi:



  • O, Bolislav Vasilyeviç! - deyə əlini uzatdı. - Nə gözəl təsadüf! Son dəfə görüşdüyümüz beş il əvvəldi.

  • Elə, elə, dostum! Burada görüşəcəyimizi heç də kəsdirməzdim, - deyə doktor onun əlini sıxdı.

Rüstəmbəy Tatyananı təqdim etdi, həkimin masasının önündə oturdular. Uzun söhbətə vaxt yoxdu. Həkim Rüstəmbəyin gəlməsinin səbəbini sordu, o da Tatyananın əllərini göstərərək məsələni anlatdı. Həkim baxıb gülümsədi:

  • Əriniz nərədədir? - deyə sordu və iri bığının bir ucu yuxarı qalxdı.

Tatyana qızararaq:

  • Cəbhədə. - dedi.

  • Yanınızda olmalıdır... İsteri xəstəliyiniz var.

Tatyana pərt bir halda ayağa qalxdı; çıxdılar. Bütün yolu xanım Rüstəmbəyi sərzənişli sözlərlə yaralamağa çalışdı.

28
Səhər ertə Rüstəmbəy pəncərənin önündə durub neçə gündən bəri küçələrdə davam edən soldat nümayişlərinə tamaşa edirdi. Şəhərin bircə küçəsi vardı, bu da çox uzun deyildi. Ona görə əsgərlərin nümayişi bu küçəni gündə neçə dəfə aşağı enib yuxarı qalxmaqdan ibarətdi. Bu əsnada nümayişçilər bir dəfn mərasiminə rast gəldilər; sadə bir tabutun arxasınca bir uniat keşişi, bir neçə də kəndli gedirdi. Soldatlara bu bir vasitə oldu. Dönüb bu tanımadıqları ölünü qəbiristanlığa təşyi etdilər.

Soldatların intizamı pozaraq bütün günü küçələri dolaşmaları Rüstəmbəyə qeyri-təbii göründü. O, məyus kimi pəncərədən geri çəkildi. Xalqa qarşı bəslədiyi iman sarsılmağa başladı, "bəlkə də Tatyana haqlıdır!" - deyə düşündü, uzun-uzadı mülahizələr yürütdü. Xalqın yetişmədiyini etiraf ilə bərabər, çar idarəsini də təsvib edə bilmədi.

Bu əsnada qapı tıqqıldadı. "Gəl!" deyər-deməz qapı açıldı, Zaqorin içəri girdi. Görüşdülər. Rüstəmbəy yer göstərdi, qarşı-qarşıya oturdular. Zaqorin dilgir kimi görünürdü. Danışmağa belə meyli yoxdu. Bunlar bir-birinə o qədər yabançı görünürdü ki; başqa-başqa siyasi məsləkə mənsub olmaları aydın surətdə gözə çarpırdı. Əvvəldə ordu rəhbərləri ilə zemstvo əməkdaşları arasında böyük bir uçurum vardı. İnqilab bu uçurumu bir qat daha dərinləşdirmişdi. Zemstvoçular liberal fikirlər daşıdıqları halda, zabitlər irticapərəst idilər.

Bir neçə dəqiqə davam edən sükutu Rüstəmbəy pozdu:



  • Hürriyyət transporta da əks etdimi? - deyə sordu.

Zaqorin istehza ilə:

  • Əks etdi də, meyvə də verdi. Təşəkkürlər edirəm!

  • Nə olmuş ki?..

  • Nə olacaq bir nömrəli əmri buraxdılar, ordunun bütün intizamını pozdu. Indi hücuma qabilmiyik?

  • Nə üçün qabil deyilik?

  • Qabil olub-olmadığımızı yalnız əsgər olan bilər. Siz sivil adamlarsınız, siz bunu bilməzsiniz. İtaət olmayan bir orduda hərb qabiliyyəti ola bilərmi? - Təbii. ola bilməz! Bir nömrəli əmr zabitlərlə soldatlar arasında böyük bir ziddiyyət törətdi. Artıq intizam qaydalarını tənqidə qalxışmışlar. Qışlada nəfərlər tapılmaz oldu; hər kəs küçələrdə, nümayiş yapmada... Hürriyyəti anlayıram, ancaq hürriyyət onumu tələb edir?..

Zaqorin gümüş papiros qutusunu çıxarıb bir papiros yandırdı və yanıqla çəkib tüstüsünu burnunun dəliklərindən buraxdı. Hirsindən rəngi qaçmışdı, dişlərini bir-birinə sünərək, yanaqlarının əzələlərini titrədirdi. Bir neçə dəqiqə bu vəziyyətdə qalıb, sükutu yenə özü pozdu:

  • Sonra, - dedi. - İngiltərədə hürriyyət yoxmu? Orada hürriyyətlə bərabər bir kral da var. Bizdə hürriyyəti çarlığın ləğvində görürlər. Halalbuki bizim ölkə çarsız yaşaya bilməz! Mujikə bir qorxu lazimdır; onsuz o, ölkəni xaraba qoyar...

Rüstəmbəy onun sözlərini kəsərək, etiraza qalxışmaq istədi, lakin müvəffəq olmadı. Zaqorin:

  • Məni qane edəməzsiniz! - deyə ona danışmaq imkanı vermədi, - biz müharibəni qaib edən kimi, bədbəxt Rusiyanın gələcəyini də təhlükəyə sövq edirik! - deyə qeyzlə ayağa qalxdı.

Rüstəmbəy onu nahara saxlamaq istədi. Zaqorin rədd etdi və gəlməsinin səbəbini belə söyləmədi.

29
Zemstvo baş idarəsində iclas çağırılmışdı.

İşçilərdən tutmuş yüksək əməkdaşlara qədər hamı buraya toplanmışdı. Çar zamanı yığıncaqlar yasaqdı. Bunun üçün bu axşamı hürriyyətin feyzlərindən ədd edərək, buradakılar ayrıca bir həzz duyurdu. Hürriyyətin mahiyyətini dərk etməyənləri də oraya maraq cəlb etmişdi. Tatyana da burada idi. Onun gəlməsinın səbəbi sırf əyləncə meylindən irəli gəlirdi. Daima böyük şəhər həyatına alışmış; axşamlarını teatrlarda, ballarda, təntənəli salonlarda keçirən gənc bir xanım üçün cansıxan cəbhədə nüdrətən baş verən bu axşam böyük bir əyləncə təşkil edirdi. Məclisin bir tərəfində oturub, ətrafındakılarla şirin söhbətə məşğuldu. Hər kəs deyib-gülüşür, yalnız bir neçə sıra təşkil edən işçilər sükut içindəydi.

Yuxarı başdan bir gənc qalxıb iclasın məqsədini anlatdı və sədr seçilməsini təklif etdi.

Rüstəmbəy əlavə olaraq dedi:



  • Bizim üç adamdan ibarət bir mütəşəbbüs heyətimiz var. Heyətin məqsədi Qızıl xaç, şəhərlər ittifaqı və zemstvo ittifaqı kimi ictimai təşkilatdan birləşdirməkdir. Səlahiyyətdar bir komitə seçildikdən sonra bizim heyətin vəzifəsi bitmiş olur. Bu gün mərkəzi zemstvo komitəsi seçməlisiniz. Başqa ictimai təşkilatlar da komitə seçəcək, sonra bu komitələrin də mərkəzi bir komitəsi olacaq.

Rüstəmbəy sözlərini qurtarar-qurtarmaz yenə əvvəlki gənc yerindən qalxdi:

  • Yoldaşlar, - dedi, - sədrliyə namizədlər göstərin. Məclis bir səslə Rüstəmbəyi göstərdi.

Rüstəmbəy gurultulu alqışlar arasında sədarət kürsüsünə çıxdı. Həyəcanlı olduğu simasından bəlli idi; sanki məclis də bunu duydu-sükuta daldı.

Rüstəmbəy məclisi açıb, böyük bir siyasi nitq söylədi. Çar idarəsinin bütün zülmlərindən, zorbazlıqlarından bəhs edib, istibdadın canlı bir lövhəsini cızaraq məclisdəkilərə təqdim etdi. Milli məsələ sahəsində yürüdülən xətti-hərəkəti göstərib yəhudi, Ukrayna, türk-tatar və başqa xalqların vəziyyətlərini təsvir edərək, dəfələrlə alqışlandı. Nəhayət, qüvvətli bir düşmən qarşısında bulunulduğunu xatırladaraq, nizam və intizama riayət olunmasını tövsiyə etdi.

Çıxışlar başlandı. Çar üsuli-idarəsini zəmmedici nitqlər söyləndi. Danışmaq həvəsinin hər kəsi qapladığı meydana çıxdı. Komitə seçkisi ancaq gecə saat ikidə bitə bildi.

30
Vanya başını bulayaraq, təliqəni Rüstəmbəyə uzatdı:


  • Bu qərarı biz özümüz çıxarmalı idik, - dedi.

Rüstəmbəy bir şey anlamayaraq:

  • Nə olmuş ki?

  • Soldat vəkilləri şurası üçüncü bölük müdirinin iyirmi dörd saat ərzində qovulmasını tələb edir.

Rüstəmbəy hövləki:

  • Melkovodovunmu? - deyə sordu.

  • Bəli!

Rüstəmbəyin rəngi üzündən götürüldü, təliqəni alıb maraqla oxudu, sonra əlində fırlayaraq:

  • İşçilərlə qaba rəftar edirmiş - təbii deyilmi? Melkovodov feldfebel olmuş, bunun üçün işçi ya soldat adam sayılmır. Digər tərəfdən, ışçi ilə xoş rəftar edən kimdir ki? Zemstvoda Sibirdən dönmüş siyasilər var. Bunların da rəftarı feldfebellərinkindən yaxşı deyildir. Bunda da heyrət yeri yoxdur - sosialistlər demişkən "Şüuru varlıq müəyyən edər" - hərb əsnasında insani rəftar yada düşməz; bizdən iş tələb edirlər; işin nə vasitə ilə görülməsi aranılmır...

Rüstəmbəy hirsindən təliqəni kənara atıb düşüncəyə daldı. Masanın önündə ayaq üstdə qalan Vanya:

  • Şuranın tələbini yerinə yetirmək icab edəcək.

  • Nə etməli! Ancaq yerinə qoymağa adam yoxdur. Kimi qoymalı? Bölüyün malı tələf olsa bizi məsul tutacaqlar.

Rüstəmbəy müavini ilə bərabər məsələni ətraflı müzakirə edib, bölük köməkçilərindən birinin göndərilməsini qərara aldılar.

  • Vanya, mən də getməli olacağam. Voronova bir at verdir, birinci bölükdən köməkçi Kasparyanı cağırsın. Əmr yaz, aparsın: səhər saat 7-də burada olmalıdır... Bir yerdə gedək, bölüyü təhvil alsın.

Vanya təsvibedici bir halla dönüb qələm otağına getdikdə qapının arasında dördüncü bölük müdiri Aslanbəyə rast gəldi. Görüşdülər. Vanya bir az içəriyə çəkilərək bölüyü xəbər aldı.

Aslanbəy bığlarının uclarını şişləyərək:



  • İşlər xarabdır; işçilər qələyan içindədir. İşə çıxan yoxdur. Sabahdan-axşama qədər mitinqdədirlər.

Vanya qəhqəhə çəkərək içindən güldü:

  • Deməli, sənin də işin yaşdır! - deyib otağı tərk etdi.

Aslanbəy maraqlı şeylər anlatdı. Cürbəcür "şübhəli" adamlar cəbhə boyunu dolaşıb, əsgəri və ictimai təşkilalları dağıtmada imiş. İşçi işə getmir; əsgər zabitləri saymır; "müharibə yetər!" - deyə qərarlar çıxarılır, min bir tələblər verilir...

Aslanbəy uzun-uzadı anladıb:



  • Bu işlərin sonu fəna görünür, - dedi və, - məni xilas edin, vətənim Dağıstana getmək istəyirəm, - deyə əlavə etdi.

Rüstəmbəy daha da dilgir oldu. Cavab verməyə söz belə bulamadı.

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə