111
BƏRDƏ ŞƏHƏRİNDƏ OLİMPİYA İDMAN
KOMPLEKSİNİN TƏNTƏNƏLİ AÇILIŞ
MƏRASİMİNDƏ ÇIXIŞ
7 oktyabr 2003-cü il
Əziz bərdəlilər!
Əziz bacılar və qardaşlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram və bu gözəl, yeni Olimpiya İdman Kompleksinin açılışı
münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Gün gələcək, Azərbaycanın işğal altında olan torpaqları azad
ediləcək və Milli Olimpiya Komitəsinin
prezidenti kimi, mən sizə söz verirəm ki, hər bir işğaldan azad olunan
rayonda buna bənzər olimpiya kompleksləri tikiləcəkdir. Azərbaycanda idman sürətlə inkişaf edir,
idmançılarımızın beynəlxalq yarışlarda göstərdiyi nəticələr bizim hamımızı çox sevindirir. Dünya, Avropa
çempionatlarında, Olimpiya oyunlarında, digər beynəlxalq yarışlarda idmançılarımız doğma Vətənimizi
ləyaqətlə təmsil edirlər. Ölkəyə medallar gətirirlər. Son 6 il ərzində beynəlxalq yarışlardan idmançılarımız
Vətənə mindən çox medal gətiriblər. Bu onu göstərir ki, Azərbaycanda idman sahəsində çox güclü potensial
yaranıbdır. Azərbaycanın, demək olar ki, bütün idman federasiyaları öz fəaliyyətlərini yüksək səviyyədə qura
biliblər. İdmançılarımız bütün beynəlxalq yarışlarda iştirak edir, qələbə qazanır və hər dəfə qələbə qazanılanda
Azərbaycanın milli bayrağı qaldırılır, Azərbaycanın dövlət himni səslənir. Ən böyük mükafat məhz bunlardır.
Bütün Azərbaycan xalqı çox böyük qürur hissi ilə idmançılarımızın qələbələrini alqışlayır, qarşılayır. Amma
təəssüflər olsun, elələri də var ki, onlar nəinki sevinmir, hətta peşman olurlar. Bunlar kimdir? Bizim müxalifət.
Nəyə görə?
Çünki onlar hesab edirlər ki, bir halda ki, İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidentidir,
bu qələbələr əlavə siyasi kapital verəcəkdir.
Buna görə onlar bütün çıxışlarında, qəzetlərində gedən yazılarda idmançılarımıza, idmanla məşğul olanlara,
idmana rəhbərlik edən şəxslərə böhtanlar atırlar. Bu bir daha göstərir ki, onların maraqları Azərbaycan xalqının
maraqları ilə üst-üstə düşmür.
Amma bütün bunlara baxmayaraq, biz onlara fikir vermirik. Bizim məqsədimiz ondan ibarətdir ki,
Azərbaycanı hərtərəfli inkişaf etdirək. Azərbaycanın hər sahəsi inkişaf etsin, o cümlədən idman da. Əlbəttə ki,
bunu əldə etmək, idmanla məşğul olmaq üçün, ilk növbədə, gözəl şərait yaradılmalıdır və biz bu şəraiti
yaradırıq. Bu gün burada açılan, bütün müasir standartlara cavab verən Olimpiya kompleksi bunu bir daha
təsdiqləyir. Mən çox istərdim ki, bu kompleksdən səmərəli istifadə olunsun. Uşaqlar, gənclər, yeniyetmələr,
idmançılar buraya gəlib idman bölmələrində məşğul olsunlar. Bu onları fiziki
cəhətdən, eyni zamanda, mənəvi
cəhətdən də sağlam edəcəkdir. Beləliklə, Azərbaycanda idmanla məşğul olmaq kütləvi xarakter alacaqdır. Bu
artıq baş verir. Azərbaycanın müxtəlif bölgələrində buna oxşar idman kompleksləri tikilib, istifadəyə verilibdir.
Biz bu proqramı başlayanda istəyirdik ki, bu komplekslərdən biri də Qarabağ torpağında tikilsin. Mən çox
xoşbəxtəm ki, biz bunu etmişik və bu gün sizinlə birlikdə onun açılışına toplaşmışıq.
Bərdə Azərbaycanın dilbər guşəsidir. Hər bir azərbaycanlı üçün doğma yerdir, doğma məkandır. Bərdə çox
inkişaf edib, gözəlləşir, abadlaşır. Siz bilirsiniz ki, möhtərəm cənab Prezident keçmişdə, 1970-ci illərdə də,
ondan sonrakı dövrlərdə də mütəmadi qaydada Bərdəyə gəlmiş, bərdəlilərlə ünsiyyətdə olmuş, Bərdəyə və
Bərdə camaatına daim diqqət göstərmişdir. Mən
sizi əmin etmək istəyirəm ki, bundan sonra da biz Bərdəyə
daim diqqət göstərəcəyik, hörmət göstərəcəyik, birlikdə Azərbaycanı inkişaf etdirəcəyik.
Mən bərdəlilərə bir də ona görə öz minnətdarlığımı bildirmək
istəyirəm ki, onlar çətin vəziyyətə düşən, öz
ata-baba yurdlarından didərgin salınan qaçqınlara, məcburi köçkünlərə çox mehriban münasibət göstərirlər.
Onlar üçün hər bir şərait yaratmağa çalışırlar. Baxmayaraq ki, onların özlərinin də imkanları məhduddur. Amma
o qaçqınlara və məcburi köçkünlərə göstərilən diqqət və qayğı təqdirəlayiqdir. Mən əminəm ki, bundan sonra da
belə olacaqdır.
Ancaq eyni zamanda, bizim məqsədimiz bundan ibarətdir ki, Azərbaycanda Ermənistanın işğalı nəticəsində
öz torpaqlarını itirmiş insanlar üçün yeni qəsəbələr, yeni şəhərciklər tikilsin. Bu istiqamətdə işlər görülür.
Bildiyiniz kimi, Biləsuvar rayonunda çadır düşərgələrində məskunlaşmış insanlar üçün möhtərəm cənab
Prezidentin fərmanları ilə yeni qəsəbələr salınıbdır. Bu yaxınlarda mən orada olarkən qəsəbənin açılışında
iştirak etdim. 2600
ailə yeni, müasir evlərə köçürülübdür. Ondan əvvəl orada çadır düşərgəsində məskunlaşmış
Füzuli qaçqınları da yeni tikilmiş evlərə köçürülmüşlər. Mən bilirəm ki, Bərdədə üç çadır düşərgəsi vardır.
Bunlarda təxminən 3 min ailə, 12 min insan yaşayır. Bizim məqsədimiz bundan ibarətdir ki, o çadır
düşərgələrini də ləğv edək və əvəzində müasir evlər tikək. Mən sizə söz verirəm ki, bu belə də olacaqdır. Bir
dənə də çadır düşərgəsi qalmayacaq, orada yaşayan qaçqınlar və məcburi köçkünlər yeni, müasir evlərə
köçürüləcəklər.
112
Bütün bu tədbirləri görmək üçün, əlbəttə ki, Azərbaycanda gərək iqtisadiyyat güclü olsun. Bu istiqamətdə
Heydər Əliyev tərəfindən keçirilən iqtisadi islahatlar öz bəhrəsini verməkdədir. Azərbaycan iqtisadi cəhətdən
güclənir, ayağa qalxır, ölkədə çox güclü iqtisadi potensial yaranmışdır. Bu ona görə baş verir ki, Azərbaycanda
islahatlar keçirilir. Aqrar islahat nəticəsində torpaq kəndlilərin mülkiyyətinə verilibdir. Kənd təsərrüfatı ilə
məşğul olan adamlar məndən yaxşı bilirlər ki, bu nə qədər böyük xeyir gətirir. Azərbaycanda özəlləşdirmə
prosesi həyata keçirilir və on minlərlə sahibkarlar yaranıbdır. Onlar da öz tərəfindən Azərbaycanın
iqtisadiyyatını gücləndirirlər. Sizə deyə bilərəm ki, indi Azərbaycanın iqtisadiyyatını özəl
sektor daha fəal
formalaşdırır. Ümumi daxili məhsulun 75 faizi özəl sektorun payına düşür. Bu çox gözəl nəticədir və
Azərbaycanda iqtisadi islahatların çox uğurla aparıldığını göstərir. Bizimlə əməkdaşlıq edən dünyanın aparıcı
maliyyə qurumları da bunu qiymətləndirir, təsdiq edirlər.
Azərbaycanda Heydər Əliyevin neft strategiyası həyata keçirilir. Bunun nəticəsində Azərbaycanın nefti
dünya bazarlarına çatdırılır. Neft kəmərləri tikilibdir. Hazırda əsas ixrac neft kəməri – Bakı–Tbilisi–Ceyhan
kəməri tikilir və demək olar ki, işlərin xeyli hissəsi görülüb və inşallah, yaxın gələcəkdə onun açılışında iştirak
edəcəyik. Bu bizə imkan verəcək ki, Azərbaycan iqtisadi cəhətdən daha da güclənsin, zənginləşsin.
Bilirsiniz ki, Azərbaycanda Dövlət Neft Fondu yaradılıbdır. Bu o məqsədlə yaradılıb ki, neftdən əldə olunan
gəlirlər bir yerdə, şəffaf şəkildə saxlansın və ilk növbədə, sosial problemlərin həllinə xərclənsin. Məhz belə də
edilir. Biləsuvarda məcburi köçkünlər üçün qəsəbə məhz Neft Fondunun vəsaiti hesabına tikilibdir. Burada,
Bərdədə, Ağdamda, işğaldan azad olunan digər ərazilərdə yaxın gələcəkdə məcburi köçkünlər üçün yeni
qəsəbələr də Neft Fondunun vəsaiti hesabına tikiləcəkdir. Budur Heydər Əliyevin neft strategiyası, budur
Heydər Əliyevin neft strategiyasının təntənəsi!
Amma sizə deyə bilərəm ki, bu strategiya Azərbaycan xalqının böyük əksəriyyətinin dəstəyinə arxalanıbdır.
Eyni zamanda, xatırlatmaq istəyirəm ki, bu məsələlər 1994–1995-ci illərdə, hətta 1996-cı ildə Milli Məclisdə
müzakirə ediləndə, indi sizdən səs istəyən, Azərbaycanı dağıdan, böhrana salan, sonra qorxaqcasına qaçıb
gizlənən müxalifət tərəfindən çox böyük etiraza səbəb olmuşdu. Mənim yadımdadır – o vaxt da Milli Məclisin
deputatı idim – Şahdəniz layihəsi orada müzakirə olunanda, indi sizdən əbəs yerə səs istəyən Etibar Məmmədov
hətta öz dəstəsi ilə Milli Məclisin iclasını tərk etmişdi. Nəyə görə bunu etmişdi? Çünki o bilirdi, Azərbaycanda
vətəndaş müharibəsini başlayan, qardaş qanını tökən İsa Qəmbərov da yaxşı bilirdi ki, əgər neft sektorunda
Heydər Əliyevin planlarında, proqramında nəzərdə tutulan tədbirlərin görülməsi mümkün olacaqsa, onda, əlbət-
tə ki, Azərbaycan zəngin dövlətə çevriləcəkdir. Bu gün əldə olunan bütün nəticələri biz o vaxt görürdük. Müxalifət
də – baxmayaraq ki, bu sahədə çox da
böyük biliyə malik deyillər, amma o qədər də ağılsız deyillər – bilirdi ki, bu
tədbirlər Azərbaycana yaxın gələcəkdə böyük faydalar verəcəkdir. Onlar bunu istəmirdilər. Mən bunu demişəm, bir
daha deyəcəyəm. Azərbaycanın iqtisadi inkişafını dünyada iki qüvvə istəmir – biri Ermənistan, biri də Azərbaycan
müxalifəti.
Ermənistan ona görə istəmir ki, başa düşür – bu layihələr həyata keçəndən sonra Azərbaycan iqtisadi
cəhətdən güclənəcək, zəngin, qüdrətli dövlətə çevriləcəkdir. Bu da öz növbəsində bizə imkanlar yaradacaq ki,
Dağlıq Qarabağ məsələsini öz xeyrimizə, yəni ədalətli şəkildə, bütün beynəlxalq hüquq normalarına əsaslanaraq
həll edək.
Müxalifət bunu istəmir ona görə ki, çünki başa düşür, əgər bütün nəzərdə tutulan məsələlər öz həllini taparsa,
Azərbaycan xalqı daha yaxşı, daha da zəngin yaşayacaq və o vaxt nəinki onlara səs verməyəcək, heç onların
üzünə də baxmayacaqdır. Bu məsələdə ermənilərin və müxalifətin maraqları üst-üstə düşür. Amma qoy onlar
özlərini yormasınlar.
Azərbaycan qüdrətli dövlətdir, öz siyasətini aparır. Azərbaycan Heydər Əliyevin siyasətini
dəstəkləyir, bundan sonra dəstəkləyəcək və mən də bütün xalqımızla birlikdə bu siyasəti davam etdirəcəyəm.
Biz Ermənistanla Azərbaycan arasında olan münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Bu məqsədlə
danışıqlar aparılır. Düzdür, hələlik danışıqların heç bir nəticəsi yoxdur. Bu məsələyə kömək göstərmək
funksiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu, təəssüflər olsun ki, çox zəif fəaliyyət göstərir və onun
fəaliyyəti bizi qane etmir. Bütün bunlara baxmayaraq, biz xoş niyyət göstərərək, hələlik yenə də danışıqlar
prosesindən imtina etmirik. Çünki ümidvarıq ki, beynəlxalq ictimaiyyət, nəhayət, Ermənistanı məcbur edəcək
ki, o, işğal olunan torpaqlardan çəkilsin. Eyni zamanda, Azərbaycan bu istiqamətdə bütün beynəlxalq təşkilat-
larda öz fəaliyyətini gücləndirib və BMT-nin də məlum qətnamələri var. Bu yaxınlarda Avropa Şurası bu
məsələdə çox düzgün, ədalətli mövqe nümayiş etdirmişdir.
Əlbəttə ki, bu ilk növbədə Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin nəticəsində baş veribdir. Biz çox
şadıq ki, Avropa Şurasının deputatları qəbul olunan sənədlərdə Ermənistanı işğalçı dövlət kimi tanıyıblar. Biz
hesab
edirik ki, bütün bunlar gələcək danışıqlar prosesinə müsbət təsir göstərməlidir və göstərəcəkdir. Mən
əminəm ki, biz məsələnin həllinə sülh yolu ilə nail ola bilərik. Amma mən dəfələrlə demişəm və bir daha
burada qeyd etmək istəyirəm ki, bizim səbrimiz də tükənməz deyil. Əgər biz görsək ki, bütün bu danışıqlar,
sadəcə olaraq, formal xarakter daşıyır və heç bir nəticəsi yoxdur, onda Azərbaycan xalqının tam haqqı var ki,
nəyin bahasına olursa-olsun, öz torpaqlarını azad etsin.