109
"QARADAĞ–DİGAH–ŞİMAL DRES"
YÜKSƏK TƏZYİQLİ QAZ KƏMƏRİNİN
VƏ MÜVAFİQ KOMPRESSOR STANSİYASININ
AÇILIŞ MƏRASİMİNDƏ ÇIXIŞ
6 oktyabr 2003-cü il
Hörmətli xanımlar və cənablar!
Hörmətli səfirlər!
Əziz qonaqlar!
Bu gün Azərbaycanın həyatında çox əlamətdar bir gündür. Azərbaycanda yeni infrastruktur obyekti –
Qaradağ qaz kompressor stansiyası tikilib və istifadəyə verilir. Bu münasibətlə mən sizin hamınızı təbrik
edirəm.
1998-ci ildə möhtərəm cənab prezident Heydər Əliyev Yaponiyada rəsmi səfərdə olarkən bu stansiyanın
tikilməsi haqqında razılaşma əldə edilmişdi. Yaponiya hökumətinin krediti hesabına
bu stansiya tikilib və eyni
zamanda uzunluğu 87 kilometr olan qaz kəməri çəkilibdir. Bu bir də onu göstərir ki, Yaponiya ilə Azərbaycan
arasında münasibətlər çox yüksək səviyyədədir. Aramızda qarşılıqlı hörmət və anlaşma vardır. Bu bizim üçün
çox vacibdir. Çünki Yaponiya ilə bizim aramızda olan münasibətlər, iqtisadi sahələrdə əməkdaşlığımız bizə bir
çox məsələni həll etməyə imkan verəcəkdir. Bu indi baş verir. Yaponiya hökumətinin krediti vasitəsilə
Azərbaycanda "Şimal" elektrik stansiyası tikilib istifadəyə verilibdir. Bu gün bu stansiya istifadəyə verilir.
Bilirəm ki, biz gələcəkdə digər layihələr üzrə işləyəcəyik. Əminəm ki, bizim əməkdaşlığımız digər sektorlarda
da özünü göstərəcəkdir.
Eyni zamanda bu kreditlərlə yanaşı, - qeyd etməliyəm ki,
bunlar çox məqbul şərtlərlə, aşağı faizlə 40 il
müddətinə verilir – Yaponiya hökuməti Azərbaycana təmənnasız olaraq yardım şəklində böyük həcmdə kömək
göstəribdir. Bu gün bu fürsətdən istifadə edərək Yaponiya hökumətinə Azərbaycan hökuməti adından öz
təşəkkürümü bildirmək istəyirəm.
Bu stansiyanın tikilib istifadəyə verilməsi bizə qarşımızda duran bir neçə mühüm məsələni həll etməyə
imkan verəcəkdir. Bu stansiya vasitəsilə Bakıya və onun ətrafında yerləşən qəsəbələrə qazın verilməsi daha da
yüksək səviyyəyə qalxacaq, onun həcmi artacaqdır. Bu bizim üçün çox vacib məsələdir. Biz indi ciddi məşğuluq
ki, Azərbaycanın hər bölgəsinə qazın verilməsi bərpa olunsun. Çünki bilirsiniz ki, Heydər Əliyev 1970–1980-ci
illərdə Azərbaycanın rəhbəri olarkən respublikamızın bütün bölgələri, bütün kəndləri qazlaşdırılmışdı,
hər yerə
qaz xətləri çəkilmişdi. Ondan sonra, düzdür, o xətlərin bəziləri köhnəlib, sıradan çıxıb və qazın da verilməsi
dayandırılmışdı. Biz indi bunu bərpa edirik. Son iki il ərzində bu istiqamətdə xeyli iş görülmüşdür.
32 rayona yenidən qazın verilməsi bərpa olunmuşdur. İndi o rayonların mərkəzlərinə qaz verilir. Bu
məqsədlə hər il Rusiyadan 4 milyard kubmetr qaz alınır. Bu tədbir ilk növbədə sosial xarakter daşıyır. Sizə açıq
deyim ki, bunun iqtisadi cəhətdən o qədər də səmərəsini görmürük. Çünki Azərbaycanda qazın qiyməti çox
aşağıdır. Deyə bilərəm ki, hər il qaz alınmasına 200 milyon dollardan çox vəsait ödənilir. Əvəzində isə bunun
haradasa 5 faizi qayıdır, bəlkə də qayıtmır. Amma bütün bunlara baxmayaraq, biz bu məsələnin vacibliyini
nəzərə alır, buna məhz sosial nöqteyi-nəzərdən yanaşırıq və qiymətlər də aşağıdır.
Elektrik enerjisinin də
həmçinin. İstəyirəm biləsiniz, hökumətin planlarında belə məqsəd yoxdur ki, bunların qiymətləri artsın. Çünki
biz
bilirik ki, əhalinin imkanları hələ məhduddur. Ona görə də qiymətlər elə bu səviyyədə qalacaqdır. Mən
istəyirəm hamı bilsin ki, həyata keçirilən bu layihə məhz sosial xarakter daşıyır. Biz bu istiqamətdə işlərimizi
gələcəkdə də davam etdirəcəyik. Azərbaycana əlavə həcmlərdə qazın alınmasını təmin edəcəyik. Amma bir
neçə ildən sonra Azərbaycan özü-özünü qazla təmin edəcəkdir. Azərbaycanda "Şahdəniz" kimi nəhəng qaz
yatağı kəşf olunubdur. Orada bu yaxınlarda əməli işlər görüləcək, quyular qazılacaqdır. Beləliklə, bir neçə ildən
sonra Azərbaycan özü-özünü qazla təmin etmək iqtidarında olacaqdır. O vaxta qədər isə qazın alınması davam
edəcəkdir.
Eyni zamanda bu stansiya Azərbaycanda elektrik enerjisinin həcmini artıracaqdır. Biz hamımız bilirik ki, son
illər bu istiqamətdə də çox gözəl işlər görülüb, elektrik enerjisinin verilməsi daha yüksək səviyyədədir. Xüsusilə
Azərbaycanın bölgələrində. Mən bu yaxınlarda Azərbaycanın bir neçə rayonunda olmuşam və çox məmnunluq
hissi ilə sizə deyə bilərəm ki, keçmişdə elektrik enerjisinin verilməsində olan fasilələr artıq yoxdur, əhali təmin
olunur. Bu sahədə işlər davam edəcək, gələcəkdə Azərbaycanda hər birinin gücü 400 meqavat olan iki yeni
elektrik stansiyası tikiləcəkdir. Əminik ki, onların biri, "Şimal-2" stansiyası yenə Yaponiya hökumətinin krediti
hesabına tikiləcəkdir. Bu stansiyalar tikilib istifadəyə verildikdən sonra
Azərbaycanda, ümumiyyətlə, elektrik
enerjisi problemi olmayacaq, özümüzü elektrik enerjisi ilə tam təmin edə biləcəyik. Bəlkə gələcəkdə elektrik
enerjisini ixrac da edə biləcəyik. Bütün bunlar, görülən işlər Azərbaycanda son illər Heydər Əliyev tərəfindən
110
aparılan ümumi iqtisadi siyasət nəticəsində mümkün olmuşdur.
Azərbaycanda iqtisadiyyat gücləndikcə, təbiidir ki, ilk növbədə sosial məsələlərin həllinə fikir verilir. Bu
istiqamətdə böyük işlər görülübdür.
Azərbaycanda Heydər Əliyevin neft strategiyası uğurla həyata keçirilir. Bunun
nəticəsində minlərlə yeni iş
yerləri açılıbdır. Azərbaycana böyük həcmdə sərmayə qoyulubdur. Çox sevindirici haldır ki, bu sərmayələri
qoyanlar arasında Yaponiya şirkətləri də vardır. Onlar Azərbaycanın neft-qaz sektorunda çox fəal iştirak edirlər.
Eyni zamanda sərmayəçi kimi çox böyük həcmdə vəsait qoyurlar.
Azərbaycanda neft kəmərləri tikilib istifadəyə verilmişdir. İndi Bakı–Tbilisi–Ceyhan neft kəməri inşa edilir.
Yaxın zamanlarda o da istifadəyə veriləcəkdir. Bu da öz növbəsində qarşımızda duran digər sosial məsələlərin
həllində bizə yaxından kömək edəcəkdir. Bu istiqamətdə işlər aparılacaqdır. Azərbaycanın perspektivləri çox
gözəldir. Bizim gözəl potensialımız, təbii sərvətlərimiz, ən önəmlisi isə çox güclü insan potensialımız vardır.
Bütün bu amillərdən gərək çox səmərəli istifadə edək.
Əziz dostlar, bu gün bu stansiya istifadəyə verilir. Bu bizim hamımızı çox sevindirir. Çünki biz bilirik ki,
yaxın gələcəkdə Azərbaycan bunun faydasını görəcəkdir. Gələcəkdə buna bənzər infrastruktur obyektləri
tikiləcək, istismara veriləcəkdir.
Son 20 gün ərzində Azərbaycanın müxtəlif sektorlarında yeni, müasir, bütün dünya standartlarına cavab
verən obyektlər istifadəyə verilir. Bu təkcə Bakıda deyil, Azərbaycanın digər bölgələrində də baş verir. Çünki
biz çox istəyirik ki, Azərbaycan hərtərəfli inkişaf etsin. Əlbəttə ki, paytaxtımız
öz yerində, amma bölgələr də
inkişaf etməlidir. Əgər Bakıda işıq, qaz varsa, deməli, Azərbaycanın hər bir rayonunda işıq və qaz olmalıdır. Biz
də bunu təmin edəcəyik.
Bu gün bu stansiyanın istifadəyə verilməsi mənim üçün başqa bir cəhətdən də çox sevindiricidir. Çünki bu,
Qaradağ rayonunun ərazisində baş verir. Qaradağ rayonu mənim üçün çox əzizdir. 1995-ci ildə Qaradağ
rayonunun sakinləri mənə etimad göstərərək, Milli Məclisin deputatı seçdilər. Mən 5 il ərzində Milli Məclisdə
Qaradağ rayonunu təmsil edirdim. Zənnimcə, pis də təmsil etmirdim.
2000-ci ildə mən artıq Milli Məclisə Yeni Azərbaycan Partiyasının siyahısı ilə seçilmişdim. Amma buna
baxmayaraq rayonla əlaqəmi heç vaxt kəsməmişəm, rayon rəhbərliyi ilə daim əlaqə saxlamışam. Mənim
təşəbbüsümlə yaradılmış Qaradağ sosial-iqtisadi fondunun fəaliyyəti də davam etmişdir
və bu gün də davam
edir, sabah da davam edəcəkdir.
2000-ci ildə Qaradağ rayonunda olarkən mən öz çıxışımda demişdim ki, biz artıq bir yerdəyik. Baxmayaraq
ki, mən Qaradağ rayonunu artıq rəsmi olaraq təmsil etmirəm, amma mən daim sizi ürəyimdə təmsil edəcəyəm. Biz
daim bir yerdə olacağıq. Çalışacağam ki, Qaradağ rayonunda birlikdə topladığımız o gözəl təcrübəni başqa
bölgələrdə də tətbiq edəm. Biz burada çox işlər gördük. Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün hərəsi 50
mənzildən ibarət iki müasir yaşayış evi tikilib istifadəyə verilmişdir. Möhtərəm cənab Prezident o evlərin açılışında
iştirak etmişdir. Burada qaçqınlar, məcburi köçkünlər üçün “Ümid” qəsəbəsi salınmışdır. 300 ailə öz yaşayış şəraitini
yaxşılaşdırmışdır. Cənab Prezident onun da açılışını etmişdi, bizimlə bir yerdə idi.
Digər məsələlər də həll olunmuşdur. Yollar çəkilmişdir. Burada məskunlaşmış qaçqın, məcburi köçkün
ailələrinə yardımlar göstərilmişdir və bundan sonra da göstəriləcəkdir. Cənab Prezidentin Qaradağ rayonuna
qayğısı daim olubdur və siz də bunu hiss etmisiniz. İndi cənab Prezident Azərbaycanda deyil, müalicə olunur,
müalicə də uğurla davam edir. Mən əminəm ki, yaxın
gələcəkdə o, Vətənə dönəcək və yenə Azərbaycan xalqı
ilə birlikdə olacaqdır.
Əziz dostlar, bu gözəl stansiyanın açılışı münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Sizə cansağlığı,
xoşbəxtlik arzulayıram. Sağ olun.