10
ÖN SÖZ
1917-ci
il
fevralın 27-də Rusiyada çar mütləqiyyətinin devrilməsi və oktyabr çevrilişindən
sonra, başqa xalqlarda olduğu kimi, azərbaycanlılar arasında da milli özünüdərketmə ənənələri xeyli
güclənmiş, milli mənlik şüuru artıb öz müqəddəratını müstəqil həlletmə səviyyəsinə çatmışdı.
Azərbaycan dövlətçiliyi ənənələrinin yenidən bərpa olunması yolunda qəti mövqe seçilmiş və nəhayət,
Zaqafqaziya seymi dağıldıqdan sonra 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası özünün ilk tarixi
iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını və Azərbaycan dövlətinin müstəqilliyini
rəsmən elan etmişdi.
Bu mühüm inqilabi prosesin mahiyyətini şərh edərək Azərbaycan Respublikasının Prezidenti,
ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik
yubileyinə həsr olunmuş
təntənəli mərasimdə demişdir:
“Azərbaycan Xalq Cümhüriyyəti az bir müddət yaşayıbdır. Ancaq o XX əsrdə Azərbaycan
xalqının həyatında tarixi bir mərhələ olub və xalqımızın gələcəyinin, müstəqilliyinin, suverenliyinin
təməlini qoyubdur”.
1
Yaxın Şərqdə, bütün islam aləmində və türk xalqları arasında ilk dəfə ən qabaqcıl bəşəri və
mədəni əsaslara istinad edən müstəqil demokratik dövlətin qurulması xalqımızın milli azadlıq, milli
qurtuluş naminə apardığı mübarizəsinin misilsiz qələbəsi hesab olunur.
Azərbaycan Xalq Cümhuriyyəti qədim Odlar Diyarında milli hüquqi dövlətçiliyimizin əsasını
qoymuşdur. Qısa bir müddət ərzində yeni Azərbaycan hökuməti tərəfindən ali dövlət orqanları
yaradılmış, türk dili rəsmi dövlət dili elan edilmiş, siyasi, iqtisadi, hərbi və mədəni quruculuq
sahələrində bir sıra sosial islahatlar həyata keçirilmişdir. O zaman hakimiyyətin əsasını vətəndaşların
şəxsi azadlığı, əmək, söz, vicdan azadlığı, yığıncaq və siyasi cəmiyyətlər qurmaq azadlığı və s. təşkil
edirdi.
Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarif, mədəniyyət və
incəsənətin inkişafı üçün bir sıra əməli tədbirlər görülmüşdür. Dini etiqadlara müstəqillik verilmiş,
ümumi və icbari təhsil haqqında qanun qəbul olunmuşdur. 1918-1920-ci illərdə Bakıda Azərbaycan
Dövlət teatrı fəaliyyətə başlamış, sabiq Mayılov teatrının binası həmin teatrın sərəncamına verilmiş,
Bakı Dövlət Universiteti, Dövlət konservatoriyası, Dövlət kitabxanası, Dövlət mətbəəsi, “İstiqlal”
muzeyi, Maarif nazirliyi nəzdində arxeoloji şöbə və digər mədəniyyət ocaqları təşkil olunmuş, Bakıda,
Şəkidə və Qazaxda müəllimlər seminariyaları açılmış, milli ziyalı kadrların, ali təhsilli mütəxəssislərin
hazırlanılmasına başlanılmış, onların mütərəqqi dünya sivilizasiyasına qovuşması məqsədilə 100-ə
qədər tələbə Qərbi Avropa ölkələrinin ali məktəblərinə dövlət hesabına oxumağa göndərilmişdir.
Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi proqramında milli dövlətçiliyin atributları olan
milli bayrağın, gerbin və himnin yaradılmasına xüsusi əhəmiyyət verilmişdir.
M.Ə.Rəsulzadənin göstərdiyi kimi “Milli kültür əsasına dayanması və milli demokratik türk
dövlətçiliyi təməli üzərinə qurulması etibarilə, Azərbaycan ilk türk dövləti və ilk müsəlman
Cümhuriyyəti idi”.
2
Hələ qədim zamanlardan başlayaraq bütün nüfuzlu dövlətlərin özünəməxsus fərqləndirici
əlamətləri – simvol və rəmzləri olmuşdur. Bunlar müxtəlif emblem, bayraq, gerb, medal və s.-dən
ibarət olur. Azərbaycanın dövlətçiliyi təsdiq olunan kimi onun yaradıcıları dövlətin milli əlamətlərini
əks etdirəcək özünəməxsus rəmzlərinin təxirə salınmadan yaradılması tədbirlərinə əl atmışlar. Bu
tədbirlər sırasında ilk növbədə gözəl təsvirli və çoxmənalı bayrağın qəbul edilməsini xüsusilə qeyd
etmək lazımdır. Dövlətin mühüm atributlarından sayılan himnin və gerbin layihələri də hazırlanmış,
lakin rus işğalçılarının ölkəyə müdaxiləsi üzündən təsdiq edilməsinə imkan olmamışdır. Azərbaycan
Xalq Cümhuriyyətinin möhürü və bir çox medallarının eskizləri də işlənilib hazırlanmışdır. Arxivlərdə
1
Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Heydər Əliyevin nitqi // Azərbaycan, 1998, 28 may.
2
M.Ə.Rəsulzadənin bəyanatından // Azərbaycan, 1919, 28 may.
11
təxminən yüzədək müxtəlif medal eskizləri qorunub saxlanılır. Təəssüflər olsun ki, həmin sözləri
bayraq, gerb və himn haqqında söyləmək mümkün deyil. Bu barədəki
sənədlər sovet hakimiyyəti
illərində məhv edildiyindən onların haqqındakı cüzi məlumatlar müxtəlif dolayı mənbələrdən əldə
edilir.
Məlumdur ki, bayraq, gerb, himn kimi atributlar milli dövlətçiliyin istiqlaliyyətini, varlığını,
xalqın ən ali amallarını lakonik, obrazlı, bədii dildə ifadə edən mühüm amillərdəndir. Hər bir ölkənin
dünya dövlətləri sistemində mövqeyi, onun tarixi və milli dəyərləri, dövlətçilik ənənələri onun
heraldika və rəmzlərində öz əksini tapır.
Keçmişdə bizim maddi, mənəvi və bədii mədəniyyətimizin zənginliyini, rəngarəngliyini ifadə
edən heraldika və rəmzlər sistemi mövcud olmuşdur. Məsələn, folklor və ədəbiyyatda, arxeoloji,
etnoqrafik, dekorativ və təsviri sənət abidələrində at, maral, qurd, şir, əjdaha, qartal, simurq, tovuz və s.
bu kimi heyvan və quşların, sərv, palıd, nar, lalə, nərgiz, qızılgül və s. kimi ağac və çiçəklərin təsvirləri,
həndəsi və nəbati naxışlarda həkk olunmuş obrazları simvolik məna kəsb etmiş, milli təfəkkürü, xalqın
bədii zövqünü, estetik və əxlaqi təsəvvürlərini əks etdirən rəmzi mahiyyət daşımışdır. Təsadüfi deyildir
ki, Azərbaycan xalqının qəhrəmanlıq tarixi, azadlıq və istiqlaliyyət naminə mübarizəsi, milli dövlətçilik
meylləri, gözəllik anlayışları qədim mifoloji təsəvvürlərdə, folklor qaynaqlarında, feodalizm dövrü
dövlət qurumlarının bayraq, nişan, emblem və digər rəmzlərində ifadə olunmuşdur.
Tarixi
mənbələr, maddi mədəniyyət və incəsənət abidələri sübut edir ki, keçmişdə Azərbaycan
ərazisində yerləşən dövlətlərin müxtəlif rəmzləri, həndəsi və nəbati ornamentlərdən, quş və heyvan
təsvirlərindən ibarət nişan və emblemləri, ərəb hərfləri ilə yazılmış xəttatlıq nişanələri – “tuğra”ları
olmuşdur. Məsələn, görkəmli dövlət xadimi, sərkərdə və istedadlı şair Şah İsmayıl Xətainin yaratdığı
qüdrətli Azərbaycan Səfəvilər dövlətinin 12 qırmızı zolaqlı baş geyimi rəsmi fərqlənmə nişanı kimi
qəbul olunmuşdur. Bununla yanaşı, “Qırmızı taclı” “qızılbaş şahı”nın özünəməxsus gerbi də olmuş –
“Simurq quşu ilə əjdahanın döyüşünü” təsvir edən “tuğra”sı dövlətin rəsmi rəmzi, bir növ emblemi
mahiyyətini daşımışdır.
Hökmdarlara
məxsus belə rəmzlər Azərbaycanda müstəqil və yarımmüstəqil kiçik dövlət
qurumları sayılan xanlıqlar dövründə də geniş yayılmışdı.
XIX
əsrdə Azərbaycanda Rusiya imperiyasının hökmranlığı zamanı Bakı, Gəncə, Şamaxı, Quba,
Dərbənd, İrəvan və digər Azərbaycan şəhərlərinin gerbləri təsdiq olunmuş və bunlar maddi
mədəniyyət abidələrində, rəsmi sənədlərdə müəyyən iz qoymuşlar.
Bakıda İçərişəhərin qala divarlarında, Şamaxı darvazası üzərində daş lövhədə həkk olunmuş
buğa kəlləsi ilə qoşa şirlərin təsviri də Şirvanşahlar dövlətinin qüdrətinə işarə edən monumental
emblemdir.
Bir sıra sənədlərin əldə edilməsinə yardım göstərdiyinə görə sabiq millət vəkili Tofiq
Hüseynova öz minnətdarlığımızı bildiririk.