www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Yox, alınmır. Kameralardakı uşaqlar arxamdan çəkir. Kim bilir onlar hansı təpələrə dırma-
şır, hansı yaylaqlara gedirlər. Qalxıram. Çöldə ulayan külək ayaz diliylə içimi yalayıb keçir. İçim
sızlayır. Birdən qıçlarımın taqəti kəsilir. Təpəyə çıxa bilmirəm. O uşağı kitabın səhifələri arasın-
da qoyub qayıdıram. Gözüm divardakı saata sataşır. Gecə yarısıdı. Dəqiqələr ağır-ağır sonrakı
gündən dəm almağa başlayır.
"Şagirdlərə daha bir dəfə baş çəkmək lazımdı", - deyə öz-özümə söylənib ağır, yorğun ad-
dımlarla kameralara doğru gedirəm. Üst mərtəbədən, qızlar kamerasından zəng səsi kimi cır bir
qadın səsi eşidilir. Koridorlar ana səsinə heç bənzəməyən bu səslə oyanır, sanki diksinir. Nazan
xanımın dişlərinin qıcırtısı belə eşidilir. Bir div kimi donquldanır. Hirslənir, əvvəl bir uşağın sifə-
tinə şillə vurur, sonra səsi boş koridorlarda əks-səda verir: "Sus! Zırıldama! Gecənin bu vaxtı
ananı haradan alım? İndi yatağa get! Bir daha gözümə görünmə! Burda bircə qoyun iyi, gübrə iyi
çatmır! Təbii, yata bilməzsən!"
...
Uşaq deyəsən nəyisə izah etməyə çalışır. Nazan xanım bir neçə saniyə susub yenidən qışqı-
rır: "Kəəəs! Otağına! Tez!"
Nədənsə Nazan xanımla məni eyni günə salırlar, həmişə birlikdə keşik çəkirik, gecə o, qız-
ların mərtəbəsində qalır, mən oğlanların. Səbəbini bilmirəm, uşaqlar hələ başını yastığa qoyma-
mış Nazan xanım özünü yatağa atır, yuxu bir qarabasma kimi gözlərinə çökür və işıqlar sönər-
sönməz yuxuya gedir. Aydın eşidilən bir uşaq ağlaması yuxusunu qaçırır. Hiddətli, hirsli, qızğın-
dı... Azğın sular kimi guruldayır, köpürür. Uşaqlar bu selin qarşısına çıxmamağı öyrənənə qədər
bir neçə dəfə sulara qərq olurlar.
Nazan xanım sanki mənə də qışqırır, bir müddət eləcə donub qalıram. Səslər kəsilincə yeni-
dən addımlayıram. Boş, səssiz koridorda əks-səda verən ayaq səslərim şam işığındakı əşyaların
kölgəsi kimi uzanır, böyüyür. "Takk... takk…" ayaq səslərim qaranlıqda çoxalır. Məni vahimə
basır, sanki arxamca divlər gəlir. Və birdən dönüb arxama baxıram. Kimsə yoxdu. Qorxum dağı-
lır, düşüncəm dəyişir və daha diri, daha sərt addımlarla irəlləyirəm. O an sanki həbsxanadayam,
bir həbsxana gözətçisiyəm…
Bu məktəb, bu pansionat, bu çılpaq, soyuq divarlar və üzünü turşutmuş həbsxana gözətçilə-
ri... Kim bilir, bəlkə də bura yarı azad bir cəza evidi, uşaqlar da məhkumlardı. Səhər erkəndən
qulaqlarda mişar kimi işləyən bir zəng səsiylə qaçan yuxular və bir zəng səsiylə başlayan həbs
həyatı...
Zəng səsi… Yataqlardan qalxın! Qaç! Əlini-üzünü yu, əyin-başını geyin, beş-beş düzlən,
yemək salonuna keç! Çürük zeytun, köhnə pendir, metal stəkanda soyumuş çay və irəliki gündən
qalma quru çörəklər... Sonra daha bir zəng səsi… Kitabını, dəftərini götür, beş-beş düzlən! İki
ildir tamamlanmayan asma körpünün döşəli əyri, çürük taxtalarına qorxuyla baxa-baxa keç və
sıranı pozmadan beş yüz metr aralıdakı məktəbə get!
Zəng səsi… Qırx dəqiqəlik bir hücrə həbsi: üçbucaq, kvadrat, düzbucaqlı, sahə, perimetr,
hündürlük...
Kədəri böl, hüznü vur,
həsrəti topla, qürbəti çıx...
Zəng səsi... Beş dəqiqəlik azadlıq. Lakin azadlıq adına getdiyin hər yerdə: koridorlarda, pil-
lələrdə, bağçada… əli dəyənəkli gözətçilərin qışqırıqları eşidilir: "Burada gözləmə!" "Qaçma!"
"Danışma!" "Aşağıya en!" Aşağı enər-enməz daha bir zəng səsi, həyət gözətçilərinin bağırtıları:
“Zəng çalındı!" "Oturma!" "Yellənmə!" "Danışma!" "Yuxarı çıx!" "Sinfə keç!"
Və beş günlük bir təlimdən sonra açıq görüş günləri... Səhər erkəndən pansionatın bağçası-
na doluşan adamlar, qadınlar və beçə verən arılar kimi uzaq dağ kəndlərindən gələnləri gözləri
yuxulu dövrəyə alan oğlanlar, qızlar... Yolu bağlı kəndlərdən görüşə gələ bilməyən ana-ataların
divar dibində çökmüş boynu bükük uşaqları...
Gedirəm. Nazan xanımın dağıtdığı düşüncələrimi heç cür qaytara bilmirəm. Nədənsə oldu-
ğum məkandan kilometrlərlə uzağa düşürəm. Bəlkə bir azdan məhkumlar bu koridorlarda nəfəs-
liklərdən əllərini, başlarını uzadacaq, nəfəsliklərin qapağını barmaqlıqlara vuraraq qışqıracaqlar,
bir üsyan başlayacaq və səslər bir-birinə qarışacaq: "Analarımızı istəyirik!" "Burada oxumaq is-
təmirik!"
…
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
101 nömrəli kameranın ağzında dayanıram. Bütün işıqlar sönüb. Upuzun koridorun ortasın-
da yalnız bir lampa yanır. Koridoru düz-əməlli işıqlandıra bilməyən lampanın zəif işığında ka-
meraya daxil oluram. Qapının ağzındakı çarpayılardan biri boşdu! Gözlərim böyüyür, zehnimdə
bir-birinin ardınca min bir fikir dolanır. Bu soyuqda?.. Fərarilikmi?.. Ola bilməz, hələ çox bala-
cadılar. Amma…
Əlimin yardımı ilə irəliləyir, çarpayılarda yatan uşaq məhkumları bir-bir yoxlayıram. Bir az
aralıdakı çarpayıda, bir yastıqda əlim iki uşaq başına dəyir. Kiçik bir uşaq özündən bir-iki yaş
böyük bir uşağın qoynuna sığınmış, yatır. Gülümsəyirəm. Bir anda bütün qorxuları yelə verir,
özümdən qovuram. Çarpayısından fərarilik edən bu uşaq bir əliylə yatağına sığındığı uşağın
əlindən tutmuşdu. İşıqlar sönəndə qorxur, bilirəm. Yataqda büzüşüb digər uşağa sığınması onun
məktəbə hələ təzəcə gəldiyini anladır. "Qoy yatsın!", deyirəm öz-özümə, "bəlkə böyük qardaşı
üçün darıxıb..."
Növbəti kamera... Külək şüşələrdə ulayır... Qanad səsləri... Narahat quşlar pərvaz etməkdə.
Bəlkə mən içəri girəndə hürküb havalanacaqlar. Bu kamerada, ikinci qatdakı çarpayıda bir uşaq
yatağından əməlli-başlı sallanıb… Adım kimi tanıyıram. Bu uşaq indi yamyaşıl, bənövşəyi çi-
çəkli bir yaylaqda uçur. Hər yanı çayır, çəmən, çiçəkdi... Yanağında məsum bir təbəssüm var.
Hərdənbir arxasına baxaraq qaçır. Onu qovan digər uşaqlar ona yetişə bilmirlər... Birdən üzü gə-
rilir, arxasınca gələn uşaqlar onu tutacaq. O, indi dərə ilə şırıl-şırıl axan çayın qarşıdakı sahilinə
keçəcək. Gülür, daha sürətli qaçmağa başlayır, yataqda vurnuxur, indi atlanacaq...
Gözlərimi yumub bu uşağın xülyalarına qapılıram. Qaçaraq dərə yatağına yaxınlaşıb onun
əvəzinə qarşı sahilə atlanıram. Bədənim bir quş kimi yüngüldü, uçuram, ayaqlarım boşluqdadı.
Yüksəklikdə başım fırlanır, yerə enmək istəyir, enə bilmirəm. Böyür-başımda çayır quşları, qa-
ranquşlar, kəpənəklər... Birdən bütün ağırlığımla yerə düşürəm. Düşdüyüm yer o dərənin sahilin-
dəki yamyaşıl çəmənlik deyil. Sərt, soyuq bir məkandı. O saat xülyalarım çəkilir. Yuxulu gözlə-
rimi böyük bir qaranlıqda açıram. Sarı, qırmızı çiçəklər, yaşıl əkinlər, bənövşəyi sümbüllər, qa-
ranquşlar, kəpənəklər yoxdu. Bir az əvvəl göydə yanan günəş də... Gicgahımdan ilıq-ilıq qan
sızmağa başlayır. Əllərimi alnıma aparıram, əllərim qana boyanır.
İkinci qat çarpayıdan düşmüş kimi gicgahım ağrıyır, sızlayır, döyünür… Uşağın çarpayıdan
sallanan başını yavaşca yastığına qoyuram.
Koridorun sağındakı son kamera... Hıçqırıqlarla boğulan bir uşaq səsi... "Ana! Anaa!"
Tez qapının ağzına qaçıram, gözləyirəm. Koridorda küləyin o qorxulu səsindən və hərdən-
bir kameradan gələn bu səsdən başqa heç bir səs yoxdu. Uşaq təkrar inləyir: "Anaa! Anaa!"
Akasiyanın yarı çılpaq budaqlarının kölgəsi qarşıdakı divara düşür. Divardakı kölgələr bir-
dən bir qadın silueti olur. Qadının arxasında da kiçik bir uşaq görünür. Qadının çiynində bir dər-
yaz var, dəryazın ucunda azuqə torbası... Qadın bir əliylə çiyninə atdığı dəryazı tutub, digər əlin-
də bir səhəng var. Akasiya əyildikcə kölgələr divarda titrəyir. Qadın gedir, arxasına baxmadan
gedir. Bu qadın, bu kamerada ağlayan uşağın anasıdı. Uşaq anasının arxasınca qaçıb qışqırır. Qa-
dın eşitmir. Akasiyanın budaqları titrədikcə onların arasından kiçik təpələri aşırmış kimi əvvəl
itib sonra yenidən görünür. Külək uğuldadıqca kiçik
budaq əyilir, uşaq büdrəyib yerə yıxılır, son-
ra qalxıb təkrar anasının ardınca qaçır. Kiçik addımlarıyla ona çata bilmir. Anasının arxasınca
ağlayaraq qışqırır: "Anaa! Anaa!" Bəlkə də divarda bu uşağın xəyalını görürəm.
Ayaqlarımın ucunda içəri girirəm, səsin gəldiyi tərəfə yaxınlaşıram. Bir uşaq üzüüstə yastı-
ğa qapanıb. Çiynindən tutub yavaşca çevirirəm. Yatmayıb, qorxuyla yataqdan qalxır. Sonra hıç-
qıraraq ağlamağa başlayır. Səsimi qısaraq astadan soruşuram: "Niyə yatmırsan, oğlum?"
Ağlayaraq cavab verir: "Annaaa! A-naa! Anamı…"
"Yaxşı, yaxşı! Ağlama, sakit ol! Yoldaşlarını oyadarsan. Madam yata bilmirsən, qalx gö-
rüm, gödəkçəni geyin, haydı, başmaqlarını da tax, mənimlə gəl!"
Bu uşaqla digər kameraları birlikdə gəzirik, sonra mən qabaqda o arxada müəllim otağına
gedirik. Otağa girəndə gözləri işıqdan qıyılır, gözlərimə baxa bilmir, davamlı şəkildə içini çəkib
ağlayır. Hıçqırıqdan danışığı boğulur, nə dediyi anlaşılmır. "Ağlama görüm! Ağlama, sakit ol,
adın nədi sənin?"