İkinci kitab Bir neçə qərinə sonralar dünya



Yüklə 0,79 Mb.
səhifə9/14
tarix11.03.2018
ölçüsü0,79 Mb.
#31231
1   ...   6   7   8   9   10   11   12   13   14

Bu an hakim-mollanın gur səsi qeybdən gəlirmiş kimi onun qulaqlarına gəlib çatdı.

-Hə, vətəndaş Ərənol Turançı, son sözünü de!

Ərənolu sular yenə geri gətirdilər. Yenə hündür kürsü, qurulmuş dar ağacları, izdiham, izdihamın içərisində ölü gözləri ilə ona baxan zavallı ana, ağlayan ağacın altında dayanmış o qız... Ərənol gözucu qara, qapqara kəndirlərə baxmağa da macal tapdı. Bir azdan o qara, qapqara kəndirlər onların boğazlarına keçiriləcəkdi. Dartılıb, yeddi igidi bu dünyadan aparacaqdı. Ərənol yarım addım da qabağa çıxdı. Bütün izdihama, gülə-gülə ağlayan adamlara, anasına, o qıza, üzü qibləyə dayanan evlərə, yarpaq dodaqlı ağaclara, nalə çəkən quşlara, bağrına dağ çəkilən dağlara bir də baxdı. Boğazından qəmi çəkib, uca səslə hayqırdı:

Ula, ulamağın canımdan keçsin,

Səsin qana dönsün, qanımdan keçsin,

Ağzı yanmış qurdum yanımdan keçsin,

Közərən ocaqlar, gözlə gələrəm!

Bir anda aləm bir-birinə qarışdı. İzdiham hərəkətə gəldi. Elə bil ildırım qopub yeri-göyü lərzəyə gətirdi. Hakim-molla və o biri mollalar bir-birinə baxa-baxa çaş-baş qalmışdılar. Başlarını gəzdirib jandarmları axtarır, sanki onlardan imdad diləyir, bu biabırçı olayın tezliklə bitməsini istəyirdilər. Qarışıq və səsli-küylü izdihamın içərisində jandarmları görə bilməyəndə bir az da həyəcana gəlir, az qala baş götürüb bu başıpozuq adamların arasından qaçmağa, gizlənməyə can atırdılar.

İndiki məqamda nələrin baş verdiyini orda olan adamların heç biri anlamırdılar. Heç Ərənolun özü də. O, ömrünün son saniyələrində ürəyindən keçənləri dilinə gətirmiş, bununla ölümü istədiyi kimi qarşılamaq istəmişdi. Axı o, nə etmişdi ki, durub ölüm anında üzrhaqlıq da edəydi, deyəydi, cənablar, xahiş edirəm, bu günahlarıma görə məni bağışlayın, qanımı İran dövlətinə halal edin. Yox, o, bunları edə bilməzdi. Ölüm ayağında özünü ləyaqətsiz aparmağa vicdanı yol verməzdi. Bu hərəkətinə görə daxili hissləri ona ani olaraq bəzi mətləbləri pıçıldamışdılar. Ona anlatmışdılar, demişdilər ki, belə dəli oyunbazlıqları İran dövləti bağışlamır. Səni edam edəndən sonra bu hərəkətlərin bədəlini ailəndən soracaqlar. Ananı çək-çevirə salacaqlar, xalan Şahcahanı ortada oynadıb, bundan doyumsuz ləzzət alacaqlar. Bunları ömrünün son anlarında bilirdi Ərənol. Amma başqa yolu da qalmamışdı. Ondan sonra anasının yaşamasını da istəmirdi. Ürəyinin bir küncündə, lap dərin qatlarında ondan bir an qabaq anasının ölüb, bu dünyadan getməsini arzulayırdı. Axı qardaşının edamından sonra anasının nələr çəkdiyini görmüşdü. Bunları görə-görə anasının ondan sonra yaşamasını necə istəyə bilərdi? Elə bu qarışıq, dolaşıq anlarda da bu arzu ürəyindən çıxmırdı. İstəyirdi bir nagahan güllə ondan qabaq anasını tutsun. Anasının dünyadan getdiyini görəndən sonra ölümə elə könüldən qucaq açardı ki. Ancaq anasını görə bilmirdi. Heç başqa tanıdıqları da gözünə dəymirdi. Ora-bura qaça-qaça tanıdıqlarını axtarır, gözləri ən çox anasını, bir də o ülkər baxışılı qızı gəzirdi.

Güllə səsləri, qaz balonlarından atılan gözyaşardan maddə, adamların üstünə vurulan su şırnaqlarının altında adamlar dəli atlar kimi qaçışır, səs-küydən, qışqırıqdan, adamların imdad və nalə dolu harayından qulaqlar tutulurdu. Çoxlarına güllə dəymiş, yerə yıxılaraq ayaqlar altında qalmışdılar. Qocalardan, qadınlardan bir çoxunun ürəyi getmişdi. Yerdə qalaraq, ölümdən qaçanların ayaqları altında əzilirdilər.

Bir anda elə bil göydən mələklər endi. Ərənolu ağ qanadları üstünə götürüb, dəli izdihamdan araladılar. Ərənol hələ də nələrin baş verdiyini, onu ölümün əlindən kimlərin qurtardığını düz-əməlli kəsdirə bilmirdi. Bəlkə onu ölümün əlindən almamışdılar? Bəlkə bu tanımadığı adamlar ona əzab verib, öldürmək üçün aparırdılar? Yox, bunlar adam öldürənə oxşamırdılar. Bəs anası necə oldu? Bəs o qız?.. Sıldırım qayaların arası ilə maşın onu dağların başına qaldıranda belə bu suallar onu rahat buraxmır, az qala qışqırıb, onların kimliyini soruşmaq, onlardan anasını, o qızı xəbər almaq istəyirdi.

Maşın gəlib həsirdən hörülmüş xırda damın yanında dayandı. Tanımadığı adamlar yerə düşdülər. Ondan da ehtiramla düşməyini xahiş elədilər. Kişi paltarında bir qadın ona yaxınlaşıb, ana nəvazişi ilə saçlarına sığal çəkdi.

-Can, bala, bu yaşınızda nələr qaldı çəkməyəsiniz? Adın nədir?

-Ərənol.

-Ərənol Turançı sənsən?

-Mənəm. Hardan tanıdınız?

-Sənin qardaşını da edam ediblər?

-Bəli.


-Onda siz başdan-ayağa İran dövlətinin düşmənlərisiniz ki?!

Ərənol başını dik tutub göylərə sarı baxdı. Ala buludlar ölümdən qaçan adamlar kimi cani-dildən o yan-bu yana qaçışırdılar. Görəsən onları da qovan vardımı? Bəlkə buludları da edam etmək, dar ağacına çəkmək istəyirdilər? Onlar da dar ağacına salam verməmək, ölümdən qurtulmaq üçün beləcə göyün üzündə o yan-bu yana şütüyür, qurtula bilməyəndə bulud gözləri ilə ağlayıb, yeri-göyü öz göz yaşlarına qərq edirdilər.

-O vaxt ki, Tanrı millətləri, xalqları yaratdı, onlara da insanlar kimi fərdi xasiyyət, fərdi xüsusiyyət verdi. İnsanlar kimi həlim, xoşrəftar, cəfakeş millətlər də var bu dünyada. Boz, dağıtmağa, qırmağa meyilli xalqlar da. Düzdü, başdan-ayağa mənfi millətlər axtarmağın özü də axmaqlıqdı. Ancaq... Tale belə gətirib ki, qanlar qarışandan sonra o boz millətlərin də içərisinə müsbət enerji yükü atılıb. Yoxsa, elə millətlərlə bir damın altında yaşamaq cəhənnəm əzabı qədər ağır olardı. Məni başa düşürsənmi?

Ərənol o qadının qəliz sözlərinin içindəki mənanı tapmağa çətinlik çəksə də, başı ilə “bəli” işarəsi verdi. Amma işarədən sonra o sözlərin mənasına vara bildi. Və bu qadının kim olduğunu bilməsə də işıqlı və zəkalı birisi olduğuna daxilində qəribə bir inam yarandı.

-Biz soyumuzla, kökümüzlə, genetik kodumuzla ürəyiyumşaq bir millətik. Elə vaxtlar olub ki, bizlərə qənim kəsilən, varlığımızı dünyadan aparmaq istəyən bir xalqın, bir millətin unudulmaz pisliklərini beş-on ilə yaddan çıxarıb, onları bağışlamışıq. Hələ onlara arxa da dayanmışıq. Onların çətin anlarında sinəmizi sipər eləmişik, onları qorumuşuq. Unutmuşuq, yaddan çıxarmışıq ki, belə məqam onların əlinə düşsəydi, bizləri əhf eləməzdilər. Kökümüzü, soyumuzu yer üzündən aparmaq üçün tarixi fürsəti əldən buraxmazdılar. Amma bizlər... Min illər qoruyub arxa durduğumuz, dövlət qurub, hazır bayrağı əllərinə verdiyimiz xalqlar bizə qənim kəsilirlər. Sinəmizə çalın-çarpaz yaralar vururlar. Bizləri yox eləmək üçün özlərini odların, alovların içərisinə atmaqdan belə çəkinmirlər. Tarixin yaddaşı tamam başqa şeylər deyir, mənim zavallı balam. O tarixin yaddaşında olanları çözə bilsən, heyrətdən gözlərin bərələ qalar. Bizim onlara elədiklərimiz hara, onların bizə elədikləri hara?! İndi cansız-cüftəsiz bədən kimi özümüzə gələ bilmirik. Bir az düzələn kimi yenə bel sütunumuzdan vururlar. Qədim tarixi olan bir millətin bu qədər eybəcər əməllərə baş vurması o millətin gələcəyini sual altına alır.

Qadın danışırdı. Elə qəribə sözlər deyirdi ki, o sözləri hələ Ərənol ömründə eşitməmişdi. Ancaq hərdən gen yaddaşı o qadının dediyi sözlərlə eynilik təşkil elədiyindən bəzi mətləblər ona yaman tanış gəlirdi. Ona elə gəlirdi ki, bu qadın yüz illərdi, min illərdi bu boz dağların arasında oturub, həqiqət olanları insanların yadına salır. Bir də elə düşünürdü ki, bu kişi səsli qadını çox görüb. Neçə dəfə bu qadının yanına gəlib, onun həqiqət şərqilərinə qulaq verəndən sonra çıxıb gedib işinin-gücünün dalısınca.

Qadın danışa-danışa bir gözü yollardaydı. Deyəsən, olanlardan nigaran idi. Ərənolun da həyəcanı keçmirdi. Yox, daha o, ölümdən qorxmurdu. Ölümün nəfəsini duymuşdu, ölüm mələyinin “sığalını” görmüşdü. Buna görə ölüm onun üçün heç də qorxulu deyildi. Amma hadisələrin gedişatı, işlərin buraya gəlib çatması onu həyəcanlandırır, qəlbinin tellərini payız yarpaqları tək əsdirirdi. Görəsən bu işlərdən sonra nələr baş verəcəkdi? Axı rejim çox qəddar idi. Qələmi əlində olanlar elə zalım fərmanlar yazırdılar ki, onları düşünəndə belə insanın əti ürpəşirdi. Bir də oyunun qaydasını onun özü pozmuşdu axı. Bundan sonra olanların, baş verənlərin bütün məsuliyyəti onun üzərində qalırdı. Qurulanların dağılması, olanların olmaması, hamısı, hamısı onun adına yazılacaqdı. Anasından, bir də o qızdan da nigarançılığı çox idi. Görəsən indi onlar haradaydılar? Bəlkə onları tutdular, qollarına qandal vurdular, apardılar, kəsdilər, doğradılar? Onun bütün hayıfını anasından, bir də o qızdan çıxdılar. Axı bunlar üçün oyun qaydası deyilən bir anlayış mövcud deyildi. Ona görə də bu anda Ərənol təslim olmağa, qollarına qandal vurulub aparılmağa ürəkdən razı olardı. Təki anasına, o qıza, qohum-qardaşına toxunmasınlar, onlara bu dünyanın cəhənnəm əzabını yaşatmasınlar.

-Sən də nigaransan?

-Çox nigaranam, bəyim.

-Nəyə görə?

-Axı olanların hamısını mən eləmişəm. Bütün olayların səbəbkarı mənəm.

-Bir nəfər olmalıydı, oğlum. Bəlkə də sən xoşbəxtlərin xoşbəxtisən. Bundan xəbərin varmı?

-Hələ başım dumanlıdı, heç nə anlaya bilmirəm.

-O işi görəndə...

-Mən o işi şüurlu eləmədim. Sadəcə, ömrümün son anlarında olanlara qəlbimin sonsuz nifrətini bildirmək istədim.

-Çox yazıqlar olsun bizə, yazıqlar olsun ki, işlərimizin çoxunu şüurlu şəkildə qura bilmirik. Yoxsa, başımıza bu müsibətlər gəlməzdi. Bu qədər şanlı tarixi olan bir millətin başına olmazın fəlakətlər gətirirlər. Dilimizi odlarda yandırırlar, adlarımızı yadlaşdırırlar, üzümüzə bütün qapıları bağlayırlar, biz isə oturub baxırıq. Ki, görək nə vaxt dilimizin nəfəsi kəsiləcək, mənliyimiz, mənəviyyatımız məhv olacaq.

Bu vaxt dağın döşündən atlılar dəstəsi göründü. Qadın bir anda irəli şığıdı. Atlılar atdan düşüb, qadının qarşısında dayandılar, ona təzim elədilər.

-Nə xəbər oldu, igidlərim?

-Yurdanur bəyim, çox böyük çaxnaşmalar baş verdi.

-Sizlərdən...

-Bizlərdən Alparslanla Dəmirol yaralandılar.

-Bəs hardadılar onlar?

-Onları Qara qayaya apardılar.

-Vəziyyətləri pisdirmi?

-O qədər də kafi deyil.

-Bəs orada olanlar, edama məhkum edilənlər?

-Vəhşi rejim yenə bildiyini elədi. Meydanda qan su yerinə axdı. Edamçılardan beşi güllələndi. Orada olan adamlar arasında da xeyli sayda itkilər var.

Döyüşçü danışdıqca Ərənol özünü pis hiss edirdi. Qəlbinə qəribə duyğular hakim kəsilir, özünü günahkar görüb-görməməkdə tərəddüd keçirirdi. Axı onsuz da bu adamlar ölümə məhkum edilmişdilər. Heç bir qüvvə onları ölümün caynağından alıb, apara bilməzdi. Bəs onun özü? Özü niyə sağ qalmışdı? Bir tərəfdən baxanda belə görünə bilərdi ki, Ərənol qəsdən bu işləri törədib. Yəqin onun arxasınca danışanlar da olacaqdı. Deyəcəkdilər ki, bu da onlara xidmət edir. Bu işi törətməkdə də məqsədi qurulan işləri pozmaq, başlanan hərəkata öldürücü zərbə vurmaqdır. Bu anda az qala Ərənol qışqırmaq, haray salıb, fəryad qoparmaq, onu ölümün əlindən alanlara nifrətini bildirmək istədi.

Xalq hərəkatlarında belə şeylər çox olmuşdu. Öyrədilmiş adamlar hərəkatın içərilərinə yeridilmiş, lazım gələn anda ondan məharətlə istifadə olunmuşdu. Və bu istifadənin nəticəsində illərlə qurulan işin mahiyyəti bir anda dəyişmiş, ümumi işə sarsıdıcı zərbələr vurulmuşdu.

Yurdanur Ərənolun narahat hisslərin əlində çırpındığını görəndə öz həyəcanına da hakim kəsilə bilmirdi. Məharətlə bunu gizlətməyə çalışsa da, çoxdan onun yanında olanların, onu yaxından tanıyanların, xarakter cizgilərini bilənlərin nəzərindən bu narahatlıq qaçmırdı. Hətta onun belə təşviş içərisində olduğu da yadlarına gəlmirdi. Bu hiss döyüşçülərin də qəlbini sarır, ikili hisslərin arasında çaş-baş qalırdılar.

Bu döyüşçülərin həmin anda edam meydanında olmaları da Ərənol üçün çox qəribə və müəmmalı bir sirr idi. Axı onlar hardan bilirdilər ki, Ərənol ölüm ayağında edam kötüyünə baş əyməyəcək, bozqurdu yada salıb, meydanı lərzəyə gətirəcək? Bəlkə bu adamlar da... Yox, hər şeyə bu qədər inamsız yanaşmaq da olmazdı. Bunu Yurdanur bəyimin və döyüşçülərin baxışlarından, duruşlarından da hiss etmək olardı.

Yurdanur bəyim sıçrayıb bir anda atının üstünə qalxdı.

-İgidlərim, daha biz buralarda qala bilmərik. Məkanımızı dəyişməliyik. Çünki qəddar rejim çox çəkmədən bizim üstümüzə qoşun çəkəcək. O mürtədlərə təslim olmamaq üçün ağıllı yollar aramalıyıq. Haydı, atlanın! Tanrı bizi qorusun!

Məkanı dəyişmək üçün təcili hazırlıq işlərinə başlanıldı. Kimin nəyi var idisə götürüb atının yanına gətirdi. Bir at da Ərənola verdilər. Yurdanur bəyim qabaqda, döyüşçülər isə onun ardınca düzülüb, yola düşdülər. Uzaqdan baxanda bu adamlar keçilməz qalaya bənzəyirdilər. Elə bir qalaya ki, o qalanın divarlarını göydə Tanrı, yerdə isə bu mənəviyyatı sındırılmış, alçaldılmış, zorlanmış insanların sehrli nəfəsləri qoruyurdu. Nə qədər qorunacaqdı bu qala? Nə vaxtadək o sehrli nəfəsin bu qalanı hifs etməyə qüdrəti çatacaqdı? Bunu bir kimsə deyə bilməzdi. Bəlkə, bəlkə bu qalaya Tanrı tərəfindən uçulmazlıq nişanəsi vurulmuşdu?

Ərənol başqa dünyaya düşübmüş kimi hissiz-duyğusuz halda atlıların arxasınca gedirdi. Ona elə gəlirdi ki, bu dünyadan gedib, başqa dünyanın sakini olub. Yurdanur bəyim də, onun döyüşçüləri də başqa dünyanın sakinləridirlər. Görəsən bu başqa dünyada o, anasını, o ülkər baxışlı qızı tapa, onlara qovuşa biləcəkdimi?
XXX
Şahcahan alaqapının ağzına gəldi. Qapının məftillə bağlandığını görəndə dodaqucu nəsə mızıldandı. Sonra məftilləri hirsli-hirsli açıb yerə atdı. Həyətə keçdi. Bir ağız Nərdoğanı səslədi. Eyvana qalxdı. İçəri otaqları bir-bir gəzdi. Bacısını axtardı. Onu tapa bilməyəndə məyus-məyus Ərənolun divara vurulmuş şəklinin qarşısında dayandı.

-Bala, bu gəlin ölmüş bacım hardadı? Niyə heç biz tərəflərə baş vurmur? Bəs xəbəri yoxdu xəbərdən? Bə bilmir ki, dədəm məni ərə verdi? Bir gəlsin, bir gözaydınlığı versin. İmam haqqı onun heç nəyi mənə lazım deyil. Odur ey, dədəm iki yük maşını cehiz alıb mənə. Vallah, elə əzəldən ölmüş bacım mənim paxıllığımı çəkir. Nə edim bəs, öz qismətimi ona bağışlayım? Heç sən də yaxşı oğul deyilsən. Hansı cəhənnəmdəsən, bilmirəm, bir ayaq atıb demirsən ki, görüm xalamın toyu nə vaxtdı. Bir Varoldan çox razıyam. Hər gün mənə baş çəkir. Bilirsən, axşam mənə nə deyirdi? Deyir, sənin toyunda başmaqlarım yırtılana qədər “İran təranələri” oynayacağam. Bilir axı mən İranı çox sevirəm. İrana da qurban olum, onun təranələrinə də. Hələ desən, mənə göndərdiyi igidə də... Dur, dur gəl oynayaq. Oynamırsan? Cəhənnəmə oyna, gora oyna, özüm oynayaram.

Qadın qəribə tərzdə qollarını yana açdı. Ağzında mızıldandı. Sonra düz ortaya gəlib oynamağa başladı. Bir xeyli oynadı. Arada kimlərisə oynamağa dəvət elədi. Sonra söydü, yamanladı... Hirsindən, hikkəsindən nə edəcəyini bilmədi. Gücünü göz yaşlarına verdi. O ki var ağladı, sızladı, içinə düşdü. Ağlamaqdan yorulanda xalçanın üstünə çökdü. Yerə uzandı. İki-üç dəqiqədən sonra yuxuya getdi. Qadının xorultusu, bəlkə də, məftili qırılmış qapının ağzına gəlib çatardı. Ancaq bir kimsə nə o qapıya tərəf baxırdı, nə də evdə kimsənin olmağı ilə maraqlanırdı. Bu ev, elə bil, adamların yadından çıxmışdı.
XXX
Moris kənddə üçüncü ev idi ki, dəyişirdi. Sanki bu kişi kənddə olan bütün boş evlərin sakini olmaq istəyirdi. Bəlkə də bu boş evlərin boşluğundan sıxılırdı. Ona görə hər boş evdə bir az qalırdı ki, soyuqdan donan evlərin divarlarını öz nəfəsi ilə isitsin. Axı evlər də insan kimi idilər. Onların da canı, qanı, ürəyi, nəfəsi var idi. Bu evlər insan nəfəssizliyindən boğula bilərdilər. Belə olsaydı, onda kəndə səs-küy yayılardı. Deyərdilər, dünən Məşə Həsənin evi rəhmətə getdi. Səhər Sarı Saranın komasının ürəyi dayandı. Bu gün Qıdı Seyidin evi qəfildən dünyasını dəyişdi. Qəfildən deyəndə ki, bu dünyada qəfildən heç nə olmur. Hər nə olursa aram-aram olur. Ancaq adamlar bunun fərqinə varmırlar. Aram-aram olanları görməyi bacarmırlar. Ona görə deyirlər, filan iş qəfildən belə oldu, qəfildən elə oldu. Filankəs qəfildən, gözlənilmədən dünyadan getdi. Amma insan hər şeyi gözləsə, gözləməyi bacarsa onun üçün qəfil olanlar, gözlənilməzlər heyrət doğurmaz, adam balası adam balası kimi başa düşər ki, hər nə olursa, hər nə baş verirsə, hamısı gözləniləndi.

Morisin kəndin yuxarı başından orta hissəsinə, oradan da lap aşağı başına köçməsi də əslində gözlənilməz deyildi. O, bu kəndə çox böyük ümidlərlə gəlmişdi. İslam dininin dəyəri, sehri onu götürüb dünyanın o başından buraya gətirmişdi. Gətirmişdi ki, Moris görsün, eşitdiklərinə, oxuduqlarına əmin olsun, öz dini ilə bu dini müqayisə eləsin, beyninə vursun, ürəyindən keçirsin və hər şeyə inanandan sonra bu dinə tapınsın, İslama qucaq açsın. Amma bu ümidlər şölələnmək əvəzinə günü-gündən işığını itirirdi.

Hər evə köçəndə kəndin mollasını evə gətirirdi. Quran ayələrindən oxutdurub, həm evi paklaşdırır, cin-şayətini uzaqlara qovur, həm də İslamın o nurlu aurasına köklənmək istəyirdi. Ondan sonra dindən bir az başı çıxanlar onun bu qərib evinə ayaq açırdılar. Morislə danışmaq, İslam dinini ona qandırmaq istəyirdilər. Biri deyirdi, təcili adını dəyiş, kafir adından qurtul, müsəlman adı götür. Yoxsa, sənin bütün cəhdlərin boşa çıxacaq, səmərəsiz olacaq. Belə olanda Moris özünə də şübhə ilə baxırdı. Sonra yazıq-yazıq düşünürdü ki, ayə, adın müsəlmana, xristiana nə dəxli?! İnsanın mənəviyyatı, iç dünyası, iman və etiqadı adının mənası ilə ölçülməz axı. Belə olanda çaş-baş qalırdı Moris. Hərdən arvadını yanına çəkib, dərdli-dərdli onunla uzun-uzadı söhbətləşirdi.

-Janna, deyəsən, o cənnət deyilən yer bizlər üçün deyil.

-Bəs kimlər üçündür?

-Bu kəndin adamları üçün.

-Bu kənddə yaşayanların hamısı cənnət əhlidir?

-Yəqin.


-O cinə, şeytana oxşayan, adamı az qala gözləri ilə yeyən kişilər də?

-Bilmirəm. Amma deyəsən, cənnət əhli olmaq üçün gərək bunlardan xasiyyətnamə alasan. Özü də daşdan keçən tərifli sözləri ilə.

-Sən nə danışırsan, Moris? Başın, beynin pozulur, deyəsən. Gör bunların özünü cənnətə buraxan olacaq?

-Yox, bunlar çox əmindirlər. Elə danışırlar ki, sanki Tanrı bunlara zəmanət verib. Dünən o birisi var ha, kosasaqqal...

-Kəblə Məhi?

-Hə, hə, onu deyirəm. Deyir ki, heç müsəlmanların da hamısı cənnətə getməyəcək. Bunlarda bir təriqət var, şiə deyirlər, nə deyirlər, onlardan başqa bütün müsəlmanlar da əbədi cəhənnəm əzabına düçar olacaqlar.

-Sən nə danışırsan, Moris? Bu nə deməkdir? Belə də nadanlıq olar? Axı sən mənsiz necə söhbət eləmisən onunla? Tərcüməsiz onu necə başa düşmüsən?

-Daha onların danışıqlarının çoxunu başa düşürəm. Deyim ki, bunların çox şirin dilləri var. Həm də çox asan qavranılır. Ancaq hələ danışmaqda əziyyət çəkirəm. İnşallah, onu da öyrənərəm... Hə, belə danışırdı... kəblə... Məhi.

-Vallah, mən bəzən bunları anlamıram. Hərdən elə əfsanələr uydurub İslam adı ilə adamların canına sırıyırlar ki, adam qalır mat-məəttəl. Dünən, bilirsən, Vialetta mənə nə deyirdi? Deyir, anacan, hərdən bura gəlməyimizə peşman oluram. Deyir, bilirsən, adamı çox çətin başa düşürlər. Elə bil, biz heç nə bilmirik, onlar hər şeyi bilirlər. Deyir, Gülüz, Qılman, bir də Məryəm olmasa atama deyərəm, gedərik buralardan, qayıdarıq vətənimizə.

-Biz buraya gəzməyə gəlməmişik, Janna. Böyük və müqəddəs missiyanı qəbul eləmək üçün elimizdən, obamızdan didərgin düşmüşük. Elə şeylər danışmayın... Bir də axı Vialettanın sevdiyi adamlar daha bizdən aralı düşüblər.

-Nə fərqi? Hər gün Gülüzgilə gedir. Elə bil, Gülüz onun doğma bacısıdır.

Janna hər zaman Vialettanın tək olmasının üzüntüsünü çəkirdi. O vaxtlar qanında olan xəstəlik üzündən daha onun övladı olmamışdı. Qızları öz bacısı, qardaşı ilə qoşa yeriyən görəndə qəlbində qəribə bir xiffət alovu yanırdı. Ona elə gəlirdi ki, vaxt gələcək Vialetta da ona gileylənəcək, deyəcək, ana, təklik axı təkcə Allaha yazılıb. Mən ki, Allah deyiləm. Məni niyə tək qoydunuz? O sözləri eşitməkdən yamanca qorxurdu Janna. Elə hərdən Morisin də gözlərinə dik baxmaqdan çəkinirdi. Düşünürdü ki, bəlkə Moris qəlbinin hansısa gizli bir yerində tək övladlarının olmasına görə onu qınayır... Bəzən də özünə təskinlik verirdi. Düşünürdü ki, nə olsun övladımız təkdir. Bu dünyada nə qədər desən tək övladlı ata-analar var. Elə tək övladlar var ki, beş-on oğula-qıza dəyərlər. Məsələ çox övladlılıqda deyil, cəmiyyətə şüurlu və yetgin şəxs bəxş etməkdədir. Bəzən fərd çox fərdlilərin yanında daha qüvvətli görünür.

Hər nə isə qızının ona o sualı verməsindən Janna ehtiyatlanırdı. İstəyirdi ki, Gülüzü, ya da Məryəmi bacı məhəbbəti ilə sevsin. Onlar da Vialettaya bağlansınlar. Beləcə tənha olduğunu unutsun Vialetta. O qorxulu sualı da Jannaya verməyə macal tapmasın.

Buraya gəlməyə qərar verənə qədər Moris ilə Jannanın arasında bir xeyli söhbətlər olmuşdu. Əvvəl hər ikisi tərəddüdlər içərisində qalmışdılar. Bu qərarı vermək asan məsələ deyildi axı. Bir mühitdən çıxıb başqa, tam başqa bir mühitin havasına köklənməliydilər. Elə mühitlər ki, onlar arasında bir aləm qədər fərq var idi. Orada qəbul olunanlar burada qəbul olunmurdu. Orada yeyilib, içilənlər burada yeyilib, içilmirdi. İnsanların fərdi və ictimai münasibətlərində də yetərincə fərqlər mövcud idi. O biri yandan da ən əsas məsələ gəlirdi. Elə bir məsələ ki, onu qəbul etmək hər adamın işi deyildi. Öz dədə-baba dinindən, zatının, kökünün tapındığı bir inam işığından imtina etmək, başqa, bambaşqa bir imana tapınmaq düşünüldüyü qədər də asan gəlmirdi onlara. Bunun üçün onlar uzun müddət özlərini kökləmişdilər. Saysız-hesabsız kitablar oxumuşdular. İslam dinini qəbul edən xristianları internet xətti ilə tapıb, onların fikir və düşüncələrini öyrənmişdilər. Və tam, qəti qərara gələndən sonra bu çətin addımı atmaq üçün uzun yolçuluğa çıxmışdılar. Bir övlad kimi Vialettanın da razılığını alandan sonra bu kəndi özlərinə məkan seçmişdilər.

Moris sonuncu din olan İslamın müsbət məziyyətlərini öyrənmişdi. Janna ilə yekdil qərara gəlmişdilər ki, bu din doğrudan da, dinlərin ən zirvədə dayananıdı. O biri dinlərdə çatışmayanlar bu dində tamamlanır, bütövlənirdi. Beləcə, bu dinin şöləsi onların qəlbini bir eşq atəşi ilə yandırırdı. Onu da bilirdilər, heç bir zərrə qədər də şübhə eləmirdilər ki, öz yerliləri onların bu addımını qınayacaqlar, onlara tənə edəcək, lağa qoyacaqlar. Hələ onların bu addımına şübhə donu biçənlər də tapılacaqdı. Üzlərinə deməsələr də, arxalarınca danışacaq, onları ələ alıb bu yola salanların bəd niyyətlərini dillərinə gətirəcəkdilər. Bunları hər ikisi tam dolğunluğu ilə anlayırdılar. Hələ desən, Vialetta da yaşının azlığına baxmayaraq bu işin mahiyyətini, müsbət və mənfi cəhətlərini xırda beyninin xırda damarlarından keçirməyi bacarırdı.

Bu gün də onların qonaqları olacaqdı. Dünən məsciddə Morisə namaz qılmağı öyrədən iki dindar onlara gələcəklərini, İslamın məqsəd və məramını ona anladacaqlarını demişdilər. Jannanın da qadın qonaqları olacaqdı. Əslində onların belə gəlmələri Morisə sərf eləmirdi. Axı onun əsas tərcüməçisi Janna idi. Qadınlar gələndə yan otaqda otururdular, kişilərin yanına gəlmirdilər. Belə olanda Moris danışılan söhbətlərin bir hissəsini başa düşmürdü. O, bunu Jannaya da demişdi. Demişdi, kişilər gələndə qadınlar gəlməsin, sən mənim yanımda ol, onların danışdıqlarını mənə başa sal. Morisi dolaşığa salan, dindarları anlamaqda çətinlik yaradan bir də onların çox qəliz danışmaqları idi. Elə ifadələr işlədirdilər ki, onları Janna da başa düşmürdü. Ancaq hər necə olsa da bunların dilini Janna ondan daha yaxşı bilirdi.

Alaqapı asta-asta döyüldü. Moris həyətə çıxdı. Kim olduqlarını bilmədən gələnləri evə dəvət elədi. Onlar həyətə daxil olanda Moris bir andaca onları tanıdı. Dünən məsciddə ona namaz qılmağı öyrədən dindarlar idilər. Biri üzündə yekə xalı olan bəstəboy, çəlimsiz kişi idi ki, ona məsciddə “hacı” deyə müraciət edirdilər. O birisi ucaboy, göygöz kişiyə də hacı deyirdilər. Amma onun arxasına İsmixan da qoşurdular.

Bu kənddə olduğu müddət ərzində Morisin ən çox bəyənmədiyi bir hal var idisə, elə o da adamlara edilən müraciətlə bağlı idi. Məscidə gələn, meydanda oturan adamların əksəriyyətinə ya hacı, ya kərbəlayı, ya da məşədi deyirdilər. Elə bil, bu adamların öz adları yox idi. Morisə elə gəlirdi ki, bu adamların çoxusunun adı nəinki kənd camaatının, özlərinin də yadından çıxıb. Bu barədə heç kimə bir söz deməmişdi. Təkcə arvadına danışmışdı. Arvadı da gülümsəyib, qəribə-qəribə göylərə baxmış, başını bulamışdı.

Moris hörmət-izzətlə onları böyük qonaq otağına dəvət elədi. O, ürəyində sevinirdi, sevinirdi ki, qadınlar gəlməyib. Beləsə, Janna ona yaxşı tərcüməçi olacaqdı. Janna da hər ehtimala qarşı tədbirli davranmışdı. Kənd dükanından aldığı qara yaylığı hazır qoymuşdu ki, dindarlar gələndə onların qarşısına başıaçıq çıxmasın. Kəndə gələndən bir az sonra ona başa salmışdılar, demişdilər, qadın kişilərin qarşısına saçları açıq çıxa bilməz. Yoxsa, o dünyada tüklərinin sayı qədər qır qazanında onu yandıracaqlar. Qır qazanının nə olduğunu öyrənəndən və tükləri ürpəşəndən sonra kənd dükanına gedib, dükançı hacı Teyyubdan qara yaylıq almışdı. Həyətə bir yad kişi daxil olan kimi Janna birinci növbədə içəri otağa keçib, qara yaylığını başına çəkirdi.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə