İkinci kitab Bir neçə qərinə sonralar dünya



Yüklə 0,79 Mb.
səhifə8/14
tarix11.03.2018
ölçüsü0,79 Mb.
#31231
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

-Nə istəyirlər onlar?

-Bilmirsən nə istəyirlər?

-Mənim sualıma sualla cavab verməyi bilirsən ki, xoşlamıram.

-Bağışlayın, Sergey İvanoviç. Türklər yaman azğınlaşıblar. İran dövləti bunların nazı ilə niyə bu qədər oynayır, başım çıxmır.

-İran dövləti heç zaman türklərin nazı ilə oynamayıb. Yəqin burada da hansısa bir gizli mətləb var. Tarix boyu farslar türklərin inqilabi ruha köklənən bütün hərəkətlərini qan içində boğublar... Türklər nə istəyirlər axı?

-Əl boyda xalq özünə məktəb, əlifba, öz dillərində televiziya kanalları tələb edirlər.

-Əl boyda? Hə də, olsa-olsa cəmi qırx milyondurlar. Qırx milyona nə məktəb?

Hər ikisi ürəkdən güldülər. Araq dolu badələrini bir-birinə çırpıb, başlarına çəkdilər.

-Xoren, sənin narahatçılığın elə buna görədir?

-Yox, Sergey, son vaxtlar mənə elə gəlir ki, türklər hər yerdə məni izləyirlər. İndi də elə hiss elədim ki, arxamca düşüblər.

-Sən türklərin nəyinə lazımsan?

-Heç nəyinə lazım deyiləm. Ancaq həmişə İranda türklər bizi görəndə, elə bil, qutuda ilan görürlər. Xüsusən son zamanlar.

-Sənə elə gəlir, Xoren, bəlkə də onların millətçilərində o hiss ola bilər, amma onlar ümumən sizdən qopa bilmirlər. Xüsusən qadınlarınıza olan sevgiləri sizin biryolluq qırılmağınıza imkan vermir. Təbrizdə, türklərin ana beşiyində erməni məhəlləsi indi də bərq vurur. Türklər bu işi İrəvanda görə bilərlərmi? Siz onların ağsaqqalına, uşağına baxmadan hamısının başını kəsərsiniz. Sizin bu işlərdə Andronik babanızdan böyük təcrübəniz var.

-Yavaş danış, Sergey İvanoviç, adam hər olanı dilinə gətirməz. Gərək nə olubsa, tərsinə yazasan ki, türklərdən torpaq, təzminat qazanasan. Rəhmətlik Mehran bilirsən nə deyirdi? Xırıltılı səslə qulağıma pıçıldayırdı ki, türklərin farslara və ermənilərə elədikləri yaxşılıqların qarşılığında farsların və ermənilərin türklərə xəyanətini bəndə də bağışlasa, Allah bağışlamayacaq.

Mehran Qulampur on beş-iyirmi gün idi ki, dünyadan köçmüşdü. Onun ölümünün səbəbləri haqqında hələ də müəmmalı, bir-birinə zidd şaiyələr dolaşırdı.

-Bilinmədi Mehranın nədən ölməyi?

-Yox, deyilənə görə işi bağlayıb qırağa qoyublar. Görünür onun arvadının əhatə dairəsi çox geniş imiş.

-Türk arvadının həsrətini çəkə-çəkə bu dünyadan getdi.

-Bəli. Deyilənə görə öləndə də son sözü o, qadının adını çəkmək olub.

-Xoren, deyir, yaxşının yerini pis gələndə bilərsən. Mehranın yerinə qoyulan əməkdaşdan heç xoşum gəlmir.

-Niyə ki?

-Belə birtəhər adamdır. Gözlərindən heç nə oxumaq olmur. Belə ölügöz insanlar çox qorxulu olurlar.

-Əslində bizim kimi insanların gözlərindən gərək heç nə oxunmasın.

-Orası elədir, ancaq heç olmasa, gərək biz oxuya bilək.

-Mən sənin gözlərindən bir şey oxuya bilirəm ki?

Sergey güldü. Elə gülə-gülə də kinayəli-kinayəli Xorenə baxıb, qəribə tərzdə ona göz vurdu.

-Ancaq mən səni oxuya bilirəm.

-Nə yazılıb gözlərimdə?

-Yazılıb ki, bu ruslara çox da etibar yoxdu. Bir də gördün bizdən üz döndərdilər, türklərin ətəyindən yapışdılar. Bu baxır rus siyasətinin gedişatına. Amma bizim başqa yolumuz da yoxdu. Bölgədə ən yaxın qonşumuz olan, zaman-zaman qaynayıb, qarışdığımız türklərlə bağlarımızı elə qırmışıq ki, daha onlara yaxınlaşmağa üzümüz qalmayıb.

Xoren şaqqanaq çəkib güldü. Gözlərini Sergeydən gizlətmək üçün yerə baxdı.

-Yox bir, Sergey İvanoviç, sən lap ağ elədin.

-Xoren, sən müqəddəs İsanın ruhu, mən düz oxudum, yoxsa yox?

Xoren gülməyini kəsib, üzünə ciddi ifadə verdi. Bir qədər düşünüb, əsl siyasətçi kimi danışmağa çalışdı.

-Bilirsiz, bu dünya çox kiçikdir. Gərək insanlar bunu başa düşələr. Bir-birinə düşmən kimi yanaşmayalar. Təsəvvür edin ki, biz türklərlə dost münasibətindəyik. Onda işlərimiz necə gedər? Türklər sərhədləri bağlayandan havasızlıqdan boğuluruq. Səfalət içində üzürük. Hələ nə yaxşı ki, bu İran var, yoxsa siz ordan gələnə qədər biz burada ölüb qurtararıq. Ona görə də gor qonşuları bir-birini anlamalıdırlar.

-Elə bilirsiniz, İran sizi anlayır, ona görə belə can yandırır?

-Yox, Sergey İvanoviç, farslar türkləri boğmaq üçün bizə belə meydan veriblər. Yoxsa, əmmaməli, saqqalı düyün düşən mollalar bizi heç adam yerinə də qoymazlar. Deyir, iki varlı vuruşar, arada kasıb qazanar. Onların belə düşmənçiliyi bizə çox sərf edir.

-Amma sualdan yayındın, Xoren.

-Elə suallar var ki, onlardan yayınmasan, başını bəlaya salarsan.

Bu zaman qapının zəngi çalındı. Sergey gözlükdən baxıb, Mehran Qulampurun yerinə qoyulan Rza Busəvini görəndə üzünü turşudub, uzaqdan Xorenə nəsə pıçıldadı.

Rza Busəvi ortayaşlı, alçaqboylu, dolubədənli, ağ saçları, ağ bığları olan bir adam idi. O qədər astadan danışırdı ki, dediklərini başa düşmək üçün gərək eşitmə orqanını bütün gücü ilə işə salaydın. Dedikləri sözlər arasındakı əlaqəsizlik onu dinləməyi bir az da çətinləşdirirdi. Güləndə elə gülürdü ki, elə bilirdin için-için ağlayır. Ağladığını görən olmamışdı. Yəqin ağlamağı da gülməyə oxşayardı. Rza spirtli içki qəbul eləmirdi. Vaxtı ilə çox içmişdi. Mədəsi xəstələnəndən və cərrahiyyə əməliyyatına düşəndən içkini ona qadağan eləmişdilər. O, gözucu mətbəxə nəzər yetirib, qazın üstünə çaydanın qoyulmadığını gördü, Xorendən bir stəkan su istədi. Divanda yerini rastlayıb, ayaqlarını altına yığdı. Sergeylə Xoren ona lap yaxın oturdular ki, bəlkə dediklərindən bir şey anlayalar.

-Mənim bu işlərdən heç gözüm su içmir.

-Hansı işlərdən?

-Dünya birliyi İrana təzyiqlərini günü-gündən artırır.

-Nə edir?

-Sergey, deyirəm, dünya bizim dövlətimizi sıxmaq, sonra da gücdən salmaq istəyir. Ancaq arzuları ürəklərində qalacaq. İran onlar üçün ərəb dövlətləri deyil ki, sağdan sola çəksinlər, soldan sağa... Bu işdə sizin dövlətinizin mövqeyi də məni qane eləmir.

-Necə?

-Rusiya bəzən ikili hisslərin arasında qalır.



-Ancaq, Rza, o gün gizli toplantı keçiriləndə sən tamam başqa fikir söylədin. Dedin, Rusiya İranın əsas müttəfiqlərindən biridir.

-Düzdür, demişəm. Toplantı başqa, indi başqa. Orada həqiqətlərin çoxunu demək olmaz. Amma həqiqətin gözlərinə dik baxanda görürsən ki, çətin vaxtda Rusiyaya bel bağlamaq heç də etibarlı iş deyil.

-Bir az ucadan danış.

-Deyirəm, İranın özündən başqa deyəsən, dostu yoxdur.

-Bəs biz?-Xoren birinci dəfə söhbətə müdaxilə elədi.

-Sizin də quyruğunuz daş altındadır, ona görə.

-Heç sizin də quyruğunuz azad deyil.

Söhbət yavaş-yavaş əndazəsindən çıxırdı. Belə getsəydi bunlar hansı mənsəbə qulluq elədiklərini unudub, bütün həqiqətləri ortalığa tökəcəkdilər. Mehran Qulampurun vaxtında da belə hallar olurdu. Birdən Mehran əsəbiləşib həqiqətləri dilinə gətirirdi. Sonra tez də səhvini anlayırdı. Başa düşürdü ki, bunların gördükləri görəvlə həqiqət arasında çox böyük məsafə var. Bu uzun məsafənin arasına damla boyda həqiqət suyu atsan, aləm bir-birinə qarışar, münasibətlər pozular, dövlətlər arasında gərginlik yaşanar.

Mehran Qulampurun ölüm şaiyələri sırasına bunu da daxil edirdilər. Pıçıltıyla danışırdılar ki, Mehran siyasi səhv buraxıb, elə buna görə də dövlət onu aradan götürüb.

-Ağayi Rza, deyirsən, iki il Moskvada oxumuşam, bəs bizimlə nə üçün rus dilində danışmırsan?

-Tehranda siznən rus dilində danışım?

-Necə?


-Deyirəm, Tehranda hər kəs fars dilində danışmalıdır.

-Türklər də?

-Bəli, türklər də. Onların bir qrupunun hoppanıb-düşməklərinə baxmayın, özləri də yaxşı başa düşürlər ki, onların dili ölü dildir. Ölü dillə danışan insanların özləri də ölü kimidirlər.

-Yəni deyirsən, onların bu canfəşanlığı bir nəticə verməyəcək?

-Bu nəticə verməlidir?

-Axı gələn məlumatlara görə, bütün İran boyunca türklərin hərəkətə gəldikləri hiss olunur.

-Nə olsun ki? Vaxtı ilə də bir neçə dəfə belə hərəkətə gəliblər, hər dəfə də qan içində boğulub, quzu kimi yerlərində oturublar.

-İndi zaman başqa zamandır, Rza, sən o vaxtlarla indini bir götürmə. Ən azı ona görə ki, o tayda müstəqil Azərbaycan dövləti var.

-Müstəqil? Kim deyir, onlar müstəqildirlər? Kağız-kuğuz üzərində müstəqildirlər onlar. Siz qoyarsınızmı onlar müstəqil olsunlar?

-Ucadan danış.

-Deyirəm, siz böyük qardaşları onları müstəqil olmağa qoymazsınız.

-Heç siz də bizdən geri qalmırsınız.

Sergeylə Rzanın uzun dioloquna səssizcə qulaq asan Xoren bu yerdə özünü saxlaya bilmədi, ayağa qalxıb, ucadan güldü.

-Hər ikinizə eşq olsun! Ləzzət eləyir sizin söhbətlərinizə qulaq asmaq. Heyif ki, ağayi Rzanın səsini eşitmək üçün gərək çox əziyyətlərə tablaşasan. Rza, deyirsən yəni türklərin İrandakı bu işləri heç bir səmərə verməyəcək?

-Verəcək.

-Necə?


-Çox böyük səmərə verəcək. Onların üzdə olan öncüllərini İran dövləti bircə-bircə dar ağacından asacaq, bundan sonra yerdə qalanlara görk olacaq. Qanıb, başa düşəcəklər ki, İran dövləti ilə zarafat eləməyin sonu dar ağacıdır.

-Bu dar ağacı sizin tapıntınızdır, ağayi Rza. O mənzərəni görən insan azadlıq sözünü bir də dilinə gətirməz.

-Heyif ki, İranı sıxırlar. Yoxsa, İran türklərinin məsələsini birdəfəlik həll edərdik.

-Kimdi sizi sıxan, ay ağayi Rza? Onsuz da dünya birliyini siz vecinizə də almırsınız.

-Orası düzdür. İt hürər, karvan keçər. Ancaq it hürməsə karvanın işləri daha yaxşı gedər.

Bu üç dövlət arasında qəribə təzad var idi. Üzdə bir-biriləri ilə dostluq münasibəti saxlayırdılar. Əslində isə... Bu dövlətlərdən heç birinin o birisinə inam və etibarı səmimiyyət üzərində qurulmurdu. Rusiya İrana İran Ermənistana inandığı qədər inanırdı. Ermənistanın Rusiyaya da etibarı möhkəm zəminlər üzərində dayanmırdı. Elə ona görə də bu üç əməkdaşın şəxsi söhbətlərində həmişə bir daxili gərginlik olurdu. Bəzən bu gərginlik o həddə gəlib çatırdı ki, bu adamların şəxsində bu dövlətlərin qeyri-səmimi münasibətinə heyrət etməyə bilmirdin. Düşünürdün ki, bu dövlətlərin bir-birinə indiki məqamdakı lazımlıqları olmasaydı, bu dövlətlər arasında çox böyük gərginliklər yaşanardı. Ancaq tale elə gətirmişdi ki, nəyə və nələrə görəsə bu dövlətlər kövrək və yalançı dostluğu saxlamağa çalışırdılar. Bu dostluqdan daxilən ən çox üzülən isə Rusiyalı əməkdaş olurdu. Hegemonluğu həyat şüarlarına çevirən rusların nümayəndəsi bəzən bu qeyri-səmimiyyətdən bezir, az qala qışqırıq salaraq, bu münasibətlərə etirazını bildirmək istəyirdi. “Axı siz kimsiniz? Kimsiniz ki, sizinlə belə pişim-pişimlə rəftar eləməyə çalışırıq. İran Rusiyanın tayıdırmı? Böləsən bir Rusiyadan on İran çıxar... Hələ bu Ermənistan. İşiniz onda gətirib ki, xristian dininə tapınmısınız. Yoxsa, nə qədər quyruq bulasanız da sizə sahib olub, var-dövlətimizi sizə peşkəş etməyəcəkdik.” Bu sözləri Sergey yalançı dostlarına demirdi, ürəyində özü-özünə pıçıldayırdı.

Əslində bu qeyri-səmimi dostluğun birdən düşmənçiliyə çevrilmə ehtimalı da çox böyük idi. Necə ki, bu dövlətlər-Rusiya və İran arasında böyük müharibələr baş vermişdi. O müharibələrin nəticəsində də Azərbaycanı öz aralarında ikiyə bölmüşdülər. Və elə buna görə bu gün İran Rusiyadan üz çevirə bilmirdi. Axı bölünən Azərbaycan onda bütövləşə bilərdi. Bu isə İranın milli mənafeyinə qətiyyən uyğun gəlmirdi. Heç Rusiya da bunu arzulamırdı. Ona görə bacardığı qədər Azərbaycanı sıxır, nəfəsinin azalmasını, boğulmasını istəyirdi. Bunun səbəbi idi ki, Azərbaycanın torpaqlarını əlindən alıb, ermənilərə peşkəş eləmişdilər. Bunu böyük siyasətdə dilə gətirməsələr də, bunun belə olduğunu ağlı başında olan hər bir kəs anlayırdı...

Sergey onu da anlayırdı və bir an da yadından çıxara bilmirdi ki, onun karyerası üçün böyük təhlükə gözlənilir...

Rza İranın mənafeyinə zərbələr vurulacağından ehtiyat edirdi. Və nə qədər ucadan danışmağa çalışsa da, səsi yavaş çıxırdı...

Xoren isə yuxulu adamlar kimi hara gedəcəyini, nə edəcəyini bilmirdi. Axı onların işlərini hər zaman başqaları görürdülər...

Dünya fırlanırdı. Bu fırlanmanın yönü hara idi, bunu Tanrıdan başqa bir kimsə bilmirdi...
XXX
Oğlanın göyə atdığı daşlar geri qayıtmırdı. Hara gedirdi, harda qalırdı o daşlar, bir kimsə bilmirdi. Oğlan da key-key atdığı daşların arxasınca baxır, daşların yerə gəlmədiyini görüb, yeni daşlar axtarmağa gedirdi. Göydaşlıda daha göyə atmağa daş da qalmamışdı. Buna görə bir tərəfdən oğlana təşəkkür edirdilər. O biri yandan onu qınayır, qarasınca deyinirdilər. Axı birinə daş atmaq istəyəndə əllərinə bir şey keçmirdi. Əlləri boşa keçən adamlara baxa-baxa göyə daş atan oğlan gülür, qəşş edib özündən gedirdi. Sonra özünə gəlib, daş axtarmağa yollanırdı.
XXX
Bu gün yer-göy qan ağlayırdı. Hər yerdə bir hüzn, hər yerdə gizli göz yaşları... Axı açıq-açığına ağlamaq olmazdı. Belə açıq ağlamağın sonu yaxşı qurtarmazdı. Adamlar yalandan özlərini şən göstərir, yalandan bir-birinə gözaydınlığı verir, yalandan dövlətin canına dualar oxuyurdular. Əslində isə bir azdan nələrin baş verəcəyini düşünəndə adamların tükləri ürpəşirdi. Belə dəhşətli mənzərələri bu adamlar həyatlarında çox görmüşdülər. Ancaq yenə də həmin anlar yaxınlaşanda hamının ürəyi heyrətlə çırpınır, bu anları görməməyin arzusu ilə alışıb-yanırdılar. Hətta xəstə olub, yorğan-döşəyə düşməyin də arzusunu çəkirdilər. Təki o anda onları meydana yığmasınlar, onları qeyri-səmimi hisslərin əlində oyuncağa çevirməsinlər. Axı bu oyuncağa çevirmək bəzən onların həyatı bahasına başa gəlirdi. Həyatdan getməyin özü belə bu anları görməkdən daha asan, daha xoş idi. Amma bu anları görməliydilər. Bu anları görməyə məhkum edilmişdilər.

Yenə hündürdə kürsü qurulmuşdu. Qırmızı mizlərin üstünə dini kitablar düzülmüşdü. Uzaqdan həzin səsli mollanın avazı gəlirdi. Bütün ətraf bir azdan baş verəcək hadisəyə köklənirdi. Adamlar yavaş-yavaş toplaşırdılar. Gələn adamların üzündəki təbəssümün yalançı olduğunu bu meydanı quranların özləri də ovuc içi kimi aydınca bilirdilər. Ancaq onları maraqlandıran bu deyildi. Onların marağında başqa şeylər dayanırdı. Hansı ki, o marağın müqabilində bu dövləti saxlaya bilirdilər. Deşilmiş gəmi kimi sulara qərq olub, batmaqdan qoruyurdular.

Kürsüdən bir az yanda yeddi kran dayanmışdı. Bu ona işarə idi, ona ki, bu gün yeddi insanı edam edəcəkdilər. Sonra onların meyidlərini krandan sallanmış vəziyyətdə şəhər boyunca gəzdirəcəkdilər. Gərək bütün şəhər, uşaqlı-böyüklü, qocalı-qadınlı hər kəs edam olunanların cəsədlərini görəydi. Görməyənlərə, başı qarışıq olanlara da danışaydılar. Bundan sonra həm bu mənzərəni görənlər, həm də görməyib eşidənlər uzun xəyala dalıb, qəlblərində götür-qoy edirdilər, yüz dərəni, yüz dağı, min bağçanı, min bağı bir yerə yığıb, sabahkı hərəkətlərini nizamlamaq üçün bellərini möhkəm bağlayırdılar. Əslində bağlanan onların təkcə belləri deyildi. Gözləri, qulaqları, dilləri də bağlanırdı. Gördüklərini görməməzliyə vururdular, eşitdiklərini eşitməmiş kimi keçib gedirdilər, dillərinin qapısına yekə bir qıfıl bağlayırdılar ki, o qıfılın altında dilin də nəfəsi kəsilirdi. Havasızlıqdan, qaranlıqdan...

Əmmaməli və ədabaz mollalar kürsüyə qalxdılar. Mizin üstündən Quranı götürüb öpdülər. Alınlarına sürtüb, dodaqaltı nəsə mızıldandılar. Sonra Quranı yerinə qoyub, onlar üçün ayrılmış yerdə dayandılar.

Böyük meydan artıq dolmuşdu. Adamlar qələbəliyin içində çətinliklə yeriyir, ürəyi xəstə, əsəbi zəiflər bu basabasa dözə bilmir, birtəhər adamları aralayıb, asudəliyə çıxmağa çalışırdılar. Bəziləri elə bu halda ürəyini tuta-tuta yerində ayaqlarını qaldırıb, yenə yerə çırpırdı. Bununla onlar ürəklərini aldatmağa çalışırdılar. Ürəklər də, deyəsən, bu aldanışa inanır, dözüb, dayanırdılar.

Bir nəfər patavalı, yekə ayaqqabıları bir neçə yerdən deşilmiş qoca kişi özünü kürsüyə tərəf verib, bir az azad yer tapdı. Qəribə-qəribə kürsüyə, kürsüdə dayanan mollalara, sonra kranlara nəzər yetirdi. Boynunu uzadıb bir az yanda dayanmış heybətli mollaya baxdı.

-Yenə nə olub?

-Çıx qırağa, axmaq.

-Yenə asırlar?

-Rədd ol, dedim.

-İşi-gücü yoxdu bizim dövlətimizin?

Heybətli molla uzaqda dayanmış jandarmlara baxıb, nəsə işarə elədi.

-Ə, vallah, imam haqqı, beş-altı adamı asmaqnan işlər düzəlməyəcək. Əbəlfəzin qələm olan qollarına and olsun, düz deyirəm. Belə işlər işləri lap korlayır. Beşini asırsan, qanından min beşi yaranır. Həzrət Əliyə and olsun, düzünü deyirəm. Bu böyüklər niyə belə şeyləri qanmırlar? Qanmazdan rəhbər olar? Qanmaz rəhbəri olan dövlətin işi-gücü adam öldürmək olar ki, bunun da sonu çifayda yaxşı olmaz. And olsun...

Patavalı qocanın ağzını qapayıb, sürüyə-sürüyə apardılar. Uzaqda dayanan qara maşına basana qədər qocanın səsi qırıq-qırıq gəlirdi. Sonra səsi kəsildi. Qara maşın qocanı götürüb apardı. Hara apardı? Daha orasını bir kimsə bilməyəcəkdi. Hər halda, qocanın aparıldığı yerə heç bir kəsi gülə-gülə aparmırdılar.

Mollalardan biri hər şeyin hazır olduğunu görüb, bir himə bənd imiş kimi qıvraq addımlarla bir az qabağa yeridi. Əlini mizin üstündəki Qurana qoyub, asta-asta nəsə oxudu və ağır nəzərlərlə izdihama tərəf baxdı.

-Qurana əl basaraq, İran dövləti adından bəyan edirəm: Günahkar və İslama zidd gedən bəndələri dövlətimiz heç zaman bağışlamayacaq! Qanlar və canlar bahasına qurduğumuz müqəddəs vətənimizin xainlər tərəfindən aşağılanmasına heç bir vəcdlə yol verməyəcəyik! Amerika, İsrail və onlara züy tutan şeytan dövlətlərin İranı parçalamaq arzuları ürəklərində qalacaq! Qoy bizim gücümüzü, qüdrətimizi, böyük Tanrıya sədaqət və ehtiramımızı bilməyənlər bir daha bilsinlər və görsünlər ki, bu ölkəni boğmaq, kiçiltmək heç də asan məsələ deyil. Müqəddəs dövlətimiz günü-gündən qüdrətini artırır. Allahın yardımı ilə dünyanın ən güclü dövlətlərindən birinə çevrilir. İran İslam respublikası dünyanın ən vicdanlı, ən demokratik ölkəsi olaraq, insan haqlarının ən çox qorunduğu ölkələrin sırasında birinci sırada gedir. Bizi gözü götürməyənlər bunu həzm edə bilmirlər. Ona görə də yalançı faktlar uyduraraq, dövlətimizə qara yaxmaq istəyir, sanksiyalar tətbiq edərək bu böyük dövləti sındırmağa çalışırlar. Lakin Tanrının kölgəsi bizim üstümüzdədir. Heç bir dövlətin bizi zəif salmağa gücü çatmaz... Mən burada olan bütün insanlardan soruşuram və sizdən cavab tələb edirəm; bu dövlətin vətəndaşları olaraq, dövlətdən hər hansı bir narazılığınız, gileyiniz varmı?

İzdihamın səs-küyü meydanı lərzəyə gətirdi. Hamı bir ağızdan “Allahu-əkbər, yaşasın İran!”-qışqırdılar.

Səs-küydən heyrətə gələn və gözləri parıldayan molla barmağının işarəsi ilə izdihamı sakitləşdirdi. Və aram-aram cibindən yekə-sicilləmə bir kağız çıxarıb, eynəkli gözlərinin qabağına gətirdi.

-Bu gün bu adamları Allahın izni ilə biz edam edirik. Ona görə ki, Tanrı qarşısında günahkardılar... Meydana gətirilsinlər; Əli Rza Mərəndi...

Meydanda bir hərəkətlilik yarandı. Adamlar edama məhkum olunanların haradan və necə gətiriləcəyini görmək üçün o yan, bu yana boylandılar. Bəziləri gözlərini yumaraq əzbər bildikləri ayələri pıçıldayırdılar.

Bir yanda şokolad qutularından böyük qalaq yaranmışdı. Bu şokolad qutularını edama baxmağa gələnlər edam olunanların ata-anası, qohum-qardaşı üçün gətirmişdilər. Ki, onlara gözaydınlığı versinlər. Bəziləri qeyri-ixtiyari o qutulardan açır, öz ağzına atır, yan-yörəsində olanlara paylayırdılar.

Qadınların, uşaqların, qocaların üzündə elə görünüş, elə ifadə var idi ki, qıraqdan baxanlar onların elə ayaq üstə öldüklərini zənn edərdilər.

Ətrafdakı hüzn və kədər deyəsən, ağaclara, evlərə, quşlara da az təsir eləməmişdi. Ağaclar yarpaq-dodaqlarını sallayıb elə hüznlü dayanmışdılar ki, indicə onların ağac gözləri ilə ağlayacağını zənn edərdin. Evlər də bir başqa cür dayanmışdılar. Elə bil bu evlər dünən, o biri gün yeridə dayanan evlər deyildilər. Sanki onlar da üzünü qibləyə çevirib, Tanrıdan ölüm diləyirdilər. Quşlar da o quşlara bənzəmirdilər. Oxuyan, şaqraq quş səs ilə nəğmə deyən... İndi onlar oxumurdular, quş dilləri ilə nalə qoparırdılar. O nalədən, evlərin üzü qibləyə dayanmağından, ağacların yarpaq-dodaqlarının titrəməyindən uzaqda dayanan dağların da bağrı qan olur, dağ ürəyi parçalanırdı.

Dağlar bu dünyada çox şeylər görmüşdülər. Çox mətləbləri dağ sinələrində gizləyirdilər. Dağların sinəsi dağdan olmasaydı, bu dağların bağrına çoxdan dağ çəkilərdi. Ancaq bu dağlar belə şeylər görməmişdilər axı. İndi dağ bağrının bütün qalacağına, parçalanıb çilik-çilik olmayacağına Tanrıdan başqa bir kimsə zəmanət verə bilməzdi.

Hakim-molla edama məhkum olunanların hansı cinayətləri elədiklərini uca səslə camaata çatdırdı. Edamçıların sırasında Yetim İsmayılın oğlu gözə dəymirdi. Heç evlərində də yox idi. Deyilənə görə, məhbəsdə verilən işgəncələrdən sonra dünyasını dəyişmişdi. Meyidini hələ qaytarıb evlərinə verməmişdilər. İndi, bu ağır anlarda Yetim İsmayılın adamları onun məhbəsdə ölməsinə ürəklərində şükür edirdilər. Elə ölməyi belə ölməkdən daha şərəfli və abırlı bilirdilər.

Ərənolun adı çəkiləndə və onun cinayətləri sadalananda bütün nəzərlər rəngi-ruhu üzündən qaçmış gəncin üz-gözündə cəmləndi. Və ondan son söz deməyi istənildi. Ərənol bir addım qabağa çıxdı. Məhkum olunanların sırasında ən ucaboylusu və yaraşıqlısı olan cavan başını qaldırıb adamlara baxdı. Qohumlarının hamısı gəlmişdilər. Təkcə Şahcahan gözə dəymirdi. Bir də çoxdan sevdiyi ülkər baxışlı gözəl gözünə görünmədi. Bir anlıq Ərənol özünü itirdi. Hər şey yadından çıxdı elə bil. Harada dayandığı, indi nələr deyəcəyi, bir neçə dəqiqədən sonra nələrin baş verəcəyi də. Fikri uzaqlara getdi. O uzaqlardan ülkər baxışlı qızı götürüb gətirdi.



<<-Sağ ol, qız.>>

<<-Hara gedirsən ki?>>

<<-Bəs bilmirsən?>>

<<-Yox, mənə heç nə deməyiblər.>>

<<-Getmirəm, qız, aparırlar.>>

<<-Axı hara? >>

<<-Bilmirəm ki.>>

<<-Hara getsən, mən də arxanca gələcəyəm.>>

<<-Yox, qız, elə danışma, sən Allah.>>

<<-Niyə ki? Mənim sənin yanında olmağımı istəmirsən?>>

<<-Sənin orada olmağını istəmirəm.>>

<<-Ora...>>

<<-İstəyirəm mənim xatirəmi bu dünyada yaşadasan. Ölüncə, dünyadan gedənə qədər.>>

<<-Danışma, Ərənol, sən vicdanın belə şeylər danışma. Məni bu dünyada tənha qoyub hara gedirsən?>>

<<-Ancaq yadında saxla, səni bu dünyada mənim qədər bir kimsə sevə bilməz.>>

Ərənol qızla danışıb, ayrılıq şərbətini içə-içə yenə gözləri izdihamın arasında onu axtardı. Və birdən... Elə bil dünya başına fırlandı. Ülkər baxışlı gözəl ağlayan ağacın altında dayanıb düz onun gözlərinə baxırdı. Yox, buna baxmaq da demək olmazdı. O gözlər ona belə baxmamışdı axı. Həmişə odlu-alovlu olan o gözlərin işığı tamam sönmüşdü. Yerində quru köz qalmışdı. Deyəsən, quru köz gözlərin giləsindən qanlı yaş axırdı. Axıb yanaqlarına, boyun-boğazına, oradan da dərdli ürəyinin üstünə süzülürdü. Qanlı göz yaşları çaya, dənizə, ümmana döndü. Çayın, dənizin, ümmanın ağ suları Ərənolu qucağına aldı, uzaqlara, lap uzaqlara apardı. Elə uzaqlara ki, oralarda qəmdən, kədərdən hələ çələng hörülməmişdi. Orada Ərənol, sevgi dolu bir dünya, bir də o gözəl, ülkər baxışlı qız var idi. Həmişə görüşdükləri pünhan yerə çəkilmişdilər. Yenə odlu baxışlar, yenə məhəbbət dolu sözlər...

-Ərənol...

-Ay can.


-O günləri, bilirsən, necə arzu edirəm?

-Hansı günləri, qız?

-Sənin anana gəlin olacağım günləri.

-Onda...


-Onda səni bundan da çox sevəcəyəm.

-Sonra uşaqlarımız olacaq.

-Qəşəng-qəşəng adları olacaq uşaqlarımızın.

-Fars adları?

-Yox, Ərənol, nə olub ki, bizim öz adlarımıza?

-Axı dövlətimiz izn vermir. Deyir, gərək İranda doğulan bütün uşaqlara fars mənşəli adlar qoyulsun.

-Mən istəmirəm.

-Heç mən də istəmirəm, qız. Ölsəm də uşaqlarıma fars adları qoymaram.

-Bəlkə gedək buralardan? Qaçaq, çıxaq azadlığa, insan kimi ömür sürək?

-Yox, qız, elə sözlər danışma. Mən vətənimi qoyub, heç yana gedə bilmərəm.

-Bəlkə o taya köçək?

-O tay da mənim vətənimdi. Ancaq yurdumu, elimi, torpağımı çaqqal-çuqqalın əlində qoyub, başqa yerə gedə bilmərəm. Onda torpaq inciyər bizdən. Öləndə də qoynunda bizə yer verməz.

-Onda...

-Onda işığa doğru, qız! Harda işıq varsa, o işığa doğru qoşa gedəcəyik! Anamın dilbər gəlini...


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə