www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
İçini çəkir, kəkələyərək cavab verir: "Uh, uh... Mir Seyid." "Mir Seyid, hansı kənddən gəl-
misən?" "Aşağı Civanlıdan." "Neçənci sinifdə oxuyursan?" "Üçüncüdə." "Nazan xanımın sinfin-
dəmi?" "Bəli." "Bura nə vaxt gəlmisən?" "Dö, dö... dörd gündü." "Niyə başqa yoldaşların kimi
məktəb açılanda gəlmədin? Bax, onlar artıq öyrəşiblər." "Mən kənddə oxuyurdum." "Demək,
kəndinizdə məktəb var, bəs bura nə üçün gəldin, Mir Seyid?" "Məktəbimiz vardı, ıhıı, ıhıı,
ıhııı..."
Ağlamaqdan danışa bilmir, sakitləşdirib bu yuxu fərarisini sorğu-suala çəkirəm: "Ağlama,
Mir Seyid! Ağlama! Müəlliminiz yoxdu? Demək, təyinat alıb getdi, müəlliminiz gedincə məktə-
biniz də bağlandı." "Yox, müəllimimiz də vardı. Vardı, ıhıı, ıhıı, ıhhıı..."
Mir Seyid tıxanır, boğulur, kəkələyir, danışa bilmir. Sinəsi enib qalxır, bir stəkan su veri-
rəm, udqunaraq içir. "Ağlama, Mir Seid! Bax, birinci sinifdə oxuyan uşaqlar belə artıq ağlamır-
lar. Ağlama, haydı anlat görüm, niyə kəndinizdə oxumadın?" "O, o, məktəbimizi yandırdılar!
Müəllimimiz öldü! Atam da... Iııhıhıhııı!.." "Kim yandırdı, Mir Seyid? Kim öldür..." "Atamı...
Atamı..." "Yaxşı,
Mir Seyid, yetər, ağlama!"
…
Otağa soyuq hava dolur. Bədənim quru budaqlar kimi titrəyir. Külək qulaqlarımda küyül-
dəyir, fırtına qopur, qasırğaya dönür. Bu an ağaclar yarpaq-yarpaq sovrulur, dağlar daş-daş ovu-
lur. Ulu dağlar, əngin
düzənliklər, sərin yaylaqlar, güllə səsləri önümdən keçib gedir. Bütün dərə-
lər qan olub içimə axır. Mir Seyidə tərəf dönürəm: "Mir Seyid, ağlama, haydı, sakit ol artıq! Sən
indi yat, yat! Səhər danışarıq, olarmı?" "Xeyr, mən orada yatmayacağam, mən bu məktəbdə oxu-
mayacağam, mən kəndə gedəcəyəm." "İstəsən burada, bax, mənim yatağımda yat. İşığı da yanılı
qoyaram, olarmı?" "Xeyr, mən yatmayacağam, kəndimizə gedəcəyəm." "Amma indi gecədi, həm
də yollar bağlıdı, yollar açılanda səni göndərərəm gedərsən." "Xeyr, səhər açılanda gedəcəyəm."
Mir Seyid tez yola gələnə, yıxılıb yatana oxşamır. Tay-tuşlarına baxanda güclü, qüvvətlidi,
iri əlləri, ayaqları var, dağ uşağıdı. Onu yatırtmaq üçün aşılmaz, mərhəmətsiz dağlara aparmaq,
sarı, bənövşəyi çiçəkli yaylaqlarda başını qatmaq, dik qayalardan, üsyankar dərələrdən keçirib
kərpic evli viran
kəndlərdə gəzdirmək, yaxşıca yormaq lazımdı…
"Mir Seyid, kəndiniz buradan görünürmü?" "Yox, görünmür, çox uzaqdı..." "Mənim kən-
dim də çox uzaqdı, Mir Seyid", öz-özümə deyirəm. "Kəndinizin dağları da görünmür, Mir Se-
yid?" "Onlar görünür." "Haydı, gəl! Səninlə üst mərtəbəyə çıxıb pəncərədən baxaq, kəndinizi
mənə göstər, görüm ha tərəfdədi" "Yaxşı."
Dördüncü mərtəbəyə qalxırıq. Sol tərəfdə gövdəsi zülmət qaranlıqda itmiş, qarlı zirvəsi ay
işığında parıldayan və qaranlığın içində bir buz kütləsi kimi yüksələn Ağrı dağı... Ağrının yan
tərəfində ağ saçlarını səmaya doğru uzatmış Zor dağları... Dağların qoynunda tək-tük işıqlar
yanır. Yaxın kəndlərdən gələn it hürüşləri küləyin səsinə qarışır. Cincavat çayı bütün səsləri
köpüklü sularına qatır, özüynən uzaqlara aparır. Gözlərimi bütün heybətiylə gecənin sinəsini
yarıb göyə yüksələn Ağrı dağından ayıra bilmirəm. Heyrətdəyəm. Xəyala dalmışam. Mir Seyid
yavaşca səslənib xəbərdarlıq edir: "Müəllim, kənd o tərəfdə deyil, bu tərəfdədi!" "Eləmi?"
Başımı çevirib Mir Seyidin boy verib böyüdüyü dağlara baxıram. Əliylə sağ tərəfdəki dağ-
ları göstərir: "Bizim kənd bax, ordadı, müəllimim. Təkəldinin arxasında. Qışda kimsə bizim kən-
də gedə bilmir, maşınlar çıxa bilmir. Kəsə bir yol var, amma gərək atla gedəsən. Atam o yoldan
gəlirdi.
Yay olsa, mən də ordan gedərəm,
mən heç qorxmuram, yolu da tanıyıram."
"Kədərlənmə, Mir Seyid, bahar gələndə gedərsən. Bax, sizin kəndin maşınları buradan qal-
xır, səni maşına mindirərik, gedərsən." "Bizim kəndin maşını yoxdu. Hamı kənddən köçüb, dörd-
beş dənə ev qalıb." "Olsun, sizin kəndə yaxın, digər kəndlərin maşınına mindirərik, gedərsən."
"Qazilərəcən maşınla getsəm, oradan kəndə piyada gedə bilərəm, yaxındı." "Amma indi getmək
olmaz, Mir Seyid, bahar gələndə..." "Amma bahara hələ çooox var." "Olsun, sən məktəbə alışar-
san, onda tez gələr." "Yox, tez gəlməz." "Gələr, gələr, bu qar ərisin, dərhal gələr." "Atam sağ ol-
saydı, qışda belə atla gələ bilərdi. Atam ölməsəydi…" Udqunaraq davam edir, sözlərini çətin
tamamlayır: "Mənə velosiped alacaqdı…"
Cavab verə bilmirəm. Dilim dolaşır. "Mir Seyid, sizin kənd yayda çox gözəl olur, elə deyil-
mi?" "Bəli, amma qışda da gözəldi. Bir bizim kəndə gəlin, çox gözəldi..."
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Mir Seyid hələ indidən yaylağın qarı-ayazı, qışı-baharı, qurdu-quşu, çiçəyi, böcəyi, otu, ti-
kanı üçün darıxdığını anladır. Altun çiçək, bənövşəyi süsən, qız kirpiyi, gəlincik, göybaş, bənöv-
şəyi çiçək… Çiçəklər dərələrdə, təpələrdə, qarın tutmadığı daldalarda, dağın koğuşlarında boy
verib açır. Dəvədabanı, kəklikotu, yovşan, çobanyastığı... bütün otlarla birlikdə torpağı yarıb üzə
çıxır. Qanqal, şəkər tikanı, çölnoxudu, dəvətikanı, cürbəcür otlar... Kəndə doğru gedir, tozlu yol-
larla qaçır, heç bir tikan ayağına batmır… Və quşlar. Dağların, yaylaqların quşları: Mir Seyid ya-
şılbaş sonalarla, qızıl rəngli anqutlarla, telli durnalarla sulara enir və bir xınalı kəklik sürüsünə
qoşulub dağlarda süzür. Artıq ağlamır, amma gözləri hələ nəmlidi, gözləri par-par parıldayır Mir
Seyidin. Düşünürəm ki, indi yatmağa razı olar: "Haydı, Mir Seyid, kameraya, yatağına gedək!
Bir az da orada danışaq!" "Yaxşı, amma yayda bizim kəndə gələcəksən!" "Olar, gələrəm."
Pillələri tələsə-tələsə enirəm. Arxamca başmaqlarını şappıldadaraq gəlir. Uşaqlar dərin yu-
xudadılar. Kameraya giririk. Mir Seyid dəmir tutacaqlardan yapışaraq yatağına çıxır, ədyalını üs-
tünə çəkir. Artıq bir neçə sual da versəm yatacaq. "Demək, sizin kəndin dağlarında çoxlu kəklik
olur?" "Bəli, qar çox yağanda atam kəklikləri əllə tuturdu." "Eləmi?" "Təbii." "Necə? Kəkliklər
uçmur?" "Qar çox yağanda uça bilmirlər." "Onda de görüm atan kəklikləri necə tuturdu?" "Qar
çox yağanda kəkliklər yem tapa bilmirlər, düzdümü?" "Bəli." "Yem tapa bilməyəndə kəndə gə-
lirlər. Qanadları da qardan islanır. Qanadları islananda uça bilmirlər. Atam kəklikləri qovub yo-
raraq tuturdu. Atam sağ olsaydı, mənə velosiped alardı, müəllimim..."
Mir Seyid yayda kəndə getsəm, məni atasının atına mindirəcək. Söz verir. Atasının çox
gözəl bir atı var. Mən
ata minib dördnala çapacağam, o da velosipedinə minəcək, ötüşəcəyik.
Səhərə az qalır. Axşamdan bəri hədə-qorxu diliylə danışan külək sakitləşməyə başlayıb.
Mir Seyidin səsi az eşidilir, göz qapaqları ağırlaşıb, yorulub. Bədəni soyuq yataqda yatır, ruhu
düşür yollara, dağların ətəyindəki o kəndə doğru uçur. Bəlkə də yaylaqlara qar yağır. Mir Seyid
təzə qarda bir kəklik kimi batıb qalır. Pəncərənin taxtasına qonub duran bir qumru kameraya
girir, Mir Seyidin çarpayısına qonur. Qapını açıq qoyub yavaşca çıxıram.
Mir Seyidin gözləri uzun müddət gözlərəmin qarşısından getmir. Sanki qarşımdadı... Otağı-
ma gedə-gedə Mir Seyitlə danışıram: alışacaq, öyrəşəcəksən Mir Seyid! Əvvəl soyuq yataqlara
girəcək, anasız yuxulara dalacaq və qorxulu yuxular görəcəksən. Bəzən altını isladacaqsan, palta-
rını bədəninin istiliyi ilə qurudacaqsan. Dərsdə turşumuş iy verəcəksən. Nazan müəllim səni si-
nifdən çıxaracaq, kameraya göndərəcək. Paltarlarını özün yuyacaqsan, yəni soyuq suya salıb çı-
xaracaq, sıxıb çarpayının dəmirlərinə, ya da qızdırıcının üstünə sərəcəksən. Bəzən sevdiyin bir
yeməyin dadı qalacaq damağında, doymayacaqsan. Bir az da yemək istəyəcəksən, yemək qurtar-
mış olacaq, verməyəcəklər. Bəzən loxmalar boğazında qalacaq, uda bilməyəcəksən. Bir parça
quru çörəyi gəvələyərək yeməkxanadan çıxacaqsan. Xəstələnəcəksən. Qapısında tibb məntəqəsi
yazılan həkimsiz, tibb bacısız otaqda yatacaqsan. Hansı dərmanı nə vaxt içməyi bilmədən uda-
caqsan həbləri. Öskürəcəksən, ciyərlərin söküləcək. Zəng səsləri ilə yuxuların qaçacaq, alaqaran-
lıqda səksənərək oyanacaqsan. Təlaşlı, narahat halda qaçacaqsan. Yolları qar örtəcək, həftə sonu
anan görüşünə gələ bilməyəcək, divarların dibində boynu bükük qalacaqsan. Atan sağ olsa, gə-
lərdi. Atan daha heç vaxt gəlməyəcək, Mir Seyid. Yetimliyə alışacaqsan. Mir Seyid, unudacaq-
san! Qulaqlarında uğuldayan güllələrin səsini, məktəbinizin divarlarına sıçrayan qanı, səni kənd-
dən qoparan, bu soyuq divarlar arasına atan canavar üzlü adamları unudacaqsan. Bəlkə müəllimi-
nin üzünü də unudacaqsan, amma yaddaşından o bənövşəyi dağlar, çiçəkli yaylaqlar və atanın
üzü silinməyəcək. Hər bahar, hər bayram gözləyəcəksən. Gözlə, Mir Seyid, atan sənə velosiped
gətirəcək!
Qar yağır, külək sakitləşib. Özümü çarpayıya atıram. Sakitlikdi. Hər saniyə sanki böyük bir
zəngə vurulan toxmaqdı: "çık, çık, çık..." Qalxıb divardakı saatın batareyasını çıxarıram. Saat
susur. Yataqda o tərəf-bu tərəfə çevrilirəm. Yuxular uzaq, yuxular qaçaq. Əzik, yıxıq, yorğunam.
Gözlərimi yumuram. O qoca qadının əlləri, o kərpic ev, yerdən yataq, Aşağı Civanlı kəndi, Mir
Seyidin atası, güllələnən müəllim, divarlarına qan çilənən məktəb, o məktəbdən sürgün olunan
uşaqlar və Mir Seyid...