104
xalqı artıq öz müqəddəratını təyin etmişdir, onun Ermənistan
dövləti var. Əgər Ermənistanın məntiqini götürsək, onda hər bir
milli azlıq öz müqəddəratını təyin edəcək və bununla da
ölkələrin ərazi bütövlüyünü pozacaqdır. Bunun nəyə gətirib
çıxaracağı yaxşı məlumdur. Bu, fəlakətə gətirib çıxaracaqdır.
Ona görə də Azərbaycan münaqişənin sülh yolu ilə həllinə
tərəfdardır, amma məhz beynəlxalq hüququn norma və
prinsipləri əsasında. Ermənistanın işğalçı qüvvələri zəbt
olunmuş ərazilərdən çıxarılmalıdır, Dağlıq Qarabağ erməniləri
isə vahid Azərbaycan dövləti çərçivəsində yüksək özünüidarə
və muxtariyyət statusu ala bilərlər.
Biz MDB çərçivəsində, digər beynəlxalq təşkilatlar çər-
çivəsində forumlarda tez-tez ünsiyyətdə olur, tez-tez görüşürük,
İmoməli Rəhmonla bizim aramızda çox yaxın, çox səmimi
münasibətlər yaranmışdır. Mənim buraya səfərim, ümidvaram,
Tacikistan prezidentinin yaxın vaxtlarda cavab səfəri
əlaqələrimizi daha da möhkəmləndirəcəkdir.
Təəssüf ki, müstəqillik əldə edildikdən sonra Tacikistanda
da, Azərbaycanda da xalqlarımız daxili münaqişələrdən,
vətəndaş müharibəsindən çox əziyyət çəkdilər. Biz bunu da
yaşadıq, amma xoşbəxtlikdən bu o qədər də uzun sürmədi. Bu
proses sizdə daha sürəkli, daha qanlı oldu və ölkənin bərpası
üçün çox böyük səylər göstərməli oldunuz. Bunu necə uğurla
etməyiniz onu göstərir ki, rəhbərliyin siyasəti düzgündür, əhali
tərəfindən dəstəklənir. Dostlarınız və qonşularınız uğurlarınızı
gördükdə sevinirlər.
Belə səmimi qəbula görə Sizə bir daha təşəkkür etmək
istəyirəm. Tacikistanda olmağıma çox şadam. Ölkənizə bu
mənim nəinki ilk rəsmi, həm də, ümumiyyətlə, birinci səfə-
rimdir. Ümidvaram ki, bundan sonra tez-tez görüşəcək və
ünsiyyətdə olacağıq. Ümumi bayramımız – Novruz bayramı
ərəfəsində öz adımdan bütün qardaş Tacikistan xalqına ən xoş
arzularımı yetirmək istəyirəm.
* * *