İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab


BİRLƏŞMİŞ  MİLLƏTLƏR TƏŞKİLATI



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə41/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   37   38   39   40   41   42   43   44   ...   86

87 
 
 
BİRLƏŞMİŞ  MİLLƏTLƏR TƏŞKİLATI 
BAŞ MƏCLİSİNİN  
58-ci SESSİYASINDA ÇIXIŞ 
 
24 sentyabr 2003-cü il 
 
Əziz cənab sədr!  
Xanımlar və cənablar!  
Hər şeydən əvvəl, icazə verin, cənab Julian Robert Hanteni Baş Məclisin 58-ci sessiyasının sədri seçilməsi 
münasibətilə təbrik edim və cənab Yan Kavana 57-ci sessiya dövründəki sədrlik fəaliyyətinə görə minnətdarlığımı 
bildirim.  
Cənab sədr! 
Bu il BMT üçün çətin il oldu. İraq  ətrafındakı hadisələr beynəlxalq təhlükəsizlik sistemindəki kövrək 
məqamları büruzə verdi. Artıq birinci dəfə deyil ki, BMT-nin Təhlükəsizlik Şurası üzvlər arasındakı qarşılıqlı 
anlaşılmazlığa görə  bəyannamələrini tətbiq edə  və müvafiq olaraq vəziyyətlə bağlı lazımi reaksiya göstərə 
bilmir.  
Bu cür anlaşılmazlıqlar həm  İraq  ətrafında, həm də digər münaqişə  və böhranlarla bağlı  məsələlərdə 
Təhlükəsizlik Şurasının fəaliyyətinə mənfi təsir göstərməkdə davam edir. İndi artıq aydındır ki, mövcud BMT 
mexanizmləri zamanın tələbinə cavab vermir, bununla bağlı Birləşmiş Millətlər Təşkilatında islahat vacib 
məsələyə çevrilmişdir. Təhlükəsizlik Şurasının da islahatına ehtiyac vardır, orada da həm bu günün reallıqları, 
həm də yarıməsrlik reallıqlar öz əksini tapmalıdır.  
Azərbaycan Baş katib Kofi Annanın islahatlarla bağlı  məlum təkliflərini, xüsusilə  Təhlükəsizlik  Şurası 
üzvlərinin genişlənməsi ideyasını  dəstəkləyir. Biz BMT mexanizmlərinin yenidən işlənməsi, xüsusilə  də veto 
hüququna yenidən baxılması kimi məsələlərdə şuranın daimi üzvlərinin xoş məramına ümid edirik.  
Biz ümid edirik ki, indi beynəlxalq icma öz səylərini birləşdirə bilib birləşmiş və bölünməz İraqın bərpası və 
güclənməsi işinə yönəldəcəkdir və bütün İraq xalqının azad iradəsinə əsaslanmış demokratiya qurmağa yardımçı 
olacaqdır. Bu prosesdə iştirak etməyə hazırlığını bildirən ölkəmiz artıq İraqın təhlükəsizliyi və sabitliyi işinə öz 
töhfəsini verməyə başlamışdır.  
Bağdadda BMT nümayəndəliyinin iqamətgahına qarşı terror aktı bütün beynəlxalq icmanı  lərzəyə  gətirdi. 
Serjio de Mello və onun həmkarlarının ölümü həm təşkilat, həm də bizim hamımız üçün faciəvi itkidir. 
Bağdadda baş verənlər terror qarşısında nə  qədər aciz olduğumuzu bir daha göstərdi və bizə sübut etdi ki, 
terrorçular istənilən cür cinayətə hazırdırlar. 
Burada yeganə cavab terror yolunu seçənlərə qarşı amansız, rəhmsiz savaş olmalıdır. Fərqi yoxdur, 
terrorçular bu terror aktlarını hansı məqsədlə həyata keçirirlər. Bu savaşda ayrı-seçkilik və ikili standartlara yer 
yoxdur. 
Ermənistanın ölkəmizə qarşı başladığı təcavüzün, işğalın və terrorun qurbanına çevrilmiş Azərbaycan artıq 
illər boyudur ki, terrorizmə qarşı  təkbaşına savaşır. Terrorizmə qarşı mübarizədə  səyləri gücləndirmək barədə 
beynəlxalq icmaya çağırışlarımız cavabsız qaldı. Yalnız 2001-ci ilin 11 sentyabrından sonra həyəcan təbili çalındı. 
Terrorizmi törədən səbəblərin, eləcə də onun yayılması üçün münbit şərait yaradan amillərin kökü kəsilməsə, 
terrorizmə qarşı mübarizədə  uğur heç vaxt mümkün olmayacaqdır. Digər tərəfdən, bütün dünyadakı, eləcə də 
Cənubi Qafqazdakı münaqişələri daimi terror praktikası və onun dövlət səviyyəsində dəstəklənməsi şəraitində 
həll etmək mümkün deyildir. 
Biz yadda saxlamalıyıq ki, separatçı  və ekstremist qüvvələrin yaradıb inkişaf etdirdiyi terrorçu qruplar
adətən, qeyri-qanuni nəzarət  ərazilərində, yəni separatçılıq və xarici təcavüz nəticəsində  əmələ  gəlmiş “boz 
zonalar” deyilən  ərazilərdə  fəaliyyət göstərirlər. Bu, nəzarətsiz “boz zonalardan” biri Azərbaycan 
Respublikasının Ermənistan hərbi qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və digər 
əraziləridir. Terrora qarşı hərtərəfli mübarizə apararaq və münaqişələrin beynəlxalq hüquq normaları əsasında 
həllinə çalışaraq, beynəlxalq icma gücdən qətiyyətlə istifadə etməlidir. Bu, ədalətli və qanunun aliliyini bərpa 
edə biləcək yeganə yoldur.  
Azərbaycanın nümayəndə heyəti bu yüksək kürsüdən beynəlxalq icmanın diqqətini davam edən Ermənistan 
– Azərbaycan münaqişəsinə dönə-dönə cəlb etmişdir. Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etməsindən artıq 
10 il keçir. Bu qətnamələr erməni işğalçı qüvvələrinin Azərbaycan  ərazilərindən dərhal, tam və qeyd-şərtsiz 
çıxmasını tələb edir. 
Bununla belə, Ermənistan bu qətnamələri saymazlığı ilə beynəlxalq icmaya meydan oxuyur. BMT 
Təhlükəsizlik Şurası və ATƏT-in Minsk qrupu isə bununla bağlı heç bir adekvat qərar qəbul etmirlər. 


88 
 
Azərbaycan beynəlxalq hüquq normalarına və prinsiplərinə əsasən münaqişənin sülh yolu ilə həllinə tərəfdar 
olduğunu dəfələrlə  bildiribdir. Biz bu yöndə  səylərimizi davam etdirməkdə israrlıyıq və beynəlxalq icmanın 
fəal iştirakına ümid edirik. Azərbaycan heç zaman “mövcud reallıqlar” əsasında həll variantı ilə razılaşmayacaq 
və torpağının bir qarışını belə heç kimə verməyəcəkdir! Azərbaycanın səbri sonsuz deyil və heç kim bundan sui-
istifadəyə  cəhd etməsin! Məsələnin həll olunmamasına görə  məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür, 
işğalın qurbanı olan Azərbaycanın üstünə yox. Beynəlxalq icmanın tutduğu passiv müşahidəçi mövqeyi 
yaranmış çıxılmaz vəziyyəti daha da gərginləşdirə bilər.  
Ermənistan yalnız Azərbaycan ərazilərini tərk etdikdən və bununla da münaqişənin sülh yolu ilə həllinə əsas 
yarandıqdan sonra Azərbaycanla normal dövlətlərarası münasibətlərə  və  əməkdaşlığa ümid edə bilər. Bizim 
beynəlxalq hüquq qaydalarına  əsaslanan konstruktiv təkliflərimizi rədd etməklə Ermənistan özünün əsl 
məqsədini – Azərbaycanın işğal olunmuş torpaqlarını öz ərazisinə qatmaq niyyətini nümayiş etdirir. 
Ermənistanın rəhbərliyi təcavüzkar millətçilik, militarizm, separatizm və terrorizm  ideologiyasını  əsas 
tutmaqda davam edərək öz xalqını  ən dərin böhran uçurumuna sürüyür. Əraziləri genişləndirmək və  ətrafda 
düşmən axtarmaq hisslərinin milli ideya kimi aşılandığı cəmiyyətdə heç vaxt demokratiya və plüralizm kök sala 
bilməz. Ermənistanda dərk etməlidirlər ki, belə getsə, Azərbaycanla hazırkı münaqişə  vəziyyəti nəinki həll 
olunmayacaq,  həm də Ermənistanın özünün ciddi daxili sosial və iqtisadi problemlərini daha da 
pisləşdirəcəkdir.  
Təəssüf hissi ilə bildirirəm və bunu hamı anlamalıdır ki, beynəlxalq icmanın fəaliyyətsizliyi bu pozucu 
siyasəti davam etdirməkdə Ermənistanın özünə arxayınlığını gücləndirməyə xidmət edir. Həm ATƏT-in Minsk 
qrupu, həm də BMT-nin Təhlükəsizlik  Şurası  təcavüzkarın qarşısından geri çəkildilər və bununla öz 
fəaliyyətlərinin və niyyətlərinin ciddi surətdə davam etdirilməsini şübhə altına aldılar. 
İşğalçının cəzalandırılmaması  nəinki bütün beynəlxalq təhlükəsizlik sistemini, həm də beynəlxalq hüququn 
prinsipləri və normalarını ciddi surətdə şübhə altına almağa başlayır.   
Bu cür münasibət beynəlxalq icmaya bir çox hallarda baha başa gəlibdir. 
Biz Təhlükəsizlik  Şurasına müraciət edirik ki, yuxarıda sadalanan 4 qətnamə ilə bağlı lazımi tədbirlər 
görülməsini təmin etsin və gözləyirik ki, təmas xəttində, eləcə  də  işğal olunmuş  ərazilərdə cinayətkar və 
təcavüzkar əməllərə son qoyulacaq, işğalçı qüvvələr Azərbaycan ərazilərindən qeyd-şərtsiz, dərhal və tamamilə  
çıxarılacaqdır.  
Cənab sədr!  
Münaqişə təxminən 1 milyon azərbaycanlını evsiz-eşiksiz qoymuşdur. Aydındır ki, qarşıdan gələn qış qaçqın 
və köçkünlər üçün daha bir sınağa çevriləcəkdir. Onlardan yüz minlərlə  nəfər hələ  də çadır düşərgələrində 
yaşamaqda davam edir. Azərbaycan hökuməti öz məhdud ehtiyatlarından istifadə edərək onların  əzablarını 
yüngülləşdirmək üçün əlindən gələni edir. Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti öz qərarı ilə qaçqın-
köçkünlər üçün evlər tikilməsinə 70 milyon ABŞ dollarından artıq vəsait ayırmışdır. 
Beynəlxalq icmanın yardımını yüksək qiymətləndirərək biz, eyni zamanda, yardımın azalmasından 
narahatlıq keçiririk. Biz BMT-nin müvafiq agentliklərini, donor ölkələri, qeyri-hökumət təşkilatlarını  təkidlə 
inandırırıq ki, diqqətlərini Azərbaycanın öz torpaqlarından zorla qovulmuş insanların problemlərinə yönəltsinlər 
və onların ehtiyaclarına adekvat cavab versinlər. Problemin uzunmüddətli həllinə gəldikdə isə, əlbəttə ki, bunun 
əsasında Ermənistanla Azərbaycan arasında münaqişənin aradan qaldırılması və qaçqın-köçkünlərin öz yerlərinə 
qayıtması durur.   
Bu münaqişə Azərbaycanın iqtisadiyyatına ağır zərbə vurmuşdur. Bununla belə, daxili ehtiyatlarımızı 
səfərbər edərək biz sosial-iqtisadi böhrana üstün gəlməyi, sabitlik və inkişaf yolu ilə irəliləməyi bacardıq. 
Azərbaycan Respublikasının prezidenti zati-aliləri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və tətbiq olunmuş 
iqtisadi islahatlar və neft strategiyası artıq konkret nəticələrini verməyə başlamışdır. Bu islahatlar makroiqtisadi 
sabitliyə və yüksək iqtisadi göstəricilərə gətirib çıxarmışdır. 
Bazar iqtisadiyyatına keçid və sahibkarlığın  inkişaf etdirilməsi iqtisadiyyatda özəl sektorun payını 73 faizə 
çatdırdı. Ölkə əhalisinin sayı ilə müqayisədə birbaşa xarici sərmayələrə dair rəqəmlər göstərir ki, Azərbaycan 
keçid iqtisadiyyatı  ölkələri arasında liderdir. Orta hesabla illik iqtisadi artım 8-10 faiz təşkil edir. 
Azərbaycanın təşəbbüsü ilə Xəzər dənizindəki karbohidrogen ehtiyatlarının işlənilməsini və dünya bazarına 
çıxarılmasını nəzərdə tutan genişmiqyaslı transregional layihələrin tətbiq olunması Şərq–Qərb dəhlizi boyunca 
yerləşmiş ölkələrin sosial-iqtisadi inkişafı üçün yeni imkanlar açır. Bu layihələr də tarixi İpək yolunun bərpa 
olunması üçün nəzərdə tutulur. 
Cənab sədr!  
Radikal siyasi islahatların həyata keçirilməsi və eləcə də demokratik cəmiyyətin inkişaf etdirilməsinə münbit 
şərait yaratmış daxili siyasi sabitlik olmasaydı, bu tərəqqi mümkün olmazdı. 
 Bu günlər Azərbaycan demokratiyası növbəti yetkinlik və möhkəmlik sınağının ərəfəsindədir. Oktyabrın 15-
də Azərbaycan Respublikasında prezident seçkiləri keçiriləcəkdir. Ölkədə əsl azad və ədalətli seçki keçirilməsi 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə