93
XILLI “NƏRƏ” BALIQARTIRMA
ZAVODUNUN AÇILIŞ MƏRASİMİNDƏ ÇIXIŞ
Neftçala rayonunun Xıllı qəsəbəsi
1 oktyabr 2003-cü il
Hörmətli xanımlar və cənablar!
Əziz neftçalalılar!
Bu gün Azərbaycanın müasir tarixində çox əlamətdar bir gündür. Azərbaycanın Neftçala rayonunun
ərazisində yeni, dünya standartlarına cavab verən "Nərə" balıqartırma zavodu tikilib və istifadəyə verilir. Mən
bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm.
Bu gün artıq ikinci dəfədir ki, bilavasitə ekoloji problemlərlə bağlı olan mərasimdə iştirak edirəm. Bu gün
səhər Bakının Qaradağ, habelə Salyan və Neftçala rayonlarının inzibati ərazilərində yerləşən Şirvan Milli
Parkının açılışında iştirak etmişdim və indi də burada sizinlə birlikdəyəm. Deyə bilərəm ki, bunların hər ikisi
Azərbaycan Respublikasının prezidenti hörmətli Heydər Əliyevin sərəncamları əsasında, onun təşəbbüsü ilə
yaradılmışdır. Bu, bir
daha göstərir ki, Azərbaycanın dövlət başçısı, bütün başqa məsələlərlə yanaşı,
ekologiyaya, ətraf mühitin qorunmasına böyük diqqət göstərir. Bu, həqiqətən də belədir. Biz bu məsələdə
bundan sonra da diqqətli olacağıq. Çünki bu, Azərbaycanın gələcəyi məsələsidir.
Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edir. Ölkəmiz iqtisadi islahatların aparılmasında qabaqcıl
yerlərdən birini tutur. Bu bizim hamımızı çox sevindirir. Bu işlər ölkəmiz üçün gözəl potensial və perspektivlər
yaradır. Amma bununla yanaşı, biz daim diqqət mərkəzində saxlamalıyıq ki, Azərbaycanın gözəl təbiəti
qorunsun. Bu istiqamətdə bu gün iki obyektin açılışı bir daha göstərir ki, dövlət başçısı bu işlərə də öz diqqətini
əsirgəmir.
Bu zavod ən müasir avadanlıqla təchiz olunub, ən yüksək dünya standartlarına uyğun şəkildə tikilmişdir. Bu
çox sevindirici haldır. Qeyd etməliyəm ki, son illər ərzində Azərbaycanda yaradılan, tikilən binaların,
müəssisələrin, idman qurğularının, demək olar, tam əksəriyyəti dünya standartlarına cavab verir.
Bu bizi çox sevindirir. Eyni zamanda, sevindirici hal həm də odur ki, bu zavod, əsasən, yerli inşaatçılar
tərəfindən tikilmişdir. On il bundan əvvəl Azərbaycanda hər bir tikili, hər bir kiçik bina xaricdən gələn
mütəxəssislər tərəfindən tikilirdi. Yerli şirkətlərin təcrübəsi yox idi. Amma bu illər ərzində təcrübə də
toplanmışdır və biz görürük ki, yerli inşaatçılar bütün binaları, zavodları, fabrikləri ən
yüksək səviyyədə tikə
bilirlər. Bu çox sevindirici haldır və biz gələcəkdə buna daha böyük əhəmiyyət verməliyik, yerli inşaatçıları,
istehsalçıları dəstəkləməliyik.
Biz Azərbaycanda istehsalı artırmalıyıq, çalışmalıyıq ki, idxal azalsın, daxili istehsal artsın. Bu istiqamətdə işlər
aparılır. Təxminən 20 gün əvvəl Xaçmaz rayonunda böyük emal müəssisəsi tikilib istifadəyə verilmişdir. Bu gün
də Neftçala rayonunda balıqartırma zavodu istifadəyə verilir. Əminəm ki, gələcəkdə də Azərbaycanın hər bir
bölgəsində yeni infrastruktur, yeni müəssisələr, fabriklər tikiləcəkdir. Bu da öz növbəsində, yeni iş yerlərinin
açılmasına imkan verəcəkdir. Azərbaycan hökumətinin qarşısında duran ən önəmli problemlərdən biri də məhz
yeni iş yerlərinin açılmasıdır.
Bu gün burada qeyd olundu ki, zavodda yüzə yaxın adam işləyəcəkdir. Yəni, artıq burada yüz iş yeri açılmışdır.
Hökumətin planlarına növbəti 5 il ərzində 600 min yeni iş yerinin açılması daxildir. Beləliklə,
Azərbaycanda
işsizlik, demək olar ki, tamamilə ləğv olunacaqdır. Bu çox sevindirici haldır və hökumət bu istiqamətdə işləyir
və bundan sonra da işləyəcəkdir.
Eyni zamanda qeyd olundu ki, bu zavod Xəzəryanı ölkələrdə nadir bir müəssisədir. Bu sahədə Azərbaycan
birincilik əldə etmişdir. Bu bizi çox sevindirir. Çünki Xəzər dənizinin müxtəlif sərvətləri vardır. Onun
bioresursları, Xəzərdəki neft-qaz yataqları da bu sərvətlərdəndir. Qürur hissi ilə deyə bilərəm ki, Heydər
Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan öz neft-qaz yataqlarının işlənilməsində
və enerji daşıyıcılarının dünya bazarlarına çatdırılmasında birinciliyi qazanmışdır və onu əldən verməyəcəkdir.
Məhz Azərbaycanın neft strategiyası sayəsində Xəzər dənizində beynəlxalq konsorsiumlar yaradılmışdır və bu
xarici şirkətlər Azərbaycanın iqtisadiyyatına artıq bir neçə milyard dollar investisiya qoymuşlar.
Bu da, öz növbəsində, ona gətirib çıxarmışdır ki, son illər ərzində neft sektorunda on mindən artıq yeni iş
yerləri açılmışdır. Bizim məqsədimiz ondan ibarətdir ki, bütün sahələrdə, xüsusilə,
qeyri-neft sektorunda buna
oxşar meyl müşahidə olunsun. Bu zavodun açılışı da onu göstərir ki, belə meyl vardır və bu siyasət gələcəkdə də
davam etdiriləcəkdir.
Azərbaycan Xəzər dənizinin statusu məsələsində dəfələrlə öz mövqeyini bəyan etmişdir. Bu mövqe
ədalətlidir və biz çox şadıq ki, son illər ərzində qonşularımızla – Rusiya və Qazaxıstan ilə Xəzər dənizinin
94
dibinin bölünməsi haqqında imzaladığımız sənədlərdə məhz Azərbaycanın mövqeyi öz əksini tapmışdır. Bizim
başqa ölkələrin sektorlarında gözümüz yoxdur. Ancaq öz sektorumuzda da işləyəcəyik və işlərimizi lazım
bildiyimiz kimi quracağıq. Bu işdə heç kim bizə mane ola bilməz. Xəzər dənizinin sektorlara bölünməsi məsə-
ləsində də böyük irəliləyiş müşahidə olunur.
Azərbaycan öz neft ehtiyatlarını artıq hasil edir və iki neft kəməri vasitəsilə dünya bazarlarına çıxarır. Bildiyiniz
kimi, hazırda Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri də inşa edilir və inşallah, 2005-ci ilin sonlarında o da
istismara veriləcəkdir. Bundan sonra Azərbaycanın xəzinəsinə çox böyük həcmdə valyuta axını gələcəkdir. Bu da, öz
növbəsində, qarşımızda duran planları həyata keçirməyə, yoxsulluğu azaltmağa, iş yerləri açmağa, yeni səhiyyə ocaq-
ları,
təhsil müəssisələri, yeni infrastruktur yaratmağa imkan verəcəkdir. İmkanlarımız çoxdur. Bu istiqamətdə
hökumət xüsusi bir proqram – Azərbaycanın iqtisadi inkişaf proqramını hazırlayır və burada bütün bu məsələlər öz
əksini tapacaqdır.
Əlbəttə, bu məsələlərin həlli bizim valyuta ehtiyatlarımızın bu proqramın həyata keçirilməsinə verdiyi
imkandan asılı olacaqdır. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi nəticəsində artıq valyuta
ehtiyatları yaranır. Bu məqsədlə Neft Fondu yaradılmışdır və orada 1 milyard 400 milyon dollar vəsait
toplanmışdır. Bu vəsait Azərbaycanın gələcək nəsilləri üçün istifadə olunacaq, eyni zamanda, ölkəmizin
qarşısında duran mühüm sosial-iqtisadi problemlərin həllində də öz rolunu oynayacaqdır.
Açılışına toplaşdığımız zavod həm də Dünya Bankının krediti ilə yaradılmışdır. Bu bizi çox sevindirir.
Azərbaycan beynəlxalq maliyyə qurumları ilə çox sıx və uğurlu əməkdaşlıq edir. Əlamətdar haldır ki, Dünya
Bankı, Beynəlxalq Valyuta Fondu, dünyanın digər aparıcı maliyyə qurumları Azərbaycanda həyata keçirilən
iqtisadi siyasəti çox yüksək qiymətləndirir və bəyənirlər. Təbii ki, bu belə də olmalıdır.
Çünki ölkəmizin
iqtisadiyyatı hər il təxminən 10 faiz artır, inflyasiyanın səviyyəsi 2 faizdən yuxarı deyildir. Digər iqtisadi
göstəricilər də deməyə əsas verir ki, Azərbaycan inamla irəliləyir.
Amma 1993-cü ili yada salaq. Həmin il, o vaxtkı iqtidarın dövründə inflyasiya min faiz təşkil edirdi. Yəni,
pulun dəyəri tamamilə itirdi. Azərbaycan, demək olar ki, xaos vəziyyətində, böhran içərisində idi. Xəzinə
boşalmışdı, burada qalan vəsaiti isə həmin iqtidar oğurlayıb xaricə aparmışdı. İndi isə Azərbaycanın sərvətləri, o
cümlədən valyuta ehtiyatları çox etibarlı şəkildə qorunub saxlanılır. Bu məqsədlə Neft Fondu yaradılıb və o, çox
şəffaf qurumdur. Onun fəaliyyəti, orada yığılan vəsait haqqında mütəmadi qaydada əhaliyə məlumat verilir. Bu
şəffaf qurum Azərbaycanın gələcəyində və perspektivlərində çox mühüm rol oynayacaqdır.
Bütün bu sadaladığım amillər deməyə imkan verir ki, Azərbaycan yaxın gələcəkdə çox böyük uğurlar əldə
edəcək, iqtisadi cəhətdən güclənəcəkdir. İqtisadiyyatımız daha da inkişaf edəcəkdir. Artıq biz bu inkişafı
görürük. Xüsusilə aqrar sektorda. Azərbaycan MDB məkanında
yeganə ölkədir ki, torpaq kəndlilərə verilmişdir.
Biz artıq bunun nəticələrini görürük. Eyni zamanda, özəlləşdirmə prosesi nəticəsində minlərlə, on minlərlə
sahibkarlar təbəqəsi yaranmışdır. Biz çalışmalıyıq ki, ölkəmizdə güclü orta təbəqə yaransın, Azərbaycanın bütün
bölgələri hərtərəfli inkişaf etsin. Bu məqsədlə biz bundan sonra da işimizi elə quracağıq ki, hər bir bölgədə,
Azərbaycanın hər bir rayonunda yeni iş yerləri açılsın, yeni zavodlar, fabriklər istifadəyə verilsin ki, insanlar işlə
təmin olunsunlar.
Biz bütün bunları edəcəyik. Əlbəttə, ilk növbədə biz istəyirik ki, Azərbaycan dünyada daha möhkəm şəkildə
özünə layiq yer tutsun. İndi bu, baş verir. Mənim son görüşlərim, xaricdə apardığım danışıqlar bir daha onu
göstərir ki, ölkəmiz dünyada öz mövqelərini möhkəmləndirmişdir. İndi Azərbaycanla hesablaşır, ona hörmət
edirlər. Ölkəmizin regiondakı mövqeyi möhkəmlənmişdir. Azərbaycansız regionda heç
bir iqtisadi layihə həyata
keçirilə bilməz.
Halbuki Ermənistan öz işğalçı siyasəti nəticəsində bütün regional layihələrdən məhrum olubdur. Biz onları
bu layihələrdən təcrid etmişik. Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında olan iqtisadi uçurum daha
da genişlənəcəkdir. Azərbaycan möhkəm və zəngin ölkəyə çevriləcəkdir. Ermənistanda isə bu perspektivlər
yoxdur. Əlbəttə ki, bu amil danışıqlar prosesində də mühüm rol oynayacaqdır. Azərbaycanın ordusu güclənir.
Dövlətimizin başçısı cənab Prezidentin göstərişləri əsasında ordu quruculuğunda da böyük işlər görülmüşdür.
Artıq bizim ordumuz qarşıda duran bütün vəzifələri həll etməyə qadirdir. Amma biz istəyirik ki, müharibə
olmasın, problemi sülh yolu ilə həll edək. Eyni zamanda, ordumuz güclü olmalıdır və bu istiqamətdə işlər
aparılır.
Yenidən iqtisadiyyata qayıdaq, çünki hər şey iqtisadi zəmin üzərində qurulur. İqtisadiyyatı güclü olan ölkə
hər şeyə qadirdir. Bunu cənab Prezident bir neçə il əvvəl demişdir. Bu ifadə bu gün də aktualdır, sabah da aktual
olacaqdır. Ona görə də, ilk növbədə, iqtisadi inkişafa diqqət yetirilməlidir və yetirilir. Əlbəttə,
bundan sonra
maaşların və gəlirlərin daha da artırılmasına imkan yaranacaqdır. Deyə bilərəm ki, cənab Prezidentin son
sərəncamları nəticəsində 2 milyon insan bunu hiss etmişdir – maaşlar 50 faiz qaldırılmış, pensiyalar
artırılmışdır. Bu proses davam edəcəkdir. İmkan yarandıqca, biz bunu davam etdirəcəyik. Çünki bütün müsbət
nəticələrə baxmayaraq, biz çox gözəl bilirik ki, problemlər də çoxdur və xalqın müəyyən təbəqəsi çətinlik çəkir.
Yoxsulluğun azaldılması istiqamətində biz yenə də beynəlxalq maliyyə qurumları, o cümlədən Dünya Bankı ilə